Radioloji müayinələrdə kontrastın istifadəsinə dair əsas Prinsiplər

Kontrastın istifadəsinə dair tez-tez verilən suallar.

Kontrast maddələrin hansı növləri vardır?

  • Hazırda radioloji müayinələrdə tətbiq edilən 3 əsas kontrast növü vardır - İV, Per Oral və Per rectum. Venadaxili (İV) kontrast iki cür olur ki, onlardan biri yodlaşdırılmış kontrast KT görüntüləməsində, o birisi isə MRT-də tətbiq olunan qadolinium kontrast materialıdır. Təcili tibbi yardım şöbələrində və stasionarda müalicə alan xəstələrdə aparılan KT görüntüləmələrində durulaşdırılmış yodlaşdırılmış per oral kontrast (İV kontrastla aparılan KT görüntüləməsində istifadə edilən eyni kontrast maddə) istifadə edilir. Yodlaşdırılmış kontrast maddələrə allergiyası olan xəstələrdə isə bariumun istifadəsi tövsiyə oluna bilər. Əvvəllər yodlaşdırılmış PO kontrast maddələrə orta və ağır dərəcəli allergik reaksiyası olan xəstələrdə kontrastın verilməsində əvvəl premedikasiyanın aparılması tövsiyə edilir. Rektal kontrast da per oral kontrast kimi durulaşdırılmış yodlaşdırılmış maddədir və rektal boru vasitəsilə per rektum daxil edilir.

KT angioqrafiya ilə İV kontrastla aparılan KT görüntüləməsinin fərqi nədir?

  • KT angioqrafiya kontrastla aparılan KT görüntüləməsinin bir növüdür. KT Angioqrafiya zamanı kontrastın verilməsi vaxtı ciddi şəkildə təyin edilir ki, arteriyaların və ya venaların (venoqram) görüntüləməsi təmin edilsin. Məsələn, Ağciyər emboliyasının diaqnostikası üçün döş boşluğunun KT Angioqrafiyası zamanı kontrastın verilməsi vaxtı elə təyin edilir ki, görüntüləmə əldə edilərkən kontrast məhz ağciyər arteriyalarında olsun. Aortal disseksiyanın diaqnostikası üçün isə İV kontrastın verilməsi vaxtı elə təyin edilir ki, görüntüləmə aparılarkən kontrast aortada olsun.
  • Döş qəfəsinin İV kontrastla KT görüntüləməsi üçün kontrastın vurulması vaxtı elə təyin edilir ki, görüntüləmə zamanı kontrast məhz yumşaq toxumaların kapilyarlar damarlarında olsun.
  • Qarın boşluğu və çanağın görüntüləməsi üçün isə kontrastın verilməsi vaxtının müəyyən edilməsi daha mürəkkəbdir. Belə ki, bu zonalarda həm sistem, həm də portal venoz kapilyar damarları mövcuddur. Əksər hallarda qarın və çanağın KT görüntüləməsi aparılarkən kontrastın portal venalarda olması təmin edilir. Lakin, travmalarda kontrastın vurulması vaxtı gec arteriyal/erkən portal venoz fazaya ünvanlanmış olur. Əlavə olaraq, böyrəklərin yığıcı borucuqlarının zədələnməsinin istisna edilməsi üçün görüntüləmə həm də ekskretor fazada da əldə edilir.

Beyinin KT görüntüləməsi: İV kontrast nə zaman istifadə edilir?

  • Ümumiyyətlə, KT angioqrafiyası və ya venoqrafiyası aparılarkən və ya beyindaxili abses və ya bədxassəli törəməyə dair görüntüləmə aparılarkən, beyinin KT görüntüləməsi İV kontrastla aparılır.
  • Əksər hallarda ilkin olaraq beyinin KT görüntüləməsi kontrastsız aparılır və bundan sonra tələb olunduqda ya MRT, ya da İV kontrastlı KT görüntüləməsi təyin edilir.

Qarın və çanağın KT görüntüləməsində KT nə zaman istifadə edilir?

  • Bir neçə hallarda İV kontrast tələb olunmur və gərəkli deyildir. Məs., ureteral daşlar və ya retroperiton hematomaların müayinəsində İV kontrast tələb olunmur. Bütün digər hallarda qarın və çanağın müayinəsində İV kontrastın istifadəsi tövsiyə edilir. O cümlədən, böyrək daşı səbəbindən infeksiyanın inkişaf hallarında da İV kontrastlı KT əldə edilməlidir.
  • İV kontrastın vurulması nəticəsində toxumaların daha aydın fərqləndirilməsinə (bir orqanın digər orqandan ayırmaq daha asandır), habelə müxtəlif kütlələr və ya iltihablı/infeksion proseslərin diaqnostikası imkanlarını artırmış olur. Əgər xəstənin İV kontrasta qarşı allergiyası varsa, KT görüntüləməsi kontrastsız da aparıla bilər.

İV kontrastın istifadəsi əksgöstərişlər hansıdır?

  • Yodlaşdırılmış İV kontrastın istifadəsinə iki əsas əksgöstəriş vardır: kontrast səbəbindən inkişaf etmiş nefropatiya və yodlu kontrasta allergiya. Hazırda tətbiq edilən təlim qaydalarına əsasən İV kontrastlı KT görüntüləməsinin aparılması üçün xəstənin qanında kreatinin <1.5 mq/dL-dan az olmalı və kəskin böyrək zədələnməsi halı olmamalıdır.
  • Bəzi hallarda isə İV kontrastın istifadəsi çox vacib olduqda və xəstənin premedikasiyasından sonra radiologiya şöbəsinin mütəxəssisi və həkimin istəyi əsasında mülayim dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə də KT görüntüləməsi İV kontrastla aparıla bilər. Bü cür hallarda əmin olmaq lazımdır ki, İV kontrastın verəcəyi bəhrə kontrastın törədə biləcəyi zərərdən daha üstün olmalıdır.
  • Bir böyrəyi olan və ya böyrək transplantasiyası keçirmiş xəstələrdə də KT görüntüləməsi İV kontrastla aparıla bilər. Bu cür xəstələrdə İV kontrastın miqdarı azaldıla bilər.
  • Bəzi dərman preparatları, o cümlədən, Metformin qəbul edən xəstələrdə planlı şəkildə KT görüntüləməsindən sonra həmin preparat İV kontrastın verilməsindən sonra 48 saat müddətinə dayandırılmalıdır. 48 saatdan sonra isə metforminin yenidən başlanmasından öncə xəstələrin böyrək funksiyasının yenidən qiymətləndirilməsi tövsiyə edilir.

MRT görüntüləməsi üçün İV kontrasta əksgöstərişlər hansıdır?

  • Qadolinium IV kontrastının MRT görüntüləməsi zamanı tətbiqinə iki əsas əksgöstəriş vardır: bunlardan biri nefrogenik sistemli fibroz (NSF) riski və qadoliniuma olan allergiyadır. NSF riskini maksimal dərəcədə aşağı salmaq və qarşısını almaq üçün əksər mərkəzlərdə qadoliniumun istifadəsi yalnız eGFR>30 ml/dəq/1.73 kv.m və ya ağır qaraciyər xəstəliyi olanlarda >40 ml/dəq/1.73 kv.m olan xəstələrdə icazə verilir.
  • Xəstənin müalicə həkimi və radioloqun birgə müzakirəsi əsasında qadoliniumla MRT-nin faydası NSF riskindən daha yüksək hesab edildikdə, onun hətta eGFR-ı yuxarıdakı göstəricilərdən aşağı olan xəstələrdə də aparılmasına qərar verə bilər. Lakin, qadoliniumla aparılacaq MRT-dən öncə həmin xəstələr mütləq şəkildə nefroloq və hepatoloq tərəfindən müayinə edilməlidir.
  • İV qadoliniuma qarşı allergik reaksiyalar yodlaşdırılmış kontrast məhsullarına qarşı olan reaksiyalardan az müşahidə edilir. Lakin, buna baxmayaraq qadoliniuma qarşı allergik reaksiyalar baş verə bilər və allergiya riski yüksək olan xəstələrdə diaqnostik müayinədən öncə premedikasiyanın aparılması tövsiyə edilir.

Qarın və çanağın KT görüntüləməsində PO (oral) kontrastın aparılmasına əksgöstərişlər hansıdır?

  • Böyrək daşları və ya retroperiton hematomalarının müayinəsi üçün PO kontrast tələb olunmur. Lakin, digər əksər hallarda, o cümlədən, travma xəstələrdə, PO kontrastın istifadəsi tövsiyə edilir.
  • PO kontrast bağırsaq mənfəzini aydın göstərir. PO kontrastın istifadəsi imkan verir ki, bağırsaq divarının iltihabı müəyyən edilsin və həmçinin bağırsaq ilmələrinin digər oxşar strukturlardan (məs, limfa düyünləri, abseslər, kütlələr) fərqləndirilməsi təmin edilsin.
  • Hazırda bütün ağır travma almış xəstələrdə KT görüntüləməsi PO kontrastsız aparılır, lakin daha az ağır travma almış xəstələrdə PO kontrastın istifadəsi isə tövsiyə edilir (lakin PO kontrastın verilməsinəə görə tez aparılması tələb olunan müayinəni gecikdirmək gərək deyil).
  • Düzdür gözləmə imkanı olan stabil travma xəstələrində PO kontrastın verilməsi və bunun üçün 45 dəqiqəyədək gözləmə çox vaxt diaqnostika üçün faydalı məlumatların əldə edilməsinə yardım göstərir.

PO kontrastı içdikdən sonra KT görüntüləməsi hansı müddətdən sonra aparılmalıdır?

  • Adətən PO kontrastın qəbulundan 45 dəqiqə sonra KT görüntüləməsi aparıla bilər. Lakin appendisitə şübhə olduqda PO kontrastın verilməsindən sonra 2 saat gözləmək daha məqsədə uyğundur.
  • PO kontrast qəbul etmiş ağır və ya orta ağır dərəcəli travma xəstələrində KT görüntüləməsi dərhal aparıla bilər (yəni 45 dəqiqə gözləmək tələb olunmur); lakin 45 dəqiqə gözləmə KT görüntüləməsinin diaqnostik həssaslığını və spesifikliyini artırır və buna görə də üstünlük verilir.

Appendisitin diaqnostikası üçün kontrastsız KT-nin istifadəsi mümkündürmü?

  • Appendisitin diaqnostikası üçün PO kontrastın verilməsi testin diaqnostik həssaslığını artırmış olur, lakin İV kontrastlı KT ilə də appendisitin diaqnostikası mümkündür.

Rektal kontrast hansı hallarda tələb olunur və o necə tətbiq edilir?

  • Rektal kontrastla diaqnostik KT görüntüləməsinin aparılması bir sıra hallarda tələb olunur. Çanağın nüfuzedən travmalarında rektal kontrastın verilməsi tələb oluna bilər.
  • Yoğun bağırsaq fistulaları, cərrahi əməliyyatların ağırlaşmaları hallarında rektal kontrastlı KT görüntüləməsi məqsədə uyğundur. Lakin,rektal kontrastın verilməsi nəzərdən keçirildikdə (xüsusilə də, cərrahi əməliyyatlardan sonra zərif toxumalar olduqda), çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, travmatizasiya ehtimalı yüksək olan hallarda rektal kontrastın verilməsi üçün rektuma borunun yeridilməsi təhlükəli ola bilər və bağırsaq perforasiyasına da səbəb ola bilər.