İKİNCİLİ PROFİLAKTİKA. Klinik əhəmiyyətli ateroskleroz mənşəlli ürək-damar xəstəliyi olan xəstələr.
-
- Klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-nə aşağıdakılar daxildir: kəskin koronar sindromlar, keçirilmiş miokard infarktı, stabil və ya qeyri-stabil stenokardiya, keçirilmiş koronar və ya digər arteiyal revaskulyarizasiya, insult, tranzitor işemik həmlə və ya ateroskleroz mənşəlli olduğu guman edilən periferik arteriyaların xəstəliyi.
- Əgər əksgöstəriş yoxdursa klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i olan yaşı 75-dən aşağı olan bütün kişi və qadın xəstələrdə yüksək intensivlikli statin terapiyası təyin edilməli və ya əgər başlanıbsa davam etdirilməlidir.
- Klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i olan və bu səbəbdən yüksək intensivlikli statin terapiyasının təyini tələb olunan bütün xəstələrdə, statin terapiyasına əksgöstəriş olduqda və ya yüksək intensivlikli statin terapiyası yan təsirlərə səbəb olduqda, əgər dözülə biləndirsə ikinci seçim kimi orta intensivlikli statin terapiyası istifadə edilməlidir.
- Klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i olan yaşı 75-dən yuxarı olan xəstələrdə ÜDX-i riskinin azaldılmasının faydası və potensial yan təsirlərin qiymətləndirilməsinin aparılması, dərmanların qarşılıqlı təsirinin müəyyən edilməsi və orta və ya yüksək intensivlikli statin terapiyasının başlanmasına dair xəstələrin fərdi istəyinin öyrənilməsi məqsədə müvafiqdir. Dözülə bilən bütün xəstələrdə statin terapiyasının davam etdirilməsi tövsiyə edilir.
BİRİNCİLİ PROFİLAKTİKA. LDL-C (aşağı sıxlıqlı lipoproteinlər - xolesterin) səviyyəsi >190 mq/dL olan xəstələr.
-
- Qanda LDL-xolesterin səviyyəsi >190 mq/dL və ya triqliserid səviyyəsi >500 mq/dL olan bütün xəstələrdə hiperlipidemiyanın ikincili səbəbləri araşdırılmalıdır.
- Yaşı 21-dən yuxarı olan və birincili LDL-C səviyyəsi >190 mq/dL olan xəstələrin müalicəsi yüksək intensivlikli statin terapiyası ilə aparılmalıdır (əgər əksgöstəriş yoxdursa). Yüksək intensivlikli statin terapiyası dözülməz yan təsirlərlə müşayiət olunursa, bu zaman dözülə bilən maksimum statin dozası istifadə edilməlidir.
- Yaşı 21-dən yuxarı və birincili LDL-C səviyyəsi >190 mq/dL olan müalicə almayan xəstələrdə LDL-C-nin ən azı 50%-dək azaldılması məqsədilə statin terapiyasının intensivləşdirilməsi məqsədə uyğundur.
- Yaşı 21-dən yuxarı və birincili LDL-C səviyyəsi >190 mq/dL olan müalicə almayan xəstələrdə maksimal intensivliyi olan statin terapiyasına əlavə olaraq LDL-C-nin daha da azaldılması üçün qeyri-statin preparatının əlavə edilməsi nəzərdən keçirilə bilər.
BİRİNCİLİ PROFİLAKTİKA. Yaşı 40-75 olan Şəkərli Diabet və LDL-C (aşağı sıxlıqlı lipoproteinlər) səviyyəsi 70-189 mq/dL olan xəstələr.
-
- Yaşı 40-75 olan bütün şəkərli diabeti olan xəstələrdə orta intensivlikli statin terapiyası başlanmalı və ya əgər başlanıbsa davam etdirilməlidir.
- Yaşı 40-75 olan və şəkərli diabet ilə yanaşı 10 illik ateroskleroz mənşəlli ÜDX-i riski >7.5% olan bütün xəstələrdə (əksgöstəriş yoxdursa) yüksək intensivlikli statin terapiyası başlanmalı və ya əgər başlanıbsa davam etdirilməlidir.
- Şəkərli diabeti olan və yaşı <40-dan aşağı və ya >75-dən yuxarı olan xəstələrdə ÜDX-i riskinin azaldılmasının faydası və potensial yan təsirlərin qiymətləndirilməsinin aparılması, dərmanların qarşılıqlı təsirinin müəyyən edilməsi və orta və ya yüksək intensivlikli statin terapiyasının başlanmasına dair xəstələrin fərdi istəyinin öyrənilməsi məqsədə müvafiqdir.
Yüksək intensivlikli Statin Terapiyası.
- Atorvastatin 40-80 mq/gündə
- Rozuvastatin 20-40 mq/gündə
- Simvasatin 80 mq/gündə *
* ABŞ-ın Qida və Dərman Agentliyi tərəfindən yüksək dozada (80 mq/gündə) istifadə edilən simvastatinə dair Xəbərdarlıq verib. Bu, həmin dərmanın yüksək dozada istifadəsi zamanı əzələ zədələnməsi hallarının daha çox baş verməsi ilə bağlıdır. Bunu nəzərə alaraq, simvastatinin yüksək dozası əvəzində, onun digər preparatla əvəzlənməsi tövsiyə edilir.
BİRİNCİLİ PROFİLAKTİKA. Yaşı 40-75, Şəkərli Diabeti olmayan və LDL-C (aşağı sıxlıqlı lipoproteinlər-xolesterin) səviyyəsi 70-189 mq/dL, habelə 10 illik ateroskleroz mənşəlli ÜDX-i riski >7.5% olan xəstələr.
-
- LDL-C səviyyəsi 70-189 mq/dL olan və klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i olmayan bütün pasiyentlərin 10 illik ÜDX riski təyin edilməli və statin terapiyasının başlanmasına dair qərarın qəbulu üçün istifadə edilməlidir.
- LDL-C səviyyəsi 70-189 mq/dL olan və klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i və ya şəkərli diabeti olmayan bütün pasiyentlər arasında ÜDX-nin birincili profilaktikası məqsədilə statin terapiyasının başlanmasından öncə xəstələrlə ÜDX-nin riskinin azaldılmasının faydası, istifadə edilən dərmanların yan təsirləri, dərmanların qarşılıqlı təsiri və s. haqqında müzakirələr aparılmalıdır.
- Yaşı 40-75 olan və LDL-C səviyyəsi 70-189 mq/dL olan klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i və ya şəkərli diabeti olmayan pasiyentlər arasında 10 illik ateroskleroz mənşəlli ÜDX-i riski >7.5%-dən çox olanların orta və ya yüksək intensivlikli statin terapiyası ilə müalicəsi məqsədə uyğundur.
- Yaşı 40-75 olan və LDL-C səviyyəsi 70-189 mq/dL olan klinik əhəmiyyətli ateroskleroz mənşəlli ÜDX-i və ya şəkərli diabeti olmayan pasiyentlər arasında 10 illik ateroskleroz mənşəlli ÜDX-i riski 5%-7.5% olan xəstələrin də orta intensivlikli statin terapiyası ilə müalicəsi məqsədə uyğundur.
- LDL-C səviyyəsi <190 mq/dL olan lakin statin terapiyasından faydalana bilən xəstələr qrupuna aid edilməyən xəstələrdə statin terapiyasının başlanıb başlanmamasına dair qərar digər risk faktorlar, dərmanların yan təsirləri və s. nəzərə alındıqdan sonra qəbul edilə bilər.
ƏLAVƏ FAKTORLAR.
Burada qeyd edilmiş xəstələr qrupuna aid edilməyən xəstələrin statin terapiyasından bəhrələnə biləcəyini müəyyən etmək üçün aşağıdakı əlavə faktorların nəzərə alınması faydalıdır:
- 10 illik ateroskleroz mənşəli ÜDX-i riski 5-7.5%,
- Birincili LDL-C səviyyəsi >160 mq/dL və ya irsi hiperlipidemiyaya dəlalət edən digər sübutlar,
- Ailədə erkən ateroskleroz mənşəlli ÜDX-i,
- Yüksək həssaslığa malik C-reaktiv zülalın səviyyəsi >2 mq/L,
- Koronar arteriyaların kalsium dərəcəsi >300 Aqatston vahidindən çox və ya yaş, cins və etnik mənsubiyyət uyğun olaraq >75 persentildən yüksək olması,
- Topuq-Bazu İndeksi <0.9,
- Ömür boyu ateroskleroz mənşəli ÜDX-i riski.
BIBLIOQRAFIYA.
- Stone NJ, Robinson JG, Lichtenstein AH, et al; American College of Cardiology/American Heart Association Task Force on Practice Guidelines. 2013 ACC/AHA guideline on the treatment of blood cholesterol to reduce atherosclerotic cardiovascular risk in adults: a report of the American College of Cardiology/American Heart Association Task Force on Practice Guidelines. Circulation. 2014 Jun 24;129(25 Suppl 2):S1-45. Erratum in: Circulation. 2014 Jun 24;129(25 Suppl 2):S46-8.