Latent vərəm infeksiyası. Latent Mycobacterium tuberculosis infeksiyası.

Ədəbiyyat siyahısının son yenilənmə tarixi: iyun 2015-ci il. Məqalənin son yenilənmə tarixi: iyun 2015-ci il. 
Məqalənin növbəti yenilənmə tarixi: iyun 2017-cı il. 
Müəllif-tərtibatçı: Seyidov N., MD, PhD. 


 

Tədqiqatlar göstərir ki, latent vərəm infeksiyası olan xəstələrin 5-15%-də ömürləri ərzində aktiv vərəm inkişaf edir.

 

 

Klinik məqamlar. 

Mycobacterium tuberculosis infeksiyasının patogenezi:

Vərəm infeksiyasının təbii inkişafı prosesi Mycobacterium tuberculosis mikroorqanizmlərinin tənəffüs yolları ilə inqalyasiyasından başlayır. Bundan sonra insan orqanizmində bakteriyaların sayının artımı və yayılması baş verir. Bu proseslə yanaşı vərəm çöplərinə qarşı immunoloji reaksiyası formalaşır ki, bu da canlı bakteriyaların təcrid olunmasına gətirib çıxarır. Nəticədə isə asimptomatik latent vərəm infeksiyası yaranır. Latent vərəm infeksiyası insan orqanizmində infeksiya törədə bilən vərəm bakteriyalarının olması ilə yanaşı onlara immun nəzarətin bərqərar olması və aktiv vərəmə dəlalət edən klinik əlamətlərin olmaması ilə müəyyən edilir.

 

Latent infeksiyanın aktiv klinik vərəmə keçidi.

Latent infeksiyanın aktiv klinik vərəm xəstəliyinə çevrilməsi bakteriyal, insan orqanizmi və ətraf mühit faktorları ilə bağlıdır. Guman edilir ki, M.tuberculosis bakteriyalarının müxtəlif ştamlarının xəstəlik törətmə qabiliyyəti fərqlidir. Lakin bu nəzəriyyəni təsdiq edən klinik və ya epidemioloji sübutlar yetərli deyil. İlkin kontakt zamanı vərəm bakteriyalarının sayı (bakteriyal yüklənmə) və bakteriyaların virulentliyi aktiv vərəm infeksiyasının inkişafı riski ilə bir başa bağlıdır. Yuxarı yaşlı uşaqlarla müqayisədə latent infeksiyanın aktiv vərəmə keçidi daha çox körpə və az yaşlı uşaqlar arasında baş verir. Yaşı 5-dən yuxarı olan uşaqlarda isə uşağın yaşı ilə aktiv vərəmin inkişafı riski arasında qarşılıqlı əlaqə xeyli zəifləmiş olur. İİV (HİV) infeksiyası nəticəsində hüceyrə immunitetinin zəifləməsi, törəmə nekrozu faktoru-α, qlyukokortikoidlər və orqan və ya hematoloji transplantasiya latent infeksiyanın aktivləşməsi riskini xeyli artırmış olur. Son mərhələ böyrək xəstəliyi də latent vərəmin aktiv vərəmə keçidi ehtimalı artmış olur. Silikoz da latent infeksiyanın aktiv vərəmə transformasiyasını artırmış olur.

 

Latent vərəm infeksiyasının müəyyən edilməsində tuberkulin dəri testi (Mantu testi) və interferon-γ (İGRA) testinin rolu və məhdudiyyətləri.

Tuberkulin dəri testi çox geniş istifadə edilən və ucuz bir testdir. Lakin BCG (Bacille Calmette-Guerin) ilə uşaqlıqda vaksinasiya olunmuş şəxslərdə onun spesifikliyi aşağıdır. Həmçinin ətraf mühitdə olan qeyri-vərəm mikobakteriyaları ilə infeksiya (kolonizasiya) olan şəxslərdə tuberkulin testinə qarşı oxşar reaktivlik müşahidə edilir. İmmun sistemi zəif olan xəstələrdə isə tuberkulin (Mantu) testinin həssaslığı aşağı olur. Mantu testinin digər əlverişsizliyi onunla bağlıdır ki, tuberkulin testindən 2-3 gün (48-72 saat) sonra indurasiyanın (infiltrasiyanın) həcmini müəyyən etmək üçün xəstələr yenidən həkimin yanına qayıtmalıdır.

İGRA (“quanti-Feron-TB gold in-tube”) testi T-hüceyrələri və ya periferik qanda olan mononuklear hüceyrələrin M.tuberculosis bakteriyalarının antigenlərinə qarşı cavab reaksiyasını ölçür. İGRA testinin daha yüksək spesifikliyi onunla bağlıdır ki, onun reaksiyaya girdiyi antigenlər nə BCG vaksini ilə immunizasiya olunmuş şəxslərdə, nə də qeyri-vərəm mikobakteriyalarında olmur. Beləliklə İGRA testinin spesifikliyi tuberkulin dəri testindən daha yüksəkdir. Lakin İGRA daha bahalıdır və laboratoriyada iş yükünü artırmış olur. İGRA-nın digər əlverişsizliyi bu yaxınlarda müəyyən edilmişdir. ABŞ-da aparılmış tədqiqatlardan məlum olub ki, tibb işçiləri arasında yalan pozitiv nəticənin yalan neqativ nəticəyə və geriyə konversiyası halları İGRA testi zamanı daha çox müşahidə edilir.

 

Latent vərəm infeksiyasının müalicəsi imkanları.

Latent vərəm infeksiyasının müalicəsinin məqsədi onun aktiv klinik vərəmə çevrilməsinin qarşısını almaqdır. Hazırda latent vərəm infeksiyasının müalicəsi üçün 9 ay izoniazid preparatının qəbulu tövsiyə edilir.

Digər alternativ müalicə rejimləri aşağıdakılardan ibarətdir:

a) 3-4 ay ərzində  gündəlik rifampin,

b) 3 ay ərzində gündəlik izoniazid və rifampin və

c) 12 həftə ərzində həftədə bir dəfə qəbul edilməklə 900 mq izoniazid və 900 mq rifapentin daxildir.

 

Tədqiqatlardan biri göstərib ki, 4 ay müddətində gündəlik rifampinlə müalicə daha az yan təsirlərlə bağlıdır və 9 aylıq izoniazid rejimi ilə müqayisədə iqtisadi baxımdan daha əlverişlidir.

Hazırda 3 aylıq izoniazid-rifapentin rejiminin 2 yaşdan aşağı olan uşaqlarda, antiretrovirus terapiyası alan İİV xəstələrində və hamilə qadınlarda istifadəsi tövsiyə edilmir.

 



 

BİBLİOQRAFİYA.

 

  1. CDC | TB | Fact Sheets - Latent TB Infection vs. ...
  2. WHO, Guidelines on management of Latent Tuberculosis infection, 2015: http://apps.who.int/iris/bitstream/10665/136471/1/9789241548908_eng.pdf?ua=1&ua=1
  3. New England Journal of Medicine, 2015: www.nejm.org Resident Bulletin.