Ədəbiyyatın son icmal tarixi: iyul 2017. | Məqalənin son yenilənməsi tarixi: dekabr 2016.
GİRİŞ — Mayalanmadan əvvəl yumurtalıqların ionlaşdırıcı şüalanmaya məruz qalması gələcək hamiləliklərə çox əhəmiyyətsiz təsirə malikdir. Buna görə də, mümkün olan bütün hallarda, reproduktiv yaşlı qadınlarda radioloji görüntüləmənin aparılmasının ən optimal vaxtı menstrual siklin ilk 10 günüdür. Radioloji müayinə zamanı reproduktiv yaşlı bütün qadınlardan hamilə olub olmadıqları soruşulmalıdır. Əgər şübhə varsa və ya qadın əmin deyilsə, radioloji müayinədən əvvəl hamiləlik testi aparılmalıdır.
Bəzən hamiləlik dövründə diaqnostik görüntüləmənin aparılması tələb olunur və son zamanlar bu cür halların sayı artmaqdadır. Hamilə qadınlarda uşaqlıq və onun möhtəviyyatının sonoqrafik müayinəsi tez-tez aparılır. Lakin digər növ radioloji müayinə metodlarının da istifadəsi tələb oluna bilər. Hamiləlik dövründə şüalanmanın təhlükəsizliyi daim diqqət mərkəzində olsa da, diaqnozun ləngiməsi və ya düzgün diaqnozun qoyulmaması hamilə qadın və onun gələcək körpəsinin salamatlığına daha ciddi təhlükə yarada bilər. Bir çox hallarda nəzəri baxımdan şüalanmanın dölə təsiri faktiki təsirdən daha aşağıdır. İonlaşdırıcı şüalanmanın hamilə olmayan və hamilə qadına təsiri eynidir.
ŞÜALANMAYA DAİR ÜMUMİ MƏLUMAT — Şüalanmanın təsirini müzakirə etməzdən öncə şüalanmanın nomenklaturası və dozimetriya barədə biliyə yiyilənmək gərəkdir. Şüalanmanın absorbsiya olunan dozası 1 kq toxumada toplanan enerji miqdarına bərabərdir və "rads" ilə ölçülür. Bir rad 1 qram absorbsiya edən materialın 1 qramına 100 erq enerjinin ötürülməsinə bərabərdir. Yumşaq toxumaların diaqnostik rentgenoloji müayinəsinə dair aşağıdakı formuladan istifadə edilir:
- 1 rad = 0.01 qrey (Gy) = 0.01 sievert (Sv) = 1 rem (rentgen-ekvivalent adam)
Hesablamalara görə, məs., ABŞ-da hər bir insan il ərzində təbii mənbələrdən toplam olaraq 3.1 mSv-yə (310 mrem) ekvivalent effektiv şüalanma dozasına məruz qalır. ABŞ-ın müvafiq dövlət agentliyinin tövsiyələrinə görə, əmək yerlərində bütöv hamiləlik dövründə döl/embrion 5 mSv-dən (500 mrem) artıq şüalanmaya məruz qalmamalıdır.
İONLAŞDIRICI ŞÜALANMANIN DÖLƏ TƏSİRİ.
Ümumi icmal — İonlaşdırıcı şüalanmanın riskləri insanlarda az öyrənilibdir. Əksər məlumatlar ya fərdi klinik hallardan, ya da Yaponiyaya atılmış atom bombasından sonra və Çernoblda baş vermiş texnogen hadisədən sonra sağ qalmış insanların müayinə və müşahidəsindən əldə edilib. Mövcud olan məlumatlara əsaslanaraq, ionlaşdırıcı şüalanmanın fəsadları 4 kateqoriyaya bölünür:
- Hamiləliyin itirilməsi (spontan abort, ölü doğuş)
- Dölün anomaliyaları (malformasiyalar)
- Böyümə və ya inkişafın pozuntuları
- Mutagen və karsinogen təsirlər
Zərərli təsirlərin başverməsi şüalanma zamanı gestasiya yaşından, döl tərəfindən absorbsiya olunmuş şüalanmanın dozası və dölün hüceyrə bərpa mexanizmlərinin inkişafı dərəcəsindən asılıdır. Şüalanmanın aşağı dozalarının təsiri nəticəsində baş verən hüceyrə zədələnməsi adətən bir sıra fizioloji proseslər hesabına aradan qaldırılmış olur. Əksinə, şüalanmanın daha yüksək səviyyəsi hüceyrənin inkişafı və yetişməsi ilə bağlı mühüm proseslərin pozulmasına səbəb olur və hüceyrənin daimi (geriyə dönməyən) zədələnməsi və ya ölümü ilə nəticələnə bilir.
Qeyd edilməlidir ki, hüceyrələrin zədələnməsi orqanogenezin mühüm mərhələsində (əsasən mayalanmadan sonrakı 15-50 gün ərzində) baş verirsə, bu zaman ciddi pozğunluq, agenezis və ya deformasiya inkişaf edə bilər. Məs., mərkəzi sinir sisteminin çoxlu sayda differensiasiya edən hüceyrələrinin zədələnməsi mikrosefaliyaya gətirib çıxarır.
Şüalanmanın 0.05 Gy-dən (5 rads) az təsirinə məruz qalma — Diaqnostik görüntüləmə prosedurları adətən dölün 0.05 Gy-dən (5 rads) az şüalanmaya məruz qoyur. Tədqiqatlara görə, hamiləlik dövründə 0.05 Gy-dən (5 rads) az şüalanma dozasına məruzqalma dölün anomaliyaları, əqli əlillik, inkişafdan ləngimə və ya hamiləliyin itirilməsi riskinin artması ilə müşayiət olunmur.
Karsinogenez — Heyvanlarda aparılmış araşdırmalardan müəyyən edilib ki, şüalanmanın karsinogen təsiri dölün inkişafının daha gec mərhələlərində çoxdur. Ana bətnində aşağı səviyyədə (məs., 0.01 - 0.02 Gy [1-2 rad]) şüalanmanın təsirinə məruzqalma uşaqlıq dövründə xərçəng riskini 1.5-2 dəfə artırır (xüsusilə də, leykemiya). Lakin, qeyd olunmalıdır ki, Hiroşima və Naqasakinin bombalanması zamanı ana bətnində olarkən şüalanmanın təsirinə məruz qalmış uşaqlarda sonradan xərçəng riski düşünüldüyündən çox az artmışdır.
Solid törəmələrin insidensinin (başvermə halları) isə artımı müşahidə edilir. Belə ki, Hiroşima və Naqasakinin atom bombası ilə bombalanması zamanı ana bətnində olan və ya yaşı 6-dan aşağı olan uşaqlarda sonradan solid törəmələrin başvermə halları əhəmiyyətli dərəcədə artmışdır. Analiz göstərmişdir ki, ana bətnində olarkən şüalanmaya məruz qalmış uşaqlarda sonradan solid törəmələrin inkişafı riski daha aşağı olub.
0.05 - 0.50 Gy (5-50 rads) şüalanma dozasına məruz qalma — Şüalanmaya məruz qalmış döldə anadangəlmə anomaliyaların yaranması riskinin yüksəldiyi səviyyə dəqiq müəyyən edilməmişdir. Tədqiqatların nəticələri göstərir ki, dölün/embrionun 0.10 Gy-dən yüksək dozalarda şüalanmaya məruz qalması anomaliyaların inkişaf riskini artırır. Həmçinin müəyyənləşdirilib ki, 0.05-0.10 Gy arası şüalanma dozalarına məruzqalma hallarında anadangəlmə anomaliyaların inkişafı riski qeyri-müəyyəndir. Qeyd etmək vacibdir ki, yüksək səviyyəli şüalanma ilə müşayiət olunan diaqnostik müayinələr belə (məs., abdominal və ya pevik KT, bariumla rentgenoqrafiya, sistouretroqrafiya), dölün həmin dozalarda şüalanmasına səbəb olmur.
Mayalanmadan sonrakı ilk 14 gün. İnkişafda olan embrion mayalanmadan sonrakı ilk 14 gün ərzində ionlaşdırıcı şüalanmanın ölümcül təsirinə daha çox həssasdır. Bu dövrdə şüalanmaya məruz qalmış embrio ya zədə almadan sağ qalır, ya da məhv olur. Bu dövrdə şüalanma ilə bağlı teratogenez, inkişafdan qalma və ya karsinogenez müşahidə edilmir.
Bu dövrdə dölün/embrionun 0.1 Gy (10 rads) dozada şüalanmaya məruz qalması onun ölümü ilə nəticələnə bilir. Düşünülür ki, 1 Gy (100 rads) dozada şüalanmanın təsirinə məruz qalma isə 50%-dən çox hallarda embrionun ölümü ilə nəticələnir. Hamiləliyin 18-ci həftəsinədək 5 Gy (500 rads) dozasında şüalanmanın təsirinə məruz qalma isə bütün embrionların/döllərin (100%) ölümü ilə nəticələnir.
Hamiləliyin 14-cü günündən sonra. Orqanogenez dövründə (fertilizasiyadan sonra təxminən 2-8-ci həftələr və ya son menstrual dövrdən sonra 4-10-cu həftələrdə) şüalanmanın təsiri səbəbindən baş verən hüceyrə ölümü, hüceyrələrin miqrasiyası və bölünməsi və ya mitotik aktivliyin ləngiməsi nəticəsində dölün/embrionun zədələnməsi baş verir. Bu dövrdə şüalanma nadir hallarda ölümlə nəticələnir. Bu dövrdə şüalanmanın təsiri nəticəsində baş verən zədələnmənin fəsadları aşağıdakılardır: dölün inkişafdan qalması və mərkəzi sinir sisteminin anomaliyaları da daxil olmaqla, müxtəlif anadangəlmə anomaliyalar (məs., mikrosefaliya, əqli əlillik, gözün anomaliyaları). Mikrosefaliya dölün şüalanma nəticəsində tez-tez rast gələn fəsadıdır.
Hamiləliyin 20-25-ci həftəsindən sonra döl ionlaşdırıcı şüalanmanın teratogen effektinə nisbətən rezistent olur.
Malformasiyalar. Hamiləliyin 16-cı həftəsinə qədər inkişaf edən dölün 0.1-0.2 Gy (10-20 rads) dozada şüalanmanın təsirinə məruz qalması zədələnmə riskini artırır. Gestasiyanın 16-cı həftəsindən sonra isə dölün zədələnməsi (anomaliyaların inkişafı) riski 0.5-0.7 Gy (50-70 rads) dozada şüalanmanın təsirinə məruz qaldıqda artmış olur.
Əqli inkişafdan geri qalma. Hiroşimaya atımış atom bombasından sonra sağ qalmış insanlar arasında aparılan tədqiqatlardan məlum olub ki, mayalanmadan sonrakı 8-15-ci həftələrdə şüalanmanın təsirinə məruzqalma əqli gerilik və mikrosefaliyanın inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb. Bu anomaliyalar sinir sisteminin inkişafında baş verən pozğunluqlarla əlaqələndirilib. Atom bombası nəticəsində yaranan şüalanmanın təsirinə gestasiyanın 8-ci həftəsindən əvvəl və ya 25-ci həftəsindən sonra məruzqalma isə ciddi əqli əlilliyə səbəb olmamışdır.
Müəyyən edilmişdir ki, hamiləliyin 8-15-ci həftələrində şüalanmaya məruz qalmış uşaqlarda 0.1 Gy-dən yuxarı hər növbəti 1 Gy şüalanma dozasına İQ və ya əqli koeffisient 25-31 bal azalmış olur. Ümumiyyətlə, məlum olub ki, 0.1 Gy-dən yuxarı dozalarda şüalanmanın hər 1 Gy dozası ağır dərəcəli əqli əlillik riskini 40%-dək artırır.
İnkişafın ləngiməsi. Atom bombasının atılmasından sonra sağ qalmış insanlarda aparılmış tədqiqatlar göstərib ki, radiasiyanın dozası artdıqca dölün/embrionun fiziki inkişafı daimi məhdudlaşmış olur. Bu, xüsusilə də, radiasiyanın təsirinə ilk trimestrdə məruzqalma zamanı müşahidə edilir.
Genetik təsirlər. Şüalanma təbii baş verən mutasiyaların tezliyini artıra bilər. Lakin şüalanma bir başa olaraq mutasiyaların baş verməsinə səbəb olmur. Hazırda, baş verən genetik mutasiyaların şüalanma və ya digər ətraf mühit faktorlarının təsirindən yarandığını dəqiqləşdirmək mümkün deyil.
GENİŞ İSTİFADƏ EDİLƏN PROSEDURLAR ZAMANI DÖLÜN ŞÜALANMAYA MƏRUZ QALMASI.
Diaqnostik US müayinəsi və ya 1.5 Tesla və daha az gücə malik maqnit sahəsi ilə aparılan MRT görüntüləməsinin dölə əhəmiyyətli dərəcədə təsiri barədə sübutlar yoxdur. İonlaşdırıcı şüalanmanın istifadəsi ilə aparıln müxtəlif görüntüləmə prosedurlarının dölə təsiri aşağıdakı cədvəlvə verilib.
Cədvəl 1. Dölün məruz qaldığı şüalanmanın dozası.
- Döş qəfəsinin rentgenoqrafiyası: <1 mrad.
- Abdominal rentgenoqrafiya: 200-300 mrad.
- Venadaxili piyeloqrafiya: 400-900 mrad.
- Bariumla imalə: 700-1600 mrad.
- Boyun onurğasının radioqrafiyası: <1 mrad.
- Bel onurğasının radioqrafiyası: 400-600 mrad.
- Yuxarı mədə-bağırsaq traktının rentgenoskopiyası: 50-400 mrad.
- Dişlərin radioqrafiyası: 0.01 mrad.
- Serebral angioqrafiya: <10 mrad.
- Mammoqrafiya: təsiri demək olar ki, yoxdur.
- Döş boşluğunun KT-i: 30 mrad.
- Qarın boşluğunun KT-i: 250 mrad.
- Ağciyərlərin angioqrafiyası (bud arteriyasından): 221-374 mrad.
- Ağciyərlərin angioqrafiyası (qoldan): <50 mrad.
Aparılacaq diaqnostik müayinənin təsirini hamilə qadına izah etmək üçün hər bir müayinəyə dair şüalanma dozasının hesablanması faydalıdır. Bütöv diaqnostik prosedurun ümumi şüalanma dozasının hesablanması bu sahədə təcrübəsi olan mütəxəssis tərəfindən aparılması tövsiyə edilir. Şüalanma dozasının hesablanmasında aşağıdakı faktorlar nəzərə alınmalıdır: proyeksiyaların növü və sayı, şüalanmanın müddəti, şüalanma mənbəyinə olan məsafə və şüa dozasının azaldılmasına imkan verən rəqəmli görüntüləmə sistemlərinin istifadəsi.
DİAQNOSTİK GÖRÜNTÜLƏMƏ PROSEDURLARININ NÖVÜ.
Hamiləlik dövründə aparılan diaqnostik görüntüləmələr (prosedurlar) iki növə ayrılır:
- ionlaşdırıcı şüalanma istifadə olunan prosedurlar: bəsit rentgenoqrafiya, fluoroskopiya, angioqrafiya, kompüter tomoqrafiyası, nüvə təbabəti),
- ionlaşdırıcı şüalanma istifadə olunmayan prosedurlar: ultrasəs müayinəsi, maqnit rezonans tomoqrafiyası.
Bununla yanaşı qeyd edilməlidir ki, əldə edilən görüntülərin diaqnostik həssaslığını artırmaq üçün müxtəlif kontrast maddələr istifadə edilir.
İonlaşdırıcı şüalanma istifadə olunan prosedurlar.
Baş, boyun, döş qəfəsi və ətrafların diaqnostik rentgenoqrafiyası zamanı səpələnən şüaların dölə heç bir zədələyici təsiri yoxdur. Və bu diaqnostik müayinələr zamanı istifadə edilən ionlaşdırıcı şüalanma dölün zədələnməsi riskini artırmır. Buna baxmayaraq, qarın və çanağın görüntüləməsi istisna olmaqla, digər sahələrin görüntüləməsi zamanı dölün potensial səpələnən şüalanmanın təsirindən qorunması üçün hamilə qadınlara qurquşandan düzəldilmiş önlük taxmaq təklif edilməlidir. Rəqəmli radioqrafiya və ya sürətli görüntüləmə texnikaları ilə ümumi şüalanma dozasının azaldılmasına nail olmaq mümkündür.
Bəsit rentgen filmləri. Qarın və çanağın rentgenoqrafiyası zamanı şüalanmanın təsirinin minimuma endirilməsi üçün müxtəlif metodlar mövcuddur:
- Anterio-posterior proyeksiyadan fərqli olaraq, PA və ya posterior-anterior proyeksiyada aparılan görüntüləmə şüalanma dozasını 0.02-0.04 mGy-dək (2-4 mrad) azaltmağa imkan verir. Bu onunla izah edilir ki, uşaqlıq çanaqda öndə (anterior) yerləşir.
- Xüsusi pərdələrdən istifadə etməklə şüanın səpələnməsinin qarşısı alına bilər. Pərdələr şüaların paralel olaraq tələb olunan sahəyə düşməsini təmin edir.
Fluoroskopiya və angioqrafiya. Fluoroskopiya və angioqrafiya prosedurları zamanı görüntüləmə vaxtının modifikasiyası, əldə edilən filmlərin sayının azaldılması, şüa oxunun və görüntülənən sahənin ölçüsünün kiçildilməsi vasitəsilə şüalanma təsirini azaltmaq mümkündür.
Venadaxili piyeloqrafiya. Obstruktiv uropatiyaya (böyrək daşı) şübhə olduqda, ilkin diaqnostik müayinə metodu kimi üstünlük böyrək və çanağın US müayinəsinə verilməlidir. US müayinəsi ilə obstruksiyanın ikincili əlamətlərini, məs., hidronefroz və ya hidroureter, müəyyən etmək mümkündür. Bu isə ionlaşdırıcı şüalanmanın istifadəsi gərəksiz edə bilər. Ureteral daşların aşkar edilməsində transabdominal US müayinəsi ilə müqayisədə, enendovaginal US müayinəsi daha çox həssaslığı malikdir.
Əgər US müayinəsindən sonra venadaxili piyeloqrafiyanın təyin edilməsi tələb olunursa, bu zaman venadaxili kontrastın yeridilməsindən 5 dəqiqə sonra bir abdominal radioqrafik görüntünün əldə edilməsi ilə şüalanma dozasını azaltmaq olar. Bu bir ədəd görüntü həm böyrəklərin nisbi ekskretor funksiyalarını qiymətləndirməyə, həm də ureterdə obstruksiyanın lokalizasiyasını dəyərləndirməyə kömək edə bilər. Bir dəfə verilən kontrastla venadaxili piyeloqrafiya zamanı döl 0.5 mGy (50 mrad) şüa dozasına məruz qalmış olur. Bu doza isə hamilə qadının 1 ay ərzində məruz qalmasına icazə verilən maksimal dozaya bərabərdir.
Kompüter tomoqrafiyası. Kompüter tomoqrafiyasının dolə təsirini hesablamaq üçün bir neçə faktor nəzərə alınmalıdır: əldə edilən kəsiklərin sayı, lokalizasiyası və qalınlığı. Hamiləlik dövründə KT görüntüləməsi aparılırsa, aşağıdakı yanaşma vasitəsilə şüalanma dozasının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq olar: şüaların sıxlaşdırılması (kollimasiyası) və xəstənin skanerdə daha sürətli hərəkət etməsi. Lakin qeyd edilməlidir ki, bu yanaşma ilə əldə edilən diaqnostik görüntülərin keyfiyyəti müəyyən dərəcədə azalmış olur. Məs., kontrastla aparılan KT zamanı konstrast-önü hissəni çəkməməklə, ümumi əldə edilən görüntülərin sayını azaltmaq mümkündür.
Qarın və çanaq istisna olmaqla, digər sahələrin KT görüntüləməsində dölün şüalanması çox minimaldır. Məs., baş beyinin KT görüntüləməsi zamanı ananın məruz qaldığı şüanın səviyyəsi 2 mGy-yə (200 mrad) bərabərdir. Anada baş beyinin KT görüntüləməsi aparılarkən qarın bölgəsi qurquşunlu önlüklə örtülərsə, bu zaman dölün məruz qaldğı şüalanma səviyyəsi 0.10 mGy-yə (10 mrad) bərabərdir.
Dişlərin rentgenoqrafiyası. Anada aparılan dental və ya dişlərin radioloji müayinəsi nəticəsində dölün məruz qaldığı şüalanma səviyyəsi çox azdır, təxminən 0.0001 mGy və ya 0.01 mrads-dır. Şüalanmanın bu səviyyəsi zərərsizdir.
Yodlaşdırılmış kontrast maddələr. Yodlaşdırılmış kontrast maddələr ciftdən keçir və dölün inkişafda olan tiroid vəzinə tranzitor (keçib-gedən) təsir göstərə bilər. Klinik tədqiqatlarda hamiləlik zamanı istifadə edilən yodlaşdırılmış kontrastlı maddələrin zərərli təsiri müəyyən edilməyibdir. Hazırda bu maddələrin tələb olunduqda istifadəsinə icazə verilir.
Südlə əmizdirən qadınlar. Yodlaşdırılmış kontrast maddələrin zülallara bağlılığı yüksək olduğundan, onlar ananın qan dövranından qısa zamanda (yarım parçalanma dövrü <60 dəqiqədən azdır) təmizlənir. Buna görə də, ana südünə həmin maddələrin çox az miqdarı keçir. Bununla yanaşı, kontrast maddələrinin oral bioəlçatanlığı azdır, buna görə də körpələr tərəfindən yodun çox az miqdarı absorbsiya olunmuş olur.
Amerika Radioloqlar Cəmiyyətinin bəyanatına görə anaya verilmiş yodlaşdırılmış kontrast maddəsinin yalnız 0.01%-i südlə əmizdirilən körpə tərəfindən absorbsiya olunur. Amerika Radioloqlar Cəmiyyəti qeyd edir ki, südlə əmizdirən qadınlarda diaqnostik müayinələrin aparılması zamanı yodlaşdırılmış kontrast maddələrinin istifadəsi təhlükəsizdir. Lakin qadınlar bütün hallarda potensial allergik reaksiyalar və maddənin bir-başa toksikliyi barədə məlumatlandırılmalıdırlar.
Avropa Urogenital Radiologiya Cəmiyyətinin Kontrast maddələrin təhlükəsizliyi Komitəsi bildirib ki, ana südünə keçən yodlaşdırılmış kontrast maddəsinin miqdarı o qədər azdır ki, kontrast verildikdə əmizdirmənin dayandırılması tələb olunmur. Lakin, kontrast maddəsinin nəzəri cəhətdən potensial riskindən narahat olan qadınlara kontrastla aparılan müayinədən əvvəl körpənin qidalandırılması üçün südün qabaqcadan toplanması, müayinədən sonrakı 24 saat ərzində isə südün xaric edilərək tullanması tövsiyə edilə bilər.
Nüvə təbabəti.
Nüvə tibbi müayinələrində (məs., ağciyərlərin ventilyasiya-perfuziya müayinəsi, tiroid vəzi, sümük və böyrəklərin ssintiqrafiyası) kimyəvi maddəyə birləşmiş radioizotop istifadə edilir. Bu maddələrin dölə təsiri ciftin keçiriciliyindən, döldə maddənin yayılmasında, toxumalara hərisliyindən (eng., affinity), maddənin yarım parçalanma vaxtından, dozası və ifraz olunan şüalanmanın növündən asılıdır. Bəzi radioizotop maddələr dölün spesifik orqan və toxumalarında toplandığı üçün ciddi narahatçılıq doğurur. Bu maddələr aşağıdakılardır: yod-131 və yod-123 - tiorid vəzində, dəmir-59 - qaraciyərdə, qallium-67 - dalaqda və strontsium-90 və ittrium-90 - skeletdə. Dölə təsir həmçinin ananın sidik kisəsinə ekskresiya olunan radionuklidlərin dölə yaxınlığından asılıdır. Buna görə də, ananın ümumi hidratasiya səviyyəsi və sidik kisəsinin tez-tez boşaldılması şüalanmanın təsirini azalda bilər.
Hamilə qadınlar həmçinin radioaktiv maddələr almış (müxtəlif xəstəliklərin müayinə və ya müalicəsi məqsədilə) şəxslərlə kontakta gələ bilər. Diaqnostik müayinələr üçün radioaktiv maddə almış şəxslərlə kontaktda olan hamilələrdə embironun zədələnməsi riski azdır. Lakin, müalicə məqsədilə və ya terapiya üçün daha yüksək dozalarda radioaktiv maddələr (məs., tiroid vəzinin xəstəliyinin radioaktiv yodla terapiyası, prostat vəzi xərçənginə görə braxiterapiya) almış xəstələrlə kontaktın isə dölə mənfi təsiri daha çoxdur. Bu səbəbdən də, hamilə qadınların həmin şəxslərdən aralı durması və ya kontaktın müvəqqəti olaraq məhdudlaşdırılması tövsiyə edilməlidir.
Ventilyasiya-perfuziya ssintiqrafiyası və spirallı KT. Ventilyasiya-perfuziya ssintiqrafiyası hamilə qadınlarda çox vaxt ağciyər emboliyasının diaqnostikasında geniş istifadə edilir. Prosedur zamanı perfuziya üçün albuminlə birləşdirilmiş Tc-99m və ventilyasiya üçün ksenon qazı və ya 99m-Tc DTPA aerozol istifadə edilir. Spirallı KT-də ağciyər emboliyasının diaqnostikasında tez-tez istifadə edilir. Spirallı KT zamanı yaranan şüalanmanın dölə təsiri çox azdır. Tədqiqatların birindən müəyyən edilib ki, döş qəfəsinin rentgenoqrafiyası, spirallı KT, ventilyasiya-perfuziya ssintiqrafiyası və ağciyər arteriyaların arterioqrafiyası (mil arteriyası istifadə olunmaqla) nəticəsində döl müvafiq olaraq aşağıdakı şüalanmaya məruz qalır: 0.01, 0.13, 0.37 və 0.50 mGy.
Tiroid vəzinin ssintiqrafiyası. Hamiləliyin 10-12-ci həftəsində radioaktiv yod izotopları dölün tiroid vəzi tərəfindən absorbsiya olunur. Diaqnostik müayinələrdə istifadə edilən radioaktiv yodun dölə təsiri barədə sübutlar yoxdur. Lakin radioaktiv yod almış hamilə qadınlardan doğulan uşaqlarda gələcəkdə tiroid vəzi xərçənginin inkişafı riski yüksək olduğundan, radioaktiv yodun hamilə qadınlarda istifadəsi tövsiyə edilmir. Əgər hamilə qadınlarda tiroid vəzinin ssintiqrafiyası tələb olunarsa, bu zaman Texnesium-99m maddəsinin istifadəsi tövsiyə edilir. Hamilə qadınlarda radioaktiv yodun (İ-131) istifadəsi yolverilməzdir.
Pozitron emission tomoqrafiya. PET və ya pozitron emission tomoqrafiyasının hamilə qadınlarda təsiri barədə məlumat çox azdır. PET zamanı fludeoksiqlükoza F18 radioizotopu istifadə edilir. Heyvanlarda fludeoksiqlükoza F18-nin təsirinin öyrənilməsinə dair tədqiqatlar aparılmamışdır və hamilə qadınlarda da bu maddənin istifadəsinin dölə təsiri barədə məlumat yoxdur. Hesablamalar göstərir ki, PET müayinəsi zamanı uşaqlıq 3.70-7.40 mGy şüalanma dozasına məruz qalır. Yuxarıda qeyd olunduğu kimi bu çox aşağı dozalardır və dölün inkişafı və ya böyüməsinə təsir göstərmir.
Lakin, insanlarda klinik tədqiqatlar aparılmadığı üçün, hamilə qadınların müayinəsində PET əvəzinə ya MRT, ya da bəsit KT-nin istifadəsinə üstünlük verilməlidir. Düzdür, bütün hallarda qərar fərdi qaydada qəbul edilməlidir.
Ultrasəs müayinəsi.
Son bir neçə onilliklərdə geniş istifadə olunmasına baxmayaraq, diaqnostik ultrasəs müayinəsinin hamilə qadınlara hər hansı bioloji təsiri müəyyən edilməmişdir. US müayinəsində istifadə edilən səs dalğalarından yaranan istiliyin nəzəri baxımdan toxumalara müəyyən zədələyici təsiri mümkündür. Düzdür B- və M-rejimdə aparılan müayinə zamanı temperatur zərər yetirə biləcək dərəcələrə qalxmır. Lakin Doppler US müayinəsi zamanı yaranan istilik toxumaların zədələnməsinə səbəb ola bilər. Buna gör də Doppler US müayinəsinin hamiləlik zamanı istifadəsinə dair ayrıca detallı təlimat vardır.
MRT.
MRT-də elektromaqnit radio dalğalar istifadə edilir. Bu diaqnostik müayinədə ionlaşdırıcı şüalanma istifadə edilmir. Hüceyrə səviyyəsində MRT-nin potensial bioloji təsiri aşağıdakılardan ibarətdir: 1) statik və zamanla dəyişən maqnit sahələrindən yaranan lokal cərəyanlar və elektrik sahələrin yaranması və 2) toxumaların qızdırılmasına səbəb olan radiotezlikli şüalanma. MRT-nin digər potensial təhlükəsi aşağıdakılardan ibarətdir: metal obyektlərin maqnit sahəsinə düşməsi nəticəsində yaranan travmalar (məs., kiçik metal obyektlərin gözləri zədələməsi), elektron cihazların funksiyasına təsir (məs., peysmeykerlər) və ya metal implantların yerdəyişməsi, implantlarda olan keçirici materialların qızması səbəbindən yanıqlar və yüksək intensivlikli küy nəticəsində yaranan akustik zədə.
Bütün bunlara baxmayaraq, MRT-nin hamilə qadınlara və ya dölə zərərli təsiri bu günədək qeydə alınmamışdır. Tədqiqatların birində ilk trimestrdə aparılmış MRT müayinələrinin dölə təsiri araşdırılmışdır. Müəyyən edilmişdir ki, MRT-nin istifadəsi ölü doğuşlar, neonatal ölüm, anandangəlmə anomaliyalar, yenitörəmələr və görmə və ya eşitmə qabiliyyətinin pozulmasına səbəb olmur. Lakin qeyd edilməlidir ki, tədqiqatlarda maqnit sahəsinin gücü 1.5 Tesla olan cihazlar istifadə edilmişdir. Daha güclü maqnit sahələrinin təsiri nəticəsində toxumaların isidilməsi riski daha yüksəkdir.
Müəyyən hallarda hamilə qadınlarda MRT-nin istifadəsinə üstünlük verilir. Belə ki, MRT daha yaxşı görüntülərin əldə edilməsinə imkan yaradır və bu zaman ionlaşdırıcı şüalanma istifadə edilmir. Məs., birinci trimestrdə olan hamilə qadınlarda appendisitə şübhə olduqda və US müayinəsi ilə appendiksin vizualizasiyası mümkün olmadıqda, MRT görüntüləməsi aparıla bilər. Buna baxmayaraq, ekspertlər hesab edir ki, MRT yalnız tələb olunduqda və digər daha az zərərli diaqnostik metodlarla lazım olan məlumatın əldə edilməsi mümkün olmadıqda təyin edilməlidir.
Qadolinium kontrast maddəsi. Qadolinium MRT görüntüləməsində istifadə edilən kontrast maddədir və ciftə sərbəst keçir, döl tərəfindən amniotik mayeyə xaric edilir. Daha sonra qadolinium döl tərəfindən udulur və dölün qan dövranına reabsorbsiya olunur. Qadoliniumun uzun yarım parçalanma vaxtına malik olduğu üçün, istifadəsinin faydası potensial risklərdən üstün olmadığı hallarda onun hamilə qadınlarda istifadəsi tövsiyə edilmir.
Südlə əmizdirən qadınlarda qadoliniumun istifadəsi təhlükəsizdir. Belə ki, qadolinium insan südündə çox az miqdarda olur və körpənin bağırsağından absorbsiya olunmur. Amerika Radioloqlar Cəmiyyətinin (ARC) hesabatına görə, qadoliniumun yalnız 0.0004%-i südlə əmizdirilən körpə tərəfindən absorbsiya olunur. ARC qadoliniumun südlə əmizdirən qadınlarda təhlükəsiz olduğunu bildirib. Lakin analar qadoliniumun nəzəri baxımdan yan təsirləri və allergik reaksiyalar barədə məlumatlandırılmalıdır. Bu yan təsirləri və ya allergiyadan narahatçılıq keçirən qadınlara müayinədən əvvəl körpənin qidalanması üçün südü qabaqcadan xaric edərək soyuducuda saxlamaq və müayinədən sonrakı 24 saat ərzində südü xaric edərək tullamaq tövsiyə edilməlidir.
Nefrogen sistemli fibroz riski nəzərə alınmalı və NFS-in inkişafı riski yüksək olan qadolinium tərkibli maddələrin istifadəsi zamanı ehtiyyat tədbirləri görülməlidir.
Biblioqrafiya.
1 | Applegate K. Pregnancy screening of adolescents and women before radiologic testing: does radiology need a national guideline? J Am Coll Radiol 2007; 4:533. |
2 | Lazarus E, Debenedectis C, North D, et al. Utilization of imaging in pregnant patients: 10-year review of 5270 examinations in 3285 patients--1997-2006. Radiology 2009; 251:517. |
3 | McCollough CH, Schueler BA, Atwell TD, et al. Radiation exposure and pregnancy: when should we be concerned? Radiographics 2007; 27:909. |
4 | Ratnapalan S, Bona N, Chandra K, Koren G. Physicians' perceptions of teratogenic risk associated with radiography and CT during early pregnancy. AJR Am J Roentgenol 2004; 182:1107. |
5 | Bentur Y, Horlatsch N, Koren G. Exposure to ionizing radiation during pregnancy: perception of teratogenic risk and outcome. Teratology 1991; 43:109. |
6 | Austin LM, Frush DP. Compendium of national guidelines for imaging the pregnant patient. AJR Am J Roentgenol 2011; 197:W737. |
7 | http://www.nrc.gov/reading-rm/doc-collections/fact-sheets/bio-effects-radiation.html (Accessed on September 04, 2012). |
8 | http://www.gpo.gov/fdsys/pkg/CFR-2011-title10-vol1/xml/CFR-2011-title10-vol1-part20.xml (Accessed on September 04, 2012). |
9 | Castronovo FP Jr. Teratogen update: radiation and Chernobyl. Teratology 1999; 60:100. |
10 | United Nations Scientific Committee on the Effects of Atomic Radiation, Sources and Effects of Ionizing Radiation, UN Publication E.94.IX.2, UN Publications, United Nations, New York, 1993. |
11 | Hall EJ. Scientific view of low-level radiation risks. Radiographics 1991; 11:509. |
12 | Committee on Biological Effects of Ionizing Radiation, Board on Radiation Effects Research Commission on Life Sciences, National research Council. Health effects of exposure to low levels of ionizing radiation: BEIR V. Washington, DC, 1990. p. 352. |
13 | Schull, WJ, Otake, M. Neurological deficit among the survivors exposed to the atomic bombing of Hiroshima and Nagasaki: A reassessment and new directions. In: Radiation risks to the developing nervous system, Schmahl, W, Gerber, GB, Stive, FE (Eds), Gustave Fischer Verlag, New York 1986. |
14 | Otake M, Schull WJ, Yoshimaru H. A review of forty-five years study of Hiroshima and Nagasaki atomic bomb survivors. Brain damage among the prenatally exposed. J Radiat Res 1991; 32 Suppl:249. |
15 | Wertelecki W. Malformations in a chornobyl-impacted region. Pediatrics 2010; 125:e836. |
16 | Yamazaki JN, Schull WJ. Perinatal loss and neurological abnormalities among children of the atomic bomb. Nagasaki and Hiroshima revisited, 1949 to 1989. JAMA 1990; 264:605. |
17 | Brent RL. Saving lives and changing family histories: appropriate counseling of pregnant women and men and women of reproductive age, concerning the risk of diagnostic radiation exposures during and before pregnancy. Am J Obstet Gynecol 2009; 200:4. |
18 | Brent RL. The effect of embryonic and fetal exposure to x-ray, microwaves, and ultrasound: counseling the pregnant and nonpregnant patient about these risks. Semin Oncol 1989; 16:347. |
19 | www.bt.cdc.gov/radiation/prenatalphysician.asp (Accessed on July 09, 2012). |
20 | Stewart A, Kneale GW. Radiation dose effects in relation to obstetric x-rays and childhood cancers. Lancet 1970; 1:1185. |
21 | Kato H. Mortality in children exposed to the A-bombs while in utero, 1945-1969. Am J Epidemiol 1971; 93:435. |
22 | American College of Obstetricians and Gynecologists. Guidelines for diagnostic imaging during pregnancy and lactation. Committee Opinion No. 656. Obstet Gynecol 2016; 127:e75. |
23 | Preston DL, Cullings H, Suyama A, et al. Solid cancer incidence in atomic bomb survivors exposed in utero or as young children. J Natl Cancer Inst 2008; 100:428. |
24 | www.icrp-84.org. |
25 | De Santis M, Cesari E, Nobili E, et al. Radiation effects on development. Birth Defects Res C Embryo Today 2007; 81:177. |
26 | Bentur, Y. Ionizing and nonionizing radiation in pregnancy. In: Maternal-fetal toxicology, 2nd ed, Koren, G (Ed), Marcel Dekker, New York 1994. |
27 | Mettler, FA, Upton, AC. Medical Effects of Ionizing Radiation, 2nd ed, WB Saunders, Philadelphia, 1995. |
28 | De Santis M, Di Gianantonio E, Straface G, et al. Ionizing radiations in pregnancy and teratogenesis: a review of literature. Reprod Toxicol 2005; 20:323. |
29 | Ritenour ER. Health effects of low level radiation: carcinogenesis, teratogenesis, and mutagenesis. Semin Nucl Med 1986; 16:106. |
30 | Kereiakes, JG, Rosenstein, M. Handbook of Radiation Doses in Nuclear Medicine and Diagnostic X-ray, CRC Press, Boca Raton 1980. |
31 | United Nations Scientific Committee on the Effects of Atomic Radiation (UNSCEAR). Sources and Effects of ionizing radiation. Report to the General Assembly, 1977. p. 319. |
32 | Laing FC, Benson CB, DiSalvo DN, et al. Distal ureteral calculi: detection with vaginal US. Radiology 1994; 192:545. |
33 | Butler EL, Cox SM, Eberts EG, Cunningham FG. Symptomatic nephrolithiasis complicating pregnancy. Obstet Gynecol 2000; 96:753. |
34 | Hujoel PP, Bollen AM, Noonan CJ, del Aguila MA. Antepartum dental radiography and infant low birth weight. JAMA 2004; 291:1987. |
35 | Ilett KF, Hackett LP, Paterson JW, McCormick CC. Excretion of metrizamide in milk. Br J Radiol 1981; 54:537. |
36 | FitzJohn TP, Williams DG, Laker MF, Owen JP. Intravenous urography during lactation. Br J Radiol 1982; 55:603. |
37 | Nielsen ST, Matheson I, Rasmussen JN, et al. Excretion of iohexol and metrizoate in human breast milk. Acta Radiol 1987; 28:523. |
38 | Bona G, Zaffaroni M, Defilippi C, et al. Effects of iopamidol on neonatal thyroid function. Eur J Radiol 1992; 14:22. |
39 | ACR Committee on Drugs and Contrast Media. Administration of Contrast Medium to Breastfeeding Mothers. ACR Bulletin 2001. |
40 | Webb JA, Thomsen HS, Morcos SK, Members of Contrast Media Safety Committee of European Society of Urogenital Radiology (ESUR). The use of iodinated and gadolinium contrast media during pregnancy and lactation. Eur Radiol 2005; 15:1234. |
41 | Grigsby PW, Siegel BA, Baker S, Eichling JO. Radiation exposure from outpatient radioactive iodine (131I) therapy for thyroid carcinoma. JAMA 2000; 283:2272. |
42 | Cattani F, Vavassori A, Polo A, et al. Radiation exposure after permanent prostate brachytherapy. Radiother Oncol 2006; 79:65. |
43 | Winer-Muram HT, Boone JM, Brown HL, et al. Pulmonary embolism in pregnant patients: fetal radiation dose with helical CT. Radiology 2002; 224:487. |
44 | www.easternisotopes.com/products/package_insert.html. (Accessed November 10, 2005). |
45 | American Academy of Pediatrics Committee on Drugs. Transfer of drugs and other chemicals into human milk. Pediatrics 2001; 108:776. |
46 | Sachs HC, Committee On Drugs. The transfer of drugs and therapeutics into human breast milk: an update on selected topics. Pediatrics 2013; 132:e796. |
47 | Strizek B, Jani JC, Mucyo E, et al. Safety of MR Imaging at 1.5 T in Fetuses: A Retrospective Case-Control Study of Birth Weights and the Effects of Acoustic Noise. Radiology 2015; 275:530. |
48 | De Wilde JP, Rivers AW, Price DL. A review of the current use of magnetic resonance imaging in pregnancy and safety implications for the fetus. Prog Biophys Mol Biol 2005; 87:335. |
49 | Kanal E. Pregnancy and the safety of magnetic resonance imaging. Magn Reson Imaging Clin N Am 1994; 2:309. |
50 | Ray JG, Vermeulen MJ, Bharatha A, et al. Association Between MRI Exposure During Pregnancy and Fetal and Childhood Outcomes. JAMA 2016; 316:952. |
51 | Expert Panel on MR Safety, Kanal E, Barkovich AJ, et al. ACR guidance document on MR safe practices: 2013. J Magn Reson Imaging 2013; 37:501. |
52 | Kanal E, Barkovich AJ, Bell C, et al. ACR guidance document for safe MR practices: 2007. AJR Am J Roentgenol 2007; 188:1447. |
53 | De Santis M, Straface G, Cavaliere AF, et al. Gadolinium periconceptional exposure: pregnancy and neonatal outcome. Acta Obstet Gynecol Scand 2007; 86:99. |