HİV-neqativ olan xəstələrdə Latent Vərəmin diaqnostikası

GİRİŞ.

Vərəm xəstəliyinin yayılmasına nəzarətin təmin edilməsi üçün aktiv vərəmi olan xəstələrin müəyyən edilməsi və müalicəsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı latent tuberkulyoz (vərəm) infeksiyası olan xəstələrin də müəyyən edilməsi və müalicəsi əsas prioritetlərdən hesab edilir.

Əksər xəstələrdə M.Tuberculosis infeksiyası xəstənin immun müdafiə mexanizmlərinin fəaliyyəti nəticəsində latent olaraq qalır və kliniki cəhətdən özünü biruzə vermir. Lakin, bu cür latent infeksiyanın istənilən an aktiv vərəm xəstəliyinə çevrilməsi potensialı yüksək olur. Latent tuberkulyozu olan xəstələrin müəyyən edilməsi və müalicəsi sayəsindən aktiv vərəm xəstəliyinin inkişafı riskini 90%-dək azaltmaq mümkündür. Bu isə əhali arasında vərəm xəstəliyi hallarının da azaldılmasına xidmət edir.

Hazırda latent tuberkulyoz infeksiyasının müəyyən edilməsi üçün 2 əsas test istifadə edilir: tuberkulin dəri testi (Mantu testi) və interferon qamma ifrazının analizi testi. Hər iki test hüceyrə tipli immunitetin qiymətləndirilməsinə əsaslanıb.

 

TESTİN APARILMASINA GÖSTƏRİŞLƏR.

Xəstələrin latent tuberkulyoz infeksiyasına yoxlanmasının əsas məqsədi aktiv vərəmin inkişafı riski yüksək olan və beləliklə latent TB infeksiyasının müalicəsindən bəhrələnən xəstələrin müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, yalnız müalicədən bəhrələnə biləcək xəstələrin testdən keçirilməsi tövsiyə olunur. Buna görə də, testin nəticəsi pozitiv olan xəstənin müalicəsinə dair qərarın qəbulundan öncə həmin xəstənin ümumiyyətlə latent TB infeksiyasına yoxlanmasına dair qərar verilməlidir.

Ümumiyyətlə, müxtəlif səbəblərdən (cədvəl 1 baxın) yeni TB infeksiyasına yoluxma riski yüksək olan və əvvəllər keçirilmiş TB xəstəliyinin reaktivasiyası riski yüksək olan xəstələrin latent TB infeksiyasına dair yoxlanması tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, latent TB infeksiyasının diaqnostikası üçün tuberkulin dəri testi (Mantu testi) və interferon qamma ifrazının analizi testi istifadə edilir.

 

Cəvəl 1. Latent TB infeksiyasına dair kim yoxlanmalıdır?

 

Qeyd edilməlidir ki, böyüklərdə aktiv TB-nin diaqnostikası üçün tuberkulin dəri testi (Mantu testi) və interferon qamma ifrazının analizi testinin istifadəsi məsləhət görülmür.

 

YENİ İNFEKSİYA RİSKİ.

Yeni TB infeksiyasına yoluxmaya şübhə olduqda xəstənin latent TB infeksiyasına yoxlanması tövsiyə edilir. Aktiv ağciyər vərəmi olan xəstələrlə yaxın kontaktda olanlar (vərəm xəstəsi ilə birgə yaşayan şəxslər) və yoluxuculuğu yüksək olan aktiv vərəmli xəstələrlə kontaktda olan şəxslərin (məs., tibb işçiləri) latent TB infeksiyasına yoxlanması tövsiyə edilir. Bu qrup xəstələrdə kontaktdan sonra növbəti bir neçə il ərzində aktiv vərəm infeksiyasının inkişafı riski yüksək olduğu üçün onların yaşından asılı olmayaraq latent vərəm infeksiyasına yoxlanması zəruridir.

Ümumiyyətlə, aktiv ağciyər TB olan xəstələrlə yaxın təmasda olan şəxslərdə latent TB-nin yoxlanması üçün aparılmış test neqativ olarsa, təkrar yoxlama 8-12 həftədən sonra aparılmalıdır. Tibb işçiləri isə ilkin olaraq 2 etaplı testdən keçməli (Mantu testi 8-12 həftə intervalla 2 dəfə qoyulmalıdır) və daha sonrası ildə bir dəfə Mantu testi aparılmalıdır.

Nəzərə alınmalıdır ki, aktiv vərəmi olan xəstələrlə yaxın təmasda olmuş xəstələrdə növbəti 2 il ərzində aktiv infeksiyanın inkişafı riski xəstələrin yaşından asılıdır. Belə ki, yenidoğulmuşlarda bu risk 50%-ə, 1-2 yaşlı uşaqlarda 12-25%-ə, 10 yaşından yuxarı uşaqlarda isə 10-20%-ə bərabərdir.

 

VƏRƏMİN REAKTİVASİYASI RİSKİNİN YÜKSƏK OLMASI.

Vərəmin reaktivasiyası riskinin yüksək olduğu xəstələrin müəyyən edilməsi və onların yoxlanması xəstələrin yaşından və riskin dərəcəsindən asılıdır. Ümumiyyətlə, yüksək reaktivasiya riski olan xəstələrin yoxlanması üçün test bir dəfə aparılır və testin nəticəsi neqativ olduqda təkrar testə ehtiyac olmur.

Latent TB infeksiyası olan normal sağlam şəxslərdə aktiv TB infeksiyasının inkişafı riski 0.1%-dir. TB infeksiyasına yoluxmuş xəstələrdə vərəm xəstəliyinin inkişafı riski müxtəlif qrup xəstələrdə fərqlənir. Belə ki, HİV infeksiyası olan xəstələrdə bu 10%, hemodilaiz və ya orqan transplantasiyası almış xəstələrdə 1-2% və döş qəfəsinin rentgeni normal olan sağlam xəstələrdə isə vərəm xəstəliyinin inkişafı risk 0.1%-ə bərabər olur.

  • Yüksək riskli xəstələr. Vərəm xəstəliyinin inkişafı riski normal şəxslərlə müqayisədə 6 dəfə yüksək olan xəstələr yüksək risk qrupuna aid edilir. Bura immun çatışmazlığı və ya immun sistemi pozulmuş xəstələr (məs., limfoma, leykemiya, baş və boyun xərçəngi, kimya terapiyası alan, orqan transplantasiyası almış, HİV infeksiyası olan, TNF-alfa inhibitorlari ilə müalicə alanlar) və həmçinin dpş qəfəsi rentgen filmində əvvəl keçirilmiş vərəm səbəbindən fibronodulyar dəyişiklikləri olan xəstələr daxildir. Bu qrupa aid olan xəstələrin yaşından asılı olmayaraq latent TB infeksiyasına yoxlanma bir test ilə aparılmalıdır.
  • Orta dərəcəli risk qrupuna aid xəstələr. Normal sağlam şəxslərlə müqayisədə vərəm xəstəliyinin inkişafı riski 3-6 dəfə yüksək olan xəstələr yüksək risk qrupuna aid edilir. Bu qrupa şəkərli diabet və ya kortikosteroid terapiyası alan xəstələr daxildir. Bu qrupa daxil olan və yaşı <65-dən az olan xəstələrin hamısında latent vərəmin olması bir testlə yoxlanmalıdır.
  • Aşağı dərəcəli risk qrupuna aid xəstələr. Normal sağlam şəxslərlə müqayisədə vərəm xəstəliyinin inkişafı riski 1.5-3 dəfə yüksək olan xəstələr yüksək risk qrupuna aid edilir. Bu qrupa çəkisi normadan aşağı olan, siqaret çəkən və ya döş qəfəsi rentgen filmində kiçik ölçülü qranulomaları olan xəstələr aiddir. Bu qrupa daxil olan və yaşı <50-dən aşağı olan xəstələrin latent TB infeksiyasına yoxlanması bir testlə həyata keçirilir.

 

Yaş. Nəzərə almaq lazımdır ki, izoniazidin qəbulu səbəbindən yaranan hepatit və digər yan təsirlərin ehtimalı yaş artdıqca artır. 35 yaşdan yuxarı xəstələrdə hepatit riski yüksək, 50 yaşdan yuxarı xəstələrdə isə daha da artmış olur. Xəstələrin latent vərəmə yoxlanması üçün istifadə edilmiş testin nəticəsi pozitiv olan xəstələrdə müalicənin aparılması tələb olunduğu üçün xəstələrin yoxlanması ilə bağlı qərar qəbul edərkən xəstələrin yaşı nəzərə alınmalıdır. Yaş artdıqca aktiv vərəm xəstəliyi riski artdığına baxmayaraq, yaş artdıqca vərəmin reaktivasiyası riski azalır və dərman terapiyasının faydası da azalmış olur.

Bir çox mərkəzlərdə xəstələrin latent TB infeksiyasına yoxlanması üçün aşağıdakı parametrlər istifadə edilir:

  • Yaşı >65-dən çox olan xəstələrdə hepatit riski >5%-dən çox olduğu üçün, həmin xəstələrin yoxlanması və müalicəsi yalnız vərəmin reaktivasiyası riski yüksək olduqda aparılır.
  • 50-65 yaşlı xəstələrdə hepatit riski 3-5% olduğu üçün, həmin xəstələrin yoxlanması və müalicəsi yalnız vərəmin reaktivasiyası riski yüksək və ya orta dərəcəli olduqda aparılır.
  • Yaşı <50-dən aşağı olan xəstələrdə hepatit riski <3%-dən az olduğu üçün (yaşı 35-dən aşağı olan xəstələrdə bu risk <1%-dən aşağıdır), həmin xəstələrin yoxlanması və müalicəsi vərəmin reaktivasiyası riski aşağı dərəcəli, orta dərəcəli və ya yüksək dərəcəli olduqda aparılır.
Yaşı >50-dən yuxarı olan və vərəmin reaktivasiyası riski aşağı olan, habelə yaşı >65-dən yuxarı olan və vərəmin reaktivasiyası riski orta və ya aşağı dərəcəli olan xəstələrin yoxlanması və müalicəsi məsləhət edilmir.

 

 

TUBERKULİN DƏRİ TESTİ (MANTU TESTİ).

Tuberkulin dəri testi (Mantu testi) əsasən əvvəllər tuberkulyoz mikobakteriyalarının antigenlərinə sensitizasiya olunmuş şəxslərin müəyyən edilməsi üçün istifadə edilir. Testin aparılması üçün tuberkulin materialı dermal qatın daxilinə (intradermal) inyeksiya edilir. Tuberkulin materialı isə T-limfositlərin iştirakı ilə yavaşımış (gecikmiş) hiperhəssaslıq immun reaksiyasına və 48-72 saat ərzində dərinin indurasiyasına (bərkimə) səbəb olur.

 

Tuberkulin dəri testinin aparılması. Əksər ölkələrdə tuberkulin material təmizlənmiş protein məhsuludur və tövsiyə olunmuş dozası 5 tuberkulin vahididir (0.1 mL). Digər regionlarda isə tuberkulin materialı kimi RT-23 istifadə edilə bilər və onun standart dozası 2 tuberkulin vahididir.

Tuberkulin dəri testinin keçirilməsi üçün tətbiq olunan yeganə metodu Mantu texnikasıdır. Bu texnikaya əsasən tuberkulin materialı saidin daxili səthinə intradermal (dərinin derma qatı daxilinə) inyeksiya vasitəsilə yeridilir. Testin interpretasiyası üçün tuberkulinin inyeksiyasından 48-72 saat sonra inyeksiya ətrafında əmələ gələn indurasiyanın (bərkimə) köndələn diametri ölçülür və qeydə alınır. Nəzərə almaq lazımdır ki, testin interpretasiyası üçün inyeksiya ətrafında olan qızartı (eritema) deyil məhz indurasiya demarkasiya olunmalı və ölçülməlidir.

Tuberkulin dəri testin nəticəsinin 72 saatdan çox vaxt keçdikdən sonra oxunması isə onun etibarlılığını azaltmış olur. Tuberkulin dəri testinin 48-72 saat ərzində yoxlanması müsbət nəticə verdiyi 400 xəstə arasında aparılmış araşdırmadan məlum olmuşdur ki, həmin testin nəticəsinin 7 gün sonra yoxlanması 20% xəstədə neqativ nəticə verir. Əgər Mantu (tuberkulin dəri) testinin qoyulmasından 96 saatdan çox vaxt keçibsə, testin təkrarlanması tələb olunur. Vaxtında oxunmadığı üçün ikinci dəfə test 7 gün sonra qoyularsa, həmin xəstələrdə testin pozitiv nəticəsi tuberkulin materialının 2 dəfə yeridilməsi səbəbindən gücləndirilmiş immun reaksiyası ilə bağlı ola bilər. Buna görə də, Mantu testinin qoyulmasından sonra nəticə 48-72 saatdan gec olmayaraq yoxlanmalıdır.

 

Təkrar və ardıcıl testdən keçirmə. Əgər Tuberkulin dəri testinin nəticəsi pozitivdirsə, nəticənin təsdiq edilməsi üçün test bir daha təkrarlanmamalıdır. Testin nəticəsi müsbətdirsə, o təkrar testlərdə bir daha müsbət nəticə verəcəkdir.

Əgər Mantu reaksiyası neqativ nəticə veribsə, aşağıdakı hallarda testin təkrarlanması tələb oluna bilər:

  • Aktiv ağciyər TB olan xəstələrin yaxın kontaktları. Bu şəxslərdə vərəmə yoluxma qısa müddət əvvəl baş verdiyi üçün gecikmiş hiperhəssaslıq reaksiyası tam inkişaf etməmiş olduğundan, onlarda qoyulmuş tuberkulin dəri testinin nəticəsi neqativ ola bilər. Həmin şəxslərdə təkrar Mantu reaksiyası (tuberkulin dəri testi) vərəmə yoluxma faktından 8 həftə sonra təkrar qoyulmalıdır. Bu onunla əlaqədardır ki, yeni vərəm infeksiyasından sonra tuberkulin konversiyası 3-7 həftə ərzində baş verir. Mantu testinin təkrar aparılması üçün eyni dozada tuberkulin materialı istifadə edilir, lakin test o biri qolda aparılır.
  • Davamlı şəkildə vərəmə yoluxma potensialı olan şəxslər. Bu qrupa əsasən tibb işçiləri daxildir. Tibbi müəssisələrdə vərəmli xəstələrlə ilə tez-tez kontaktda olma ehtimalı yüksək olduğundan, hər bir vərəmə yoluxma epizodudan sonra tibb işçilərində Mantu reaksiyası qoyulmalıdır. Nəzərə alınmalıdır ki, tibb işçiləri həmçinin hər il Mantu testindən keçirilməlidir. 
    • Əvvəllər latent TB infeksiyasına yoxlanması zamanı pozitiv Mantu testi olan və bu səbəbdən latent TB infeksiyasına görə anti-tuberkulyoz terapiyası almış şəxslərdə (tibb işçilərində) döş qəfəsinin rentgen filmi əldə olunmalıdır. Həmin xəstələrdə kliniki simptomlar müşahidə edildikdə döş qəfəsinin rentgen filmi təkrarlanmalıdır. Bu qrup xəstələrdə vərəmə təkrar yoluxma hallarının yoxlanması üçün digər alternativ testlər mövcud deyildir.
  • Vərəm infeksiyası halları az olan regionlarda (ölkələrdə) tuberkulin dəri testi hər il yalnız peşə fəaliyyəti ilə bağlı vərəmə yoluxma riski yüksək olan şəxslər arasında aparılmalıdır.
  • Xəstənin ilkin vəziyyətini təyin etmək üçün iki etaplı müayinə sistemi tətbiq edilməlidir. Belə ki, müxtəlif səbəblərə görə mikobakteriyal antigenlərlə rastlaşmış (məs., uşaqlıqda BCG vaksinasiyası, qeyri-tuberkulyoz mikobakteriya infeksiyası və ya keçmişdə vərəm infeksiyası keçirmiş) xəstələrdə tuberkulin reaksiyası xeyli zəifləmiş ola bilər. Bu qrup xəstələrdə qoyulmuş ilkin tuberkulin testinin nəticəsi neqativ ola bilər. Lakin, ilkin tuberkulıin testinin qoyulması həmin şəxslərin orqanizmində artıq keçmişdə formalaşmış immuniteti aktivləşdirir və Mantu testi ikinci dəfə qoyulduqda gücləndirilmiş immun reaksiya (pozitiv nəticə) müşahidə edilir. 
    • Buna görə də, bir il əvvəl qoyulmuş ilkin Mantu testi müsbət olan xəstələrdə növbəti illərdə aparılan Mantu testinin nəticələrini interpretasiya etmək çətin olur. Belə ki, həmin xəstələrdə keçmişdə mikobakteriya ilə baş vermiş yoluxma faktını son 1 il ərzində baş vermiş yeni yoluxma faktından ayırmaq mümkün olmur. Buna görə də, həmin xəstələrdə ilkin Mantu testindən 1-4 həftə sonra o biri qolda təkrar Mantu testi qoyulmalı və müşahidə edilən immun reaksiya nəticəsində əldə olunun indurasiya (bərkimə) baza səviyyə kimi götürülməlidir. Növbəti illərdə isə Mantu reaksiyasının nəticələri məhz bu baza səviyyə ilə müqayisə edilməlidir.

 

TUBERKULİN DƏRİN TESTİNİN İNTERPRETASİYASI.
Tuberkulin dəri testi əsasında xəstənin müayinə və müalicəsini müəyyən etmək üçün testin neqativ və ya müsbət olduğu təyin edilməlidir. Mantu testinin həssaslığı indurasiyanın ölçüsü böyük olduqca aşağı düşür, lakin spesifikliyi artır. Əgər Mantu testi neqativdirsə, bəzi hallarda yalan neqativ nəticənin mümkünlüyü nəzərə alınmalıdır. Yuxarıda qeyd edilmiş hallarda Mantu testinin təkrarlanması zəruri sayıla bilər.

 

Əgər testin nəticəsi müsbətdirsə, onun təkrarlanmasına ehtiyac yoxdur. Mantu reaksiyası müsbət olan xəstələr aktiv vərəmin istisna edilməsi və latent vərəm infeksiyasının müalicəsi üçün ftiziatr və ya pulmonoloqa yönləndirilməlidir.

 

Neqativ testlər.
Tuberkulin dəri testinin yalan neqativ nəticələri adətən bioloji və texniki çatışmazlıqlarla bağlı olur. Bioloji çatışmazlıqlara xəstələrdə müşahidə edilən immunsupressiya və ya təbii immunitetin zəifləməsi adi edilir. Texniki çatışmazlıqlara isə tuberkulin materialının düzgün hazırlanıb vurulmaması və onun səhv interpretasiyası aid edilir. Aktiv vərəmi olan xəstələrlə yaxın kontaktda olan ağır dərəcəli immunsupressiyası olan (məs., HİV infeksiyasına yoluxmuş və ya orqan transplantasiyası almış) xəstələrdə (hətta tuberkulin dəri testi və ya interferon qamma ifrazı analizi neqativ olduqda belə) latent TB infeksiyasının müalicəsinin aparılması nəzərdən keçirilməlidir. Bu qrup xəstələrdə aktiv vərəm istisna edildikdən sonra latent vərəm infeksiyasına qarşı müalicə tədbirləri başlanmalı və tuberkulin dəri testi və ya interferon qamma ifrazı analizi 8 həftə sonra təkrar aparılmalıdır. Əgər ikinci dəfə aparılmış test pozitiv olarsa, müalicə davam etdirilməlidir. Əgər test neqativ olarsa, müalicə dayandırıla bilər. Düzdür, bəzi hallarda ikinci testin nəticəsi neqativ olmasına baxmayaraq, müəyyən xəstələrdə müalicə sonadək davam etdirilə bilər.

 

Pozitiv testlər.
Yalan pozitiv test nəticələrinin iki mühüm səbəbi vardır: qeyri-tuberkulyoz mikobakteriya infeksiyasına yoluxma və əvvəl BCG ilə aparılmış vaksinasiya. Lakin, latent TB infeksiyası ehtimalı və/və ya aktiv vərəm xəstəliyinin inkişafı riski yüksək olan şəxslərdə latent TB infeksiyasının müalicəsinə dair qərarın qəbulundan testin yalan və ya doğrudan pozitivliyi nəzərə alınmamalıdır.
  • Qeyri-tuberkulyoz mikobakteriyalar. Qeyri-tuberkulyoz mikobakteriyaları ilə infeksiya yalan pozitiv Mantu reaksiyasına səbəb ola bilər. Araşdırmalara əsasən qeyri-tuberkulyoz mikobakteriyaları səbəbindən yalan pozitiv Mantu reaksiyası 1-5% hallarda müşahidə edilir.
  • BCG vaksinasiyası. BCG vaksinasiyası da bir çox hallarda yalan pozitiv tuberkulin reaksiyasına səbəb ola bilər. BCG vaksinasiyasının tuberkulin dəri testinin nəticələrinə təsiri əsasən vaksinasiyanın aparılması zamanı xəstənin yaşı ilə bağlıdır. Uşağın 1 yaşınadək BCG ilə vaksinasiyasından 10 il sonra BCG-nin tuberkulin dəri testinin nəticələrinə təsir demək olar ki, yoxdur. Lakin, uşağın daha gec yaşlarda (məs., məktəbə daxil olarkən) BCG ilə vaksinasiyası daha uzun müddətli və güclü effektə səbəb olur. Həmin yaşlarda aparılan BCG vaksinasiyasından sonra xəstələrin 20%-də tuberkulin dəri testi hətta 10 il sonra pozitiv qalmış olur.
    • BCG vaksinasiyası səbəbindən tuberkulin dəri testinin reaktivliyini latent TB infeksiyasından fərqləndirmək üçün interferon qamma ifrazının analizi testi istifadə edilə bilər.

Pozitiv Mantu reaksiyası olan xəstələrin müalicəsi.
Tuberkulin dəri testi və ya İnterferon qamma ifrazının analizi testi pozitiv olan xəstələrdə latent TB infeksiyasının müalicəsinə başlamazdan əvvəl aktiv vərəmin istisna edilməsi üçün kliniki müayinə aparılmalıdır. Kliniki müayinə simptomların (məs., hərarət, öskürək, çəki itkisi) aşkar edilməsi, fiziki müayinə və döş qəfəsinin rentgen filmindən ibarət olmalıdır.
Döş qəfəsi rentgen filmində ağciyər parenximasında pozuntuların, xüsusilə də, yuxarı paylarda tutqunluğun müəyyən edilməsi həmin rentgen filmin qeyri-normal olduğuna dəlalət edir. Yuxarı paylarda stabil fibro-nodulyar xəstəlik və ya kalsifikasiya olunmuş qranulyomaların müəyyən edilməsi əvvəl keçirilmiş vərəm xəstəliyinə dəlalət edir və xəstəliyin reaktivasiyası riskinin yüksək olduğuna işarə edir.
Radioloji müayinədə aktiv vərəm xəstəliyinə dəlalət edən əlamətlər və ya aktiv vərəmə aid kliniki simptomları olan xəstələrdə bəlğəmin mikroskopik analizi və əkilməsi aparılmalı və müalicəyə start verilməlidir. Bəlğəm gətirə bilməyən xəstələrdə isə bəlğəmin induksiyası (təhrik edilməsi) həyata keçirilməlidir. Ağciyərdən kənar vərəm xəstəliyi ilə bağlı simptomları olan xəstələrin müayinəsi müvafiq qaydada aparılmalıdır. Latent TB infeksiyası olan xəstələrdə HİV infeksiyasının yoxlanması da nəzərdən keçirilməlidir.

Tibb işçiləri.
Tibb işçiləri ilkin olaraq iki etaplı testdən keçirilməli, sonra isə ildə bir dəfə təkrar tuberkulin testi ilə yoxlanmalıdır. İki etaplı tuberkulin testi dedikdə tuberkulin testinin ilkin olaraq xəstənin bir qolunda qoyulması və bu neqativ olduqda, 1-4 həftə sonra isə o biri qolunda qoyulması başa düşülür. Tibb işçilərinin aktiv vərəm xəstəliyi olan xəstə ilə kontaktda olduqdan sonra yeni yoluxma faktını təyin etmək üçün aşağıdakı alqoritmdən istifadə edilə bilər:
  • Əvvəl qoyulmuş Mantu testi (ideal vəziyyətdə iki etaplı tuberkulin testi) neqativ olan tibb işçilərində ethimal edilən aktiv vərəm infeksiyasına yoluxma tarixindən 8 həftə sonra bir dəfə tuberkulin dəri testi qoyulmalıdır. Əgər həmin testin nəticəsi müsbət olarsa, bu tuberkulin dəri testinin yeni baş vermiş konversiyası deməkdir.
  • Əvvəllər tuberkulin testi qoyulmamış, BCG vaksinasiyası almamış və TB infeksiyası halları çox aşağı sayda olan ölkədə doğulmuş xəstələrin vərəm infeksiyasına yoluxması ehtimalı müəyyən edildikdə, dərhal Mantu reaksiyası əldə edilməlidir. Həmin xəstələrdə Mantu reaksiyası vərəmə yoluxmanın ehtimal edildiyi tarixdən <2.5 həftə və ya <18 gün ərzində qoyulmalıdır. Həmin xəstələrdə indurasiyanın ölçüsü >5 mm-dən çox olduqda (yəni reaksiya pozitivdir), bu latent TB infeksiyasının olduğuna dəlalət edir. Əgər Mantu reaksiyası neqativdirsə, ikinci test vərəmə yoluxmanın baş verməsi ehtimal edilən tarixdən 8 həftə sonra qoyulur. Əgər ikinci test pozitivdirsə bu yeni baş vermiş tuberkulin dəri testinin konversiyası və ya yeni infeksiya kimi qəbul edilməlidir. Bu cür hallarda interferon qamma testinin aparılması məsləhət görülmür.

Allergik reaksiyalar.
Mantu reaksiyasının qoyulmasından sonra ilk 24 saat ərzində erkən reaksiya müəyyən edilərsə və həmin xəstədə 48-72 saat sonra indurasiya olmayarsa, bu allergik reaksiya kimi qəbul edilir. Tuberkulin dəri testinə qarşı dəridə dərhal tipli hiperhəssaslıq reaksiyasının baş verməsi mümkündür. Bu daha çox testin qoyulmasından 20 dəqiqə sonra iynənin yeridildiyi yerdə sulux və qızartının müşahidə edilməsindən ibarət olur. Sistem allergik reaksiyalar (məs., urtikariya və ya allergik övrə, angioödem, təngənəfəslik, anafilaktik reaksiya) çox nadir hallarda müşahidə edilir.
Bəzən tuberkulin testi alan xəstələrdə testdən 12 saat sonra makulopapulyar səpgi müşahidə edilir və 1-2 gündən sonra aradan qalxmış olur.
Tuberkulin dəri testindən sonra dərhal tipli hiperhəssaslıq reaksiyası olan xəstələrdə Mantu reaksiyası təkrar qoyulmamalıdır. Həmin xəstələrin monitorinqi hər il aparılan kliniki və fiziki müayinədən və aktiv vərəm xəstəliyinə şübhə olduqda isə döş qəfəsinin rentgen filminin əldə edilməsindən ibarət olmalıdır.

TƏKRAR QOYULAN MANTU REAKSİYASININ İNTERPRETASİYASI.
Ardıcıl və ya təkrar qoyulan Mantu testinin interpretasiyası kliniki vəziyyətdən asılı olaraq aparılır.

Gücləndirilmiş reaksiya. Vərəm infeksiyasına yoluxmanın olmadığı xəstələrdə (məs., işə qəbul olunan xəstələr), ilkin qoyulmuş neqativ Mantu reaksiyasından 1-4 həftə sonra qoyulmuş ikinci Mantu testinin nəticəsinin pozitiv olmasına gücləndirilmiş reaksiya deyilir. Gücləndirilmiş reaksiyanın latent TB infeksiyasının diaqnostikasında spesifikliyi aşağıdır. Belə ki, əvvəl aparılmış BCG vaksinasiyası, qeyri-tuberkulyoz mikobakteriyaları ilə kontakt və ya keçmişdə keçirilmiş TB infeksiyası da gücləndirilmiş reaksiyaya səbəb ola bilər. Ümumiyyətlə, gücləndirilmiş reaksiyası pozitiv olan xəstələrdə aktiv vərəm xəstəliyinin inkişafı riski ilkin tuberkulin testi pozitiv olan xəstələrdən daha aşağıdır.

Tuberkulin testinin konversiyası. Tuberkulin testinin konversiyası dedikdə aşağıdakılardan biri başa düşülür:
  • Vərəm infeksiyası ilə yeni yoluxma hadisəsindən sonra qoyulmuş ilk neqativ Mantu testindən sonra 8 ay ərzində qoyulmuş ikinci testin pozitiv olması.
  • Həmişə Mantu reaksiyası neqativ olan və davamlı şəkildə vərəm infeksiyasına yoluxma riski olan şəxslərdə (tibb işçiləri) illik yoxlamalarda Mantu reaksiyasının pozitiv olması.
Nəzərə alınmalıdır ki, tuberkulin dəri testinin konversiyası olan xəstələrdə aktiv TB xəstəliyinin inkişafı riski daha yüksək olur.

Tərif. Gücləndirilmiş Mantu reaksiyası və dəri testinin konversiyasında ikinci Mantu reaksiyasının pozitiv olması üçün indurasiyanın 10 mm və ya daha böyük olması və əvvəlki testin nəticəsindən >6 mm-dən böyük olması tələb olunur.
Ümumiyyətlə, Mantu testində indurasiyası >10 mm-dən çox olan şəxslərdə latent TB infeksiyasına qarşı müalicə başlamazdan əvvəl aktiv vərəmin istisna edilməsi üçün onların müayinəsi aparılmalıdır.

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.

 

  • Vərəm xəstəliyinin yayılmasına nəzarətin təmin edilməsi üçün aktiv vərəmi olan xəstələrin müəyyən edilməsi və müalicəsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı latent tuberkulyoz (vərəm) infeksiyası olan xəstələrin də müəyyən edilməsi və müalicəsi əsas prioritetlərdən hesab edilir.
  • Əksər xəstələrdə M.Tuberculosis infeksiyası xəstənin immun müdafiə mexanizmlərinin fəaliyyəti nəticəsində latent olaraq qalır və kliniki cəhətdən özünü biruzə vermir. Lakin, bu cür latent infeksiyanın istənilən an aktiv vərəm xəstəliyinə çevrilməsi potensialı yüksək olur. Latent tuberkulyozu olan xəstələrin müəyyən edilməsi və müalicəsi sayəsindən aktiv vərəm xəstəliyinin inkişafı riskini 90%-dək azaltmaq mümkündür. Bu isə əhali arasında vərəm xəstəliyi hallarının da azaldılmasına xidmət edir.
  • Ümumiyyətlə, müxtəlif səbəblərdən (cədvəl 1 baxın) yeni TB infeksiyasına yoluxma riski yüksək olan və əvvəllər keçirilmiş TB xəstəliyinin reaktivasiyası riski yüksək olan xəstələrin latent TB infeksiyasına dair yoxlanması tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, latent TB infeksiyasının diaqnostikası üçün tuberkulin dəri testi (Mantu testi) və interferon qamma ifrazının analizi testi istifadə edilir.
  • Ümumiyyətlə, aktiv ağciyər TB olan xəstələrlə yaxın təmasda olan şəxslərdə latent TB-nin yoxlanması üçün aparılmış test neqativ olarsa, təkrar yoxlama 8-12 həftədən sonra aparılmalıdır. Tibb işçiləri isə ilkin olaraq 2 etaplı testdən keçməli (Mantu testi 8-12 həftə intervalla 2 dəfə qoyulmalıdır) və daha sonrası ildə bir dəfə Mantu testi aparılmalıdır.
  • Vərəmin reaktivasiyası riskinin yüksək olduğu xəstələrin müəyyən edilməsi və onların yoxlanması xəstələrin yaşından və riskin dərəcəsindən asılıdır. Ümumiyyətlə, yüksək reaktivasiya riski olan xəstələrin yoxlanması üçün test bir dəfə aparılır və testin nəticəsi neqativ olduqda təkrar testə ehtiyac olmur.
  • Latent TB infeksiyası olan normal sağlam şəxslərdə aktiv TB infeksiyasının inkişafı riski 0.1%-dir. TB infeksiyasına yoluxmuş xəstələrdə vərəm xəstəliyinin inkişafı riski müxtəlif qrup xəstələrdə fərqlənir. Belə ki, HİV infeksiyası olan xəstələrdə bu 10%, hemodilaiz və ya orqan transplantasiyası almış xəstələrdə 1-2% və döş qəfəsinin rentgeni normal olan sağlam xəstələrdə isə vərəm xəstəliyinin inkişafı risk 0.1%-ə bərabər olur.
  • Bir çox mərkəzlərdə xəstələrin latent TB infeksiyasına yoxlanması üçün aşağıdakı parametrlər istifadə edilir:
    • Yaşı >65-dən çox olan xəstələrdə hepatit riski >5%-dən çox olduğu üçün, həmin xəstələrin yoxlanması və müalicəsi yalnız vərəmin reaktivasiyası riski yüksək olduqda aparılır.
    • 50-65 yaşlı xəstələrdə hepatit riski 3-5% olduğu üçün, həmin xəstələrin yoxlanması və müalicəsi yalnız vərəmin reaktivasiyası riski yüksək və ya orta dərəcəli olduqda aparılır.
    • Yaşı <50-dən aşağı olan xəstələrdə hepatit riski <3%-dən az olduğu üçün (yaşı 35-dən aşağı olan xəstələrdə bu risk <1%-dən aşağıdır), həmin xəstələrin yoxlanması və müalicəsi vərəmin reaktivasiyası riski aşağı dərəcəli, orta dərəcəli və ya yüksək dərəcəli olduqda aparılır.
    • Yaşı >50-dən yuxarı olan və vərəmin reaktivasiyası riski aşağı olan, habelə yaşı >65-dən yuxarı olan və vərəmin reaktivasiyası riski orta və ya aşağı dərəcəli olan xəstələrin yoxlanması və müalicəsi məsləhət edilmir.
  • Tuberkulin dəri testi (Mantu testi) əsasən əvvəllər tuberkulyoz mikobakteriyalarının antigenlərinə sensitizasiya olunmuş şəxslərin müəyyən edilməsi üçün istifadə edilir. Testin aparılması üçün tuberkulin materialı dermal qatın daxilinə (intradermal) inyeksiya edilir. Tuberkulin materialı isə T limfositlərin iştirakı ilə yavaşımış (gecikmiş) hiperhəssaslıq immun reaksiyasına və 48-72 saat ərzində indurasiyaya səbəb olur.
  • Tuberkulin dəri testin nəticəsinin 72 saatdan çox vaxt keçdikdən sonra oxunması isə onun etibarlılığını azaltmış olur. Əgər Mantu (tuberkulin dəri) testinin qoyulmasından 96 saatdan çox vaxt keçibsə, testin təkrarlanması tələb olunur. Vaxtında oxunmadığı üçün ikinci dəfə test 7 gün sonra qoyularsa, həmin xəstələrdə testin pozitiv nəticəsi tuberkulin materialının 2 dəfə yeridilməsi səbəbindən gücləndirilmiş immun reaksiyası ilə bağlı ola bilər. Buna görə də, Mantu testinin qoyulmasından sonra nəticə 48-72 saatdan gec olmayaraq yoxlanmalıdır.
  • Tuberkulin dəri testinin yalan neqativ nəticələri adətən bioloji və texniki çatışmazlıqlarla bağlı olur. Bioloji çatışmazlıqlara xəstələrdə müşahidə edilən immunsupressiya və ya təbii immunitetin zəifləməsi adi edilir. Texniki çatışmazlıqlara isə tuberkulin materialının düzgün hazırlanıb vurulmaması və onun səhv interpretasiyası aid edilir.
  • Yalan pozitiv test nəticələrinin iki mühüm səbəbi vardır: qeyri-tuberkulyoz mikobakteriya infeksiyasına yoluxma və əvvəl BCG ilə aparılmış vaksinasiya. Lakin, latent TB infeksiyası ehtimalı və/və ya aktiv vərəm xəstəliyinin inkişafı riski yüksək olan şəxslərdə latent TB infeksiyasının müalicəsinə dair qərarın qəbulundan testin yalan və ya doğrudan pozitivliyi nəzərə alınmamalıdır.
  • Tibb işçiləri ilkin olaraq iki etaplı testdən keçirilməli, sonra isə ildə bir dəfə təkrar tuberkulin testi ilə yoxlanmalıdır. İki etaplı tuberkulin testi dedikdə tuberkulin testinin ilkin olaraq xəstənin bir qolunda qoyulması və bu neqativ olduqda, 1-4 həftə sonra isə o biri qolunda qoyulması başa düşülür.
    • Əvvəl qoyulmuş Mantu testi (ideal vəziyyətdə iki etaplı tuberkulin testi) neqativ olan tibb işçilərində ethimal edilən aktiv vərəm infeksiyasına yoluxma tarixindən 8 həftə sonra bir dəfə tuberkulin dəri testi qoyulmalıdır. Əgər həmin testin nəticəsi müsbət olarsa, bu tuberkulin dəri testinin yeni baş vermiş konversiyası deməkdir.
    • Əvvəllər tuberkulin testi qoyulmamış, BCG vaksinasiyası almamış və TB infeksiyası halları çox aşağı sayda olan ölkədə doğulmuş xəstələrin vərəm infeksiyasına yoluxması ehtimalı müəyyən edildikdə, dərhal Mantu reaksiyası əldə edilməlidir. Həmin xəstələrdə Mantu reaksiyası vərəmə yoluxmanın ehtimal edildiyi tarixdən <2.5 həftə və ya <18 gün ərzində qoyulmalıdır. Həmin xəstələrdə indurasiyanın ölçüsü >5 mm-dən çox olduqda (yəni reaksiya pozitivdir), bu latent TB infeksiyasının olduğuna dəlalət edir. Əgər Mantu reaksiyası neqativdirsə, ikinci test vərəmə yoluxmanın baş verməsi ehtimal edilən tarixdən 8 həftə sonra qoyulur. Əgər ikinci test pozitivdirsə bu yeni baş vermiş tuberkulin dəri testinin konversiyası və ya yeni infeksiya kimi qəbul edilməlidir. Bu cür hallarda interferon qamma testinin aparılması məsləhət görülmür.