Sifilis - birincili, ikincili və üçüncülü: sosial anamnez, epidemiologiya, diaqnostika və klinika.

TARİXÇƏ.

Sifilisin yaranmasına dair 3 fərqli hipoteza mövcuddur ki, birinə görə sifilis amerikan, digərinə görə avropa və nəhayət üçüncü hipoteza görə afrika mənşəllidir.

Sifilisin amerikan mənşəlli olması hipotezi çox geniş yayılıb. Guman edilir ki, Kolumbun Amerikaya səyahəti zamanı Haiti adasına səfər edən matrosların sifilis patogeninə yoluxması və sonradan Avropa qayıtdıqda xəstəliyin cinsi yolla Avropada yayılması baş vermişdir. Maraqlıdır ki, Kolumbla səyahət edən matroslar sonradan 1495-ci ildə Karl Vİİİ imperatorunun İtaliyanı zəbt etməsində iştirak etmişdir. Sifilisin də məhz həmin ildə ilk dəfə əsgərlər arasında yaranması qeydə alınmışdır. Karl Vİİİ-in ordusu darmadağın olunduqdan sonra, əsgərlər evlərinə qayıdarkən xəstəliyi yolda Avstriya, Fransa, İtaliya, Almaniya, İsveçrə və digər avropa ölkələrinə yaymış. Bunun nəticəsində yalnız bir neçə il ərzində 5 milyona yaxın insan ölmüşdür. 1500-ci ilə infeksiya bütün Avropanı bürümüş və artıq Şimali Afrika, Cənubi-Şərqi Asiya, Türkiya, Çin və Hindistana da yayılmağa başlamışdır. 1512-ci ildə Yaponiyanın Kioto şəhərində çox saylı sifilis halları qeydə alınmışdır. Düzdür bir çox mütəxəssis bu hipotezanı dəstəkləmir.

Avropa hipotezinə görə guman edilir ki, sifilis qədim dünyadan məlumdur. Hippokrat, Qalen, Avisennanın əsərlərində, o cümlədən, İncildə də sifilisə oxşar xəstəliyin təsviri var. İngiltirədə də kilsədə tapılan skelet sümüklərinin radiokarbon analizi aparılmış və sümüklərdə olan zədələnmələrin sifilis səbəbindən baş verdiyi guman edilmişdir.

Afrikan hipotezi isə hesab edir ki, sifilis ilkin olaraq Afrikada əmələ gəlib. Bu hipoteza ilk dəfə 1961-ci ildə T. Cockburg tərəfindən irəli sürülmüş və bir sıra alim tərəfindən dəstəklənmişdir. Guman edilir ki, müharibələr, ticari əlaqələr, qulların çıxarılması və s. səbəblərdən sifilis Afrikadan digər ölkələrə yayılmışdır.

Rusiyada sifilis ilk dəfə 1499-cu ildə qeydə alının. Ondan əvvəl sifilik ilk dəfə Litva Krallığında 1497-ci ildə "Bixovtsinin Xronikalarında" təsvir edilmişdir. İvan Qrozninin vaxtlarında sifilis Rusiyada "alman", "fransuz" və ya "polyak" xəstəliyi kimi tanınıb. Rusiyada sifilislə mübarizənin planlı şəkildə aparılması 1667-69-cu illərə təsadüf edir. Lakin, sistemli şəkildə sifilislə mübarizə Pyotr İ-nin vaxtlarına təsadüf edir. Həmin dövrdə əsgərlərin və zabitlərin pulsuz və pullu müalicəsinə dair qərarlar verilmiş və qərarlarda xüsusilə də "fransuz xəstəliyinin" müalicəsinə dair müddəa da qeyd edilmişdir. 1763-cü ildə isə Sankt-peterburqda ilk gizli xəstəxana açılmış və orada "fransuz" zöhrəvi xəstəliyinin müalicəsi təşkil edilmişdir. Həmin xəstəxanada müalicə anonim aparılıb. Beləliklə, Rusiyada ilk verenoloji və ya zöhrəvi xəstəxana yaradılmışdır.

Rusiyada və digər Avropa ölkələrində aparılan tədbirlərə baxmayaraq sifilisə yoluxma halları qeydə alınmaqda davam etmiş və hətta artmışdır. 1905-ci ildə isə Erix Hoffman və protozooloq Frits Şaudin sifilisin törədicisi olan Trepanema pallidum mikroorqanizmini müəyyən etmişlər. SSRİ-də dispanserizasiyanın tətbiqi, xəstələrin pulsuz müalicəsinin təmin edilməsi nəticəsində sifilisə yoluxma halları və ondan ölüm halları tədricən azalmağa başlamışdır. İİ Vətən müharibəsi ərəfəsində isə sifilis SSRİ-də çox nadir xəstəlik olmuş və tibb universitetlərində isə tələbələrə aktiv sifilisi olan xəstənin nümayiş etdirilməsi həmin xəstələrin çox az olması səbəbində xeyli çətinləşmişdir. Birinci Dünya Müharibəsindən əvvəl Moskvada hər 10.000 nəfərə 206 sifilis halı qeydə alınmışdır.

Azərbaycanın müasir tarixində sifilislə mübarizə Rus İmperiyası və sonradan Sovet İttifaqının digər respublikalarında olduğu kimi həyata keçirilib. Hazırda isə Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə:

  • İlk dəfə sifilis diaqnozu qoyulmuş xəstələrin sayı: 2008-ci ildə - 380 nəfər, 2012-ci ildə - 391 nəfərdir.
  • Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilisli xəstələrin sayı: 2008-ci ildə - 581 nəfər, 2012-ci ildə 774 nəfərdir.
  • Burada kişilər çoxluq təşkil edir.

 

EPİDEMİOLOGİYA.

Sifilis cinsi yolla keçən sistemli infeksiyadır. Onun etioloji patogeni Treponema pallidum adlanır. Müalicəsiz sifili xəstəliyi xroniki fazaya keçir və aktiv infeksiya epizodları ilə latent infeksiya dövrləri növbələşir. Sifilisin inkubasiya müddəti 10 gündən 90 günədək olur (orta hesabla 3 həftə).

Sifilis həm də "imitasiya edici" xəstəlik də adlandırılır. Buna səbəb isə sifilisin törətdiyi simptom və əlamətlərin bir sıra müxtəlif xəstəliklərə bənzəməsidir. Bu isə sifilisi digər xəstəliklərdən fərqləndirməyə çətinlik törədə bilir. Erkən kliniki əlamətlər (birincili və ikincili mərhələlərdə) əsasən dəri və selikli gişaları əhatə edir. Lakin, nəzərə alınmalıdır ki, ikincili sifilis artıq sistemli xəstəlikdir. Latent xəstəlikdə isə kliniki əlamət və ya simptomlar müşahidə edilmir. Sifilis istənilən orqan və sistemdə inkişaf edə bilər. Neyrosifilis isə sifilis xəstəliyinin istənilən mərhələsində inkişaf edə bilər.

 

YOLUXMA.

Sifilisin əsasən cinsi və vertikal (infeksiyaya yoluxmuş hamilə qadından sifilis hematogen yolla ana bətnində olan dölə keçir) yolla keçir. Sifilisə yoluxmuş şəxs infeksiyanın birincili və ikincili mərhələlərində infeksion ocaqlar və ya səpgilər olduqda, infeksiyanı ilkin olaraq öz cinsi partnyorlarına keçirə bilir. Bir çox ölkələrdə, o cümlədən, ABŞ-da anadangəlmə (congenital) sifilis halları 2006-2008-ci illərdə artmış, lakin 2009-2013-cü illərdə azalmışdır. Hamiləlik dövründə sifilisin dölə keçməsi sifilisin istənilən mərhələsində baş verə bilər. Düzdür, qeyd edilməlidir ki, birincili və ya ikincili sifilisi olan qadınlarda dölün yoluxması riski daha yüksəkdir.

 

PATOGENEZ VƏ MİKROBİOLOGİYA.

Sifilisin etioloji törədicisi Trepanema pallidum mikrobudur. Trepanema pallidum hərəkətliyə malik olan mikroaerofil bakteriyadır və in vitro əkilməsi mümkün deyildir. Onun diametri 6-15 mikrometrdir və bir qədər leykositdən böyükdür (6-20 mikrometr). Trepanema normal işıqlı görmə sahəli mikroskopla görünmür.

Trepanema insan orqanizminə cinsi əlaqə zamanı dəri və selikli gişalarda baş vermiş makroskopik və mikroskopik sürtünmə və ya cızılma yerləri vasitəsilə keçir. Trepanema həm də plasenta vasitəsilə anadan dölə keçə bilər.

Kliniki əlamətlər və ya simptomların baş verməsinədək (məs., yoluxmadan bir neçə saat və ya gün sonra), T.pallidum qan damar sistemi və limfatik damar sisteminə və regional limfa düyünlərinə yayılır. İnfeksiyanın mərkəzi sinir sisteminin yayılması isə xəstəliyin istənilən mərhələsində baş verə bilər.

 

KLİNİKİ ƏLAMƏTLƏR VƏ AĞIRLAŞMALAR.

Birincili sifilis.

İnfeksiya törədən Trepanemaların bir qismi insan orqanizminə daxil olduğu zonada qalır və onların sayı çoxalır. Bu səbəbdən həmin zonada limfositlərin sensitizasiyası və makrofaqların aktivizasiyası baş verir və inokulyasiya zonasında birincili ocaq və ya "şankr" inkişaf edir.

  • Şankr birincili sifilisin mühüm indikatorudur. Şankr papuladan xorayadək inkişaf edir. Şankr adətən ağrısız, ödemli və əsasə təmiz olur. Şankr yüksək yoluxuculuğa malikdir və təxminən 1-6 həftə ərzində spontan olaraq sağalır. Sifilisin 25% hallarında birdən çox şankr yaranmış olur.
  • Bəzi halalrda herpes və ya şankroidə bənzəyən atipik şankrlar yarana bilər. Xarici cinsi orqanlarda xoraları olan xəstələrin müayinəsinə mütləq şəkildə sifilisin istisna edilməsi üçün seroloji test və genital herpesin diaqnostik müayinəsi də daxil edilməlidir. Şankroid olan hallarda isə Haemophilus ducreyi diaqnozunun təyin edilməsi üçün müvafiq laborator testlər aparılmalıdır.
  • Regional limfadenopatiya adətən ağrısız və ikitərəfli olur.
Birincili sifilis zamanı seroloji testlər pozitiv nəticə verməyə də bilər.

İkincili sifilis.
İkincili sifilisin ocaqları adətən birincili şankrın əmələ gəlməsindən bir neçə həftə sonra müşahidə edilir. Buna görə də, bir çox hallarda sifilisin birincili və ikincili mərhələləri üst-üstə düşə bilər və ya eyni xəstədə sifilisin hər iki mərhələsi müəyyən edilə bilər.
  • Səpgi ikincili sifilisdə 75-100% hallarda müşahidə edilir. Sifilisdə müşahidə edilən səpgilər makulalar, papulalar, yastı səpgilər, pustulalar (nadir hallarda) və ya sadalanmış səpgi növlərinin qarışığından ibarət ola bilər. Səpgi adətən qaşınmasız olur və ovuclar və pəncələrdə müşahidə edilir.
  • Limfadenopatiya 50-86% hallarda rast gəlinir.
  • Halsızlıq isə çox geniş yayılmış konstitusional simptomdur.
  • İkincili sifilisin condilomata lata və ya kondilomaları (10-20%) nəm, ziyilə bənzər papular formasında olur və əsasən isti və qırışlar olan bədən hissələrində (çox vaxt sağrıların arası, perineum, perianal) baş verir. Bu kondilomalar çox yüksək yoluxuculuğa malikdir.
  • Alopesiya (5%) və ya başda saç itkisi. Adətən oksipital və ya bitemporal sahələrdə baş verir. Bununla yanaşı qaşların lateral hissəsində də tük itkisi müşahidə edilir.
  • Qaraciyər və böyrəklərin prosesə cəlb edilməsi də baş verə bilər. Splenomeqaliya da bəzən müşahidə edilir.
Şəkil. İkincili sifilisdə pəncələrdə xarakterik səpgi.
 
 
Şəkil. İkincili sifilisdə pəncələrdə xarakterik səpgi.                        Şəkil. İkincili sifilisdə penis üzərində condilomata lata səpgiləri.
İkincili sifilis zamanı sifilisə qarşı seroloji testlərin titrləri çox yüksək olur. Müalicə olunmamış xəstələrin 25%-də ikincili sifilisin residivi baş verə bilər və bu adətən infeksiyanın birinci ilində müşahidə edilir.
Qadınlarda və həmçinin anal cinsi əlaqədə olan kişilərdə sifilisin diaqnozu bir çox hallarda məhz ikincili sifilisin əlamətləri və simptomları əsasında qoyulur. Buna səbəb odur ki, həmin xəstələrdə birincili sifilisin ocaqları uşaqlıq yolu (vagina) və ya anus daxilində əmələ gəldiyindən müəyyən edilməmiş olur.

 

Gizli və ya Latent sifilis.
Əksər hallarda nəhayət xəstənin orqanizmi tərəfindən infeksiyanın supressiyası baş verir və bundan sonra xəstədə heç bir patoloji ocaqlar kliniki olaraq müəyyən edilmir. Gizli və ya latent sifilis infeksiyasının yeganə sübutu positiv seroloji testlər olur.
Latent sifilis iki kateqoriyaya bölünür:
  • Erkən latent sifilis: <1 ildən az müddətdə mövcud olan sifilis infeksiyası.
  • Gec latent sifilis: >1 ildən çox mövcud olan sifilis infeksiyası.
Yadda saxlanmalıdır ki, sifilis infeksiyasında latentlik dövrü birincili və ikincili sifilis mərhələləri arası, ikincili sifilisin kəskinləşməsi epizodları arası və həm də ikincili sifilisdən sonrakı dövrdə də baş verə bilər. Latent sifilisi olan xəstələrin əksəriyyətində sifilis infeksiyasının mövcud olması müddətini çox vaxt təyin etmək mümkün olmur.
Latent sifilisə şübhə olan hallarda xəstədən birincili və ya ikincili sifilisin əlamət və simptomlarını müşahidə edib etməməsinə dair həkim tərəfindən suallar verilməlidir. Həmçinin, son 1 ildə cinsi partnyorunda və ya cinsi əlaqəda olan istənilən şəxsdə birincili və ya ikincili sifilisin olub olmamasına dair suallar da verilməlidir. Detallı fiziki müayinənin aparılması və seroloji testlərin təyin edilməsi də diaqnostikada çox faydalı alətlər hesab edilir.

 

Neyrosifilis.
T.pallidum bakteriyaları mərkəzi sinir sisteminə invaziya etdikdə neyrosifilis inkişaf edir. Neyrosifilis sifilisin istənilən mərhələsində baş verə bilər və neyrosifilis həm də asimptomatik ola bilər.
Neyrosifilisin erkən formaları adətən infeksiyaya yoluxmadan bir neçə aydan bir neçə il sonra inkişaf edir. Neyrosifilisin erkən formalarının kliniki təzahürü müxtəlif olur və bunlara kəskin sifilitik meningit; III, VI, VII və VIII Kəllə Sinirlərini cəlb edən bazilyar meningit və ya meninqovaskulyar sifilis, habelə beyin insultuna bənzər sindrom və qıcolmalarla təzahür edən  endarterit də daxildir.
Neyrosifilisin gec formaları adətən infeksiyadan bir neçə on il sonra inkişaf edir və nadir hallarda müşahidə edilir. Neyrosifilisin gec formalarının kliniki təzahürünə ümumi parez və tabes dorsales daxildir. Bu xəstələrdə treponemal seroloji testlər adətən reaktiv olur. Erkən və ya gec neyrosifilisdə gözlərin də prosesə cəlb edilməsi baş verə bilər.

 

Üçüncülü (gec) Sifilis (neyrosifilisdən başqa).
Müalicə aparılmadıqda sifilisə yoluxmuş xəstələrin 30%-də infeksiyaya yoluxma tarixindən 1-20 il sonra infeksiya üçüncülü sifilisədək inkişaf edir. Lakin, antibiotiklərin əlçatanlığı və geniş tətbiqi üçüncülü sifilis hallarının kəskin azalmasına səbəb olub və hazırda da çox nadir hallarda müşahidə edilir.
  • Qummaya bənzər ocaqlar skeletin istənilən hissələrində, onurğada və selikli gişalarda, gözlərdə və daxili orqanlarda (məs., ağciyər, mədə, qaraciyər, xarici və daxili cinsiyyət orqanları, süd vəziləri, beyin və ürək) baş verə bilər. Üçüncülü sifilisdə müşahidə edilən bu cür destruktiv ocaqlar kliniki cəhətdən karsinomanı xatırlada bilər. Üçüncülü sifilisin patoloji ocaqları adətən infeksiyaya yoluxmadan orta hesabla 10-15 il sonra baş verir.
  • Ürək-damar sisteminin sifilisində patoloji ocaqlar aortanın vaso vasorum-unu zədələmiş olur. Klinikada isə bu çox vaxt qalxan aortanın anevrizması, aortal çatışmazlıq və ya ürəyin tac damarlarının ostial stenozu ilə özünü təzahür edir. Ürək-damar sisteminin sifilisi orta hesabla infeksiyaya yoluxmadan 20-30 il sonra baş verir.

Anadangəlmə sifilis.
T.pallidum infeksiyasının sifilisi olan hamilə qadından dölə keçməsi nəticəsində anadangəlmə sifilis inkişaf edir. Müalicəsi aparılmamış sifilis hallarında hamiləlik ölü doğuşlara, neonatal ölümlərə və müxtəlif anadangəlmə xəstəlikləri olan (məs., karlıq, nevroloji pozuntu, sümüklərin deformasiyaları) uşaqların doğulmasına səbəb olur.
Hamiləlik zamanı infeksiyanın dölə keçməsi sifilis infeksiyasının istənilən mərhələsində baş verə bilər. Düzdür, bu cür hallar daha çox hamilə qadında birincili və ya ikincili sifilis olduqda baş verir. Dölün sifilisə yoluxması hamiləliyin istənilən trimestrində baş verə bilir. Hamiləlik zamanı dölün sifilisə yoluxması nəticəsində inkişaf edən xəstəliyin kliniki cəhətdən ağırlığı müxtəlif ola bilər. Əsasən ağır dərəcəli infeksiya hallarında doğuşdan sonra uşaqlarda kliniki xəstəlik müəyyən edilir.
Anadangəlmə sifilisin ənənəvi olaraq iki qrupa bölünür - erkən və ya gec xəstəlik. Erkən anadangəlmə sifilis adətən doğuşdan sonra ilk 2 il ərzində inkişaf edir. Gec inkişaf edən anadangəlmə sifilisdə isə kliniki simptom və əlamətlər 2 yaşdan sonra baş verir. Qeyd edilməlidir ki, anadangəlmə sifilisin məhz erkən formalarına daha çox rast gəlinir.

Erkən anadangəlmə sifilisin ocaqları (<2 yaşadək uşaqlarda).
  • adətən iltihab xarakterli olur,
  • dəri (bullalar və ya eksudativ) və ya selikli gişaları cəlb etmiş olur,
  • alopesiya, generalizə olunmuş limfadenopatiya, meningit, osteit və ya osteoxondrit və hepatosplenomeqaliya baş verə bilər,
  • hematoloji pozuntular da baş verə bilər (məs., trombositopeniya və anemiya).

Gec inkişaf etmiş anadangəlmə sifilis ocaqları (>2 yaşdan yuxarı uşaqlarda).
  • immunoloji və destruktiv olur,
  • çox vaxt interstisial keratit kimi təzahür edir və
  • az hallarda Vİİİ Kəllə sinirinin zədələnməsi səbəbindən karlıq, sümük və dişlərin patologiyaları da müşahidə edilir. Anadangəlmə sifilis üçün patoqnomonik əlamətlərlə Hetçinson üçlüyü aid edilir - Hatçinson dişləri, parenximatoz keratit və spesifik labirintit (labirintit karlığı). Uşaqlarda həm də aşağı ətrafların (təkrar baş verən osteoperiostitlər nəticəsində tibia sümüklərinin uzanması, şişməsi və önə əyilməsi) qılınca bənzər deformasiyası da müşahidə edilə bilər.

DİAQNOSTİK METODLAR.
Anamnez.
İnfeksiyanın müddətini və təkrar infeksiyanın baş vermə ehtimalını təyin etmək üçün xəstədən detallı anamnezin toplanması xüsusi əhəmiyyət kəsb edir. Xəstədən anamnez toplayarkən, həkim aşağıdakı məsələlərə aydınlıq gətirməlidir:
  • sifilisin yoluxma tarixçəsi (əgər əvvəllər xəstədə sifilis olubsa, seroloji testlərin əldə edilməsi və əvvəkli nəticələrlə müqayisənin aparılması tələb olunur).
  • Birincili və ya ikincili sifilisi olan şəxslərlə məlum olan əlaqə,
  • Son 12 ay ərzində sifilislə bağlı tipik əlamət və ya simptomların müşahidə edilməsi.
Həkim tərəfindən həm də ən son seroloji testlərin tarixi və nəticələrinə dair məlumat əldə edilməlidir. Xəstə hətta sifilisə yoluxmanı inkar edirsə də belə, əvvəl aparılmış seroloji testlərin nəticələrinin əldə edilməsi vacibdir. Xüsusilə də, hazırda seroloji testdə titri aşağı olan, heç bir simptomları olmayan və sifilisi olan şəxslərlə kontaktı inkar edən xəstələrin müayinəsində əvvəlki seroloji testlərin nəticələrinin əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Fiziki müayinə.
Sifilisə şübhə olan xəstələrdə fiziki müayinə detallı aparılmalı və xəstənin ağız boşluğu, limfa düyünləri, bədən dərisi, ovuclar və pəncələri, cinsiyyət orqanları və perianal sahələr də müayinə edilməli və infeksiyanın əlamətlərinin olub olmaması müəyyən edilməlidir. Bütün qadın xəstələrdə pelvik müayinə də aparılmalıdır. Həmçinin bütün xəstələrdə detallı nevroloji müayinə aparılmalı və aşağıdakı sinirlərin yoxlanmasına fokuslanmalıdır - optik sinir (KS İİ), oculomotorius (KS İİİ), Vİ, Vİİ (üz siniri) və Vİİİ (eşitmə siniri). Qaraciyərdə ağrı hissiyatının da olub olmamasını təyin etmək üçün abdominal müayinə də aparılmalıdır.

Laborator müayinələr.
Erkən sifilisin ən dəqiq diaqnostikası üsulu qaranlıq görmə sahəli mikroskopiyadır. Mikroskopiya üçün sifilitik olduğu düşünülən ocaqlardan toxuma və ya eksudat nümunəsi əldə edilməlidir.
  • Qaranlıq görmə sahəli mikroskopiya. Trepanemalar adi işıqlı görmə sahəli mikroskopiyada görünmür. Qaranlıq sahədə aparılan mikroskopiyada isə Trepanemalar spiral formalı olur, burğu kimi hərəkətə malik olur və ümumi uzunluğu 6-20 mikrometrədək olur. Qaranlıq görmə sahəli mikroskopiyanın üstünlüyü sifilisin dərhal dəqiq diaqnostikasının aparılması (xüsusilə də birincili və ikincili sifilisdə) və nəticələrin sürətli əldə edilməsidir. Qaranlıq görmə sahəli mikroskopiyanın əlverişsizliyi isə onunla bağlıdır ki, onun aparılması üçün yaxşı təcrübəli mütəxəssis və ixtisaslaşmış avadanlıq olmalıdır. Həmçinin, mikroskopiyada patogen və qeyri-patogen spiroxetlərin qarışdırılması da baş verə bilər. Buna görə də, ağız boşluğu ocaqlarından əldə edilmiş toxuma nümunələrinin mikroskopiyasının aparılması tövsiyə edilmir. Digər bir mühüm məsələ isə toxuma və ya eksudat nümunəsinin əldə edilməsindən sonra mikroskopiyanın gecikdirmədən aparılmasıdır. Belə ki, trepanemaların diaqnostikasında əsas məqam onların hərəkətliliyidir və bu vaxt keçdikcə hərəkətlilik xeyli aşağı düşmüş olur. Qeyd edilməlidir ki, sağalmaqda olan birincili və ya ikincili ocaqlardan götürülmüş toxumaların mikroskopiyasının həssaslığı aşağı olur. Həmçinin, sabun, su, antibiotik kremlərin istifadəsindən sonra aparılan mikroskopiya nəticəsində çox vaxt yalan-neqativ nəticələr əldə edilir.

SİFİLİSƏ DAİR SEROLOJİ TESTLƏR.
Qaranlıq görmə sahəli mikroskopiya əlçatan olmadıqda isə sifilis diaqnozu ili növ seroloji test vasitəsilə də qoyula bilər. Bu testlərə qeyri-trepanem (trepanemaya aid olmayan) və trepanem (trepanemaya aid olan) testləri aiddir. Yalnız bir növ seroloji testin istifadəsi diaqnoz üçün kifayət etmir, çünki hər bir testin ayrılıqda məhdudiyyətləri vardır. Belə ki, sifilisi olmayan xəstələrdə həmin testlər yalan-pozitiv nəticə verə bilər. Digər tərəfdən trepanemaya aid testlər çoxdan baş vermiş infeksiyanın yaxınlarda baş vermiş yoluxma halından ayıra bilmir.

Qeyri-trepanema testləri.
Qeyri-trepanem testlərinə VDRL (Venereal Disease Research Laboratory və ya Zöhrəvi xəstəliklərin tədqiqi laboratoriyası), RPR (Rapid Plasma Reagin və ya sürətli plazma reageni), TRUST (Toludine Red Unheated Serum test və ya Toludin qırmızı qızdırılmamış zərdab testi) və USR (unheated serum reagin və ya qızdırılmamış zərdab reageni) aiddir. Bu testlərlə qanda İgM və İgG anticismləri təyin edilir və onlar heç də T.palliduma spesifik deyildir.
"Qeyri-treponem testlərdə antigen olaraq kardiolipin, lesitin və xolesterin qarışığından istifadə edilir. Bu testlər kütləvi skrininq üçün istifadə edilməklə yanaşı, aparılan terapiyanın effektivliyini qiymətləndirmək və reinfeksiya diaqnozunu təsdiq etmək üçün yerinə yetirilir. Qeyri-treponem testlər follikulyasiya hadisəsinəəsaslanır (reaksiyanın məhsulu lopa şəklində çökür). Bu testlərlə təyin edilən solğun treponem lipidlərinə qarşı İgG və İgM anticisimləri bərk şankr formalaşdıqdan təqribən 1 həftə sonra, qanda yaranır. Qeyri-treponem testlərin üstünlüyü onların aşağı qiyməti, texniki sadəliyi və nəticələrin alınmasının sürətliliyi ilə bağlıdır.Reaksiyanın kəmiyyət variantında qoyulması və anticisim titrinin təyin olunması, bu metodun reinfeksiya, residiv hallarının müəyyən edilməsində və ya aparılmış terapiyanın effektivliyinin qiymətləndirilməsində tətbiqinə imkan verir. Bu testlərin tətbiqini məhdudlaşdıran cəhətlər həssaslığın az olması və yalançı müsbət nəticələr verməsidir." (İSİM-in hazırladığı kliniki protokoldan çıxarış, 2010)
Qeyri-trepanema testlərində titrlər xəstəliyin aktivlik dərəcəsi ilə düz mütanasibdir. Titrin 4 dəfə dəyişməsi (məs., 1:16-dan 1:4-dək və ya 1:8-dən 1:32-dək) kliniki cəhətdən əhəmiyyətli dəyişiklik kimi qeydə alınır. Seroloji testdən keçmiş xəstələrdə gələcəkdə aparılan seroloji testlər eyni test metodu ilə aparılmalıdır. Yəni əgər ilkin diaqnostikada VDRL və ya RPR istifadə edilibs, gələcəkdə də aparılan test müvafiq olaraq məhz VDRL və ya RPR olmalıdır. Seroloji testlərin eyni laboratoriyada aparılması da məqsədə uyğundur.
VDRL və RPR testləri eyni etibarlılığa malik testlərdir, lakin bu iki testdən əldə edilən kəmiyyət nəticələri bir başa müqayisə edilə bilməz. Belə ki, RPR ilə alınan titrlər VDRL-lə müqayisədə çox vaxt bir qədər yüksək olur. TRUST testi də RPR-ə oxşardır, USR isə VDRL-ə oxşardır.
Müalicədən sonra adətən qeyri-trepanema testləri neqativ olur (qeyri-reaktiv olur). Bəzi xəstələrdə isə qeyri-trepanema anticismləri uzun müddət ərzində və bəzən də həyat boyu aşağı titrlərdə müəyyən edilməkdə davam edir.
Seroloji qeyri-trepanema testlərinin üstünlükləri:
  • sürətlidir
  • ucuzdur
  • test üçün zərdab deyil plazma istifadə edilə bilər (RPR, TRUST)
  • testin aparılması asandır
  • Poliklinika və ya həkimin ofisində də aparıla bilər
  • Kəmiyyəti təyin edir
  • Aparılmış müalicəyə təsiri qiymətləndirmək üçün istifadə edilə bilər
  • Təkrar infeksiyanın mümkünlüyünü təyin etmək üçün istifadə edilə bilər
Seroloji qeyri-trepanema testlərinin əlverişsizliyi/çatışmazlıqları:
  • Sifilisin bəzi mərhələlərində diaqnostik həssaslığı aşağı ola bilər (məs., erkən birincili, gec latent və üçüncülü sifilisdə)
  • Yalan-pozitiv reaksiyalar baş verə bilər
  • Nadir hallarda pro-zona effekti deyilən fenomen baş verə bilər və yalan-neqativ nəticəyə səbəb ola bilər. Buna səbəb test nümunəsində anticismlərin çox yüksək titrdə olmasıdır. Buna görə də ikincili sifilisə şübhə olduqda, zərabın 1/16 nisbətində durulaşdırılması və testin təkrarlanması tələb olunur. Bununla yanaşı keyfiyyət testi də aparılmalıdır ki, prozon effekti istisna edilsin.

Trepanema testləri.
"Treponem testlərdə treponem mənşəli patogen solğun treponem antigenindən istifadə edilir. Treponem testlər qeyri-treponem müayinə testlərinin nəticələrini təsdiqləmək üçün aparılır. Xəstəliyin az yayıldığı populyasiyalarda onlardan skrininq üçün istifadə edilə bilər, belə ki, İFA-nın avtomatlaşdırılmış metodu mövcuddur. "(İSİM-in hazırladığı kliniki protokoldan çıxarış, 2010)
Trepanema testlərinə TP-PA (T.pallidum particle agglutination), passiv hemaqlütinasiya reaksiyası (PHA) və ya onun modifikasiyası TPHA), FTA-ABS (fluorescent trepanemal antibody absorption test və ya immunfluoressensiya reaksiyası), müxtəlif EİA (fermen immuntestləri) və kimyəvi luminissensiya immun reaksiyaları daxildir. Bu testlər T. palliduma qarşı yönəlmiş anticismləri təyin edir.
Keyfiyyət testləri əksər hallarda və hətta uğurlu müalicədən sonra da xəstənin həyatı boyu reaktiv və ya müsbət qalır. Lakin, birincili sifilis mərhələsində müalicə almış xəstələrin 15-25%-də 2-3 ildən sonra seroloji testlər yenidən neqativ olur. Trepanemala qarşı anticismlərin titrləri xəstəliyin aktivlik dərəcəsi ilə zəif korrelyasiyaya malikdir və müalicənin effekti onlara əsasən təyin edilməməlidir.
Bəzi kliniki laboratoriyalarda və qan banklarında artıq sifilisin diaqnostikası üçün trepanemal EİA və ya kimyəvi luminissent immun testlər aparılmağa başlanıb. Bu strategiya əsasında əvvəllər müalicə almış və ya müalicə olunmamış və ya qismən müalicə olunmuş sifilisli xəstələri müəyyən etmək mümkündür. Düzdür, bu testlərdə də yalan-pozitiv nəticələrin əldə edilməsi mümkündür.
Pozitiv trepanema testi olan şəxslərdə standart qeyri-trepanema testinin aparılması və titrin təyin edilməsi tələb olunur. Bu müalicənin aparılmasına dair düzgün qərar qəbuluna imkan verir. Əgər qeyri-trepanema testi mənfidirsə, bu halda ilk dəfə pozitiv olan trepanema testinin nəticəsinin doğru olduğunu təsdiq etmək üçün ondan fərqli olan digər trepanema testi aparılmalıdır. Əgər ikinci trepanema testi pozitivdirsə, əvvəllər sifilisə görə müalicə almış xəstələrdə təkrar müalicə tələb olunmur. Lakin, əgər həmin xəstələrdə sifilisə təkrar yoluxma ehtimalı və ya faktı aşkar edilərsə, onların müalicəsi aparılmalıdır. Sifilisə görə əvvəllər müalicə almamış xəstələrdə isə müalicə mütləq həyata keçirilməlidir.
Toplanmış anamnez və ya fiziki müayinədə yaxınlarda baş vermiş yoluxma faktı müəyyən edilməzsə, əvvəllər müalicə almamış xəstələr gec latent sifilisə görə müalicə almalıdır.

Latent sifilisin diaqnostikası.
Yuxarıda qeyd olunduğu kimi, latent sifilisi olan xəstələrdə bəzi hallarda infeksiyanın müddətini təyin etmək mümkün olmur. Erkən latent sifilis diaqnozu aşağıdakı hallarda qoyula bilər:
  • müayinədən 12 ay əvvəlki müddətdə aşağıdakılardan biri olduqda:
    • serokonversiyanın təsdiqlənməsi
    • birincili və ya ikincili sifilisə xas simptomların təyin edilməsi
    • xəstənin cinsi partnyorunda birincili, ikincili və ya erkən latent sifilisin olduğu təsdiq edildikdə
    • yoluxmanın yalnız son 12 ay ərzində baş verdiyinə əmin olduqda.
Dəqiq müddəti məlum olmayan sifilis halları gec latent sifilis kimi müalicə edilməlidir.

Mərkəzi sinir sisteminin sifilis xəstəliyinin diaqnostikası.
Mərkəzi Sinir Sisteminin sifilisi xəstəliyin istənilən mərhələsində baş verə bilər. Müalicə olunmamış birincili sifilisi olan xəstələrin 13% və müalicə olunmamış ikincili sifilisi olan xəstələrin 25-40%-də onurğa beyin mayesində artıq müvafiq pozuntular aşkar edilir. Birincili və ikincili sifilis mərhələlərində mərkəsi sinir sisteminin sifilisi təyin edilmiş asimptomatik və immun sistemi normal olan xəstələrdə standart terapiya effektivdir.
Onurğa beyin mayesinin müayinəsinə göstərişlər. Sifilisə yoluxmuş və aşağıdakı meyarlara cavab verən xəstələrdə onurğa-beyin mayesinin (CSF - cerebrospinal fluid) müayinəsi gecikmədən aparılmalıdır:
  • nevroloji və ya oftalmoloji əlamət və ya simptomlar
  • aktiv üçüncülü sifilisin təsdiq edilməsi (məs., aortit, qummalar, iritis)
  • müalicənin uğursuzluğu.

Sifilis və HİV.
Sifilis və HİV infeksiyası çox vaxt yanaşı da müşahidə edilir. Araşdırmalar göstərir ki, HİV-ə yoluxmuş xəstələrdə sifilisin kliniki gedişatı HİV-i olmayan xəstələrdə olduğu kimidir.

SEROLOJİ TESTLƏRİN NƏTİCƏLƏRİNİN İNTERPRETASİYASI.
Sifilisin seroloji testlərinin nəticələri xəstəliyin klinikası ilə yanaşı qiymətləndirilməlidir. Aşağıdakı cədvəldə sifilisin seroloji testlərinin nəticələrinin interpretasiyası qaydası təqdim edilib.
Cədvəl. Sifilisin seroloji testlərinin nəticələrinin interpretasiyası.
EİA, TPPA və RPR testlərinin nəticələri "reaktiv" və ya "qeyri-reaktiv" kimi göstərilir. RPR nəticələri həm də titrlə göstərilir və titrin yüksək olması xəstəliyin aktivliyindən xəbər verir.

 



BIBLIOQRAFİYA.

  1. CDC. Sexually transmitted diseases treatment guidelines 2010. 2010. MMWR 2010;55 (No. RR-12). Available from URL:http://www.cdc.gov/std/treatment/2010/.
  2. CDC. Sexually transmitted disease surveillance, 2011. Atlanta, GA: U.S. Department of Health and Human Services, Centers for Disease Control and Prevention, November 2012. Available from URL:http://www.cdc.gov/std/stats11/.
  3. CDC. Syphilis testing algorithms using treponemal tests for initial screeningfour laboratories, New York City, 20052006. MMWR 2008; 57:8725.
  4. Fraser CM, et al. Complete genome sequence of Treponema pallidum, the syphilis spirochete. Science 1998; 281:375.
  5. ISIM, 2010 http://www.isim.az/isim/img/isim/protokol/38_Syphilis_W.pdf
  6. Golden MR, et al. Update on syphilis: resurgence of an old problem. JAMA 2003: 290: 1510-4
  7. Lukehart,SA, Godomes, et al.  Macrolide resistance in Treponema pallidum in the United States and Ireland.  N Engl J Med 2004; 351:154-8.
  8. Marra CM, et al.  Cerebrospinal fluid abnormalities in patients with syphilis: association with clinical and laboratory features. J Infect Dis. 2004; 189: 369-76.
  9. Peterman TA, et al. The changing epidemiology of syphilis. Sex Trns Diseases 2005; 32(10): 54-10.
  10. Pope V. Use of treponemal tests to screen for syphilis. Infect Med 2004;21:399-402.
  11. Stoner B.P Current Controversies in the Management of Adult Syphilis. CID 2007; 44 (Supplement 3) S130-146.
  12. Su JR, Beltrami JF, Zaidi AA, Weinstock HS. Primary and secondary syphilis among black and Hispanic men who have sex with men: case report data from 27 States. Ann Intern Med. 2011 Aug 2;155(3):145-51
  13. Zetola N, Klausner JD. Syphilis and HIV Infection: An Update.  CID 2007; 44:1222-8.
  14. 2010 CDC STD Treatment Guidelines (including downloadable version for Palm devices):http://www.cdc.gov/STD/treatment/2010/