Giriş
Pediatrik tənəffüs yollarına yad cismlərin aspirasiyası çox hallarda respirator distres, ağırlaşmalar və hətta ölümlə nəticələnə bilir. Daha çox bu 3 yaşından aşağı olan uşaqlarda tez-tez müşahidə edilir. Məsələn, 2000-ci ildə ABŞ-da təcili tibbi yardım müəssisələrinə yad cismlərin aspirasiyası ilə bağlı 17.000 müraciət olmuşdur. Həmin il müraciət etmiş 14 yaşından aşağı uşaqlardan 160 nəfəri yad cismin aspirasiyası səbəbindən ölmüşdür. 2006-cı ildə isə ABŞ-da yad cismlərin aspirasiyası səbəbindən ümumi əhali arasında 4100 ölüm qeydə alınmışdır. Yad cismin aspirasiyası səbəbindən ölüm halları daha çox 1-2 yaşlə uşaqlarda müşahidə edilir. Bu yaş qrupuna aid olan uşaqlarda yad cismin aspirasiyası hallarının daha çox yayılması bir neçə faktordan irəli gəlir:
- · dişlərin tam çıxmaması (xüsusilə də, qidanın əzilməsini həyata keçirən azı dişlərinin olmaması),
- · udma prosesinin zəif koordinasiyası,
- · qida qəbul edərkən diqqətin asan yayındırılması.
Uşaqlar böyüdükcə onların müstəqil hərəkətliliyi artır və böyüklər tərəfindən superviziyası zəifləyir. Bunun nəticəsində aspirasiyanın baş vermə ehtimalı da artmış olur. Bu yaş qrupuna aid olan uşaqların tənəffüs yollarından çıxarılan yad cismləri əsasən qida məhsullarına aid edilir. Daha böyük yaşlı uşaqlarda isə aspirasiya qeyri-üzvü materiallarla (məs., sancaq, düymə, qələm qapağı) baş verir.
Tənəffüs yollarına düşmüş yad cismlərin çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bunu etmədikdə xəstələrdə atelektaz, bronxoektaziya, xroniki pnevmoniyalar və qranulyasiya toxumasının formalaşması baş verir.
Daha az hallarda aspirasiya olunmuş yad cism qlottis (udlağın) girəcəyində tıxanmış olur. Udlağı obstruksiya edən yad cism xəstələrdə kəskin respirator distres, səsin xırıltılığı və stridora səbəb olur. Daha kiçik obyektlərlə udlağın hissəvi obstruksiyası isə uzun müddət müəyyən edilməmiş qala bilər.
Yad cismlə qırtlağın obstruksiyası isə 45% hallarda ölümlə nəticələnə bilir. Qırtlağa düşmüş yad cismin çıxarılmasından sonra sağ qalmış xəstələrin təxminən 30%-də hipoksik ensefalopatiya müşahidə edilə bilər. Bu cür aspirasiya hallarında xəstəyə təcili yardım hadisə yerindəcə və ya tibbi müəssisəyə daxil olan kimi dərhal göstərilməlidir. Öskürək və ya Heimlix manevri vasitəsilə bir çox hallarda yad cismin tənəffüs yollarından çıxarılmasına müvəffəq olmaq olar. Daha kiçik yad cismlərin (məs., kiçik oyuncaq hissələri, sancaqlar və ya alumium folqası) aspirasiyası isə bir çox hallarda daha az kəskin simptomlarla (stridor və səsin xırıltılığı) müşahidə edilir.
Simptomlar.
Yad cismin aspirasiyası nəticəsində yaranan simptomlar müxtəlif ola bilər və əsasən yad cismin ölçüsü, tıxandığı yer və aspirasiyanın kəskin və ya xroniki olmasından asılı olur. Uşaqlar bəzi hallarda heç bir narahatçılıq hiss etməyə bilər və ya əksinə tənəffüs çatışmazlığı ərəfəsində xəstəxanaya çatdılmış ola bilər. Xəstələrin ilkin müayinəsində öskürək, nəfəsalma zamanı "külək səsi" (küy), təngənəfəslik, hərarət və təkrarlanan pnevmoniyalar müəyyən oluna bilər. Valideynlərdən detallı anamnezin toplanması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, valideynlər bəzən "uşağın boğazında nəsə qalmışdır", "az qala boğulmuşdur yemək yeyəndə", "uşaq daim nəsə yerdən götürüb ağzına aparır" və s. bu kimi məlumat vermiş olur. Ümumiyyətlə, əksər hallarda bu cür hallar qısa müddət davam etdiyindən və keçib getdiyindən, valideynlər onlara lazımi diqqət yetirməmiş olur. Uşağın da bir müddət asimptomatik olması həmin hadisənin yaddan çıxmasına səbəb olur. Lakin, bir çox hallarda boğazda nəyinsə qalması ilə bağlı hadisələr valideynlər tərəfindən müşahidə edilməmiş olur. Bu cür hallarda aspirasiya uzun müddət diaqnostika olunmamış qalır. Bəzi hallarda uşaqlarda təngənəfəslik fiziki gərginlik zamanı müşahidə edilir.
Şəkil. 2 yaşlı uşağın rentgen filmi. Yad cismin aspirasiyası və sol tərəfli tənəffüs yolunun bir tərəfli klapan mexanizminə uyğun obstruksiyası səbəbindən sol ağ ciyərin hiperinflyasiyası.
Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi uşaqlarda aspirasiya vaxtında müəyyən edilmədikdə, onlar uzun müddət digər xəstəliklərdən, xüsusilə də, astma və xroniki/kəskin bronxitdən, yuxarı tənəffüs yollarının infeksiyalarından müalicə almış olur. Lakin, müalicə tədbirləri (məs., steroidlər, inqalyatorlar) həmin uşaqlarla heç bir müsbət nəticə vermir. Bunun nəticəsində həmin uşaqların bir qismi bronxoskopiya olunmuş olur və məhz bronxoskopiyada yad cismlər müəyyən edilir.
Ədəbiyyatda həmçinin pnevmoniya ilə daxil olan uşaqlarda döş boşluğunun KT-də yad cismin müəyyən edilməsinə dair bir çox məlumatlar yer alıb. Bəzi hallarda döş boşluğunun rentgen filmində yad cimslər görsənməyə də bilər.
Beləliklə, yuxarıda təsvir edilmiş simptomlarla müraciət edən uşaqlarda, yad cismin aspirasiyası daim həkimlərin və paramediklərin diqqətində olmalıdır.
Kliniki tapıntılar.
Yad cismin aspirasiyasına bənzər simptomlarla daxil olmuş uşaqların fiziki müayinəsi müxtəlif tapıntılarla nəticələnə bilər və əksəriyyəti qeyri-spesifik simptomlar olur. Auskultasiyada tənəffüs küylərinin zəifləməsi, “külək səsinin” eşidilməsi, və ya tamamilə normal tənəffüs müəyyən edilə bilər.
Beləliklə, normal fiziki müayinə yad cismin aspirasiyasını tam şəkildə istisna edə bilməz. Ədəbiyyatdan məlumdur ki, bronxoskopiyada yad cism tapılmış xəstələrin 14-45%-də fiziki müayinədə heç bir anormallıq müəyyən edilməmişdir.
Diaqnostik müayinələr.
Yuxarıda qeyd edildiyi kimi, yad cismin aspirasiyası hallarının böyük əksəriyyətini anamnez, fiziki müayinə və kliniki tapınıtlar əsasında diaqnostika etmək mümkündür. Bir çox hallarda kliniki tapıntıların qeyri-spesifik olması səbəbindən bronxoskopiyanın aparılması tələb olunur.
Radioqrafiyada görünən yad cismlərin əksəriyyəti döş boşluğunun bəsit rentgen filmində müəyyən edilir. Lakin, bir çox yad cism üzvü maddələr olur (qida məhsulları) və rentgendə görünmür.
Yad cismlərin aspirasiyası nəticəsində tənəffüs yollarının 4 növ obstruksiyası müşahidə edilə bilər:
Növ 1. Əsasən üzvü maddələrdən ibarət kiçik ölçülü yad cismlər həm nəfəsalma, həm də nəfəsvermə zamanı tənəffüsün hissəvi obstruksiyasına səbəb olur. Bu cür hallarda döş boşluğunun rentgen filmləri normal olur.
Növ 2. Bəzi hallarda yad cism tənəffüs yolunun bir tərəfli bağlanmasına səbəb olur, yəni bir tərəfli klapan mexanizmi yaranır. Belə ki, nəfəsalma zamanı hava daxil olur, lakin nəfəsvermə zamanı havanın çölə çıxması baş vermir. Bu cür hallarda ağ ciyərlərin birində hiperinflyasiya müşahidə edilir. Lakin, iki ağ ciyər arasında fərqi müəyyən etmək üçün bəsit rentgen filmləri həm nəfəsalma, həm də nəfəsvermə zamanı əldə olunmalıdır.
Növ 3. Bu növ obstruksiyada tənəffüs yolu tamamilə obstruksiya olunmuş olur və hava nə nəfəsalmada, nədə nəfəsvermədə obstruksiya olunmuş seqmentə keçir. Bunun nəticəsində obstruksiyaya məruz qalmış ağ ciyər seqmenti konsolidasiya olunmuş olur və tədricən kollapsa uğrayır.
Yad cismin aspirasiyasının mübahisəli və ya şübhəli hallarında, KT-nin tətbiqi zəruridir.
Müalicə.
Əgər tənəffüs yollarının obstruksiyası müşahidə edilmirsə və uşaq öskürə və səs ifadə edə bilirsə, təcili müdaxiləyə ehtiyac olmur. Həmin uşaqların respirator statusunun müşahidəsi kifayət edir. Lakin, əgər tənəffüsün obstruksiyası daha ağırdırsa (uşaq heç bir səs ifadə edə bilmir), təcili olaraq Heimlix manevri tətbiq edilməlidir.
Bu məqsədlə 1 yaşdan yuxarı uşaqlar arxadan qucaqlanır və tənəffüs yollarında tıxanmış yad cismin çıxarılmasınadək subdiafraqmatik abdominal sıxılmalar tətbiq edilir.
1 yaşdan aşağı uşaqlarda isə aspirasiya baş verdikdə, oturaraq uşağı ayaqların üzərinə sinə aşağı uzandırmaq və kürək sümükləri arası sahəyə uşağın başı istiqamətində əlin içi ilə dalğavari hərəkətlər endirmək gərəkdir. Bu cür dalğavari 5 hərəkətdən sonra, uşağı kürəyi üzərinə çevrilir və sinəsinə də oxşar dalğavari sıxıcı hərəkətlər endirilir. 1 yaşadək uşaqlarda abdominal sıxılmaların (subdiafraqmatik) tətbiqi tövsiyə edilmir, çünki bu yaş qrupunda qaraciyər nisbətən daha böyük olduğundan onun zədələnməsi baş verə bilir.
Xatırlatmaq lazımdır ki, bütün bu tədbirlər zamanı digər ətrafdakı şəxslər tərəfindən təcili tibbi yardımın çağırılması tövsiyə edilir.
Larinqeal obstruksiya və asfiksiya.
Əgər uşaqda asfiksiya və larinqeal obstruksiya inkişaf edirsə və ya davam edirsə, bu zaman uşağın təcili tibbi yardım müəssisəsinə və ya yaxında olan istənilən xəstəxanaya aparılması tələb olunur. Əgər aspirasiya və asfiksiya hospitalda və ya tibb müəssisəsində baş verirsə (və ya yaxında tibbi bacarıqları olan mütəxəssis, həkim varsa), bu zaman təcili krikotirotomiyanın aparılması tələb oluna bilər. Bunun üçün venoz çıxış üçün istifadə edilən iri 18-lik iynə və ya kateter krikoid membrandan qırtlağa daxil edilir və xəstənin xəstəxanaya (və ya əgər xəstəxanadadırsa, əməliyyat otağına) aparılması zaman oksigenasiyası məqsədilə istifadə edilir. Əməliyyat və ya prosedur otağında mikrolarinqoskopiya və ya bronxoskopiya ilə uşağın tənəffüs yolları müayinə edilir və müşahidə edilən zədə və iltihab prosesindən asılı olaraq, onun intubasiyada saxlanması və ya traxeostomiyanın qoyulmasınadək qərar qəbul edilir.
Traxeobronxial obstruksiya.
Traxeobronxial obstruksiya baş verdikdə yad cismin çıxarılması üçün təcili olaraq bronxoskopiyanın aparılması və yad cismin çıxarılması tələb olunur. Bronxoskopiya üçün mütləq şəkildə əl altında olmalıdır. Uşağın tənəffüsü və sedasiyası anestezioloq tərəfindən tənzimlənir. Cərrah və ya digər mütəxəssis ilk növbədə larinqoskopla epiqlottisi, aritenoid qığırdaqlarını və səs tellərini müayinə edir və hər hansı yad cismin və ya zədələnmənin olub olmadığı təyin etməyə çalışır. Qeyd etmək lazımdır ki, yad cismlərin çıxarılması prosedurunda ventilyasiya olunan bronxoskopdan istifadə etmək tövsiyə edilir.
Bronxoskopla müayinə zamanı yad cism göründükdə bronxoskop obstruksiyadan bir qədər yuxarıda fiksə olunur və optik teleskop çıxarılır, xüsusi sıxaclar (cərrah maşası) bronxoskopun daxilindən salınır və yad cism çıxarılır. Əgər müayinə zamanı irin və ya selik müəyyən edilirsə, onun bronxoskopiya zamanı sovrulması da həyata keçirilir. Əgər yad cism bronxoskopun diametrindən böyükdürsə, bu halda yad cism sıxacla tutulur və bronxoskopun ucunadək gətirilir və bronxoskop, yad cism və sıxac birlikdə tənəffüs yollarından çıxarılır.
Yad cismin çıxarılması zamanı onun sürüşməsi nəticəsində traxeya və ya subqlottisdə tıxaclanması baş verirsə, bronxoskopla yad cismin daha irəli bronxadək itələnməsi tövsiyə edilir ki, ən azından ağ ciyərlərdən birinin ventilyasiyası mümkün olsun.
Bronxoskopiya vasitəsilə yad cismin çıxarılması mümkün olmadıqda və ya yad cism bronxda xeyli distal yerləşirsə, onun çıxarılması üçün ipsilateral tərəfdə tokarotomiyanın aparılması tövsiyə edilir.
Bronxoskopiya ilə yad cismin çıxarılmasından sonra bronxoskopiya dərhal təkrar olunmalıdır ki, hər hansı əlavə yad cismlərin olması istisna edilsin. Xatırlatmaq lazımdır ki, ədəbiyyatda pediatrik xəstələrdə əlavə yad cismin olması 5% hallarda müşahidə edildiyi göstərilir.
Yad cismin çıxarılmasından və əlavə yad cismlərin olmamasına əmin olduqdan sonra, xəstə hospitalizasiya olunur və müşahidə edilir. Döş boşluğunun bəsit rentgeni əldə edilir və ağ ciyərlərdə olan prosesin aradan qalxması monitorinq edilir. Tənəffüs yollarında iltihabın azaldılması üçün steroidlərin verilməsi mümkündür. Əgər uşaqda pnevmoniya və ya infeksion proses müəyyən edilirsə, bu zaman antibiotiklər də təyin edilir. Bütün hallarda yad cism səbəbindən yaranmış pnevmoniya və ya digər ağ ciyər simptomları və roentgen görüntülərinin yad cismin çıxarılmasından sonra aradan qalxmasına əmin olmaq tələb olunur.
Uzun müddət tənəffüs yollarında qalmış yad cismlər ətrafında qranulyasiya toxumasının formalaşmasının qarşısını almaq məqsədilə 2-3 gün müddətinə steroidlərin verilməsi tövsiyə edilə bilər.
Anestezioloji məqamlar.
Bronxoskopiyaya hazırlanan uşağın ümumi anesteziyası sevofluran və ya venadaxili İV hipnotik preparatla aparıla bilər. Cərrahi plan və anestetikdən asılı olaraq xəstənin ya spontan ventilyasiya, ya da tam control edilən ventilyasiya olunması mümkündür. Əgər uşağın vəziyyəti ağırdırsa, mədəyə nazoqastrik zond yeridilməli və mədənin möhtəviyyatı təmizlənməli və ardınca dərhal sedasiya və intubasiya aparılmalıdır.
Ağırlaşmalar.
Yad cismin aspirasiyası və onun çıxarılması ilə bağlı ağırlaşmaları iki kateqoriyaya ayırmaq olar. Birinci kateqoriyaya aid edilən ağırlaşmalar yad cism səbəbindən yaranan obstruksiyadan irəli gəlir. İkinci kateqoriyaya aid edilən ağırlaşmalar isə yad cismin cərrahi müdaxilə ilə çıxarılması ilə bağlıdır. Tənəffüs yollarının uzun müddətli obstruksiyası hipoksiya və beyinin zədələnməsinə səbəb ola bilər. Yad cismlərin lokalizasiya olunduğu yerdə iltihab və qıcıqlanma səbəbindən bəzən traxeit, bronxit, və atelektaz yaranır. Yad cismin tıxandığı zonada iltihab ocağı ətrafında sekresiyanın artması sonradan pnevmoniyaya səbəb ola bilər.
Cərrahi müdaxilə nəticəsində müşahidə edilən intraoperativ ağırlaşmalara hipoksiya, hiperkarbiya, hipotenziya və postoperativ dövrdə əlavə oksigenin verilməsi aid edilir.
Valideynlərə tövsiyələr.
Bir çox pediatrik cəmiyyətlər aşağıdakı tövsiyələr hazırlamışdır:
- Valideynlər, müəllimlər və uşaqlarla işləyən digər şəxslər yad cismlərin aspirasiyasına dair qısa məlumat əldə etməli və bu halların profilaktikasına dair maarifləndirilməlidir.
- Uşaqlara yad cismlərin aspirasiyasına və onun ağır nəticələri barədə məlumat verilməli və daim təkrarlanmalıdır.
- Bərk və/və ya yumuru qida məhsullarının 4 yaşından aşağı uşaqları verilməsi tövsiyə edilmir. Bura xüsusilə sosiska, ət tikələri, üzüm, kişmiş, fındıq, yer fındığı, popkorn, qarpız dənələri, bərk konfet və s. aid edilir.
- Bərk qida məhsulları ilə uşaqların qidalanması yalnız böyüklər tərəfindən və yalnız uşaqlar oturaq vəziyyətdə olduqda aparılmalıdır. Bütün kiçik yaşlı uşaqların qida qəbulu böyüklər tərəfindən monitorinq edilməlidir.
- Uşaqlar kiçik yaşlarından qidanı yaxşı çeynəməyi öyrənməlidir.
- Daim xatırlatmaq lazımdır ki, yemək qəbulu zamanı danışmaq, qışqırmaq, ağlamaq və ya gülmək aspirasiyaya səbəb ola bilər. Eyni ilə yemək qəbulu zamanı televizora və ya digər vasitələrlə uşaqların diqqətinin yayındırılması aspirasiyaya səbəb ola bilər.
- Çeynənilməli olan dərman preparatları uşaqlara yalnış 4 yaşdan sonra verilə bilər. Bu yaşda çeynəmə üçün tələb olunan azı dişlər inkişaf etmiş olur.
- Həvəsləndirmə və ya digər səbəblərdən uşaqlara xırda qəpik pulların və digər xırda obyektlərin verilməsindən vaz keçmək lazımdır.
- Məktəbdə və ya digər vaxtlarda ağızda hansısa obyektlərin müvəqqəti saxlanmasının ciddi aspirasiyaya səbəb olduğu uşaqlara aşılanmalıdır.
- Kiçik oyuncaq hissələri və digər kiçik ölçülü obyektlər kiçik yaşlı uşaqlardan uzaq və qapalı saxlanmalıdır.
- Böyük yaşlı uşaqlara da aspirasiya ilə bağlı məlumat verilməlidir. Böyük uşaqlar tərəfindən kiçik yaşlı uşaqlara hər hansı xırda materialların verilməsi də ciddi şəkildə qadağan edilməli və buna dair maarifləndirilmə aparılmalıdır.
- Valideynlər, müəllimlər və uşaqlarla işləyən digər şəxslər İlk Tibbi yardım və Pediatrik İlk tibbi yardım sahəsində təlim almalıdır.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
- Pediatrik tənəffüs yollarına yad cismlərin aspirasiyası çox hallarda respirator distres, ağırlaşmalar və hətta ölümlə nəticələnə bilir. Daha çox bu 3 yaşından aşağı olan uşaqlarda tez-tez müşahidə edilir. Məsələn, 2000-ci ildə ABŞ-da təcili tibbi yardım müəssisələrinə yad cismlərin aspirasiyası ilə bağlı 17.000 müraciət olmuşdur. Həmin il müraciət etmiş 14 yaşından aşağı uşaqlardan 160 nəfəri yad cismin aspirasiyası səbəbindən ölmüşdür. 2006-cı ildə isə ABŞ-da yad cismlərin aspirasiyası səbəbindən ümumi əhali arasında 4100 ölüm qeydə alınmışdır. Yad cismin aspirasiyası səbəbindən ölüm halları daha çox 1-2 yaşlə uşaqlarda müşahidə edilir.
- Daha az hallarda aspirasiya olunmuş yad cism qlottis (udlağın) girəcəyində tıxanmış olur. Udlağı obstruksiya edən yad cism xəstələrdə kəskin respirator distres, səsin xırıltılığı və stridora səbəb olur. Daha kiçik obyektlərlə udlağın hissəvi obstruksiyası isə uzun müddət müəyyən edilməmiş qala bilər. Yad cismlə qırtlağın obstruksiyası isə 45% hallarda ölümlə nəticələnə bilir. Qırtlağa düşmüş yad cismin çıxarılmasından sonra sağ qalmış xəstələrin təxminən 30%-də hipoksik ensefalopatiya müşahidə edilə bilər. Bu cür aspirasiya hallarında xəstəyə təcili yardım hadisə yerindəcə və ya tibbi müəssisəyə daxil olan kimi dərhal göstərilməlidir. Öskürək və ya Heimlix manevri vasitəsilə bir çox hallarda yad cismin tənəffüs yollarından çıxarılmasına müvəffəq olmaq olar. Daha kiçik yad cismlərin (məs., kiçik oyuncaq hissələri, sancaqlar və ya alumium folqası) aspirasiyası isə bir çox hallarda daha az kəskin simptomlarla (stridor və səsin xırıltılığı) müşahidə edilir.
- Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi uşaqlarda aspirasiya vaxtında müəyyən edilmədikdə, onlar uzun müddət digər xəstəliklərdən, xüsusilə də, astma və xroniki/kəskin bronxitdən, yuxarı tənəffüs yollarının infeksiyalarından müalicə almış olur. Lakin, müalicə tədbirləri (məs., steroidlər, inqalyatorlar) həmin uşaqlarla heç bir müsbət nəticə vermir. Bunun nəticəsində həmin uşaqların bir qismi bronxoskopiya olunmuş olur və məhz bronxoskopiyada yad cismlər müəyyən edilir.
- Əgər tənəffüs yollarının obstruksiyası müşahidə edilmirsə və uşaq öskürə və səs ifadə edə bilirsə, təcili müdaxiləyə ehtiyac olmur. Həmin uşaqların respirator statusunun müşahidəsi kifayət edir. Lakin, əgər tənəffüsün obstruksiyası daha ağırdırsa (uşaq heç bir səs ifadə edə bilmir), təcili olaraq Heimlix manevri tətbiq edilməlidir.
- Əgər uşaqda asfiksiya və larinqeal obstruksiya inkişaf edirsə və ya davam edirsə, bu zaman uşağın təcili tibbi yardım müəssisəsinə və ya yaxında olan istənilən xəstəxanaya aparılması tələb olunur. Əgər aspirasiya və asfiksiya hospitalda və ya tibb müəssisəsində baş verirsə (və ya yaxında tibbi bacarıqları olan mütəxəssis, həkim varsa), bu zaman təcili krikotirotomiyanın aparılması tələb oluna bilər. Bunun üçün venoz çıxış üçün istifadə edilən iri 18-lik iynə və ya kateter krikoid membrandan qırtlağa daxil edilir və xəstənin xəstəxanaya (və ya əgər xəstəxanadadırsa, əməliyyat otağına) aparılması zaman oksigenasiyası məqsədilə istifadə edilir. Əməliyyat və ya prosedur otağında mikrolarinqoskopiya və ya bronxoskopiya ilə uşağın tənəffüs yolları müayinə edilir və müşahidə edilən zədə və iltihab prosesindən asılı olaraq, onun intubasiyada saxlanması və ya traxeostomiyanın qoyulmasınadək qərar qəbul edilir.
- Traxeobronxial obstruksiya baş verdikdə yad cismin çıxarılması üçün təcili olaraq bronxoskopiyanın aparılması və yad cismin çıxarılması tələb olunur. Bronxoskopiya üçün mütləq şəkildə əl altında olmalıdır. Uşağın tənəffüsü və sedasiyası anestezioloq tərəfindən tənzimlənir. Cərrah və ya digər mütəxəssis ilk növbədə larinqoskopla epiqlottisi, aritenoid qığırdaqlarını və səs tellərini müayinə edir və hər hansı yad cismin və ya zədələnmənin olub olmadığı təyin etməyə çalışır. Qeyd etmək lazımdır ki, yad cismlərin çıxarılması prosedurunda ventilyasiya olunan bronxoskopdan istifadə etmək tövsiyə edilir.
- Bronxoskopiya vasitəsilə yad cismin çıxarılması mümkün olmadıqda və ya yad cism bronxda xeyli distal yerləşirsə, onun çıxarılması üçün ipsilateral tərəfdə tokarotomiyanın aparılması tövsiyə edilir. Bronxoskopiya ilə yad cismin çıxarılmasından sonra bronxoskopiya dərhal təkrar olunmalıdır ki, hər hansı əlavə yad cismlərin olması istisna edilsin. Xatırlatmaq lazımdır ki, ədəbiyyatda pediatrik xəstələrdə əlavə yad cismin olması 5% hallarda müşahidə edildiyi göstərilir.