Endometrioz: klinika, diaqnostika və patogenez

GİRİŞ.

Endometrioz endometrial vəzlər və stromanın (yəni uşaqlıq boşluğuna xas endometrial toxumanın) uşaqlıqdan kənar orqan və toxumalarda rast gəlməsinə deyilir. Endometrial toxumanın bu cür ektopik implantasiyası adətən çanaqda rast gəlinir, lakin insan bədənin istənilən yerində də müşahidə edilə bilər.

Endometrioz geniş yayılmış, xoşxassəli, xronik və estrogendən asılı xəstəlikdir. Bu xəstəlik bəzən bir çox narahatedici və həyacanlı simptomlara, o cümlədən, çanaqdaxili ağrı, ağır dismenorreya, disparinoye və sonsuzluğa səbəb ola bilər. Endometrioz bəzən asimptomatik də olur və digər səbəblərə görə aparılan laporoskopik müdaxilə və ya təftişedici cərrahi müdaxilə zamanı təsadüfi tapıntı ola bilər. Çoxsaylı araşdırmaların aparılmasına baxmayaraq, endometriozun baş vermə halları, patogenezi, təbii gedişatı və bu patologiyanın optimal müalicəsinə dair xeyli mübahisələr mövcuddur.

Bu məqalədə endometriozun epidemiologiyası, patogenezi, klinikası və diaqnostikası müzakirə ediləcəkdir.

Şəkil. Laparoskopik görüntüdə çanaqda utero-rektal və ya Duqlas boşluğunda endometrioz ocaqlar müəyyən edilir. 

 

EPİDEMİOLOGİYA VƏ RİSK FAKTORLAR.

Endometriozun bəzi spesifik əhali qrupları arasında yayılması dərəcəcinə dair məlumatlar olsa da, onun ümumi əhali arasında yayılması faizinə dair dəqiq məlumat yoxdur. Xəstəliyin simptomları qeyri-spesifik və müxtəlif olduğundan və bir çox qadınlarda asimptomatik kliniki gedişata malik olduğundan, endometriozun əhali arasında yayılması dərəcəsinin dəqiq müəyyən edilməsi mümkün deyil.

Çoxsaylı doğuşlar, laktasiyanın uzun müddət davam etməsi və menarxenin gec başlanması (14 yaşdan sonra) endometriozun baş verməsi riskini azaltmış olur. Əksinə, anamnezdə hamiləliyin olmaması, menarxenin erkən və ya menopauzanın gec başlanması, menstrual sikllərin qısa olması və mullerian axarlarının anomaliyaları endometriozun yaranması riskini artırmış olur. Endometrioz həm də hündür, arıq bədən quruluşuna malik qadınlarda daha çox təsadüf edir. Maraqlıdır ki, ağ dərili və asiyalılarla müqayisədə ispan etnik qrupu və afrikalılarda endometrioz daha az müşahidə edilir.

Endometrial toxumanın uşaqlıqdankənar implantasiya olunması, daimi qalması və böyüməsi yumurtalıqların ifraz etdiyi steroidlərdən asılıdır. Buna görə də, endometrioz adətən ən aktiv reproduktiv dövrdə - 25-35 yaşlı qadınlarda - daha çox müşahidə edilir. Menarxedən öncə və menarxedən dərhal sonra qızlarda endometrioz çox nadir haldır. Postmenopauzada olan qadınlarda da (hormonal preparatlar qəbul etməyənlərdə) endometrioz nadir hallarda müşahidə edilir.

 

PATOGENEZ.

Endometriozun patogenezi dəqiq müəyyən edilməyib. Lakin, hazırda geniş yayılmış hipotezalar aşağıdakılardı:

  • İmplantasiya nəzəriyyəsi: bu nəzəriyyəyə görə menstruasiya zamanı uşaqlıq boşluğuna düşən endometrial hüceyrələr (o cümlədən, uşaqlıq yollarında obstruksiya olduqda) uşaqlıq boruları (fallopian borular) ilə çanaq boşluğuna çıxış əldə etmiş olur ("retroqrad menstruasiya") və çanaq boşluğu strukturlarına implantasiya edir. Eyni ilə, cərrahi müdaxilə və ya doğuş zamanı endometrial hüceyrələr cərrahi kəsiklərə (epiziotomiya, laparotomiya) implantasiya etmiş olur. Bunun nəticəsində cərrahi çapıqlarda da endometrioz inkişaf edə bilir.
  • Çanaqdankənar lokalizasiyalarda endometriozun inkişafı isə endometrial hüceyrələrin və ya endometrial toxuma fraqmentlərinin limfa və qan damarları ilə yayılması ilə izah edilir.
  • Peritonal metaplaziya nəzəriyyəsi: bu nəzəriyyə embrioloji tədqiqatlara əsaslanır. Belə ki, məlumatlara görə bütün çanaqdaxili orqanlar, o cümlədən, endometrium da, peritoneal boşluğu daxildən örtən hüceyrələrdən differensiasiya edərək inkişaf etmiş olur. Bu nəzəriyyənin müdafiəçiləri hesab edir ki, periton boşluğu differensiasiya olunmamış və ya endometrial toxumaya differensiasiya etmə qabiliyyəti olan hüceyrələrlə örtülüb. Və müvafiq stimul olduqda həmin hüceyrələr endometrial toxumaya differensiasiya etmiş olur və endometrioza səbəb olur.

 

 

Retroqrad menstruasiya.

Retroqrad menstruasiya endometriozun inkişafında əsas patofizioloji rola malik ola bilər. Əgər belədirsə, çanaqda baş verən müəyyən anatomik dəyişikliklər uşaqlıq borularından çanaq boşluğuna baş verən reflyuks ehtimalının artmasına və nəticədə endometriozun inkişafına səbəb ola bilər. Maraqlıdır ki, cinsiyyət traktının obstruksiyası olan qızlarda menstruasiyanın uşaqlıq yoluna baş verə bilməməsi səbəbindən aybaşı uşaqlıq borularına doğru baş verir və endometrial toxuma çanaq boşluğuna düşür. Lakin, digər araşdırmalar göstərib ki, endometriozu olan və olmayan qadınlarda retroqrad menstruasiyanın baş verməsi halları eynidir. Buna görə də, düşünülür ki, retroqrad relfyuksla yanaşı endometriozun inkişafında digər faktorlar da rol oynayır. Bəzi mütəxəssislər hesab edir ki, retroqrad menstruasiya zamanı çanaq boşluğuna düşən endometrial toxumanın həcmi və ya menstruasiya zamanı çanaq boşluğuna düşən aybaşı məhsullarının qadının immun sistemi tərəfindən təmizlənməsi qabiliyyəti də xüsusi rol oynayır. Hesab edilir ki, immun sistemi və ya iltihab reaksiyası vasitəsilə təmizlənmədən qaçan endometrial hüceyrələr və ya toxuma fraqmentləri sonradan peritoneal mezotelial hüceyrələrə birləşmiş olur və submezotelial ekstrasellular matriksə invaziya edərək orada proliferasiya edir. Bunun nəticəsində makrsokopik endometrioz xəstəliyi inkişaf edir.

 

İmmun cavabın pozulması.

Endometriozun patogenezində humoral və hüceyrə əsaslı immun sistem cavabının pozulmasının rol oynadığı bəzi araşdırmalarda sübuta yetirilib.

  • Hüceyrə immunitetinin çatışmazlığı nəticəsində, məsələn, uşaqlıqdankənar sahələrə düşən endometrial toxumanın immun sistemi tərəfindən müəyyən edilməsi baş vermir.
  • Təbii killer hüceyrələrin aktivliyi zəifləmiş ola bilər. Bu da endometrial toxumaya qarşı sitotoksikliyin azalması ilə müşahidə edilə bilər.
  • Periton boşluğunda və ektopik endometrial toxumada leykositlər və makrofaqların konsentrasiyasının artması. Bu hüceyrələr endometriozu olan qadınların periton boşluğuna xüsusi sitokinlər (məs., interleykin-1,-6 və -8; tumor nekroz faktor TNF, RANTES) və böyümə faktorları sekresiya edir.

 

Hipotezlərdən birinə görə endometrial implantlar və iltihab hüceyrələri tərəfindən periton boşluğuna sekresiya olunan müxtəlif sitokinlər implantasiya olunmuş endometrial hüceyrələrin proliferasiyasına, kapilyarlar (məs., damarların endotelial böyümə faktorları hesabına, VEGF) şəbəkəsinin genişlənməsinə və periton boşluğunda baş verən iltihab zonalarına leykositlərin cəlb edilməsinə (chemotaxis) səbəb olur. Beləliklə, düşünmək olar ki, qadında endometriozun inkişaf edib etməməsi, habelə xəstəliyin ağırlıq dərəcəsi məhz immun sisteminin cavab reaksiyasından asılıdır.

Maraqlıdır ki, endometrioz xəstəliyi olan qadınlar arasında aparılmış araşdırma göstərib ki, həmin qadınlarda autoimmun iltihab xəstəlikləri daha çox hallarda müşahidə edilir. Həmçinin endometriozu olan qadınlar arasında hipotireoz, fibromialgiya, xroniki yorğunluq sindromu, allergiyalar və astma kimi xəstəliklər də daha çox müşahidə edilir.

 

Genetik faktorlar.

Guman edilir ki, genetik faktorlar şəxsin endometrioza həssaslığında müəyyən rol oynayır. Maraqlıdır ki, endometriozun bir neçə ardıcıl nəsildə müəyyən edilməsi araşdırmalarda təsdiqini tapıb. Belə hesab olunur ki, endometriozu olan xəstənin birinci dərəcəli qohumunda endometriozun inkişafı riski 7%-a bərabərdir. Bütün bunlara baxmayaraq endometriozun diaqnostikası və ya müalicəsində genetik tədqiqatların heç bir rolu yoxdur.

 

PATOLOGİYA VƏ ENDOMETRİOZUN LOKALİZASİYASI.

Lokalizasiyalar. Endometrioz daha çox aşağıdakı orqanlarda təsadüf edir - yumurtalıqlar, ön və arxa cul-de-sac (Duqlas boşluğu), arxa enli bağlarda (lig.latum uteri), uterosakral bağlarda, uşaqlıqda, uşaqlıq borularında, siqmavari bağırsaq və appendiksdə və uşaqlığın girdə bağı (lig.teres uteri). Daha az hallarda endometriozun təsadüf etdiyi sahələrə uşaqlıq yolu, uşaqlıq boyunu, rektovaginal septum, kor bağırsaq, qalça bağırsaq, qasıq kanalları, abdominal və ya perineumda olan çapıqlar, sidik kisəsi, sidik axarları və göbək aiddir. Nadir hallarda is endometrioz süd vəzi, mədəaltı vəz, qaraciyər, öd kisəsi, böyrək, sidik kanalı (uretra), ətraflar, onurğa, sümüklər, periferik sinirlər, ağciyərlər, dalaq, diafraqma və mərkəzi sinir sistemində də müşahidə edilə bilər. Əksər xəstələrdə endometrioz diaqnozu qoyulduqda xəstəlik bir neçə lokalizasiyalarda mövcud olur. Xəstəliyin kliniki mərhələsi endometrioz sahələrinin sayı və xəstəliyin ağırlıq dərəcəsi əsasında müəyyən edilir.

Şəkil. Endometriozun ən çox təsadüf etdiyi lokalizasiyalar: çanaq, utero-rektal boşluq, utero-vesical sahə, yumurtalıqlar və abdominal divar.

 

Nadir hallarda endometriomalar abdominal divarda, adətən cərrahi kəsik yerləri ətrafında inkişaf edir. Bu cür lokalizasiyalarda endometriomaların əmələ gəlməsinin patogenezi adətən ya qan damarları, ya da limfatik damarlarla baş verən miqrasiya, hüceyrə metaplaziyası və yatrogen yayılma ilə əlaqələndirilir. Abdominal divar endometriozunda adətən xəstələr abdominal divarda ağrılı kütlədən şikayətlənir. Ağrı bəzən menstruasiya ilə əlaqələndirilir və ya davamlı da ola bilər. Qanaxmanın baş verməsi də mümkündür. Dəri altında inkişaf edən endometriomalar adətən qəhvəyi, mavi, qırmızı və ya qara rəngdə ola bilər. Abdominal divarın endometriomasına şübhə olduqda diaqnostika üçün US müayinəsi və ya MRT və ya KT görüntüləməsi istifadə edilə bilər. Bəzi hallarda (abdominal divarın yırtığı riski olmadıqda) kütlənin incə iynə aspirasiyasıı da aparıla bilər. Bütün hallarda abdominal divarda kütlə/törəmə müəyyən edildikdə differensial diaqnostikada yırtıq, hematoma, qranuloma, abses və törəmə də nəzərdən keçirilməlidir.

Əksər hallarda törəmənin/kütlənin geniş rezeksiyası həm diaqnozu təsdiq etmiş olur, həm də müalicəvi xarakter daşıyır. Geniş rezeksiyadan sonra endometriomanın residivi cəmi 4% hallarda müşahidə edilir.

 

Şəkil. Laparoskopik görüntüdə endometrioz düyünləri (ocaqları) görünür. Bu xəstədə əhəmiyyətli dərəcədə bitişmələr inkişaf etməmişdir.

 

KLİNİKİ XÜSUSİYYƏTLƏR.

Simptomlar.

Ağrı endometriozun ən çox müşahidə edilən simptomudur. Simptomatik xəstələrin təxminən 3/4 hissəsində çanaqda ağrı və/və ya dismenorreya (ağrılı aybaşılar) müəyyən edilir. Endometriozu olan xəstələrdə aşağıdakı simptomlar müəyyən oluna bilər:

  • Xroniki çanaq daxili ağrı
  • Dismenorreya (ağrılı aybaşılar)
  • Dərin disparinoye (cinsi əlaqə zamanı ağrı)
  • Bağırsaq və ya sidik kisəsi ilə bağlı siklik (yəni aybaşı ilə təkrarlanan) simptomlar (məs., disxeziya və ya bağırsaqların boşaldılmasında çətinlik, köp, qəbzlik, rektal qanaxma, ishal, hematuriya)
  • Qeyri-normal menstrual qanaxma
  • Xroniki yorğunluq
  • Aşağı bel ağrısı
  • Sonsuzluq
Qeyd edilməlidir ki, yuxarıda sadalanan simptomlar həm də digər ginekoloji patologiyalarda (məs., çanağın iltihab xəstəliyi) və qıcıqlanmış bağırsaq sindromunda müşahidə edilə bilər. Lakin, oxşar simptomları olan bir çox qadında endometrioz olmaya da bilər. Belə ki, ABŞ-da aparılmış araşdırmadan məlum olmuşdur ki, endometriozu olan xəstələrin 73%-də abdominopelvik ağrı, dismenorreya və menorragiya müəyyən edilmiş olsa da, araşdırmada kontrol qrupu təşkil edən və endometriozu olamayan 20% qadında da eyni simptomlar müəyyən edilir. Simptomların bu cür üst-üstə düşməsi, əksər hallarda endometriozun diaqnostikasını gecikdirmiş olur. Bununla yanaşı qeyd edilməlidir ki, endometriozu olan xəstələrin bir çoxu tamamilə asimptomatik olur.
Endometriozu olan xəstələrdə çanaqdaxili ağrının səbəbi aktiv qanaxma, iltihaba meyilli və ağrı mediatorlarının ifrazı və implantasiya olunmuş endometrial toxuma səbəbindən baş verən nevroloji disfunksiyadan qaynaqlanır.
Dərin infiltrasiya edən endometrial implantların olması xəstələrdə güclü çanaqdaxili ağrıya səbəb olur. Ümumiyyətlə, ektopik endometrial toxumanın lokalizasiyası və implantasiya dərinliyi sadalanmış simptomların əmələ gəlməsi və onların ağırlıq dərəcəsi ilə əlaqələndirilir. Məs., ağır disparinoye (cinsi əlaqə zamanı ağrı) və bağırsaqların boşaldılmasında ağrı hissi (defekasiya zamanı ağrı və ya disxeziya) adətən posterior dərin infiltrasiya edən xəstəlikdən xəbər verir.
Sidik kisəsinin endometriozu isə asimptomatik də ola bilər və ya menstruasiya zamanı sidiyə getmənin tezləşməsi, sidiyə getmə zamanı ağrı və ya sidik kisəsinin tenezmləri (sidik kisəsi dolu olmamasına baxmayaraq onun qıcıqlanması nəticəsində təkrar yığılması) ilə müşaiyət olunur.
Sidik axarının endometriozu da asimptomatik də ola bilər və ya cinahda sancı tipli ağrı və ya hematuriya ilə müşaiyət oluna bilər. Endometrioz nəticəsində hidroureteronefrozun inkişafı böyrək funksiyasının itirilməsinə səbəb ola bilər.
Endometrioz nəticəsində sonsuzluğun inkişafı bir sıra səbəblərlə əlaqəlidir. Belə ki, endometrioz nəticəsində çanaq daxilində adqeziyalar (bitişmələr) və endometriomaların əmələ gəlməsi səbəbindən qadın çanağının anatomik quruluşunun pozulması baş verir və/və ya bəzi maddələrin (məs., prostanoidlər, sitokinlər, böyümə faktorları) sekresiyası səbəbindən yumurtalıqların normal funksiyasına, ovulyasiyaya, fertilliyə və yumurtanın uşaqlıq divarına implantasiyasına maneə törədilir.

 

Fiziki müayinədə tapıntılar.
Endometriozu olan qadınlarda fiziki müayinədə tapıntılar müxtəlif ola bilər və əsasən ektopik endometrial toxumanın (hüceyrələrin) implantasiya olunduğu yerlərdən asılıdır. Bir çox hallarda fiziki müayinədə heç bir patoloji dəyişiklik aşkar edilmir. Endometriozu olan qadınların fiziki müayinəsində ən çox rast gəlinən tapıntı arxa vaginal qövsdə (lat.posterior fornix) palpasiyadan ağrılıq hissidir. Digər tez-tez təsadüf edən fiziki tapıntılar aşağıdakılardı:
  • Arxa cul-de-sac və ya Duqlas boşluğundan və ya uterosacral bağlarda lokallaşmış ağrı hissi
  • Arxa cul-de-sac və ya Duqlas boşluğunda, uterosacral bağlar və ya rektovaginal septumda ağrılı düyünlərin palpasiyası
  • Uterosakral bağların infiltrasiyası və qalınlaşması
  • Uşaqlığın hərəkətində ağrı hissi
  • Uşaqlıq artımlarının böyüməsi, ağrı hissi
  • Uşaqlıq artımları və ya uşaqlığın retroversiya pozisiyasında fiksə olunması

Differensial diaqnostika.
Bir sıra digər xəstəliklər endometrioza oxşar kliniki mənzərəyə malikdir. Bu xəstəliklərə aşağıdakılar aiddir:
  • çanağın iltihab xəstəliyi
  • qıcıqlanmış bağırsaq sindromu
  • interstisial sistit
  • adenomioz
  • yumurtalığın yeni törəməsi
  • çanaqdaxili bitişmələr
  • yoğun bağırsaq xərçəngi
  • splenoz
  • divertikulyar xəstəlik.
Splenoz dalaq toxumasının (adətən travmatik zədələnmədən sonra qopmuş dalaq toxumasının) peritoneal boşluq daxilində autotransplantasiyasıdır. Peritoneal boşluq daxilinə implantasiya etmiş dalaq toxuması endometrioza oxşar klinikaya səbəb olur. Lakin, endometriozdan fərqli olaraq splenoz çox vaxt asimptomatik olur. Allen-Masters sindromu isə uşaqlıq boynunu dəstəkləyən bağların travma səbəbindən cırılması nəticəsində uşaqlıq boyunun hiperhərəkətliliyi və kəskin və ya xroniki çanaqdaxili ağrı, dismenorreya, disparinoye və uşaqlıq boyunun palpasiyasında ağrı hissi ilə xarakterizə olunur.

DİAQNOSTİKA.
Endometriozun ən optimal diaqnostikası ektopik endometrial toxumanın implantlarının bir başa vizualizasiyasıdır. İlkin müayinədən sonra endometrioz diaqnozu təsdiqini tapırsa, əksər mütəxəssislər cərrahi rezeksiya və ya aspirasiya aparılmadan empirik terapiyaya start verməyə üstünlük verir. Lakin, empirik müalicə nəticəsində yaxşılaşmanın qeyd edilməsi həç də endometriozu təsdiq və ya istisna etmir. Empirik müalicə ilkin olaraq adətən ya 3 aylıq oral kontraseptiv preparat və ya GnRH (qonadotropin rilizin hormonu) aqonisti ilə aparılır.

Laparoskopiya.
Endometriozun əsasən çanaqdaxili orqanlarda lokalizasiyasını nəzərə alaraq onun diaqnostikasında üstünlük verilən metod laparoskopiyadır. Laparoskopiyanın aparılması üçün ən optimal vaxt seçimi (menstrual siklə nisbətən) dəqiq müəyyən olunmayıb. Lakin, tövsiyə olunur ki, oral kontraseptivlər və ya GnRH aqonisti ilə müalicə zamanı və ya onun başlanmasından ən  azı 3 ay ərzində laparoskopik diaqnostika aparılmalıdır.
Endometrioz adətən yumurtalıqlar, seroza və periton üzərində (xüsusilə də, posterior Duqlas boşluğunda, uterosacral bağlar və yumurtalıqların yatağında) səthi güllə yarasına bənzər ocaqlar kimi görünür. Bu ocaqlar ya qara, ya da tünd qəhvəyi rəngdə olur. Ocaqlar ya düyünlər, ya da fibrozla əhatə olunmuş köhnə qan tərkibli sistlər kimi olur.
 
 
Şəkil. Endometriozun müxtəlif laparoskopik görüntüləri.
 
 
Endometriomalar adətən qatı maye tərkibli və ətraf toxumalara (periton, uşaqlıq boruları, bağırsaq) çox sıx bitişmiş olur. Dərin infiltrasiya edən endometriotik düyünlər 5 mm-dən çox dərinliyə, bağırsaq, uşaqlıq yolu, sidik kisəsi və ya sidik axarlarınadək uzanmış ola bilər.
Laparoskopiyada çanaqdaxili genişlənmiş damarların vizualizasiyası endometriozun əlaməti olmasa da, bu çanaq daxilində mövcud olan durğunluqdan xəbər verir. Çanaqdaxili durğunluq isə xroniki çanaqdaxili ağrı sindromunun səbəblərindən biri hesab olunur.
Laparoskopiya zamanı appendiks çox diqqətlə müayinə edilməlidir, çünki appendiksin endometriozu qadınların 2-4%-də təsadüf edir.
Hazırda əksər mütəxəssislər tövsiyə edir ki, endometrioza şübhə olan bütün qadınlarda laparoskopik müayinə aparılmalıdır. Laparoskopiya zamanı ektopik endometrial toxumanın lokalizasiyası, ektopik sahələrin sayı və mövcud olan bitişmələr əhatəli şəkildə müəyyən edilməlidir. Laparoskopiya zamanı şübhəli sahələrdən histoloji müayinə üçün toxuma nümunələri də əldə edilməlidir.

Diaqnostik görüntüləmə.
Endometriozun diaqnostikasında diaqnostik görüntüləmə metodlarının faydası çox azdır. US müayinəsi endometriomanın, habelə rektovaginal, sidik kisəsi və ya sidik axarının endometriozunun diaqnostikasında faydalı ola bilər.
 
 
Şəkil. Endometriozun diaqnostikasında MRT və KT görüntüləməsi çox məhdud rola malikdir. Lakin, bəzi hallarda MRT mühüm diaqnostik məlumat verə bilir. Bu MRT görüntüləməsində utero-rektal boşluqda rektumun divarına invaziya edən endometrioz müəyyən edilir. MRT, Saqittal T2 görüntülər. 
 
 
 
 
Şəkil. Endometrioz xəstəliyinin ağırlaşmalarından biri də endometriomaların formalaşmasıdır. Endometrioma adətən ektopik endometrial toxumanın implantasiya olunduğu toxuma daxilinə invaginasiyası nəticəsində əmələ gəlir. Məs., yumurtalıq üzərində olan səthi endometriozun invaginasiyası nəticəsində ektopik endometrial toxuma yumurtalığın daxilinə keçir və fibroz toxuma ilə əhatə olunur. Hər menstrual sikl zamanı baş verən qanaxma xaric edilmə bilmədiyi üçün yumurtalığın daxilində toplanır və nəticədə endometrioma və ya "şokolad sisti" əmələ gəlir. Şəkildə US müayinəsində və laparoskopik müdaxilədə yumurtalıq daxilində görünən böyük "şokolad sist" və ya endometrioma müəyyən edilir. 
 

Qanda CA-125 təyini.
Endometriozu olan qadınlarda CA-125-in konsentrasiyası adətən yüksək olur (>35 BV/ml). Lakin, CA-125 endometriozun diaqnostikasında az həssaslığa malikdir. Lakin, endometriozu olan xəstələrdə CA125-in çox yüksək olması endometriozun İİİ və İV-cü mərhələsinə dəlalət edir (bəzən >100 BV/ml). Həmin xəstələrdə çanaqdaxili bitişmələr və ya cırılmış endometrioma ehtimalı da yüksək olur.
Qeyd edilməlidir ki, CA-125 kanser antigenin konsentrasiyasının artması həm də digər ginekoloji xəstəliklərdə müşahidə edilir (məs., yumurtalığın xərçəngində).

İnsanın epididimal sekretor protein E4 (HE4). Bu protein də CA125 kimi yumurtalığın xərçəngində faydalı biomarkerdir. Lakin, CA125 ilə müqayisədə endometriozu olan xəstələrdə HE4-ün səviyyəsi artmamış olur.

TƏSNİFAT.
Endometriozun kliniki mərhələsinin təsnifatı üçün bir sıra klassifikasiya sistemləri təklif olunub. Onlar əsasən xəstəliyin anatomik lokalizasiyası və xəstəliyin ağırlıq dərəcəsinə əsaslanmış olur. Ən geniş tətbiq olunan klassifikasiya sistemi Amerika Reproduktiv Təbabət Cəmiyyətinin (ASRM) 1979-cü ildə təklif etdiyi və daha sonra 1996-cı ildə təkmilləşdirdiyi təsnifat sistemidir. Bu təsnifata görə endometriotik implantlar və onlarla əlaqəli bitişmələr lokalizasiyası, ölçüsü və infiltrasiya dərinliyinə əsasən xalla qiymətləndirilir.
Adətən endometrioz minimal, mülayim, orta və ağır dərəcəli xəstəlik kimi klassifikasiya olunur.
  • Minimal xəstəlik: təcrid edilmiş implantların olması, lakin əhəmiyyətli dərəcədə bitişmələrin olmaması.
  • Mülayim dərəcəli endometrioz: ümumi cəm ölçüsü 5 sm-dən az olan, periton və yumurtalıqlarda müşahidə edilən səthi implantlar. Yenə də əhəmiyyətli dərəcədə bitişmələr müəyyən edilmir.
  • Orta dərəcəli endometrioz: çoxsaylı implantlar, həm səthi, həm də invaziv. Peritubal və periovarian bitişmələr müəyyən edilir.
  • Ağır dərəcəli endometrioz: çoxsaylı səthi və dərin implantlar, o cümlədən, yumurtalığın böyük endometriomaları. Bərk və sıx bitişmələr və mövcuddur.

TƏBİİ GEDİŞATI.
Araşdırmaların birində cərrahi müalicədən imtina edən xəstələrdə 6 və 12 aydan sonra diaqnostik laparoskopiya aparılmış və endometriozun inkişafı qiymətləndirilmişdir. Maraqlıdır ki, həmin araşdırmada iştirak edən və müalicə almayan xəstələrin 29-45%-də endometrioz inkişaf etmiş, 22-29%-də geriyə inkişaf müəyyən edilmiş və 33-42%-də isə xəstəlik stabil qalmışdır.

Hamiləlik zamanı kliniki gedişat. Çox vaxt hamiləlik zamanı endometriozun simptomları ya tam aradan qalxmış olur, ya da yaxşılaşır. Mütəxəssislər bunu desidualizasiya ilə əlaqələndirir. Lakin, bəzi hallarda endometriozun ağırlaşması da müşahidə edilib (məs., bağırsağın perforasiyası, qan damarının cırılması ilə hemoperitoneum və kəskin appendisit).
Araşdırmalara görə hamiləliyin endometriozun kliniki gedişatına uzun müddətli təsiri çox minimaldır. Lakin, digər bir araşdırmadan məlumdur ki, hamiləliyin sayı artdıqca və laktasiya müddəti artdıqca (nisbətən hipoestrogen vəziyyət) endometriozun riski azalmış olur.

Endometriozun xərçəng ilə əlaqəsi.
Əksər iri həcmli kliniki tədqiqatlardan məlumdur ki, endometrioz yumurtalığın epitelial xərçənginin əmələ gəlməsi baxımından müstəqil risk faktor hesab edilir. Endometrioz və birincili sonsuzluğu olan qadınlarda yumurtalığın xərçəngi riski yüksək olur. Oral kontraseptivlərin qəbulu bu riski əhəmiyyətli dərəcədə azaltmış olur. Digər tərəfdən, postmenopauzal hormon terapiyası və ya tamoksifenin qəbulu endometrioz zonalarında xərçəng riskini artırmış olur.

YENİYETMƏLƏR VƏ ENDOMETRİOZ.
Endometrioz çox vaxt xroniki çanaq ağrısı olan və QSİƏP-lar və ya oral kontraseptivlərlə müalicəyə cavabsız olan yeniyetmə qadınlarda diaqnostika olunur. Qərb ölkələrində aparılmış araşdırmaların birindən məlum olmuşdur ki, çanaq daxilində xroniki ağrısı olan və QSİƏP və ya oral kontraseptivlərlə müalicənin faydası olmayan 22 yaşdan aşağı qadınların 70%-də laparoskopiyada endometrioz diaqnozu təsdiq edilmişdir.
Bütün hallarda laparoskopiyada müəyyən edilən endometrioz ocaqları rezeksiya və ya ablasiya olunmalıdır. Bundan sonra isə həmin xəstələrdə oral kontraseptivlərlə müalicə davam etdirilməlidir. 16 yaşdan yuxarı yeniyetmələrdə isə cinsi yetişkənlik tamamlanıbsa, müalicə üçün GnRh aqonistləri də istifadə edilə bilər.