Hemorroy (babasil). Hemorroidal qanaxma.

Əbiyyatın son icmalı tarixi: fevral 2018 || Məqalənin son yenilənməsi tarixi: fevral 2018.



Giriş.

Hemorroy (babasil) distal anal kanalda selikaltı qatın damarlarında baş verən genişlənmənin nəticəsində yaranır. Həmin damarlar üçün birləşdirici toxuma dayaq rolu oynayır ki, onun zəifləməsi hemorroidal düyünlərin enməsi və ya prolapsına gətirib çıxarır. Daxili hemorroidal düyünlər dişli xətdən yuxarıda (yəni, silindrik və yastı epitellərin kəsişmə yeri) inkişaf edir və visseral innervasiyaya malik olurlar, bu səbəbdən ağrısızdırlar. Xarici hemorroidal düyünlər dişli xəttdən aşağıda yaranır, somatik innervasiyaya malikdir və ağrıya səbəb ola bilərlər. Bəzi pasientlərdə  həm daxili, həm də xarici (qarışıq) babasil inkişaf edir. Daxili babasil prolaps dərəcəsinə görə təsnif edilir. 1-ci dərəcəli hemorroy zamanı qanaxma müşahidə oluna bilər, lakin düyün (anal dəlikdən) xaricə çıxmır; 2-ci dərəcəli hemorroy zamanı hemorroidal düyünlər defekasiya aktı zamanı xaricə çıxır, lakin spontan şəkildə geri qayıdır; 3-cü dərəcəli hemorroidal düyünlər xaricə çıxır və yalnız əl ilə geri qaytarıla bilər; və 4-cü dərəcəli hemorroidal düyünlər daimi olaraq prolaps vəziyyətində qalır.

Qarındaxili təzyiqin artmasına səbəb olan amillər (məsələn, uzunmüddətli gücənmə, qəbizlik, hamiləlik, assit) hemorroidal damarların genişlənməsi, şişməsinə və prolapsına səbəb olur.

 

Klinik Xüsusiyyətləri 

Bir çox insanlar, tibb mütəxəssislərinin məsləhəti olmadan, babasillə bağlı yaranmış simptom və əlamətlərin müalicəsini özləri aparırlar. Bəzi hallarda pasientlər, simptomların kəskinləşdiyi zaman həkimə müraciət edir. Həm daxili, həm də xarici hemorroy, gigiyena qaydalarına riayət edilməsini əngəlləyə bildikləri üçün, anal ifrazat və qaşınmaya səbəb ola bilər. Daxili hemorroy adətən prolaps və ya tualet kağızında qan yaxud defekasiya aktı zamanı qanaxma şəklində müşahidə olunan ağrısız rektal qanaxma ilə özünü göstərir. Xarici hemorroidal düyünlər şişkinlik hesabına anal diskomfort yarada bilər. Xarici hemorroidal düyünlərin trombozu kəskin ağrıya səbəb ola bilər.

Cədvəl 1. Hemorroyun Differensial Diaqnostikası

Diaqnoz

Anamnestik məlumatlar

Fiziki müayinədə tapıntılar

Anal xərçəng

Anus ətrafında ağrı; inkişaf etmiş hallarda çəkinin azalması

Anal törəmənin xoralanması

Anal kondilomalar

Qanamayan anal törəmə; anamnezdə anal seks

Gül kələminə-bənzər törəmələr

Anal çat

Defekasiya aktı zamanı kəsici ağrı və qanaxma

Rektal müayinənin ağrılı olması və çatın aşkar edilməsi

Kolorektal xərçəng

Nəcisdə qan, çəkinin azalması, qarında ağrı, bağırsaq vərdişinin dəyişməsi, ailə anamnezi

Abdominal kütlə və ya ağrı

Bağırsağın iltihabi xəstəliyi

Konstitusional simptomlar, qarında ağrı, ishal, ailə anamnezi

Xarici rektal müayinə zamanı patologiya yoxdur; nadir hallarda, fistula; anoskopiya zamanı kolit

Perianal abses

Ağrının tədricən inkişaf etməsi

Ağrılı kütlə rektal selikli qişa ilə deyil, dəri ilə örtülmüşdür

Dəridə teqlər (çıxıntılar)

Qanaxma qeyd edilmir; anamnezdə sağalmış hemorroy

Anus ətrafında müşahidə olunan papillomalar selikli qişa ilə deyil, normal dəri ilə örtülmüşdür

 

DİAQNOZ

Bir sıra anorektal patologiyalar hemorroy ilə oxşar simptomlara malikdir (Cədvəl 1). Daha ciddi vəziyyətlərə (məsələn, xərçəng, bağırsağın iltihabi xəstəliyi) işarə edən və təcili kolonoskopiya aparılmasına sövq edən amillərə bağırsaq vərdişində dəyişiklik, qarında ağrı, çəkinin itkisi, nəcisdə qan şəklində rektal qanaxma və ya ailə anamnezində yoğun bağırsaq xərçənginin olması aiddir.

Hemorroy (babasil) diaqnozu demək olar ki, həmişə klinik əlamətlər əsasında və babasil xəstəliyinə işarə edən simptomların və qəbizlik kimi risk faktorlarının aşkar edilməsi üçün, xüsusi diqqətlə anamnezin toplanılmasının ardınca, məqsədyönlü fiziki müayinələrin aparılması sayəsində qoyulur. Daxili hemorroyun kardinal əlamətlərinə defekasiya aktı zamanı ağrısız qanaxma və fasiləli protruziya (anal kanaldan babasilin xaricə çıxması) aiddir. Qanaxma və prolaps, aralığın gigiyenası, ağrının olub-olmaması kimi simptomların yayılması, ağırlıq dərəcəsi və davametmə müddətinə diqqət etmək lazımdır. Lifli qidaların qəbulu və bağırsaq evakuasiyasının başvermə tezliyi, asanlığı və nəcisin konsistensiyası daxil olmaqla, bağırsaq vərdişlərinə diqqət yetirilməlidir, çünki qəbizlik, pasientləri hemorroy xəstəliyinə meylli edir.  Həmçinin nəcis saxlamama əlamətlərini də diqqətlə qiymətləndirmək lazımdır, çünki bu, cərrahi müalicə daxil olmaqla, müalicə taktikasının seçilməsinə təsir göstərə bilər. Üzüaşağı, diz-sinə və ya böyrü üstə vəziyyətlərdə aparılan fiziki müayinəyə, digər anal patologiyaların olub-olmamasının müəyyənləşdirilməsi və anal sfinkterin tamlığının qiymətləndirilməsi üçün anusa vizual baxış keçirilməsi, həmçinin barmaqla rektal müayinə də daxil olmalıdır. Bundan əlavə, hamam otağında pasientin gücənməsi zamanı müşahidənin aparılması hemorroidal prolaps diaqnozunun qoyulmasına köməklik edə, həmçinin rektal prolapsı istisna etməyə imkan verə bilər. Anatomiyanın qiymətləndirilməsi üçün anoskopik müayinə keçirilməlidir. Dişli xətdən yuxarıda lokalizasiya olunan daxili hemorroidal düyünlərin dərəcəsi, Şəkil 1-ə əsaslanaraq qiymətləndirilə bilər. 

Fiziki müayinə.

Fiziki müayinəyə abdominal müayinə, aralığa baxış keçirilməsi, barmaqla rektal müayinə və anoskopiya daxil olmalıdır. Barmaqla rektal müayinə daxili hemorroy diaqnozunu qoymağa və ya onu istisna etməyə imkan vermir; anoskopiya tələb olunur. Anoskopiya zamanı daxili hemorroidal düyünlər genəlmiş mor-göy rəngli venalar şəklində, prolapsa uğramış daxili hemorroidal düyünlər isə tünd çəhrayı, parlaq və bəzən ağrılı kütlələr şəklində görünürlər. Xarici hemorroidal düyünlər nisbətən solğun çəhrayı rəngdə olur və trombozlaşdığı halda, mor-rəng çaları ilə kəskin ağrılı olur. Əvvəllər keçirilmiş xarici hemorroydan sonra qalan perianal dəri teqləri (çıxıntılar) müşahidə edilə bilər. Bəzi mütəxəssislər hemorroidal simptomları və rektal qanaxması olan, 40 yaşdan yuxarı olan bütün pasientlər üçün kolonoskopiyanın aparılmasını tövsiyə edirlər.

Aşağıdakı qruplarda yoğun bağırsağın tam şəkildə müayinəsi təmin edilməlidir:

  • Son 10 il ərzində yoğun bağırsağın tam müayinəsi aparılmamış, 50 və ya daha çox yaşı olan pasientlər
  • Son 10 il ərzində yoğun bağırsağın tam müayinəsi aparılmamış, 40 və ya daha çox yaşı olan, və 60  və ya ondan aşağı yaşlarında kolorektal xərçəng və ya adenoma diaqnozu qoyulmuş bir nəfər birinci-dərəcəli qohumu olan pasientlər
  • Son 5 il ərzində yoğun bağırsağın tam müayinəsi aparılmamış, 40 və ya daha çox yaşı olan, və 60  və ya ondan aşağı yaşlarında kolorektal xərçəng və ya adenoma diaqnozu qoyulmuş birdən artıq sayda birinci-dərəcəli qohumları olan pasientlər
  • Dəmir defisitli anemiyası olan pasientlər
  • Nəcisdə gizli qan testinin müsbət olduğu pasientlər

  

I Dərəcə: 1-ci və ya başlanğıc dərəcəli – norma daxilində və ya normaya yaxın

 Doluqanlılıq (şişkinlik) və vaskulyarizasiyanın güclənməsi qeyd edilir, lakin prolaps yoxdur

II Dərəcə: 2-ci dərəcəli və ya ikincili hemorroy – bəzi simptomlar

Hemorroidal düyünlərin prolapsı yalnız gücənmə zamanı baş verir,  və spontan geriyə qayıtma qeyd edilir

III Dərəcə: 3-cü dərəcəli və ya üçüncülü hemorroy

Hemorroidal düyünlər gücənmə zamanı dişli xətt sərhədini keçərək prolapsa uğrayır və yalnız əllə geri qaytarıla bilir 

Qaşınma, selikli və nəcisli ifrazat nəticəsində altpaltarın bulaşması, və şişkinlik müşahidə oluna bilər

IV Dərəcə: 4-cü dərəcəli və ya dördüncülü hemorroy

Düyünlərin prolapsı müşahidə edilir və əllə geri qaytarılması mümkün olmur 

  


Şəkil 1. Hemorroy xəstəliyinin təsnifatı

  

MÜALİCƏ METODLARI

Medikamentoz müalicə 1-ci dərəcəli hemorroy zamanı təyin edilə bilər. Hemorroidal düyünləri olan bütün pasientlərdə gücənmə tələb etməyən, yumşaq kolbasaşəkilli nəcisin olması təmin edilməlidir. Bu həmçinin əməliyyatdan sonra da əhəmiyyətlidir, çünki gücənmə və sərt konsistensiyalı nəcis ağrı və qanaxmanı artıraraq, sağalmanı gecikdirə bilər. Maye və lifli qidaların adekvat şəkildə qəbulu nəcisi yumşaltmağa kömək edir. Simptomatik hemorroy pasientlərini əhatə edən yeddi randomizə olunmuş tədqiqatın meta-analizi psilium, sterkuliya və ya emal olunmamış kəpəkli məmulatların qəbulunun qanaxma, ağrı, prolaps və qaşınmanı azaltdığını təsdiq etmişdir. Steroid, anestetik, bürüyücü və/və ya antiseptik tərkibli reseptsiz satılan yerli vasitələr hemorroy xəstəliyinin bütün dərəcələri üçün tez-tez tövsiyə olunur. Lakin, randomizə olunmuş tədqiqatlarda onların istifadəsinin faydası təsdiq edilməmişdir. Steroid-tərkibli kremlər, dərinin atrofiyasına səbəb olduğuna görə, uzun müddət ərzində istifadə edilməməlidir. Oturaq vannalar çox hallarda tövsiyə edilir, lakin tədqiqatlarda, onların, hemorroy da daxil olmaqla, müxtəlif anorektal xəstəliklərin müalicəsində heç bir faydaya malik olmadığı müəyyən edilmişdir.

 

XARİCİ HEMORROİDAL DÜYÜNLƏRİN TROMBOZU 

Xarici hemorroidal düyünlərin trombozu kəskin, güclü ağrıya səbəb olur. Heç bir müdaxilə edilmədikdə, ağrı adətən iki-üç gün ərzində yüngülləşir və trombun tədricən bir neçə həftə ərzində sorulması ilə ağrı aradan qalxmağa davam edir. Ağrıkəsicilər və nəcisi yumşaldan vasitələr faydalı ola bilər. Nifedipin və lidokain kremi (gel) ilə müalicə yalnız lidokain kremi və ya geli (Xylocaine) ilə aparılan terapiyadan daha effektlidir. Hemorroidal düyünlərin trombozu nəticəsində şiddətli ağrısı olan pasientlərdə, simptomların başlanmasından sonrakı 72 saat ərzində aparılan trombun ekssiziyası və ya insiziyası və evakuasiyası, konservativ müalicə ilə müqayisədə ağrıdan daha sürətli şəkildə azad olmağa imkan verir. Hər iki prosedur lokal anesteziya altında həyata keçirilir. Bu növ cərrahi müdaxilədən sonra yaranan yara açıq saxlanıla və ya cərrahi tikişlərlə bağlana bilər.

  

HAMİLƏLİK ZAMANI HEMORROY

Hamiləlik qadınlarda simptomatik hemorroyun inkişafı üçün şərait yaradır, lakin adətən doğuşdan sonra əlamətlər aradan qalxır. Cərrahi müdaxilə, doğuşu stimulyasiya etmək riski olduğu üçün, əks göstərişdir. Hamiləlik dövründə yaranmış babasilin konservativ müalicəsi məsləhət görülür. Eyni zamanda, ehtiyac yarandığı hallarda, trombozlaşmış xarici hemorroidal düyünlərin cərrahi ekssiziyası aparıla bilər.

  

Daxili Hemorroidal Düyünlərin Cərrahi Müalicəsi 

1-ci və 2-ci dərəcəli hemorroy zamanı pasientlərin əksəriyyəti, və 3-cü dərəcəli hemorroidal düyünləri olan pasientlərin bir çoxu ilkin tibbi yardım kabinetində müalicə edilə bilər. Ambulator şəraitdə aparılan terapiyanın effektsiz olduğu və qarışıq hemorroidal düyünləri olan pasientlərin müalicəsinin, anesteziya üçün avadanlıqla təchiz edilmiş cərrahi şöbələrdə həyata keçirilməsi tələb oluna bilər. Ən çox yayılmış cərrahi müalicələrə liqasiya və ya toxuma destruksiyası, fiksasiya texnikaları (yəni, hemorroidopeksiya) və ekssiziya (yəni, hemorroidektomiya) aiddir.

 

Cədvəl 2. Daxili Hemorroidal Düyünlər zamanı Cərrahi Müdaxilə

Cərrahi müdaxilənin növü

Prosedur

Anesteziya

Əlavələr

Ekssiziya

Ekssizion hemorroidektomiya

Sedasiya ilə lokal anesteziya və ya ümumi anesteziya

Stasionar şəraitində; əməliyyatdan öncə imalə edilməli

Fiksasiya

Stepler hemorroidopeksiya

Sedasiya ilə lokal anesteziya və ya ümumi anesteziya

Stasionar şəraitində; əməliyyatdan öncə imalə edilməli

Liqasiya və toxuma destruksiyası

Lateks halqa liqasiyası

Tələb edilmir

Ambulator  şəraitdə; əməliyyatdan öncə imalə tələb olunmur

 

İnfraqırmızı koaqulyasiya

Tələb edilmir

Ambulator şəraitdə; əməliyyatdan öncə imalə tələb olunmur

 

İnyeksion skleroterapiya

Tələb edilmir

Ambulator şəraitdə; əməliyyatdan öncə imalə edilməsi tələb olunmur; lateks halqa liqasiyası, ekssizion hemorroidektomiya və stepler hemorroidopeksiya  ilə müqayisədə, uğursuz nəticələnən halların rast gəlmə tezliyi yüksəkdir

 

Cədvəl 4. Hemorroyun Növündən asılı olaraq Cərrahi Müalicə

Hemorroyun növü/dərəcəsi

Ambulator şəraitdə aparılan prosedurlar

Stasionar şəraitində aparılan prosedurlar

Xarici (dərəcə təyin edilmir)

Kəskin simptomları olan pasientlərdə başlanğıcdan 72 saat müddətində yerli anesteziya altında ekssiziya və ya insiziya; 

72 saatdan sonra medikamentoz müalicə istifadə edilməlidir

-

Qarışıq xarici və daxili

-

Ekssizion hemorroidektomiya

Daxili 1-ci dərəcəli

Lateks halqa liqasiyası, infraqırmızı koaqulyasiya

Lateks halqa liqasiyası; ilkin müalicə effektsiz olduqda ekssizion hemorroidektomiya

Daxili 2-ci dərəcəli

Lateks halqa liqasiyası, infraqırmızı koaqulyasiya

Lateks halqa liqasiyası; stepler hemorroidopeksiya; ilkin müalicə effektsiz olduqda ekssizion hemorroidektomiya

Daxili 3-cü dərəcəli

Lateks halqa liqasiyası

Lateks halqa liqasiyası;  ekssizion hemorroidektomiya; stepler hemorroidopeksiya

Daxili 4-cü dərəcəli

-

Ekssizion hemorroidektomiya; stepler hemorroidopeksiya

  

LATEKS HALQA LİQASİYASI

Lateks halqa liqasiyası daxili hemorroy zamanı geniş tətbiq olunan və ambulator şəraitdə icra edilən əməliyyat olub, çox zaman 1-ci - 3-cü dərəcəli hemorroy zamanı ilkin cərrahi müalicə üsulu kimi tövsiyə olunur. Prosedur zamanı hissəvi olaraq artıq olan anorektal selikli qişa ərtafına lateks halqa yerləşdirilir. Bu hemorroidal düyünün qan təchizatının pozulmasına səbəb olur, nəticədə toxuma nekrozu və beş-yeddi gün ərzində hemorroidal düyünün ayrılması baş verir. Əmələ gələn kiçik yaranın sağalması, lokal selikli qişanın altındakı əzələ qatına fiksasiyasını təmin edir. Prosedur anoskop vasitəsilə həyata keçirilir və halqaların yerləşdirilməsi üçün istifadə edilən cihazların müxtəlif növləri mövcuddur. Halqalar hissiyyatsız nahiyəyə (dişli xətdən yuxarı) yerləşdirildiyi üçün, prosedur anesteziyasız həyata keçirilə bilər. Buna baxmayaraq, innervasiyanın anatomik variantlarını nəzərə alaraq, halqanın yerləşdirilməsindən öncə nahiyənin hissiyyatını yoxlamaq lazımdır. Cərrahın seçimi və pasientin prosedura dözümlülüyündən asılı olaraq, bir seans ərzində birdən üçə qədər halqa yerləşdirilir. Növbəti dəfə halqa qoyulması dörd-altı həftəlik intervalla icra oluna bilər. Müvəffəqiyyət göstəricisi, simptomların aylar və illər ərzində narahat etməməsi əsasında müəyyənləşdirilir və 70.5% - 97% diapazonunda dəyişir. Vazovaqal reaksiya, ağrı, absesin yaranması, sidik ləngiməsi, qanaxma, halqanın sürüşüb düşməsi və sepsis kimi ağırlaşmalar, lateks halqa liqasiyası əməliyyatı keçirilmiş pasientlərin 2%-dən az hissəsində müşahidə olunur. Pasientlərin 2% - 11%-də xarici hemorroidal komponentin ikincili trombozu baş verə bilər. Postoperativ qanaxma riski səbəbindən, varfarin (Coumadin) qəbul edən pasientlərdə lateks halqa liqasiyası aparılmamalıdır. Aspirin və digər antiaqreqantların qəbulu əməliyyatdan beş-yeddi gün öncə dayandırılmalıdır (pasientin kardioloqu ilə məsləhətləşmə tövsiyə edilir) və 5-7 gün sonra yenidən bərpa edilə bilər.

  

İNFRAQIRMIZI KOAQULYASİYA

İnfraqırmızı koaqulyasiya zamanı polimer zond ucluğu vasitəsilə volfram-halogen lampadan gələn şüalanma hemorroidal düyünün əsasına tətbiq edilir. Nəticədə  yara əmələ gəlir, ardınca onun sağalması nəticəsində çapıq formalaşır, bu da hemorroidal düyünə qan axınını azaldır. Pasientlər proseduru rahat keçirir, lakin müvəffəqiyyət göstəriciləri lateks halqa liqasiyası ilə müqayisədə daha aşağıdır. İnfraqırmızı koaqulyasiya antikoaqulyantlarla müalicə qəbul edən pasientlərdə yerinə yetirilə bilər.

 

EKSSİZİON HEMORROİDEKTOMİYA

Ekssizion hemorroidektomiya zamanı, hemorroidal düyün üzərində elliptik kəsik aparılır, daha sonra o altında yerləşən sfinkterdən mobilizə olunur və kəsilərək xaric edilir. Yara tikişlərlə bərpa edilir. Bir sıra randomizə olunmuş kontrol tədqiqatları (RKT) və meta-analizlər, ekssizion hemorroidektomiyanın, 3-cü və 4-cü dərəcəli hemorroidal düyünləri olan pasientlərin residivləşən simptomlarını yüngülləşdirmək üçün ən təsirli müalicə üsulu olduğunu göstərmişdir. Həmçinin qarışıq hemorroyu olan və digər üsulların effektsiz olduğu, hemorroyun residivlərindən əziyyət çəkən pasientlərin müalicəsi üçün də tövsiyə olunur. Koxreyn tərəfindən ekssizion hemorroidektomiya və lateks halqa liqasiyasını müqayisə edən üç RKT-nin icmalı, liqasiyanın nisbətən zəif postoperativ ağrıyla müşayiət olunduğunu və pasientlərə iş həyatlarına və əvvəlki fəaliyyət səviyyələrinə daha tez qayıtmaq imkanı yaratdığını göstərmişdir. 3-cü dərəcəli hemorroya görə ekssizion hemorroidektomiya əməliyyatını keçirmiş pasientlər  arasında  simptomların təkrarlanması tezliyi aşağı olmuş və lateks halqa liqasiyası ilə müqayisədə sonrakı prosedurlara olan ehtiyac az olmuşdur. 2-ci dərəcəli hemorroy zamanı simptomların təkrarlanmasına görə prosedurlar arasında fərq olmamışdır. Sonda müəlliflər belə nəticəyə gəlmişlər ki, lateks halqa liqasiyası 2-ci dərəcəli hemorroy zamanı ilkin seçim üsulu hesab edilə bilər, ekssizion hemorroidektomiya isə 3-cü dərəcəli hemorroy və ya lateks halqa liqasiyasından sonra baş verən residiv halları üçün effektiv müalicə üsulu kimi nəzərdə saxlanılmalıdır. Pasient məmnuniyyəti və ya postoperativ ağırlaşmaların, məsələn  sidik ləngiməsi, anal stenoz və ya qanaxmanın rast gəlmə tezliyinə görə qeyd olunmuş prosedurlar arasında fərq olmamışdır. Ekssizion hemorroidektomiyanın digər postoperativ ağırlaşmalarına papillomalar, abses, fistula və anal dəlikdən ifrazatın sızması daxildir. 

  

STEPLER HEMORROİDOPEKSİYA

Stepler hemorroidopeksiya 2-ci - 4-cü dərəcəli hemorroy zamanı alternativ müalicə üsuludur. Cihaz hemorroidal düyündən bilavasitə yuxarıda, selikli qişa və selikaltı qatı həlqəvi sütun şəklində xaric edir, nəticədə qan təchizatında pozğunluq yaranır. Skoblar həlqəsi, anatomiya və funksiyanın bərpa edilməsi məqsədilə, aşağıya doğru yerdəyişmiş kavernoz cisimləri yenidən ilkin lokalizasiyasına qaytararaq fiksə edir. Əməliyyatdan sonra pasientlərdə dişli xətdən yuxarıda sirkulyar skoblar zolağı qalır ki, zaman keçdikcə o, seliki qişa ilə örtülür. Skoblar prosedurdan sonra aylar ərzində düz bağırsaqda hiss edilə və rektal qanaxmaya səbəb ola bilər. Ekssizion hemorroidektomiya ilə müqayisədə, stepler hemorroidopeksiya postoperativ dövrdəki ağrı, iş həyatına geri dönmə müddəti, qaşınma və defekasiya aktına imperativ çağırışların yaranması nöqteyi-nəzərindən daha əlverişlidir. Bununla yanaşı, uzunmüddətli-dövr üçün bu metod daha yüksək hemorroidal residiv və əlavə prosedurlara ehtiyac yaranması riski ilə assosiasiya olunur. Hər iki prosedurun uzunmüddətli nəticələrini (12 aydan 84 aya qədər) müqayisə edən RKT-lərin meta-analizi göstərdi ki, stepler hemorroidopeksiyadan sonra pasientlər yenidən müalicə üçün iki dəfə çox hallarda müraciət edirlər. Qısa- və uzunmüddətli-dövr məlumatları, hər iki prosedurdan sonra pasient məmnuniyyətinin oxşar olduğunu göstərmiş və stepler hemorroidopeksiyanın verdiyi erkən postoperativ səmərənin, əlavə cərrahi əməliyyat zamanı mümkün olan yüksək riskləri üstələyə biləcəyi haqda fikir yürütməyə imkan verir.

 

DİGƏR PROSEDURLAR

Krioterapiya, skleroterapiya və anal dilatasiya hemorroidektomiya və ya lateks halqa liqasiyası ilə müqayisədə az effektivdir. Prosedur qısa zaman ərzində yerinə yetirildiyindən, skleroterapiya bəzən 1-ci və 2-ci dərəcəli hemorroyun müalicəsi üçün istifadə olunur; lakin tətbiqi geniş deyildir. Doppler nəzarəti/yardımı ilə aparılan hemorroidal düyün arteriyasının liqasiyası (HAL) zamanı, hər bir hemorroidal düyün arteriyasının ayırd edilməsi və ardınca liqasiyası üçün, Doppler zondu ilə təchiz edilmiş anoskopdan istifadə edilir. Potensial üstünlükləri toxumaların ekssiziyasının aparılmaması və ehtimala görə, ağrının nisbətən zəif olmasıdır. Simptomatik prolapsı olan pasientlər üçün  mukopeksiya təsvir edilmişdir. Ümumiyyətlə, HAL istifadəsi ilə aparılan pеrspektiv tədqiqatlar qısamüddətli nəticələrin əlverişli olduğunu göstərmişdir. Lakin, HAL daha bahalı  prosedurdur və LHL (lateks halqa il liqasiya) ilə müqayisədə, keyfiyyətini nəzərə almaqla yaşanan illər üçün xərclərin artması nöqteyi-nəzərindən, rentabel hesab edilməmişdir.

 

POSTOPERATİV MÜALİCƏ

Ekssizion hemorroidektomiya əməliyyatdan sonra güclü ağrı ilə müşayiət olunur, lateks halqa liqasiyası və stepler hemorroidopeksiya isə çox zaman ağrısızdırlar. Adətən qeyri-steroid iltihab əleyhinə preparatlara əlavə olaraq, narkotik vasitələrin istifadəsinə ehtiyac yaranır. Lakin narkotik preparatlar qəbizliyə, bunun nəticəsində isə qanaxma, ağrı, tikişin cırılması və skobların düşməsinə gətirib çıxara bilər. Bütün prosedurlardan  sonra nəcisi yumşaldan və formalaşdıran vasitələr tövsiyə olunur. Oturaq vannalar və ilıq su spreyləri nahiyənin təmiz saxlanılması üçün istifadə edilə bilər, bu ekssizion hemorroidektomiyadan sonra xüsusi əhəmiyyət daşıyır. 10%-li metronidazol (Metrogel) yerli şəkildə gündə üç dəfə və diltiazem yerli olaraq istifadə olunduqda, postoperativ ağrıların azalması qeyd edilmişdir; preparatlar bu tərkibdə satışda mövcud deyildir, lakin dərmanların hazırlandığı apteklərdən əldə edilə bilər. Gündə iki dəfə yerli şəkildə tətbiq olunan 0.2%-li nitroqliserin, daxili anal sfinkter spazmının relaksasiyası hesabına postoperativ ağrını azaldır.

 

Prosedur seçimi

Prosedur seçimi zamanı pasientin simptomları, hemorroy xəstəliyinin dərəcəsi və cərrahın təcrübəsi əsas götürülür. Lateks halqa liqasiyası adətən 1-ci və 2-ci dərəcəli hemorroy xəstəliyi zamanı ilkin seçim prosedurudur. Həlqəvi şəkildə yerləşən 2-ci dərəcəli hemorroidal düyünlər zamanı stepler hemorroidopeksiyanın tətbiqi, residiv ehtimalının daha aşağı olması, lakin əmək fəaliyyətinə qayıtma müddətinin nisbətən uzanması və postoperativ dövrdə ağrının daha güclü olması ilə assosiasiya olunur. Lateks halqa liqasiyası 3-cü dərəcəli hemorroy zamanı istifadə edilə bilər; stepler hemorroidopeksiya və ekssizion hemorroidektomiya də seçimlərə daxildir və uzunmüddətli-dövr üçün daha böyük effektivliyə malikdirlər, lakin pasientlərdə daha çox postoperativ ağrı və ağırlaşmalara səbəb olur və bərpa müddəti nisbətən uzun çəkir. Ekssizion hemorroidektomiya və stepler hemorroidopeksiya, 4-cü dərəcəli hemorroy zamanı mövcud olan seçimlərdir. Qarışıq daxili və xarici hemorroy zamanı ekssizion hemorroidektomiya tövsiyə edilir, lakin antikoaqulyantlarla terapiya alan pasientlər üçün infraqırmızı koaqulyasiya yaxşı seçim hesab edilir.

 __________________ 

 https://www.aafp.org/afp/2011/0715/p204.pdf 

 https://www.fascrs.org/sites/default/files/downloads/publication/practice_parameters_for_the_management_of_hemorrhoids.pdf