Aşağıda təsvir edilmiş bəzi təbii üsullar aknenin və ya sızanaqların müalicəsində uğurlu istifadə edilə bilər. Onların istifadəsi iltihabın azalmasına və sızanaqların kəskinləşməsi hallarının azaldılmasına müsbət təsir göstərir.
Lokal müalicə üsulları.
Çay ağacının yağları. Çay ağacının 5%-li yağından ibarət xüsusi gel 5%-li benzil peroksid qədər effektivdir. Lakin, nəzərə alınmalıdır ki, çay ağacı yağının müsbət effekti daha gec əldə olunur. Eyni zamanda qeyd edilməlidir ki, bəzi xəstələrdə çay ağacı yağı kontakt dermatitə səbəb ola bilər. Digər ehtimal edilən yan təsir isə çay ağacı yağının istifadəsində oğlan uşaqlarında süd vəzilərinin böyüməsi ilə bağlıdır. Əgər xəstədə akne rosacea varsa, çay ağacı yağlarının istifadəsi tövsiyə edilmir, çünki həmin xəstələrdə simptomlar daha da pisləşə bilər.
Alfa hidroksi turşuları. Bu təbii turşular - sitrus meyvələrdə çox miqdarda olur - ölmüş hüceyrələrin təmizlənməsi və dəri porlarının (dəri səthinə açılan dəliklər) tıxanmasının təmizlənməsinə imkan verir. Alfa hidroksi turşular sızanaqlar səbəbindən inkişaf etmiş çapıqların da görüntüsünü yaxşılaşdıra bilir. Eyni zamanda alfa hidroksi turşular dərini qızarmasına, dərinin qıcıqlanmasına da səbəb ola bilər.
Azelaik turşusu. Bu təbii turşu dənli taxıl bitkilərində və heyvan məhsullarında rast gəlinir və antibakteriyal xüsusiyyətlərə malikdir. 20%-li azelaik turşusundan hazırlanmış krem akenin müalicəsində xeyli effektiv vasitə hesab edilir və oral tetrasiklin və 5%-li benzil peroksiddən geri qalmır.
Per os müalicə üsulları.
Sink əsaslı preparatlar. Sink yaraların sağalmasında və iltihabın azaldılmasında xüsusi rola malikdir və aknenin yaxşılaşmasına yardım edə bilir. Gida qəbulu ilə sink əsaslı əlavələrin qəbulu sinkin yan təsirlərini (pis dad və ürək bulanma) azaltmış olur. Sink həm də losyonlar və kremlərə də əlavə edilə bilər və istifadə edildikdə aknenin kəskinləşməsi hallarının azalmasına təsir göstərə bilər.
Pivə istehsalında istifadə edilən maya göbələkləri. Xüsusi növ maya göbələkləri - CBS5926 - aknenin müalicəsində istifadə edilə bilər. Lakin, maya göbələklərinin istifadəsi miqren baş ağrıları və mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilər.