Kəskin qarın ağrısı olan pediatrik xəstənin təcili müayinəsi

GİRİŞ.

Uşaqlar arasında qarın ağrısı çox tez-tez müşahidə edilən, qeyri-spesifik bir simptomdur və adətən qastroenterit və digər virus infeksiyaları ilə əlaqələndirilir. Lakin, qarın ağrısı ilə daxil olmuş uşağın müayinəsində həkimin əsas vəzifəsi qarın ağrısına səbəb olmuş aşağıdakı halların müəyyən edilməsidir:

  • Ağır, həyata potensial təhlükə olan hallar, o cümlədən, appendisit və ya bağırsaq obstruksiyası (məs., volvulus və ya bağırsaq burulması, bağırsağın invaginasiyası və ya qarındaxili bitişmələr).
  • Spesifik müalicə tələb edən infeksiyalar (məs., streptokokk mənşəli faringit, sidik yolları infeksiyası və ya pnevmoniya).
  • Az yayılmış xəstəliklərin qeyri-tipik klinikası (məs., Hirşprunq xəstəliyi və ya nefrotik sindromla müşaiyət olunan birincili bakteriyal peritonit).
Bəzi araşdırmalarda göstərilmişdir ki, təcili tibbi yardım müəssisələri və ya poliklinikalarda qarın ağrısı ilə müayinə olunmuş uşaqların 22% cərrahi müdaxilə və ya antibiotiklə müalicə tələb etmişdir. Kliniki təcrübə göstərir ki, əksər poliklinikalarda qarın ağrısı şikayəti ilə müayinədən keçən uşaqlar arasında ciddi müdaxilə tələb edən halların sayı bundan da azdır.
Kəskin qarın ağrısı ilə daxil olmuş körpələr və uşaqların müayinəsində aşağıdakı məsələlərə diqqətin yetirilməsi əhəmiyyət kəsb edir:
  • Qarın ağrısına səbəb olan hallar bir çox hallarda müvafiq yaş qruplarında daha çox təsadüf edir (məs., bağırsaq burulması/volvulus daha çox yenidoğulmuşlarda, bağırsaq invaginasiyası isə körpələr və kiçik yaşlı uşaqlarda).
  • Körpələr və uşaqlar çox vaxt simptomları lokalizasiya və ya təsvir etməyi bacarmır. Bununla yanaşı onlar çox vaxt həyacanlı olur və bu da müayinəni daha da çətinləşdirir və mühüm simptomların aşkar edilməsinə maneə törədir.

 

Əksər uşaqlarda qarın ağrısının etiologiyası diqqətlə toplanmış anamnez, bir dəfə və ya təkrar aparılmış fiziki müayinələr və bəzən isə əlavə spesifik testlərlə müəyyən oluna bilər. Lakin, bəzi hallarda xəstəliyin çox erkən mərhələsində (məs., appendisit) və/və ya atipik əlamətlərlə daxil olmuş və/və ya xəstəliyin subkliniki gedişatına malik olan uşaqlarda ilkin müayinədən sonra dəqiq diaqnozun qoyulması mümkün olmaya bilər. Bu cür hallarda təkrar müayinənin aparılması və həmin xəstələrin müşahidə altında saxlanması xüsusi əhəmiyyət kəsb edə bilər.

 

SƏBƏBLƏR.

Uşaqlarda kəskin qarın ağrısının səbəbləri aşağıdakı cədvəldə göstərilib. Hər bir səbəbdən baş verən kəskin qarın ağrısına dair daha ətraflı məlumat www.uptodate.az tibbi məlumat bazasında yer almış müvafiq məqalələrdən əldə edilə bilər. Qeyd edilməlidir ki, həyata təhlükə törədən kəskin qarın ağrısı səbəblərinin spesifik kliniki xüssiyyətləri vardır.

  • Travma. Qarındaxili (intraabdominal) travmalar həyata təhlükə törədə bilər (məs., bərk orqanların cırılması nəticəsində qanaxma və ya maye itkisi, orqanların işemiyası və boşluqlu orqanın perforasiyası nəticəsində infeksiya). Travmaların baş verməsi mexanizmləri müxtəlifdir - avtomobil qəzaları, yıxılmalar və uşaqlara qarşı zorakı hərəkətlər.
  • Obstruksiya və periton qıcıqlanması. Bu əlamətlər ciddi qarındaxili patologiya ilə bağlı ola bilər və təcili diaqnostika və müalicənin aparılmasını tələb edir. Obstruksiya və/və ya peritonitə səbəb olan hallara aşağıdakılar aiddir: 
    • Ödlü qusma ilə daxil olmuş yenidoğulmuşlarda - volvulus (bağırsaqların malrotasiyasının ağırlaşması) və nekrotizləşən enterokolit.
    • İnvaginasiya (bağırsağın bir hissəsinin içəriyə qabarması və obstruksiyaya və işemiyaya səbəb olması) adətən 2 aydan 2 ilədək olan uşaqlarda çox yayılmış olur. Sancı tipli qarın ağrısı invaginasiyanın tipik xüsusiyyətidir.
    • Bütün yaş qruplarında isə appendisit peritonun qıcıqlanmasına və lokal ağrıya səbəb ola bilər. Appendisit adətən >5 yaşdan yuxarı uşaqlarda müşahidə edilir.
    • Əvvəllər aparılmış cərrahi müdaxilələr və ya iltihab prosesləri nəticəsində inkişaf etmiş qarındaxili bitişmələr (adqeziyalar), Hirşprunq xəstəliyinin ağırlaşmaları, perforasiya olunmuş xora və birincili bakteriyal peritonit (məs., nefrotik sindromun ağırlaşması kimi) səbəbindən obstruksiyalar uşaqlarda kəskin qarın ağrısının az hallarda müşahidə edilən səbəbləridir.
  • Boğulmuş qasıq yırtığı həyata təhlükə törədə bilən qarın ağrısının ekstraabdominal səbəbidir. Miokardit və perikardit də qarın ağrısına nadir qarındankənar səbəbləridir.
  • Qarın ağrısına səbəb olan həyata təhlükə törədən sistemli xəstəliklərə diabetik ketoasidoz və hemolitik uremik sindrom da daxildir.
  • Menarxesi (menstruasiyası başlamış) olmuş qız uşaqlarında reproduktiv traktın həyata təhlükə törədən halları da qarın ağrısına səbəb ola bilər - çanağın iltihab xəstəliyi, uşaqlıq borusu-yumurtalıq (tubal yumurtalıq) absesi və partlamış ektopik hamiləlik.
Kəskin abdominal ağrıya səbəb olan və geniş yayılmış hallara aşağıdakılar aiddir:
  • viruslu qastroenteritlər,
  • sistemli virus infeksiyaları,
  • streptokokk mənşəli faringit,
  • lobar pnevmoniya,
  • sidik yollarının infeksiyası.
Xroniki və ya qayıdan qarın ağrısının tez-tez müşahidə edilən səbəblərinə aşağıdakılar aiddir:
  • kolik ağrılar (yenidoğulmuşlarda) və
  • qəbzlik.
Abdominal ağrının digər səbəblərinə mədə-bağırsaq traktının və mədə-bağırsaq sistemindən kənar hallar da daxildir:
  • Mədə-bağırsaq xəstəlikləri: iltihablı bağırsaq xəstəliyi (Kron xəstəliyi, xoralı kolit), xolesistit (daha çox hemolitik anemiyası və ya sistik fibrozu olan uşaqlarda və həmçinin yeniyetmələrdə müşahidə edilir), pankreatit, gida proteininə allergiya (körpələr və yenidoğulmuşlar), malabsorbsiya (qida elementlərinin sovrulmasının pozulması), intraabdominal abses (perforasiya olunmuş appendisitdən sonra).
  • Mədə-bağırsaq traktından kənar səbəblər: Henox-Şönleyn purpurası (İgA vaskulitidir və adətən ətraflarda və sağrılarda fərqləndirici purpura tipli səpgi ilə müşaiyət olunur), oraq hüceyrəli anemiyada vazooklyuziv kriz, yumurtalıqların burulması, xayanın burulması, urolitiaz (adətən sancı tipli ağrı olur və cinahlarda ağrılıq müşahidə edilir), bəzi törəmələr və toksik maddələrin udulması (məs., qurquşun və ya dəmir).

MÜAYİNƏ.
Kəskin abdominal ağrısı olan uşaqların müayinəsindən ilkin məqsəd həyata təhlükə törədə biləcək və buna görə də təxirəsalınmaz müdaxilə tələb edən halların aşkar edilməsidir. Həyata təhlükə törədən hallar istisna olduqdan sonra isə abdominal ağrının digər səbəbləri adətən anamnez və fiziki müayinədə müvafiq kliniki əlamətlər və simptomlara diqqət yetirməklə (məs., uşağın yaşı və cinsi, travmanın olub olmaması, ağrının xüsusiyyəti, digər yanaşı simptomlar, fiziki müayinənin nəticələri və seçilmiş diaqnostik müayinələr) müəyyən edilə bilər.

Anamnez. Kəskin abdominal ağrının səbəbini anamnezdən müəyyən etməyə yardımçı olan xüsusiyyətlərə aşağıdakılar aiddir: travmanın olub olmaması, əvvəllər keçirilmiş abdominal müdaxilələr, hərarət, qusma, abdominal ağrının lokalizasiyası və simptomların xüsusiyyətləri. Pubertal yaşa çatmış qız uşaqlarında ginekoloji anamnezin (o cümlədən, sonunca menstruasiya və cinsi münasibətlər) toplanması xüsusi əhəmiyyət kəsb edir.

Travma. Abdominal travma (adətən nəqliyyat vasitələrinin avariyası, avtomobillə piyadanın toqquşması və ya yıxılmalar) mexanizmdən, uşağın yaşından və s. meyarlardan asılı olaraq bir çox hallarda həyata təhlükə törədən zədələnmələrlə nəticələnir (məs., bərk daxili orqanların və ya boşluqlu orqanların perforasiyası). Abdominal travmanın simptom və əlamətləri çox vaxt dərhal özünü biruzə verməsinə baxmayaraq, bəzi travmalarda simptomlar gecikmiş olur (məs., dalağın zədələnməsi nəticəsində tədricən böyüyən hematoma səbəbindən sol çiyin ağrısı, duodenal hematoma səsəbindən baş vermiş obstruksiya nəticəsində qusma və ya avtomaşının qoruyucu kəməri ilə sıxılma səbəbindən bağırsaq perforasiyası).

Abdominal ağrının xüsusiyyətləri. Yaşı 2-dən kçik olan və abdominal ağrısı olan uşaq və körpələr ağrını təsvir edə bilməyə və ya ağrının lokalizasiyasını göstərə bilməyə bilər. Bu səbəbdən kiçik yaşlı uşaqların müayinəsi çox vaxt çətin olur. Məktəbəqədər yaşlı uşaqlar ağrını təsvir edə bilsə də, onun təsviri heç də həmişə etibarlı olmur. Yaşı 5-dən yuxarı olan uşaqlar isə adətən ağrının və ya simptomların başlanması vaxtını, ağrının davam etmə müddətini və simptomların lokalizasiyasını dəqiq göstərə bilir.
  • Appendisit - göbəkətrafında başlayan və qarının sağ aşağı hissəsinə yayılan ağrı.
  • Appeniksin cırılması (erkən), yumurtalığın burulması - kəskin, güclü, lokal ağrı.
  • İnvaginasiya - aralıqlı, sancı tipli ağrı.
  • Qastroenterit - diffuz və ya küt ağrı
  • Hepatit və xolesistit - qarının sağ yuxarı hissəsindən ağrı.
  • Qastrit, mədənin xora xəstəliyi - epiqastrik ağrı.
  • Pankreatit - davamlı periumbilikal (göbəkətrafı) ağrı, çox vaxt kürəyə radiasiya edən ağrı.
Peritonun qıcıqlanması (məs., irəliləmiş appendisitdə) olan uşaqlarda ağrının dərəcəsi hərəkət zamanı arta bilər. Bu isə hərəkət zamanı (yana çevrilmə, ayağı uzatdıqda) patologiyası olan orqanın abdominal divara bitişdiyinə görə dartılması səbəbindən baş verir. Əksinə isə visseral ağrısı olan uşaqlar ağrıdan yerində rahat dura bilmir və diskomfort səbəbindən dayanmadan yerində eşələnir. Qusmadan sonra ağrının azalması adətən nazik bağırsaqla bağlı patologiyalarda müşahidə edilir. Bağırsaqların boşaldılmasından sonra ağrının sakitləşməsi isə yoğun bağırsaq patologiyaları ilə bağlı olur.

 
Yanaşı simptomlar.
  • Yüksək hərarət. Abdominal ağrısı olan uşaqlarda çox vaxt yüksək hərarət də müşahidə edilir. Araşdırmalar göstərmişdir ki, qarın ağrısı səbəbindən müayinə olunan uşaqların 60-64%-də yüksək hərarət olmuşdur. Appendisiti olan uşaqlarda çox vaxt hərarət olur. Abdominal ağrı və hərarəti olan uşaqların böyük hissəsində buna səbəb infeksion xəstəliklər, o cümlədən də, qastroenterit, virus mənşəli sindromlar və faringit olur. Abdominal ağrı ilə müşaiyət olunan bakteriyal infeksiyalara aşağıdakılar aiddir: 
    • Streptokokk mənşəli faringit (çox vaxt boğaz ağrısı, baş ağrısı və qusma). Düzdür, virus mənşəli farinqiti olan uşaqlarda da abdominal ağrı olur.
    • Sidik yollarının infeksiyası (bəzən qusma və ya daha az hallarda ishalla müşaiyət olunur).
    • Ağciyərin aşağı payının pnevmoniyası (adətən həmin uşaqlarda respirator simptomlar, məs., taxipniye və ya öskürək müşahidə edilir, lakin qarın palpasiyada ağrısız olur).
    • Çanağın iltihab xəstəliyi (menarxesi olmuş qız uşaqları, cinsəl aktivliyi olan uşaqlar).
  • Qusma. Abdominal ağrısı olan uşaqlarda çox vaxt qusma da müşahidə edilir. Aparılmış tədqiqatlardan məlumdur ki, abdominal ağrısı olan uşaqların 42%-də qusma epizodu olub. Qusma və abdominal ağrısı olan uşaqların (xüsusilə də, ishal olmadıqda) müayinəsi çox diqqətlə və əhatliklə aparılmalıdır ki, həyata təhlükə törədə bilən hallar (bağırsaq obstruksiyası, appendisit) istisna edilsin. 
    • Ödlü qusma və abdominal ağrısı olan yenidoğulmuşlarda volvulus və ya bağırsağın burulması istisna edilməlidir.
    • İnvaginasiyası olan uşaqlarda qusma (ilkin olaraq ödsüz olur, lakin obstruksiya inkişaf etdikcə qusma ödlü olur) ağrı epizodundan sonra baş verir.
    • Nazir bağırsaq obstruksiyası bir çox xəstəliklər səbəbindən inkişaf edə bilər. Məsələn, postoperativ ə ya iltihablı proseslərdən sonra inkişaf etmiş qarındaxili bitişmələr obstruksiyaya səbəb ola bilər.
    • Ürək bulanması və qusma adətən appendisiti olan uşaqlarda rast gəlinir.
  • İshal. Aşağıdakı hallar ishal (diareya) ilə müşaiyət oluna bilər: 
    • İshal və abdominal ağrı ilə daxil olan uşaqlarda adətən viruslu qastroenterit olur.
    • Sidik yollarının infeksiyası ishala səbəb ola bilər.
    • Diareya (adətən selikli nəcis olur; sulu ishal çox az hallarda baş verir) kəskin appendisit və çox vaxtıda məhz absesləşmiş appendisit hallarında müşahidə edilir.
    • İnvaginasiyası olan uşaqlarda qanlı nəcis və bəzən də selikli nəcis (qarağat jelesinə bənzər) müşahidə edilə bilər. Bəzi uşaqlar invaginasiyadan öncə viruslu (çox vaxtı da adenovirus mənşəli) qastroenterit keçirmiş olur.
    • Qanlı ishal infeksion enterit, hemolitik-uremik sindrom (HUS) və ya iltihablı bağırsaq xəstəliyinə dəlalət edə bilər.
Abdominal ağrının etiologiyasını müəyyən etməyə yardımçı olan digər simptomlara aşağıdakılar aiddir: öskürək (pnevmoniya), ağrılı udqunma (faringit), dizuriya (sidik yollarının infeksiyası), poliuriya (diabetik ketoasidoz) və hematuriya (sidik yollarının infeksiyası, urolitiaz, hemolitik-uremik sindrom, İgA vaskulit (Henoch-Schonleyn purpura).

Keçirilmiş xəstəliklər tarixçəsi.
  • Əvvəllər abdominal əməliyyat keçirmiş uşaqlarda qarındaxili bitişmələr (adqeziyalar) səbəbindən bağırsaq obstruksiyası inkişaf edə bilər.
  • Hirşprunq xəstəliyi olan uşaqlarda obstruksiya və sürətli (fulminant) enterokolit inkişaf edə bilər.
  • Bir sıra xəstəliklərdən əziyyət çəkən (məs., oraq hüceyrəli anemiya və ya sistik fibroz) uşaqlar və ya yeniyetmələrdə abdominal ağrının səbəbi xolesistit ola bilər.
  • Abdominal ağrı həm də oraq hüceyrəli anemiyası olan uşaqlarda vazooklyuziv (damarların oraq hüceyrəli eritrositlərlə tıxanması və bu səbəbdən işemiyanın yaranması) krizin təzahürü ola bilər. Qeyd edilməlidir ki, vazooklyuziv krizi olan uşaqların vəziyyəti aparılan hidratasiya (maye infuziyası) və analgeziya nəticəsində adətən yaxşılaşır. Vazooklyuziv kriz hallarında xəstələrdə peritonun qıcıqlanması əlamətləri, ürək bulanma və qusma da müşahidə edilə bilər. Lakin, bununla yanaşı uşaqlarda abdominal ağrının digər kəskin səbəbləri də istisna edilməlidir (xüsusilə də, ağrının lokalizasiyası və xüsusiyyəti, hidratasiya ilə vəziyyəti yaxşılaşmayan uşaqlar).
  • Diabetik ketoasidozu olan uşaqlarda da abdominal ağrı ola bilər.
  • Nefrotik sindromu olan uşaqlarda tez-tez birincili bakteriyal peritonit inkişaf edə bilər ki, bu da abdominal ağrı ilə özünü biruzə verir.

Fiziki müayinə.
Abdominal ağrı ilə daxil olmuş uşağın əhatəli fiziki müayinəsi aparılmalı, həyati göstəriciləri təyin edilməli və abdominal müayinə (palpasiya, perkusiyya, auskultasiya) detallı aparılmalıdır.

Uşağın kliniki görünüşüUşağın hidratasiya vəziyyəti və ümumi kliniki görüşü diqqəti çəkməlidir. Hipovolemiya (məs, abdominal travma, volvulus və ya invaginasiya hallarında) və ya peritoniti (məs., perforasiya olunmuş appendisit) olan uşaqlarda perfuziyanın pisləşməsinin əlamətləri müəyyən edilə bilər. Peritoniti olan uşaqlar çox vaxt hərəkətsiz uzanmağa üstünlük verir. Lakin, öd sancısı və ya böyrək sancısı olan uşaqlar ağrıdan yerində sakit otura bilmir və eşələnir. Sarılığı olan uşaqlarda hepatit və ya hemoliz nəzərdən keçirilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, invaginasiyası olan uşaqlar xəstəliyin erkən dövründə peristaltik dalğalar arası dövrlərdə tam normal da görünə bilər.

Həyati göstəricilər. Həyati göstəricilərin qeyri-normal olması diaqnozun təyin edilməsinə yardım edə bilər:
  • Yüksək həratət infeksiyaya (məs., qastroenterit, sidik yollarının infeksiyası, pnevmoniya, faringit) dəlalət edir. Düzdür, appendisiti olan uşaqların bir çoxunda yüksək hərarət olmaya da bilər. Ümumiyyətlə, appendisitə şübhə olan uşaqlarda hərarət heç də spesifik və ya yüksək həssaslığa malik simptom deyildir.
  • Taxipnoye respirator xəstəliyin (məs., pnevmoniya) və ya metabolik asidozun (qastroenterit, diabetik ketoasidoz, peritonit və ya bağırsaq obstruksiyası səbəbindən dehidratasiyas olunmuş uşaqlarda tənəffüsün tezləşməsi) əlaməti ola bilər.
  • Kəskin abdominal ağrısı olan uşaqda hipotenziya ya damardaxili maye həcminin itirilməsi (məs., travma nəticəsində qanaxma, qastroenterit və ya volvulus və ya invaginasiya səbəbindən inkişaf etmiş bağırsaq obstruksiyası hallarında kapilyarların keçiriciliyinin patoloji dərəcədə yüksəlməsi və mayenin interstisial sahəyə sızması), ya da peritonit (məs., perforasiya olunmuş appendisit) səbəbindən inkişaf edə bilər.

Abdominal müayinə.
Qarının müayinəsi mümkün qədər uşağın sakit və əməkdaşlıq etməyə hazır olduğu zaman aparılmalıdır. Həmçinin, müayinə uşaq üçün ən komfortlu vəziyyətdə və tələb olunarsa ata və anasının yanında aparılır. Müayinədə aşağıdakı məqamlar diqqət yetirilməlidir:
  • Qarının gərginliyi obstruksiya və ya qarındaxili kütlə səbəbindən ola bilər.
  • Bağırsaq küyləri azalmış (məs., appendisit səbəbindən peritonun qıcıqlanması nəticəsində inkişaf etmiş ileus) və ya artmış (məs., qastroenterit və ya bağırsaq obstruksiya) ola bilər.
  • Ağrının lokalizasiyasını təyin etmək üçün qarının bütün hissələri nəzakətlə palpasiya olunmalıdır. Aşağıdakılar nəzərdən keçirilməlidir: 
    • Uşaqlardan qarında ən ağrılı yeri barmaq göstərməyi xahiş etmək olar.
    • Hər palpasiyada eyni yerin ağrılığı qarındaxili iltihablı prosesdən xəbər verə bilər.
    • Qarının da iştirakı ilə dərindən nəfəs almağı bacara bilən, qarının palpasiyasında lokal ağrılığı olmayan və ekstraabdominal əlamətləri olmayan uşaqlarda qarın ağrısı çox az hallarda ciddi səbəblərlə bağlı olur.
  • Yuxarı yaşlı uşaqlarda abdominal ağrının lokalizasiyasını daha dəqiq təyin etmək üçün palpasiya başın yataqdan qaldırılması ilə yanaşı aparıla bilər.
  • Əlin çəkilməsində qarın ağrının artması, perkusiyya zamanı ağrı hissi və qarın əzələlərinin iradəsiz yığılması çox vaxtı peritonun qıcıqlanmasına dəlalət edir (məs., appendisit və ya xolesistit hallarında). Perkussiya zamanı digər əlamətlərdə müəyyən edilə bilər: timpanit (bağırsaqların genişlənməsi), kütləşmə (kütlə) və dəyişkən kütləşmə (assit).
Qarın ağrısı olan xəstələrin ümumi müayinəsi ilə yanaşı rektal müayinənin aparılması tövsiyə edilir, lakin bu prosedur çox diskomfort yaradandır. Rektal müayinənin aşağıdakı hallarda aparılması məqsədə uyğundur - lokal ağrılıq, kütlə, qəbzlik və hematoxeziya. Lakin, nəzərə alınmalıdır ki, araşdırmalara əsasən appendisitin və ya qarındaxili travmaların diaqnostikasında rektal müayinənin faydalığı çox aşağıdır. Rektal müayinə aparılarsa, aşağıdakı məqamlar diqqətə çəkilməlidir:
  • Rektumda bərk nəcisin müəyyən edilməsi qəbzlik diaqnozunu dəstəkləsə də, heç də 100% qarın ağrısının məhz bu səbəbdən olduğunu təsdiq etmir.
  • Nəcisda qan bir çox xəstəliklərlə bağlı ola bilər - invaginasiya, iltihablı bağırsaq xəstəliyi, qida proteini allergiyası, infeksion enterit və anal çatla müşaiyət olunan qəbzlik.
  • Rektal müayinədi çox az hallarda uşaqlıq və ya artımlarda (çanağın yan divarlarında) ağrı hissi və ya kütlənin olması (qarın ağrısının ginekoloji səbəbindən xəbər verir) qeyd oluna bilər.

Ümumi müayinə. Fiziki müayinə zamanı qarından kənar əlamətlərin təyin edilməsi qarın ağrısının səbəbini müəyyən etməyə yardımçı ola bilər.
  • Faringiti olan uşaqlarda udlağın qızartısı və/və ya eksudat.
  • Pnevmoniyadan xəbər verən simptomlara ağciyərlərin auskultasiyasında xırıltıların, tənəffüs küylərinin zəifləməsi və ya eqofoniyanın eşidilməsi aiddir.
  • Ürək tonlarının kütləşməsi və ya sürtünmə küyü perikarditlərdə müşahidə edilir. At çapması ritmi isə miokarditlərdə müəyyən edilə bilər. Taxikardiya isə hər iki xəstəlikdə müəyyən edilə bilər.
  • Cinahlarda ağrılıq hissi piyelonefrit və ya urolitiazın əlaməti ola bilər.
  • Xayalığın ağrılığı və şişməsi xayanın burulması və ya boğulmuş qasıq yırtığından xəbər verə bilər.
  • Bədən üzərində göyərmələr travmadan xəbər verə bilər. Petexiyalar və/və ya purpura adətən Henox-Şönleyn purpurasında (İgA vaskulit) müəyyən edilir.
  • Skarlatina və ya Henox-Şönleyn purpurasında xarakterik səpgi müəyyən edilə bilər.
  • Hepatit, obstruksiya ilə müşahidə edilən öd kisəsi xəstəliyi və ya hemoliz (məs., oraq hüceyrəli anemiya) hallarında sarılıq müşahidə edilə bilər.
Cinsəl aktivliyi olan qızlarda aşağı qarın ağrısı hallarında iki əlli çanaq müayinəsi aparılmalıdır ki, çanağın iltihab xəstəliyi, artımlarda kütlə və ya sistlər, uşaqlığın patologiyası və ya ektopik hamiləlik istisna olunsun.

Yardımçı testlər və müayinələr.
Qarın ağrısı olan lakin kliniki baxımdan stabil və sağlam görünən, habelə fiziki müayinəsinin nəticəsi normal olan uşaqların müayinəsində əlavə testlərin və diaqnostik müayinələrin aparılmasına ehtiyac duyulmur. Ardıcıl aparılan müayinələrdə vəziyyəti stabil və norma daxilində qalan, habelə ağızla gida qəbul edə bilən uşaqlar ambulator müşahidə altında evə yazıla bilər.
Lakin, anamnez və/və ya fiziki müayinədə daha ciddi patologiyaların olmasına dəlalət edən tapıntılar (məs., travma, appendisit, bağırsaq obstruksiyası, infeksiya) müəyyən edildikdə isə laborator və radioloji müayinələrin aparılması tövsiyə edilir. Testlərin və diaqnostik müayinələrin seçimi isə uşağın yaşından və nəzərdən keçirilən diaqnozdan asılı olaraq təyin edilir.

Laborator testlər. Aşağıda verilmiş bəzi spesifik testlər nəzərdən keçirilə bilər:
  • Qanın ümumi analizi və leykoformula. Qanın analizində leykositlərin artması infeksiya və ya iltihabdan (məs., appendisit) xəbər verir. Lakin, leykositlərin normal olması heç də infeksiya və ya iltihablı prosesləri istisna etmir. Leykositlərin >20.000-dən çox olması perforasiya olunmuş appendisit, appendiksin absesi və ya lobar pnevmoniya ehtimalıni artırmış olur.
  • Hematokrit - Qanaxması olan uşaqlarda daxil olarkən mütləq hematokrit əldə edilməli və ardıcıl Hct-in yoxlanmalarında müqayisə üçün istifadə edilməlidir. Qırmızı qan hüceyrələrin qeyri-normal morfologiyası ilə müşaiyət olunan anemiya adətən hemoqlobinopatiyalar (oraq hüceyrəli) və hemolitik uremik sindromda (mikroangiopatiya) müşahidə edilir. Hemolitik-uremik sindromu olan uşaqlarda həm də trombositopeniya müəyyən edilir.
  • Biokimyəvi analizlər. Yuxarı abdominal ağrısı olan uşaqlarda qaraciyər fermentləri və ya amilazanın səviyyəsinin artması hepatit, xolesistit və ya pankreatitə dəlalət edə bilər. Metabolik asidoz çox vaxt dehidratasiya, bağırsaq obstruksiyası, peritonit və ya diabetik ketoasidoz hallarında müşahidə edilir. Asidozu olan xəstələrdə yanaşı qanda şəkərin artması da DKA diaqnozuna dəlalət edir.
  • Qarın ağrısı ilə müayinə olunan uşaqlar əksəriyyətində sidiyin analizi də təyin edilməli və sidikdə qan, nitritlər, leykosit esteraza, qlyukoza, ketonlar və proteinin olub olmaması müəyyənləşdirilməlidir. Hematuriya adətən urolitiaz, Henox-Şönleyn purpurası (İgA vaskulit), hemolitik uremik sindrom və sidik yollarının infeksiyası ilə bağlı olur. Piyuriya adətən sidik yolları infeksiyasına dəlalət edir, lakin bəzi hallarda appendisiti olan xəstələrdə sidikdə az sayda leykositlər (10-20 leykosit/görmə sahəsində) də müəyyən edilə bilər. Düşünülür ki, appendisiti olan xəstələrin sidiyində leykositlərin olması sidik kisəsinin iltihab prosesi ilə qıcıqlanması ilə bağlıdır. DKA (diabetik ketoasidoz) olan uşaqların sidiyində qlyukozuriya və ketonuriya müşahidə edilə bilər. Nefrotik sindromla bakteriyal peritoniti olan uşaqlarda sidikdə proteinuriya aşkar edilir.
  • Menarxesi olmuş qız uşaqlarında abdominal ağrının müayinəsi zamanı sidikdə hamiləliyin yoxlanması da nəzərdən keçirilməlidir.
  • Boğazdan əkmə və sürətli streptokokk antigeni testi. Faringit və abdominal ağrısı olan uşaqlarda qrup A beta hemolitik Streptokokk infeksiyasının istisna edilməsi üçün boğazdan əkmə və/və ya sürətli streptokokk antigen testi təyin edilməlidir.

Görüntüləmə.
Kəskin abdominal ağrı və narahat edici kliniki əlamətləri olan (məs., travma, peritonun qıcıqlanması, obstruksiya əlamətləri, kütlə, gərginlik və ya lokal ağrılıq) uşaqların müayinəsində görüntüləmə əsas komponentlərdən biridir. Kəskin appendisitin tipik kliniki mənzərəsi olan uşaqlarda böyük ehtimalla diaqnoz elə kəskin appendisitdir. Kəskin appendisit ehtimalı yüksək olan uşaqların müayinəsi üçün görüntüləmənin təyin olunmasından öncə pediatrik cərrahın konsultasiyası tələb olunur.
  • Bəsit radioqrafiya.
    • Abdominal rentgen filmlərində obstruksiyanın (məs., hava-maye səviyyələri, bağırsaqların genişlənməsi) və ya perforasiyanın (məs., qarın boşluğunda sərbəst hava) əlamətləri müəyyən edilə bilər. Maye ilə dolu nazik bağırsaq ilmələri adətən qastroenteritdə müşahidə edilir. Qarının sağ aşağı hissəsində fekalitin müəyyən edilməsi kəskin appendisit diaqnozuna dəlalət edir. Qəbzlik səbəbindən kəskin qarın ağrısı olan uşaqlarda bəsit rentgen filmlərdə bağırsaqlarda xeyli nəcisin olduğu müəyyən oluna bilər. Rentgen filmdə bağırsaqların mənfəzində ən azı orta miqdarda nəcisin olmaması kəskin qarın ağrısının səbəbi kimi qəbzliyi istisna edir.
    • Orta bağırsağın Volvulusu diaqnozu nəzərdən keçirilən uşaqlarda yuxarı mədə-bağırsaq traktının bariumla müayinəsi ən faydalı diaqnostik müayinə metodudur. Bu metod duodenumun vizualizasiyasına imkan verir.
    • Obstruksiya və ya qarın daxili kütlə bəsit rentgen filmələrində görünə bilər. Lakin, invaginasiyanın diaqnostikası üçün USM ən yaxşı metod hesab edilir. Bununla yanaşı kontrastla imalə (hava və ya bariumla) də invaginasiyanın diaqnostikası və korreksiyası üçün tətbiq oluna bilər.
    • Döş qəfəsinin bəsit rentgen filmində lobar pnevmoniya və ya miokarditin əlamətləri (kardiomeqaliya) müəyyən edilə bilər.
  • Ultrasəs müayinəsi.
    • Öd kisəsi daşları və cinsiyyət-sidik sisteminin xəstəliklərinin (məs., yumurtalığın burulması, partlamış yumurtalıq kistası, xayanın burulması) diaqnostikasında US müayinəsinə üstünlük verilir.
    • İnvaginasiya da US müayinəsi ilə diaqnostika oluna bilər.
    • US müayinəsində volvulusa dəlalət edən əlamətlərə aşağıdakılar aiddir: superior mezenterik venanın qeyri-normal lokalizasiyası, volvulusa dəlalət edən "burulğan" əlaməti (damarların müsariqənin ayaqcığı ətrafında burulması nəticəsində baş verir)  və duodenumun genişlənməsi (Ladd zolaqları ilə duodenumun obstruksiyası). US müayinəsinin normal olması malrotasiyanı istisna etmir.
  • US ilə appendisitin diaqnostikası həm həkimin təcrübəsi, həm də xəstənin bədən kütlə indeksindən asılıdır. US müayinəsində appendiksin vizualizasiya olunması bu metodun həssaslığı və spesifikliyini artırmış olur.
  • FAST və ya qarının fokuslu US müayinəsi adətən travma zamanı tətbiq edilir. Bu metod vasitəsilə qarın daxilində sərbəst maye (adətən qan) müəyyən edilə bilər. Hipotenziyası olan travma almış xəstələrdə təcrübəli mütəxəssis tərəfindən aparılmış FAST US müayinəsinin neqativ olması massiv qarındaxili qanaxmanı istisna etmiş olur.
  • KT görüntüləməsi. Kontrastla aparılan KT görüntüləməsi kəskin qarın ağrısı olan uşaqların müayinəsində çox faydalıdır və geniş istifadə edilir. Xüsusilə də, kəskin qarın ağrısının differensial diaqnostikası geniş olduqda (appendisit, pankreatit, qarındaxili kütlə, intraabdominal abses) KT görüntüləməsinin aparılması daha məqsədə uyğundur. Appendisitin diaqnostikasında KT-nin həssaslığı >90%-dən yuxarı və spesifikliyi 85-90% olur. Böyüklərdə aparılmış araşdırmalar göstərib ki, appendisitin diaqnostikasında həm kontrastsız KT, həm də kontrastlı KT (oral, İV) istifadə edilə bilər. Lakin, KT-nin təyin edilməsindən öncə US müayinəsinin aparılması və cərrahın konsultasiyasının əldə edilməsinə daha çox üstünlük verilir. Bütün hallarda KT-nin təyin edilməsi zamanı kliniki faydalığı ilə ionizə olunmuş şüalanmanın təsiri balanslaşdırılmalıdır. Əksər mərkəzlərdə KT görüntüləməsinin ən azı İV kontrastla aparılması tövsiyə edilir.
  • Kəskin sancı tipli ağrı və/və ya hematuriyası olan və urolitiaza şübhə olan xəstələrin müayinəsində US və kontrastsız KT-yə üstünlük verilir. US çox vaxt ilkin diaqnostik metod kimi tətbiq edilir. Lakin, KT daha həssasdır və hətta kiçik ölçülü böyrək və ya ureteral daşları müəyyən edə bilir.

ANALGEZİYA.
Əksər mütəxəssislər tövsiyə edir ki, kəskin qarın ağrısı olan uşaqlarda ağrının tənzimlənməsi üçün effektiv analgeziya aparılmalıdır. Analgeziyanın dərəcəsi və bunun üçün istifadə edilən preparatlar uşaqda olan ağrının dərəcəsi və diskomfortun səviyyəsindən asılı olmalıdır. Düzdür burada qeyd edilməlidir ki, kəskin qarın ağrısı olan xəstələrdə analgeziyanın aparılması (ağrının azaldılması üçün farmakoterapiya) çox mübahisəli məsələdir. Ənənəvi yanaşmaya əsasən belə guman edilir ki, opiat analgetiklərin istifadəsi abdominal müayinənin nəticələrinə təsir göstərə və diaqnostik prosesi əngəlləyə bilər. Üç böyük həcmli kliniki tədqiqatlar göstərib ki, kəskin abdominal ağrısı olan uşaqlarda morfinlə analgeziyanın aparılması ağrının effektiv azaldılması ilə yanaşı fiziki müayinənin aparılmasına maneə törətmir və cərrahi xəstəlikləri olan xəstələrin müəyyən edilməsinə təsir göstərmir.

YANAŞMA ALQORİTMİ.
Kəskin abdominal ağrısı olan və təcili diaqnostikanın aparılmasını tələb edən uşaqların effektiv müayinəsində sistemli yanaşma tətbiq edilə bilər. Bu cür yanaşma uşağın yaşı, kliniki müayinədə narahatedici xüsusiyyətlərin olub olmamasını və seçilmiş diaqnostik müayinələrin nəticələrinə əsaslanmalıdır.

Travma.
Kəskin abdominal ağrısı olan uşaqların müayinəsində ilk addım travma almış uşaqların müəyyən edilməsidir. Uşaqlarda travma abdominal ağrının ən geniş yayılmış səbəblərindəndir və travma almış xəstənin müayinəsi spesifik yanaşma tələb edir. Ciddi travmalar (bərk orqan cırılması və ya boşluqlu orqanın perforasiyası) adətən avtomaşın qəzaları, avtomobillə piyadanın toqquşması və fiziki zorakılıq (o cümlədən, uşağa qarşı təcavüz) halları ilə bağlı olur.
Vəziyyəti aşağıdakı kimi olan uşaqların sürətli müayinəsi, kliniki durumun sürətli aqressiv tədbirlər vasitəsilə stabilləşdirilməsi tələb olunur:
  • daxil olarkən həyati göstəriciləri qeyri-stabil olan,
  • ciddi zədələnmə və ya çoxsaylı travmalar müəyyən edildikdə,
  • travmanın ciddi zədələnmələrə səbəb ola biləcək mexanizmi (nüfuz edən travma, ağır küt travma, >6 metr hündürdən yıxılma, qəza zamanı avtomaşından xaric olunma, toqquşma zamanı nəqliyyat vasitəsinin sürəti >45 km/saatdan çox olması).
Spesifik zədələnmələrin müəyyən edilməsi üçün adətən görüntüləmənin aparılması tələb olunur:
  • FAST və ya travmada abdominal US müayinəsi ilə qarın daxilində sərbəst maye (adətən qan) müəyyən edilə bilər. Bu daha çox böyüklərdə tətbiq olunur və uşaqlarda FAST-ın tətbiqinə dair təcrübə məhduddur.
  • Bərk orqanların travmaları adətən abdominal KT ilə müayinə olunur. Boşluqlu orqanların perforasiyası isə bəsit rentgen filmlərdə də müəyyən edilə bilər (sərbəst hava). Lakin, qeyd edilməlidir ki, rentgen filmlərin normal olması heç də perforasiyanı tam istisna etmir.

Obstruksiya və ya periton qıcıqlanmasının əlamətləri.
Təcili diaqnostika və müalicə tələb edən ciddi intraabdominal hallar (patologiya) adətən aşağıdakı kliniki simptom və əlamətlərlə müşaiyət olunur:
  • obstruksiya əlamətləri (məs., abdominal gərginlik və/və ya ödlü qusma),
  • əvvəllər keçirilmiş abdominal cərrahi müdaxilələr (qarındaxili bitişmələr obstruksiyaya səbəb ola bilər),
  • peritonun qıcıqlanması (məs., qarının bərkiməsi, qarının palpasiyası zamanı əlin çəkilməsində ağrının artması).
Kliniki müayinədə obstruksiya və ya peritonitə dəlalət edən simptomlar müəyyən edildikdə, növbəti addım ya müalicə (məs., appendisit hallarında laparotomiya), ya da səbəbin aşkar edilməsi üçün müvafiq diaqnostik tədbirlərin görülməsi təcili başlanmalıdır. Təyin edilmiş laborator testlər və/və ya diaqnostik müayinələrin nəticələrini gözləyərkən xəstə yardımçı müalicəvi və stabilləşdirici tədbirlər almalıdır - monitorinq, venadaxili infuzion terapiya, analgeziya və çox vaxtı həm də venadaxili antibiotiklər). Səbəbi dəqiq məlum olmayan obstruksiya və/və ya periton qıcıqlanması əlamətləri ilə daxil olan uşaqların hamısı xəstəxanaya hospitalizasiya olunmalı, ardıcıl abdominal müayinələrlə müşahidə altında saxlanmalıdır.
  • Obstruksiya. Bağırsaq obstruksiyası nəticəsində həyata təhlükə törədə bilən qarın ağrısı səbəblərinə aşağıdakılar aiddir: 
    • Volvulus və ya bağırsaq burulması (əsasən yenidoğulmuşlarda). Yuxarı mədə-bağırsaq traktının bariumla müayinəsi üstünlük verilən diaqnostik görüntüləmə metodudur. US müayinəsində malrotasiyaya (yəni bağırsağın ana bətnində olan zaman düzgün burulmaması) şübhəni artıran tapıntılar aşkar edilə bilər. Lakin, normal US müayinəsi heç də diaqnozu istisna etmir.
    • İnvaginasiya (adətən 2 aydan 2 yaş arası uşaqlarda). Qarının bəsit rentgen filmlərində patologiya adətən aşkar edilmir, lakin bir çox hallarda bağırsaq obstruksiyası əlamətləri, invaginasiya ilə bağlı kütlə effekti və ya yoğun bağırsaqda qazın olmaması ilə müşaiyət olunan bağırsaq ilmələrinin genəlməsi müşahidə edilə bilər. Diaqnoz adətən US müayinəsi ilə təsdiq oluna bilər. Kontrastla imalənin (hava və ya bariumla) həm diaqnostik, həm də terapevtik (müalicəvi) əhəmiyyəti var və invaginasiyanın korreksiyası üçün istifadə edilə bilər.
  • Periton qıcıqlanması. Qarın ağrısı ilə yanaşı periton qıcıqlanması olan uşaqlarda aşağıdakı hallar nəzərdən keçirilməlidir: 
    • Nekrozlaşan enterokolit vaxtında doğulmuş yenidoğulmuşlarda çox nadir hallarda müşahidə edilir. Vaxtından doğulmuş uşaqlarda nekrozlaşan enterokolit adətən müsariqənin zəif perfuziyasına səbəb olan digər xəstəliklər (məs., anadagəlmə ürək qüsurları) və ya ümumi hipoperfuziya (məs., davamlı ishal) ilə bağlı olur. Abdominal rentgen filmlərində ileus əlamətləri və ya spesifik tapıntılar (məs., pneumatosis intestinalis) müəyyən edilə bilər.
    • Appendisit daha çox 5 yaşdan yuxarı uşaqlarda müəyyən edilir, lakin həm də körpələr və daha kiçik yaşlı uşaqlarda da rast gəlir.
    • Nadir hallarda udulmuş yad cism mədə-bağırsaq sistemində tıxana və toxumaların zədələnməsinə və ya bağırsaq perforasiyasına səbəb ola bilər. Qeyd edilməlidir ki, yad cismlərin böyük əksəriyyəti (hətta iti ucları olan cismlər) qastro-ezofaqal birləşmədən keçdikdən sonra əksər hallarda problem törətmədən mədə-bağırsaq traktından keçə və nəcislə xaric olunur. Lakin, bəzi hallarda kiçik yad cismlər (məs., maqnitlər) volvulusa, sistemli toksikliyə də səbəb ola bilər.
    • İdiopatik nefrotik sindromu olan uşaqlarda xəstəliyin yaxşı kontrol edilməməsi və assitin olması onları spontan bakteriyal peritonitin inkişafına həssas edir.
    • Uşaqlar arasında xolesistit və pankreatit çox az hallarda qarın ağrısına səbəb olur. Xolesistiti olan uşaqların böyük qismi adətən >5 yaşdan yuxarı olur və onlarda xolesistitin inkişafına səbəb olan digər patoloji hallar (məs., hemoqlobinipatiyalar və ya sistik fibroz) müəyyən edilir. Uşaqlarda pankreatitin səbəbləri aşağıdakılardan ibarətdir: travma, infeksiya. struktur patologiyalar və bəzi dərmanlar (məs., tetrasiklin, valproat turşusu, steroidlər, L-asparaginaza).
    • Mekkel Divertikulu da kəskin qarına bəznər qarın ağrısına səbəb ola bilər. Lakin, Mekkel divertikulu adətən ağrısız rektal qanaxma ilə müşahidə edilir.
    • Peptik xoranın perforasiyası uşaqlarda qarın ağrısı və periton qıcıqlanmanın çox nadir səbəbidir.

Lokal fiziki əlamətlər.
Travmatik zədələnməsi olmayan və obstruksiya və ya aydın peritonit mənzərəsi olmayan xəstələrdə də ciddi intraabdominal patologiya (məs., invaginasiya və ya appendisit) ola bilər. Lakin, fiziki müayinənin nəticələri normal olan xəstələrdə ağır xəstəliyin olması ehtimalı aşağı olur. Həmin xəstələrdə abdominal ağrıya səbəb ola bilən digər halların, xüsusilə də, qarındankənar (ekstraabdominal) xəstəliklərin istisna edilməsi nəzərdən keçirilməlidir.

Ekstraabdominal tapıntılar. Abdominal ağrısı olan uşaqlarda əhatəli fiziki müayinə aparılmalı və sistem xəstəliklərin və qarına yaxın zonalarda mümkün xəstəliklərin əlamətlərinə diqqət yetirilməlidir. Xüsusi diqqət xəstənin həyati göstəricilərinə, dəriyə, udlağa, döş qəfəsinə, ürəyə və cinsəl (genital) zonaya yetirilməlidir.
  • Henox-Şönleyn purpura (İgA vaskulit) çox vaxt abdominal ağrıya səbəb olur. Xəstələrdə aşağı ətraflar və sağrılarda adətən ekximoz tipli səpgi müəyyən edilir. Xəstələrdə ağrı bəzən səpgidən əvvəl də yarana bilər. HŞP-nın ağırlaşması kimi invaginasiya da inkişaf edə bilər.
  • Streptokokk mənşəli farinqiti olan uşaqlarda da abdominal ağrı müşahidə edilir. Abdominal ağrı həmin uşaqlarda udlağın qıcıqlanması və eksudatla yanaşı ilə müşahidə edilir. Qeyd edilməlidir ki, abdominal ağrı həm də viruslu farinqit hallarında baş verə bilər.
  • Aşağı pay pnevmoniyası və ya plevral effuziya da diafraqmanın qıcıqlanmasına və abdominal ağrıya səbəb ola bilər. Bu qrup xəstələrdə adətən yüksək hərarət və döş qəfəsinin müayinəsində patoloji dəyişikliklər aşkar edilir (məs., taxipnoye, burun qənədlərinin genəlməsi, xırıltılar və/və perkussiyada kütləşmə).
  • Miokardit və perikardit də abdominal ağrı ilə müşaiyət oluna bilər. Bu patologiyalarda qarın ağrısı ürəyin dəqiqəlik həcminin azalması nəticəsində müsariqənin hipoperfuziyası səbəbindən və ya inkişaf etmiş ürək çatışmazlığı səbəbindən qaraciyərin böyüməsi (qaraciyərdə durğunluq) ilə bağlı ola bilər. Bu cür hallarda ağrı adətən qarının yuxarı sağ hissəsində müəyyən edilir və abdominal palpasiyada qaraciyər kənarının da ağrılı olduğu aşkarlanır.
  • Xayanın burulması və ya boğulmuş qasıq yırtıqları da abdominal ağrıya səbəb olur.

İntraabdominal Kütlə. Qarının ehtiyyatlı palpasiyasında aşağıdakı hallara dəlalət edən abdominal kütlə müəyyən oluna bilər:
  • Qarının sağ tərəfində kütlə invaginasiyadan xəbər verə bilər. Düzdür, invaginasiya diaqnozu qoyulmuş uşaqların çoxunda qarının palpasiyasında kütlə müəyyən edilmir.
  • Bədxassəli bərk törəmələr bəzi hallarda abdominal ağrıya səbəb ola bilər. Ağrı adətən həmin törəmələrin daxilində qanaxmanın baş verməsi hallarına təsadüf edir. Çox vaxt isə törəmələr ağrısız kütlə kimi müşahidə edilir. Vilms törəməsi və neyroplastoma əsasən körpələrdə, qaraciyər, dalaq və ya retroperitonal limfa düyünlərinin leykemik və ya limfomatoz prosesləri isə daha yuxarı yaşlı uşaqlarda müşahidə edilir. Abdominal ağrının digər səbəblərinə isə qaraciyər törəmələri, yumurtalıq törəmələri, yumşaq toxuma sarkomaları və damar malformasiyaları da aiddir.
  • İntraabdominal absesləri olan uşaqlarda adətən yüksək hərarət olur və həmin uşaqların anamnezində əvvəl keçirilmiş abdominal əməliyyat diqqəti çəkir.
  • Qəbzlik də palpasiyada kütlə kimi özünü göstərə bilər. Qəbzliyi olan uşaqların müayinəsində diqqəti çəkən əlamətlər aşağıdakılardır: əvvəllərdə qəbzlik hallarının olması, abdominal rentgen filmlərdə bağırsaqlarda çoxlu miqdarda nəcisin olması və digər patologiyalara dəlalət edən simptom və əlamətlərin olmaması.

Lokal ağrı hissi və ya hissiyatlılıq. Fiziki müayinədə daha çox hissiyatlı və ya ağrılı olan sahələr bütün mümkün hallarda aşkar edilməlidir. Belə ki, bir sıra hallarda ciddi intraabdominal patologiyanın yeganə təzahürü məhz bu cür lokal hissiyatlılıq ola bilər. Fiziki müayinədə lokal hissiyatlılıq abdominal ağrının aşağıdakı səbəblərinə işarə edə bilər:
  • Qarının sağ aşağı kvadratında lokal hissiyatlılıq appendisitdən xəbər verə bilər. Düzdür, appendisiti olan uşaqlarda xəstəliyin erkən dövründə lokal hissiyatlılıq olmaya da bilər.
  • Yumurtalığın burulmasında qarının aşağı hissələrində ağrı müşahidə edilə bilər. Sağ yumurtalığın patologiyasında lokal hissiyatlılıq sağ tərəfdə olduğundan onun appendisitdən fərqləndirilməsi çətinlik törədə bilər. Xəstələr adətən ürək bulanmasından da şikayət edir. Yumurtalıq burulması adətən yumurtalıq kistası olan xəstələrdə baş verir. Lakin, normal yumurtalıqda da burulma baş verə bilər.
  • Xolesistit və pankreatit qarının sağ yuxarı kvadratında və epiqastrik nayihədə və ya periumbilikal hissiyatlılığa səbəb ola bilər.
  • Urolitiaz cinahda güclü sancı tipli ağrıya səbəb ola bilər. Bu ağrı qarının aşağı hissəsinə də radiasiya edə bilər. Palpasiyada cinahda və aşağı qarında hissiyatlılıq müəyyən edilə bilər. Piyelonefrit cinahda ağrı ilə yanaşı hərarət və/və ya dizuriyaya səbəb ola bilər.

Sancı tipli ağrı. İnvaginasiya diaqnozu 2 ayla 2 yaş arasında olan və diffuz, sancı tipli güclü abdominal ağrısı olan uşaqlarda nəzərdən keçirilməlidir. İnvaginasiya həm də digər patologiyalarda da nəzərdən keçirilməlidir (məs., Henox-Şönleyn purpurası və Peutz-Jeghers sindromu).
Diaqnozu təsdiq etmək üçün diaqnostik görüntüləmə metodları kimi imalə və ultrasəs müayinəsi istifadə edilə bilər. İnvaginasiya ehtimalı çox yüksək olan xəstələrdə ilkin olaraq kontrastlı imalə (adətən hava ilə) təyin edilməlidir. Bu həm diaqnostik, həm də invaginasiya olarsa müalicəvi effektə malik ola bilər. Diaqnoza şübhə olduqda abdominal rentgen və US müayinəsi də aparıla bilər. Lakin, bu müayinələr diaqnozun dəqiqləşdirilməsi və müalicənin başlanmasını ləngitməməlidir.

Qeyri-spesifik simptomlar. Abdominal ağrı bir sıra digər xəstəliklərin qeyri-spesifik xüsusiyyəti ola bilər. Bunlara aşağıdakılar aiddir:
  • Diabetik ketoasidoz (Kussmaul tənəffüsü, meyvəli nəfəs, poliuriya, qlyukozuriya, ketonuriya).
  • Hemolitik-uremik sindrom (solğun dəri, petexiyalar, mikroangiopatik anemiya, trombositopeniya, böyrək çatışmazlığı).
  • Henox-Şönleyn purpurası (İgA vaskulit).
  • Pankreatit (amilaza və lipazanın səviyyəsinin artması).
  • Urolitiaz (hematuriya).
  • Dəmirlə intoksikasiya (nəcisdə gizli qan, abdominal rentgendə yad cism).
  • Hepatit (sarılıq, hiperbilirubinemiya).

Yeniyetmə qızlar. Abdominal ağrısı olan yeniyetmə qızların müayinə və müalicəsi cinsiyyət sisteminin inkişafı və funksiyası nəzərə almaqla aparılmalıdır. Sidikdə hamiləliyin yoxlanması bütün menarxesi olmuş qız uşaqların hamısında təyin edilməlidir (cinsəl münasibətlərin olub olmaması mütləq deyildir).
Cinsiyyət orqanlarının vizual inspeksiyası abdominal ağrı, intraabdominal kütlə və birincili amenorreyası olan qız uşaqlarında qızlıq pərdəsinin bütöv olmasını (ortasında dəliyin olmaması) müəyyən etməyə imkan verir. Siklik çanaq ağrısı və uşaqlıq yolunda toplanmış qan kütləsi səbəbindən perirektal zonada kütlənin palpasiyası ilə yanaşı birincili amenorreya adətən bütöv (dəliksiz) qızlıq pərdəsi ilə əlaqədar olur. Oxşar əlamətlər həm də cinsiyyət orqanlarının anadəngəlmə qüsurlarında da müəyyən edilə bilər (məs., vaginanın distal 1/3 hissəsinin inkişaf etməməsi və nəticədə çıxarıcı traktın olmaması). Hər iki patologiya cinsiyyət sisteminin fiziki müayinəsi ilə diaqnostika oluna bilər. Bütöv qızlıq pərdəsi cərrahi müdaxilə ilə korreksiya oluna bilər.
Əlavə olaraq qız uşaqlarında abdominal ağrının aşağıdakı səbəbləri də nəzərdən keçirilə bilər:
  • Menarxesi olmuş və cinsəl aktivliyi olan qız uşaqlarında abdominal ağrının digər səbəbi çanağın iltihab xəstəliyi və partlamış ektopik hamiləlik ola bilər. Çanağın US müayinəsi adətən həmin patologiyaları və həmçinin tuboovarian (tubal-yumurtalıq) absesləri müəyyən edə bilir.
  • Uşaqlıq daxili hamiləlik menarxesi (ilk menstruasiya) olmuş bütün qız uşaqlarında nəzərdən keçirilməlidir.
  • Menstruasiyalar zamanı təkrar baş verən abdominal ağrı dismenorreya səbəbindən baş verə bilər.


ƏLAVƏLƏR. 
Diaqnostik görüntüləmələrdən seçmələr.
Şəkil. Kəskin appendisit. İV kontrastla KT görüntüləməsi.

Şəkil. Xayanın burulması.

Şəkil. Yuxarı mədə-bağırsaq traktının bariumla görüntüləməsində daralmış duodenumun burğu (dişçikli) forma aldığı müəyyən edilir.

Şəkil. A.Müsariqənin normal birləşməsi. B. Duodenal zolaqlar səbəbindən yoğun bağırsağın malrotasiyası. C. Nazik bağırsağın malrotasiyası və volvulus.

Şəkil. Orta bağırsağın malrotasiyası və burulması (volvulusu). Yuxarı mədə-bağırsaq traktının bariy ilə görüntüləməsində duodenumun orta xətti keçməməsi, duodenal-yeyunal birləşmənin orta xətdən sağda yerləşməsi (L3 fəqərəsi səviyyəsində) və nazik bağırsağın burularaq qarının sağ tərəfində toparlanması və yoğun bağırsağın isə qarının sol tərəfinə yığılması müəyyən edilir.

Şəkil. KT-də kəskin nekrozlaşan pankreatit.