GİRİŞ.
Sidik kisəsi kateterləri sidiyin drenajı məqsədilə və ya sidiyin analizi üçün sidik nümunəsinin toplanması üçün istifadə edilir.Sidik kateterləri bir çox kliniki vəziyyətlərdə tələb olunur, lakin əksər hallarda onlar gərəkli olmadıqda belə geniş tətbiq edilir. Ağırlaşmaların profilaktikası və/və ya aradan qaldırılması məqsədilə, xəstəyə qoyulmuş sidik kateterləri gündəlik müayinə olunmalı, ona olan ehtiyac hər gün nəzərdən keçirilməli və tələb olunmadıqda onların çıxarılması üçün tədbirlər görülməlidir.
ÜMUMİ AĞIRLAŞMALAR
Bakteriuriya və sidik yollarının infeksiyası — Bir həftə və daha çox müddətə qoyulmuş sidik kateterləri olan xəstələrdə sidikdə bakteriyalar müəyyən edilir. Bakteriuriyanın əmələ gəlməsi kateterin növündən və onun sidik yollarında qalması müddətindən asılı olur. Xroniki və ya uzun müddətli sidik kateterindən istifadə təkrar sidik yolları infeksiyasına səbəb ola bilər ki, bu da nəticədə kəskin və ya xroniki piyelonefrit və ya sidik kisəsi xərçənginə gətirib çıxara bilər.
Epididimit — Uretral prosedurların əksəriyyəti zamanı epididimit baş verə bilər ki, bu da bəzi hallarda xayalara keçərək orxitə səbəb ola bilər.
Kateter şarının fraqmentlərinin saxlanması — Sidik kateterlərinin ucunda olan şarların spontan partlaması baş verə bilər. Əgər kateter qəflətən özü özünə çıxıbsa yerindən, bu zaman onun tam olmasına yəni sidik kisəsi və ya sidik yollarında heç bir fraqmentlərin qalmamasına əmin olmaq lazımdır. Əgər balon (şar) fraqmentlərini müəyyən etmək olmursa, bu zaman sistoskopiya aparılmalı və sidik kisəsində fraqmentlərin qalıb-qalmaması müəyyən edilməli və çıxarılmalıdır. Sidik kisəsində qalmış kateter fraqmentləri çox zaman uretral obstruksiya yarada bilər.
Sidik kateteri balonun (şarı) partlamasa sponta baş verə bilər. Lakin, bu həm də boşaldılması mümkün olmayan balonun dartılması və ya aksinə artıq doldurulması nəticəsində də baş verə bilər. Bir eksperimental tədqiqatda boşaldılması mümkün olmayan kateter balonun perkutan iynə ilə deşilməsi sidik kisəsində fraqmentlərin qalması ilə nəticələnməmişdir.
Sidik kisəsi fistulası — Sidik kateteri olan xəstəin sidiyində nəcis və ya havanın olması fistulanın əmələ gəlməsindən xəbər verə bilər. Fistulala sidik kisəsi ilə nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və ya vaqina arasında (məs.. enterovezikal, kolovezikal, rektovezikal, vezikovaqinal) əmələ gələ bilər. Bu fistulalar yerləşdirilmiş sidik kateteri nəticəsində yarana biləcək nadir ağırlaşmalardan hesab edilir və daha çox kanser, iltihab, şüa terapiyası və ya travma almış xəstələrdə uzun müddətə qoyulmuş sidik kateterləri ilə əlaqəli olur.
Sidik kisəsinin perforasiyası — Sidik kisəsinin peritondaxili və ekstraperitoneal cırılması uzun müddətli kateterlər zamanı müşahidə edilir. Hematuriya və qarın ağrısı kəskin perforasiya səbəbindən ola bilər. Qarın boşluğunda azad hava yalnız peritondaxili perforasiya baş verdikdə müəyyən edilir.
Sidik kisəsi daşının formalaşması — Sidik kisəsində kənar obyektlərin olması səbəbindən burada daşlar əmələ gələ bilər. Urea (sidik cövhərini) parçalayan, məs., Proteus mirabilis, bakteriyalar sidik kisəsində daşın əmələ gəlməsi ilə əlaqədardı. Kateterin növü (məs.. lateks, silikon materialdan) də daşların əmələ gəlməsində rol oynaya bilər. Lakin bunu təsdiq etmək üçün dəqiq məlumat mövcud deyil.
KATETERİN NÖVÜNDƏN ASILI OLARAQ SPESİFİK AĞIRLAŞMALAR
A. Kondom kateterlər — Kondom kateterlərlə bağlı yaranan ağırlaşmalar əsasən onların düzgün olmayan və ya uzun müddətli istifadəsi və qoyulduqdan sonra qeyri-adekvat monitorinqi ilə əlaqəlidir. Əksər ağırlaşmaların ciddi və uzun müddətli təsirləri yoxdur. Lakin, bəzən penisin zədələnməsi və nəticədə deformasiyası və çapıqlaşması baş verə bilər.
Penisin dərisində hissiyatın itməsindən (məs., onurğa beyin zədələnməsi almış xəstələr) əziyyət çəkən xəstələr daha ciddi ağırlaşmalara məruz qalma baxımdan yüksək risk altında olur.
Təzyiq efekti — Dərinin depiqmentasiyası baş verə bilər, lakin bu daha çox dermatoloji xəstəlikləri olan şəxslərdə müşahidə edilə bilər. Kondom kateterin bərkidilməsi üçün istifadə edilən yapışqan adqeziv plastır və ya rezin halqa, öz növbəsində, dərinin səthi xoralanmasına səbəb ola bilər. Təkrar olaraq adqeziv plastırların istifadəsi xoralanmanı getdikcə daha da pisləşdirir. Əgər xora əmələ gəlibsə, kondom kateterin istifadəsi dayandırılması və xəstədə aralıqlı və ya daimi Foli sidik kisəsi kateteri qoyulmalı və dəri üzərində olan yaranın sağalması üçün tədbirlər görülməlidir. Düzgün qoyulmayan kondom kateterin uzun müddətli istifadəsi nəticəsində penis sıxılma və ya təzyiq altında qala bilər ki, bu da toxuma işemiyasına və penis və/və ya uretral nekroza səbəb ola bilər. Ölmüş, nekrozlaşmış toxumaları təmizləmək üçün bəzən cərrahi təmizləmə metodundan istifadə etmək gərəkli ola bilər. Eyni zamanda bəzən zədələnmiş penisin bərpası üçün dəri transplantasiyası tələb oluna bilər.
B. Uretral kateterlər — Kateterin yerləşdirilməsindən sonra yarana biləcək sızma, tıxanma və ya blok, və kateterin rədd edilməsi həm xəstəni, həm də həkimi üzə bilər. Kateter texnologiyası və ona qayğının göstərilməsinə dair lazımi biliyə malik olma, bu cür mexaniki problemlərin profilaktikasında yardım etmiş olur.
Uretral travmanın efekti — Travmatik uretral kateterin qoyulması uretral zədələnməyə səbəb ola bilər. Kateterin yerləşdirilməsinə cəhddən sonra ağrı hissiyatı və qanama və sonradan kateterin sidik kisəsinə keçirilə bilməməsi yalançı uretral keçidin yaranmasına dəlalət edir. Bu cür zədələnmələr adətən geniş miqyaslı rekonstruktiv cərrahi müdaxilə tələb edir.
Yalançı uretral keçidin formalaşması səbəbindən periuretral yumuşaq toxumaların iltihabı və infeksiyası sonradan absesin yaranmasına gətirib çıxara bilər. Əgər fiziki müayinədə abses aşkar edilməzsə, diaqnostika ləngiyə bilər və infeksiya ətraf toxumalara yayıla bilər. İnfeksiyanın dəri səthinə yol açması nəticəsində uretrokutaneos (uretra və dəri arasında) fistulanın yaranmasına səbəb ola bilər. Uretral kateterizasiyadan sonra Furniye qanqrenası da inkişaf edə bilər.
Uretral kateterizasiyadan sonra uretral daralmalar (strikturalar) demək olar ki, əsasən kişi cinsindən olan xəstələrdə müşahidə edilir. Aralıqlı və ya vaxtaşırı uretral kateterizasiyanın təkrar olaraq aparılması uretral daralmaya gətirib çıxara bilər ki, bu öz növbəsində gələcəkdə travmatik kateterizasiya ehtimalını artırmış olur. Uretral daralma və ya strikturanın yaranması xroniki kateterizasiyanın müddətindən asılıdır. Belə ki, əksər xəstələrdə uretral daralma 5 il davam edən aralıqlı və ya vaxtaşırı kateterizasiyadan sonra baş verir.
Sidiyi saxlaya bilməmə (inkontinans) — Uretral kateterizasiyadan sonra sidiyi saxlaya bilməmə də inkişaf edə bilər. Bu daha çox uretral sfinkterIn disfunksiyası ilə bağlı olur.
C. Suprapubik kateterlər — Düzgün qoyulduqda, suprapubik kateterlərdən sonra ağırlaşmalar çox nadir hallarda baş verir. Kateterin ilk dəfə qoyulması ilə əlaqədar ağırlaşmalara əsasən dəri və ya sidik kisəsindən qanaxma və bağırsaq zədələnməsidir. Suprapubik kateterin qoyulması zamanı bağırsağın zədələnməsi əksər hallarda kateterin qoyulması zamanı sidik kisəsinin dolu olmaması ilə bağlıdır. Suprapubik kateterlərin uzun müddətli istifadəsi isə dəri eroziyaları və xroniki sızma ilə bağlı problemlərlə bağlıdır.
AĞIRLAŞMALARIN PROFİLAKTİKASI — Sidik kateterinin qoyulması və ona göstərilən qayğının düzgün aparılması ağırlaşmaların sayını xeyli azalda bilər. Kateterin qoyulması səbəbindən infeksion ağırlaşmaların efektiv profilaktikası aşağıdakılardan ibarətdir:
- gərəksiz yerə sidik kateterinin qoyulmaması və/və ya
- sidik kateterinə ehtiyac və saxlanılmasına göstəriş olmadıqda, onun ləngimədən çıxarılmasını təmin etmək.
Xəstəxanada sidik kisəsi kateterlərinin qoyulması, onlara qayğının göstərilməsi və çıxarılmasını əhatə edən izahlı protokolun olması sidik yolları infeksiyaları və digər ağırlaşmaların sayını xeyli azaltmış olur.
Sidik yolları infeksiyalarının profilaktikası məqsədilə isə aşağıdakı xüsusi tədbirlərdən istifadə etmək tövsiyə edilir:
- Davamlı qapalı drenaj sistemindən istifadə etmək.
- Sıradan kateterlərin irriqasiyasını aparmamaq. Kateterlər yalnız xüsusi hallarda irriqasiya olunmalıdır.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR:
- Kateterin qoyulması səbəbindən infeksion ağırlaşmaların efektiv profilaktikası aşağıdakılardan ibarətdir:
- gərəksiz yerə sidik kateterinin qoyulmaması və/və ya
- sidik kateterinə ehtiyac və saxlanılmasına göstəriş olmadıqda, onun ləngimədən çıxarılmasını təmin etmək
- Sidik kisəsi kateterləri nəticəsində ən çox rast gəlinən ağırlaşmalara sidik yolları infeksiyaları aiddir. Kişilərdə sidik infeksiyası hətta epididimit və ya orxitə səbəb ola bilər. Uzun müddətli sidik kateterinin ağırlaşmalarına sidik kateteri balonun fraqmentlərinin sidik kisəsində qalması səbəbindən sidik yollarının obstruksiyası, sidik kisəsinin fistulası, sidik kisəsinin perforasiyası və ya sidik kisəsi daşının formalaşması daxildir.
- Düzgün qoyulmayan kondom kateterin uzun müddətli istifadəsi nəticəsində penis sıxılma və ya təzyiq altında qala bilər ki, bu da onun toxumasının işemiyasına və penisin və/və ya uretranın nekrozuna səbəb ola bilər. Kondom kateter həm də dərinin depiqmentasiyası və eroziyasına da səbəb ola bilər. Kondom kateterin düzgün qoyulması və mütamadi yoxlanılması həmin ağırlaşmaların profilaktikasına yardım edə bilər.
- Travmatik uretral kateterin qoyulması uretral zədələnməyə səbəb ola bilər. Kateterin yerləşdirilməsinə cəhddən sonra ağrı hissiyatı və qanama və sonradan kateterin sidik kisəsinə keçirilə bilməməsi yalançı uretral keçidin yaranmasına dəlalət edir. Bu cür zədələnmələr adətən geniş miqyaslı rekonstruktiv cərrahi müdaxilə tələb edir. Yalançı uretral keçidin formalaşması səbəbindən periuretral yumuşaq toxumaların iltihabı və infeksiyası sonradan absesin yaranmasına gətirib çıxara bilər.
- Uretral kateterizasiyadan sonra uretral daralmalar (strikturalar) demək olar ki, əsasən kişi cinsindən olan xəstələrdə müşahidə edilir. Aralıqlı və ya vaxtaşırı uretral kateterizasiyanın təkrar olaraq aparılması uretral daralmaya gətirib çıxara bilər ki, bu öz növbəsində gələcəkdə travmatik kateterizasiya ehtimalını artırmış olur.
- Uzun müddətli sidik kateterizasiyası səbəbindən həm də sidiyi saxlaya bilməmə də inkişaf edə bilər.
- Düzgün qoyulduqda, suprapubik kateterlərdən sonra ağırlaşmalar çox nadir hallarda baş verir. Kateterin ilk dəfə qoyulması ilə əlaqədar ağırlaşmalara əsasən dəri və ya sidik kisəsindən qanaxma və bağırsaq zədələnməsidir. Suprapubik kateterin qoyulması zamanı bağırsağın zədələnməsi əksər hallarda kateterin qoyulması zamanı sidik kisəsinin dolu olmaması ilə bağlıdır. Digər tərəfdən əvvəllər çanaqda cərrahi müdaxilə almış xəstələrdə sistoskopiya altında suprapubik kateterin qoyulması zamanı iynənin yaxşı vizualizasiya edilməməsi də bağırsaq zədələnməsinə səbəb olur.