Yumşaq toxumaların absesi: cərrahi müalicə

GİRİŞ.

Toxumaların lokal infeksiyası səbəbindən iltihablanmış toxuma ilə əhatə olunmuş irin toplantısına abses deyilir. Abses bədənin istənilən yerində inkişaf edə bilər, lakin çox zaman abses ətraflarda, sağrıda, süd vəzində, perianal sahədə və ya tük follikulundan yarana bilər. Absesin başlanması adətən normal dərinin tamlığının pozulması və mikrobların alt toxumalara keçməsi ilə bağlıdır. Abseslər daha çox Streptokokk, Stafillokokk, enterik bakteriyalar (perianal abses) və ya anaerob və qram-mənfi orqanizmlər səbəbindən yaranır.

 

Absesin drenajı onun əsas müalicə metodu hesab edilir. Kiçik (<5 mm-dən kiçik)  abseslər konservativ tədbirlərin koməyi ilə (isti su ilə islatma) müalicə oluna bilər. İri abseslərdə ətraf toxumanın daha çox iltihablaşması, daha çox miqdarda irinin toplanması və abses divarının formalaşması səbəbindən, onların müalicəsi üçün cərrahi kəsiklə drenajının təmin edilməsi tələb olunur.

 

GÖSTƏRİŞLƏR.

  • Dəri üzərində palpasiya ilə müəyyən edilən abses.
  • Əksər abseslərin cərrahi müalicəsi (kiçik ölçüdə olanlar, toxumaların geniş cərrahi təmizlənməsini tələb etməyən, bədənin həssas yerlərində yerləşməyən) təcili tibbi yardım müəssisəsində və ya xəstənin palatasında aparıla bilər. Həmin xəstələrin əməliyyat otağına götürülməsinə ehtiyac yoxdur.
 
ƏKSGÖSTƏRİŞLƏR.
  1. Ölçüsü çox böyük olan və geniş cərrahi təmizləmə, nekrotik toxumaların rezeksiyasını və yaranın intensiv yuyulmasını tələb edən abseslərin əməliyyat otağında cərrahi müalicəsi daha məqsədə uyğundur.
  2. Dərin və çox həssas yerlərdə (supralevator, işio-rektal, perirektal) yerləşən abseslərin cərrahi müalicəsi ümumi anesteziya altında aparılmalıdır.
  3. Əlin palmar sahəsinin absesləri və ya dərin plantar (daban) abseslər də əməliyyat otağında müalicə edilməlidir.
  4. Burun-dodaq büküşündə olan abseslərin də əməliyyat otağında yaxşı ekspozisiya ilə müalicəsi tələb olunur. Bu abseslər əsas sümüyün (sfenoid) sinusuna keçərək septik flebitə səbəb ola bilər.
  5. Damar və sinirlərə çox yaxın olan, habelə kosmetik cəhətdən mürəkkəb olan abseslərin əməliyyat otağında cərrahi müalicəsi daha məqsədə uyğundur (məs., qoltuqaltı, süd vəzi).
 
MATERİALLAR.
  1. Müvafiq qoruyucu materiallar - maska, gözlərin qorunması üçün xüsusi eynəklər, əlcəklər, kolpak
  2. Yerli anesteziya üçün 1% və ya 2%-li lidokain məhlulu (adrenalin və ya adrenalinsiz), 10 ml-lik şpris və infiltrasiya üçün 25-lik nazik iynə.
  3. Dərinin işlənməsi üçün xlorheksidin və ya betadin məhlulu.
  4. #11 skalpel
  5. Steril sahənin təmin edilməsi məqsədilə steril cərrahi yaşıl dəsmallar və ya xüsusi birdəfəlik kağız dəsmallar
  6. Tampon və tənziflər
  7. Hemostat, qayçılar, abses boşluğunun doldurulması üçün xüsusi tənziflər
  8. Yapışqan lent
  9. Abses boşluğundan qram yaxma və əkmə üçün nümunənin götürülməsi üçün şpris və ya tampon
 
 
HAZIRLIQ.
  1. Prosedurun aparılması üçün xəstədən şifahi və yazılı razılığın əldə olunması.
  2. Xəstəyə prosedur və onun mümkün ağırlaşmaları barədə məlumatın verilməsi.
  3. Prosedurun xəstəyə dəqiq izah edilməsi. Ağrı və onun tənzimlənməsi ilə bağlı dəqiq məlumatın verilməsi. 
  4. Prosedurdan sonra xəstənin nə zaman qayıtması və təkrar müayinənin xüsusi əhəmiyyət kəsb etməsinin izah edilməsi.
  5. Abses boşluğunun xüsusi tənziflə doldurulmasının əhəmiyyətini və bunu necə etməyi və gündə neçə dəfə etməyin izah edilməsi.
 
PROSEDURUN KEÇİRİLMƏSİ.
  1. Absesin olduğu sahənin xlorheksidin və ya betadinlə yuyulması. 
  2. Steril sahənin əldə olunması üçün xəstənin steril cərrahi dəsmallarla örtülməsi. 
  3. Absesin ətrafının lokal anestetiklə infiltrasiya edilməsi. Anesteziyanın təsiri üçün infiltrasiyadan sonra 2-3 dəqiqə gözləyin. 
  4. Absesin ən uc hissəsində Lanqerqans xəttinə uyğun olaraq #11 skalpellə cərrahi kəsik aparılır. Dəri kəsildikdən sonra abses boşluğuna çıxış əldə olunur. Cərrahi kəsik aparılarkən dərinin təbbi büküşləri nəzərə alınmalıdır. 
  5. Abses boşluğu açıldıqdan sonra irinin drenajını təmin edin, tələb olunduqda tampon və ya tənzifdən istifadə edin. Abses boşluğundan qram yaxma və bakterioloji əkmə üçün xüsusi şpris və ya tamponla toxuma nümunəsi əldə edin. 
  6. Hemostatdan istifadə etməklə abses boşluğunu ehtiyyatla təftiş edin. Bir neçə abses boşluqları arasında olan arakəsmələri açaraq irinin drenajını təmin edin. 
  7. Abses boşluğundan hemostazın əldə olunması üçün ya elektrokoaqulyasiyadan istifadə edin, ya da quru tənzifi abses boşluğuna sıx yerləşdirərək bir neçə dəqiqə orada saxlayın. 
  8. Xüsusi tənzifdən istifadə edərək abses boşluğunu mümkün qədər sıx doldurun. Bu həm də hemostazın təmin edilməsinə imkan verəcək. Əmin olun ki, abses boşluğunun doldurulması üçün yalnız 1 tənzif (tampon) istifadə edilib. Bir neçə tampon və ya tənziflə abses boşluğunun doldurulması bəzən həmin parçalardan birinin yaddan çıxaraq (və ya böyük abses boşluqlarında görməyərək) orada qalmasına və infeksion ağırlaşmalara səbəb ola bilər. 
  9. Cərrahi kəsiyi açıq saxlayın. Absesin üstünü tənziflə örtün və yapışqan lentlə dəriyə bərkidin.
 
 
Şəkil. Abses üzərində cərrahi kəsiyin aparılması. 
 
 
 
Şəkil. Abses boşluğundan irinin drenajı. 
 
 
 
Şəkil. Abses boşluğunun xüsusi tənziflə doldurulması. 

  

XƏSTƏYƏ TƏLİMATIN VERİLMƏSİ

  • Əksər abseslərin cərrahi müalicəsindən sonra abses boşluğunun doldurulması üçün tənzifin dəyişdirilməsi (sarğı) 8-12 saatdan bir aparılmalıdır.
  • Sarğıların dəyişdirilməsi ya xəstənin özü tərəfindən hər 12 saatdan bir, ya da həkim tərəfindən aparıla bilər.
  • Əksər hallarda Yaşdan-Quruya sarğılanma istifadə edilir. Bunun üçün normal fizioloji məhlulda çox azacıq islanmış tənzif abses boşluğuna yerləşdirilir və hər 8-12 saatdan bir dəyişdirilir.
 
AĞIRLAŞMALAR VƏ ONLARIN PROFİLAKTİKASI.
  • Ağrı: Yadda saxlamaq lazımdır ki, absesin ətrafında olan toxumalar asidoz vəziyyətindədir və lokal anesteziya öz effektivliyini tez itirir. 
    • Ümumiyyətlə, lokal anesteziya üçün lidokainin maksimal dozası 1 kq çəkiyə 4 mq olaraq 280 mq-dır. Beləliklə, 1% lidokainin maksimal dozası 28 ml, 2% lidokainin dozası isə 14 ml-dir.
    • Adrenalinlə olan lidokainin dozası isə 1 kq çəkiyə 7 mq olmaqa, maksimum 500 mq-dır. Burada 1%-li lidokainin maksimal dozası 50 ml, 2%-li lidokainin dozası isə 25 ml-dir.
  • Drenaj yoxdur. Abses guman edilən sahənin açılmasından sonra irin gəlmirsə, cərrahi kəsiyi genişləndirin və/və ya hemostatdan ehtiyyatla istifadə etməklə abses boşluğunda olan arakəsmələrini açın.
  • Absesi açdıqdan sonra piyli material əldə olunur. Bu o deməkdir ki, abses iltihablanmış dərinin piy vəzindən yaranıb (sebaceous kistası).