Böyüklərdə xəstəliklərin profilaktikası: ümumi və spesifik tövsiyələr

Ədəbiyyatın son icmalı tarixi: avqust 2016 | Məqalənin son yenilənmə tarixi: may 2016 | Məqalənin növbəti yenilənmə tarixi: may 2018.



GİRİŞ

İnsanlara göstərilən keyfiyyətli səhiyyə xidmətləri özündə iki əsas elementi ehtiva edir: sağlamlığın qorunması üçün profilaktik tədbirlərin görülməsi və mövcud olan xəstəliklərin müalicəsi. 

Bu məqalədə yaşı 65-dən aşağı olan şəxslər arasında birincili profilaktika və skrininqin aparılmasına dair ümumi tövsiyələr cəmləşdirilib. Həmin tövsiyələr ən son elmi sübutlara və aparıcı beynəlxalq tibb cəmiyyətlərinin təlimatlarına əsaslanır. 

 

TİBBİ PROFİLAKTİK XİDMƏTLƏRİN PRİORİTETLƏŞDİRİLMƏSİ.

Ürək-damar xəstəlikləri

Yaşı 20-dən yuxarı olan pasiyentlərin ürək-damar xəstəliklərinə görə skrininqi hər 3-5 ildən bir aparılır. Pasiyentdə ürək-damar xəstəliklərinin inkişafı riski aşağıda verilmiş müxtəlif alətlər vasitəsilə qiymətləndirilə bilər. Ən geniş istifadə edilən alətlərə Framinqam risk şkalası (10 illik ürək-damar xəstəliyinin inkişafı riskini qiymətləndirir) və Amerika Kardiologiya Cəmiyyəti, Amerika Ürək Assosiasiyasının tərtib etdiyi riskin qiymətləndirilməsi kalkulyatorudur (10 illik ürək-damar xəstəliyinin inkişafı riskini qiymətləndirir).

Ürək-damar xəstəliklərinin inkişafına təsir edən modifikasiya olunan əsas risk faktorlar aşağıdakı kimidir:

  • pəhriz
  • tütünçəkmə
  • hipertoniya
  • dislipidemiya 
  • piylənmə
  • fiziki aktivlik səviyyəsi 
  • şəkərli diabet

 

Hipertoniya xəstəliyi.

Hipertoniyaya görə skrininq 18 yaşdan sonra başlanmalıdır. Bu skrininqin hansı intervallarla və ya hansı müntəzəmliklə aparılmasına dair yetkin fikir yoxdur. Əksər xəstələrdə arteriyal təzyiq hər həkim baxışında ölçülür. Xəstənin yaşı və digər klinik əlamətlərdən asılı olaraq, hipertoniyanın müalicəsi fərqlənir.

2015-ci ildə ABŞ-ın Profilaktik Xidmətlər üzrə İşçi Qrupu tərəfindən verilmiş təlimata əsasən yaşı 40-dan yuxarı olan, hipertoniyanın inkişafı riski yüksək olan xəstələrdə (arteriyal təzyiqi normanın yuxarı həddində olan xəstələr - 130-139/85-89 mm c.s.) və həmçinin artıq çəki və ya piylənmədən əziyyət çəkən pasiyentlərdə hipertoniyaya görə skrininq hər il aparılmalıdır. Yaşı 18-39 olan və arteriyal təzyiqi norm daxilində olan xəstələrin hipertoniya xəstəliyinə görə skrininqi 3-5 ildən bir aparıla bilər. 

Hiperlipidemiya.

  • Yaşı 17-21 olan pasiyentlərin bir dəfə hiperlipidemiyaya görə yoxlanması və bu məqsədlə acqarına qanda qeyri-yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsi təyin edilməlidir. Qeyri-yuxarı sıxlıqlı lipoprotein xolesterin və ya qeyri-YSLP-X-ni təyin etmək üçün ümumi xolesterindən yüksək sıxlıqlı lipoprotein xolesterinin miqdarını çıxmaq lazımdır. Yəni: qeyri-YSLP-X=ümumi xolesterin - YSLP-X.
  • 21 yaşadək aparılmış skrininqin nəticələri normal olmuş, lakin yüksək risk qrupuna aid pasiyentlərin lipid metabolizminin pozulmasına görə təkrar skrininqin - kişilərdə 25 yaşında, qadınlarda isə 35 yaşında başlanması tövsiyə edilir. Yüksək risk qrupuna aid pasiyentlər dedikdə, ən azı birdən çox əlavə risk faktorları (məs., diabet, hipertoniya, tütünçəkmə, ağırlaşmış ailə anamnezi) və ya çox ciddi hansısa bir risk faktoru (məs., birinci dərəcəli qohumlarında 40 yaşlarında ürəyin koronar damar xəstəliyinin olması) olan pasiyentlər nəzərdə tutulur. 
  • 21 yaşadək aparılmış skrininqin nəticələri normal olmuş və heç bir əlavə risk faktorları olmayan pasiyentlərin lipidlərin metabolizminin pozulmasına görə təkrar skrininqi - kişilərdə 35 yaşında, qadınlarda isə 35 yaşında başlana bilər.

Ürək-damar xəstəliklərinin inkişafı riskini müəyyən etmək üçün lipidlərin təyin edilməsinə qərar verilibsə, tövsiyə olunur ki, ümumi xolesterin və yüksək sıxlıqlı xolesterinin səviyyəsi əldə edilsin. Xolesterinin digər fraksiyalarının təyini və ya bütöv lipid profilinin təyini tələb olunmur. Qeyd edilməlidir ki, ümumi xolesterin və YSLP-in təyini üçün xəstənin acqarına olması tələb olunmur.

PiylənməBütün pasiyentlərin piylənməyə görə skrininqi BKİ-nin hesablanması vasitəsilə aparılmalıdır. 

Fiziki aktivlik. Bütün xəstələrə fiziki aktivlik və sağlam bədən çəkisinin dəstəklənməsi üçün müvafiq məsləhətlər və tövsiyələr verilməlidir. 

Şəkərli diabet. Hipertoniya və ya hiperlipidemiyası olan, BKİ>25 kq/kv.m və yaşı 40-70 arası olan bütün pasiyentlərdə şəkərli diabetə görə skrininqin aparılması tövsiyə edilir. Bu, ürək-damar xəstəliklərinin inkişafı riskinin qiymətləndirilməsi çərçivəsində aparılmalıdır. 

Mümkün olduqda, skrininq acqarına qanda şəkərin səviyyəsinin təyin olunması ilə aparılır (qlyukometrlə barmaqdan götürülən damcı ilə yox, venadan götürülmüş qandan laboratoriyada təyin edilməsinə üstünlük verilir). Paralel olaraq HbA1C-nin təyin edilməsi də məqsədəmüvafiq hesab edilir.  Xüsusilə də, şəkərli diabetin inkişafı riski yüksək olan xəstələrdə HbA1C-nin təyini tövsiyə olunur. Əgər acqarına qanda şəkərin təyin edilməsi mümkün deyilsə, bu hallarda skrininq HbA1C-nin təyin olunması ilə aparıla bilər.

Birincili profilaktika üçün Aspirinin qəbulu. Ürək-damar xəstəliklərinin birincili profilaktikası üçün Aspirinin təyin edilməsinə dair qərar fərdi qaydada qəbul olunur və bu hallarda müvafiq risk faktorları, yanaşı xəstəlikləri, qanaxma riski və s. nəzərə alınır. 

EKQ-nin əldə edilməsi. Ürək-damar xəstəliklərinin inkişafı riski aşağı olan asimptomatik xəstələrdə EKQ-nin əldə edilməsi tövsiyə edilmir. 

Əlavə testlərin faydası. Ürək-damar xəstəliklərinin inkişafı riski aşağı olan xəstələrin skrininqi üçün C-reaktiv zülal, karotid arteriyasının intima-media qalınlığının təyini, KT görüntüləməsi ilə koronar damarların kalsifikasiyası dərəcəsi, qanda homosistein və ya lipoprotein A-nın təyini tövsiyə olunmur. 

Lakin, ürək-damar xəstəliklərinin inkişafı riski orta dərəcəli olan asimptomatik xəsələrdə isə düzgün terapiyanın seçilməsi üçün riskin səviyyəsinin daha dəqiq müəyyən edilməsi vacib olduqda, həmin əlavə testlərin təyin edilməsi faydalı ola bilər. 

 

XƏRÇƏNG XƏSTƏLİKLƏRİ

ProfilaktikaXərçəng xəstəliklərinin profilaktikası məqsədilə bir sıra tədbirlər görülə bilər. Həmin tədbirlərə, o cümlədən, aşağıdakılar da aiddir: 

  • Tütünçəkmədən uzaq olmaq və ya tütündən istifadəni dayandırmaq
  • Fiziki aktiv olmaq
  • Sağlam bədə çəkisini saxlamaq
  • Meyvə, tərəvəz və tam dənəli taxıldan hazırlanan qida məhsullarından ibarət və tərkibində doymuş və trans-yağlar az olan pəhrizə üstünlük vermək
  • Alkoqollu içkilərin qəbulunu məhdudlaşdırmaq
  • Cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlər görmək
  • Həddən çox gün şüaları altında olmamaq
  • Süd vəzi, uşaqlıq boynu və kolorektal xərçəngə görə müntəzəm skrininqlərdən keçmək. 

Tütünçəkmə ilə sıx bağlı olan ağız boşluğu, udlaq, qırtlaq, sidik kisəsi, qida borusu və ağciyər xərçəng xəstəliklərinin profilaktikası çox effektivdir. Xərçəng xəstəliyinin profilaktikası məqsədilə Aspirinin təyin olunmasına dair qərar fərdi qaydada qəbul edilir. 

Süd vəzi xərçəngi

Qadınlarda süd vəzi xərçənginin inkişafına təsir edən risk faktorlarına qadının yaşı, genetik meyillik və estrogenin təsiri aiddir. Anamnezlərində və ya yaxın ailə üzvlərində süd vəzi və ya yumurtalıqların xərçəngi olan qadınların süd vəzi və yumurtalıqların irsi xərçəng sindromlarına görə skrininqi tövsiyə edilir. 

Anamnez toppledıqda, həkim qadından onun özündə və yaxın qohumları (ana və ata tərəfdə) arasında süd vəzi və yumurtalıqların xərçənginin olub olmadığını soruşmalı və müsbət cavab aldıqda, həmin qadınların skrininqini nəzərdən keçirməlidir. Ailə anamnezi positive olan qadınların genetik məsləhət kabinetinə yönəldilməsi çox önəmlidir. 

Orta dərəcəli riski olan qadınların skrininqi. 40 yaşından başlayaraq müayinə zamanı süd vəzi xərçənginə görə skrininqin aparılması bütün qadınlarla müzakirə edilməlidir. Xəstənin fərdi risk dərəcəsindən asılı olaraq mammoqrafiyanın təyin edilməsinə dair qərar qəbul edilməlidir. Burada nəzərə almaq lazımdır ki, qadının yaşı artdıqca skrininqin nisbi faydası və zərəri də dəyişir. Yaş artdıqca mammoqrafiyanın mütləq faydası da artmış olur. Süd vəzi xərçəngi halları çox az təsadüf etdiyindən və aparılan mammoqrafiyanın həssaslığı aşağı olduğundan, gənc yaşlı qadınlarda mammoqrafiyanın mütləq faydası daha aşağıdır və yalnış müsbət nəticələr daha çox qeydə alınır. 

Həkim baxışı zamanı hər bir qadın mammoqrafiyanın faydası və zərəri barədə məlumat almalı və həmçinin yalnış müsbət halların başverməsi riski barədə də məlumatlandırılmalıdır. Son illərdə süd vəzi xərçənginin müalicəsi nəticəsində ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq, bəzi qadınlar skrininqdən imtina edə bilər. Lakin skrininqin aparılmasına razılıq verən qadınlarda mammoqrafiyanın hansı tezliklə aparılmasına dair yetkin fikir yoxdur. Əksər mütəxəssislər skrininq məqsədilə mammoqrafiyanın hər iki ildən bir aparılmasını tövsiyə edir. 

Skrininq nə zaman dayandırılmalıdır: Qadının ömür uzunluğunun ən azı 10 il olduğu gözlənilirsə, skrininq hər iki ildən bir davam etdirilməlidir. Mammoqrafiya ilə süd vəzi xərçənginə görə müayinə olunan qadınlarda süd vəzinin klinik fiziki müayinəsinin aparılması tələb olunmur. Süd vəzinin xəstənin özü tərəfindən müayinəsi formal skrininqi əvəz etmir və yalnız mammoqrafiyaya əlavə kimi tətbiq oluna bilər. Süd vəzinin xəstənin özü tərəfindən müayinəsi yalnız buna dair təlimat almış və normal toxumanı şübhəli kütlə və ya törəmədən ayırmağı bacaran qadınlara tövsiyə edilməlidir. 

Uşaqlıq boynu xərçəngi.

İmmunkompetent (immun sistemi normal fəaliyyət göstərən) və uşaqlıq boynu olan 21-65 yaşlı qadınların uşaqlıq boynu xərçənginə görə skrininqi tövsiyə olunur. 

  • Uşaqlıq boynu xərçənginin inkişafı riski orta dərəcəli olan immunkompetent (İİV neqativ və ya immun çatışmazlığı olmayan) 21-65 yaşlı qadınlarda skrininq məqsədilə hər üç ildən bir Papanikolauya görə uşaqlıq boynundan yaxma götürülür.  
  • Uşaqlıq boynu xərçənginin inkişafı riski orta dərəcəli olan immunkompetent (İİV neqativ və ya immun çatışmazlığı olmayan) 30-64 yaşlı qadınlarda skrininq məqsədilə hər üç ildən bir Papanikolauya görə yaxma götürülür və ya hər beş ildən bir Papanikolauya görə yaxma ilə yanaşı HPV-yə (insanın papilloma virusu) yoluxma statusu yoxlanılır.   
  • Əvvəlki skrininqlərin nəticəsi neqativ olan aşağı risk qrupuna aid yaşı 65-dən yuxarı olan qadınların bundna sonra skrininqi tələb olunmur. Lakin uşaqlıq boynu xərçənginin inkişafı baxımdan risk altında olan yaşı 65-dən yuxarı olan və ömür uzunluğu yaxşı olan qadınların skrininqinin davam etdirilməsi məqsədəmüvafiqdir. Risk faktorlara aşağıdakılar aiddir: əvvəllər aparılmış skrininq zamanı Papanikolauya görə yaxmada patoloji dəyişikliklərin olması, hazırda və ya əvvəllər tütündən istifadə etmə, HPV ilə bağlı hər hansı xəstəlik və ya yeni cinsi partnyorların olması. Bir çox mütəxəssis risk faktoru olan qadınların skrininqinin 80 yaşınadək aparılmasını tövsiyə edir.   
  • Əvvəllər skrininqdən keçməmiş yaşlı qadınlarda yeni başlanmış skrininqin 70-75 yaşadək davam etdirilməsi tövsiyə olunur. 
  • Uşaqlıq boynu xərçəngi və ya uşaqlıq boynunun yüksək dərəcəli xərçəngönü xəstəliyi istisna olmaqla, hər hansı digər səbəblərə görə total histerektomiya əməliyyatı keçirmiş qadınların uşaqlıq boynu xərçənginə görə skrininqi məqsədəuyğun deyildir. 

Yumurtalıqların xərçəngi

Yumurtalıqların xərçənginin inkişafı riski orta dərəcəli olan qadınların bu xərçəng növünə görə skrininqi tövsiyə olunmur. 

Kolorektal xərçəng.

Xəstənin fərdi risk dərəcəsindən asılı olaraq, kolorektal xərçəngə görə skrininqin başlanması vaxtı və aparılması tezliyi fərqlidir.  

  • Risk faktorları olmayan xəstələr. Kolorektal xərçəngin inkişafı riski orta dərəcəli olan yaşı 50-dən yuxarı şəxslərin kolorektal xərçəngə görə skrininqi tövsiyə olunur. Kolorektal skrininqin xəstənin ömür uzunluğu 10 ildən az olanadək davam etdirilməsi məqsədəmüvafiqdir. Əksər xəstələrdə skirininq xəstə 75 və ya 85 yaşa çatdıqda dayandırılır. Seçilmiş skrininq proqramından asılı olaraq, müayinənin aparılması tezliyi fərqlidir. Xəstələr müxtəlif skrininq metodlarına dair ətraflı məlumat almalı, hər bir metodun riskləri və faydasını bilməlidir. Optimal skrininq metodunun seçiminə xəstənin istəyi, həkimin tövsiyəsi, metodun təhlükəsizliyi, qiyməti, effektivliyi və əlçatanlığı təsir göstərir. 
  • Aşağıdakı risk faktorları kolorektal xərçəng riskini artırır: 
    • Birinci dərəcəli qohumlar arasında kolorektal xərçəngin olması.
    • İrsi adenomatozlu polipoz xəstəliyi. 
    • Linç sindromu. 
    • Peutz-Jeghers sindromu. 
    • İltihablı bağırsaq xəstəliyi (Kron xəstəliyi, Xoralı kolit, qarışıq tipli iltihablı bağırsaq xəstəliyi).

Ağciyər xərçəngi

Tütünçəkmə (xüsusilə də, siqaret çəkmə) ağciyər xərçənginin inkişafına səbəb olan ən mühüm risk faktorudur. Tütündən istifadə edən bütün xəstələrə tütünçəkmənin dayandırılmasına dair məsləhətlər verilməlidir. Tütünçəkmənin dayandırılması ağciyər xərçənginin yaranması riskini azaldan ən effektiv müdaxilə herab edilir. 

Əlçatan olduqda və bahalı olmadıqda, ağciyər xərçənginin inkişafı riski yüksək olan, 30 qutu-il tütünçəkmə təcrübəsi olan və ya son 15 ildə tütünçəkməni tərgitmiş 55-74 yaşlı xəstələrin skrininqi aşağı dozalı KT görüntüləməsi ilə aparılır. 

Son dövrlərədək ağciyər xərçəngi və vərəmə görə skrininq məqsədilə döş qəfəsinin illik rentgen müayinəsi geniş istifadə edilirdi. Lakin vərəmin geniş yayılmadığı ölkələrdə ağciyər xərçənginə görə rentgen müayinəsinin aparılması effektiv deyil. Belə ki, tədqiqatlar göstərib ki, illik döş qəfəsinin rentgen müayinələri ağciyər xərçəngindən ölüm hallarına heç bir təsir göstərmir. Bununla yanaşı, vərəm halları geniş yayılmış ölkələrdə, o cümlədən, Azərbaycanda və bir çox digər keçmiş Sovet Respublikalarında, döş qəfəsinin illik rentgenoloji müayinəsinin skrininq məqsədilə istifadəsi faydalı ola bilər. Lakin qeyd edilməlidir ki, bu yanaşmanın effektivliyini təsdiq edən araşdırmalar aparılmayıb. 

Prostat vəzi xərçəngi

Prostat vəzi xərçəngi dünyada kişilər arasında ikinci ən geniş yayılmış xərçəng xəstəliyidir. 2008-ci ildə dünyada 900.000 prostat vəzi xərçəngi diaqnozu qoyulmuş və 258.000 xəstə bu xəstəlikdən ölmüşdür. Prostat vəzi xərçənginin kliniki gedişatı müxtəlifdir və mikroskopik, kliniki əhəmiyyətə malik olmayan yaxşı differensiasiya olunmuş törəmədən tutmuş aqressiv, metastaz edən, xəstələnmə və mortaliteyə səbəb olan yüksək dərəcəli törəməyədək dəyişir. Prostat spesifik antigen (PSA) testinin tətbiqindən sonra prostat vəzinin xərçəngi hallarının sayı xeyli artmışdır. Hazırda isə prostat vəzi xərçəngi halları hər il 1% artmaqdadır. Bu artımın səbəbi dəqiq məlum olmasa da, ehtimal edilir ki, ətraf mühit və genetik faktorlar burada xüsusi rola malikdir. 

PSA və ya prostat spesifik antigen yalnız prostat vəzi hüceyrələri tərəfindən sekresiya olunan proteindir. Lakin, prostat spesifik antigen prostat vəzi xərçənginə spesifik deyildir. Belə ki, prostatın digər xəstəlikləri, o cümlədən, prostatın xoşxassəli hiperplaziyası və ya prostatit, PSA-nin səviyyəsinə təsir etmiş olur. Araşdırmalar göstərir ki, PSA əsasında aparılan skrininq (risk qrupuna aid xəstələr arasında PSA-nin səviyyəsinin təyini testi) vasitəsilə daha çox prostat vəzi xərçəngi halları müəyyən edilir. Məlumdur ki, 1980-cı ildə PSA testinin tətbiqindən sonra prostat vəzinin xərçəngi hallarının sayı artmışdır.

PSA testi ilə xəstələrin skrininqinə dair bir sıra mübahisəli məsələlər qalmaqdadır. PSA testi ilə daha çox prostat vəzi xərçənginin təyin edilməsinə baxmayaraq, bir çox xəstələrdə yüksək PSA biopsiyanın aparılmasına və həyata təhlükə törətməyən prostat vəzi xərçənginin müalicəsinin başlanmasına və bu müalicənin yan təsirlərindən əziyyət çəkmələrinə gətirib çıxarır. Bununla yanaşı PSA səviyyəsi yüksək olan xəstələrdə prostat vəzinin biopsiyası sonradan neqativ olur. Buna görə də, PSA skrininq testinin xüsusilə seçilmiş əhali qrupu arasında aparılması (ən azı 10 il ömrü olan xəstələr) məqsədə uyğundur. 

Ümumiyyətlə, prostat vəzi xərçənginə görə skrininqin aparılmasına dair ilkin müzakirələr orta dərəcəli risk qrupuna aid xəstələrlə 50 yaşında, yüksək risk qrupuna aid xəstələrlə 40-45 yaşında başlanır. Yüksək risk qrupuna aşağıdakı xəstələr aid edilir: birinci dərəcəli ailə üzvlərində prostat vəzi xərçənginin olması, yaşı 65-dən aşağı olan yaxın qohumlarında prostat vəzi xərçənginin olması, BRCA1 və ya BRCA2 mutasiyası olan kişilər. Skrininqin aparılmasına dair qərar qəbul edildikdə, hər 2-4 ildən bir PSA-nin təyini ilə skrininq aparıla bilər. 

Melanoma

Dərinin müxtəlif patologiyalarının müayinəsi çox zaman çətinliklər törədir. Bu patologiyalar nadir hallarda ilk dəfə cərrahlar tərəfindən müayinə edilir. Adətən digər ixtisas həkimləri – dermatoloqlar, ailə həkimləri, terapevtlər və s. – dəri törəmələri və ya dərinin digər xoşxassəli və ya bədxassəli patologiyalarını ilkin müayinəsini aparır. 

Dərinin bədxassəli törəmələri hallarının sayı əksər dünya ölkələrində son illərdə artmaqdadır. Məsələn, ABŞ-dan verilən məlumata əsasən hər il 1.2 mln qeyri-melanoma olan dəri xərçəngi aşkar edilir. Eyni zamanda hər il 80.000 yeni melanoma halları qeydə alınmaqdadır. Bəzi araşdırmalaradan məlumdur ki, qeyri-melanoma və melanoma şişlərinin son dövrlərdə artması insanların günəş şüasına məruz qalması ilə əlaqəlidir. 

Melanoma bazal hüceyrə və yastı hüceyrə karsinomalarından daha az hallarda müşahidə edilir. Lakin, melanoma dəri xərçəngləri içərisində ən ölümcülüdür. Məsələn, ABŞ-da melanoma ölümə səbəblər sırasında 6-cı yeri tutur. 

Xəstənin ailə üzvləri və yaxın qohumlarında dəri xərçənginin olmasına dair məlumat əldə edilməlidir. Ailə üzvlərində melanomanın olması, xəstələrdə melanoma riskini 8-12 dəfə artırır. İmmun sisteminin supressiyası və ya çatışmazlığı, habelə orqan transplantasiyasının resipiyenti olması, dəri xərçənginin yaranması baxımından xəstələrdə riski artırmış olur. Aşağıdakı risk faktorların olması melanoma riskini 3.5 dəfə artırmış olur

  • ailə üzvlərində melanoma
  • 20 yaşadək suluqlanma ilə müşahidə edilən 3 və daha çox gün şüası səbəbindən yanıqlar
  • sarı və ya qırmızıntı saçlar
  • aktinik keratozun mövcudluğu
  • yeniyetmə kimi ən azı 3 il dalbadal yay aylarında gün altında işləmə.

Yuxarıdakı risk faktorları olan və ya ailə üzvlərində irsi melanoma sindromu olan xəstələrin dermatoloq və ya təcrübəli ailə həkimi tərəfindən mütamadi olaraq tam bədən müayinəsinin aparılması tövsiyə edilir. Bununla yanaşı, melanomanın inkişafı riski yüksək olan xəstələrə mütamadi olaraq bədən dərilərini özləri tərəfindən müayinə etmələri və şübhəli hallarda həkimə müraciət etmələri tövsiyə olunmalıdır. 

Melanomanın erkən diaqnostikası onun müalicəsinin efektivliyini təmin edir. Dərinin piqmentasiyalı törəmələrini müayinə edərkən aşağıdakı “AKRD qaydalardan istifadə etmək xüsusilə tövsiyə edilir

  • Asimmetriya: melanomalar adətən asimmetrik böyümə xüsusiyyətinə malik olur. 
  • Kənarların qeyri-düzgünlüyü: melanomalar kənarları adətən qeyri-düz olur. 
  • Rəngin dəyişməsi: melanomaların qeyri-simmetrik böyümə xüsusiyyəti onun müxtəlif hissələrində fərqli rənglərin müşahidə edilməsinə səbəb olur (qara, açıq və tünd qəhvəyi). 
  • Diametr: yuxarıda qeyd edilmiş AKR xüsusiyyətlərə malik olan və diametri >6 mm-dən böyük törəmələrin melanoma olmasına şübhə kifayə qədər yüksək olmalıdır.  

 

Şəkil. AKRD meyarları: assimetriya, qeyri-düzgün kənarlar, rəng müxtəlifliyi və diametr. 

 

İMMUNLAŞDIRMA VƏ VAKSİNASİYA.

Əksər ölkələrdə körpə və uşaqların immunlaşdırması (vaksinasiyası) ilə yanaşı böyük yaşlı əhalinin də müvafiq qaydada vaksinasiyası həyata keçirilir. Həmin ölkələrdə böyük yaşlı əhali üçün yaşa uyğun olaraq immunlaşdırmaya dair tövsiyələr verilir.  

Qripə qarşı vaksin. Bütün böyük yaşlı şəxslərin qripə qarşı vaksinasiya tövsiyə olunur. 

Tetanus, difteriya və hüceyrəsiz göy öskürək vaksini. Əksər inkişaf etmiş ölkələrdə yaşı 19-a çatmış bütün böyüklərin AGDT (göy öskürək-difteriya-tetanusa qarşı) ilə vaksinasiyası tövsiyə olunur. Daha yuxarı yaşda olan və əvvəllər AGDT vaksini almayan şəxslərin də vaksinasiyası tövsiyə olunur. Bütün böyüklərin hər 10 ildən bir tetanus və difteriyaya qarşı təkrar vaksinasiya da tövsiyə olunur.

Su çiçəyi və ya varicella infeksiyası. Yaşı 13-dən yuxarı olan və su çiçəyinə qarşı immuniteti olmayan bütün sağlam şəxslərin su çiçəyinə qarşı vaksinasiyası tövsiyə olunur.

İnsanın papilloma virusuna (İPV) qarşı peyvənd. Əvvəllər vaksinasiya olunmamış 26 yaşadək olan qadınların İPV-yə qarşı vaksinasiyası tövsiyə olunur. 

Kəmərləyici dəmrov (herpes zoster) xəstəliyinə qarşı vaksin. Kəmərləyici dəmrov və su çiçəyi xəstəlikləri eyni virusun (Varicella-Zoster Virusu) törətdiyi iki xəstəlikdir. Kəmərləyici dəmrova qarşı vaksinasiyanın yaşı 50-dən yuxarı olan əksər şəxslərdə aparılması tövsiyə olunur.

Pnevmokokka qarşı vaksin. Pnevmokokk tərəfindən törədilən xəstəlik riski yüksək olan 19-64 yaşlı bütün böyüklərin pnevmokokk əleyhinə peyvənd alması tövsiyə olunur. Yaşı 65-dən yuxarı olan bütün böyüklərin pnevmokokka qarşı vaksinasiyası tövsiyə edilir.  

Hepatit B-yə qarşı vaksin. Hepatit B (HBV) virusuna yoluxma riski yüksək olan şəxslərin, o cümlədən, yaşı 60-dan aşağı olan diabetik xəstələrin HBV-yə qarşı vaksinasiya tövsiyə edilir. 

 

PSİXO-SOSİAL SAĞLAMLIQ MƏSƏLƏLƏRİ

DepressiyaDepressiyaya görə skrininq müayinələrinin optimal tezliyi dəqiq məlum deyil. Buna görə də, ümumi həkim baxışı zamanı xəstələri depressiyaya müayinə etmək tövsiyə olunur.  Depressiyası olan xəstələrin daha detallı müayinə və müalicə üçün sonradan müvafiq mütəxəssislərə yönəldilməsi tələb olunur. Depressiyaya görə skrininq müayinəsi üçün verbal sorğu-sual metodundan istifadə əksər hallarda yetərlidir. Verbal sorğu-sual nəticəsində depressiyaya skrininq pozitiv olarsa, daha dərinləşdirilmiş müayinənin aparılmasına dair qərar verilə bilər. 

 

OSTEOPOROZ

Aşağıdakı əhali qruplarının osteoporoza yoxlanması tövsiyə olunur: 

  • osteoporozla bağlı risk faktorları olan postmenopauza dövrünü yaşayan yaşı 65-dən aşağı olan qadınlar. 
  • aşağı sümük kütləsinin olmasına dəlalət edən klinik əlamətləri olanlar, sınıqla bağlı risk faktorları olan xəstələr (məs., prostat vəzi xərçənginə görə anti-androgen terapiyası alan, hipoqonadizm, birincili hiperparatireoz və ya bağırsaq xəstəlikləri olan xəstələr) və ya zəif travmaya baxmayaraq sümük sınığı almış xəstələr. 
  • yaşı 65-dən yuxarı olan bütün qadınlar. 

Osteoporoza görə skrininq məqsədilə sümük sıxlığı DEXA və ya dual energy x-ray absorptiometry ilə yoxlanılır.

 

DAMAR XƏSTƏLİKLƏRİ

Abdominal aortanın anevrizması (AAA)

Yaşı 65-dən aşağı olan böyüklərin AAA-ya görə skrininqi tövsiyə olunmur. Yaşı 65-75 olan və hazırda tütün çəkən və ya əvvəllər tütündən istifadə etmiş kişilərin bir dəfə US müayinəsi ilə AAA-ya yoxlanması tövsiyə olunur. Həmçinin, heç vaxt tütün çəkməyən, lakin AAA-ya görə əməliyyat olunmuş və ya onun cırılması səbəbindən ölmüş birinci dərəcəli qohumu olan 65-75 yaşlı kişilərin bir dəfə US müayinəsi ilə AAA-ya görə yoxlanılması tövsiyə olunur. 

Yuxu arteriyasının stenozu

Asimptomatik olan xəstələrin yuxu arteriyasının stenozuna görə skrininqi (istər yuxu arteriyasında küyün auskultasiyası və ya US dupleks vasitəsilə müayinəsi) tövsiyə olunmur. 

Periferik arteriyaların xəstəliyi

Hazırda asimptomatik xəstələrin periferik arteriyaların xəstəliyinə görə skrininqdən keçirilməsi tövsiyə edilmir. 

 



BİBLİOQRAFİYA.

  1.  Screening for high blood pressure in adults: U.S. Preventive Services Task Force recommendation statement. Ann Intern Med 2015; 163:I.
  2. Siu AL, U.S. Preventive Services Task Force. Screening for high blood pressure in adults: U.S. Preventive Services Task Force recommendation statement. Ann Intern Med 2015; 163:778.
  3. Centers for Disease Control and Prevention (CDC). Updated recommendations for use of tetanus toxoid, reduced diphtheria toxoid, and acellular pertussis (Tdap) vaccine in adults aged 65 years and older - Advisory Committee on Immunization Practices (ACIP), 2012. MMWR Morb Mortal Wkly Rep 2012; 61:468.