Ədəbiyyat siyahısının son yenilənmə tarixi: sentyabr 2015-cü il. Məqalənin son yenilənmə tarixi: sentyabr 2015-ci il.
Məqalənin növbəti yenilənmə tarixi: sentyabr 2017-ci il.
Müəllif-tərtibatçı: Seyidov N., MD, PhD.
GİRİŞ.
Terminlər. Fibromalar həmçinin fibroidlər, leyomiomalar və miomalar kimi də tanınır. Aşağıdakı mətndə bu terminlərdən istifadə edilir.
Fibromiomalar (fibromalar, leyomiomalar) reproduktiv yaşda olan qadınlarda tez-tez rast gəlinir və aybaşı zamanı ağır qanaxmaya səbəb ola bilər. Fibromaların effektiv müalicəsi histerektomiyadır, lakin hazırda uşaqlığın saxlanması ilə aparılan cərrahi müdaxilələrin sayı da artmaqdadır və onlar xəstə ilə müzakirə edilməlidir.
Ümumiyyətlə, ədəbiyyatın təhlili göstərir ki, ağ dərili qadınlarda həyat boyu fibromiomanın inkişafı riski yüksəkdir. Fibromaların qadın əhalisi arasında geniş yayılmasına baxmayaraq, onların müalicəsinə dair randomizasiya olunmuş tədqiqatlar çox az sayda aparılıb.
Fibromalar ağır və ya uzunmüddətli menstrual qanaxmaya səbəb olur. Bu isə öz növbəsində reproduktiv yaşlı qadınlarda anemiya ilə nəticələnir. Fibromalar səbəbindən qanaxma həm də menopauza keçirən qadınlarda müşahidə edilə bilər. Lakin bu yaşda olan qadın əhalisində cinsiyyət yollarından qanaxma ciddi müayinənin aparılmasını və endometrial hiperplaziya, karsinoma (bədxassəli törəmə) və digər bu kimi xəstəliklərin istisna edilməsini tələb edir. Böyük ölçülü fibromalar və böyümüş uşaqlıq özü özlüyündə "böyük kütlə" nəticəsində qarındaxili simptomlara səbəb ola bilər. Həmin simptomlar arasında mədə-bağırsaq və sidik ifrazı sistemlərinin funksiyasının pozulması tez-tez rast gəlinir. Ağrılı aybaşılar, aybaşılarla bağlı olmayan çanaqdaxili ağrı, sonsuzluq və təkrarlanan spontan abort halları da fibromioma səbəbindən yarana bilən simptomlardır. Lakin qeyd edilməlidir ki, fibromiomaların bir çoxu asimptomatik olur. Simptomatik fibromiomaları olan bəzi qadınlarda fibromiomalar səbəbindən baş verən ağır menstrual qanaxmalar menopauza başladıqdan sonra aradan qalxmış olur. Həmçinin menopauza keçirən qadınlarda fibromalar çox vaxt büzüşür, kiçilir və fibromiomaların səbəb olduğu simptomların yaxşılaşması müşahidə edilir.

FİBROMALARIN İNKİŞAFI İLƏ BAĞLI RİSK FAKTORLARI.
Xəstənin yaşı fibromaların inkişafı riski ilə bağlıdır. ABŞ-da qaradərili qadınlar arasında fibromalar səbəbindən hospitalizasiya halları və uşaqlığın saxlanması ilə aparılan miomektomiya (fibromaların cərrahi rezeksiyası) halları yeddi dəfə çoxalıb. Ağdərili qadınlar arasında da artım müşahidə edilir.
Həm reproduktiv, həm də ətraf mühitlə bağlı faktorlar fibromaların inkişafı riskini artırır. Doğuşların sayı fibromaların inkişafı riskinin azalması ilə əlaqələndirilir. Bu guman ki, postpartum (zahılıq) dövründə uşaqlığın involyusiyası səsəbindən fibromaların tədricən involyusiyası və aradan qalxması ilə bağlıdır. Erkən menarxe (ilk aybaşı) və 16 yaşdan öncə oral kontraseptivlərin istifadəsi fibromaların inkişafı riskini artırır. Yalnız progestin tərkibli kontraseptivlərin istifadəsi isə fibromiomaların inkişafı riskini azaldır. Müşahidəli tədqiqatların nəticələri göstərib ki, pəhriz də fibromaların inkişafına təsir edir. Belə ki, çoxlu miqdarda meyvə, tərəvəz və aşağı yağlılığıa malik süd məhsullarından istifadə fibromaların inkişafı riskini azaldır. Bəzi tədqiqatlara əsasən yüksək BKİ (bədən kütlə indeksi, kq/kv.m) də fibromaların inkişafı riskinin artması ilə bağlıdır. Bəzi genetik mutasiyalar da fibromaların inkişafına təsir göstərir.
DİAQNOSTİKA.
Güclü qanaxma ilə müşayiət olunan aybaşı və ya ginekoloji müayinədə uşaqlıq törəməsinin aşkar edilməsi premenopauzası olan qadınlarda uşaqlığın fibromalarına şübhə yaradır. Uşaqlıq fibromalarının diaqnostikasında US müayinəsi standart diaqnostik metod hesab edilir. US müayinəsi asan və ucuz metoddur və hamiləlik və ya uşaqlıq artımlarının törəmələri səbəbindən böyümüş uşaqlığı uşaqlığın fibromalarından differensiasiya etməyə imkan verir.
Xəstənin klinik müayinəsindən asılı olaraq əlavə görüntüləmələr aparıla bilər. Güclü menstrual qanaxması olan qadınların US müayinəsi zamanı endometrial boşluğa 0.9%-lı normal fizioloji məhlul yeritməklə fibromaların ölçüləri və lokalizasiyasını daha dəqiq təyin etmək olar. Qeyd edilməlidir ki, fibromaların təsnifatı Mama-Ginekoloqların Beynəlxalq Federasiyasının təklif etdiyi təsnifat sistemi əsasında aparılır. Bu təsnifata görə fibromalar lokalizasiyaya görə aşağıdakı növlərə bölünür:
- selikaltı gişa fibromaları və ya submukoza fibromaları (0, 1, 2);
- intramural fibromalar (3, 4, 5) və
- subseroz və ya seroz qişa altı fibromalar (6, 7).
Qadolinium kontrastı ilə MRT görüntüləməsi devaskulyarizasiya (degenerasiyaya uğramış) olunmuş fibromaların müəyyən edilməsinə, habelə fibromaların endometrial və seroz səthlərə görə yerləşməsini təyin etməyə yardımçı ola bilər. Qeyd edilməlidir ki, fibromaların endometrial və seroz gişalara görə lokalizasiyası uşaqlığın saxlanmasına əsaslanan müalicə metodlarının seçimi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bəzi hallarda fibromaların müşahidəsi üçün illik intravaginal US müayinəsi istifadə edilsə də, bu cür yanaşmanın faydasını təsdiq edən yüksək keyfiyyətli klinik tədqiqatlar aparılbayıb. Fibromaların təbii gedişatının öyrənilməsinə dair aparılmış bəzi müşahidəli tədqiqatların nəticələri göstərir ki, onların əhəmiyyətli dərəcədə büzüşməsi və ya böyüməsi mümkündür. Tədqiqatlar həm də göstərir ki, fibromaların bəzən sürətli böyüməsi də müşahidə edilə bilər, lakin bu onların müalicəsinin aparılmasına göstəriş hesab edilmir.
Güclü menstrual qanaxması olan qadınlarda həm qanaxmanın ağırlıq dərəcəsi və onun potensial fəsadları, həm də digər mümkün səbəbləri (fibromiomadan başqa səbəblər) araşdırılmalıdır. Bu xəstələrin müayinəsinə qanın ümumi analizi və tiroid vəzinin xəstəliklərinə yoxlanma da daxil edilməlidir. Bununla yanaşı skrininqə koaquloqramma (məs., güclü qanaxma hələ menarxe dövründən baş verirsə və ya ailə üzvlərinin anamnezində qanaxma diatezi olan xəstələrdə von Willebrand xəstəliyi istisna edilməlidir) və güclü qeyri-müntəzəm qanaxma və ya endometrial hiperplaziyanın inkişafına təsir edən risk faktorları(piylənmə, xronik anovulyasiya və ya progestinsiz yalnız estrogen tərkibli preparatlarla müalicə alan) olan qadınlarda endometrial biopsiya da daxil edilə bilər.
MÜALİCƏ.
Uşaqlıq fibromaların geniş yayıldığına və səhiyyə xərclərində əhəmiyyətli yer tutduğuna baxmayaraq, onların müalicəsinə dair çox az sayda randomizasiya olunmuş klinik tədqiqatlar aparılıb. Bununla yanaşı, qadınlar arasında fibromaların ölçüsü, sayı, lokalizasiyası və klinik təzahürü çox fərqləndiyi üçün müalicənin seçimi fibromaların klinikasından asılı olmalıdır. Simptomlar da terapiyanın seçiminə təsir göstərir. Simptomsuz və ya asimptomatik fibromaların müalicəsinin qısa və uzunmüddətli faydası klinik tədqiqatlarda təsdiqini tapmayıb.

Histerektomiya.
Menopauza keçirən və ya gələcəkdə hamilə olmaq istəməyən qadınlarda simptomatik fibromaların müalicəsi bir çox hallarda histerektomiya ilə aparılır. Histerektomiya yeganə metoddur ki, təkrar fibromaların əmələ gəlməsinin (residiv) qarşısını alır. Həmçinin yanaşı xəstəlikləri, o cümlədən, adenomioz və servikal neoplaziyası (uşaqlıq boynun yenitörəməsi) olan qadınlarda fibroma ilə yanaşı histerektomiya həmin xəstəliklərin müalicəsinə də imkan verir. Histerektomiya olunmuş qadınların iştirakı ilə aparılmış müşahidəli tədqiqatlar əməliyyatdan 1-10 il sonra həyat keyfiyyətinin xeyli yaxşılaşdığını göstərir.
Histerektomiya abdominal, vaginal və laparoskopik yolla, habelə robotik cərrahiyyə metodu ilə aparıla bilər. Vaginal histerektomiya zamanı daha az sayda ağırlaşmalarla müşahidə edilir. Lakin vəzi qadınlarda fibromaların ölçüsü vaginal histerektomiyanın aparılmasına imkan verməyə bilər. Tədqiqatlar göstərir ki, endoskopik metodla aparılan əməliyyatlar daha az xəstələnmə halları ilə müşayiət olunur. Lakin endoskopik əməliyyata qərar verdikdə, uşaqlığın qarın daxilində hissələrə bölünərək çıxarılması metodundan (Eng. morcellation) istifadə edərkən diaqnostika olunmamış potensial bədxassəli törəmənin qarındaxili disseminasiyasının mümkünlüyü nəzərə alınmalıdır. Bu zaman potensial xərçəngin disseminasiyası riskinin dərəcəsi mübahisəli olsa da, məs., ABŞ-ın Qida və Dərman Agentliyi morsellasiyanın (uşaqlığın hissələrlə çıxarılması) yalnız premenopauzada olan qadınlarda aparılan histerektomiyalarda istifadə edilməsini və həmin qadınlara metodun risklərinin tam izah edilməsini tövsiyə edir.
Histerektomiya olunan qadınlarda yan təsirlər tez-tez müşahidə edilir. ABŞ-da aparılmış tədqiqatların birindən müəyyən edilib ki, abdominal histerektomiya keçirmiş qadınların 28%-də cərrahi və ya tibbi ağırlaşmalar (məs., böyük həcmdə qan itkisi, cərrahi yara ağırlaşmaları və hərarətin yüksəlməsi halları) baş vermiş və 10% hallarda qan preparatlarının köçürülməsi tələb olunmuşdur.
Son zamanda histerektomiya hallarının sayı azalmış olsa da, ABŞ-da bütün fibromaların 3/4-də məhz histerektomiya istifadə edilir. Hazırda bir çox ölkələrdə histerektomiyanın gərəkli və gərəksiz istifadəsi ilə bağlı narahatçılıqlar mövcuddur.
Uşaqlığın saxlanması ilə aparılan müdaxilələr.
Peşəkar cəmiyyətlərin təlimatlarına əsasən uşaqlıq fibromalarının müalicəsində qadınların istək və arzuları nəzərə alınmalıdır. Hətta gələcəkdə hamiləlik planlaşdırmayan qadınlara uşaqlığın saxlanması ilə aparılan cərrahi müdaxilələr təklif edilməlidir. Miomektomiya ənənəvi cərrahi yanaşma olsa da, hazırda fibromaların müalicəsi tibbi və intervension metodlarla da aparıla bilər. Histerektomiyaya alternativ metodlar təklif edilməzdən əvvəl fibromaların törətdiqi simptomlar yaxından öyrənilməlidir.
Ağır dərəcəli menstrual qanaxması hallarında terapiya.
Fibroma səbəbindən yeganə simptomu ağır dərəcəli menstrual qanaxma olan qadınların müalicəsində tibbi terapiyalar, o cümlədən, traneksamik turşu və levonogestrel tərkibli uşaqlıq daxili cihazın (eng. intrauterine device, İUD) istifadəsinin effektivliyi bir sıra randomizasiya olunmuş tədqiqatlarda təsdiq edilmişdir.
Traneksamik turşusu per oral antifibrinolitik preparatdır və yalnız ağır dərəcəli menstrual qanaxma zamanı istifadə edilir və qanaxmanın azalması və həyat keyfiyyətinin yaxşılaşması ilə nəticələnir. Traneksamik turşusunun təsir mexanizmini nəzərə alaraq, onun istifadəsinin trombozlaşma riski ilə bağlı olduğu guman edilir. Lakin tədqiqatlarda bu öz təsdiqini tampayıb. Buna baxmayaraq, traneksamik turşusunun oral konstraseptivlərlə yanaşı istifadəsi tövsiyə edilmir, çünki bu trombozlaşma riskini artıra bilər. Levonorgestrel tərkibli uşaqlıq daxili cihazlar da menstrual qanaxmanı azaldır və bununla yanaşı kontrasepsiyanı təmin edir. Lakin selikaltı gişa (submukoza) fobromaları olan qadınlarda uşaqlıq daxili cihazların spontan xaric edilməsi halları tez-tez baş verir (12% hallarda).
Fibromaları olan qadınlarda ağır menstrual qanaxmaların oral kontraseptivlərin istifadəsi ilə azaldılması bir sıra müşahidəli tədqiqatlarda təsdiqini tapıb. Bir sıra randomizasiya olunmuş tədqiqatların meta-analizi göstərib ki, plasebo ilə müqayisədə qeyri-steroid iltihab əleyhinə preparatlar menstrual ağrı və ağır menstrual qanaxmanı azaldır. Lakin ağır menstrual qanaxmanın azaldılmasında QSİƏP-ların effektivliyi traneksamik turşusu və ya levonorgestrel tərkibli uşaqlıqdaxili cihazlarla müqayisədə daha aşağıdır.
Submukoza fibromaları səbəbindən qanaxması olan qadınların bir çoxunda (FİGO təsnifatına görı 0 və 1 növləri) histeroskopik miomektomiya ən yaxşı müalicə metodu hesab edilir. Ambulator qaydada aparılan bu prosedurdan bir neçə gün sonra xəstələrdə artıq əmək qabiiyyəti tam bərpa olunur. Həmin prosedurdan sonra hamiləlik potensialı da qısa müddətdə bərpa olunur.
Hamiləlik arzu etməyən və ya postmenopauzası olan qadınlarda isti, soyuq və ya mexaniki vasitələrin istifadəsi ilə aparılan endometrial ablasiya da ağır menstrual qanaxmanın azaldılmasına yardım edir. Submukozada fibroidləri olan qadınların müalicəsində (FİGO təsnifatına görə 0-2 növləri) endoskopik ablasiya və histeroskopik miomektomiya ilə yanaşı aparıla bilər. Bu cür kombinasiya olunmuş müalicə daha effektivdir və xəstələrin bərpa müddəti də qısadır. Ablasiyadan sonra kontrasepsiyanın aparılması tələb olunur, çünki ablasiyadan sonra baş verən hamiləlik ağırlaşmalarla (məs., ektopik hamiləlik, qeyri-normal plasentasiya və ya ciftin qeyri-normal implantasiyası, vaxtın əvvəl doğuş) müşayiət olunur.
Qarın boşluğunda kütlə effekti ilə bağlı simptomlar.
Güclü menstrual qanaxma ilə müşayiət olunan leyomioma və ya digər simptomlarla müşayiət olunan leyomioma kütləsi olan qadınlarda miomatoz uşaqlığın ölçüsünün azaldılması mühüm yekun nəticə hesab edilir. Bu məqsədlə həm konservativ, həm də cərrahi metodlar istifadə edilə bilər.
Qonadotropin rilizinq hormonun (GnRH) aqonistləri amenoreyaya səbəb olur və uşaqlığın həcminin kiçilməsi ilə nəticələnir. GnRH aqonistləri əsasən anemiyanın ağırlıq dərəcəsini azaltmaq üçün dəmir preparatları ilə yanaşı preoperativ (cərrahi müdaxilədən əvvəl) dövrdə geniş istifadə edilir. Bu cərrahi müdaxilənin daha az qan itkisi ilə yekunlaşdırılmasına imkan verir. GnRH aqonistləri yalnız qısa müddətli (2-6 ay) istifadə üçün (məs., cərrahi müdaxilədən öncə və ya əgər menopauzanın başlanması gözlənilirsə) tövsiyə edilir.
Progesteronun təsirini modulyasiya edən dərman preparatları da müalicədə istifadə edilə bilər. Progesteron-reseptorlarının modulyatorları olan mifepriston və ulipristal asetat fibromioma səbəbindən yaranan simtomların və fibromaların ölçülərinin kiçilməsinə kömək edir. Bir sıra ölkələrdə (ABŞ istisna olmaqla) ulipristal asetat preoperativ terapiya məqsədilə 3 ay müddətinə təyin edilə bilər. Progesteron modulyatorlarının uzunmüddətli yan təsirlərinə dair məlumat yoxdur, lakin endometrial pozuntuların inkişafı riski nəzərdən keçirilməlidir.
Aromatazanın inqibitorları və androgen steroidlər də fibromaların müalicəsində effektiv hesab edilir, lakin onların geniş klinik praktikada tətbiqi sübutların kifayət qədər olmaması səbəbindən məhdudlaşdırılıb.
Qeyd edilməlidir ki, laparotomiya və ya laparoskopiya ilə aparılan miomektomiya bir və ya daha çox fibroması olan xəstələrin müalicəsində istifadə edilə bilər və həm kütlə həcminin azaldılmasına, qanaxmanın aradan qaldırılmasına və fertilliyin saxlanmasına imkan verir. Miomektomiya əməliyyatından sonra ağırlaşmalar mümkündür və xəstələrin bərpa müddəti histerektomiya əməliyyatı keçirmiş xəstələrdəki kimidir.
Əksər klinik protokollar və təlimatlara görə simptomatik intramural və subseroz fiborması olan və gələcəkdə hamiləlik arzulayan qadınlarda cərrahi miomektomiyaya üstünlük verilir. Buna baxmayaraq, abdominal miomektomiya aşağıdakı risklərlə bağlıdır: ağırlaşma səbəbindən əməliyyat zamanı miomektomiyanın yerinə histerektomiyanın tələb olunması riski 3-4%-dir, əməliyyatdan sonra postoperativ bitişmələr tez-tez müşahidə edilir. Təəssüflə qeyd olunmalıdır ki, fibromaların müalicəsində tətbiq olunan müxtəlif metodların fertilliyə təsirinə dair araşdırmalar az aparılıb. Lakin intramural fibromaların yüksək sonsuzluq (infertillik) riskini nəzərə alaraq və miomektomiyadan sonra həmin riskin azalmamasını diqqətə çəkərək qeyd edilməlidir ki, asimptomatik intramural fibromaların müalicəsi tövsiyə olunmur. Müalicədən sonra fibromaların residivi tez-tez müşahidə edilir. Miomektomiya olunmuş qadınların 25%-də residiv səbəbindən əlavə müalicə tədbirlərinin tətbiqi tələb olunur.
Uşaqlıq arteriyasının embolizasiyası minimal invaziv intervension radioloji müdaxilədir. Randomizasiya olunmuş tədqiqatlardan məlumdur ki, uşaqlıq arteriyasının embolizasiyasından sonra xəstələrin həyat keyfiyyəti cərrahi müdaxilədən sonrakı həyat keyfiyyətindən fərqlənmir. Bu intervension müdaxilədən sonra hospitalizasiya müddəti də qısadır və xəstələr gündəlik həyat fəaliyyətlərinə tez qayıdır. Uşaqlıq fibromiomalarının uşaqlıq arteriyaları ilə təchiz edildiyini nəzərə alaraq, uşaqlıq arteriyasının embolizasiyası bütün fibromiomaların müalicəsini təmin edir. Embolizasiyadan sonra fibromiomalar bir neçə həftə və ya ay ərzində büzüşür və nəticədə ağır qanaxma və digər simptomlar da azalmış olur. Embolizasiyadan sonra müşahidə edilən ağırlaşma hallarının baş vermə tezliyi cərrahi müdaxilələrdən çox da fərqlənmir. Lakin embolizasiyadan sonra az əhəmiyyətli ağırlaşmaların baş verməsi riski yüksəkdir və embolizasiyadan sonra əlavə cərrahi müdaxilənin (adətən histerektomiya) aparılmasına ehtiyac yarana bilər. Ağırlaşmalar arasında daha çox yüksək hərarət və ağrı (bu iki simptomun qeydə alınması "postembolizasiya sindromu" adlanır) müşahidə edilir. Həmçinin embolizasiyadan sonra fibromaların spontan xaric edilməsi (vaginal xaric olunma) müşahidə edilə bilər.


Hamiləlik, xərçəng xəstəliyinə şübhə və aktiv infeksiya uşaqlıq arteriyasının embolizasiyasına mütləq əksgöstərişdir. Degenerasiyaya uğramış fibromaların embolizasiyası əlavə fayda vermir və tövsiyə olunmur. Gələcək hamiləliklərə potensial təsiri və yumurtalıqların funksiyalarının pozulması ehtimalına dair narahatçılıqlar embolizasiyanın daha geniş istifadəsini məhdudlaşdırır. Lakin randomizasiya olunmuş tədqiqatlarda embolizasiya və histerektomiyanın yumurtalıqların funksiyasına təsiri arasında əhəmiyyətli fərq müəyyən edilməmişdir.
MRT nəzarəti altında ultrasəs cərrahiyyəsi fibromaların müalicəsində ultrasəs əsaslı termal ablasiyanın istifadəsilə aparılan spesifik terapiya növüdür. Hazırda MRgFUS və ya ExAblata 2000 cihazları istifadə edilir. Bu metodun effektivliyini təsdiq edən uğurlu klinik halların təsviri olsa da, onun digər müalicə metodları ilə müqayisəsinə dair tədqiqatlar aparılmayıb. Ultrasəs əsaslı termal ablasiyanın yan təsirləri nadir hallarda müşahidə edilir və əsasən dəri yanıqları və tranzitor çanaqdaxili neyropatiyalardan ibarətdir. Bu metodun istifadəsi gələcək hamiləliklərə təsir göstərmir.
Yaxınlarda ABŞ-ın Qida və Dərman Agentliyi tərəfindən laparoskopik müdaxilə zamanı fibromiomaların müalicəsi üçün radiotezlikli ablasiya cihazının istifadəsinə icazə verilib. Bir tədqiqatda radiotezlikli ablasiyanın daha az qan itkisi və daha qısa hospitalizasiya müddəti ilə nəticələndiyi göstərilib. Lakin MRT nəzarəti altında hazırda ultrasəs əsaslı termal ablasiya və radiotezlikli ablasiya geniş istifadə edilmir.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
- Fibromiomalar reproduktiv yaşlı qadınlarda tez-tez rast gəlinir.
- Simptomatik fibromiomaların ən effektiv müalicə metodu histerektomiyadır. Histerektomiyadan sonra fibromaların residivi riski aradan qalxmış olur. Lakin histerektomiya daha invazivdir və bir çox qadınlar digər az invaziv alternativ müalicə metodlarına üstünlük verir.
- Uşaqlığın saxlanmasına əsaslanan müalicə metodlarının seçimi fibromiomaların ölçüsü, sayı və lokalizasiyasından asılıdır. Simptomların ağırlıq dərəcəsi və qadının yaşı da müalicə metodunun seçiminə təsir göstərir.
- Menstrual qanaxmanın səbəbi submukoza fibromiomaları olduqda müalicənin üstünlük verilən metodu histeroskopik miomektomiyadır. Bu metodun istifadəsindən sonra xəstələrin bərpası tez baş verir. Histeroskopik miomektomiya həmçinin gələcək hamiləliklərə təsir göstərmir.
- Submukoza fibromaları olmayan ağır dərəcəli menstrual qanaxması olan qadınlarda aşağıdakı effektiv müalicə növləri istifadə edilə bilər: hormonal kontraseptivlər (o cümlədən, levonorgestrel tərkibli uşaqlıqdaxili cihaz), traneksamik turşu və qeyri-steroid iltihab əleyhinə preparatlar.
- Böyük kütləli fibromaları olan qadınların müalicəsi həm histerektomiya, həm də miomektomiya, uşaqlıq arteriyasının embolizasiyası, US əsaslı cərrahiyyə və radiotezlikli ablasiya ilə aparıla bilər.
- Stewart EA. Uterine Fibroids: The Complete Guide, Johns Hopkins University Press, Baltimore MD 2007.
- Walker CL, Stewart EA. Uterine fibroids: the elephant in the room. Science 2005; 308:1589.
- Pritts EA, Parker WH, Olive DL. Fibroids and infertility: an updated systematic review of the evidence. Fertil Steril 2009; 91:1215.
- Laughlin SK, Stewart EA. Uterine leiomyomas: individualizing the approach to a heterogeneous condition. Obstet Gynecol 2011; 117:396.
- Falcone T, Parker WH. Surgical management of leiomyomas for fertility or uterine preservation. Obstet Gynecol 2013; 121:856.
- Royal College of Obstetricians and Gynaecologists. Uterine Artery Embolisation in the Management of Fibroids. 2013.
- Mara M, Kubinova K. Embolization of uterine fibroids from the point of view of the gynecologist: pros and cons, Int J Womens Health. 2014;6:623-9.
- Perez-Lopez FR, Ornat L, Ceausu I, Depypere H, Erel CT, Lambrinoudaki I, et al. EMAS position statement: management of uterine fibroids, Maturitas. 2014;79(1):106-16.
- Papadia A, Salom EM, Fulcheri E, Ragni N. Uterine sarcoma occurring in a premenopausal patient after uterine artery embolization: a case report and review of the literature, Gynecol Oncol. 2007;104(1):260-3.
- Buzaglo K, Bruchim I, Lau SK, Ferenczy A, Tulandi T, Gotlieb WH. Sarcoma post-embolization for presumed uterine fibroids, Gynecol Oncol. 2008;108(1):244-7.
- Gupta JK, Sinha A, Lumsden MA, Hickey M. Uterine artery embolization for symptomatic uterine fibroids, Cochrane Database of Systematic Reviews. 2012.
- Myers ER. Uterine artery embolization: what more do we need to know?, Obstet Gynecol. 2002;100(5 Pt 1):847-8.
- Torre A, Paillusson B, Fain V, Labauge P, Pelage JP, Fauconnier A. Uterine artery embolization for severe symptomatic fibroids: effects on fertility and symptoms, Hum Reprod. 2014;29(3):490-501.
- Hovsepian DM, Siskin GP, Bonn J, Cardella JF, Clark TW, Lampmann LE, et al. Quality improvement guidelines for uterine artery embolization for symptomatic leiomyomata, J Vasc Interv Radiol. 2009;20(7 Suppl):S193-9.
- Tulandi T, Sammour A, Valenti D, Child TJ, Seti L, Tan SL. Ovarian reserve after uterine artery embolization for leiomyomata, Fertil Steril. 2002;78(1):197-8.
- Tropeano G, Litwicka K, Di Stasi C, Romano D, Mancuso S. Permanent amenorrhea associated with endometrial atrophy after uterine artery embolization for symptomatic uterine fibroids, Fertil Steril. 2003;79(1):132-5.
- Bulletti C, de Ziegler D. Uterine contractility and embryo implantation, Curr Opin Obstet Gynecol. 2005;17(3):265-76.
- Mara M, Maskova J, Fucikova Z, Kuzel D, Belsan T, Sosna O. Midterm clinical and first reproductive results of a randomized controlled trial comparing uterine fibroid embolization and myomectomy, Cardiovasc Intervent Radiol. 2008;31(1):73-85.
- Martin J, Bhanot K, Athreya S. Complications and reinterventions in uterine artery embolization for symptomatic uterine fibroids: a literature review and meta analysis, Cardiovasc Intervent Radiol. 2013;36(2):395-402.
- National Health and Medical Research Council. NHMRC additional levels of evidence and grades for recommendations for developers of guidelines. Canberra2009.