Böyüklərdə periferik limfadenopatiyanın müayinəsi

GİRİŞ.

Fiziki müayinədə və anamnez toplanan zaman aydın səbəb olmadan müəyyən edilən periferik limfadenopatiya diaqnostika baxımından çətinlik yaradır. Bir tərəfdən məlumdur ki, periferik limfadenopatiyanın çoxsaylı potensial səbəbləri var. Bu səbəblərin bir sırası çox ciddi olsa da müalicəsi mümkündür. Digər tərəfdən qeyd edilməlidir ki, periferik limfadenopatiyanın daha ciddi səbəbləri az hallarda müşahidə edilir və dəqiq diaqnozu təyin etmək üçün ən yaxşı yanaşma limfa düyününün biopsiyası olur. Limfa düyünün biopsiyası isə invaziv prosedurdur və heç də bütün hallarda tələb olunmur.

Şəkil. Boyun limfadenopatiyası, lokallaşmış və irinləşmiş.

 

ANATOMİYA VƏ TƏRİFLƏR.

Aşağıdakı şəkillərdə periferik limfa düyünlərinin lokalizasiyası göstərilmişdir. Normada limfa düyünlərinin ölçüsü <1 sm-dən kiçik olur və insa yaşlaşdıqca ölçüsü daha da azalır. Çox zaman sağlam insanlarda qasıq zonasında olan limfa düyünləri palpasiya olunur. Habelə baş və boyun infeksiyalarından sonra  boyunda (xüsusilə də, submanibular) olan limfa düyünləri də palpasiya olunur.

 

 

Lokallaşmış limfadenopatiyanın yayılmış limfadenopatiyadan fərqləndirilməsi differensial diaqnostikanın aparılmasına yardımçı olur. Kliniki praktikada yalnız bir zonada (məs., boyun və ya qoltuqaltı) müəyyən edilən limfadenopatiya lokallaşmış adlanır və əksinə bir neçə zonanı əhatə edən limfadenopatiya yayılmış adlanır. 

Limfadenopatiyanın çoxsaylı səbəbləri vardır.

 

LOKALLAŞMIŞ LİMFADENOPATİYA.

Boyun (servikal) limfadenopatiya. Boyunun ön limfa düyünləri (anterior cervical) baş və boyunun müxtəlif infeksiyalarında və ya Epşteyin-Barr virusu səbəbindən inkişaf edən infeksion mononukleoz xəstəliyində, sitomeqalovirus və ya toksoplazma infeksiyalarında böyümüş olur. Boyunun arxa limfaadenopatiyası (posterior cervical) isə EBV infeksiyası, vərəm, limfoma, Kikuçi xəstəliyi və ya boyun və başın bədxassəli proseslərində (məs., limfomalar və ya metastazlaşmış yastı hüceyrə karsinoması) müşahidə edilir.

Bir neçə gün ərzində inkişaf edən və flyuktuasiya edən kütləyə çevrilən boyunun iltihablaşmış limfa düyünləri (xüsusilə də, uşaqlarda) adətən stafillokokk və streptokokk infeksiyalarında baş verir. Bu cür hallarda müalicə irinləşmiş limfa düyünlərinin (abses) cərrahi kəsiklə drenajından və yanaşı aparılan antibiotik terapiyasından ibarət olur.

Boyun nayihəsində bir neçə həftə və ya aylar ərzində inkişaf edən və az iltihablaşmış və ya az ağrılı olan çoxsaylı böyümüş limfa düyünləri Mycobacterium tuberculosis və ya atipik mikobakteriyalarla infeksiya səbəbindən ola bilər. Vərəmli adenit adətən regional olur və əsasən boyun və baş limfa düyünlərini əhatə edir. Bartonella henselae səbəbindən törənən pişik tırmığı xəstəliyi də oxşar simptomlarla müşahidə edilir.

Xüsusilə də, yaşlı və siqaret çəkən xəstələrdə müşahidə edilən bərk boyun limfa düyünləri baş və ya boyunun metastatik xərçənginə (məs., orofarinks, nazofarinks, qırtlaq, tiroid vəzi, ezofaqus) dəlalət edə bilər. Bu xəstələr otorinolarinqoloqa yönləndirilməli və orofarinksin fibrooptik müayinəsi və ya üçlü endoskopiya (oro/nazofarinks-qırtlaq, ezofaqoskopiya və bronxoskopiya) olunmalıdır.

Supraklavikulyar (körpücük sümüyü üstü) limfadenopatiya. Supraklavikulyar limfadenopatiya çox zaman bədxassəli törəmələrdə müəyyən edilir. Xüsusilə də, 40 yaşından yuxarı olan xəstələrdə supraklavikulyar limfadenopatiya 34-50% hallarda bədxassəli şişlə əlaqəli olur. Sağ tərəfli supraklavikulyar adenopatiya mediastinal (divararası), ağciyər və gida borusu xərçəngi hallarında baş verir. Sol tərəfli supraklavikulyar adenopatiya (Virxov düyünü) isə abdominal bədxassəli törəmələrdə (məs., mədə, öd kisəsi, pankreas, böyrəklər, xayalar, yumurtalıqlar və ya prostatın xərçəngi) müəyyən edilir.

Şəkil. Körpücük sümüyü üstü (supraklavikulyar) limfadenopatiya, lokallaşmış.

 

Qoltuqaltı limfadenopatiya. Qoltuqaltı limfa düyünləri limfanı qolda, döş qəfəsi divarından və süd vəzilərindən alır. Müxtəlif infeksiyalar, o cümlədən, pişik tımığı xəstəliyi də, qoltuqaltı limfadenopatiyaya səbəb ola bilər. Yuxarı ətraflarda patoloji ocaq olmadıqda isə xərçəng xəstəliyi ehtimalı artmış olur. Araşdırmaların birindən müəyyən edilmişdir ki, qoltuqaltı limfadenopatiyası olan 31 xəstənin 9-da eynitərəfli süd vəzi xərçəngi və 9-da isə kontralateral süd vəzindən metastazlar olmuşdur.

Şəkil. Qoltuqaltının limfadenopatiyası, lokallaşmış (pişik tırmığı xəstəliyinin təzahürü).

 

Epitroxlear limfadenopatiya. Epitroxlear limfa düyünləri qolun bazu hissəsinin medial hissəsində yerləşir və normada palpasiya olunmur. Palpasiya oluna bilən epitroxlear limfa düyünləri isə həmişə patoloji proseslə əlaqədardır. Differensial diaqnostika isə saidin və ya əlin infeksiyaları, limfoma, sarkoidoz, tulyaremiya və ikincili sifilislə aparılır.

Qasıq (inqvinal) limfadenopatiyası. Qasıq limfadenopatiyası adətən aşağı ətrafların infeksiyası, cinsi yolla yoluxan xəstəliklər və ya xərçəng xəstəliyi ilə bağlı olur. İnqvinal bədxassəli limfadenopatiyası olan 2232 xəstənin müayinəsindən müəyyən edilmişdir ki, bədxassəli törəmənin birincili ocağı əsasən aşağı ətraflar, uşaqlıq boyunu, vulva, rektum və anus, yumurtalıqlar və penisdə olur.

YAYILMIŞ LİMFADENOPATİYA.

Yayılmış limfadenopatiya bir sıra sistem xəstəliklərinin təzahürü ola bilər. Həmin sistem xəstəliklərinin çoxunu kliniki xüsusiyyətlərinə görə müəyyən etmək çətinlik törətmir. Aşağıda tez-tez rast gəlinən və/və ya xüsusi əhəmiyyət kəsb edən sistemli xəstəliklər qeyd edilib.

İİV (HİV) infeksiyası. Limfadenopatiya İİV infeksiyasında tez-tez rast gəlinir. Ağrılı olmayan adenopatiya əsasən qoltuqaltı, boyun və oksipital limfa düyünlərində inkişaf edir  və xəstələrin əksəriyyətində kəskin simptomatik  İİV infeksiyasının ikinci həftəsində müəyyən edilir. Həmin dövrdə İİV-ə qarşı spesifik immun cavab da formalaşmış olur. İİV infeksiyasının kəskin dövrü başa çatdıqda isə limfa düyünlərinin ölçüsü də kiçilir, lakin mülayim dərəcəli adenopatiya uzun müddət davam edir.

Şəkil. HİV-ə yoluxmuş uşaqda boyun limfadenopatiyası, yayılmış.

 

Vərəm infeksiyası. Limfadenopatiya (xüsusilə də, boyun limfadenopatiyası və ya skrofula) vərəm infeksiyasının yeganə təzahürü ola bilər. Böyüklərdə vərəm səbəbindən inkişaf edən limfadenopatiya adətən M.tuberculosis infeksiyası nəticəsində baş verir. Daha az hallarda və əsasən uşaqlarda isə limfadenopatiya M.avium complex və M.scrofulaceum mikobakteriyaları səbəbindən inkişaf edə bilər. Mikobakteriyalar səbəbindən inkişaf edən limfadenopatiya çox zaman ağrısız olur, həftələr-aylar ərzində böyüyür və kəskin sistemli simptomlarla müşahidə edilmir. Bəzi hallarda böyümüş limfa düyünlərinin absesləşməsi (flyuktuasiyası) və ya fiksə olunması da müşahidə edilir.

Miliar vərəm də yayılmış limfadenopatiyaya səbəb ola bilər.

İnfeksion mononukleoz. Klassik infeksion mononukleoz xəstəliyində yüksək hərarət, faringit və limfadenopatiyadan ibarət üçlük müşahidə edilir. Əsasən arxa boyun limfa düyünlərinin adenopatiyası müəyyən edilir. Arxa boyun limfa düyünləri m.sternocleidomastoideus əzələsinin arxasında və m.trapezius əzələsinin önündə yerləşir. Ön boyun limfa düyünləri isə m.sternocleidomastoideus əzələsinin səthində və ya altında yerləşir.

İnfeksion mononukleozda həm də qoltuqaltı və qasıq zonalarının limfadenopatiyası müşahidə edilə bilər. İnfeksion mononukleozda müəyyən edilən patoloji limfa düyünləri çox zaman böyrək formasında və böyümüş olur. Limfadenopatiya adətən xəstəliyin ilk həftəsində pik nöqtəsinə çatır və növbəti 2-3 həftə ərzində tədricən azalır.

Heterofil-neqativ mononukleozun infeksion səbəblərinə sitomeqalovirus, HHV6 (insanın herpes virusu 6), HİV virusu, adneovirus, HSV (herpes simplex virus), S. pyogenes və Toksoplazma gondii infeksiyaları daxildir.

Sistemli lupus eritematozus (Qırmızı qurd eşənəyi). Qırmızı qurd eşənəyi və ya sistemli lupus eritematoz xəstəliyi olanların 50%-də limfa düyünlərinin böyüməsi müşahidə edilir. Bu xəstəlikdə böyümüş limfa düyünləri adətən yumşaq, ağrısız və ölçüləri 0.5 sm-dən bir neçə sm-dək olur və əsasən boyun, qoltuqaltı və qasıq zonasında müəyyən olunur. Limfadenopatiya çox zaman xəstəliyin başlanğıcına və ya xəstəliyin pisləşməsi dövrlərinə təsadüf edir. Limfa düyünlərinin böyüməsi həm də qırmızı qurd eşənəyi xəstəliyi olan pasiyentlərdə infeksiyanın və ya limfoproliferativ xəstələyin inkişafı hallarında müşahidə edilir. İnfeksion proses səbəbindən baş verən limfadenopatiyalarda limfa düyünləri çox vaxt ağrılı olur.

Dərmanlar. Bir sıra dərmanlar limfadenopatiya, artralgiya, səpgi və yayılmış limfadenopatiya ilə xarakterizə olunan zərdab xəstəliyinə səbəb olur. Fenitoin preparatı isə zərdab xəstəliyi olmadan belə yayılmış limfadenopatiyaya səbəb ola bilər.

Digər nadir səbəblər. Limfadenopatiya bir sıra digər nadir sistemli xəstəliklərin simptomudur. Xəstədə müşahidə edilən simptomlar müvafiq xəstəliyin diaqnozunu qoymağa imkan versə də, bəzi hallarda diaqnozun təsdiqlənməsi üçün biopsiyanın aparılması tələb oluna bilər.

  • Kastelman xəstəliyi. Angiofollikulyar limfa düyünlərin hiperplaziyası (Kastelman xəstəliyi) massiv limfadenopatiya və sistemli simptomlarla (məs., hərarət, hepatomeqaliya, splenomeqaliya, poliklonal hiperqammaqlobulinemiya və nadir hallarda amiloidoz) müşahidə edilən nadir limfoproliferativ xəstəlikdir. Lokallaşmış xəstəliyin müalicəsi düyünlərin lokal eksiziyası və ya xaric edilməsidir. Xəstəliyin yayılmış forması isə kimya terapiyası ilə müalicə aparılmadıqda ölümlə nəticələnir.
  • Kiluki xəstəliyi. Kiluki xəstəliyi naməlum səbəblərdən gənc yaşlı qadınlarda inkişaf edən nadir, xoşxassəli xəstəlikdir və boyun limfa düyünlərinin adenopatiyası və hərarətlər xarakterizə olunur. Patoloji düyünlərin histoloji müayinəsində limfomaya bənzər dəyişikliklər müəyyən edilə bilər.
  • Kavasaki xəstəliyi. Kavasaki xəstəliyi nadir xəstəlik olsa da, uşaqlarda ən çox rast gəlinən vaskulitdir. Bu sindrom əsasən hərarət, servikal limfadenopatiya və bir sıra digər simptomlarla (konyuktivit, mukozit, səpgi və ürəyin tac damarlarının anevrizmaları) təzahür edir.
  • Angioimmunoblastik T-hüceyrə limfoması. Bu sistemli xəstəlik yayılmış limfadenopatiya, hərarət, hepatosplenomeqaliya, hemolitik anemiya və poliklonal hiperqammaqlobulinemiya ilə xarakterizə olunur. Bu xəstəlik əksər hallarda çox aqressiv gedişata malikdir.
  • Amiloidoz. Amiloid limfa düyünlərində yer alır və nadir hallarda limfadenopatiyaya səbəb olur.

 

DİAQNOSTİK YANAŞMA.
Limfadenopatiyanın səbəbi adətən anamnez və fiziki müayinədən sonra aydın olur. Çətin hallarda laborator testlərin aparılması və limfa düyünün biopsiyası tələb oluna bilər. Yunanıstanda aparılmış tədqiqatlardan məlum olmuşdur ki, limfadenopatiya ilə müraciət etmiş 14 yaşdan yuxarı olan xəstələrin təxminən 60%-də limfadenopatiya qeyri-spesifik səbəblərdən olmuş, 5-8%-də isə toksoplazmoz, limfoma, metastatik karsinoma, vərəm və infeksion mononukleoz müəyyən edilmişdir. Hindistanda aparılan araşdırmadan məlum olmuşdur ki, limfadenopatiya səbəbindən limfa düyünün biopsiyası üçün yönləndirilmiş 1727 xəstənin 31%-də qeyri-spesifik limfadenit, 31% vərəmli adenit və 26%-də isə bədxassəli törəmə aşkar edilib.
Ümumiyyətlə, limfadenopatiyası olan xəstələrin və onların həkimlərinin əksəriyyəti bədxassəli törəmədən narahatçılıq ifadə edir. Limfa düyünlərinin biopsiyası üçün ixtisaslaşmış mərkəzlərə yönəldilmiş xəstələr (anamnez və fiziki müayinə, habelə laborator testlərin nəticələrinə görə bədxassəli törəmə ehtimalı yüksək olan xəstələr) arasında bədxassəli törəmə 60% hallarda müəyyən edilir. Lakin, ailə həkimləri tərəfindən limfadenopatiya səbəbindən müayinə edilmiş xəstələr arasında isə bədxassəli törəmələr yalnız 1.1% (retrospektiv araşdırma) hallarda müşahidə edilir. Nəzərdən saxlamaq lazımdır ki, xəstənin yaşı artıqca bədxassəli törəmə ehtimalı da artır.

Anamnez. Limfadenopatiyası olan xəstələrdən anamnezin toplanmasında aşağıdakı məqamlara diqqət yetirmək tələb olunur:
  • İnfeksiya və ya bədxassəli törəmənin olmasına işarə edən lokal əlamətlər və ya simptomlar.
  • İnfeksiya ehtimalını artıran hallar:  
    • pişik cırmaqlaması - pişik tırmığı xəstəliyi,
    • tam bişməmiş ət - toksoplazmoz,
    • gənə dişləməsi - Laym xəstəliyi,
    • endemik infeksiya riski yüksək olan ərazilərə səfər,
    • yüksək riskli davranış tərzi - cinsi yolla yoluxan xəstəliklər, narkotik maddələrdən sui istifadə.
  • Konstitusional simptomlar, xüsusilə də, hərarət, gecə tərləmələr və ya çəki itkisi vərəm xəstələyi, limfoma və ya digər bədxassəli törəmə ehtimalını artırır. Hərarətlə müşahidə edilən limfadenopatiyalar əksər hallarda infeksiya ilə əlaqədardır.
  • Limfadenopatiyaya səbəb ola bilən dərman preparatlarının qəbulu.

Fiziki müayinə. Sistem xəstəliyi istisna etmək üçün dolğul fiziki müayinə aparılmalıdır. Xəstədə splenomeqaliyanın müəyyən edilməsi limfoma, xroniki limfositik leykemiya, kəskin leykemiya və ya infeksion mononukleoz ehtimalını artırmış olur. Aşağıdakı xüsusiyyətlərə diqqət yetirməklə bütün limfa düyünləri qruplarının müayinəsi aparılmalıdır:
  • Lokalizasiya. Lokallaşmış limfadenopatiya əsasən lokal səbəblərdən irəli gəlir və ilk növbədə limfa düyünün limfanı qəbul etdiyi zonalarda patoloji ocaqların axtarışını tələb edir. Lakin, lokallaşmış limfadenopatiya, məsələn, taun, tulyaremiya və aqressiv limfomalar kimi sistem xəstəliklərdə də müşahidə edilə bilər. Yayılmış limfadenopatiya adətən sistem xəstəliyin təzahürüdür.
  • Ölçüsü. Normadan kənar olan limfa düyünləri adətən >1 sm-dən böyük olur. Ölçüsü 1 sm-dən kiçik olan limfa düyünlərində xərçəng ehtimalı çox aşağıdır.
  • Sıxlığı. Bərk olan düyünlər çox vaxt fibroza səbəb olan xərçəng xəstəliklərində müşahidə edilir. Sərt, rezin kimi düyünlər əsasən limfomalar və xroniki leykemiyalarda müəyən edilir. Kəskin leykemiyalarda isə limfa düyünləri daha yumşaq olur.
  • Fiksə olunma. Normada limfa düyünləri dərialtı toxuma qatında sərbəst hərəkətliyə malik olur. Qyeir-normal düyünlər isə ltihab prosesi və ya invaziya edən xərçəng səbəbindən çox vaxt alt toxumalara (məs, dərin fassiya) fiksə olunmuş olur.
  • Ağrılıq. Limfa düyünün ağrılığı onun sürətlə böyüməsindən və kapsulada olan ağrı reseptorlarının qıcıqlandırılmasından xəbər verir. Adətən ağrılı limfadenopatiya iltihab prosesləri ilə əlaqədardır. Ağrılı limfa düyünləri həm də limfa düyünü daxilinə qan sızma (hemorragiya), immunoloji stimulyasiya və bədxassəli proses səbəbindən ola bilir.

DİAQNOSTİK TESTLƏR.

Laborator müayinələr. Anamnez və fiziki müayinə əsasında nəzərdən keçirilən diaqnozun təsdiq edilməsi üçün laborator testlərin təyin edilməsi tələb oluna bilər. Xəstənin ilkin müayinəsindən sonra limfadenopatiyanın səbəbi naməlum qaldıqda, tələb olunan laborator müayinələrin həcmi adenopatiyanın lokallaşmış və ya yayılmış olmasında asılı olur.
Yayılmış limfadenopatiyası olan xəstələrdə qanın ümumi analizi və döş qəfəsinin rentgen filmi əldə edilməlidir. Əgər hər ikisi normada olarsa, həmin xəstələrdə PPD (Mantu sınağı), HİV-ə qarşı anticismlərin təyini, RPR (sifilisə qarşı anticismlərin) testi, ANA (anti-nuklear anticismləri) və anti-heterofil anticismlərinin təyini testi (infeksion mononukleoz) aparılmalıdır. Bunlardan sonra da diaqnoz qeyri-müəyyən olarsa, patoloji limfa düyünün biopsiyası nəzərdən keçirilməlidir.

Limfa düyünün biopsiyası. Qeyri-normal limfa düyünlərinin bir başa müayinəsi üçün bir neçə seçim vardır.
  • Açıq biopsiya. Açıq biopsiya ən optimal və ən yaxşı diaqnostik test hesab edilir, çünki bütöv çıxarılan (yəni toxuması zədələnməyən) limfa düyünün histoloji müayinəsi patoloji hüceyrələr (karsinoma, mikroorqanizmlər) və düyünün arxitekturasının pozulması (limfomalara xasdır) barədə daha dolğun və dürüst məlumat əldə etməyə imkan verir. Limfa düyünün biopsiyası ambulator prosedurdur və lokal anesteziya altında aparılır. Limfa düyünün biopsiyası üçün xəstənin hospitalizasiyası tələb olunmur. Biopsiya üçün ən çox qeyri-normal olan limfa düyünü seçilməlidir. Yayılmış limfadenopatiyalarda hansısa konkret bir limfa düyünün seçilməsi çətin olduqda, bu zaman üstünlük (enən ardıcıllıqla) körpücük sümüyü üstü, boyun, qoltuqaltı və qasıq limfa düyünlərinə verilir. Qasıq və qoltuqaltlı limfa düyünlərinin biopsiyasından sonra ağırlaşmalar daha çox olur və həmin zonada yerləşən neyrovaskulyar strukturların zədələnməsi, yaranın infeksiyalaşması halları da çox olur. Boyunda isə daha çox həyati vacib strukturların olmasına baxmayaraq, onların əməliyyat zamanı identifikasiyası daha asandır. Patoloji-histoloji müayinəyə göndərilən limfa düyünlərinin immunhistokimyəvi, genetik və molekulyar genetik metodlarla histoloji müayinəsi tələb oluna bilər.
 
 
Şəkil. Boyun limfadenopatiyasında limfa düyünün açıq biopsiyası.
  • İncə iynə aspirasiyası. Xərçəng xəstəliyinin residivinə şübhə olduqda incə iynə aspirasiyası daha faydalıdır. İncə iynə aspirasiyalarında səhv-pozitiv nəticələr çox nadir hadisədir, lakin səhv-neqativ halların sayı daha çoxdur və əsasən metodun özünün texniki məhdudiyyətləri ilə əlaqədardır. Digər bir məhdudiyyət isə ondan ibarətdir ki, incə iynə aspirasiyası ilə əldə olunmuş materialda limfa düyünün toxuma arxitekturasını (məs., limfomaların istisna edilməsi üçün vacibdir) qiymətləndirmək olmur. Lakin, açıq biopsiyanın aparılması mümkün olmayan yerlərdə incə iynə aspirasiyası diaqnostikaya yardım etmiş olur. HİV infeksiyası olan xəstələrin müayinəsində də incə iynə aspirasiyasının rolu vardır. Belə ki, araşdırmaların birində HİV olan xəstələrdə limfa düyünlərinin incə iynə aspirasiyasında 21% hallarda Hodjkin limfoması, 20% hallarda mikobakteriyal infeksiya ocağı, 0.2% hallarda Kapoşi sarkomas və 3% hallarda xərçəng müəyyən edilmişdir.
  • İynə ilə özək biopsiyası. İncə iynə biopsiyasından fərqli olaraq özək biopsiyası (Eng. core needle biopsy) üçün daha geniş diametrli iynə istifadə edilir. Özək biopsiyası üçün iri diametrli iynə limfa düyünün (və ya digər törəmənin) daxilinə yeridilir və iynənin mənfəzinə keçmiş toxuma nümunəsi silindr formasında çıxarılır. Bu prosedur ambulator qaydada yerinə yetirilə bilər. Daha yaxşı nəticələr üçün iynə limfa düyünün bir neçə müxtəlif yerlərinə daxil edilir və bir neçə toxuma nümunəsi (özəklər) əldə olunur. Özək biopsiyasının mühüm əlverişliyi histoloji müayinə üçün daha çox materialın əldə olunması, toxumanın arxitekturasının müayinəsinə imkan verməsi və açıq biopsiyaya (daha böyük, travmatik və ağrılı prosedurdur) alternativ kimi çıxış etməsidir. Son zamanlar açıq biopsiya əvəzində incə iynə aspirasiyası ilə özək biopsiyasının kombinasiyası geniş istifadə edilir.
 

Absesləşmiş limfa düyünlərinin cərrahi drenajı. Müayinədə və ya görüntüləmədə abses (fluktuasiya edən kütlə) olduqda isə ağrının aradan qaldırılması və infeksiyanın müalicəsi üçün absesləşmiş düyünün cərrahi drenajı aparıla bilər. Bu məqsədlə isə limfa düyünü üzərində fluktuasiya nöqtəsində cərrahi kəsik aparılır və irin evakuasiya edilir.
 
Şəkil. Boyun limfadenopatiyasında limfa düyünün absesləşməsi.

Görüntüləmə. Radioloji müayinələrin vasitəsilə limfa düyünlərinin ölçüsü və lokalizasiyası daha dəqiq müəyyən edilə bilər. Lakin, radioloji müayinə çox az hallarda əlavə məlumat verə bilir. KT, USM, Doppler texnologiyası və ya MRT böyümüş limfa düyünlərini digər oxşar strukturlardan fərqləndirmək, patoloji prosesləri təyin etmək və məsələn, kistoz dəyişikliklərin olub olmadığını müəyyən etməkdə yardımçı ola bilər. Görüntüləmə diaqnostikaya kömək edə bilər, lakin düyünün biopsiyasını əvəz edə bilməz.
 
Şəkil. KT görüntüləməsində iki tərəfli qoltuqaltı limfadenopatiya.

Xəstənin müəyyən müddətdən sonra təkrar müayinəsi. Anamnez və fiziki müayinədə bədxassəli prosesə şübhə yaradan əlamətlər və ya tapıntılar olmadıqda, lokallaşmış limfadenopatiyası olan xəstələr bəzən 3-4 həftə ərzində müşahidə edilə bilər. Bu cür yanaşma kifayət qədər təhlükəsizdir və lazımsız biopsiyaların aparılmasının qarşısını almış olur. Həmin müddət ərzində adenopatiya adətən ya aradan qalxmış olur, ya da onun səbəbi daha da özünü biruzə vermiş olur. Hətta Hodjkin limfomas, baş və boyun xərçəngi və ya vərəm ehtimalı yüksək olan xəstələrdə belə 3-4 həftə ərzində müşahidə təhlükəsizdir. 3-4 həftə ərzində limfadenopatiyası aradan qalxmamış xəstələrdə limfa düyünün biopsiyası dərhal aparılmalıdır. Həmçinin, bədxassəli prosesə işarə edən əlamətləri olan xəstələrdə (məs., hərarət, gecə tərləməsi, çəki itkisi) də biopsiya dərhal aparılmalıdır. Səbəbi məlum olmayan limfadenopatiyaların antibiotiklərlə müalicəsi az faydalıdır.