Qızlar üçün yetkinlik və aybaşı barədə beş əsas fakt.

1. Aybaşı nədir?

Qızlarda ilk aybaşı menarxe adlanır və onun başlanması sənin böyüməyin və bədənində baş verən dəyişikliklərdən xəbər verir. Aybaşı adətən 2-5 gün davam edir və bu dövrdə az miqdarda qan və toxuma sənin bədənindən xaric olunur. 

Aybaşı zamanı bədəndən xaric edilən qanın həcmi adətən 3-4 xörək qaşığı (50-100 ml arası) qədər olur. Lakin, bəzən xaric olunan qanın həcmi  artıq ola və ya aybaşı 5-7 gündən çox davam edə bilər. Bu cür hallarda mütləq valideynə xəbər vermək və həkimə müraciət etmək lazımdır. 

Aybaşı zamanı xaric edilən qan və toxuma qalıqları səbəbindən paltarların bulaşmasına imkan verməmək üçün aybaşı davam edən dövrdə gigiyenik bez və ya tampondan istifadə etmək tələb olunur. 

Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti 24-30 gün arasında dəyişir).

 

2. Menstruasiyanın başlanmasını ana və ya ataya necə bildirim?

Aybaşının başlanması haqqında istənilən adamla söhbətdən utanmaq normal hisdir. Bəzi ailələrdə valideynlər bu barədə çox rahat söhbət aparır və uşağı maraqlandıran suallara cavab verir. Digər ailələrdə isə bu cür məsələləri kiminləsə müzakirə etmək heç də asan olmur. Burada çətinlik onunla bağlıdır ki, bəzi valideynlər də həmin məsələləri uşaqları ilə müzakirə etməkdən utanır. Bu qarşılıqlı utancaqlıq bəzən ilk addımın atılmasınadək davam edir. Nəzərə al ki, aybaşının başlanması sənin bədənində baş verən (çox vaxt aybaşı bu dəyişikliklərin başlanğıcı olur) çox mühüm dəyişikliklərdən xəbər verir və onun barəsində valideynlərinə məlumat vermək vacibdir. Bunun üçün ananı kənara çəkib ona bu barədə belə söyləmək “Mənim artıq aybaşım başlayıb.” və ya “Ana, bu gün məndə aybaşı olub. Sən mənə kömək edə bilərsənmi? Mən nə etməliyəm?” yetərlidir. 

Əgər valideynlərinə aybaşının başlanması barədə məlumat verməyə utanırsansa, bu zaman səndən böyük bacın və ya çox yaxşı münasibətdə olduğun xalan, bibin və ya nənən varsa, aybaşı barədə onlara söyləyə bilərsən. Onlar sənə yardımçı olmaqla yanaşı, valideynlərinə də məlumat verə bilər. 

Əgər səndən kiçik bacı və ya qardaşın keçirdiyin aybaşılara maraq göstərsə və ya səni ələ salmağa çalışsalar, onlara söylə ki, bu sadəcə sənin böyüməyinlə bağlıdır.

 

3. Əgər aybaşı başladıqda əlimin altında  bez  olmasa nə etmək lazımdır?

Əgər aybaşı zamanı əlinin altında bez olmasa, rəfiqəndən birini borc götürə, məktəbin tibb bacısına müraciət edə və ya valideyninə zəng edərək sənə  bez gətirməsini xahiş edə bilərsən. Əgər aybaşı səbəbindən paltarının bulaşmasından çox naharatsansa, bu zaman müvəqqəti olaraq tualet kağızı və ya dəsmalı büküb bez əvəzində istifadə edə bilərsən. Yadda saxla ki, tualet kağızı və ya dəsmal uzun müddət paltarı bulaşmaqdan qoruya bilməyəcək, çünki onların hopma qabiliyyəti çox aşağıdır. Lakin təzə  bez tapanadək onlar sənin köməyinə yetə bilər. 

Əgər aybaşı barədə məktəb tibb bacısı və ya müəlliminə bildirməkdən çəkinirsənsə, bez istəmək üçün kiçik məktub da yaza bilərsən. Məsələn, belə: “Hər ay baş verən problemlə üzləşmişəm. Mənə gigiyenik bez verə bilərsinizmi?” 

Atalar deyib ki, ehtiyat igidin yaraşıqıdır. Buna görə də evdən çıxarkən çantanda, məktəb və ya dərnəkdəki şkafında həmişə əlavə gigiyenik  bez saxlamağı unutma.

 

4. Əgər aybaşı zamanı qan mənim alt paltarıma və ya üst paltarıma yayılsa nə etməli?

Əgər qan sənin üst paltarına keçibsə, ilk növbədə panikaya düşmə! Bu hadisə demək olar ki, hamıda baş verir. Bəzən bu cür hadisə evdən kənarda olduqda baş verir və üst paltarı dərhal dəyişmək mümkün olmur. Əgər sən jaket və ya sviter geyinmisənsə, onu soyunaraq belinə bağlaya və bununla da paltarın bulaşdığı yeri örtə bilərsən. Sonra dərhal yeni  bez tapmaq gərəkdir ki, qanaxma davam edərsə, paltarın daha da bulaşmasın.

Bezi tez-tez dəyişmək tövsiyə olunur. Bütün hallarda oxşar problemlərlə üzləşməmək üçün daim özünüzlə əlavə bez götürün. 

Bununla yanaşı, aybaşı olan günlərdə qara rəngli paltarlar geyməyə üstünlük vermək tövsiyə olunur.

 

5. Aybaşı zamanı ağrılar niyə baş verir?

Aybaşı (menstruasiya) zamanı və ya aybaşı başlamazdan öncə bir çox qızlarda qarın ağrıları olur. Bu qarın ağrıları qızların orqanizmi tərəfindən ifraz olunan prostoqlandinlərin (xüsusi kimyəvi maddələr) qarında olan əzələlərin yığılmasına səbəb olması nəticəsində baş verir. 

Əgər sənin anan, bacın və ya yaxın  qadın qohumlarında aybaşı zamanı ağrılar olubsa, guman ki, səndə də  həmin ağrılar olacaq. Aybaşı zamanı qarın ağrıları barədə valideynə məlumat vermək çox vacibdir. Valideynlərin səni həkimə göstərər və ya sənə ağrıkəsicilər verər 

Bir çox qızlarda idmanla məşğul olduqda aybaşılarla əlaqəli qarın ağrıları azalır.

 

 

Sağlamlıq  bədəni  tanımaqdan başlayır! 

Bədənində baş verən dəyişiklikləri başa düşmək və onlara hazır olmaq üçün daim valideynlərinlə və bəzən uşaq həkimi ilə məsləhətləşmək çox vacibdir.