GİRİŞ.
Karotid arteriyalarının bifurkasiyası (haçalanması yeri) və həmçinin proksimal daxili karotid arteriyası (başlanğıc hissəsi) daha çox ateroskleroza məruz qalır. Ateromatoz düyünün böyüməsi karotid bifurkasiyası səviyyəsində damarın mənfəzinin daralması, bir çox hallarda isə xoralanması ilə nəticələnir. Bu prosesin davam etməsi isə embolizasiya, tromboz və ya hemodinamikanın pozulması səbəbindən beyin qan dövranın keçib gedən pozuntularına (və ya keçib gedən işemik həmclə və ya hücum) və ya işemik insulta səbəb olur.
Karotid arteriyalarının həm simptomatik, həm də asimptomatik aterosklerozu xəstəliyinin karotid endarterektomiya proseduru ilə cərrahi müalicəsi həm təhlükəsizdir, həm də işemik insult riskinin azaldılmasına müsbət təsir göstərir. Karotid arteriyaların aterosklerozunun müalicəsi üçün son illərdə perkutan karotid anqioplastikası və stentlənmə prosedurlarının tətbiqi artmışdır. Endovaskulyar müalicə metodlarının və farmakoloji müalicənin inkişafı gələcəkdə, guman ki, cərrahi revaskulyarizasiyaya olan ehtiyacı xeyli azaltmış olacaqdır.
SİMPTOMATİK XƏSTƏLİYİN TƏRİFİ.
Karotid arteriyalarının simptomatik xəstəliyi dedikdə aşağıdakılar başa düşülür:
- fokal nevroloji simptomlar: bu simptomlar adətən kəskin olur və müvafiq karotid arteriyası ilə qan təchizatı zonalarına təsadüf edir (müvafiq karotid arteriyasında əhəmiyyətli dərəcədə ateroskleroz).
- Bura həmçinin tranzitor monokulyar korluq və ya digər keçib gedən fokal nevroloji disfunksiya ilə müşahidə edilən beyin qan dövranın keçib-gedən pozuntuları (tranzitor işemik hücum və ya həmlə), habelə az ağır işemik insult (fiziki və ya əqli əlilliklə nəticələnməyən) da aid edilir.
- Yuxarıdakı simptomların son 6 ayda baş verməsi tələb olunur. Belə ki, uzun müddət davam edən karotid simptomlar "simptomatik" karotid xəstəliyinin təzahürü kimi qəbul edilməməlidir.
Vertiqo və bayılma adətən karotid arteriyalarının stenozu ilə əlaqəli olmur. Vertiqo və ya bayılma səbəbindən müraciət edən və xəstəlik tarixçəsində karotid arteriyaların stenozu olan xəstələr əksər hallarda simptomatik hesab edilməməlidir.
Şəkil. Karotid arteriyasının (Daxili Karotid Arteriyası) anqioqrafiyasında stenozun müəyyən edilməsi.
KAROTİD ENDARTEREKTOMİYA.
Randomizə olunmuş kliniki tədqiqatlardan məlumdur ki, karotid endarterektomiya təhlükəsiz və efektiv prosedurdu və simptomatik karotid arteriyalarının aterosklerozu xəstəliyi olan pasiyentlərdə işemik insult riskini xeyli azaltmış olur.
Şəkil. Karotid endarterektomiya. Sxematik.
Bunu nəzərə alaraq, ömür uzunluğu ən azı 5 il olan və karotid arteriyaların 70-99% simptomatik stenozu olan və aşağıdakı meyarlara cavab verən xəstələrdə karotid endarterektomiyanın aparılması tövsiyə edilir. Bu qrup xəstələrdə təkcə tibbi farmakoloji terapiyanın aparılması tövsiyə olunmur. Həmçinin bu qrup xəstələrdə karotid anqioplastika və stentləmə deyil, məhz karotid endarterektomiyanın aparılması daha məqsədə uyğundur.
- cərrahi müdaxilə üçün əlçatan olan karotid arteriyanın patologiyası.
- anesteziya və cərrahi riski artıracaq kliniki cəhətdən simptomatik və ya ağır dərəcə ürək, ağciyər, və ya digər xəstəliklərinin olmaması.
- Əvvəllər ipsilateral (eyni tərəfdə) endarterektomiyanın aparılmaması.
Nəzərə almaq lazımdır ki, yuxarıdakı meyarlarla yanaşı karotid endarterektomiyanın təcrübəsi olan cərrahlar və tibb mərkəzlərində aparılması tövsiyə edilir. Yuxarıdakı meyarlara cavab verməyən xəstələrdə isə karotid anqioplastika və stentlənmə əməliyyatı keçirilə bilər.
Şəkil. Karotid endarterektomiya zamanı beyinin qanla təchizatını təmin etmək üçün karotid arteriyasının stenoza qədərki proksimal hissəsi ilə stenozdan sonrakı distal hisə şuntla birləşdirilir.
Şəkil. Karotid endarterektomiya zamanı arteriyanın divarı arteriotomiya ilə açılır, şuntun qoyulmasından sonra arteriyanın mənfəzində olan aterosklerotik düyün çıxarılır və arteriyanın divarı bir başa və ya xüsusi yamaqdan istifadə etməklə bağlanır.
Şəkil. Karotid endarterektomiya zamanı arteriyanın divarı xüsusi yamaqdan istifadə etməklə bağlanır.
Karotid endarterektomiya aparılan bütün xəstələr aşağı dozada Aspirin (gündə 81-325 mq) qəbul etməlidir. Aspirinin qəbulu cərrahi müdaxilədən öncə başlanmalı və cərrahi əməliyyatdan sonra ən azı 3 ay davam etdirilməlidir.
3 aydan çox müddətə Aspirinin qəbulu daha çox ürək-damar xəstəlikləri riski olan, habelə tranzitor işemik həmlə, işemik insult, lakunar (kiçik damarların oklyuziyası səbəbindən) və ya kriptogen insult keçirmiş xəstələrdə tövsiyə edilir.
Karotid arteriyaların stenozunun ölçülməsi metodu. Karotid arteriyaların stenozunun öyrənilməsi məqsədilə iki mühüm kliniki tədqiqat aparılmışdır. Bunlar - Şimali Amerika Simptomatik Karotid Endarterektomiya Tədqiqatı və Avropa Karotid Cərrahiyyəsi Tədqiqatıdır. Bu tədqiqatlarlda karotid arteriyaların stenozunun dərəcəsi müxtəlif metodlarla ölçülmüşdür. Belə ki, Şimali Amerika tədqiqatında karotid arteriyasının 50% stenozu Avropa tədqiqatında 65% stenozla uyğundur. Bu cür fərqin səbəbi isə hər iki tədqiqatda karotid arteriyasının stenozunun damarın müxtəlif səviyyədə ölçülməsidir.
Kontrastla aparılan anqioqrafiya daxili karotid arteriyasının stenozunun müəyyən edilməsi üçün qızıl standart hesab edilir. Lakin, bir sıra qeyri-invaziv testlər - karotid US dupleks müayinəsi, MRA və KTA - artıq daha geniş tətbiq edilməkdədir. Buna səbəb isə anqioqrafiyanın invaziv prosedur olması və insult da daxil olmaqla digər ağırlaşmalara səbəb olması ilə bağlıdır. Araşdırmalar göstərir ki, qeyri-invaziv testlərlə karotid arteriyaların xəstəliyinin dərəcəsini və stenozun dərəcəsini lazımi dəqiqliklə təyin etmək mümkündür.
Yuxarıda adları çəkilmiş araşdırmalardan məlumdur ki, simptomatik karotid xəstəliyi olan (70-99% stenoz) və yaxınlarda tranzitor işemik həmlə və ya əlilliyə səbəb olmayan insult keçirmiş xəstələrdə karotid endarterektomiya xeyly faydalıdır və xəstələr arasında mortalitenin aşağı düşməsi ilə nəticələnir.
Karotid arteriyalarının stenozunun 50-69% olduğu xəstələrdə isə karotid endarterektomiyanın bəhrəsi xeyli azdır və farmakoloji terapiya ilə müqayisədə az üstünlükləri vardır. Karotid stenozun dərəcəsi 50%-dan az olan xəstələrdə isə cərrahi müdaxilənin heç bir üstünlüyü müəyyən edilməmişdir.
Beləliklə Şimali Amerika və Avropa tədqiqatlarında əlavə olaraq aşağıdakı nəticələri çıxarmaq olar:
- Stenozu >70%-dən artıq olan simptomatik karotid xəstəliyi olanlarda KEA-nın bəhrəsi vardır. Daxili Karotid Arteriyasının mənfəzinin tam bağlanmaya yaxın oklyuziyası olan xəstələrdə KEA-nın heç bir əlavə bəhrəsi müəyyən edilməmişdir.
- Daxili karotid arteriyasının tam oklyuziyaya yaxın dərəcədə mənfəzinin bağlanması hallarında KEA-nın aparılmasının əhəmiyyətli dərəcədə bəhrəsi müəyyən edilməmişdir.
- Tam oklyuziyaya yaxın dərəcədə mənfəzin bağlanması termini isə aparılan anqioqrafiya zamanı Daxili Karotid Arteriyasının stenoza uğramış hissəsindən sonra damarın kollapsının müəyyən edilməsi və həmçinin Xarici Karotid arteriyasının (External Carotid a.) daha sürətlə dolması və kəllədaxili qan dövranın kollateral damarlar vasitəsilə təmin edilməsinin müşahidəsi zamanı istifadə edilir.
- Karotid arteriyaların 50-69% stenozu olan simptomatik xəstələrdə KEA-nın bəhrəsi təsdiq edilmişdir.
- Karotid arteriyaların 30-49% stenozu olan simptomatik xəstələrdə isə KEA-nın bəhrəsi yoxdur.
- Karotid arteriyaların <30%-dan az stenozu olan simptomatik xəstələrdə isə KEA-nın zərərli olduğu müəyyən edilmişdir.
Cərrahi müdaxilənin vaxtı. Karotid arteriyaların aterosklerozu olan simptomatik xəstələrdə KEA-nın aparılması üçün optimal vaxtla bağlı xeyli mübahisələr mövcuddur. Bir sıra araşdırmalardan məlumdur ki, karotid stenozu olan və tranzitor işemik hücum (həmlə) və ya insult keçirmiş xəstələrdə, təkrar insult riski xeyli yüksək olur.
Az ağır dərəcəli insult və ya TİH (tranzitor işemiş həmlədən) sonra - Şimali Amerika və Avropa tədqiqatları göstərib ki, əlilliyə səbəb olmayan TİH və ya insultdan sonra 2 həftə ərzində aparılan KEA-nın (karotid endarterektomiya) nəticələri daha gec dövrdə aparılan cərrahi müdaxilə ilə müqayisədə xeyli yaxşıdır. Həmin tədqiqatlar həm də göstərib ki, əlilliyə səbəb olmayan beyin yarımkürəsinin insultu keçirmiş xəstələrdə insultdan sonra 2 həftə ərzində aparılan KEA operativ riskin artmasına səbəb olmur.
Orta və çox ağır dərəcəli insultdan sonra - Şimali Amerika və Avropa tədqiqatları əlilliyə səbəb olan orta və çox ağır insult keçirmiş xəstələri əhatə etməmişdir və bu qrup xəstələrdə erkən dövrdə KEA-nın aparılması faydası məlum deyil. Lakin, çoxsaylı digər dolayı araşdırmalara görə məlumdur ki, beyinin ödemi ilə müşahidə edilən böyük insult, hemorraqik beyin insultu olan xəstələrdə perioperativ risk xüsusilə yüksəkdir. Eyni zamanda, KEA-nın aparılması həmin xəstələrdə təkrar insultun baş verməsinə səbəb ola bilər.
Çox erkən və ya təcili KEA - Davam edən və ya təkrarlanan TİH və ya inkişaf edən insultdan sonra 2 gün ərzində aparılan KEA yüksək operativ risklə bağlıdır.
Digər risk faktorları olan xəstələrdə KEA-nın faydası - Aşağıda verilmiş xəstələrdə karotid endarterektomiyasının aparılması tövsiyə edilmir, çünki həmin xəstələrdə KEA-nın faydası çox azdır və ya ümumiyyətlə yoxdur.
- Digər ağır dərəcəli tibbi və ya cərrahi xəstəlik.
- Əlilliyə səbəb olan nevroloji defisitlə müşahidə edilən eyni tərəfli insult keçirmiş xəstələr.
- Simptomatik ipsilateral daxili karotid arteriyasının tam və ya total oklyuziyaya yaxın dərəcədə bağlanması halları.
Retinal və Beyin yarım kürəsinin işemiyası. Karotid arteriyasının simptomatik xəstəliyindən əziyyət çəkən xəstələr arasında aparılmış təhlil göstərib ki, beyin yarımkürəsinin tranzitor işemiyasını keçirmiş xəstələrlə müqayisədə gözün torlu gişasının tranzitor işemiyasını (tranzitor monokulyar korluq və ya amaurosis fugax) keçirmiş xəstələrdə ipsilateral insult riski daha azdır.
Kontralateral karotid stenozu və ya oklyuziyası. Bir tərəfli karotid arteriyanın simptomatik stenozu ilə yanaşı əks tərəfli ağır dərəcəli karotid stenozu və ya oklyuziyası olan xəstələrdə KEA-nın faydası tədqiqatlarda təsdiq edilib. Lakin, bu qrup xəstələrdə perioperativ riski daha yüksək olur. Şimali Amerika simptomatik karotid endarterektomiya tədqiqatı göstərib ki:
- Kontralateral (yəni əks tərəfli) karotid arteriyasının tam oklyuziyası olan xəstələrdə insult riski 2 dəfə çoxdur.
- Kontralateral karotid arteriyasının xəstəliyi olmayan xəstələrlə müqayisədə kontralateral karotid arteriyanın az və orta dərəcəli stenozu və ya total oklyuziyası olan xəstələrin cərrahi müalicəsi perioperativ dövrdə daha çox insult və ölüm riski ilə əlaqəlidir.
- Lakin, insult və ölüm riskinin müqayisəli cəhətdən yüksək olmasına baxmayaraq, kontralateal karotid arteriyanın stenozu olan xəstələrin cərrahi müalicəsi farmakoloji terapiya ilə müqayisədə daha yaxşı nəticələrlə bağlıdır.
KAROTİD ARTERİYALARIN STENTLƏNMƏSİ.
Karotid arteriyasının anqioplastikası və stentlənməsi (KAS) karotid arteriyaları xəstəliklərinin müalicəsi üçün standart endovaskulyar müdaxilə hesab edilir. Stentsiz karotid anqioplastika ilə müqayisə edildikdə, stentlənmə ilə aparılan karotid anqioplastika embolizasiya, tromboz, karotid arteriyasının təkrar stenozu hallarının baş verməsi riskini xeyli azaltmış olur.
Şəkil. Karotid arteriyaların stentlənməsi və anqioplastikası zamanı beyinin embolizasiyadan qorunması məqsədilə xüsusi Filterin və proksimal və distal oklyuziv balonların istifadəsi.
Şəkil. Karotid arteriyaların stentlənməsi zamanı özü-genişlənən stentlər istifadə edilir. Bu stentlər adətən həm daxili karotid arteriyasını, həm də bifurkasiyanı əhatə edir.
Aparılan tədqiqatlar təsdiq edir ki, karotid arteriyaların simptomatik xəstəliyinin müalicəsi baxımında KEA ilə KAS eyni uzun müddətli nəticələrə malikdir. Lakin, stentlənmə ilə aparılan KAS səbəbindən perioperativ (30 gün ərzində) dövrdə insult və ya ölüm halları endarterektomiya ilə müqayisədə daha yüksəkdir.
Buna görə də, karotid arteriyalarının simptomatik aterosklerozu xəstəliyinin müalicəsində KEA-nın aparılmasına üstünlük verilir. Lakin, texniki imkanların inkişafı sayəsində, habelə KEA ilə KAS arasında uzun müddətli nəticələrin eyni olmasını nəzərə alaraq, xüsusilə seçilmiş xəstələrdə KAS-ın aparılması daha əlverişli hesab edilə bilər. Aşağıdakı qrup xəstələrdə KEA-nin əvəzinə məhz KAS-ın aparılması tövsiyə oluna bilər:
- Cərrahi çıxışın (ekspozisiyanın) əldə olunması baxımından çox mürəkkəb lokalizasiyası olan karotid arteriya patologiyası.
- Şüalanma səbəbindən yaranmış karotid stenoz.
- Əvvəl aparılmış endarterektomiyadan sonra yaranmış təkrar stenoz.
- Anesteziya və ümumi cərrahi riskinin yüksək olduğu hesab edilən xəstələr (kliniki cəhətdən əhəmiyyətli dərəcədə ağır ürək, ağciyər və ya digər yanaşı xəstəlikləri olanlar).
TİBBİ FARMAKOLOJİ MÜALİCƏ.
Son 20-30 il ərzində karotid arteriyaların xəstəliklərinin konservativ müalicəsinin əsasını anti-trombositar preparatlar təşkil edib. Lakin, son 10 il ərzində karotid stenozu xəstəliyi səbəbindən baş verəcək insult riskinin azaldılması üçün yeni terapiyalar müəyyən edilmişdir.
Karotid arteriyaların stenozunun müalicəsi hazırda aşağıdakılardan ibarətdir:
- statin preparatları (simvastatin, atorvastatin və s.)
- anti-trombosit preparatları (aspirin, klopidrogel, tiklopidin, prasuqrel)
- hipertoniya əleyhinə preparatlar.
Araşdırmalar göstərib ki, statin preparatları ilə müalicə xəstəliyin inkişafını ləngidir və aterosklerotik düyünlərin reqressiyasına müsbət təsir göstərir. Statinlərlə müalicə həmdə birinci və həmçinin təkrar insult riskinin xeyli azaldılmasına yardım edir.
Beləliklə, karotid arteriyaların xəstəliyindən əziyyət çəkənlərin tibbi müalicəsi aşağıdakılardan ibarət olmalıdır:
- risk faktorların modifikasiyası (aktiv həyat tərzi, diabetin müalicəsi, hipertoniyanın müalicəsi, çəki itkisi)
- statin preparatı
- anti-tromobistar terapiya
- hipertoniyaya qarşı terapiya.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
- Karotid arteriyaların simptomatik 70-99% stenozu olan və yaxınlarda TİH və ya son 6 ayda işemik insult keçirmiş xəstələrdə KEA-nın aparılması tövsiyə edilir.
- Lakin, bu cür yanaşma perioperativ ağırlaşma və mortalite risk <6%-dan az olduqda tövsiyə edilir. Perioperativ risk isə KEA aparan cərrahın şəxsi təcrübəsi və bu qrup xəstələrin müalicəsində xəstəxananın təcrübəsindən asılıdır.
- TİH və ya işemik insult keçirmiş və karotid arteriyaların orta dərəcəli 50-69% stenozu olan xəstələrdə də KEA-nın aparılması tövsiyə oluna bilər.
- Lakin, burada KEA-nın seçimi digər risk faktorlarla bağlıdır - yaş, cins və yanaşı xəstəliklər.
- Karotid arteriyasının <50%-dan az stenozu hallarında KEA və ya KAS vasitəsilə revaskulyarizasiyanın aparılmasına göstəriş yoxdur.
- KEA-nın aparılmasına göstərişi olan xəstələrdə revaskulyarizasiyaya əksgöstərişlər olmadıqda, KEA-nın TİH və ya işemik insultdan sonra 2 həftə ərzində aparılması tövsiyə olunur.
- Qeyri-invaziv diaqnostik görüntüləmə ilə daxili karotid arteriyasının mənfəzinin >70%-dən çox və ya kateter anqioqrafiyası ilə >50%-dən çox stenozu olan simptomatik xəstələrdə perioperativ risk az və ya orta səviyyəd olduqda, KAS KEA-ya alternativ kimi istifadə edilə bilər.
- Karotid stenozu >70%-dən çox olan simptomatik xəstələrdə cərrahi ekspozisiya baxımdan karotid stenozun çətin yerdə lokalizasiyası və ya perioperativ riskin xeyli yüksək olduğu hallarda KAS-ın aparılması nəzərdən keçirilə bilər.
- İntimanın hiperplaziyası səbəbindən daxili karotid arteriyasının təkrar stenozu hallarının müalicəsi yuxarıda təsvir edilmiş meyarlara əsasən təkrar KEA ilə aparılması tövsiyə olunur.
- Hədəf karotid arteriyasının xroniki total oklyuziyası olan xəstələrdə karotid revaskulyarizasiyanın aparılması tövsiyə olunmur.
- Ağır dərəcəli əlilliyə səbəb olmuş beyin insultu keçirmiş xəstələrdə karotid revaskulyarizasiyanın aparılması tövsiyə edilmir.