Keçirilmiş miokard infarktının diaqnostikası: EKQ dəyişiklikləri

Miokardın Xroniki İnfarktı ilkin olaraq dərin (>1mm) və geniş (>0.03-0.04 saniyə) Q dalğaları ilə müşahidə edilir. Əgər EKQ-nin hər hansı ötürməsində T dalğasının inversiyası müşahidə edilirsə, bu zaman həmin ötürmədə Q dalğasının da müşahidəsi əvvəl keçirilmiş infarktı təyin etmiş olur. Həmin dəyişikliklərin lokalizasiyası Miokard İnfarktının lokalizasiyasından asılıdır.

 

Qeyri-normal Q dalğaları aşağıdakılarla təyin edilir:

  • V2-V3 ötürmələrində Q dalğasının >20 msaniyədən çox davam edən və ya V2-V3 ötürmələrində QS kompleksinin olması.
  • İki ardıcıl ötürmələrdə Q dalğasının >30 msaniyədən çox davam etməsi və >0.1 mV-dan dərin olması və ya İ, İİ, aVL, aVF və ya V4-V6 ötürmələrində QS kompleksinin olması.
  • V1-V2 ötürmələrində R dalğasının >40 msaniyədən çox davam etməsi və R/S>1 olması.

 

 

Ön divarın Mİ.

Xroniki ön divar Mİ istənilən prekordial ötürmələrdə ilkin dərin və geniş Q dalğalarının müəyyən edilməsi ilə təyin edilir. Bəzi hallarda Q dalğaları müəyyən edilməyə də bilər, lakin bu hallarda R dalğasının prekordium (V1-V3-V4-V5-V6) boyu proqressiyasının çox zəif olduğu müşahidə edilir.

Az hallarda R dalğasının əks istiqamətdə proqressiyası müşahidə edilir yəni R dalğasının amplitudası V2-V3 dən V6 ötürməsinədək tədricən azalır. Kəskin infarktda olduğu kimi, Q dalğasının lokalizasiyası infarktın lokalizasiyasını təyin edir:

  • Septum - V1-V2
  • Apeks (Zirvə) - V3-V4
  • Anterolateral divar - V5-V6.

 

ST seqmenti adətən izoelektrik olur. Lakin, kəskin ürək-damar halından sonra 3 həftədən çox müddətdə ST seqmentin elevasiyası müşahidə edildikdə, ürək divarının anevrizmasına şübhə artmış olur.

  

Şəkil. EKQ-də V1-V6 ötürmələrində dərin və geniş Q dalğası müəyyən edilir.

 

Anterolateral divarın Mİ.

Anterolateral prekordial ötürmələrdə (V4-V6) Q dalğalarının dərin və geniş olması əvvəllər keçirilmiş anterolateral infarktdan xəbər verir. Lakin, bəzi hallarda Q dalğaları bütün prekordium ötürmələrində müəyyən edilə bilər və adətən inversiya olunmuş T dalğaları ilə assosiasiya olunmuş olur. Həmçinin, bəzən İ və aVL ötürmələrində də Q dalğaları və T dalğasının inversiyası müşahidə edilə bilər. 

 

Lateral divarın Mİ.

Əvvəl keçirilmiş lateral divar Mİ-nın diaqnostikası EKQ-nin İ və aVL ötürmələrində ilkin Q dalğalarının dərin və geniş olması ilə aparılır. Əgər Q dalğaları çox dərindirsə, bu zaman EKQ-nin oxu sağtərəfli olur.

 

Aşağı divarın Mİ.

EKQ-nin İİ, İİİ və aVF ötürmələrində ilkin Q dalğalarının dərin və geniş olması əvvəl keçirilmiş aşağı divarın Mİ-na təsadüf edir. Adətən həmin Q dalğaları ilə inversiya olunmuş T dalğaları da müşahidə edilir.

Qeyd etmək lazımdır ki, Mİ olmayan xəstələrdə çox vaxtlarda yalnız İİİ ötürmədə Q dalğası müəyyən edilə bilər. Həmin Q dalğasının dərinliyi tənəffüslə dəyişmiş olur. Bu cür hallarda aşağı divarın Mİ-nın diaqnozu digər aşağı ötürmələrdə də Q dalğasının olması ilə təyin edilir.

Nəzərdə saxlamaq lazımdır ki, 30% xəstədə Mİ-dan 1 il keçdikdən sonra Q dalğaları olmaya da bilər. Bu cür hallarda yeganə qalmış pozuntulara T dalğalarının yastılaşması və ya inversiyası və ST seqmentin dəyişiklikləri olur.

 

Şəkil. Aşağı (inferior) divarın Mİ. İİİ və aVF ötürmələrində dərin Q dalğaları müşahidə edilir.

 

Arxa divarın Mİ.

V1-V2 ötürmələrində hündür R dalğası olduqda (R/S>1), əvvəl keçirilmiş arxa divarın Mİ diaqnozu qoyulmuş olur. Çox vaxt bununla yanaşı aşağı divarın infarktı da müəyyən edilir. V1-V2 ötürmələrində hündür R dalğasının digər səbəblərinə sağ mədəciyin hipertrofiyası, dekstrokardiya, Dyuşen əzələ distrofiyası, Volf-Parkinson-Uayt sindromu, hipetrofik kardiomiopatiya da aiddir. V7-V9 ötürmələrində Q dalğası və ST seqmentin dəyişikliklərinin müəyyən edilməsi isə arxa divarın Mİ-nın diaqnostikasına yardımçı olur.

Şəkil. Arxa-aşağı (posteroinferior) divarın Mİ. V1-V3 ötürmələrdə hündür R dalğası müəyyən edilir. Həmçinin, İİ, İİİ və aVF ötürmələrində dərin Q dalğaları müşahidə edilir.