Bağırsağın malrotasiyası və volvulusu (burulması).

ETİOLOGİYA.

Bağırsaq malrotasiyası anadangəlmə qüsur olaraq, vaxtında müəyyən edilib müalicə olunmadıqda ciddi fəsadlar və hətta həyata təhlükə törədə bilər. Müşahidələrə görə bu patologiya hər 500 diri doğulan uşaqdan 1-də müəyyən edilir.

Malrotasiya bağırsağın normal rotasiyası prosesinin pozulması və ya yarımçıq dayanması, inkişaf edərkən embrional bağırsağın fiksasiyası və pozisiya tutması prosesinin pozulması səbəbindən yaranır. Nəticə etibarilə isə bağırsaq burulmaq və ya öz müsariqəsi ətrafına fırlanmaq meyilliyinə malik olur. Fırlandıqda və ya burulduqda isə bağırsağın qanla təchizatı pozulur və bu bağırsağın müxtəlif ölçülərdə hissəsinin infarktına səbəb olur.

Malrotasiya olunmuş bağırsaq həm də bağırsağın xaricdən keçən müxtəlif fibroz toxuma zolaqları (Lədd zolaqları) səbəbindən obstruksiyaya da meyilli olur. Bu patalogiyası olan xəstələrin əksəriyyəti erkən uşaqlıq dövründə həkimə müraciət etmiş olur. Və müraciətin əsas səbəbi əksər hallarda ödlə qusma qeyd edilir. Lakin, əgər düzgün differensial diaqnostika vaxtında aparılmasa və malrotasiyanın istisna edilməsi üçün lazımi diaqnostik tədbirlər görülməsə, bunun fəsadları fəlakətli ola bilər.

 

ÖDLƏ QUSMANIN ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?

Körtə uşaqlarda müşahidə edilən ödlü qusma simptom olaraq xüsusi ciddiliklə qarşılanmalıdır, çünki bir çox hallarda bu ciddi patologiyanın olmasından xəbər verir. Ödlü qusma ilə müraciət edən istənilən yaşda olan uşaqlarda bağırsaqların malrotasiyası həmişə differensial diaqnostikada nəzərə alınmalıdır. Malrotasiya nəticəsində ödlə qusmanın səbəbi öd axarlarının birləşərək duodenuma daxil olduğu  Vater ampulasından sonrakı seqmentinin obstruksiyasıdır. Nazik bağırsağın yuxarı obstruksiyasının digər səbəbləri olan duodenal stenoz, duodenal atreziya və ya proksimal yeyunum atreziyası da ödlə qusma ilə nəticələnir.

Ödlə qusmanın qeyri-obstruktiv səbəblərinə isə elektrolit balansının pozulması nəticəsində yaranan bağırsaq ileusu və mədə-bağırsaq infeksiyasıdır.

 

BAĞIRSAĞIN EMBRİOLOGİYASI.

Malrotasiyanın əhəmiyyətini dərk etmək üçün bağırsağın mürəkkəb embriologiyası sahəsində biliyə malik olmaq çox faydalıdır. Ümumiyyətlə, embironal bağırsağın formalaşması qestasiya müddətinin 2-ci həftəsində başlayır. Bağırsaq yumurta sarısı kisəsindən inkişaf edir və qestasiyanın 3-4-cü həftələrində endodermlə örtülərək vahid boru formalaşdıraraq içəriyə alınır. Bu vahid boru yumurta sarısı kisəsinə vitellointestinal axarla birləşmiş olur. Ətrafda olan mezoderm qatları parietal periton qatını və bağırsağın müsariqəsini formalaşdırır. Müsariqə vasitəsilə qan damarları bağırsağın qidalanmasını təmin edir.

Bağırsaq 3 hissəyə bölünür və bu bölünmə onun arteriyal qan təchizatı əsasında aparılır.

  1. Ön bağırsaq qarın arteriyası (a.celiacus) ilə qanla təchiz edilir.
  2. Orta bağırsaq isə duodenumun orta 1/3 hissəsindən (öd axarlarının duodenuma daxil olduğu ikinci hissəsidir) köndələn yoğun bağırsağın distal hissəsinədək uzanır və yuxarı müsariqə arteriyası (Superior mesenteric a.) ilə təchiz olunur.
  3. Arxa bağırsaq is aşağı müsariqə arteriyası (İnferior Mesenteric a.) ilə təchiz olunur.

Superior və İnferior Mezenterik arteriyalar 5-ci həftənin sonunda əmələ gəlir və bundan sonra bağırsaq sürətlə uzanmağa və böyüməyə başlayır və o dərəcəyə çatır ki, müvəqqəti olaraq abdominal boşluqda yerləşdirilməsi mümkün olmur. Qestasiyanın 6-cı həftəsi bağırsağın halqası göbək bağının (umbilicum) əsasına yırtılır. Primitiv bağırsağın by cür fizioloji yırtığından sonra bağırsaq böyüməyə davam edir, bağırsağın müxtəlif hissələri müxtəlif sürətlərlə uzanır və bağırsaq saat əqrəbi istiqamətinə əks istiqamətdə üç dəfə 90˚ rotasiya edir. Saat əqrəbi istiqamətinə əks baş verən 2 rotasiya bağırsağın abdominal boşluğa 10-cu qestasiya həftəsi qayıtmasından əvvəl baş verir. Nazik bağırsağın proksimal hissəsi qarın boşluğuna birinci daxil olur, və saat əqrəbi istiqamətinə sonuncu 90˚-lik əks rotasiyaya uğrayır. Bağırsağın bu cür 270˚-lik rotasiyas; imkan verir ki, duodenum öz C-formasını alsın. Nazik bağırsağın distal hissəsi və proksimal kolon abdominal boşluğa sonuncu daxil olur və daxil olarkən saat əqrəbi istiqamətinə əks əlavə 180˚-lik rotasiyaya uğrayır. Bunun nəticəsində yoğun bağırsaq abdominal boşluqda məhz periferiyada yerləşdirilir. Qestasiya dövrünün sonunda kor bağırsaq (caecum) uzanaraq sağ qalça çuxuruna çatır və nəticədə bağırsaq fiksə olunmuş olur. Duodenumun 2-4-cü hissələri, qalxan və enən yoğun bağırsaqlar retroperitona fiksə olunmuş olur. Duodeno-yeyunal birləşmə isə sol yuxarı kvadrantda Treyts bağı ilə fiksə olunur. Köndələn və siqmoid yoğun bağırsaqlar qismən fiksə olunmuş olur. Köndələn və siqmoid bağırsaqlara kiçik müsariqə saxlanılır. Ümumiyyətlə isə nazik bağırsaq yuxarı sol abdominal kvadrantda olan Treyts bağından başlanan və sağ aşağı kvadrantda olan ileocaecal klapanadək uzanan müsariqə ilə fiksə olunmuş olur.

Bağırsağın inkişafı zamanı baş verən rotasiyalar bağırsağın normal və anormal yerləşməsini izah edə bilər. Heyvanlarda aparılan tədqiqatlardan bəllidir ki, inkişaf prosesi zamanı bağırsaq fərqli yəni differensial böyümə periodlarından keçir. Buna görə də belə düşünülür ki, bağırsağın anormal yerləşməsi onun müxtəlif seqmentlərində inkişafın dayanması ilə əlaqədardır. Embriologiya çox mürəkkəb bir elm olsa belə, bağırsağın rotasiyası nəzəriyyəsi bağırsağın patoloji rotasiyas və fiksə olunmasını anlamağa imkan verir.

Malrotasiya üçün nə vacibdir?

Ümumiyyətlə, malrotasiya bir termin olaraq embrional bağırsağın normal rotasiyası prosesinin pozulması və ya dayanması səbəbindən yaranan anatomik vəziyyəti təsvir etmək üçün istifadə edilir. Malrotasiya bağırsağın istənilə seqmentini əhatə edə bilər və buna görə yarandıqda malrotasiya xəstələrdə heç zaman vahid anatomik xüsusiyyətlərə malik olmur. Bağırsağın anormal rotasiyası dərəcəsindən asılı olaraq bəzən yarımçıq rotasiya, natamam rotasiya və ya rotasiyanın baş verməməsi kimi hallar ayırd edilir. Anormal bağırsaq rotasiyası prosesini bəzən mürəkkəb olduğundan tam aydın qavramaq çətin ola bilər. Lakin, vacib məqam ondan ibarətdir ki, bağırsağın malrotasiyası səbəbindən bağırsağın normal mezenterik (müsariqə) birləşməsi inkişaf etmir. Müsariqə birləşməsi çox zaman qıs və burulmaya və ya fırlanmaya meyilli olur. Burulma və ya volvulus müvəqqəti ola bilər, lakin bu baş verdikdə bağırsağın işemiyası və nekrozlaşması riski xeyli yüksək olur. Malrotasiyaya uğramış bağırsaq əksər hallarda anadangəlmə fibroz toxuma (Ledd zolaqları və ya periton zolaqları) zolaqları ilə yanaşı rast gəlinir. Bu fibroz toxuma zolaqları embrional dövrdə malrotasiya olunmuş bağırsağın yeni pozisiyada fiksə olunması cəhdlərindən yaranmış olur. Periton zolaqları kor bağırsaqdan və ya qalxan yoğun bağırsaqdan qarının sağ yuxarı kvadrantına və duodenumadək uzana bilir. Bu zolaqlar bağırsağın müxtəlif seqmentlərini xaricdən əhatə edərək, bəzi hallarda obstruksiyaya səbəb ola bilər. Obstruksiya adətən duodenumda daha çox müşahidə edilir və hissəvi obstruksiyadan tam obstruksiyayadək baş verə bilər.

Periton zolaqları və ya Led zolaqlarının mövcudluğu özlüyündə cərrahi təxirəsalınmaz hal nəzərə alınmır. Lakin, hansısa məqamda bu zolaqların cərrahi yolla kəsilməsi tələb oluna bilər.

 

KLİNİKA.

Malrotasiya hallarının 80% adətən həyatın ilk ayında müəyyən edilir. Əksər hallarda körpələr həyatın birinci həftəsində bu patologiya ilə müraciət etmiş olur. Malrotasiyasının körpə uşaqda klinikası əsasən öd axarlarının bağırsağa daxil olduğu Vater ampulasına distal hissədə yaranmış obstruksiya səbəbindən ödlü qusma ilə müşahidə edilir. Bir çox hallarda körpələrdə yaranmış obstruksiya Led zolaqları səbəbindən deyil, məhz bağırsağın burulması və ya volvulusu səbəbindən əmələ gəlir. Ümumiyyətlə, ödlü qusmanın səbəbləri və etiologiyası müxtəlif ola bilər və bu simptomla müraciət edən xəstələrin əksəriyyətində malrotasiya və ya obstruksiya olmur. Faktiki olaraq, ödlü qusma ilə daxil olan körpələrin çoxunda etioloji faktor müəyyən edilməmiş qalır.

Lakin, volvulusla nəticələnən malrotasiya diaqnozu xüsusi əhəmiyyət kəsb etdiyindən, ödlü qusma ilə müraciət etmiş istənilən yaşda olan uşaqda təcili olaraq istisna edilməsi çox vacibdir. Malrotasiya və ya volvulusla nəticələnmiş malrotasiyası olan uşaqların xəstəxanaya kəskin qarın simptomları ilə müraciət etməsi çox nadir hallarda baş verir. Lakin, xəstələrin bir qismində bağırsağın işemiyası səbəbindən abdominal gərginlik, qanlı nəcis, peritonit və şok müşahidə edilə bilər. Bu simptomlarla daxil olan xəstələrdə proqnoz daha pisdir.

Malrotasiya ilə əlaqədar simptomar istənilən yaşda müşahidə oluna bilər, lakin ödlə qusma bütün hallarda müəyyən edilir. Malrotasiya ilə əlaqədar digər simptomlar nadir hallarda müəyyən edilir və bunlara abdominal ağrı, qəbzlik və diareya (ishal) daxildir. Ağrı və ya qusma qısa müddətli və ya dövrü ola bilər və çox zaman qida qəbulu ilə əlaqəli baş verə bilər. Uşaqların bir qismi müraciət etdikdə zəif və ya yaşlarına uyğun fiziki inkişafdan geri qalmış ola bilər. Daha yuxarı yaşlı uşaqlar və hətta böyüklər bəzi hallarda qeyri-müəyyən həftələr və ya aylar boyu xroniki davam edən simptomlarla müraciət etmiş olur. Onların simptomları bəzən tamamilə digər səbəblərlə əlaqələndirilir, o cümlədən, abdominal ağrı sindromları, dövrü qusma və ya psixoloji problemlərə.

Xroniki müvəqqəti volvulus limfanın drenajı və ya venoz drenajına maneə törədə bilər və bağırsağın qida elementlərinin sovrulması prosesini poza bilər. Aydın olmayan səbəblərdən xiluslu (süd şirəsi) assit, xüsusilə də, körpələrdə, malrotasiyanın istisna olunması üçün təcili diaqnostik müayinələrin aparılmasını tələb edir.

Xroniki müzenterik venoz obstruksiyası da dövrü volvulus səbəbindən yarana bilər və çox nadir hallarda nəcisdə dəyişilmiş qan (melena) kimi özünü biruzə verir. Az sayda xəstədə bağırsağın malrotasiyası mədə-bağırsaq sisteminin başqa səbəblərdən kontrastla görüntüləməsi və ya başqa məqsədlə aparılan laparotomiya (məs. apendisit) zamanı müəyyən edilir.

Ekzomfalos, qastroşizis və anadangəlmə diafraqmaı yırtığı olan xəstələrdə malrotasiya çox geniş yayılmışdır. Bu xəstələrdə volvulus yəni bağırsağın burulması halları çox az baş verir. Buna səbəb isə həmin anomaliyaların anatomiyası və onların bərpasından sonra bağırsağı stabilləşdirən adqeziyaları və ya bağırsaq birləşmələrinin əmələ gəlməsidir. Digər anadangəlmə qüsurları olan xəstələrdə (məs., nazik bağırsaq atreziyası, heterotaksiya sindromları) malrotasiya da tez-tez rast gəlinir. Malrotasiya həm də Daun sindromu olan uşaqlarda digər uşaqlarla müqayisədə 45 dəfə çox rast gəlinir.

DİAQNOSTİKA.

Kəskin qarınar ağır və ya kritik vəziyyətdə daxil olan xəstələrdə hər hansı diaqnostik müayinələrə vaxt sərf edilməməlidir, çünki cərrahi müdaxilə bütün hallarda hələ də sağ olan bağırsağı xilas etmiş olar və beləliklə ölüm halları və ağırlaşmaların qarşısını almış olar. Ağır olmayan xəstələrdə isə yuxarı mədə-bağırsaq sisteminin kontrastlı görüntüləməsi aparıla bilər. Barium və ya suda həll olunan kontrast xəstənin yuxarı mədə-bağırsaq sisteminə oral və ya nazo-qastrik zond vasitəsilə yeridilə bilər. Məqsəd normal duodenum və duodenal-yeyunum birləşməsini dəqiq bilməkdir, çünki bu Treyts liqamentinin yerini bilməyə imkan verir. Məsələ burasındadır ki, əgər Treytz liqamenti (bağı) normal yerləşirsə, deməli malrotasiyanın baş verməsi ehtimalı istisna edilmiş olur. Normal duodenum dedikdə onun C-formasında olması başa düşülür. Lakin, bəzən duodenum U-formasında da ola bilər. Normal duodenum 4 hissədən ibarətdir. Birinci hissə və ya duodenal soğanaq intraperiton yerləşir və onurğa sütunun sağ tərəfində pilorusla eyni səviyyədə yerləşir. İkinci hissə onurğanın sağ tərəfi ilə aşağıya doğru enir. Üçüncü hissə orta xətt üzrə onurğanın sol tərəfinə keçir. Dördüncü hissə isə duodenal-yeyunal əyriliyədək onurğanın sol tərəfi ilə qalxır.

Prof. Kamil Balakişiyevin İnsanın Normal Anatomiyası (II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979) kitabında duodenumun quruluşu aşağıdakı kimi verilir. Duodenumun birinci hissəsi - latpars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə - enən hissəyə -lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə latfexura duodenum superior deyilir. Onikibarmaq bağırsağın yuxarı hissəsi digər hissələrdən hərəkətlidir və uzunluğu 4-5 sm-dir. Enən hissə yuxarı hissədən iki dəfə uzundur, şaquli istiqamətdə onurğanın sağ tərəfi ilə aşağı boş venanın ön səthi ilə aşağıya doğru gedir və dördüncü bel fəqərəsinə çatır; burada ikinci əyrilik - flexura duodeni inferior əmələ gətirdikdən sonra horizontal və qalxan hissə - pars horisontalis inferior et pars ascendens adı ilə onurğanın ön səthi ilə sola və yuxarıya doğru gedirvə ikinci bel fəqərəsinin bərabərində sol tərəfdə flexura duodeno jejunalis adlanan əyriliyi təşkil edərək acı bağırsağa keçir. Flexura duodeno jejunalis əyriliyi öz vəziyyətində onikibarmaq bağırsağı asıcı əzələ - m.suspensoris duodeni vasitəsilə saxlanılmışdır. Onikibarmaq bağırsağı asıcı əzələ liflərindən təşkil olunaraq, diafraqmanın bel hissəsinin içəri ayaqcıqlarından başlayır, mədəaltı vəzin arxası ilə aşağı enir və baöırsağın əzələ qişasına qarışır. Lateral proyeksiyada duodenumun ikinci, üçüncü və dördüncü hissələri mədənin arxasında retroperitoneal yerləşir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, çox nadir hallarda malrotasiya ola-ola, yuxarı mədə-bağırsaq görüntüləməsi normal hesab edilə bilər. Buna görə də, kontrastla aparılan görüntüləmə ilə bağlı hər hansı şübhələr olduqda, görüntülər təcrübəli uşaq cərrahı və radioloq tərəfindən təkrar baxılmalıdır. Bəzi hallarda, xəstənin vəziyyəti imkan verdikdə, kontrast görüntüləməsi təkrar aparıla bilər.

Malrotasiyada radioloji görüntüləmə aparıldıqda bağırsaq qazının yayılması normal olur. Bağırsaq qazının yayılmasının normal olmasına etibar etdikdə diaqnozun qoyulmasının ləngiməsinə səbəb ola bilər. Mədənin və proksimal duodenumun nisbi genişlənməsi və proksimal nazik bağırsağın anormal olaraq qarının sağ yuxarı kvadratında yerləşməsi malrotasiyanın olmasına şübhəni xeyli artırmış olur. Lakin, bağırsağın çoxsaylı ilmələrinin dilatasiyası daha çox volvulus və ya bağırsağın burulması və işemiyasından xəbər verə bilər.

US müayinəsilə S.Mesenteric venanın və S.Mesenteric arteriyanın yerləşməsini müəyyən etmək olar. Belə ki, malrotasiyada bu damarlar çox zaman anormal yerləşmiş olur. Lakin, bu damarların görüntülənməsi çox zaman bağırsaq qazları səbəbindən çətinləşmiş olur.

Normal halda superior mesenteric vena eyni adlı arteriyanın sağında yerləşdir. Malrotasiya olduqda isə bu damarların yerləşməsi anormal olur və bəzən superior mesenteric vena ya öndə, ya da eyni adlı arteriyanın solunda yerləşir. USM həm də volvulusun diaqnostikasına yardım edə bilər. USM-də volvulus “burulğan əlaməti” kimi müşahidə edilə bilər. Lakin, USM-nin dəqiqliyinin az olması, kəskin malrotasiya və volvulus hallarında onun birinci dərəcəli diaqnostik alət kimi istifadəsini məhdudlaşdırır. Kontrastla aparılan imalə də kor bağırsağın anormal yerləşməsini göstərməklə diaqnostkaya yardım edə bilər. Lakin, nəzərə almaq lazımdır ki, kor bağırsağın yerləşməsində xeyli dəyişkənlik və ya müxtəlif variantlar ola bilər. Buna görə də, kontrastlı imalə təklikdə diaqnostik test kimi istifadə edilə bilməz.

 

YUXARI MƏDƏ-BAĞIRSAĞ SİSTEMİNİN KONTRASTLI GÖRÜNTÜLƏNMƏSİ.

Yuxarı mədə-bağırsaq sisteminin kontrastlı görüntüləməsində malrotasiyanın mövcudluğuna işarə edən əlamətlər aşağıdakılardır:

  • duodeno-yeyunal əyriliyin anormal yerləşməsi,
  • proksimal yeyunumun qarının sağ tərəfindən yerləşməsi,
  • distal duodenum və proksimal yeyunumun spiral və ya Z-formasında olması.

Əgər xəstədə volvulus və ya bağırsaq burulması varsa, mədə-bağırsaq sisteminə yeridilmiş kontrast duodenumda baş vermiş obstruksiy sahəsindən keçə bilmir. Bu cür hallarda prokismal yerləşən bağırsaq dilatasiya olunmuş olur. Əgər obstruksiya hissəvidirsə, yeridilmiş kontrast maddəsinin bir qismi bağırsağa keçərək ona “burğuya” bənzər şəkil verir. Bu cür “burğuya” bənzər şəkilin baş verməsi bağırsaq və onun müsariqəsinin damarlarla birgə öz oxu ətrafına fırlanmasından irəli gəlir.

Əgər mədə-bağırsağın kontrastlı görüntüləməsində yuxarıda təsvir edilən əlamətlər müşahidə edilirsə, təcili uşaq cərrahının məsləhəti əldə edilməlidir.

 

MALROTASİYANIN MÜALİCƏSİ VƏ UZUN MÜDDƏTLİ NƏTİCƏLƏR

Malrotasiyası olan simptomatik xəstələrdə standart cərrahi yanaşma - Led prosedurudur. Led proseduru aşağıdakılardan ibarətdir:

  • rotasiya olunmuş və ya fırlanmış bağırsağın geriyə döndərilməsi,
  • işemik cansız bağırsaq olduqda, həmin seqmentinin rezeksiyası və
  • obstruksiya yaradan periton zolaqlarının kəsilməsi.

Əməliyyat zamanı Treyts bağı kəsilir, duodenum düzləşdirilir və bağırsaq normal “rotasiya olunmamış” vəziyyəti gətirilir. Burada nazik bağırsaq qarının sağına, yoğun bağırsaq isə qarının sol tərəfindən yerləşdirilir. Bunun nəticəsində bağırsağın geniş müsariqəs əsası təmin edilir və bağırsaq stabilizasiya olunur. Led prosedurunun bir hissəsi kimi çox zaman xəstələrdə paralel apendektomiya da aparılır. Əgər malrotasiya hissəvidirsə, əməliyyat laparoskopik üsulla aparıla bilər. Cərrahi müdaxilədən sonra təkrar və ya qayıdan volvulus (bağırsağın öz oxu ətrafında burulması) çox nadir hallarda baş verir. Lakin cərrahi müdaxilədən sonra yaranan birləşmələr və ya adqeziyalar ikincili obstruksiyaya səbəb ola bilər. Birləşmələr səbəbindən obstruksiya əməliyyatdan illər keçdikdən sonra da müşahidə edilə bilər.

 

TƏRİF VƏ TERMİNLƏR

  • Malrotasiya – Embrional bağırsağın rotasiyası və fiksasiyası prosesinin pozulmasıdır. Bunun nəticəsində bağırsağın müsariqəsinin qısa əsası olur və onun fırlanması və ya volvulusa meyilliyi artmış olur.
  • Ödlə qusma - Malrotasiya zamanı duodenumun Vater ampulasına distal hissəsindən bağırsağın obstruksiyası yaranır və nəticədə ödlə qarışmış qusma hallara baş verir.
  • Volvulus və ya Burulma - Bağırsaq müsariqəsinin, bağırsağın özünün və superior mesenteric arteriyanın anormal burulması və onun nəticəsində bağırsağın obstruksyası, bağırsaq işemiyası və bağırsaq nekrozu baş verir.
  • Led zolaqları və ya periton zolaqları - Bağırsağın xaricindən keçən, kor bağırsaqdan qarının sağ yuxarı kvadrantınadək uzanan qalın anormal periton zolaqlarıdır. Bu zolaqlar bağırsağın obstruksiyasına səbəb ola bilər.
  • Duodenal-Yeyunal əyrilik - Normal DY əyrilik onurğanın solunda, mədənin arxasında və duodenal soğanağ və ya onun səviyyəsindən yuxarıda yerləşdir.
  • Treyts bağı - DY əyriliyini fiksə edən və qarın arteriyası (coeliac artery) ətrafında olan fibroz toxuma və diafraqmatik krusdan (ayaqcıq) uzanan bağdır. Bu bağ duodeno-yeyunal əyriliyi diafraqmaya birləşdiri.

 

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.

  • Malrotasiya bağırsağın anadangəlmə ciddi və həyata təhlükə törədə bilən xəstəliyidir.
  • Malrotasiya hallarının 60-80% təxminən həyatın birinci ayında müəyyən edilir. Çox zaman malrotasiya yenidoğulmuşlarda birinci həftədə müəyyən edilir.
  • Ödlə qusma malrotasiyanın simptomu ola bilər və bu cür şikayətlə daxil olan uşaqda təcili araşdırmanın aparılması təmin edilməlidir.
  • Daha yuxarı yaşlı uşaqlar və hətta böyüklər bəzi hallarda qeyri-müəyyən həftələr və ya aylar boyu xroniki davam edən simptomlarla müraciət etmiş olur. Onların simptomları bəzən tamamilə digər səbəblərlə əlaqələndirilir, o cümlədən, abdominal ağrı sindromları, dövrü qusma və ya psixoloji problemlərə.
  • Kəskin qarınar ağır və ya kritik vəziyyətdə daxil olan xəstələrdə hər hansı diaqnostik müayinələrə vaxt sərf edilməməlidir, çünki cərrahi müdaxilə bütün hallarda hələ də sağ olan bağırsağı xilas etmiş olar və beləliklə ölüm halları və ağırlaşmaların qarşısını almış olar.
  • Ağır olmayan xəstələrdə isə yuxarı mədə-bağırsaq sisteminin kontrastlı görüntüləməsi aparıla bilər. Barium və ya suda həll olunan kontrast xəstənin yuxarı mədə-bağırsaq sisteminə oral və ya nazo-qastrik zond vasitəsilə yeridilə bilər. Məqsəd normal duodenum və duodenal-yeyunum birləşməsini dəqiq bilməkdir, çünki bu Treyts liqamentinin yerini bilməyə imkan verir.
  • Mədənin və proksimal duodenumun nisbi genişlənməsi və proksimal nazik bağırsağın anormal olaraq qarının sağ yuxarı kvadratında yerləşməsi malrotasiyanın olmasına şübhəni xeyli artırmış olur. Lakin, bağırsağın çoxsaylı ilmələrinin dilatasiyası daha çox volvulus və ya bağırsağın burulması və işemiyasından xəbər verə bilər.
  • Malrotasiyası olan simptomatik xəstələrdə standart cərrahi yanaşma - Led prosedurudur. Led proseduru aşağıdakılardan ibarətdir: rotasiya olunmuş və ya fırlanmış bağırsağın geriyə döndərilməsi; işemik cansız bağırsaq olduqda, həmin seqmentinin rezeksiyası və obstruksiya yaradan periton zolaqlarının kəsilməsi.