Körpələr arasında Qəfləti Ölüm Sindromu (QÖS).
Amerika Pediatrlar Assosiasiyası (APA) tərəfindən 2011-ci ildə 1 yaşadək Uşaqlar arasında Qəfləti Ölüm Sindromunun önlənməsi məqsədilə yenilənmiş tövsiyələr hazırlanıb. Bu tövsiyələr 1992-ci ildən aparılan tədqiqatlar, araşdırmalar və ictimai maarifləndirmə kampaniyalarının nəticələrinə əsaslanıbdır. Belə ki, 1992-ci ildə verilmiş ilk tövsiyələrdən sonra, məs., ABŞ-da, Avstraliyada, Yaponiyada, Böyük Britaniyada və Argentinada, 1 yaşadək uşaqlar arasında qəfləti ölüm sindromundan ölən uşaqların sayı xeyli azalmışdır. Bu cür müsbət nəticələri əldə etməyə 1992-ci ildə APA-nın başladığı "Uşağı arxası üstə yatızdıraq" adlı maarifləndirmə kampaniyası imkan vermişdir.
Tərif.
Körpələr arasında Qəfləti Ölüm sindromu - hər hansı tibbi və digər səbəblərlə izah edilməyən, aparılmış detallı autopsiyadan sonra da səbəbi naməlum qalan 1 yaşadək körpələr arasında ölüm halıdır.
Praktiki tövsiyələr.
2011-ci ildə verilmiş tövsiyələr isə uşaqların yatızdırılması üçün təhlükəsiz ətraf mühitin təmin edilməsi və bununla da uşaqlar arasında yatızdırılma təcrübəsi ilə əlaqədar ölüm hallarının davamlı azaldılmasına hədəflənib. Həmin tövsiyələrdə yer alan mühüm məqamlar aşağıdakılardır:
- Uşaqların ana südü ilə əmizdirilməsi xüsusilə tövsiyə edilir. Uşaqların əmizdirilməsi Qəfləti Ölüm Sindromu hallarının azaldılması ilə bir başa bağlıdır.
- Körpələrin müvafiq qaydada immunizasiya və vaksinasiyası tövsiyə edilir. Araşdırmalar sübut edir ki, körpələrin immunizasiya və vaksinasiyası Qəfləti Ölüm Sindromu hallarının 50%-dək azaldılmasına yardım edir.
- Uşağı yatızdırdıqda onu həmişə arxası üstə yatızdırın.
- Körpəni yatızdırmaq üçün onu sərt səthi olan yatağa qoyun. Avtomaşınlarda istifadə edilən xüsusi uşaq oturacaqları və ya digər oxşar cihazlarda uşaqların yatızdırılması tövsiyə edilmir.
- Körpə valideynləri ilə EYNİ OTAQDA, yalnız FƏRQLİ YATAQDA yatızdırılmalıdır. Belə ki, uşaq valideynləri ilə eyni otaqda olsa da, onun yatağı tamamilə fərqli olmalıdır.
- Uşağın yatağından bütün yumşaq əşyalar və ya sərbəst yataq dəstlərindən təmizlənməlidir.
- Hamilə qadınlar mütləq şəkildə prenatal qayğı ilə təmin edilməlidir.
- Hamiləlik zamanı və doğuşdan sonra siqaret çəkməkdən çəkinmək tələb olunur. Uşağın olduğu otaqda da siqaret çəkmək tövsiyə edilmir.
- Uşağın ana südü ilə əmizdirilməsi tövsiyə edilir.
- Yatızdırdıqda uşağa əmzik (rus. соска) təklif edin.
- Uşağın başını örtməkdən çəkinin. Onun tələb olunandan artıq qızdırılmasına imkan verməyin.
- Körpələrə bütün tələb olunan vaksinlərin vurulması tövsiyə edilir.
- Körpələrdə plagiosefaliyanın (yastı başlıq) önlənməsi və həmçinin onun normal inkişafı üçün uşağı hər gün valideyn nəzarəti altında oyaq vaxtı ilə təmin etmək tələb olunur.
- Uşağın bədəni soyuqdan qoruyun.
- Uşağın üstünün örtülməsi üçün istifadə edilən yorğan, odeyal və ya bələnməsi üçün istifadə edilən bələk uşağın maksimum çiyinlərini örtməli və boynuna çatmamalıdır.