ATROPİN (ATROPINE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxildir
Təsir mexanizmi və istifadəsinə göstərişlər:
- Atropin ailəsindən quşüzümü fəsiləsindən olan bitkilərin (xanımotu, bata-bat, dəlibəng və b.) təkibində olan alkaloid olub, kimyəvi quruluşuna görə üçlü ammonium efiridir. Effektor orqanların M-xolinoreseptorlarını (M1, M2, M3) konkurent inhibə edərək, onları endogen mediator – asetilxolinə qeyri-həssas edən M-selektiv xolinoblokatordur.
- Qüzehli qişanın dairəvi əzələsini boşaltmaqla midriaza, gözün ön kamerasından gözdaxili mayenin xaric olmasının pozulması nəticəsində gözdaxili təzyiqin artmasına, kirpikli əzələnin boşalması hesabına akkomodasiyanın iflicinə səbəb olur.
- Ağız suyu, bronxial, mədə, tər vəzilərinin, mədəaltı vəzin və bağırsaq vəzilərinin sekresiyasını tormozlayır. Mədə şirəsinin ümumi miqdarını və turşuluğunu azaltmaqla, mutsin sintezini tormozlamaqla MBT-nin selikli qişasının zədələnmə riskini azaldır.
- Saya əzələlərin və ürək əzələsinin reseptorları atropinə qarşı orta həssaslığa malikdir. Atropin spazmolitik təsir göstərir – bronxların (xüsusilə də iri və orta), MBT-nin (mədənin evakuasiya müddəti və bağırsaqdan tranzit müddəti artır), uşaqlığın (əhəmiyyətsiz dərəcədə), öd yollarının və sidikçıxarıcı yollarının saya əzələlərini boşaldır (sidik kisəsinin boşalması yavaşıyır).
İstifadəsinə göstərişlər:
- AV blokada, bradikardiya;
- Saya əzələnin spazmı ilə müşayiət olunan MBT xəstəlikləri (pilorospazm, qida borusunun diskineziyası, bağırsaqlarda spazm, öd yollarının diskineziyası, qıcıqlanmış bağırsaq sindromu, divertikulit və b.) zamanı simptomatik təsir;
- Astma və tənəffüs yollarının xəstəlikləri;
- Midriaz yaratmaq məqsədi ilə və sikloplegiya zamanı;
- Göz dibinin müayinəsi, billurun həqiqi refraksiyasının təyini;
- Gözün iltihabi xəstəlikləri (irit, iridosiklit, keratit, ön uveit) və travması;
- Premedikasiya;
- Xolinomimetik və antixolinesteraz dərman vasitələrilə zəhərlənmə;
- Hipersalivasiya (parkinsonizm, ağır metal duzları ilə zəhərlənmə).
Doza rejimləri:
Bradikardiya
- Böyüklərə: 0,5-1 mq dozada venadaxili yeridilir, zərurət olduqda 5 dəqiqədən sonra təkrarlana bilər.
- Uşaqlara: 10 mkq/kq dozada təyin edilir.
Dispepsiya, qıcıqlanmıĢ bağırsaq sindromu, divertikulit
- Böyüklərə: 0,6-1,2 mq dozada gecə yatmazdan əvvəl daxilə təyin edilir; 0,25-0,6 mq (1,2 mq-dan çox olmayaraq) dərialtı, əzələdaxili və venadaxili təyin edilir.
- Uşaqlara: yaşından asılı olaraq 0,05-0,5 mq dozada (10 mkq/kq) hər 4-6 saatdan bir təyin edilir.
Böyüklər üçün daxilə və dərialtı təyin edilən maksimal birdəfəlik doza – 1 mq-a, günlıq doza 3 mq-a bərabərdir.
Əlavə təsirləri:
- Ağızda quruluq, susuzluq, ürəkbulanma, dəridə quruluq, üz nahiyəsində hiperemiya;
- Taxikardiya, qızdırma, aşağı dozalarda paradoksal bradikardiya;
- Qəbizlik;
- Huşun alaqaranlıqlaşması, dezorientasiya, oyanıqlıq, hallüsinasiya, konyunktivanın yüksək həssaslığı və qıcıqlanması, midriaz, akkomodasiyanın iflici, fotofobiya;
- Sidik ifrazının çətinləşməsi, keçici ağrı.
- Nadir hallarda - uzunmüddətli yerli istifadə zamanı allergik reaksiyalar, baş ağrısı, başgicəllənmə, huşun itməsi, qusma, disfagiya.
Əks-göstərişlər:
- Antixolinergik dərman vasitələrinə qarşı yüksək həssaslıq;
- Qlaukoma;
- Prostat vəzin hipertrofiyası;
- Ürək və damarların üzvi zədələnmələri;
- Orqanizmin ümumi üzülməsi;
- Bağırsağın və sidik yollarının obstruktiv xəstəlikləri;
- Paralitik ileus;
- Toksik meqakolon;
- Xoralı kolit;
- Stenozlaşdırıcı peptik xora;
- Diafraqmanın qida borusu dəliyinin yırtığı;
- Taxikardiya və taxiaritmiya;
- Pilorostenoz;
- ÜİX;
- Qaraciyər və böyrəklərin funksiya pozğunluğuı;
- Miasteniya.
Xüsusi göstərişlər:
- Daun sindromu, kəllə-beyin travmaları zamanı, uşaqlarda və qocalarda əlavə təsirlərin inkişaf riskinin yüksək olmasına görə atropin ehtiyatla istifadə edilməlidir.
- 40 yaşdan yuxarı xəstələrdə qlaukomanın kəskinləşməsi baş verə bilər.
- Reflüks ezofagit, ishal, pilorik hissənin daralması, böyrək və qaraciyər xəstəlikləri, ağciyərlərin xronik xəstəlikləri, kəskin miokard infarktı, hipertenziya, taxikardiya ilə müşayiət olunan hallar (hipertireoz, ürək çatışmazlığı, ürək üzərində əməliyyatlar), pireksiya, hamiləlik zamanı ehtiyatla təyin edilməlidir. Prostat vəzin hipertrofiyası zamanı sidik ləngiməsi müşahidə oluna bilər.
- Alkohol qəbulu zamanı diqqətin pozulması qeyd edilir.
- Hamiləlik və laktasiya zamanı məsləhət görülmür.