Kolorektal cərrahiyyədə nəzərə alınmalı xüsusiyyətlər

Cərrahi əməliyyatdan sonra Sürətli Bərpa sistemi kolorektal cərrahi müdaxiləyə məruz qalan xəstələrin perio-operativ (yəni əməliyyatdan əvvəl və sonra) aparılmasına dair xüsusi təlimatları özündə ehtiva edir. Həmin təlimatdan irəli gələn ən mühüm məqamlara diqqəti çəkmək vacibdir.

  • Əməliyyat olunmaq üçün xəstəxanaya qəbul edilən xəstələr əməliyyatdan əvvəl və sonra baş verən proseslər, hospitalizasiya dövründəki gözləntilər və onların əməliyyatdan sonra bərpa prosesindəki rolu barədə geniş məlumat əldə etməlidir.
  • Planlı şəkildə periton birləşməsində yuxarıda aparılacaq kolon (yoğun bağırsaq) rezeksiyası zamanı bağırsaqların əməliyyat üçün hazırlanması tövsiyyə edilmir.
  • Aşağı rektal rezeksiya olunacaq və stomanın yaradılması planlaşdırılan xəstələrdə bağırsağın hazırlanması nəzərdən keçirilə bilər.
  • Əməliyyatdan əvvəl karbohidratlarla bol qidalandırma tövsiyyə edilir. Lakin qidalanma əməliyyatdan 6 saat əvvəl, sulu məhlullarla qidalanma isə əməliyyatdan 2 saat əvvəl dayandırılmalıdır.
  • Uzun müddət sedasiya törədən dərmanlar əməliyyat günün gecəsi xəstələrə verilməməlidir.
  • Tromboembolizmin profilaktikası məqsədilə aşağı dozalı fraksiyaedilməmiş dərialtı heparin və ya aşağı molekulyar çəkili heparin daha geniş istifadə edilir.
  • Profilaktik antibiotiklərin verilməsi üçün təlimatlar:
    • Aerobik və anaerobik mikroblar əleyhinə aktiv olan birdəfəlik dozada antibiotik əməliyyatdan 1 saat əvvəl verilməlidir.
    • Profilaktik antibiotiklər cərrahi yara infeksiyasının yaranmasını xeyli azaltmış olur. Xüsusilə də, VD və PO antibiotiklərin birgə qəbulu, təkcə VD və ya PO antibiotiklərin istifadəsində daha üstün hesab edilir.
    • Seftriakson 1 qm, Ertapenem 1 qm və ya Ampisillin-sulbaktam 3 qm sefotaksim, sefotetan və ya sefuroksimdən daha üstün hesab edilir.
    • Kolorektal cərrahiyyədən əvvəl istifadəsi tövsiyyə edilən antibiotiklər:
      • sefotetan 1-2 qm VD
      • sefoksitin 1-2 qm VD
      • ampisillin-sulbaktam 3 qm VD
      • ertapenem 1 qm VD
    • alternativ olaraq aşağıdakı kombinasiyalar istifadə edilə bilər:
      • sefazolin 1-2 qm VD + Metronidazol 500 mq VD
      • sefuroksim + Metronidazol 500 mq VD
    • əgər xəstənin beta-laktamlara allerqiyası varsa bu zaman aşağıdakı preparatlar tətbiq edilə bilər:
      • Klindamitsin + aminoqlikozid və ya quinolon və ya aztreonam
      • Metronidazol + aminoqlikozid v ya quinolon
  • Anesteziya üçün uzun müddətli opioidlərin istifadəsi məsləhət olunmur.
  • Əməliyat zamanı epidural analqeziya ümumi anestetik preparatların dozasının azaldılmasına yardımçı ola bilər. Epidural analqeziya nəzərdən keçirildikdə lokal anestetik və aşağı dozada opioid (məsələn, robivucain və ya bipuvacain və fentanil) adətən əməliyyatdan əvvəl mid-torasik (onurğanın orta döş bölməsinə) bölməyə qoyulur.
  • Postoperativ (əməliyyatdan sonra) ürək bulanma və qusmanın önlənməsi üçün aşağıdakıları diqqətdə saxlamaq lazımdır:
    • risk faktorlara qadın cinsi, siqarətdən istifadə etməmə, qusma və ürək bulanma tarixçəsi, əməliyyatdan sonra opioidlərin istifadəsi, habelə vestibulyar aparatın xəstəlikləri tarixçəsi aiddir.
    • əgər ən azı 2 risk faktor mövcuddursa, onda qusma və ürək bulanmanın önlənməsi üçün tədbirlər görülməlidir. Bu məqsədlə ya anesteziyadan əvvəl deksametazon fosfat verilə bilər, ya da əməliyyatın bitməsində dərhal serotonin reseptorlarının antaqonisti (məsələn, ondasetron) verilir.
    • əgər 3 risk faktoru mövcuddursa, bu zaman əməliyyatın başlanğıcında ümumi anesteziya propofol və ya remifentanil üstəgəl 4-8 mq deksametazon sodium fosfatla aparılır. Bundan sonra isə əməliyyatın bitməsinə 30-60 dəqiqə qalmış xəstəyə serotonin reseptorlarının antaqonisti (məs., ondasetron), droperidol və ya metoklopromid hidroxloride 25-50 mq dozada verilir.
  • Təcrübə olduğu yerdə laparoskopik kolon rezeksiyası daha çox tövsiyyə edilir.
  • Əməliyyat üçün ən minimal uzunluğu olacaq orta və ya köndələn (transverse) laparotomiya kəsiyi tövsiyyə edilir.
  • Nazoqastrik borunun yerləşdirilməsi bütün xəstələrdə tövsiyyə edilmir. İleus yarandızı halda NG-boru yerləşdirilməlidir.
  • Əməliyyat zamanı xəstənin bədənin normotermiyadan saxlanılması çox vacibdir.
  • Hipovolemiyaya yol verməməklə əməliyyat zamanı və postoperativ dövrdə venadaxili məhlulların yeridilməsinin məhdudlaşdırılması təhlükəsiz hesab edilir. Yüksək riskli xəstələrdə (ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, qaraciyər sirrozu, pulmonar hipertenziya) transezofaqal Doppler monitorinqi nəzərdən keçirilə bilər.
  • Planlı şəkildə periton birləşməsindən yuxarıda aparılan kolon rezeksiyasından sonra drenajların yerləşdirilməsi tövsiyyə edilmir. Lakin, düz bağırsağın xəstəliyi zamanı məsələn aparılan aşağı anterior rezeksiyalardan sonra qısa müddətli (<24 saatdan az müddətə) drenajın qoyulması məsləhət oluna bilər.
  • Çanaq boşluğunda aparılan əməliyyatlar zamanı suprapubik sidik kisəsi kateterinin qoyulması daha məqsədə uyğundur. Yoğun bağırsaq cərrahiyyəsi zamanı isə ya uretral, ya da suprapubik kateter qoyula bilər. Ümumiyyətlə, suprapubik kateterin (bu zaman da Foli kateterindən istifadə etmək tövsiyyə edilir) qoyulması daha çox faydalıdır. Suprapubik kateterin sidik kisəsinin boğazının ödeminə səbəb olmur, uretra yolunun açıq qalmasına görə xəstənin sidik ifrazatı funksiyası daha tez zamanda bərpa olunur.
  • Postoperativ ileusun profilaktikası üçün aşağıdakı tədbirlər görülə bilər:
    • orta döş onurğa bölməsinə qoyulmuş epidural analqeziya, venadaxili məhlulların çox miqdarda verilməsindən yayınmaq, laparoskopik yanaşma (yalnız geniş təcrübənin olduğu mərkəzlərdə) və əməliyyatdan sonra aşağı dozada işlətmə (laksativ) dərmanların (məsələn, maqnezium oksid) tətbiqi.
  • Postoperativ analqeziya üçün tövsiyyələr:
    • orta döş onurğa bolməsinə qoyulmuş yerli anestetik lə opioidlə davamlı epidural analqeziya:
      • planlı yoğun bağırsaq cərrahiyyəsi zamanı epidural analqeziyanın təxminən 48 saat davam etdiriməsi tövsiyyə edilir.
      • çanaq (pelvis) boşluğunda aparılmış müdaxilədən sonra isə epidural analqeziya 96 saat davam etdirilə bilər.
    • Asetamenofen 4q/günə
    • Kəskin ağrı zamanı isə epidural analqetikin əlavə bolus dozası verilə bilər.
    • Ağrının daha yaxşı kontroluna nail olduqda və xəstə ağızla qidalanmağa başladıqda, epidural analqeziya qısa müddətə dayandırıla və xəstə ağızla qəbul edilən QSİƏP-lar və ya opioid dərmanlara keçirilə bilər. Ağrının epidural analqeziyasız yaxşı səviyyədə idarə olunması təsdiqləndikdə, epidural kateter tamamilə çıxarıla bilər.
    • Bir çox hallarda, epidural analqeziya olmayanda və ya hətta epidural analqeziya ilə birgə xəstə tərəfindən kontrol edilən analqeziya da istifadə edilir. Bu məqsədlə daha çox morfin VD və ya dilaudid VD tətbiq edilir.
  • Cərrahiyyə müdaxiləsindən sonra xəstənin ağızla qidalandırılmasına mümkün qədər tez nail olmaq tövsiyyə olunur.
    • Normal yeməklə qidalanmaya nail olanadək, xəstəyə gündə 2-3 dəfə olmaqla 200 ml həcmində yüksək enerjili məhlullar verilir.
    • Qidalanma səviyyəsi çox aşağı olan (albumin və pre-albumin səviyyəsi xeyli aşağı olan) xəstələrdə normal qidanın qəbulu ilə yanaşı yüksək enerjili əlavə qidalandırma bir neçə həftə davam etdirilməlidir.
    • Əməliyyatdan sonra ileus və ya funksional obstruksiya yarandıqda, və ya xərçənq/kimyavi terapiya nəticəsində keçməyən qusması olan və ya böyük cərrahiyyə müdaxiləsi nəticəsində xəstənin bərpasının xeyli qida və enerji tələb etdiyini nəzərə alaraq, həmin xəstələrdə total parenteral qidalanmaya (TPQ)   start verilməsi tövsiyyə edilir.
  • Cərrahi müdaxilədən sonra xəstələrin erkən hərəkətliliyi tövsiyyə edilir. Əməliyyat günü xəstənin 2 saat və növbəti günlərdə isə 6 saata yataqdan qalxaraq erkən mobilizasiyası tövsiyyə edilir.

Müxtəlif səbəblərə görə yoğun bağırsağın obstruksiyası olan xəstələrdə yuxarıdakı təlimata aşağıdakı tövsiyyələr əlavə edilə bilər. Ümumiyyətlə, həmin protokolun məqsədi xəstənin xəstəxanada daha az müddətə qalması, bağırsaq funksiyasının daha tez normallaşması və daha az ağırlaşmalar faizinə nail olmaqdır.

  • əməliyyatdan əvvəl xəstələrə 7-14 gün ərzində prebiotiklər verilə bilər:
    • prebiotik: oliqofruktoz  15 q/günə
    • probiotik: trevis kapsulu gündə 3 dəfə
  • bağırsağın təmizlənməsinə ehtiyac olmasa da, əməliyyat günü xəstəyə fosfat imaləsi verilə bilər.

Əlavə olaraq qeyd etmək lazımdır ki, əməliyyatdan əvvəl bağırsağın mexaniki yolla təmizlənməsi (imalə, işlətmə məhlulları) müxtəlif ağırlaşmaların qarşısını almır və ya onların yaranma faizini azaltmır. Mexaniki bağırsaq təmizlənməsi peritonit, qarın boşluğu daxili infeksiyası, anastomozun açılması və ya sızması, habelə C.Difficili kolitinin qarşısını almır. Həmçinin, mexaniki bağırsaq təmizlənməsi xəstəxanada qalma müddəti və bağırsağın funksiyasının qayıtması müddətinə təsir etmir.

Lakin, düz bağırsaq xərçənginə görə aparılan sfinkter qoruyucu cərrahi müdaxiləsindən əvvəl mexaniki bağırsaq təmizlənməsi infeksiyanın faizini azaltmış olur.

Ümumiyyətlə isə, mexaniki bağırsaq təmizlənməsi metodu seçildikdə aşağıdakılar nəzərə alına bilər:

  • düz bağırsaq və ya kolon rezeksiyası əməliyyatından əvvəl  mexaniki bağırsaq təmizlənməsi üçün senna preparatı polietilen qlikol məhlulundan daha üstün hesab edilir.

 

Əməliyyatdan əvvəl ürək-damar sisteminin qiymətləndirilməsi və riskin müəyyən edilməsi:

Kolorektal cərrahiyyədən əvvəl ürək-damar xəstəliyi və mümkün ağırlaşmalar baxımından xəstədə riskin müəyyən edilməsi məqsədilə Eaqle şkalası, Beyin natriuretik peptid və stress görüntüləmə kimi müxtəlif metodlar istifadə edilir.

Randomizə edilmiş araşdırmalar göstərib ki, əməliyyatdan əvvəl, zamanı və əməliyyatdan sonra normotermiyanın saxlanması əməliyyatdan sonra qeyri-stabil stenokardiyanın əmələ gəlmə riskini xeyli azaltmış olur.

Həmçinin, əməliyyat zamanı beta-blokatorların istifadəsi və ya əgər xəstə onları qəbul edirdisə, onların davam etdirilməsi, ölümlə nəticələnməyən miokard infarktı riskini azaltmış olur, lakin ölümlə nəticələnməyən beyin insultunun riskini, habelə ümumi mortaliteni artırmış olur. Kliniki tədqiqatlar təsdiq edib ki, ürək-damar cərrahiyəsinə aid olmayan cərrahi əməliyyatlardan əvvəl uzun müddətli metoprolol preparatının qəbul edilməsi, mortaliteni artırmış olsa da, yüksək riskli xəstələrdə miokardın infarktı faizini azaltmış olur.