Amikasin

Amikasin sulfat - 100 mq və ya 500 mq.

 

FARMAKOLOJİ TƏSİRİ:

Aminoqlikozid qrupuna mənsub yarımsintetik antibiotik olub, geniş təsir spektrinə malikdir.  Amikasin bakterisid təsir göstərir. Bakteriyanın hüceyrə membranından aktiv keçir, bakterial ribosomun 30S subvahidi ilə birləşir, törədicinin zülal sintezini zəiflədir.

Müxtəlif qrammənfi aerob bakteriyalara: Pseudomonas aeruginosa, Escherichia coli, Shigella spp., Salmonella spp., Klebsiella spp., Entterobacter spp., Serratia spp., Providencia stuartii və s. qarşı yüksək həssasdır. Bəzi qrammüsbət bakteriyalara: Staphylococcus spp. (həmçinin, penisillin, metisillin və bəzi sefalosporinlərə davamlı ştammlar), Streptococcus spp.-nin ştammlarına qarşı da fəallıq göstərir. Anaerob bakteriyalara qarşı fəal deyil.

 

FARMAKOKİNETİKA:

Əzələ daxilinə yeridildikdə tez və tam sorulur. Orqanizmin bütün toxumalarına yayılır. Plazma zülalları ilə az miqdarda (0-10%) birləşir. Plasentar baryeri keçir. Metabolizmə uğramır. Dəyişilməmiş şəkildə sidiklə xaric olur. Yarımxaricolma dövrü 2-4 saatdır.

 

GÖSTƏRİŞ:

Amikasinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş ağır infeksion-iltihabi xəstəliklər: peritonit, sepsis, yenidoğulmuşların sepsisi, MSS-nin infeksiyaları (həmçinin meningit), sümük-oynaq infeksiyaları (həmçinin osteomielit), endokardit, pnevmoniya, plevranın empieması, ağciyər absesi, dəri və yumşaq toxumaların irinli infeksiyaları, infeksiyalaşmış yanıqlar, sidikçıxarıcı yolların residivləşən infeksiyaları, ödaxarı yollarının infeksiyaları.

 

ƏKS GÖSTƏRİŞLƏRİ:

Böyrək funksiyasının ağır pozğunluqları, eşitmə sinirinin nevriti, hamiləlik dövrü, aminoqlikozidlərə qarşı yüksək həssaslıq.

 

XÜSUSİ GÖSTƏRİŞ:

Miasteniyalı və parkinsonizmli xəstələrə, yaşlı şəxslərə ehtiyatla təyin edilməlidir. Böyrəklərin ifrazat funksiyası pozulmuş xəstələrdə kreatinin klirensindən asılı olaraq doza korreksiya olunur.

Digər aminoqlikozidlərə qarşı yüksək həssaslığı olan xəstələrdə çarpaz allergiya təhlükəsi olduğundan belə xəstələrə  Amikasini təyin etmək olmaz.  Amikasin yüksək dozada istifadə edildikdə ototoksik və nefrotoksik təsirinin inkişaf riski yüksəkdir.

 

ƏLAVƏ TƏSİRİ:

Həzm sistemi tərəfindən: qaraciyər transaminazalarının aktivliyinin artması, hiperbilirubinemiya, ürəkbulanma, qusma.

Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, qızdırma; nadir hallarda – Kvinke ödemi.

Qantörədıcı sistem: anemiya, leykopeniya, qranulositopeniya, trombositopeniya. Mərkəzi və periferik sinir sistemi tərəfindən: baş ağrıları, yuxululuq, sinir-əzələ keçiriciliyinin pozğunluğu, eşitmənin zəifləməsi, hətta karlıq, vestibulyar pozğunluqlar.

Sidikçıxarıcı sistem tərəfindən: oliquriya, proteinuriya, mikrohematuriya; nadir hallarda böyrək çatışmamazlığı.

 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ:

Hamiləlik zamanı  Amikasin əks göstərişdir. Lakrasiya dövründə təyin etmək lazım gələrsə, südlə qidalandırma dayandırılmalıdır.

 

DOZALANMA REJİMİ:

İnfeksiyanın lokalizasiyası, ağırlığı və törədicinin həssəslığı nəzərə alınmaqla fərdi təyin edilir. Əzələ və venadaxilinə 2 dəq. ərzində şırnaq və ya damcı üsulu ilə yeridilir. Yaşlılara və yeniyetmələrə ə/d və v/d - 5 mq/kq dozada hər 8 saatdan, yaxud 7,5 mq/kq dozada hər 12 saatdan bir 7-10 gün müddətində təyin edilir. Uşaqlar üçün başlanğıc doza 10 mq/kq-dır, sonradan doza 7,5 mq/kq-dək artırılaraq hər 12 saatdan bir təyin edilir. Böyüklər üçün maksimal doza 1,5 q-dır.

 

DƏRMAN UYĞUNSUZLUĞU:

Amikasini amfoterisin B, vankomisin, metoksifurin, enfluran, QSİP, rentgenokontrast maddələr, sefalotin, siklosporin, sisplatin, polimiksinlə və furasemidlə eyni zamanda istifadə etdikdə nefrotoksik təsirin inkişaf riski yüksəlir.  Amikasin ilgək diuretikləri (furosemid, etakrin turşusu) və sisplatinlə eyni zamanda istifadə etdikdə nefrotoksik təsirin inkişaf riski yüksəlir.  Amikasin ilgək diuretikləri (furosemid, etakrin turşusu) və sisplatinlə eyni zamanda istifadə edildikdə, ototoksik təsir inkişaf edə bilər. Böyrək çatışmamazlığı zamanı penisillinlərlə birgə təyin edildikdə mikrobəleyhinə təsir zəifləyir. Etil efiri və sinir əzələ keçiriciliyinin blokatorları ilə birgə təyin edildikdə, tənəffüsün ləngiməsi riski yüksəlir.  Amikasin məhlulda penisillinlər, sefalosporinlər, amfoterisin B, xlortiazid, eritromisin, heparin, nitrofurantoin və tiopentonla, habelə, məhlulun tərkibi və qatılığından asılı olaraq tetrasiklin, B qrupu vitaminləri, C vitamini və kalium xloridlə uyuşmur.