Xronik yaraların müalicəsində lokal Neqativ Təzyiq Terapiyasının tətbiqi. Vakum yardımı ilə yaraların bağlanması.

GİRİŞ.  

Diabetik xora, cərrahi yara, yanıq nəticəsində yaranmış yaralar və həmçinin yataq xoraları da daxil olmaqla xroniki yaraların müalicəsi əsasən çox mürəkkəb olur. Lazarus (1994) tərəfindən verilən tərifə əsasən sağalmayan və ya müalicəyə cavab verməyən yaralara xroniki yaralar deyilir. Xroniki yaraların sağalması prosesinə təsir göstərmək məqsədilə bir çox müalicə metodları inkişaf etdirilmişdir. Bu metodlar sırasında aşağıdakıları xüsusilə qeyd etmək olar:

  1. cərrahi təmizləmə (yaranın cərrahi işlənməsi),
  2. müxtəlif növ sarğıların yaraya qoyulması,
  3. antiseptik preparatlarla yaraların təmizlənməsi və s.

Lakin, yuxarıda sadalanan metodların heç də həmişə uğurlu nəticə vermədiyi səbəbindən xroniki yaraların müalicəsi üçün daha əlverişli, daha effektiv metodların axtarışı davam etdirilmiş və 1980-ci illərdə lokal neqativ təzyiqin tətbiqi ilə yaraların müalicəsi metodu kəşf edilmişdir. 

  

Lokal Neqativ Təzyiqin tətbiqi metodu başqa cür həm də - subatmosfer təzyiqin tətbiqi, vakumla yaranın bağlanması və sovurucu sarğı kimi tanınır. Bu metodun məğzu yara yatağına xüsusi sarğının qoyulması, həmin sarğı materialının vakum nasosu ilə birləşdirilməsi və bu bütöv sahənin ətrafdan tam izolyasiyasının təmin edilməsindən və vakum cihazı ilə -50 mm c.s.-dan 125 mm c.s.-dək diapazonda təzyiqin tətbiqindən ibarətdir.

 

  

Bir çox aparılmış araşdırmalar göstərmişdir ki, tətbiq edilən təzyiqin nəticəsində yara sahəsinə axan qanın həcmi artmış olur və bu yaranan sağalmasına müsbət təsir göstərir, sağalma prosesini sürətləndirir. Lakin, ümumi götürdükdə, Neqativ Təzyiqin tətbiqi müalicənin yaraların sağalmasına təsiri mexanizmləri sonadək aydın deyil. Bir çox araşdırmalardan aşağıdakılar mülahizə edilmişdir:

 

 

Neqativ təzyiqin tətbiqi interstisial sahədə olan artıq mayenin (çox guman ki. həm də ödemin) sovuraraq çıxarılmasını təmin edir. Bu cür artıq interstisial maye ətraf toxumaların mikrosirkulyasiyasını və nəticədə toxumalara oksigen nəqlini və toxumalarda toplanmış müxtəlif toksinlərin təmizlənməsi prosesini pozmuş olur. Qeyd etmək lazımdır ki, xroniki yaralarda toksik maddələr xeyli miqdarda olur (metalloproteinazaların səviyyəsi xeyli artmış olur). Artıq mayenin təmizlənməsi ilə mikrosirkulyasiya yaxşılaşır, toxumaların oksigenləşməsi və qidalanması yaxşılaşır və yaraların sağalması sürətlənir.

Digər mümkün mexanizmlərdən biri neqativ təzyiqin tətbiqi nəticəsində yaralarda olan bakteriyaların həcminin azalmasıdır. Bir sıra araşdırmalar göstərmişdir ki, neqativ təzyiqin tətbiqi texnikası ilə (vakum cihazı) müalicə olunan yaralarda bakteriyaların həcmi daha az olmuşdur.

Həmçinin, mülahizə edilmişdir ki, neqativ təzyiqin tətbiqi yara yatağına mexaniki təsir də göstərir. Belə ki, mexaniki təsir nəticəsində yara yatağında hüceyrələrin proliferasiyası artır. Neqativ təzyiqin sovurucu efekti səbəbindən yara yatağını təşkil edən toxuma parçalarının yaranı örtən süngərə hopması və nəticədə toxuma daxilində mikroperforasiyaların əmələ gəlməsi lokal angiogenezi stimullaşdırmış olur.

Bu və digər səbəblərə görə xroniki yaraların müalicəsində Neqativ Təzyiqin tətbiqi mühüm metodlardan biri kimi qəbul edilir və əksər ölkələrdə uğurlu tətbiq edilir.

Hazırda Neqativ təzyiqin tətbiqi metodu ilə kəskin və xroniki yaralar, diabetik və yataq xoraları, travmatik yaralar, osteomiyelitlə müşahidə edilən yaralar, ağır dərəcəli yanıqlar, hətta plevranın empiyeması uğurla müalicə edilir. 

 

 

MEXANİZMLƏR.

Ekstraselulyar effektlər.

A. Qan axını.

Bir sıra araşdırmalar neqativ təzyiqin tətbiqi nəticəsində yara sahəsində qan axının artmasını göstərmişlər. Həmin araşdırmalardan məlum olmuşdur ki, yara sahəsinə 5-7 dəqiqə müddətinə 125 mm c.s.-na bərabər neqativ təzyiqin təbiqi həmin sahəyə qan axının artmasına səbəb olur. O da bəlli olmuşdur ki, fasiləli neqativ təzyiqin tətbiqi toxumaların perfuziyasını daha çox artırmış olur. Fasiləsiz neqativ təzyiqin tətbiqi nəticəsində isə yara sahəsinin perfuziyası (qan axını) 10 dəqiqə müddətinə artır və sonradan əvvəlki səviyəyə düşür. Digər tərəfdən bəlli olmuşdur ki, daha yüksək təzyiqin (bəzən hətta 300-500 mm c.s.) tətbiqi toxumalara axan qanın həcmini daha çox müddətə və daha çox həcmdə artırmış olur.

 

B. Ödemin azaldılması.

Yara sahəsində ödemin azaldılması yaraların müalicəsində mühüm məsələlərdən biridir, çünki ödem toxumalarda mikrosirkulyasiyanı pozur və qida və O2-nin nəqlinə maneə yaratmış olur. Araşdırmalarda neqativ təzyiq nəticəsində yaralarda olan ödemin azaldılması tam dəqiq müəyyən edilməmişdir və bu istiqamətdə axtarışlar davam etdirilməkdədir. Neqativ təzyiq nəticəsində yaradan sovrulan mayenin böyük bir hissəsinin interstisial maye və ya ödem mayesi deyil, məhz limfatik maye olması iddia edilir.

  

C. Yaranın lokal mühiti

Məlumdur ki, yarada yaş mühitin olması sağalma prosesinə müsbət təsir göstərir. Yaranın sağalmasını dəstəkləyən sitokinlərlə bu prosesi inhibisiya edən proteazalar arasındakı mürəkkəb balans yaranın sağalması prosesini təmin edir. Bəzi tədqiqatçılar inanır ki, neqativ təzyiqin tətbiqi yarada həm proteazaların, həm də sitokinlərin səviyyəsini azaltsa da, bu azalma daha çox proteazalarla bağlı müşahidə edilir. Lakin, bu mülahizəni hələ ki, tam təsdiq etmək çətindir.

 

D. Baryer funksiyası

Neqativ təzyiqin tətbiqi üçün istifadə edilən poliuretan və ya digər material yara səthini ətraf mühitdən tam təcrid etmiş olur. Bu material buxarlanan su üçün keçərlidir, lakin hava və bakteriyalar üçün keçərsiz hesab edilir. Bir sıra tədqiqatçılar inanır ki, neqativ təzyiqlə aparılan terapiya yaralarda bakteriyaların sayının azalmasına yardım edir, lakin bu mülahizə tədqiqatların heç də hamısında öz təsdiqini tapmamışdır.  

 

Hüceyrə səviyyəsində olan efektlər.

E. Qranulyasiya toxumasının formalaşması və hüceyrələrin proliferasiyası

Araşdırmalardan məlum olmuşdur ki, neqativ təzyiqlə aparılan terapiya yaralarda yeni toxuma formalaşmasını xeyli artırmış olur. Lakin, bu effekt özünü daha çox neqativ təzyiqin fasiləli tətbiqi zamanı müşahidə edilmişdir. Araşdırmalarda göstərilmişdir ki, - 125 mm c.s. səviyyəsində neqativ təzyiqin tətbiqi nəticəsində yaralarda yeni toxuma formalaşmasının stimullaşması müşahidə edilir. Lakin - 25 mm c.s.-dan aşağı təzyiqin və ya -300 mm c.s.-dan yüksək neqativ təzyiqin tətbiqi əksinə yaraların sahəsinin artmasına səbəb olmuşdur. Xroniki və ya kəskin yanıqların (tam dəri yanığı və ya hissəvi dəri yanığı) neqativ təzyiq terapiyası ilə müalicəsi yaralarda epitelizasiyanın daha sürətlə və daha yaxşı baş verdiyinə səbəb olmuşdur.

 

F. Hüceyrə sintezi. 

Araşdırmalardan məlum olmuşdur ki, neqativ təzyiq terapiyası nəticəsində yaralarda PDGF (trombositlərdən alınan böyümə faktoru və ya platelet derived growth factor), Vaskulyar Endotelial böyümə faktoru (VEGF) və transformasiya edən böyümə faktorunun (TGF-betta) səviyyəsi xeyli artmış olur. Bu böyümə faktorları aşağıdakı efektlərə malikdir:

  • PDGF (trombositlərdən alınan böyümə faktoru) fibroblastlar və hamar əzələ hüceyrələrinin mitozunu artırır.
  • TGF-beta (transformasiya edən böyümə faktoru) kollagen və elastinin hasilatını stimullaşdırır və metalloproteinazaları inhibisiya edir.

Buna baxmayaraq, tədqiqatçılar mülahizə edir ki, neqativ təzyiq terapiyasının əsas efekti ola bilsin ki, sitokinlərin stimullaşdırılması və metalloproteinazaların inqibisiyası ilə bağlıdır. 

Yataq xorası (sakral dekubitus xorası)

 

Mürəkkəb efektlər. 

G. Bakteriayaların təmizlənməsi və infeksiyanın kontrolu

Bəzi araşdırmalarda göstərilmişdir ki, normal fizioloji məhlulla isladılmış tamponla sarğı olunan yaralarla müqayisədə neqativ təzyiq terapiyası alan yaralarda bakteriyaların sayı əhəmiyyətli dərəcədə azalmış olur. Bir sıra tədqiqatçı tərəfindən neqativ təzyiq terapiyası ilə yanaşı yaralara antiseptik (məs., povidon-yod) məhlulların səpilməsinin efektini öyrənərək belə nəticəyə gəlmişdir ki, bu cür kombinasiyalı terapiya daha efektivdir və antiseptik preparatların bakteresid efektini artırmış olur.

Onu da qeyd etmək lazımdır ki, neqativ təzyiq terapiyası ilə müalicə edilən yaralarda aktivləşmiş T-hüceyrələri, makrofaqlar və limfositlərin və neytrofillərin sayı daha yüksək olur.

 

H. Yanıqların müalicəsində istifadə.

Yanıq nəticəsində əmələ gəlmiş kəskin yaraların müalicəsində neqativ təzyiq terapiyasının tətbiqi yanıqların dərinliyinin azalmasına (interstisial iltihab hüceyrələrinin azaldılması yolu ilə) müsbət təsir göstir.

 

İ. Sistem effeklər

Araşdlrmalardan bəlli olmuşdur ki, NTT nəticəsində yaralar daxilində endotoksinlərin miqdarı azalmış olur.