Exinokokkoz: klinika və diaqnostika

Giriş— Exinokokk xəstəliyi lentşəkilli Exinokokk qurdunun metasestod mərhələsi tərəfindən törədilir. Exinokokk Taeniidae ailəsinə aiddir. Exinokokkun 4 növü insanlarda infeksiya törədə bilir. Bunlardan sistli exinokokkoz və alveolar exinokokkozu tərədən müvafiq olaraq E.qranulosis və E.multiokularis daha çox yayılmışdır. Digər iki növü isə - E.voqeli və E.oliqartus - polikistoz xəstəliyi törədir, lakin insanlarda az hallarda infeksiya törədir.


Exinokokkun biologiyası

Exinokokk qurdu sestodların ən kiçik nümayəndəssi olub, bədənin uzunluğu 5-6 mm və bədəni təşkil edən buğumların sayı isə 3-4 ədəddir. Bədənin axırıncı buğumu strobilanın yerdə qalan bütün uzunluğundan biraz uzun olur. Başda iki cərgədə yerləşmiş qarmaqları olan xortum və 4 sormac vardır. Başda qarmaqların bir qismi iri, digər qismi isə nisbətən kiçik sayı 35-38 ədəddir.

İnkişaf dövriyyəsi.

Exinokokk qurdunun cinsi yetişkənliyə çatmış forması əsasən itin, pişiyin, canavarın, çakkalın nazik bağırsağında parazitlik edir. Aralıq sahibi iri və xırda buynuzlu heyvanlar və insandır.

Əsas sahibin bağırsağından exinokokkun axırıncı buğumunda yetişmiş yumurtalar nəcislə birlikdə xaricə düşür. Xaricə düşmüş yumurta otun, suyun və müxtəlif məmulatların üzərinə yayılır. Yumurta içərisində 6 qarmaqlı onkosfer inkişaf edir. Onkosferli yumurta xarici mühit amillərinə qarşı dözümlü olur.

Xaricə düşmüş yumurta aralıq sahibə müxtəlif qida məmulatları ilə, ya da gigiyenik qaydalara riayət etmədikdə yoluxur.

Aralıq sahibin bağırsağında sürfə yumurta qabığından azad olur qarmaqları vasitəsilə bağırssağın selikli qişasından qan və limfa damarlarına keçir. Qan vasitəsilə sürfə müxtəlif orqanlara (qaraciyərlərə, ağağciyərlərə, beyinə və.s) daxil olub qovuqcuğa çevrilir. Sürfə axırıncı sahibə yoluxandan 1 ay sonra 1mm, 5 aydan sonra isə 1 sm, diametrində olur. Qovuğun divarı iki qatdan ibarət olub içərisi maye ilə dolu olur. Qovuğun daxili qatı olan paranximatoz və ya rüşeym qatında kiçik kapsullar inkişaf edir. Bu kapsullar içərisində yeni başcıqlar inkişaf edərək, tədricən qız qovuqcuqları əmələ gətirir. Belə qız qovuqcuqların divarı dağıldıqda içərisində olan başcıqlar ilk qovuğun mayesinə düşür. Hər kapsula içərisində 10-30-a dək başcıq ola bilər. Başcıqda 4 sormac olur və 30-40 -a qədər tacşəkilli qarmaq olur. Bu qovuq sahibdə bir neçə il yaşıya bilir.

Exinokokkun sonrakı inkişafı əsas sahibdə gedir. Əsas sahib aralıq sahib heyvanların yoluxmuş orqanlarını yedikdə, qovuqla birlikdə içərisində olan qovuqları da udmuş olur. Udulmuş başcıq qarmaqları vasitəsilə bağırsağın selikli qişasına yapışaraq lentşəkilli formaya çevrilir. Cinsi yetkin formanın inkişafı üçün 2-3 aya qədər vaxt lazımdır. Əsas sahibdə müstəqil parazitlərin sayı udulmuş başcıqların sayı qədər olur.

Alveokokk (E.Alveolaris və ya E.Multiocularis) 

Alveokokk xarici formasına görə exinokokka oxşasa da ondan nisbətən kiçikliyi, başda qarmaqların sayının azlığı və balalığın formasının kürəvi olmasına görə fərqlənir. Alveokokkun (E.multiocularis) uzunluğu 1,45-3,05 mm, eni isə 0,25-0,48 mm-dir. Başda 4 sormac iki dairədə yerləşmiş qarmaqlardan ibarət tac vardır. Cinsi dəlik buğumun ön kənarında yerləşir.

Parazitin yerləşməsi exinokokkda olduğu kimidir. Exinokokkdan fərqli olaraq müəyyən coğrafi zonalarda, müxtəlif heyvanlarda və insanda parazitlik etməyə uyğunlaşmışdır. Parazit Avropanın şimal rayonlarında, Şimali Kanadada, Alyaskada, Berrinq dənizi adalarında, Rusiyada isə Sibirdə geniş yayılmışdır.

İnkişaf dövriyyəsi

Alveokokkun lentşəkilli forması əsas sahib olan itin, canavarın, tülkünün  və pişiyin bağırsağında sürfə mərhələsi olan çoxyuvalı qovuq isə gəmiricilərdə bəzən də insanda olur.

Əsas sahibin bağırsağında cinsi yetişkənliyə çatmış lentşəkilli qurdun axırıncı buğumunda yumurtalar ya bütöv, buğumla ya da bağırsağa düşmüş yumurta nəcislə birlikdə xarici mühitə çıxarılır. Aralıq sahiblər yumurtanı, ya da yumurta ilə dolu buğumu müxtəlif yem, su, meyvə ilə qəbul etdikdə və ümumi gigiyenik qaydalara əməl edilmədikdə yoluxur. Həzm fermentinin təsirindən aralıq sahibin bağırsağına düşmüş alveokokk yumurtasının qabığı əriyir, içərisindən çıxan sürfə bağırsağın selikli qişasına daxil olur, oradan bağırsaq venasına, qaraciyərə, ağciyərə və digər orqanlara yayılır. İnsan bu parazit üçün aralıq sahiblər arasında fakultativ sahib hesab edilir.

Müxtəlif aralıq sahiblərin və eləcə də insanın orqanına daxil olmuş onkosfer çoxsaylı kiçik qovuqcuqlardan ibarət bir iri qovuq əmələ gətirir. Bu böyük qovuq kəsiyinin quruluşu məsaməli pendirin kəsiyini xatırladır. Kiçik məsamələr tünd –sarımtıl kütlə ilə dolu olub, içərisində bir başcıq yerləşir. Belə bir qovuq lavrosista da adlanır. Larvosista və ya alveokokk qovuğu xaricə doğru tumurcuqlar verərək tədricən həcmcə böyüyür.

Formalaşmış qovuğun səthi exinokokkk qovuğundan fərqli olaraq kələ-kötür olur. Əəsas sahib olan yırtıcı heyvanlar alveokokk qovuğu olan gəmiriciləri yedikdə,onlarıın həzm aparatında qovuğun məsamələrindən xaric olmuş başcıqlar bağırsağın selikli qişasına yapışır və 1-1,5 ay ərzində cinsi yetişkənliyə çatır. Əsas sahibdə parazitin ömrü 3,5 aya kimidir.

İnsanın ağciyər qaraciyər və digər orqanlarında ayrı-ayrı qovuqcuqların hər birində metabalizm prosesi getdiyindən, onların maddələr mübadiləsinin son məhsulları orqan və toxumalar arasında iltihab prosesi yaradır.Qovuq böyüdükcə yerləşdiyi orqan və toxumaları dağıdır. Xəstədə qaraciyər toxumasının atrofiyası, ağciyərlərin,  limfa düyünlərinin, mərkəzi sinir sisteminin normal funksiyasın pozulması baş verir.

Xəstəliyin klinik əlaməti adətən, özünü çox gec büruzə verir. Qaraciyər alveokokunda xəstəliyin ilk əlaməti, qaraciyərin böyüməsi və sonralar isə çox kəskin ağrıların baş verməsidir.

Alveokokkun diaqnozu exinokokka nisbətən daha çətindir. Xəstəliyin səbəbi əksər vaxtlarsürfənin inkişafının son mərhələlərində müəyyən edilir. Qanda eozinnofillərin sayının artması da ümumi diaqnostik hal ola bilər. Alveokokkoz zamanı onlar leykositlərin 20-25% faizini təşkil edir

 

KLİNİKİ XÜSUSİYYƏTLƏRİ — Exinokokkun müxtəlif növləri fərqli coqrafi əhatə dairəsinə malik olur və fərqli əsas və aralıq sahibləri vardır. E.qranulozis və E.multiokularis həm də insanlarda törətdikləri infeksiyanın kliniki xüsusiyyətlərinə görə də fərqlənir.

Şəkil 1. Qaraciyərin çoxsaylı exinokokk sistləri.

 

Echinococcus granulosus — Infeksiyanın ilkin fazası həmişə asimptomatik olur. Əksər infeksiyalar məhz uşaqlıqda əldə olunur, lakin yetkinlik yaşına çatmayanadək kliniki cəhətdən özünü biruzə vermir. Bəzən hətta 50 il davam edən latent müddətlər barədə məlumatlar verilir. Müəyyən edilən infeksiyaların 50% asimptomatik xəstələrdə təyin olunur. Lakin daha çox sayda infeksiya ya diaqnoz qoyulmamış qalır, ya da autopsiya zamanı təsadüfən müəyyən edilir.

E.granulosus infeksiyasının kliniki təqdimatı sistlərin yerləşdiyi sahə və onların ölçülərindən asılıdır. Kiçik və/və ya kalsifikasiya olunmuş sistlər adətən qeyri-müəyyən müddət ərzində asimptomatik qalır. Lakin, bu cür hallarda bəzən sist kütlə olaraq digər yanaşı orqanlara təsir edə bilər, qan və ya limfa axınını obstruksiya edə bilər və ya ağırlaşma kimi partlaya bilər və ya ona ikincili bakteriyal infeksiya qoşula bilər.

Sistlər adətən ilə 1-5 sm sürətlə diametrdə böyüyə bilər. Hidatid sistlər bədənin demək olar ki, istənilən hissəsində müəyyən edilə bilər. Sistlər həm birincili inokulyasiya, həm də ikincili yayılma nəticəsində digər orqanlarda inkişaf edə bilər. Qaraciyər xəstələrin  2/3-də, ağ ciyərlər 25% hallarda və digər orqanlar, o cümlədən, beyin, əzələlər, böyrək, ürək və mədəaltı vəz, az sayda xəstədə müəyyən edilir. E.granulosus infeksiyası xəstələrin 85-90%-də əsasən bir orqanda olur və 70%-dən çoxunda bir sist müəyyən edilir.

 

Qaraciyərin cəlb edilməsi – Qaraciyərin E. granulosus infeksiyası çox zaman hər hansı bir simptomla müşahidə edilmir. 60-85% hallarda infeksiya qaraciyərin sağ payında lokalizasiya olunur. Sistin diametri 10 sm-dək olan hallarda əhəmiyyətli simptomlar nadir hallarda müşahidə edilir. Sistlər böyüdükcə xəstələrdə hepatomeqaliya və bəzilərində qarının sağ yuxarı kvadratında ağrı, ürək bulanma və qusma da yarana bilər.

E. granulosus sistləri öd yollarına açıla bilər və öd ağrısı (biliar ağrı), obstruktiv sarılıq, xolanqit, və ya pankreatitə səbəb ola bilər. Öd yollarının sıxılması, portal və hepatic venelar və ya aşağı boş venanın sıxılması və ya kompressiyası xolestaza, portal hipertenziyaya, venoz obstruksiyaya və ya Budd-Kiari sindromuna səbəb ola bilər. Qaraciyər sistləri həm də periton boşluğuna partlaya bilər və peritonitə səbəb ola bilər. Sistlərin həm də transdiafraqmal partlaması baş verə bilər və sist plevral boşluğa və ya bronxlar daxilinə açıla bilər və nəticədə ağ ciyər hidatidozu və ya bronxial fistula yarana bilər.

 

Ağ ciyərin cəlb olunması — E.granulosus tərəfindən ağ ciyərlərin infeksiyası nəticəsində müxtəlif simptomlar yarana bilər ki, onların sırasında xroniki öskürək (bəzən hətta hemoptiz və ya sistin tərkibinin boşaldılması ilə birgə), döş qəfəsində ağrı, plevrit və ya dispnoye və ya təngənəfəsliyi qeyd etmək olar. Sistin bronx daxilinə partlaması hemoptiz, respirator distress və astmaya bənzər simptomlarla müşahidə edilə bilər. Sistin plevral boşluğa partlaması isə plevral maye və ya empiyemaya səbəb ola bilər. Ağ ciyər absesi də yarana bilər.

Ağ ciyərin hidatid xəstəliyi 60% hallarda sağ ağ ciyərdə müşahidə edilir. Və 50-60% hallarda aşağı paylarda tapılır. Çoxsaylı sistlər də az rast gəlmir. Ağ ciyər sistləri olan 20% xəstədə yanaşı qaraciyər sistləri də müəyyən edilir.

 

Digər orqanlar — Ağ ciyər və qaraciyərdən başqa digər orqanlarda sistlər çox nadir hallarda müəyyən edilir, lakin olduqda əhəmiyyətli dərəcədə mortalite və morbidliyə neqativ təsir etmiş olur.

  • Ürəyin infeksiyası ürək əzələsinin mexaniki cırılması və infeksiyanın geniş yayılması və ya pericardial tamponada ilə nəticələnir.
  • Mərkəzi sinir sisteminin infeksiyası qıcolmalara səbəb ola və ya kəllədaxili təzyiqin artması əlamətlərinə səbəb ola bilər. Onurğa beyinin sistləri onurğa beyinin kompressiyasına səbəb ola bilər.
  • Böyrəklərin sistləri hematuriya və ya yanlarda ağrıya səbəb ola bilər. Nadir hallarda immune kompleksləri səbəbindən qlomerulonefritin baş verməsi nəticəsində nefrotik sindrom və ikincili amiloidoz da ədəbiyyatda təsvir edilib.
  • Sümüklərdə sistlər patoloji sınıqlaradək adətən asimptomatik olur. Onurğa sütunu, çanaq və uzun sümüklər daha çox məruz qalır hidatid xəstəliyinə.
  • Gözlərin sistləri də rast gəlir.

 

Sistin partlaması — Yüksək hərarək və kəskin hiperhəssaslıq reaksiyaları, o cümlədən, anafilaktik reaksiya, sistin partlamasının əsas əlaməti ola bilər. Hiperhəssaslıq reaksiyaları sistin partlaması nəticəsindən antigen materialının orqanizmə yol tapması və ikincili immunoloji reaksiyalarla əlaqədardır. 

İnfeksiyanın nəticəsi — İnfeksiyanın nəticəsi xəstəliyin mərhələsindən asılı olur. Aparılmış bir sıra araşdırmalarda göstərilmişdir ki, asimptomatik hidatid sistləri olan xəstələrin 15%, diaqnozun qoyulmasından sonra 10-12 il ərzində əməliyyat olunub, digər 85% olmayıb. Əməliyyat olunmamış xəstələrin 75% asimptomatik qalıb və 57%-də isə sistin ölçülərinin böyüməsində dəyişiklik olmayıb. 

Sistlərin kalsifikasiyası üçün adətən 5-10 il vaxt tələb olunur və kalsifikasiya adətən hepatik sistlərdə rast gəlinir və az hallarda ağ ciyər və sümük sistlərində müşahidə edilir. Sistin divarının tam şəkildə kalsifikasiyası onun cansız, ölü olduğuna dəlalət edir. 

 

Echinococcus multilocularis (E.Alveolaris) — E. multilocularis infeksiyaları daha az hallarda asimptomatik olur. Lakin bu infeksiyanın əlamətləri və simptomları da çox zaman qeyri-spefisik olur. Daha çox xəstələr halsızlıq, çəki itkisi, və hepatomeqaliya səbəbindən sağ yuxarı qarın nayihəsində diskomfortdan şikayət edir. Xolestatik sarılıq, xolanqit, portal hipertenziya və Bad-Kiari sindromu da müşahidə edilə bilər. 


Şəkil 2. Qaraciyərin alveolar exinokokkozu. 

 

Ekstrahepatik birincili xəstəlik çox nadirdir (1%). Xəstələrin 13% multiorqan yəni bir neçə orqanın xəstəliyi kimi təzahür edir ki, bu zaman qaraciyərlə yanaşı metasestodalar ağ ciyər, dalaq və ya beyində müəyyən edilir. HİV/AİDS və ya transplantasiya nəticəsində immun sistemin zəifliyi və ya çatışmazlığı alveolar exinokokkozun simptomlarının üzə çıxmasını və xəstəliyin inkişafını sürətləndirir. Ümumdünya səhiyyə təşkilatı alveolar exinokokkozun təsnifatı sistemini təklif edib. Əgər müalicə olunmazsa, alveolar exinokokkozu olan xəstələrin 90% simptomların başlamasından sonra 10 il ərzində vəfat edir və demək olar ki, 15 il ərzində isə bütün müalicəsiz xəstələr vəfat etmiş olur. Albendazolla terapiya həkimlərin arsenalına daxil olduqdan sonra, xəstəliyin proqnozu xeyli yaxşılaşmışdır. Fransa da məsələn, 117 xəstənin uzun müddət aparılan monitorinqi 88% sağ qalma ilə müşahidə olunmuşdur. 

 

DIAQNOSTİKA — Görüntüləmə və qanda serologiyanın təyini ilə alveolyar və sistli exinokokkozun diaqnostikasını təmin etmək olur. Qeyd etmək lazımdır ki, seroloji testlər E.granulosis-lə müqayisədə E.multiocularis üçün daha spesifik və həssas hesab edilir. 

Laborator testlər - Qeyri-spesifik leykopeniya və ya trombositopeniya, mülayim eozinofiliya və qaraciyər funksional paneli testlərinin qeyri-spesifik anormallığı müəyyən edilə bilər, lakin bunlar diaqnostik hesab edilmir. Eozinofiliya 15%-dan az hallarda müəyyən edilir və əsasən antigen materialının sistdən sızması nəticəsindən baş verir. 

 

GÖRÜNTÜLƏMƏ METODLARI - KT, MRT və USM hidatid sistlərin aşkar edilməsi və onların xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə geniş istifadə edilir. USM daha geniş tətbiq edilir, çünki daha ucuz və asandır. E.granulosus infeksiyasının endemik olduğu zonalarda icmalar arasında portativ USM-lə exinokokk infeksiyasının aşkar edilməsi geniş yayılıb. Diaqnostikanın nəticələrini maksimal etmək üçün USM-lə yanaşı seroloji testlər də aparılır. Lakin KT və MRT daha detallı görüntülər əldə etməyə imkan verir. Sistlərin sayı, bala sistlərin mövcudluğu, sistin partlaması, kalsifikasiyası və orqan daxilində yerləşməsinin dəqiq yeri KT və MRT ilə daha dəqiq təyin edilə bilər və optimal müalicə metodunun seçiminə imkan verə bilər. Sadə rentgenoloji müayinə sist daxilində kalsifikasiyanın olmasını göstər bilər, lakin kalsifikasiya olunmamış sistləri görə bilmir və exinokokkozun diaqnostik görüntüləməsi məqsədilə istifadəsi məqsədə müvafiq deyil. 

Ultrasəs müayinəsi — USM-nin 90-95% həssaslığı vardır. USM sistlər daha çox düz kənarları olan yumuru sist kimi müəyyən edilir və onun xoşxassəli sistlərdən fərqləndirilməsi əksər hallarda çətin olur. Qaraciyər sistində membranlar olduqda, USM-də qarışıq exolar görünə bilər ki, bu da absesin və ya yeni törəmənin olması ilə qarışdırıla bilər. Bala sistlər mövcud olduqda isə daxili septasiyalar müəyyən edilə bilər. Ağ ciyər sistləri isə tək və ya çoxsaylı ola bilər və onlar adətən kalsifikasiya olunmamış olur. Ağ ciyər sistlərində bala sistlərin formalaşması nadir hallarda baş verir. Ağ ciyər sistinin partlaması və ya cırılması baş verdikdə onun daxilində hava təyin oluna bilər. 

Şəkil 3. Qaraciyər exinokokk sisti bala sistlərlə birgə: multivezikulyar, multiseptasiyalı. Burada bala sistlər uniokulyar ana sistini tam tutmuşdur. 

 

“Hidatid sist” termini görüntüləmədə əsasən protoskolikslərdən törənən qarmacıqlar və skolekslərdən ibarət kompleks görüntünü təsvir edir. Bu cür tapıntılar görüntüləmə zamanı xəstənin pozisiyasının USM zamanı dəyişməsi ilə müəyyən edilə bilər. USM-də sistin daxili divarının içəriyə qattalanmasını, hidatid membranın sistin divarından aranlanmasını və hidatid qum görünürsə, bu hidatid xəstəliyin olma ehtimalını artırmış olur. 

USM həm də sistlərin bioloji aktivliyi baxımından təsnifatına imkan verir ki, bu da müalicə metodunun seçimində yardımçı olur. Bu təsnifat üzrə - fəal, tranzitor və ya qeyri-aktiv kateqoriyalar müəyyən edilir. USM-də sistin qeyri-aktiv olmasına işarə edən əlamətlərə sistin kollapsı, yastılanmış elliptik sist (sist daxilində təzyiqin aşağı olması), germinal qatın sistin divarından aralanması (“su zanbağı əlaməti”), sistin daxilində müxtəlif qeyri-düzgün exoların müəyyən edilməsi və sistin divarının kalsifikasiyası aiddir. Kalsifikasiya olunmuş çevrəyə malik olan sistlər USM-də yumurta qabığına bənzəyir.

USM görüntüləməsi ilə exinokokk sistlərinin digər təsnifatı sistemləri təklif olunur. 

  • Məs., Qarbinin təklif etdiyi təsnifata görə sistlər 5 növə bölünür. İ növ sistlər təmiz maye tərkibli olur; İİ növ sistlərdə maye ilə yanaşı divarın aralanması müəyyən edilir; İİİ növ sistlərdə bala sistlər müəyyən edilir (degenerasiya olunmuş bərk materialla və ya onsuz); İV növ sistlər heterogen exo xüsusiyyətlərinə malik olur; və V növ sistlərin divarı kalsifikasiya olunmuş olur.
  • Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi yeni təsnifata görə sistlər tipi, ölçüsü (kiçik sistlər <5.0 sm-dən az; orta sistlər 5-10 sm və iri sistlər >10 sm-dən böyük) və xəstənin neçə yaşda olanda USM ilə ilk dəfə diaqnostika edilməsinə görə fərqləndirilir. 

 

KT — Əksər araşdırmalarda KT-nin USM-dən görütüləmə baxımından daha üstün olması göstərilmişdir. KT ilə sistlərin sayının, ölçüsünün və anatomik lokalizasiyasının daha yaxşı müəyyən edilməsi mümkündür və həmçinin qaraciyərdən kənarda (ekstrahepatik) yerləşən sistlərin də təyin edilməsi daha mükəmməldir. KT həmçinin müalicə zamanı sistlərin dövrü yoxlanması və yaranmış təkrar sistlərin müəyyən edilməsi üçün çox faydalıdır. Hidatid sistlərin ağırlaşmaları olan infeksiya və öd yolları daxilinə partlamanı müəyyən etməkdə USM-dən daha üstün hesab edilir. 

MRT — Abdominal və ya ağ ciyər sistlərinin müayinə edilməsində MRT KT ilə müqayisədə heç bir böyük üstünlüyə malik deyil. Lakin MRT intra- və ekstrahepatik venoz sistemdə baş verən dəyişiklikləri təyin etməkdə daha böyük üstünlüyə malik olur. Buna görə də MRT görüntüləməsi əksər hallarda tələb olunmur. Lakin bəzi hallarda MRT sistin ağırlaşmalarının - infeksiya və ya öd yolları ilə əlaqəsinin - müəyyən edilməsində KT-dən üstün ola bilər.  Həm MRT, həm də KT digər sahələrdə, məs., beyində, sistlərin təyin edilməsində çox faydalı olur.

Digərləri — Xüsusilə də xolestatik sarılığı olan xəstələrdə öd yollarının prosesə cəlb olunmasını təyin etmək üçün xolanqioqrafiya da tələb oluna bilər. Cərrahi müdaxilədən əvvəl qaraciyər sistləri olan xəstələrdə ERXP çox vaxt aparılır.

 

Seroloji müayinə — İlkin diaqnostika və müalicədən sonra monitorinq baxımından immundiaqnostikanın faydası vardır. E.granulosus antigenlərinin zərdabda təyini anticismlərin aşkar edilməsində fərqli olaraq az həssaslığa malikdir. Hazırda daha çox anticismlərin müəyyən edilməsi tətbiq edilir. Sistli exinokokkozla müqayisədə alveolyar exinokokkozda seroloji testlər daha çox dəqiqliyə malikdir. Bəzən təmizlənmiş antigenlərin istifadəsi serolji diaqnostikanı tamamlaya bilər. Qeyd etmək lazımdır ki, seroloji testlər həm yalan neqativ, həm də yalan pozitiv nəticələr verir. Buna görə də testin neqativ olması exinokokk xəstəliyini istisna etmir. 

Digər tərəfdən qeyd etmək lazımdır ki, qaraciyərdə olan sistlər daha çox anticismlərin formalaşması ilə nəticələnir. Ağ ciyər exinokokkozu isə az hallarda anticism cavabı formalaşdırır. Beyin, göz və dalaq sistləri zamanı isə qanda anticismlər az hallarda təyin edilir. Kalsifikasiya olunmuş sistlər olduqda isə seroloji testlər neqativ olur. 

Seroloji metodlar — Komplementin fiksasiyası testi hidatid xəstəliyinin serodiaqnostikası məqsədilə istifadə edilən ilk immunoloji metod olub. Lakin hazırda bir çox digər testlər istifadə edilir:

  • Indirekt hemaqqlutinasiya (IHA)
  • Indirekt immunoflyuoressensiya
  • Lateks aqqlutinasiya
  • İkili diffuziyalı immunoelektroforez
  • ELISA
  • Immunoblot

İlkin müayinə üçün istifadə edilən testlərə İHA və ELİSA testləri aiddir. Sonra isə daha spesifik antigenlərlə, məs., ark-5 immunoelektroforez və immunblottinq, diaqnostika dəqiqləşdirilə bilər.

 

Sistin aspirasiyası və ya biopsiyası—Diaqnozun təsdiqlənməsi üçün bəzi hallarda perkutan aspirasiya və ya biopsiya tələb oluna bilər. Biopsiya və ya aspirasiya ilə protoskolikslər, qarmaqcıqlar və ya hidatid membranların müəyyən edilə bilər. Aktiv sistlərin aspirasiyası zamanı skolikslər olan təmiz sulu maye və yüksək təzyiq müəyyən edilir. Qeyri-aktiv sistlərin aspirasiyasında isə skolikslərsiz bulanlıqlı maye və qalxmamış təzyiq müəyyən edilir. 

Protoskolikslər və ya degenerasiya olunmuş qarmaqcıqlar bəlğəm və ya bronxial yumalarda təyin edilə bilər. Parazitar materialın təyini üçün müxtəlif rəngləmə metodlarından istifadə edilə bilər. 

Qaraciyər sistlərinin perkutan aspirasiyası çox az hallarda ağırlaşmalarla nəticələnir. Lakin anafilaktik reaksiya və infeksiyanın ikincili yayılması riski olduğundan, perkutan aspirasiya metodu yalnız digər diaqnostik metodlardan sonra qeyri-müəyyənlik olduqda tətbiq edilir. Əgər aspirasiyaya ehtiyac varsa, bu KT və ya USM altında aparılır. Mümkün ağırlaşmaların ehtimalını minimuma endirmək üçün aspirasiyadan əvvəl benzimidazol terapiyasının verilməsi tövsiyə edilir. Bir çox hallarda sistin punksiyası da aparıla bilər. 

Polimeraz zəncir reaksiyası — Hazırda, PZR yalnız tədqiqat məqsədləri üçün istifadə edilir, lakin gələcəkdə bu metod diaqnoz üçün istifadə eidlə bilər. 

E. multilocularis — Qeyri-spesifik leykopeniya və ya trombositopeniya, mülayim eozinofiliya və qeyri-spesifik qaraciyər funksional paneli testlərinin anormallığı da müəyyən edilə bilər, lakin diaqnostik hesab edilmir. Hiperqammaqlobulinemiya və artmış İqE səviyəsi 50%-dan çox hallarda müəyyən edilir.

 

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR

Klinika — E. granulosus və E. multilocularis infeksiyalarının klinikası bir birindən fərqlənir.

  • Birincili E.granulosus infeksiyasının ilkin fazası adətən həmişə uzun illər asimptomatik olur. E.granulosus infeksiyasının sonrakı kliniki xüsusiyyətləri və ağırlaşmalar sistin yerləşdiyi anatomik sahə və ölçüsündən asılıdır. Qaraciyərdə sistlər xəstələrin 2/3-də, ağ ciyərlərdə  isə 25% hallarda müəyyən edilir. Əksər xəstələrdə tək orqan xəstəliyə məruz qalmış olur və 70% hallarda yalnız bir sist olur. 
  • E. multilocularis infeksiyaları daha az hallarda asimptomatik olur. Lakin bu infeksiyanın əlamətləri və simptomları da çox zaman qeyri-spefisik olur. Daha çox xəstələr halsızlıq, çəki itkisi, və hepatomeqaliya səbəbindən sağ yuxarı qarın nayihəsində diskomfortdan şikayət edir. Əgər müalicə olunmazsa, alveolar exinokokkozu olan xəstələrin 90% simptomların başlamasından sonra 10 il ərzində vəfat edir və demək olar ki, 15 il ərzində isə bütün müalicəsiz xəstələr vəfat etmiş olur.

Diaqnostika — Görüntüləmə və seroloji testlərin birgə tətbiqi ilə sistli və alveolyar exinokokkozun diaqnozunun qoyulması mümkündür. Lakin, seroloji testlər daha çox E.multiocularis infeksiyası üçün həssas və spesifikdir. Diaqnoz adətən USM və ELİZA ilə seroloji test vasitəsilə qoyulur. 

  • USM-də sistin daxili divarının qattalanması və ya hidatid qum, hidatid membranın sistin divarından aralanması müəyyən edilirsə, hidatid sistin diaqnozunun mümkünlüyü artmış olur. Serolji testlər isə diaqnozun təsdiq edilməsi üçün istifadə edilir. 
  • E. multilocularis sistləri olduqda isə, onların USM-də qeyri-düz kənarları olur və onları şişlərdən ayırd etmək çətin olur. Bu cür hallarda xəstələrin kliniki vəziyyəti normal olur. Və diaqnozun təsdiq edilməsi üçün seroloji testlərin aparılması tövsiyə edilir. 
  • Seroloji testlərin pozitiv nəticələri sistin lokalizasiyası və onun həyat qabiliyyətli olduğundan asılı olur. Qaraciyərdə sistləri olan xəstələrdə seroloji testlərin pozitiv olma ehtimalı çox olur. Ağ ciyərlərdə sistləri olan xəstələrdə seroloji testlərin nəticələri çox zaman neqativ də ola bilər. Kalsifikasiya olunmuş və ya həyata qəbiliyyətli yəni ölü olan sistlər zamanı seroloji testlərin nəticələri neqativ olur. Bu cür hallarda həkimin ümumi qərarı xəstənin vəziyyəti, riskləri və digər görüntüləmə metodlarının nəticələrindən asılı olur. 
  • Diaqnozun təsdiqlənməsi üçün bəzi hallarda perkutan aspirasiya və ya biopsiya tələb oluna bilər. Qaraciyər sistlərinin perkutan aspirasiyası çox az hallarda ağırlaşmalarla nəticələnir. Lakin anafilaktik reaksiya və infeksiyanın ikincili yayılması riski olduğundan, perkutan aspirasiya metodu yalnız digər diaqnostik metodlardan sonra qeyri-müəyyənlik olduqda tətbiq edilir. Əgər aspirasiyaya ehtiyac varsa, bu KT və ya USM altında aparılır. Mümkün ağırlaşmaların ehtimalını minimuma endirmək üçün aspirasiyadan əvvəl benzimidazol terapiyasının verilməsi tövsiyə edilir.