Əvvəllər miokardın əzilməsi (kontuziyası) kimi tanınan ürəyin küt travması miokardın histoloji zədələnməsindən (kliniki əlamətlərsiz) tutmuş ürəyin cırılmasınadək geniş spektr xəstəlikləri əhatə edir.
Ürəyin küt travması küt travma almış xəstələr arasında baş verən ölüm hallarının 20%-ı təşkil edir. Ürəyin küt travması hallarının dəqiq sayını müəyyən etmək çətindir, çünki onun diaqnostikası üçün “qızıl standart” təyin edilməyibdir. Aparılmış tədqiqatlar və araşdırmalara baxmayaraq ürəyin küt travması diaqnozunun nəyin əsasında (məs., EKQ, ürək fermentlərinin analizi, EXOKQ) qoyulmasına dair yetkin fikir yoxdur.
Ürəyin küt travması səbəbindən baş verə biləcək ağırlaşmalar riski yüksək olan xəstələrin müəyyən edilməsi və onların müayinəsi, müalicəsi və müşahidəsi xüsusi əhəmiyyət kəsb edir. Travma səbəbindən ağırlaşmaların inkişafı riski aşağı olan xəstələrin isə evə yazılması mümkündür. Travmanın baş verməsinin müvafiq mexanizmi və ürəyin disfunksiyasının kliniki əlamətləri (elektrofizioloji və ya mexaniki əlamətlər) olan xəstələrdə ürəyin küt travması nəzərdən keçirilə bilər.
Ürəyin küt travması aşağıdakı 5 mexanizmlər əsasında baş verə bilər:
- Ürəyə bir-başa zərbə
- Ürəyin döş sümüyü ilə onurğa arasında sıxılması
- Sürətli yavaşıma (deselerasiya) və ya burulma zamanı ürəyin döş boşluğunda fiksasiya olunduğu nöqtələrdə dartılaraq cırılması
- İntraabdominal təzyiqin artması səbəbindən baş verən hidravlik effekt nəticəsində ürəyin cırılması.
- Partlayış səbəbindən baş verən hidravlik effekt nəticəsində ürəyin cırılması.
Ürəyin küt travmasına dəlalət edən bir neçə kliniki əlamətlər vardır. Döş ağrısı ən geniş müşahidə edilən əlamətdir, lakin həmin xəstələrdə həm də təngənəfəslik, döş qəfəsi divarında qan sızmalar (ekximoz) və qabırğa sınıqları da müəyyən edilə bilər. Ürəyin küt travması almış xəstələrdə çox vaxt aşağıdakı yanaşı zədələnmələr də müşahidə edilir: hemotoraks, döş sümüyünün (sternum) sınığı və böyük damarların zədələnməsi. Ürəyin küt travmasına dəlalət edən kliniki əlamətlərə isə aşağıdakılar daxildir: dizritmiyalar (ritm pozuntuları), ürəyin işemiyası, hipotenziya və ürək hasilatının aşağı düşməsi.
Ürəyin küt travması almış xəstələrin müayinəsi EKQ, EXOKQ və ürək markerlərinin (fermentlərinin) təhlili ilə aparılır. Travmanın mexanizmi və xəstənin vəziyyətindən asılı olaraq ürəyin küt travmasının diaqnostikası üçün aşağıdakı alqoritmdən istifadə etmək olar:
- Risk altında olan xəstələrdə EKQ əldə edilməlidir. EKQ-də müxtəlif pozuntular, məs., sinus taxikardiyası, bradikardiya, keçiriciliyin gecikmələri, PAC (vaxtından əvvəl atrial komplekslər) və ya PVC (vaxtından əvvəl mədəcik kompleksləri) və s. ritm pozuntuları müəyyən edilə bilər.
- EXO-KQ müayinəsinin effektivliyi çox aşağıdır və ağırlaşmaların baş verməsi riski yüksək olan xəstələrin müəyyən edilməsinə imkan vermir. Hemodinamikası qeyri-stabil olan və ya ürəyin koronar işemiyasına şübhə olan xəstələrdə Transtorakal və ya Transezofaqal EXOKQ əldə edilməlidir.
- Ürəyin küt travması almış xəstələrdə CK və CKMB-nin təyininə göstəriş yoxdur. Belə ki, ürəyin küt travması ilə yanaşı əksər xəstələrdə çox vaxt skelet əzələləri və daxili orqanların zədələnmələri də olduğundan, qanda CK səviyyəsinin təyini yalan müsbət və ya yalan neqativ nəticələr verə bilər. Lakin bir çox araşdırmalar göstərib ki, ürəyin Troponin İ (cTnİ, burada c – “cardiac” deməkdir) və ya Troponin T (cTnT) təyini faydalı ola bilər. Həmin araşdırmalarda aşağıdakılar vurğulanıb:
- Ürəyin Küt Travmasının diaqnozu yalnız troponin İ və ya troponin T-nin nəticələrinə əsaslanmamalıdır. Xəstələrin müayinəsinə troponinlərlə yanaşı EKQ-nin əldə edilməsi də əlavə olunmalıdır.
- Normal EKQ və normal Troponin İ nəticələri ürəyin küt travması ehtimalını istisna etmiş olur.
- Qeyri-normal EKQ və Troponin İ nəticələri isə ürəyin küt travması diaqnozunu təsdiq etmiş olur.
- EKQ-də əhəmiyyətli pozuntuları olan xəstələrdə Troponin İ-ın təyinin az əlavə faydası vardır. Belə ki, ürəyin küt travmasının baş vermiş olduğuna şübhə olan xəstələrdə EKQ pozuntularının müəyyən edilməsi artıq ürəyin küt travması diaqnozunu təsdiq etmiş olur.
- Həmçinin EKQ normal olan xəstələrdə də Troponin İ-ın faydası məhduddur. Lakin, sinus taxikardiyası və ya qeyri-spesifik EKQ dəyişiklikləri olan və ya yuxarı yaşlı xəstələrdə travmadan 4-6 saat sonra Troponin İ-ın təyini ürəyin küt travması səbəbindən ağırlaşmaların baş verməsi ehtimalını müəyyən etməyə yardım edə bilər.