GİRİŞ.
Perikard visseral və parietal səhfələrdən ibarətdir. Visseral və parietal səhfələr bir birilərindən ayrılmışdır və onların arasında olan boşluğa perikardial boşluq deyilir. Sağlam şəxslərdə perikardial boşluğunda plazmanın ultrafiltrasiyası sayəsində alınan 15-50 ml həcmdə maye toplanır. Kliniki praktikada perikardın xəstəlikləri geniş yayılmışdır. Onlar ya yalnız perikardın xəstəliyi kimi, ya da sistem xəstəliyin bir təzahürü kimi müşahidə edilə bilər. Perikardın xəstəliklərinin etiologiyası fərqli olsa da, xəstəliyə cavab olaraq perikardın səhfələrinin iltihabı və perikardial mayenin ifrazı artmış olur. Fibroz və kalsifikasiya ilə nəticələnən xroniki iltihab prosesi səbəbindən perikardın qalınlaşması və kalsifikasiyası baş verir. Bu proses daha da inkişaf etdikdə perikard boşluğunun daralması və ya konstriktiv perikardit baş verir.
Perikardın xəstəlikləri kliniki cəhətdən 4 növə bölünür:
- Kəskin və təkrarlanan perikardit
- Hemodinamikanın pozulmaması ilə müşahidə edilən perikardial effuziya
- Ürəyin tamponadası
- Konstriktiv perikardit
Şəkil. KT görüntüləməsində perikardial effuziya.
Kəskin perikardit dedikdə perikard səhfələrinin iltihabı başa düşülür. Mioperikardit və ya perimiokardit termini isə perikardın iltihabı ilə yanaşı miokardın iltihabının olması hallarında istifadə edilir.
Perikard iki təbəqədən ibarətdir: içəridən visseral və xaricdən parietal. Perikard ürəyi ətraf toxumalardan qoruyur və onu anatomik stabil şəkildə saxlanmasını təmin edir. Normal perikard kisəsində 15-50 ml maye olur. Perikardit hər iki təbəqənin fibrinoz, seroz və irinli hemorragik iltihablanması ilə yaranır. Klinikasına görə kəskin (6 həftədən az) və yarım kəskin (6 həftədən 6 aya qədər), xroniki (6 aydan çox) dövrə bölünür. Perikarditlər quru (fibrinoz), eksudativ və konstruktiv olur.
EPİDEMİOLOGİYA.
Perikardın ən çox yayılmış xəstəliyi məhz kəskin perikarditdir. Kəskin perikardit həm təcrid olunmuş patologiya kimi, həm də digər sistem xəstəliklərinin bir təzahürü kimi müşahidə edilir. İnkişaf etmiş ölkələrdə kəskin perikardit əsasən virus səbəbindən yaranır. Düzdür, bir sıra hallarda dəqiq etioloji səbəbin müəyyənləşdirilməsi mümkün olmur.
HİV-ə yoluxmuş xəstələrin müalicəsi üçün tətbiq edilən anti-retrovirus terapiyasının geniş istifadəsi dövründən əvvəl AİDS səbəbindən baş verən ürək-damar xəstəlikləri sırasında kəskin perikardit daha çox müşahidə edilirdi.
KLİNİKA.
Etioloji səbəbdən asılı olaraq kəskin perikarditin kliniki xüsusiyyətləri fərqli ola bilər. İnfeksiya səbəbindən baş verən kəskin perikarditdə infeksiyanın sistem əlamətləri də - hərarət, leykositoz - müəyyən edilir. Virus səbəbindən inkişaf edən kəskin perikarditi olan xəstələrdə yaxınlarda qripə bənzər respirator simptomlar və ya mdə-bağırsaq simptomlarının olduğu müəyyən edilə bilər. Autoimmun xəstəlikləri və ya bədxassəli törəməsi olan xəstələrdə isə həmin xəstəliklərə aid kliniki simptom və əlamətlər də təyin oluna bilər.
Kəskin perikarditin əsas kliniki xüsusiyyətlərinə aşağıdakı aiddir:
- Döş ağrısı - adətən kəskin və plevritik olur; xəstənin önə əyilməsi və ya oturmasında ağrı azalmış olur.
- Perikardın sürtünmə küyü - Klassik küy kobud, sərt, yüksək tezlikli, iki komponentli küylərdir. Küyün ən yaxşı eşidildiyi yer sol parasternal, ürəyin mütləq kütlüyü olan bölgədir. Küy stetoskopla döş qəfəsinə təzyiq etdikdə güclənir, nəfəsi saxladıqda da eşidilir.
- EKQ dəyişiklikləri - yeni ST seqmentin qalxması və ya PR intervalın depressiyası
- Perikardial effuziya
Şəkil. Normal ürək və perikardial effuziya. Şəkil. EXO-KQ-da iri həcmli perikardial effuziya.
Döş ağrısı. Kəskin perikarditi olan xəstələrin böyük əksəriyyəti sinədə ağrıdan şikayətlənir (>95%). İnfeksion etiologiyalı perikardit hallarında sinədə ağrı daha çox müşahidə edilir. Uremik perikardit və ya revmatoloji xəstəlik səbəbindən yaranan perikardit hallarında sinədə ağrı ya minimal, ya da heç qeydə alınmır. Lakin, qırmızı qurd eşənəyindən (sistem lupus eritematoz SLE) əziyyət çəkən xəstələrdə perikardit və plevritik döş ağrısı məhz xəstəliyin ilkin əlamətləri ola bilər.
Kəskin perikardit səbəbindən yaranan döş ağrısı adətən kəskin və döş qəfəsinin ön divarında lokalizasiya olunmuş olur. Miokardın işemiyasından fərqli olaraq, perikardit səbəbindən döş ağrısı xüsusiyyətinə görə daha kəskin (xəncər zərbəsini xatırladan) və plevritik olur, və nəfəsalma və ya öksürək zamanı daha da güclənir. Digər mühüm xüsusiyyətlərdən biri də perikardit səbəbindən ağrının xəstənin oturması və ya önə əyilməsi ilə kəskinliyinin azalmasıdır. Oturduqda və ya önə əyildikdə parietal perikarda düşən təzyiq, o cümlədən, nəfəsalma zamanı, azalmış olur.
Lakin, bəzi hallarda ağrı küt ola bilər və çiyinlərə, xüsusilə də, trapezium əzələsinə, yayıla bilər. Bütün hallarda perikardit olduğu düşünülən döş ağrılarında differensial diaqnostika miokardın işemiyası və ya infarktı, ağciyər emboliyası, aortanın disseksiyası, qastroezofaqal reflyuks və əzələ ağrısı ilə aparılmalıdır.
Perikardın sürtünməsi küyü. Fiziki müayinədə perikardın sürtünməsi küyü kəskin perikarditin çox spesifik bir əlamətidir. Perikardın sürtünmə küyünün yaranmasına səbəb ürəyin perikard boşluğunda hərəkəti zamanı perikardın iltihablanmış iki səhfəsinin bir birinə sürtünməsidir. Lakin, bu tərif çox sadələşdirilmişdir, belə ki, perikardial effuziyası olan xəstələrdə də perikardın sürtünməsi küyü müəyyən edilə bilər.
Perikardın sürtünməsi küyünün klassik forması 3 fazadan ibarət olur:
- ürəyin qulaqcıqların sistolası zamanı hərəkəti (atrial fibrilyasiyası olan xəstələrdə bu faza təyin edilmir)?
- mədəciklərin sistolası
- mədəciklərin erkən diastolasında mədəciklərin sürətli dolması.
Ümumiyyətlə isə, kəskin perikarditdə baş verən EKQ dəyişiklikləri 60% hallarda müşahidə edilir və 4 etapa bölünür.
- Etap 1. kəskin perikarditin başlamasından bir neçə saat və bir neçə gün ərzində müşahidə edilir. Bu etapda EKQ-də ST seqmentinin diffuz qalxması və aVR və V1 aparmalarda isə resiprok ST depressiyası müşahidə edilir. Həmçinin qulaqcıqların da zədələnməsi səbəbindən aVR aparmasında PR seqmentinin qalxması müşahidə edilir.
- Etap 2. kəskin perikarditin ilk həftəsi ərzində müşahidə edilir. Bu etapda EKQ-də ST and PR seqmentlərinin normallaşması müəyyən edilir.
- Etap 3. bu etapda T dalğasının diffuz inversiyası inkişaf edir. Lakin, bu etap əksər xəstələrdə müşahidə edilməyə bilər.
- Etap 4. bu etapda ya EKQ-nin normallaşması, ya da T dalğalarının inversiyasının qeyri-müəyyən müddətdə davam etməsi müşahidə edilir.
- Morfologiya. Kəskin perikarditdə ST seqmentin elevasiyası J-nöqtəsindən başlayır (J nöqtəsi - QRS kompleksinin sonu ilə ST seqmentinin başlanğıcı arasında olan birləşmə nöqtəsidir, yəni depolyarizasiyanın bitməsi ilə mədəciklərin repolyarizasiyasının başlanması arasında olan birləşmə). ST seqmentin elevasiyası çox nadir halalrda 5 mm-dən çox olur.
- Yayılması. STEMİ-də müşahidə edilən ST seqmentin qalxması koronar damarların qanla təchiz etdiyi miokardın müvafiq anatomik seqmentləri ilə əlaqələndirilir, məs., V1-V4 anteroseptal və anterior aparmalar; İ, aVL, V5, V6 - lateral aparmalar; İİ, İİİ, aVF - inferior ötürmələr. Perikard isə ürəyi hər tərəfdən əhatə etdiyi üçün ST seqmentin dəyişiklikləri diffuz olur və əksər aparmalarda müşahidə edilir.
- Resiprok dəyişikliklər. Kəskin STEMİ əksər hallarda ST seqmentin resiprok dəyişiklikləri ilə əlaqələndirilir. Perikarditdə isə aVR və V1-dən başqa bu cür resiprok dəyişikliklər müəyyən edilmir.
- ST seqmenti və T dalğasının paralel dəyişiklikləri. Kəskin STEMİ-də ST seqmentin qalxması T dalğasının inversiyası ilə yanaşı müşahidə edilə bilər. Perikarditdə isə bu iki fərqli dəyişiklik eyni bir vaxtda çox nadir hallarda müşahidə edilir.
- Hiperkəskin T dalğaları. Ucalmış T dalğaları (prekordial ötürmələrdə >10 mm-dən yüksək, ətraf ötürmələrində isə >5 mm-dən yüksək) STEMİ-də müşahidə edilə bilər, lakin perikarditdə adətən müəyyən edilmir.
- PR seqmenti. aVR aparmasında PR seqmentinin qalxması ilə yanaşı PR seqmentinin digər aparmalarda depressiyası kəskin perikarditə xas olan xüsusiyyətdir və STEMİ-də çox nadir hallarda müşahidə edilir.
- İlkin anamnez və fiziki müayinə. Müayinə zamanı perikardın da cəlb olunması ilə müşahidə edilən xəstəliklər, o cümlədən, bədxassəli törəmələr, autoimmun xəstəliklər, uremiya, yaxınlarda baş vermiş miokard infarktı və əvvəl keçirilmiş ürək cərrahiyyəsi, diqqətdə saxlanmalıdır. Fiziki müayinədə ürəyin auskultasiyasına, tamponadanın əlamətlərinin və həmçinin perikardın sürtünməsi küyünün müəyyən edilməsinə xüsusi diqqət yetirilməlidir.
- İlkin testlər.
- EKQ bütün hallarda əldə olunur.
- Döş qəfəsinin rentgen filmi.
- QÜA, troponin səviyyəsi, EÇS, C-reaktiv zülalın səviyyəsi.
- Qandan əkmələr (əgər xəstənin hərarəti >38C yüksəkdirsə və ya sepsis əlamətləri müşahidə edilirsə)
- EXOKQ-nin bütün hallarda aparılması tövsiyə edilir. Ürəyin tamponadası əlamətləri olduqda isə EXOKQ təcili aparılır. Hətta kiçik həcmdə olan perikardiya effuziya kəskin perikardit diaqnozunun təsdiq edilməsinə yardımçı ola bilər. Lakin perikardial effuziyanın olmaması, perikardit diaqnozunu istisna edə bilməz.
- Əlavə testlər:
- PPD və ya dərialtı tuberkulin testi və ya vərəmin təyin edilməsi üçün interferon-qamma azad olunması testi. Vərəmin geniş yayıldığı ölkələrdə İnterferon-qamma azad olunması testi daha faydalı hesab edilir.
- ANA - anti-nuklear anticismlərin titrinin təyin edilməsi (məs., revmatoloji xəstəliyi olanlarda).
- HİV serologiyası.
- Viruslu perikarditə şübhə olduqda belə virus serologiyasının təyin edilməsi tövsiyə edilmir. Bütün hallarda perikarditin müalicəsi dəyişməz olur.
- Ürəyin tamponadası olan xəstələrdə müalicəvi perikardiosentezin aparılması tələb olunur.
- Maliqnant və ya bakteriyal etiologiyası düşünülən perikardial effuziyalarda, habelə tibbi müalicənin uğursuz olduğu hallarda diaqnostik perikardiosentezin aparılması tövsiyə edilə bilər.
- Kəskin perikardit. Aşağıda verilmiş meyarlardan ən azı ikisi müəyyən edildikdə kəskin perikardit diaqnozu qoyula bilər. Bütün hallarda xəstələrdə EXO-KQ müayinəsinin aparılması tövsiyə edilir.
- tipik döş ağrısı (kəskin və plevritik ağrı; ağrının oturaq vəziyyətdə və ya önə əyilmə zamanı yaxşılaşması)
- perikardın sürtünmə küyü (döş sümüyünün sol kənarında stetoskopun diafraqması ilə daha yaxşı eşidilir)
- EKQ-də müvafiq dəyişikliklər (ST seqmentin diffuz qalxması)
- Yeni və ya pisləşən perikardial effuziya.
- Mioperikardit. Kəskin perikardit olduqda, mioperikardit diaqnozu aşağıdakı əlavə əlamət və simptomların olmasında qoyulur:
- Ürəyin biomarkerlərinin (troponin İ və ya T) səviyyəsinin artması
- Görüntüləmələrdə (EXOKQ) sol mədəciyin yeni və ya guman edilən yeni fokal və ya qlobal sistolik disfunksiyası.
- Bəzi hallarda aritmiyalar (mədəciklərin aritmiyası), yeni yaranmış His dəstəsinin ayaqcığının blokadası və ya patoloji Q dalğaları da müəyyən edilə bilər.
- Miokardın cəlb olunması ilə müşahidə edilən kəskin perikardit xəstələrinin hospitalizasiyası və müşahidəsi tövsiyə edilir.
ETİOLOJİ SƏBƏBLƏRİN MÜƏYYƏN EDİLMƏSİ.
Kəskin perikarditin etiologiyasının müəyyənləşdirilməsinə yönəlmiş əksər testlərin və diaqnostik müayinələrin nəticəsi çox aşağıdır. Təxminən 800 yaxın xəstəni əhatə edən araşdırmadan məlum olmuşdur ki, yalnız 17% xəstədə perikarditin etioloji səbəbini və spesifik diaqnozunu müəyyən etmək mümkün olub. Əksər hallarda aşağıdakı diaqnozları təsdiq etmək mümkün olub:
- yeni törəmə
- vərəm
- autoimmun etiologiya
- irinli perikardit.
Əksər inkişaf etmiş ölkələrdə kəskin perikardit hallarının böyük bir qismi virus infeksiyası səbəbindən baş verir və ya idiopatik olur. Kəskin viruslu perikardit və ya idiopatik perikardit adətən iltihab əleyhinə preparatlarla aparılan empirik müalicə nəticəsində qısa müddətdən sonra keçib gedir və ümumiyyətlə xoşxassəli olur.
Kəskin perikarditin əksər hallarının xoşxassəli olduğunu nəzərə alaraq, onun etioloji səbəbini axtarılması tələb olunmur və buna ehtiyac da duyulmur. İlkin olaraq, bütün səylər kliniki cəhətdən əhəmiyyətli dərəcədə olan perikardial effuziya və ya ürəyin tamponadasının istisna edilməsinə yönəlməlidir. Eyni zamanda səylər daha spesifik müalicə tələb edən (məs., vərəm, bədxassəli proses, irinli perikardit) xəstələrin müəyyən edilməsinə yönəlməlidir.
- Ürək tamponadasının müalicəsi üçün perikardiosentez olunan xəstələrdə perikardial maye nümunəsi əldə olunaraq analizə göndərilir.
- Vərəm, irinli və ya bədxassəli (maliqnant) perikarditə şübhə olduqda.
- İltihab əleyhinə preparatlara cavabsız olan və etiologiyası məlum olmayan orta və iri həcmli perikardial effuziyalarda.
Perikardioskopiya imkan verir ki, parietal və visseral perikardın endoskopik müayinəsi və hədəflənmiş biopsiyası aparılsın.

- Əvvəlki perkutan drenajdan sonra perikardial effuziyanın təkrar toplanması hallarında.
- Perikardial effuziya cibləşdirilmiş olduqda.
- Diaqnostik məqsədlər üçün perikardiumun biopsiyasının tələb olunduğu hallarda.
- Koaqulopatiyası olan xəstələrdə.
Bədxassəli maliqnant effuziyalarda isə alternativ olaraq perkutan balon perikardiotomiyası aparıla bilər.
XƏSTƏLƏRİN HOSPİTALİZASİYASININ TƏLƏB OLUNMASININ TƏYİNİ.
Əksər həkimlər kəskin perikarditlə müraciət etmiş xəstələrin hospitalizasiyasına qərar vermiş olur. Ağırlaşmamış kəskin perikarditin müayinəsindən sonra xəstənin evə yazılması və sonradan mütləq ambulator qaydada təkrar müayinəsi mümkündür. Lakin, aşağıda verilmiş meyarlara cavab verən xəstələr yüksək risk qrupuna daxil olduğu üçün, onların hospitalizasiyası tövsiyə olunur:
- yüksək hərarət (T>38C) və leykositoz
- Ürəyin tamponadasına dəlalət edən əlamətlər
- Böyük həcmdə perikardial effuziya (EXOKQ-da perikardial effuziyanın təxminən >20 mm olması)
- Xəstənin immunsupressiyadan əziyyət çəkməsi
- Oral antikoaqulyantlar qəbul edən xəstələr
- Kəskin travma almış xəstələr
- Bir neçə gün ambulator qaydada QSİƏP-la (qeyri-steroid iltihab əleyhinə preparatlar) aparılan müalicəyə cavabsız qalan xəstələr
- Ürək fermentlərinin (troponin) artması ilə müşahidə edilən mioperikardit