Metabolik sindrom (insulinə rezistentlik sindromu): diaqnostikasının əhəmiyyəti və profilaktika.

Ədəbiyyatın son icmalı: avqust 2016-cı il. | Məqalənin son yenilənməsi: mart 2015-ci il. | Məqalənin növbəti yenilənməsi: mart 2018-ci il.



GİRİŞ.

Piylənmə, xüsusilə də, abdominal piylənmə periferik toxumalarda qlyukoza və yağ turşularının istehlakına insulinin təsirinin azalmasına və ya rezistentliyin inkişafına səbəb olur. Bu isə tip 2 şəkərli diabetin yaranmasına gətirib çıxarır. İnsulinə rezistentlik, bununla yanaşı inkişaf edən hiperinsulinemiya və hiperqlikemiya və piy hüceyrələrinin (adipositlərin) sitokinləri və ya adipokinlər həmçinin damarların endotelial disfunksiyasına, lipid profilində pozğunluqlara, hipertoniya və damarların iltihabına səbəb olur. Bütün bu proseslər nəticədə aterosklerotik ürək-damar xəstəlikərinin inkişafına gətirib çıxarır. Maraqlıdır ki, ümumi bədən kütləsi çox olmayan, lakin abdominal piylənməsi olan şəxslərdə eyni patoloji proseslərin baş verməsi müşahidə edilir. 

Tip 2 şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişafına səbəb olan metabolik risklərin (abdominal piylənmə, hiperqlikemiya, dislipidemiya və hipertoniya) müəyyən edilməsi "metabolik sindromun' mövcudluğuna dəlalət edir. Bu sindrom həmçinin bəzən X-Sindrom və ya insulinə rezistentlik sindromu, "ölümcül kvartet" və ya piylənmə dislipidemiya sindromu da adlandırılır. Qeyd edilməlidir ki, metabolik sindroma dəlalət edən risklərlə yanaşı xəstələrdə irsi meyillik, fiziki aktivliyin azlığı və bədəndə piy toxumasının lokalizasiyası açıq diabet və ya ürək-damar xəstəliyinin inkişaf edib etməməsinə təsir göstərir. Metabolik sindrom xəstəlik deyil və onun XBT-10-da nozoloji kodu yoxdur. Lakin şübhə yoxdur ki, metabolik sindrom və ya onun komponentlərinin aşkar edilərək müalicəsi şəkərli diabet və ürək-damar xəstəlikləri ilə bağlı xəstələnmə və ölüm hallarının azaldılmasına ximdət edir. 

TƏRİFİ

Metabolik sindromun bir neçə tərifi olduğundan, fərqli meyarlara əsaslanan müxtəlif tədqiqatlardan əldə olunan nəticələrin müqayisəli təhlili çətinləşmiş olur. Dünyadan ən geniş yayılmış tərifi Milli Xolesterin Təhsili Proqramı çərçivəsində Böyüklərin Müalicəsi Paneli İİİ (NCEP ATP III) tərəfindən verily. 

NCEP ATP İİİ tərəfindən 2001-ci ildə dərc edilmiş təlimatlarda əsas diqqət ürək-damar xəstəliklərinə aid risk faktorlara yönəlmiş və qeyri-normal qlikemiya meyarlardan biri olmasına baxmayaraq, insulin və ya qlyukozanın metabolizmində pozğunluqların təsdiq edilməsi tələb olunmamışdır. Metabolik sindromun ATP III tərəfindən müəyyən edilmiş meyarları 2005-ci ildə Amerika Ürək Assosiasiyası/Milli Ürək, Ağciyər və Qan İnstitutu tərəfindən aşağıdakı tərzdə yenilənmişdir:

  • qanda acqarında qlyukozanın normal həddinin <100 mq/dL təyin olunması və bunun Amerika Diabet Assosiasiyasının meyarlarına uyğunlaşdırılması. 
  • hiperqlikemiya dedikdə həmçinin şəkərli diabetin nəzərə alınması. 
  • dislipidemiya və hipertoniya dedikdə həmçinin xəstə tərəfindən müvafiq olaraq lipidlərin səviyyəsinin və ya qan təzyiqinin kontrolu üçün farmakoterapiyanın nəzərə alınması.

Beləliklə,  ATP III üzrə hazırda metabolik sindrom aşağıdakı beş meyardan ən azı üçünün olması ilə müəyyən edilir: 

    Abdominal piylənmə: qarının dairəvi ölçüsünün kişilərdə >102 sm, qadınlarda isə >88 sm-dən böyük olması. 

    Plazmada triqliseridlərin səviyyəsinin >150 mq/dL-dən yüksək olması və ya hipertriqliseridemiyaya görə farmakoterapiyanın aparılması. 

    Plazmada yüksək sıxlıqlı lipoprotein xolesterinin (HDL-C) kişilərdə <40 mq/dL və qadınlarda <50 mq/dL-dən aşağı olması və ya yüksək sıxlıqlı lipoprotein xolesterinin aşağı olması ilə əlaqədar farmakoterapiyanın aparılması.

    Arteriyal qan təzyiqinin >130/85 mm c.s.-dan yüksək olması və ya antihipertenziv preparatın qəbulu. 

    Acqarına qanda şəkərin səviyyəsi >100 mq/dL və ya 5.6 mmol/L-dən yüksək olması və ya hiperqlikemiyaya görə dərman preparatının qəbulu. 

Qeyd edilməlidir ki, metabolik sindromla bağlı Beynəlxalq Diabet Federasiyasının (İDF) 2006-cı ildə verdiyi tərif də eynidir. Bununla yanaşı İDF-in verdiyi tərifdə hiperqlikemiyaya görə farmakoterapiya və acqarında qanda şəkərin >100 mq/dL-dən yüksək olması ilə yanaşı tip 2 şəkərli diabet də meyarlardan biri kimi çıxış edir. Əksər ekspertlər isə hesab edir ki, metabolik sindromun mahiyyəti xəstələrdə risk faktorlarının aşkar edilməsi və müvafiq profilaktik/müalicəvi tədbirlərin görülməsindən ibarətdir. Şəkərli diabet isə artıq ciddi bir xəstəlik olmaqla yanaşı tamamilə fərqli yanaşma tələb edir və müalicəsi müvafiq təlimat qaydaları və klinik protokollara əsasən aparılmalıdır. 

METABOLİK SİNDROMUN YAYILMASI DƏRƏCƏSİ.

ABŞ-da aparılmış tədqiqatda metabolik sindromun yayılması müəyyən edilmişdir. NCEP ATP III tədqiqatının verdiyi meyarlara əsasən 8814 şəxsin iştirakı ilə aparılmış araşdırma nəticəsində metabolik sindromun əhalinin 22%-də rast gəldiyi müəyyən edilmişdir. Əhali qruplarının yaşından asılı olaraq metabolik sindromun yayılması da dəyişir. Belə ki, yaşı 20-29 olanlar arasında metabolik sindrom 6.7%, yaşı 60-69 olanlarda - 43.5% və yaşı >70-dən yuxarı olanlarda isə 42% hallarda rast gəlinir. 

Türkiyədə NCEP meyarlarına əsasən aparılmış araşdırmadan müəyyən edilib ki, yaşı 40-60 arası olanlar arasında metabolik sindrom kişilərdə 27%, qadınlarda 39% hallarda rast gəlinir (2002-ci il). Finlyandiyada isə 42-60 yaşlı kişilər arasında metabolik sindrom 14% hallarda (2002-ci il) qeydə alınıb.

Bədən çəkisi.

Bədən çəkisinin artması metabolik sindromun inkişafına təsir edən mühüm risk faktordur. ABŞ-da aparılan tədqiqat göstərib ki, bədən çəkisi normal olan şəxslərin cəmi 5%-də metabolik sindromun olduğu müəyyən edilirsə, artıq bədən çəkisi olanlarda bu rəqəm 22%, piylənməsi olanlarda isə 60%-dir. Framinqam Ürək Tədqiqatından əldə edilmiş nəticələrin təhlili göstərib ki, 16 il ərzində bədən çəkisinin cəmi 2.25 kq artması metabolik sindromun inkişafı riskinin 21-45% artması ilə əlaqəlidir. Maraqlıdır ki, qarının dairəvi diametrinin normadan çox böyük olması əsasında növbəti 5 ildə metabolik sindromun inkişafı gözlənilən xəstələrin 46%-ni əvvəlcədən müəyyən etmək olar. 

Digər risk faktorları.

Yaş, irq və bədən çəkisi ilə yanaşı digər risk faktorları da metabolik sindromun inkişafı ilə bağlıdır. Bunlara menopauzadan sonrakı dövr, tütünçəkmə, aşağı sosial-iqtisadi vəziyyət, yüksək karbohidrat tərkibli pəhriz, spirtli içkilərdən ümumiyyətlə istifadə etməmə və fiziki aktivliyin olmaması aid edilir. Framinqam Ürək Tədqiqatından müəyyən edilib ki, şirinləşdirilmiş içəcəklər qəbulu metabolik sindromun inkişafı riskini artırır.

KLİNİK TƏCRÜBƏDƏ İSTİFADƏ.

Tip 2 şəkərli diabet və/və ya ürək-damar xəstəliyinin inkişafı baxımından metabolik sindrom mühüm risk faktoru hesab edilir. Buna görə də, metabolik sindromun təyin edilməsinin əsas mahiyyəti həyat tərzinin modifikasiyası tələb olunan, bədən çəkisinin azaldılması və fiziki aktivliyin artırılmasına böyük ehtiyacı olan şəxslərin aşkar edilməsindədir. 

Yüksək metabolik riski olan xəstələrin aşkarlanması.

Müayinəyə gəlmiş hər bir xəstənin metabolik riskləri həkim tərəfindən qiymətləndirilməlidir. Amerika Endokrinologiya Cəmiyyətinin verdiyi klinik təlimatlara görə bir və ya daha çox risk faktoru olan xəstələrin 3 ildən bir müayinə olunması tövsiyə edilib. Həmin müayinədə xəstələrin arteriyal təzyiqi, qarının dairəvi ölçüsü, acqarına qanda lipid profili və acqarına qanda qlyukozanın səviyyəsi təyin edilməlidir. 

Metabolik syndrome təyin edilən xəstələrdə tip 2 şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişafı riskinin azaldılması məqsədilə həyat tərzinin modifikasiyasına yönəlik müdaxilələrin (bədən çəkisinin azaldılması, fiziki aktivliyin təmin edilməsi) aparılması tələb olunur. 

Bununla yanaşı, arteriyal təzyiq və xolesterinin aşağı salınmasına yönəlik müdaxilələrdən bəhrələnə biləcək xəstələrin müəyyən edilməsi üçün Framinqam risk şkalası və ya SCORE şkalasından (Sistemli Koronar Riskin Qiymətləndirilməsi) istifadə etməklə 10 illik ürək-damar xəstəliklərinin inkişafı riskinin qiymətləndirilməsi faydalıdır. 

Digər əlaqəli pozğunluqlar.

Metabolik sindrom həmçinin digər piylənmə ilə bağlı olan pozğunluqlarla əlaqəlidir: 

    Qaraciyərin steatozlu piylənməsi, fibroz və sirroz. 

    Hepatosellulyr və qaraciyərdaxili xolangiokarsinoma. 

    Xronik böyrək xəstəliyi (qlomerulyar filtrasiya sürəti <60 ml/dəq/1.73 kv.m) və mikroalbuminuriya. Maraqlıdır ki, tədqiqatlara görə metabolik sindrom xronik böyrək çatışmazlığı və mikroalbuminuriya riskini əhəmiyyətli dərəcədə artırır. Digər perspektiv koqortlu tədqiqatdan müəyyən edilmişdir ki, metabolik sindromu olmayan xəstələrlə müqayisədə metabolik sindromu olan xəstələrin 10%-də sonradan xronik böyrək çatışmazlığı inkişaf etmişdir. 

    Yumurtalıqların polikistozu sindromu. 

    Obstruktiv yuzu apnoyesi və digər tənəffüs pozğunluğu ilə müşayiət olunan yuxu pozğunluğu.

    Hiperurikemiya və podaqra. 

Metabolik sindromun bəzi komponentləri, xüsusilə də, hiperlipidemiya, hipertoniya və diabet həmçinin əqli funksiyaların zəifləməsi və demensiyanın inkişafı riskinin artması ilə əlaqələndirilib. 

MÜALİCƏ TƏDBİRLƏRİ

2001-ci ildə ATP III tədqiqat qrupu tərəfindən metabolik sindromu olan xəstələrin müalicəsində 2 məqsəd müəyyən edilmişdir. Həmin məqsədlər sonradan Amerika Ürək Assosiasiyası və Milli Sağlamlıq İnstitutu və Endokrinologiya Cəmiyyətinin təlimatları ilə təsdiq edilmişdir:

    Bədən çəkisinin normallaşdırılması və fiziki aktivliyin artırılması ilə əsas səbəblərin aradan qaldırılması və ya müalicəsi (artıq çəki/piylənmə və fiziki passivlik). 

    Həyat tərzinin modifikasiyasına baxmayaraq, ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı risk faktorlarının müalicəsi. 

Həyat tərzinin dəyişdirilməsi

Bədən çəkisinin azaldılması və fiziki aktivliyin artırılmasına hədəflənən həyat tərzinin dəyişdirilməsi tədbirləri metabolik sindromun müalicəsinin əsasını təşkil edir. Metabolik sindromun komponentlərinin irəliləməsini (proqressivləşməsini) qabaqlamaq üçün bədən çəkisinin normallaşdırılması tədbirlərinin əhəmiyyəti CARDİA (The Coronary Artery Risk Development in Young Adults) tədqiqatında öz təsdiqini tapmışdır. Həmin tədqiqatdan müəyyən edilib ki, yaşı 18-30 olan gənc şəxslərin 15 il ərzində bədən çəkisinin artması metabolik sindromun komponentlərinin proqressiv inkişafı ilə əlaqəlidir. 

Tədqiqatlar göstərir ki, bədən çəkisinin optimallaşdırılması üçün pəhriz, fiziki aktivlik və bəzən farmakoloji terapiyanın (məs., orlistat) birgə tətbiqi tələb olunur və daha yaxşı nəticələr verir. 

Pəhriz. Metabolik sindromun müalicəsi üçün pəhrizlə bağlı bir sıra təkliflər verslib. Metabolik sindromu olan bir çox xəstənin artıq çəkisi var və bədən çəkisinin azaldılması insulinə həssaslığın yaxşılaşması ilə nəticələnir. Aşağıda verilmiş spesifik pəhrizlər ən çox tövsiyə olunanlardır:

    Aralıq dənizi pəhrizi faydalıdır. Aralıq dənizi pəhrizinin tərkibi: meyvə, tərəvəz, çərəzlər (fındıq, qoz), tam dəyərli taxıldan hazırlanmış qidalar və zeytun yağı. Bu pəhrizdə yağların tərkibi də azdır. Tədqiqatlar göstərib ki, Aralıq dənizi pəhrizindən istifadə edən şəxslərdə artıq bədən çəkisi daha çox azalır, arteriyal təzyiq aşağı salınır, lipid profil yaxşılaşır, insulinə rezistentlik yaxşılaşır və qanda iltihab və endotelial disfunksiyanın markerlərinin səviyyəsi aşağı düşür. 

    DASH və ya Dietary Approaches to Stop Hypertension adlı pəhriz növünün fərqi onun tərkibində duzun miqdarı 2.4 qramdır və Aralıq dənizi pəhrizindən fərqli olaraq süd məhsullarının həcmi daha çoxdur. DASH pəhrizindən istifadə nəticəsində triqliseridlərin səviyyəsi, diastolik qan təzyiqi və acqarına şəkərin səviyyəsi yaxşılaşmışdır. 

    Bitki lifləri ilə zəngin (>gündə 30 qramdan çox) pəhriz də artıq bədən çəkisinin azaldılmasına, habelə sistolik və diastolik arteriyal qan təzyiqlərinin yaxşılaşmasına xidmət edir. 

Fiziki aktivlik. Bədən çəkisinə təsiri ilə yanaşı fiziki aktivlik və ya idman həmçinin abdominal piyin azaldılmasına müsbət təsir göstərir. Hazırda qüvvədə olan fiziki aktivliklə bağlı təlimatlara görə böyüklərə müntəzəm orta intensivlikli fiziki aktivliyin təmin edilməsi tövsiyə olunur. Tövsiyə edilir ki, hər bir şəxs gündəlik 30 dəqiqəlik orta intensivlikli fiziki aktivliklə (məs., tez-tez və ya cəld yerimək) məşğul olsun. Fiziki aktivliyin intensivliyinin artırılması əlavə fayda gətirir.

Qeyd edilməlidir ki, liposaksiya və ya pay sovurma əməliyyatı ilə abdominal piy toxumasının xaric edilməsi insulinə həssaslığı və ya ürəyin tac damar xəstəliyi ilə bağlı risk faktorlarının aradan qalxmasına təsir etmir. Bu bir daha təsdiq edir ki, bədən çəkisinin azaldılması ilə bağlı metabolik faydanın əldə edilməsi üçün pəhriz və fiziki aktivlik sayəsində yaradılan neqativ enerji balansının əhəmiyyəti çoxdur. 

Tip 2 şəkərli diabetin profilaktikası.

Tədqiqatlardan məlumdur ki, həyat tərzinin modifikasiyası ilə tip 2 şəkərli diabetin inkişafı riskinin azaldılmasına nail olmaq olar. Həyat tərzinin modifikasiyası ilə ürək-damar xəstəliklərinin inkişafı riskinin də azaldılması mümkündür. ABŞ-da aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, həyat tərzinin dəyişdirilməsi (aşağı yağlı pəhriz və həftədə 150 dəqiqə fiziki aktivliklə bədən çəkisinin 7% azaldılması) və metforminlə (850 mq gündə 2 dəfə) müalicə metabolik sindromun və tip 2 şəkərli diabetin inkişafı riskini azaldır.

Mütəxəssislərin fikrincə şəkərli diabetə görə farmakoprofilaktika heç də hamıda aparılmamalıdır. Lakin, acqarına qanda şəkərin səviyyəsinin pozulması və qlyukozaya tolerantlığın pozulması qeydə alınmış xəstələrin metforminlə müalicəsi nəzərdən keçirilə bilər. Bununla yanaşı, diabet diaqnozu qoyulmuş bütün xəstələrdə metforminlə terapiyanın başlanması tövsiyə edilir (əksgöstəriş yoxdursa).

Ürək-damar xəstəlikləri ilə bağlı risk faktorlarının azaldılması

Bu məqsədlə hipertoniyanın müalicəsi, tütünçəkmənin dayandırılması, diabeti olan xəstələrdə qlikemik kontrolun təmin edilməsi və plazmada xolesterinin səviyyəsinin azaldılması tövsiyə olunur. 

Tip 2 şəkərli diabeti olan xəstələrdə ikincili profilaktika məqsədilə aşağı sıxlıqlı lipoprotein xolesterinin hədəfi <100 mq/dL (2.6 mmol/L) olmalıdır. Bəzi araşdırmalar nəticəsində bu hədəfin hətta <80 mq/dL (2.1 mmol/L) olması məsləhət görülüb. Həmin hədəflərə nail olmaq üçün statin qrupundan olan preparatların qəbulu da tövsiyə olunub. 

Antihipertenziv terapiya

Şəkərli diabeti olan xəstələrdə hipertoniyanın müalicəsi çox önəmlidir. Diabetli xəstələrdə hədəf arteriyal təzyiqin göstəriciləri adi əhalidən fərqli olaraq daha aşağıdır. Diabetli xəstələrdə hipertoniyanın müalicəsi zamanı diabetik nefropatiya və proteinuriyanın olub olmadığı da nəzərə alınmalıdır.   



BİBLİOQRAFİYA

  1. Reaven GM. Banting lecture 1988. Role of insulin resistance in human disease. Diabetes 1988; 37:1595.
  2. DeFronzo RA, Ferrannini E. Insulin resistance. A multifaceted syndrome responsible for NIDDM, obesity, hypertension, dyslipidemia, and atherosclerotic cardiovascular disease. Diabetes Care 1991; 14:173.
  3. Lindsay RS, Howard BV. Cardiovascular risk associated with the metabolic syndrome. Curr Diab Rep 2004; 4:63.
  4. Koh KK, Han SH, Quon MJ. Inflammatory markers and the metabolic syndrome: insights from therapeutic interventions. J Am Coll Cardiol 2005; 46:1978.
  5. Richelsen B, Pedersen SB. Associations between different anthropometric measurements of fatness and metabolic risk parameters in non-obese, healthy, middle-aged men. Int J Obes Relat Metab Disord 1995; 19:169.
  6. Ruderman N, Chisholm D, Pi-Sunyer X, Schneider S. The metabolically obese, normal-weight individual revisited. Diabetes 1998; 47:699
  7.  Conus F, Allison DB, Rabasa-Lhoret R, et al. Metabolic and behavioral characteristics of metabolically obese but normal-weight women. J Clin Endocrinol Metab 2004; 89:5013.
  8. St-Onge MP, Janssen I, Heymsfield SB. Metabolic syndrome in normal-weight Americans: new definition of the metabolically obese, normal-weight individual. Diabetes Care 2004; 27:2222.
  9. Ferrannini E, Haffner SM, Mitchell BD, Stern MP. Hyperinsulinaemia: the key feature of a cardiovascular and metabolic syndrome. Diabetologia 1991; 34:416.
  10. Haffner SM, Valdez RA, Hazuda HP, et al. Prospective analysis of the insulin-resistance syndrome (syndrome X). Diabetes 1992; 41:715.
  11. Eckel RH, Grundy SM, Zimmet PZ. The metabolic syndrome. Lancet 2005; 365:1415.
  12. Grundy SM, Brewer HB Jr, Cleeman JI, et al. Definition of metabolic syndrome: Report of the National Heart, Lung, and Blood Institute/American Heart Association conference on scientific issues related to definition. Circulation 2004; 109:433.
  13. Kahn R, Buse J, Ferrannini E, et al. The metabolic syndrome: time for a critical appraisal: joint statement from the American Diabetes Association and the European Association for the Study of Diabetes. Diabetes Care 2005; 28:2289.
  14. Ferrannini E. Metabolic syndrome: a solution in search of a problem. J Clin Endocrinol Metab 2007; 92:396.
  15. Eckel RH, Kahn R, Robertson RM, Rizza RA. Preventing cardiovascular disease and diabetes: a call to action from the American Diabetes Association and the American Heart Association. Circulation 2006; 113:2943.
  16. Grundy SM. Metabolic syndrome: a multiplex cardiovascular risk factor. J Clin Endocrinol Metab 2007; 92:399. 
  17. International Diabetes Federation. The IDF consensus worldwide definition of the metabolic syndrome, 2006. http://www.idf.org/webdata/docs/MetS_def_update2006.pdf (Accessed on September 30, 2011).