Döş qəfəsinin bəsit rentgen filminin əldə edilməsi və oxunması qaydaları
Ümumiyyətlə, döş qəfəsinin bəsit rentgen filminin çəkilməsi proyeksiyaları müxtəlifdir və düzgün proyeksiyanın seçilməsi və həmçinin əldə edilmiş filmin düzgün interpretasiyası ağciyər və torakal boşluqda olan patologiyaların düzgün diaqnostikasına yardım etmiş olur.
Aşağıda döş qəfəsinin bəsit rentgen filminin əldə edilməsi və filmin interpretasiyasına dair tövsiyələr verilmişdir:
- Addım 1. Kliniki vəziyyətdən asılı olaraq rentgen filminin hansı proyeksiyada çəkilməsini müəyyən edin. Ağciyər patologiyaları daha yaxşı PA (posteroanterior) filmdə görsənir. AP (antero-posterior) filmlər daha çox ayaq üstə dura bilməyən ağır xəstələr üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, AP (antero-posterior) filmlərdə ürək daha böyüdülmüş görsənir.
- Addım 2. Döş qəfəsi rentgen filmləri çəkiləndə çalışmaq lazımdır ki, filmin çəkilməsi anında xəstə nəfəsalmanın - inspirasiyanın - maksimal həddində olsun. Ekspirasiyada yəni xəstənin nəfəsverməsi anında çəkilmiş film qeyri-normal görüntü verə bilər.
- Addım 3. Filmin rentgen şüaları ilə yaxşı və ya pis penetrasiyası olunduğunu qeyd edin. Yaxşı penetrasiyalı filmlərdə bronxial və damar strukturları ürəyin arxasında belə yaxşı görünür, lakin onurğa sütunun sümük hissəsi ürəyin arxasında görünmür.
- Addım 4. Xəstənin filmin çəkildiyi zaman rotasiyası və ya yana çevrilib çevrilməməsini müəyyən edin. Döş qəfəsinin bəsit rentgen filmi çəkilərkən əmin olmaq lazımdır ki, rentgen filminin kaseti üzərində uzandırılan və ya söykənən xəstə tam yastı uzandırılsın. Əldə edilmiş rentgen filmdə xəstənin film çəkilərkən düz uzandığını və ya çevrilib çevrilməməsini istisna etmək üçün torakal onurğa fəqərələrinin arxa çıxıntıları ilə körpücükaltı sümüklərin baş hissələri arasında məsafə ölçülməlidir. Bu məsafənin hər iki tərəfdə eyni olması xəstənin düzgün uzandığını və film çəkilən zaman çevrilmədiyini təsdiq etmiş olur.
- Addım 5. Rentgen filmdə hər hansı peysmeyker, mərkəzi venoz kateterlər, traxeostomiya, endotraxeal boru və s. olub olmadığı filmin interpretasiyasında qeyd edilməli və onlara dair detallar təsvir edilməlidir.
- Addım 6. Pnevmotoraks, hemotoraks və ya plevral effuziyanın olub olmadığını, qabırğa-diafraqmal sinusların kütləşməsini qeyd edin. Traxeyanın tən ortada yerləşdiyinə əmin olun, əks halda traxeyanın meyilliyi qeyd edilməlidir.
- Addım 7. Ağciyərlərdə görünən patoloji dəyişikliklər varsa - kölgəlik, konsolidasiya, damar strukturlarının genişlənməsi və s. - onlar qeyd edilməlidir.
- Addım 8. Mediastinuma diqqət yetirilməli və onun genişlənib genişlənməməsi, meyilliyi qeyd edilməlidir.
- Addım 9. Ürəyin siluyetinə diqqət yetirilməli, kardiomeqaliyanın olub olmadığı qeyd edilməlidir.
- Addım 10. Döş qəfəsi filmində görünən qabırğalar, habelə torakal onurğanın fəqərələrinin patologiyaları olduqda, onlar da qeyd edilməlidir (məs., qabırğa sınıqları).
Şəkil. Postero-Anterior PA rentgen filmində görünən strukturlar:
1: birinci qabırğa; 2-10: ikincidən onuncuyadək olan qabırğaların arxa aspektləri; APW: aorta-ağciyər pencərəsi; AK: aortanın kölgəsi; BS: Süd vəzinin kölgəsi; C: traxeyanın bifurkasiyası (karina); CA: yoğun bağırsaq qazı; CPA: qabırğa-diafraqmal künc (sinuslar); DA: enən aorta; GA: mədə daxilində hava; LHB: ürəyin sol tərəfli sərhədi; LPA: sol ağciyər arteriyası; RC: sağ körpücükaltı sümük; RHB: ürəyin sağ tərəfli sərhədi; RHD: sağ hemidiafraqm; RPA: sağ ağciyər arteriyası; T: traxeyada olan hava
Şəkil. Döş qəfəsinin Lateral rentgen filmində görünən strukturlar:
A- aorta; CPA - qabırğa-diafraqmal sinuslar; LHD - sol hemidafraqmı; PHB - ürəyin arxa sərhədi; RA - retrosternal hava sahəsi; RHD - sağ hemidiafraqm; RMF - sağ böyük yarıq; S - skapula; T- traxeya.