Müəlliflər: N.Z.Seidov, T.R.Cәmilova, M.Qaraxanova, R.Məmmədova.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.
Giriş.
Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə, eləcə də “Azərbaycan–2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq aparılır (2,3,4).
Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir.
Respublikada həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır (1).
Uşaq yaşlarında sağalmlığa dair pozuntularının erkən aşkarlanması və onların gələcəkdə əmələ gəlməsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi icbari dispanserizasiyanın əsas məqsədi.
2013-2017-ci illəri əhatə edən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə klinik protokolların və müvafiq təlimatların hazırlanması, ilkin səhiyyə xidməti işçiləri üçün təlimlərin keçirilməsi, uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilmə mexanizminin hazırlanması Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilmişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası pediatrlar üçün təlimlərin keçirilməsi işinə cəlb olunub.
Material və metodlar.
Tədqiqat “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən aparılıb. Tədqiqatın məqsədi dispanserizasiya çərçivəsində Bakı şəhərinin nümunəsində ölkədə orta və yuxarı məktəb yaşlı uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi idi.
Tədqiqatın aparılması üçün xüsusi sorğu vərəqələri İSİM-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) və Bakı Şəhәr Baş Səhiyyə İdarəsinin mütəxəssislərinin iştirakı ilə hazırlanmışdır. Sorğu vәrəqəlәri üç fərqli qrup üçün tərtib edilmişdir. Sorğu vәrәqәsinin bir variantı 10-17 yaşlı (tam orta məktəblərin 6-10-cu sinif şagirdləri) uşaq və yeniyetmәlər, ikinci variantı – pediatrlar və nəhayət üçüncü variantı - valideynlər arasında sorğunun keçirilməsi üçün hazırlanmışdır. Sorğu vərəqəsində verilən suallar son 12 aya, yəni 2014-ci ilə aid verilmişdir.
Sorğu 2014-cü ilin noyabr-dekabr aylarında Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində Bakının 11 rayonu üzrə 50 tam orta məktəbdə təhsil alan 10-17 yaşlı uşaqları əhatə edib. Sorğuda cəmi 1446 şəxs iştirak edib ki, onların 996 nəfəri uşaq və yeniyetmə, 400 nəfəri valideyn və 50 nəfəri həkim-pediatr olub.
Sorğu üçün reprezentativ əhali qrupunun seçimi üçün tək klasterli sistemli seçim proseduru tətbiq edilmişdir. Uşaqlar arasında keçirilmiş sorğunun məqsәdləri üçün klaster rolunu məktəb oynamışdır.
Pediatrlar arasında aparılan sorğu da tək klasterli sistemli seçim proseduru əsasında aparılmış və klaster rolunu Bakı şəhərində fəaliyyət göstərən poliklinikalar oynamışdır.
Valideynlər arasında aparılan sorğu da tək klaster sistemli seçim proseduru əsasında aparılmış və klaster rolunu seçilmiş məktələәr ətrafı yaşayış ərazisi oynamışdır.
Sorğu anonim şəkildə aparılıb və respondentlərin konfidensiallığı tam qorunub. Sorğu vasitəsilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib. Tədqiqat vasitəsilə uşaqların sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi də qiymətləndirilib. Bununla yanaşı, sorğu zamanı məktəb yaşlı uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin yayılma dərəcəsini, zərərli vərdişlərə səbəb olan risk faktorlarını müəyyən etmək mümkün olub.
Tədqiqatın nəticələri (tədqiqatın nəticələri 2014-cü il üzrədir).
Uşaqlarla aparılan sorğular zamanı əldə olunan nəticələr:
- Sorğuda iştirak etmiş uşaqların 45%-i son 12 ay ərzində həkim müayinəsi üçün ərazi üzrə sahə poliklinikasına, 3.1%-i məktəbə yaxın poliklinikaya müraciət etdiklərini vurğulamışlar. Bütün yaş qrupları üzrə uşaqların 30%-dən çoxu son 12 ay ərzində ən azı 1 dәfə hәkim qəbulunda olub. Həkim qəbulunda 3 dəfədən çox olan uşaqların sayı bütün yaş qrupları üzrə eyni olmuşdur (10%). Cinsə görə həkimə son 12 ay ərzində müraciət etmiş uşaqlara gəlincə oğlan və qızlar arasında hәkimə 1 dəfə, 2-3 dəfə və 3 dəfədәn çox müraciәt edənlərin sayında əhəmiyyәtli fәrq olmamışdır. Həkimә son 12 ay ərzində müraciət etmiş uşaqların 198 nəfəri (~24%) ümumi yoxlanış məqsədilə həkimin qəbulunda olmuşdur. Sağlamlıqla bağlı problemə görə son 12 ay ərzində həkimə 281 uşaq (35%) müraciət etmişdir. Sağlamlıqla bağlı problem səbəbindən həkimin qəbulunda daha çox 12-13 və 16 yaşlı uşaqlar olublar. Arayış almaq üçün həkimə son 12 ay ərzindә müraciәt etmiş uşaqların sayı cəmi 25 nәfәr (3%) olmuşdur. Arayış almaq üçün hәkimə daha çox 13-15 yaş qrupuna aid uşaqlar müraciət etmişlər (5).
- Dispanserizasiya proqramı çərçivəsində son 12 ay ərzində məktəbdə müayinədən respondentlərin ~30% keçmişdir.
- Dispanserizasiya zamanı müayinәdәn keçәn daha çox 12-13 və 15 yaşlı uşaqlar olmuşlar. Məktәbdə keçirilən dispanserizasiya ilə bağlı müayinələrdə iştirak etmiş oğlan və qızların sayında az fərq müşahidə edilmişdir.
- Əldə olunan məlumatların təhlili göstərdi ki, son 1 il ərzində hәkim müayinәsindә olmuş uşaqların 64,7%-də heç bir xəstәlik aşkar edilməmişdir. Dispanserizasiya zamanı uşaqların 17%-də görmə ilə bağlı pozuntular, 6,2%-də qulaq-burun-boğaz xəstəliyi, 5%-də anemiya və 5,2%-də isə onurğa sütununun əyilməsi kimi problemlər aşkar edilmişdir.
- 2014-cü ildə icbari dispanserizasiya ilə əhatə olunmuş və hazırkı sorğuda iştirak etmiş uşaqların 61,6%-i pediatr, 43,4%-i boğaz-qulaq-burun (LOR) həkimi, 23% cərrah, 39%-i nevropatoloq, 10,6%-i psixiatr,33,9%-i kardioloq, 14,3%-i allerqoloq, 18,5%-i dermatoloq vә 6,5%-i yeniyetmələr üzrə həkim tərəfindən zamanı müayinә olunmuşlar. Müayinədən keçmiş uşaqların 40,9%-i oftalmoloqun, 15,2%-i isə travmatoloq-ortopedin qəbulunda olmuşlar. Beləliklә, son 12 ay әrzindә uşaqların böyük əksəriyyəti pediatr, LOR, oftalmoloq, nevropatoloq və kardioloq tərəfindәn müayinә edilmişdir.
- Son 12 ay ərzindә hәkim tərəfindən müayinə olunmuş uşaqların hansı diaqnostik müayinәlərdәn keçdiklәrinә gәldikdə isә öyrәnilmişdir ki, uşaqların 26.8%-i EKQ, 21.9%-i ultrasəs müayinәlərindən keçiblər. Uşaqların 66.2%-dә tam komplekt laborator analizlər götürülmüş və 35.9%-dә döş qəfəsinin rentgen müayinəsi aparılmışdır.
- Profilaktik tibbi yoxlanış və həmçinin dispanserizasiya çərçivәsində aparılmış müayinәlәr zamanı ümumilikdə uşaqların 30.2%-də müxtәlif sağlamlıq problemi aşkar edilmişdir. Səhhətindә problem aşkar edilmiş uşaqların 93 nəfәri (12.3%) müxtəlif mütəxəssislərә vә ya ixtisaslaşdırılmış xәstәxanalara yönәldilmişdir.
- Həkim müayinәsi nəticәsində sağlamlıqla bağlı problem müәyyәn edilmiş vә müvafiq müalicә yazılmış uşaqların 106 nәfəri (75.2%) müalicә bitdikdәn sonra tәkrar olaraq hәkimin qәbuluna gəlmişdir. Uşaqların cəmi 10 nәfәri (1.0%), təyin olunmuş müalicә effekt vermədiyindәn həkimə tәkrar müraciәt etmişdir. Sağlamlıqla bağlı problemə görə hәkimə müraciәt etmiş uşaqların 131 nəfəri (57.5%) eyni problemlə bağlı həkimә təkrarәn müraciәt etmişdir. Hәkim tərəfindәn müayinә olunmuş 141 uşaqdan 12 nəfəri (8.5%) hәkim tәrəfindən qeydiyyata alınmış vә sonradan tәkrar müayinəyә cəlb olunmuşdur.
- Azәrbaycan əhalisinin böyük bir hissәsinin kənd yerlərində yaşamasına vә kənd təsərrüfatının yaxşı inkişaf etmәsinə baxmayaraq, tədqiqatın nəticələri göstərir ki, Azərbaycan uşaqlarının mühüm bir hissəsinin meyvə, tərəvəz vә sağlam qidalanmanı təşkil edәn məhsullardan yararlanması normadan aşağıdır. Azərbaycan idmanının son iyirmi ildә mühüm inkişaf yolu keçməsi, ölkədə son illərdә onlarla idman obyektinin tikilməsi və istifadәyә verilməsinə baxmayaraq, Bakıda yaşayan uşaqların böyük bir hissәsinin fiziki aktivlik səviyyәsi və idmana cəlb olunması çox aşağıdır vә ciddi narahatlıq doğurur. Aşağı çəkisi və artıq çəkisi olan uşaqların sayının yüksәk olması uşaqların sağlam qidalanma və fiziki aktivliyinin kifayət qədər olmaması məsələlərinә böyüklərin (valideyn və həkimlərin) daha böyük diqqət yetirmәsini tәlәb edir (6).
- Həkim-pediatrın vəzifə öhdəliklərinə mütəmadi şəkildə valideyn və uşaqlarla sağlam həyat tərzi (sağlam qidalanma, havada gəzintilər, fiziki aktivliyin əhəmiyyəti və s.) mövzusunda maarifləndirici söhbətlərin aparılması daxildir (3). Sorğudan məlum oldu ki, uşaqların 301 nәfәri (30,2%) tәmiz havada çox gəzməyin uşaqların sağlamlığına müsbət təsir etdiyini elə həkimdən öyrənmişdir. Siqaret çəkməyin zәrәrinә gəlincә isә uşaqların 123 nəfəri (12,3%) bu barәdə hәkimdən müvafiq məlumat aldığını etiraf etmişdir. Narkotik maddəlәrin istifadəsinin zәrәri barәdə həkimlər tərəfindən mәlumat uşaqların 67 nәfәrinә (6,7%) verilmişdir. Müasir dövrdə yeni texnologiyalar (televizor, mobil telefon, kompüter, planşet və s.) inkişaf edir və geniş istifadə olunur . Bu texnologiyalar uşaqlardan da kənar keçməyib və onların həyatında bu cihazlara həddindən artıq yer ayrılır. Sorğuların təhlili göstərdi ki, uşaqların 314 nəfəri (31.5%) televizor, kompüter, planşet və digәr oxşar cihazlardan uzun müddət istifadәnin zərәri barәdə məlumatları həkim tərəfindən almışdır. Peyvəndlərin vurulmasına dair uşaqların 131 nəfərinə (13.2%) həkim tərəfindən məsləhət verilmişdir. Yol təhlükәsizliyi haqda isә həkimdən müvafiq mәlumatı uşaqların cəmi 47 nəfəri (4,7%) almışdır. Reproduktiv sağlamlıq və cinsi yetişkәnlik barәdə müvafiq məsləhətləri 61 nəfər (6,1%) uşaq həkim tərəfindən əldə etmişdir.
Pediatrlar arasında aparılmış sorğudan əldə edilmiş əsas məlumatlar
- Həkim-pediatrlar arasında icbari dispanserizasiyaya dair aparılan sorğuların təhlili göstərdi ki, ümumiyyətlə, ölkə pediatrlarının böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür və icbari dispanserizasiya vasitəsilə uşaqlar arasında xəstəliklərin erkən aşkar edilməsi və müalicəsini, xronik xəstəlikləri olan uşaqların isə dispanser müşahidəyə cəlb edilərək, davamlı müayinə və müalicəsinin təmin olunmasının mümkünlüyünü qeyd etmişdir. Onların hamısı uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair müvafiq dövlət proqramı haqqında məlumatlıdır. Әksəriyyəti bu məlumatı işlədiklәri poliklinikadakı iclaslardan və KİV-dən əldə edib.
- Həkimlәrin risk faktorların aşkar edilmәsi vә profilaktikası, habelә sağlamlığın qorunması üçün uşaqlara məslәhətlәrin verilməsi vә onların maarifləndirilməsinә dair fəaliyyәtinin qiymәtləndirilməsi üçün də müvafiq suallar verilmişdir. Pediatrların mühüm bir hissəsi uşaqlar arasında risk faktorlarının aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülmәsinә böyük әhəmiyyәt vermir.
- Sağlamlığın qorunması və xəstəliklərin önlәnməsinә dair risk faktorlarının aradan qaldırılması məqsәdilә uşaq və yeniyetməlәrә (vә ya onların valideynlərinə) müvafiq məsləhətlәrin verilməsi səhiyyə kommunikasiyasının mühüm tərkib hissәsidir. Lakin pediatrların yalnız 36%-i profilaktika ilә bağlı məsləhətlәrin verilməsini vacib hesab edib.
- Pediatrların 50%-i uşaqda aşkar edilmiş risk faktorları vә ya ailәnin tibb tarixində olan irsi vә ya digәr somatik/psixi xəstəliklәr barәdə məlumatı uşağın dispanserizasiya kartına vә ya xәstәlik tarixinә qeyd etmәyi vacib bilmir vә bunu etmir. Pediatrın qәbulunda olmuş uşaqlara hansı məslәhətlәrin verildiyini öyrənmək üçün verilmiş suallara aşağıdakı cavablar alınmışdır. Pediatrların 20%-i uşaqların vaxtında müayinәdәn keçirilməsinin, 30%-i yeniyetməlik dövründə uşağa daha çox diqqətin ayrılmasının, 20%-i düzgün qidalanma, 10%-i zәrərli vәrdişlərdәn qorunmağın və 20%-i isә fiziki aktivlik vә idmanın vacibliyini qeyd etmişlər.
- Maraqlıdır ki, rәyi soruşulan pediatrların 80%-i artıq çəkisi olan uşaqlara artıq çəkinin zərəri barәdə məlumatın verilməsini zəruri hesab edib. Həmçinin pediatrların 92%-i çəkinin azaldılması və nəzarətdə saxlanılmasına dair məsləhətlәrin verilməsini vacib hesab edib. Bununla yanaşı, pediatrların yalnız 86%-i artıq çəkinin azaldılması vә ya çəki artımının qarşısının alınması üçün fiziki aktivliyin artırılması və idmanla məşğul olmanın vacibliyini uşaqların diqqәtinə çatdırır (7,8).
- Sorğuların təhlili göstərdi ki, uşaqların, xüsusilə də yeniyetmələrin psixi, emosional vә davranış pozuntuları çox az sayda pediatrın diqqətini cəlb edir.
- Genetik/irsi faktorların öyrənilməsi və müayinəyә tәsirinin qiymətləndirilməsi mәqsədilə həkimlərә verilmiş suallardan müәyyən edilib ki, hәkimlәrin 80%-i uşağın yaxın ailə üzvlәrindә xәstәliklərin olduğunu nәzərə alır və onun әsasında müvafiq әlavә müayinәlәr tәyin edir.
- Uşaqların laborator analizləri və fiziki müayinənin nəticәləri əsasında pediatrın taktikasının öyrənilmәsinә dair verilmiş suallara aşağıdakı cavablar alınmışdır. Belə ki, laborator analizlәrdə ciddi patologiyanın (mәs., leykopeniya, yetişmәmiş cavan qanhüceyrәlәri) aşkar edilməsi zamanı hematoloqun müayinəyə cəlb edilmәsi bütün pediatrlar tərəfindən vurğulanmışdır.
Uşağın davranışı və psixo-emosional vəziyyәtinin düzgün dəyərləndirilməsi.
Psixo-emosional sferanın qorunması uşaqlarda xüsusi əhəmiyyәt kәsb edir. Yeniyetmәlik dövründә olan vә/və ya cinsi yetişkәnliyi başlamış uşaqlarda emosional labillik, pozuntular və davranış tәrzinin dəyişməsi hallarına tez-tez rast gəlinir. Bu dəyişikliklərin vaxtında aşkar edilməsi, düzgün qiymətləndirilmәsi vә müvafiq tәdbirlәrin görülməsi uşaqların gələcək həyatına mühüm tәsir göstәrir.
Uşaqların psixo-emosional vәziyyәti vә davranışına dair mәlumat yalnız valideyn vә ya uşağın özü ilə aparılan daha detallı söhbət, yaxud bir başa verilən suallar vasitəsilә əldә edilə bilәr. Uşağın psixiatra yönəldilmәsinə olan göstәrişləri müəyyәn etmək üçün pediatrlara müxtәlif ssenarilər tәqdim edilmiş və onların taktikası öyrәnilmişdir. Maraqlıdır ki, uşağın aqressivliyi vә ya başqa uşaqlarla ünsiyyәtin qurulmasında problemlərin olması pediatrların 74%-nin diqqətini çәkir vә həmin uşaqların psixiatra yönәldilmәsi ilə nəticәlәnir. Hiperaktivlik, dərslәrə davamiyyәtin düşməsi, diqqәtsizlik kimi əlamәtlərə pediatrların cəmi 44%-i diqqәt yetirir. Həmyaşıdları ilə ünsiyyətin qurulmasında problemlər, tez-tez qıcıqlanma pediatrların 64%-nin diqqәtini çəkir. Pintilik, tənbəllik və oxumağa marağın olmaması isә cəmi 3 pediatrın (6%) diqqətini cәlb edir.
Ümumi nəticələr və tövsiyələr.
Beləliklə, әhalinin, o cümlədәn uşaqların sağlamlığının mühafizәsi ilә bağlı hər hansı profilaktik vә ya müalicәvi tədbirlərin həyata keçirilmәsindәn öncә geniş әhalinin, xüsusilə də valideynlərin əvvəlcədən məlumatlandırılması böyük әhəmiyyət kәsb edir. Valideynlәrin bir başa iştirakı vә ya yazılı razılığı olmadan tәhsil müəssisәlərində uşaqlara hәr hansı dərman preparatlarının verilməsi vә ya tәcili olmayan tibbi prosedurların, yaxud müalicәvi tәdbirlәrin görülmәsi tövsiyә edilmir. Bu cür tәdbirlәr valideynlәrin kәskin mәnfi reaksiyasına səbəb olmaqla yanaşı, uşaqların sağlamlığına zәrər vura bilәr.
Dispanserizasiya proqramı çərçivәsində uşaqların məktəblərdə müayinәdən keçməsi daha çox sayda uşağın qısa müddətdə əhatә olunmasına imkan versə dә, hәmin müayinəlәrin məhz məktəblərdə təşkili bir sıra çətinliklər yaradır və göstərilən tibbi xidməltərin keyfiyyətinə mənfi təsir göstərir. Poliklinikaların artmış iş yükünü nәzәrә alaraq, gəlәcәkdә dispanser müayinәlərin bir qisminin məktәblәrdә, lakin böyük hissəsinin poliklinikalarda aparılması mәqsədəmüvafiqdir.
Poliklinikaların dispanser müaiynәlәrә dair fəaliyyәtinin düzgün tәşkili, müayinә aparan hәkim qruplarının tam komplektlәşdirilməsi, məktəblәrә edilәn sәfәrlәrin әvvәlcәdәn razılaşdırılmış cәdvələ görә təşkil edilməsi işin keyfiyyәtinin artırılmasına imkan verә bilәr. Bununla yanaşı, mәktәblәrdә dispanser müayinə aparan hәkim qruplarının VESK sisteminә çıxışının tәmin edilməsi məqsәdilә onların məktәblәrdә internetә goşulan stasionar kompüter vә ya portativ kompüterlә tәmin edilməsi dispanserizasiyanın daha keyfiyyәtli aparılmasına yardımçı ola bilәr.
Sorğunun təhlili bir daha göstərdi ki, uşaqların qida qәbulu vә fiziki aktivliyi, habelə sağlamlığın mühafizəsi məqsәdilә dispanserizasiya proqramı çərçivәsində profilaktik müayinәlərə cəlb olunmasına dair mütəmadi olaraq mәlumatın tam toplanması və təhlili dövlәt proqramları, skrininq vә profilaktik tədbirlәrin, maarifləndirmə, tibbi təhsil vә məlumatlandırma kampaniyalarının effektivliyini dəyәrlәndirməyә imkan verir vә mütəmadi olaraq aparılmalıdır.
Ədəbiyyat.
- Demoqrafiya və sağlamlıq sorğusu, 2011.
- WHO web portal, www.who.int
- Səhiyyә Nazirliyinin rəsmi internet səhifəsi, www.sehiyye.gov.az
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsi, www.cabmin.gov.az
- Sağlamlıq imkanları məhdud uşaqların aşkarlanması üzrə klinik protokol, İSİM, 2009.
- Dollman, J, Norton, K & Norton, l (2005), ‘Evidence for secular trends in children’s physical activity behaviour’, British Journal of Sports Medicine, vol. 39, pp. 892–897.
- Goldberg, gr, et. al., (1991) ‘Critical evaluation of energy intake data using fundamental principles of energy physiology: 1. derivation of cut-off limits to identify under-recording’. European Journal of Clinical Nutrition vol. 55, pp. 569–581.
- National Health and medical research Council (nHmrC) (2003), Food for Health, Dietary Guidelines for children and adolescents in Australia. Canberra: Commonwealth of Australia.
- Ridley K., M. Hesketh, K. Üaters, E, Patton, G. & Williams, J (2007), ‘How should activity guidelines for young people be operationalised?’, International Journal of Behavioral Nutrition and Physical Activity, 4: 43 doi:10.1186/1479–5868–4–4.