Uşaqlıq boynu xərçənginə görə skrininq və ya profilaktik müayinənin əsasları.

UŞAQLIQ BOYNU XƏRÇƏNGİNİN PROFİLAKTİKASI.

Uşaqlıq boynu xərçənginə görə skrininq proqramlarının aparılması həm uşaqlıq boynu xərçəngi hallarının azaldılmasına, həm də bu xərçəng növündən ölüm hallarının azalmasına imkan verir. Skrininq metodlarına isə Papanikolau testi (uşaqlıq boynunda yaxmanın mikroskopik müayinəsi) və HPV-nin (insanın papilloma virusunun) müvafiq tiplərinin aşkar edilməsinə yönəlmiş laborator analizlərdən ibarətdir.

 

Uşaqlıq boynu xərçənginin iki əsas tipi vardır - yastı hüceyrə karsinoması və adenokarsinoma. Uşaqlıq boynun yastı hüceyrə karsinoması daha çox rast gəlinir. Skrininq vasitəsilə hər iki tip xərçəng xəstəliyinin erkən mərhələdə müəyyən edilməsinə imkan verir. Skrininq həm də bu tip xərçəng xəstəliklərinin inkişafına səbəb olan patologiyaların və ya prekursorların aşkar edilməsinə yardım edir. Xərçəng xəstəliyiin erkən mərhələdə aşkar edilməsi və müalicəsi isə irəliləmiş uşaqlıq boynu xərçənginin qarşısını almağa imkan verir.

 

Qeyd edilməlidir ki, uşaqlıq boynu xərçəngi hallarının azaldılması və bu xərçəng növündən ölüm hallarının azalmasında skrininqin əhəmiyyətli rolu və faydası aydın məlumdur. Lakin skrininqin qadın əhalisinin hansı qrupu arasında və hansı tezliklə aparılması, habelə hansı metoddan (Pap-test, HPV-yə skrininq və ya hər ikisi) istifadə hələ də müzakirə mövzusudur.

 

UŞAQLIQ BOYNU XƏRÇƏNGİNİN YAYILMASI VƏ RİSK FAKTORLAR.

Dünyada uşaqlıq boynu xərçəngi qadınlar arasında geniş yayılmışdır. Bu xərçəng növünün rast gəlmə halları və ondan ölüm halları ölkədən ölkəyə fərqlənir və bu fərq məhz skrininq və HPV-yə qarşı vaksinasiya proqramlarının olub olmaması ilə bağlıdır. Uşaqlıq boynu xərçənginin əksər halları inkişafda olan ölkələrdə qeydə alınır. ABŞ-da isə gənc yaşlı qadınlar arasında uşaqlıq boynu xərçəngi və bu xərçəng ilə bağlı ölüm halları çox nadirdir. Avropa Uşaqlıq Boynu Xərçəngi Assosiasiyasının məlumatına əsasən Avropada hər il 60.000 qadında uşaqlıq boynu xərçəngi qeydə alınır və 30.000 qadın bu xəstəlikdən hər il dünyasını dəyişir. Hazırda Avropada 175.000 qadın uşaqlıq boynu xərçəngi ilə yaşayır.

 

  • HPV (insanın papilloma virusu). HPV virusunun yüksək riskli ştammları ilə infeksiyanın mövcudluğu uşaqlıq boynu xərçənginin inkişafına səbəb olan mühüm amildir. Uşaqlıq boynu xərçənginin inkişafına təsir göstərən əksər risk faktorlar məhz HPV virusuna yoluxma riskini artıran faktorlardır. Bunlara cinsi münasibətlərin erkən yaşlarda başlanması, çoxsaylı cinsi partnyorların olması və ya yüksək risk qrupuna aid şəxslərlə cinsi əlaqələrin olması aiddir. Bununla yanaşı HPV infeksiyasının təmizlənməsini əngəlləyən faktorlar, o cümlədən, immun sisteminin zəifliyi və ya supressiyası uşaqlıq boynu xərçənginin inkişafı riskini artırmış olur.
  • HPV infeksiyası daha çox aktiv cinsi həyat keçirən qadınlarda, xüsusilə də, gənc qadınlarda rast gəlinir. Əksər gənc yaşlı qadınlarda HPV infeksiyası spontan olaraq 8-24 ay ərzində təmizlənmiş olur. Yaşı 30-dan yuxarı olan qadınlarda HPV infeksiyası halları azalmış olsa da, həmin yaşda olan qadınlarda infeksiyasının uzun müddət qalması riski artmış olur.
  • Digər risk faktorlar. Uşaqlıq boynu xərçənginin inkişafı aşağıdakı digər risk faktorlarla əlaqələndirilir: kontraseptiv preparatların (həblərin) istifadəsi və tütünçəkmə (məhz yastı hüceyrə xərçənginin yaranması tütünçəkmə ilə sıx bağlıdır).

 

 

SKRİNİNQİN FAYDASI.

Uşaqlıq boynu xərçənginə görə skrininq xərçəng önü (prekanser) və ya xərçəng xəstəliyinin erkən mərhələsini müəyyən etməyə imkan verir. Tətbiq edilən Papanikolau testinin (Pap-test) və ya uşaqlıq boynundan yaxmanın mikroskopiyası uşaqlıq boynu xərçəngi halları və ondan ölüm hallarını azaltdığı tədqiqatlarda çoxdan təsdiqini tapıb. ABŞ-da Pap-test əsasında skrininq proqramlar 1950-ci illərdən tətbiq olunmağa başlamış və artıq 1980-ci illərin ortalarında uşaqlıq boynu xərçəngi halları ABŞ-da 70%-dək azalmışdır. 1970-ci illərdən başlayaraq isə uşaqlıq boynu xərçəngi halları və onlardan ölüm halları davamlı şəkildə azalır.

 

 

SKRİNİNQLƏ BAĞLI TÖVSİYƏLƏR.

 

İlkin skrininq. Əksər ölkələrdə, o cümlədən ABŞ-da, uşaqlıq boynu xərçənginə görə skrininq yaşı 21 tamam olmuş qadınlarda başlanır. Digər ölkələrdə skrininqin başlanma vaxtı 20-25 yaş arası ola bilər. Bir çox mütəxəssis hazırda skrininqin başlanma vaxtını cinsi aktivliyə başlama vaxtı ilə əlaqələndirmir.

Böyük Britaniyada uşaqlıq boynu xərçənginə görə skrininq 25 yaşında başlayır və yaşı 25-49 olan qadınlarda hər 3 ildən bir aparılır.

ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə yeniyetmələrin uşaqlıq boynu xərçənginə yoxlanması tövsiyə edilmir. Belə ki, yaşı 15-19 olan yeniyetmə və gənc qızlar arasında uşaqlıq boynu xərçəngi hər 100.000 nəfərə 0.1 hallarda yəni çox nadir hallarda rast gəlir. Həmçinin yeniyetmələrdə HPV infeksiyası spontan olaraq aradan qalxmış olur. 21 yaşdan etibarən bütün qadınlar, o cümlədən, cinsi aktivliyi olmayan və ya heç zaman cinsi əlaqədə olmayan qadınlar skrininqdən keçməyə başlamalıdır.

Yüksək risk qrupuna aid qadınlarda skrininqə dair təlimat fərqli ola bilər. Bunu fərdi qaydada həkim təyin edir. 

 

Yüksək risk qrupuna aşağıdakı qadınlar daxil edilir: 

- əvvəllər aparılmış skrininqdə normadan kənarçıxmaların olması,

- anamnezdə tütündən istifadənin olması və ya qadının hazırda siqaret çəkməsi,

- əvvəllər skrininqdə iştirak etməmiş qadınlar,

- anamnezdə HPV mənşəli xəstəliyin olması,

- immun sistemi zəif olan qadınlar,

- anası onunla hamilə olduqda dietilstilbestrol preparatını qəbul edibsə.

 

Yaşı <30-dan az olan qadınlar.

Yaşı <30-dan az olan qadınların uşaqlıq boynu xərçənginə görə yoxlanması hər 3 ildən bir Pap-test ilə aparılmalıdır.

 

Yaşı 30-dan yuxarı olan qadınlar.

Bir çox mütəxəssisin tövsiyəsinə görə yaşı >30-dan yuxarı olan qadınlarda skrininq aşağıdakı metodların istifadəsilə aparıla bilər:

  • hər 3 ildən bir Pap-test VƏ YA
  • hər 5 ildən bir Pap-test və HPV testinin kombinasiyası ilə.

 

 

SKRİNİNQİN DAYANDIRILMASI.

Yuxarı yaşlı qadınlarda uşaqlıq boynu xərçənginə görə skrininqin dayandırılması əvvəllər həmin qadınlarda skrininqin aparılması və onun nəticələrindən asılıdır.

Əvvəllər adekvat skrininqdən keçmiş qadınlar. Aşağıdakı meyarlara cavab verən yaşı 65-dən yuxarı olan qadınlar arasında skrininqin aparılması tövsiyə edilmir:

  • Yüksək risk qrupunda olmayan qadınlar. 
  • Anamnezdə əvvəllər uşaqlıq boynundan yaxmanın mikroskopiyasında (Pap-test) yüksək dərəcəli displaziya olmadıqda.

 

 

Əvvəllər histerektomiya (uşaqlığı götürülməsi əməliyyatı) keçirmiş qadınlarda skrininqin qaydası.

Histerktomiya olunmuş qadınlarda skrininqlə bağlı tövsiyələr həm histerektomiyanın növündən və skrininqə olan göstərişlərdən asılıdır. Histerektomiya əməliyyatı zamanı uşaqlıq boynun saxlanıb saxlanmamasına əmin olmayan qadınlarda uşaqlıq boynu xərçənginə görə skrininqə olan ehtiyacı təyin etmək üçün ilk növbədə həkim tərəfindən ginekoloji müayinə aparılmalıdır.

  • Uşaqlıq boynu xərçəngi və ya xərçəng önü xəstəliklə bağlı olmayan səbəblərə görə histerektomiya keçirmiş qadınlar. Uşaqlıq boynu xərçəngi və ya xərçəng önü patologiya ilə bağlı olmayan səbəblərə görə total histerektomiya olunmuş qadınların uşaqlıq boynu xərçənginə görə skrininq olunmaları tövsiyə edilmir. 
    • Total histerektomiya zamanı uşaqlıq boynu da çıxarılmış qadınlarda uşaqlıq boynu xərçənginin inkişafı riski çox aşağıdır. Həmçinin, son illərin tədqiqatları göstərib ki, xoşxassəli xəstəliyə görə histerektomiya olunmuş qadınlarda histerektomiya ilə vaginal karsinomanın (uşaqlıq yolunun xərçəngi) inkişafı arasında heç bir əlaqə yoxdur.
  • Subtotal histerektomiya (uşaqlıq boynu saxlanılmışdır). Subtotal histerektomiya olunmuş qadınlarda uşaqlıq boynu xərçənginin inkişafı riski uşaqlığı və uşaqlıq boynu olan qadınlarla eynidir və onların skrininqinə dair tövsiyələr də fərqlənmir.
  • Uşaqlıq boynu xərçənginə görə histerektomiya. Xərçəng önü patologiyalar səbəbindən histerektomiya olunmuş qadınlarda skrininq fərqlidir və onun aparılmasına dair tövsiyələr əldə etmək üçün həkimlə məsləhətləşmək gərəkdir.


 

BİBLİOQRAFİYA.

  1. Jemal A, Bray F, Center MM, et al. Global cancer statistics. CA Cancer J Clin 2011; 61:69.
  2. Walboomers JM, Jacobs MV, Manos MM, et al. Human papillomavirus is a necessary cause of invasive cervical cancer worldwide. J Pathol 1999; 189:12.
  3. Nobbenhuis MA, Walboomers JM, Helmerhorst TJ, et al. Relation of human papillomavirus status to cervical lesions and consequences for cervical-cancer screening: a prospective study. Lancet 1999; 354:20.
  4. Kjaer SK, van den Brule AJ, Paull G, et al. Type specific persistence of high risk human papillomavirus (HPV) as indicator of high grade cervical squamous intraepithelial lesions in young women: population based prospective follow up study. BMJ 2002; 325:572.
  5. Wallin KL, Wiklund F, Angström T, et al. Type-specific persistence of human papillomavirus DNA before the development of invasive cervical cancer. N Engl J Med 1999; 341:1633.
  6. Committee on Practice Bulletins—Gynecology. ACOG Practice Bulletin Number 131: Screening for cervical cancer. Obstet Gynecol 2012; 120:1222.
  7. Klumb EM, Araújo ML Jr, Jesus GR, et al. Is higher prevalence of cervical intraepithelial neoplasia in women with lupus due to immunosuppression? J Clin Rheumatol 2010; 16:153.
  8. Kahn JA. HPV vaccination for the prevention of cervical intraepithelial neoplasia. N Engl J Med 2009; 361:271.
  9. Ho GY, Bierman R, Beardsley L, et al. Natural history of cervicovaginal papillomavirus infection in young women. N Engl J Med 1998; 338:423.
  10. Janerich DT, Hadjimichael O, Schwartz PE, et al. The screening histories of women with invasive cervical cancer, Connecticut. Am J Public Health 1995; 85:791.