Ədəbiyyat siyahısının son yenilənmə tarixi: yanvar 2016-cı il. Məqalənin son yenilənmə tarixi: noyabr 2015-ci il.
Məqalənin növbəti yenilənmə tarixi: sentyabr 2017-ci il.
Müəllif-tərtibatçı: Seyidov N., MD, PhD.
GİRİŞ.
Ənənəvi tibbi müalicə metodlarının artan uğuru və perkutan koronar müdaxilələrin fasiləsiz inkişafına baxmayaraq, ürəyin işemik xəstəliyi və stenokardiyası olan xəstələrin mühüm bir qisminin effektiv və uğurlu müalicəsi mümkün olmur.
Həmin xəstələrin bir çoxu aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verdikdə, perkutan koronar müdaxilə və ya aorto-koronar şuntlama əməliyyatına yaxşı namizəd hesab edilmir:
- əlverişsiz koronar damar anatomiyası, o cümlədən, diffuz koronar damar xəstəliyi,
- anamnezdə əvvəllər aparılmış bir və ya bir neçə perkutan koronar damar müdaxilələri və ya aorto-koronar şuntlama əməliyyatları olduğundan növbəti revaskulyarizasiya əməliyyatına cəhdlərin faydası məhdud və ya heç olmaya bilər,
- aort-koronar şuntlama (AKŞ) əməliyyatının keçirilməsi üçün damar ötürücüsünün (vena, arteriya) olmaması,
- əvvəllər AKŞ əməliyyatı və ya perkutan koronar müdaxilə (PKM) almış xəstələrdə sol mədəciyin funksiyasının ağır dərəcəli pozğunluğu/disfunksiyası,
- perioperativ və ya postoperativ xəstələnməni və ya ölüm riskini artıran yanaşı xəstəliklərin olması (məs., beyin damar xəstəliyi, diabetin ağırlaşmaları, xronik böyrək xəstəliyi),
- xəstənin yaşı (yaş adətən digər faktorlarla yanaşı nəzərə alınır).
Bundan əlavə, PKM və ya AKŞ keçirən xəstələrin əhəmiyyətli bir hissəsində tam revaskulyarizasiya əldə olunmur. Həmin xəstələrin bir çoxunda maksimal tibbi terapiyaya baxmayaraq sonradan qalıq stenokardiya simptomları və ya miokard işemiyası simptomları davam edir.
Yeni tibbi konservativ və mexaniki terapiyalar davamlı stenokardiyası olan xəstələrin müalicəsi üçün hazırda araşdırılır.
KONSERVATİV (TİBBİ) TERAPİYALAR.
Davamlı (refrakter) stenokardiyası olan xəstələrin müalicəsi üçün bir sıra yeni terapiyaların effektivliyi hazırda qiymətləndirilir. ABŞ-da istifadəsinə icazə verilmiş yeganə yeni farmakoloji preparat ranolazindir.
Ranolazin.
Ranolazinin xronik sabit stenokardiyanın müalicəsində istifadəsinə ABŞ-ın Dərman və Qida Agentliyi tərəfindən 2006-cı ildə icazə verilib. İlkin olaraq təsirinin yağ turşularının oksidasiyasının inhibisiyası ilə bağlı olduğu düşünülsə də, sonradan müəyyən edilmişdir ki, qəbul edilən dozalarda ranolazinin yağ turşularına təsiri çox azdır. Hazırda inanılır ki, ranolazinin ən mühüm təsir mexanizmi gec daxilə yönəlmiş sodium kanallarının inhibisiyası səbəbindən kalsiumla artıq yüklənmənin və nəticədə diastolik gərginliyin artmasının qarşısının alınması ilə bağlıdır. İşemiya və hipertrofiya da daxil olmaqla, miokardın müxtəlif xəstəliklərində sodium kanallarının inaktivasiyası çox vaxt baş vermir. Nəticədə, sodium ionlarının artıq miqdarda hüceyrəyə daxil olması sodium/kalsium mübadiləsi kanallarının aktivləşməsi baş verir və bu kalsiumun konsentrasiyasının artmasına gətirib çıxarır. Normal miositlərdə normada gec daxilə yönəlmiş sodium kanallarının sürətli inaktivasiyası baş verdiyinə görə, adi dozalarda ranolazin normal miositlərə çox az təsir göstərir. Bu isə dərmanın terapevtik pəncərəsini artırmış olur.
Ranolazinin ilkin olaraq gündə iki dəfə olmaqla 500 mq dozada qəbul edilir. Bu dozada simptomatik olan xəstələrdə daha yüksək doza - gündə iki dəfə olmaqla 1.000 mq ranolazin təyin edilə bilər.
Kəskin koronar sindrom. Ranolazinin kəskin koronar sindromda istifadəsinin faydası tədqiqatlarda təsdiqini tapmayıb.
Sabit stenokardiya. Xronik sabit stenokardiyası olan xəstələrdə ranolazinin faydası bir neçə randomizasiya olunmuş tədqiqatlarda sübuta yetirilib. Aşağıdakı tədqiqatlarda ranolazinin faydası xüsusilə müəyyən olunub:
- MARİSA tədqiqatında 191 xəstə ranolazin ilə monoterapiya almışdır. Müəyyən edilmişdir ki, ranolazin qəbul edən xəstələrdə ağrısız fiziki aktivlik müddəti və ilk stenokardiya epizodunadək olan müddət daha uzun olmuşdur. Ranolazinin 1.000 mq gündə iki dəfə verilən dozası bu cəhətdən daha effektiv olmuşdur.
- CARİSA tədqiqatında stenokardiyaya qarşı artıq müvafiq terapiya alan (atenolol və ya kalsium kanallarının blokatoru) 823 xəstə təsadüfü olaraq üç qrupa: plasebo, gündə 2 dəfə 750 mq ranolazin və ya gündə 2 dəfə 1.000 mq ranolazin alan qruplara bölünmüşdür. Təxminən 12 həftə aparılan terapiyadan sonra ranolazin (hər iki ranolazin qrupu) alan xəstələrdə simptomsuz fiziki aktivlik müddəti, ilk stenokardiya epizodunadək olan müddət və ST seqmentin depressiyasının qeyd edildiyi anadək müddət həmiyyətli dərəcədə artmışdır. Plasebo ilə müqayisədə ranolazin qəbul eədn xəstələrdə stenokardiya epizodlarının sayı həftədə 1 epizod azalmışdır.
- Oxşar nəticələr ERİCA və TERİSA tədqiqatlarında da alınmışdır.
PKM-dən sonra yarımçıq (natamam) revaskulyarizasiya. Xronik sabit stenokardiyası olan xəstələrin bir çoxunda PKM-dən sonra tam revaskulyarizasiya əldə etməmiş olur. RİVER-PCİ tədqiqatında həmin xəstələrin ranolazinlə müalicəsinin faydalı olub olmadığı öyrənilmişdir. Həmin tədqiqatda plasebo və ya ranolazinlə müalicə alan qruplar arasında əhəmiyyətli fərq müəyyən edilməmişdir.
Qeyri-sabit stenokardiya. MERLİN-TİMİ-36 tədqiqatında əvvəllər xronik stenokardiyası olan və hazırda kəskin koronar sindromu olan xəstələrin müalicəsində ranolazinin təsiri tədqiq edilmişdir. Müəyyənləşdirimişdir ki, ranolazinlə terapiya miokard infarktı, ürək-damar hadisəsi nəticəsində ölüm və təkrar işemiya hallarının azaldılmasına səbəb olmuşdur. Ranolazin qəbul edən xəstələrdə ağrısız fiziki aktivlik müddətinin də artması qeydə alınmışdır.
Qlikometabolik effekt. MERLİN-TİMİ-36 tədqiqatından həmçinin müəyyən olunmuşdur ki, ranolazinlə terapiya HbA1c-nin səviyyəsini azaldır və bu müsbət təsir şəkərli diabeti olan xəstələrdə daha qabarıq özünü biruzə vermişdir. Bu cür təsirin mexanizmi hələ bəlli deyildir.
Yan təsirlər. Dozasından asılı olaraq ranolazin QT-intervalının uzanmasına səbəb olur. ABŞ-ın Dərman və Qida Agentliyi tövsiyə edir ki, ranolazin digər stenokardiya əleyhinə preparatlar uğursuz olduqda istifadə edilsin. Anamnezdə uzanmış QT-intervalı və ya qaraciyər xəstəliyi olan və həmçinin QT-intervalının uzanmasına səbəb olan və ya CYP3A4-ü inhibisiya edən bilən dərmanlar (məs., diltiazem və verapamil) qəbul edən xəstələrdə ranolazinin istifadəsi əksgöstərişdir. Ranolazin həm də diqoksin və simvastatinin metabolizmini ləngidir və ranolazinlə yanaşı qəbul edildikdə, həmin dərmanların dozalarının azaldılması tələb olunur.
Anti-aritmik təsiri. MERLİN-TİMİ-36 tədqiqatında ranolazinin anti-aritmik effekti aşkar edilsə də, onun anti-aritmik preparat kimi istifadəsi bir-başa öyrənilməmişdir.
Ümumiləşdirmə. Anamnezində xronik sabit stenokardiyası olan, o cümlədən, kəskin koronar sindromdan sonra sabit olan xəstələrin aldığı stenokardiyaya qarşı standart terapiyaya əlavə edildikdə, ranolazin stenokardiya ilə bağlı simptomların azaldılması və fiziki aktivlik imkanının yaxşılaşdırılmasında effektivdir. Ranolazin həm də effektiv anti-aritmik təsirə malik ola bilər, lakin bu aspekt əlavə tədqiqatların aparılmasını tələb edir.
Amerika Ürək Assosiasiyası, Amerika Kardiologiya Cəmiyyətinin Fondu və Amerika Torakal Cərrahiyyə Assosiasiyası və digər aparıcı elmi cəmiyyətlərin "Ürəyin sabit işemik xəstəliyinin diaqnostika və müalicəsinə dair" 2012-ci ildə verdiyi klinik təlimatlarda aşağıdakı tövsiyə verilib:
- Beta blokatorlarla aparılan ilkin müalicə effektiv olmadıqda və ya beta blokatorlara əksgöstəriş olduqda və ya bu preparatların istifadəsi dözülməz yan təsirlərə səbəb olduqda, stenokardiya ilə bağlı simptomların aradan qaldırılması üçün ranolazin beta-blokatorlara alternativ kimi istifadə edilə bilər.
- Beta blokatorlarla ilkin monoterapiya uğursuz olduqda, stenokardiya simptomlarının aradan qaldırılması üçün ranolazin beta-blokatorlarla kombinasiyada istifadə edilə bilər.
Yağ turşularının oksidasiyasının inhibisiyası.
Yağ turşularının oksidasiyasının inhibisiyası stenokardiyanın müalicəsində fərqli yanaşmadır. Yağ turşularının oksidasiyasından qlyukozanın oksidasiyasına keçid ürəyin metabolik effektivliyini artırır. Buna təsir edən 3 məlum dərman preparatı vardır: ranolazin, trimetadizin və perheksilin. Lakin düşünülür ki, yağ turşularının oksidasiyasının inhibisiyası heç də ranolazinin əsas təsir mexanizmi deyil.
Ürək həm qlyukoza, həm də yağ turşularını enerji mənbəyi kimi istifadə etsə də, stress vaxtlarında ürək daha çox yağ turşularından istifadə edir. Yağ turşularının istifadəsi isə az effektlidir. Yağ turşularının oksidasiyasının inhibisiyası ürəyi daha çox qlyukozadan enerji mənbəyi kimi istifadə etməyə məcbur edir. Bu isə oksigen tələbatı baxımından daha effektlidir.
Adları çəkilmiş dərmanların potensial faydası onunla bağlıdır ki, nitratlarla müqayisədə onların hətta sildenafil və ya erektik disfunksiyaya görə digər fosfodiesteraza tip 5 inhibitorlarını qəbul edən xəstələrdə istifadəsi əsasən təhlükəsizdir.
Trimetazidin. Trimetazidinin effektivliyi TRİMPOL İİ tədqiqatında öyrənilmişdir. Sabit, gərginlik stenokardiyası olan və metoprololla müalicə alan 426 xəstə təsadüfü olaraq plasebo və ya gündə 3 dəfə olmaqla 20 mq dozada trimetazidin alan qruplara bölünmüşdür. 12 həftə ərzində aparılan terapiya nəticəsində trimetazidin alan xəstələrdə fiziki aktivlik müddətinin, stenokardiya epizodunun baş verməsinə qədərki müddətin və həftə ərzində baş verən stenokardiya epizodlarının orta sayının əhəmiyyətli dərəcədə azalması qeydə alınmış, fiziki yük imkanı xeyli yaxşılaşmışdır. Oxşar nəticələr Koxran məlumat bazasının meta-analizi tərəfindən də alınmışdır.
Perheksilin. Perheksilinin stenokardiyaya qarşı (antianginal) təsiri xeyli əvvəl aparılmış tədqiqatlarda da müəyyən edilmişdir. Lakin hepatotoksiklik və periferik neyropatiya kimi yan təsirlərə səbəb olması, perheksilinin geniş istifadəyə buraxılmasını əngəlləmişdir. Hazırda bu preparat bəzi ölkələrdə, o cümlədən, Avstraliya və Avropada, refrakter stenokardiyası olan və ya revaskulyarizasiyadan imtina edən xəstələrdə istifadə edilir.
Nikorandil. Nikorandil potassium kanallarının aktivatorudur və bir çox ölkələrdə stenokardiyanın müalicəsində istifadə edilir. Koronar damar xəstəliyində bu preparatın istifadəsinin bir sıra faydalı nəticələri vardır. Nikorandil arteriyal və venoz dilyatasiyaya səbəb olur və potassium kanallarının açılması və nitratların təsirinə bənzər effekt əsasında koronar damarlardan qan axınını yaxşılaşdırır. Nikorandil gündə 2 dəfə olmaqlq 20 mq dozada istifadə edilir. Ürəyin işemik xəstəliyinə görə standart terapiya alan (antitrombositar, beta-blokator, kalsium kanallarının blokatoru, statin və AÇF inhibitoru) xəstələrdə nikorandilin istifadəsi ölüm və ölümlə nəticələnməyən miokard infarktı hallarının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib (İONA tədqiqatı). Nikorandil hazırda Avropa və digər ölkələrdə istifadə edilir.
Allopurinol.
Allopurinol ksantin oksidaza inhibitorudur və podaqra epizodlarının təkrarlanmasının qarşısını almaq üçün istifadə edilir. Ürək çatışmazlığı olan xəstələrdə allopurinol miokardın oksigenə olan tələbatını azaldır. Koronar damar xəstəliyi olan xəstələrin aldıqları standart terapiyaya əlavə kimi allopurinolun (gündə 1 dəfə 600 mq dozada) antianginal preparat kimi istifadəsi 65 xəstənin iştirakı ilə aparılmış randomizasiya olunmuş tədqiqatda öyrənilmişdir. Plasebo ilə müqayisədə allopurinolun qəbulu ST-seqmentinin depressiyasınadək olan müddətin əhəmiyyətli dərəcədə uzanmasına və fiziki aktivlik müddətinin artmasına səbəb olmuşdur. Hazırda bu istiqamətdə tədqiqatların davam etdirilməsi tələb olunur. Digər bir araşdırmada allopurinolun təsir mexanizmi öyrənilmiş və bunun endoteliumdan asılı vazodilyatasiya və oksidativ stressin aradan qaldırılması ilə bağlı olduğu müəyyən edilmişdir.
Endotelin reseptorlarının blokatorları.
Endotelin-1 damarların endotelisi tərəfindən istehsal olunur və iki reseptor (ET-A və ET-B) vasitəsilə damarların tonusunu tənzimləyir. Endogen endotelin koronar damar xəstəliyi olan xəstələrdə epikardial koronar damarların vazokonstriksiyasına səbəb olur. Bu isə endotelin antaqonistlərinin, o cümlədən, bosentanın, stenokardiyanın müalicəsində potensial rola malik olduğuna işarə edir.
Lakin indiyədək heç bir klinik tədqiqatda endotelin reseptorlarının blokatorlarının antianginal effekti öyrənilməmişdir. Bundan əlavə, ET-A reseptorlarının selektiv blokatorlarının yan təsiri ola bilər.
İvabradin.
SİGNİFY adlı tədqiqatın nəticələrinə əsaslanaraq əksər mütəxəssislər ivabradinin yalnız klinik ürək çatışmazlığı olan sabit stenokardiyalı xəstələrdə istifadəsini tövsiyə edir.
İvabradinin istifadəsinin faydası onunla bağlıdır ki, ürəyin sabit işemik xəstəliyi olan pasiyentlərdə ürək vurğularının sayının yüksək olması ürək-damar hadisələri riskini artırmış olur. İvabradin spesifik sinus düyünü peysmeyker cərəyanını inhibisiya edir və nəticədə ürək vurğularının sayını azaldır. Dərmanın qəbulu fiziki aktivlik qabiliyyətini artırır və stenokardiyanın başvermə tezliyini və ağırlıq dərəcəsini azaldır. SİGNİFY tədqiqatında sabit koronar damar xəstəliyi ilə yanaşı klinik ürək çatışmazlığı olmayan və ürək vurğularının sayı >70-dən çox olan 19.102 xəstə iştirak etmiş və plasebo və ivabradin qruplarına bölünmüşdür. Bütün xəstələrə yanaşı olaraq aspirin, statin, AÇFİ və beta blokator da almışdı. Xəstələrin 63%-i stenokardiyanın Kanada Ürək-damar Cəmiyyətinin İİ və daha yuxarı sinfinə aid edilmişdir. Tədqiqatdan aşağıdakılar bəlli olmuşdur:
- Plasebo qrupundan fərqli olaraq, ivabradin qrupunda olan xəstələrdə ürək vurğularının sayının dəqiqədə 10 vurğu az olduğu müəyyən edilmişdir.
- İvabradin qrupunda olan xəstələr arasında Kanada Ürək-damar Cəmiyyətinin stenokardiya sinfi daha çox hallarda yaxşılaşmışdır.
- Ürək-damar xəstəliyi səbəbindən ölüm və ya ölümlə nəticələnməyən miokard infarktının başvermə hallarında plasebo və ivabradin qrupları arasında fərq müəyyən edilməmişdir.
Fasudil.
Damarların saya əzələlərinin yığılmasında iştirak edən Rho-kinazanın inhibitoru olan fasudil sabit və mikrovaskulyar stenokardiyası (məs., normal koronar damar arteriyalarına malik xəstələrdə stenokardiya) olan xəstələrdə faydalıdır. Lakin fasudilin istifadəsi stenokardiya epizodunadək vaxta, stenokardiyanın başvermə tezliyinə və stenokardiyanın funksional sinfinin dəyişməsinə təsir göstərməmişdir.
Testosteron.
Testosteronun endotelial funksiyanı yaxşılaşdırdığına dair və effektiv antianginal preparat olması ilə bağlı müəyyən sübutlar vardır. Tədqiqatların birində sabit stenokardiyası olan 46 xəstə təsadüfü olaraq plasebo və ya gündəlik dozası 5 mq olan transdermal testosteronla müalicə alan iki qrupa bölünmüş və 12 həftə müşahidə edilmişdir. Xəstələr əlavə olaraq digər antianginal preparatlar da almışdır. Testosteron qəbul edən xəstələrdə fiziki gərginlik zamanı (tredmildə yerimə) ST seqmentin 1 mm depressiyasınadək olan vaxt əhəmiyyətli dərəcədə uzanmışdır. Testosteronun potensial yan təsirlərini nəzərə alaraq, onun antianginal preparat kimi effektivliyinin öyrənilməsinə dair klinik tədqiqatların aparılması tələb olunur.
Kok hüceyrə terapiyası.
Miokardın infarktından sonra və ya işemik kardiomiopatiyası olan xəstələrin müalicəsində hematopoetik və ya sümük iliyinin mezenximal kök hüceyrələrinin transplantasiyasının effektivliyi öyrənilmişdir. Miokard daxilinə sümük iliyi hüceyrələrinin inyeksiyasının faydası tədqiqatlarda araşdırılmış və miokardın perfuziyasının əhəmiyyətli dərəcədə yaxşılaşması müəyyən edilmişdir. Həmin xəstələrdə Kanada Ürək-damar Cəmiyyətinin təsnifatı üzrə stenokardiya sinfi də yaxşılaşmışdır. Bu metodun effektivliyi ilə yanaşı təhlükəsizliyinin müəyyən edilməsi üçün əlavə tədqiqatların aparılması tələb olunur. Miokard daxilinə (intramiokardial) kök hüceyrələri inyeksiyasının təsir mexanizmi dəqiq məlum deyildir.
Yüksək dozalı statin terapiyası.
Seçilmiş xəstələrdə yüksək dozalı statin terapiyası ölüm və kəskin koronar sindrom hallarını azalda bilər. Bununla yanaşı ürəyin sabit işemik xəstəliyindən əziyyət çəkən xəstələrdə yüksək dozalı statin terapiyası stenokardiya epizodlarının azalmasına səbəb olur. AVERT və DUAAL adlı iki müxtəlif tədqiqatlarda standart angianginal terapiya ilə yanaşı yüksək dozada statin terapiyası alan xəstələrlə və heç bir statin preparatı almayan xəstələr müqayisə edilmişdir. Bu tədqiqatların nəticəsində statin preparatlarının antianginal təsiri sübut olunmuşdur.
AVERT tədqiqatında angioplastika keçirmiş, lakin statin preparatı ilə müalicə almamış xəstələrlə müqayisədə gündə 80 mq atorvastatin alan xəstələrdə stenokardiyanın pisləşməsi səbəbindən hospitalizasiya hallarının sayı azalmışdır. DUAAL tədqiqatında ürəyin sabit işemik xəstəliyi olan və aspirin və digər antianginal terapiya alan 311 xəstə təsadüfü olaraq aşağıdakı üç müalicə qruplarına bölünmüşdür: amlodipin 10 mq/gündə alan; atorvastatin 80 mq/gündə alan xəstələr və amlodipin 10 mq/gündə üstəgəl atorvastatin 80 mq/gündə alan xəstələr. Hər üç qrupda işemik epizodların sayı əhəmiyyətli dərəcədə azalmışdır.
MEXANİKİ TERAPİYA.
Refrakter stenokardiyanın müalicəsi üçün dörd mexaniki terapiya metodunun effektivliyi öyrənilmişdir. Bu metodlara - xarici kontrpulsasiya, onurğa beyinin stimulyasiyası, transmiokardial lazer revaskulyarizasiyası və koronar sinusun kiçildilməsi cihazı - aiddir.
Xarici kontrapulsasiya. Xarici kontrapulsasiya diastola zamanı arteriyal qan təzyiqi və retroqrad aortal qan axınını artıran metoddur. Xüsusi manjetlər xəstənin ayaqlarına taxılır. Erkən diastola zamanı qanın geriyə ürəyə doğru axınını təmin etmək üçün ayaqlara sıxılmış havadan istifadə etməklə ardıcıl təzyiq (300 mm c.s.) tətbiq edilir (təzyiq ayaqların aşağı hissəsindən budun yuxarı hissəsinədək tədricən artır).
Xarici kontrapulsasiyanın tətbiqi aşağıdakı nəticələr vermişdir:
- Aktiv xarici kontrapulsasiya (XKP) xəstələr tərəfindən normal qəbul edilmişdir və yan təsirləri olmamışdır.
- XKP tətbiq olunmuş xəstələrdə fiziki aktivliyin müddəti artmışdır. Lakin qeyd etmək lazımdır ki, inaktiv XKP ilə müalicə alan xəstələrdə də fiziki aktivliyin müddəti eyni dərəcədə artmışdır.
- Aktiv XKP ilə müalicə alan xəstələrdə ST seqmentin >1mm-dən çox artmasınadək olan müddət əhəmiyyətli dərəcədə uzanmışdır.
- Aktiv XKP alan xəstələrdə stenokardiya epizodlarının sayı azalmışdır.
Amerika Kardiologiya Cəmiyyəti, Amerika Ürək Assosiasiyası, Amerika Torakal Cərrahiyyət Assosiasiyası və digər tibb cəmiyyətlərinin birgə verdiyi tövsiyələrdə refrakter stenokardiyanın müalicəsində XKP-nin istifadəsinin mümkünlüyü yer almışdır. Hazırda XKP klinik praktikada çox az hallarda istifadə edilir.
Onurğa beyin stimulyasiyası. T1-T2 səviyyələrində onurğa beyinin stimulyasiyası refrakter stenokardiyanın müalicəsində fərqli bir yanaşmadır. Onurğa beyinin stimulyasiyası simpatetik aktivliyin azaldılması və ya qeyri-işemik sahələrdən miokardial qan axınının işemik sahələrə yönəldilməsi vasitəsilə stenokardiya simptomlarının yaxşılaşmasına kömək edir.
Bu metod ümumən təhlükəsizdir, xəstələrdə Nyu-York Ürək Assosiasiyasının funksional sinfini yaxşılaşdırır, xəstəxanaya hospitalizasiya hallarının sayını azaldır və həyat keyfiyyətini yaxşılaşdırır. Beta-blokatorlardan fərqli olaraq, onurğa beyin stimulyasiyasının dayandırılması simpatomimetik əkstəsirə səbəb olmur.
Amerika Kardiologiya Cəmiyyəti və Amerika Ürək Assosiasiyası tərəfindən sabit xronik stenokardiyanın müalicəsinə dair 2002-ci ildə verdiyi tövsiyələrdə onurğa beyin stimulyasiyasının tətbiqi tövsiyə edilməmişdir. Hazırda da onurğa beyin stimulyasiyasının yalnız klinik tədqiqatlar çərçivəsində və xüsusilə seçilmiş xəstələrdə tətbiqi nəzərdən keçirilə bilər.
Koronar sinusun kiçildilməsi cihazı. Koronar sinusun kiçildilməsi cihazının tətbiqi refrakter stenokardiyası olan xəstələrdə klinik nəticələrin yaxşılaşması ilə nəticələnir. Bu metodun tətbiqi üçün çoxsaylı tədqiqatların aparılması tələb olunur.
BİBLİOQRAFİYA.
- Mannheimer C, Camici P, Chester MR, et al. The problem of chronic refractory angina; report from the ESC Joint Study Group on the Treatment of Refractory Angina. Eur Heart J 2002; 23:355.
- Kim MC, Kini A, Sharma SK. Refractory angina pectoris: mechanism and therapeutic options. J Am Coll Cardiol 2002; 39:923.
- Yang EH, Barsness GW, Gersh BJ, et al. Current and future treatment strategies for refractory angina. Mayo Clin Proc 2004; 79:1284.
- Chaitman BR. Ranolazine for the treatment of chronic angina and potential use in other cardiovascular conditions. Circulation 2006; 113:2462.
- Beyder A, Strege PR, Reyes S, et al. Ranolazine decreases mechanosensitivity of the voltage-gated sodium ion channel Na(v)1.5: a novel mechanism of drug action. Circulation 2012; 125:2698.
- Stone PH. Ranolazine: new paradigm for management of myocardial ischemia, myocardial dysfunction, and arrhythmias. Cardiol Clin 2008; 26:603.
- Morrow DA, Scirica BM, Karwatowska-Prokopczuk E, et al. Effects of ranolazine on recurrent cardiovascular events in patients with non-ST-elevation acute coronary syndromes: the MERLIN-TIMI 36 randomized trial. JAMA 2007; 297:1775.
- Chaitman BR, Pepine CJ, Parker JO, et al. Effects of ranolazine with atenolol, amlodipine, or diltiazem on exercise tolerance and angina frequency in patients with severe chronic angina: a randomized controlled trial. JAMA 2004; 291:309.
- Stone PH, Gratsiansky NA, Blokhin A, et al. Antianginal efficacy of ranolazine when added to treatment with amlodipine: the ERICA (Efficacy of Ranolazine in Chronic Angina) trial. J Am Coll Cardiol 2006; 48:566.
- Chaitman BR, Skettino SL, Parker JO, et al. Anti-ischemic effects and long-term survival during ranolazine monotherapy in patients with chronic severe angina. J Am Coll Cardiol 2004; 43:1375.
- Kosiborod M, Arnold SV, Spertus JA, et al. Evaluation of ranolazine in patients with type 2 diabetes mellitus and chronic stable angina: results from the TERISA randomized clinical trial (Type 2 Diabetes Evaluation of Ranolazine in Subjects With Chronic Stable Angina). J Am Coll Cardiol 2013; 61:2038.
- Weisz G, Généreux P, Iñiguez A, et al. Ranolazine in patients with incomplete revascularisation after percutaneous coronary intervention (RIVER-PCI): a multicentre, randomised, double-blind, placebo-controlled trial. Lancet 2015.
- Wilson SR, Scirica BM, Braunwald E, et al. Efficacy of ranolazine in patients with chronic angina observations from the randomized, double-blind, placebo-controlled MERLIN-TIMI (Metabolic Efficiency With Ranolazine for Less Ischemia in Non-ST-Segment Elevation Acute Coronary Syndromes) 36 Trial. J Am Coll Cardiol 2009; 53:1510.
- Morrow DA, Scirica BM, Chaitman BR, et al. Evaluation of the glycometabolic effects of ranolazine in patients with and without diabetes mellitus in the MERLIN-TIMI 36 randomized controlled trial. Circulation 2009; 119:2032.
- "The Pink Sheet". Ranexa angina approval limited due to cardiac safety issue. F-D-C Reports 2006; 68:3.
- Schram G, Zhang L, Derakhchan K, et al. Ranolazine: ion-channel-blocking actions and in vivo electrophysiological effects. Br J Pharmacol 2004; 142:1300.
- Antzelevitch C, Belardinelli L, Wu L, et al. Electrophysiologic properties and antiarrhythmic actions of a novel antianginal agent. J Cardiovasc Pharmacol Ther 2004; 9 Suppl 1:S65.
- Koren MJ, Crager MR, Sweeney M. Long-term safety of a novel antianginal agent in patients with severe chronic stable angina: the Ranolazine Open Label Experience (ROLE). J Am Coll Cardiol 2007; 49:1027.
- Singh BN, Wadhani N. Antiarrhythmic and proarrhythmic properties of QT-prolonging antianginal drugs. J Cardiovasc Pharmacol Ther 2004; 9 Suppl 1:S85.
- Scirica BM, Morrow DA, Hod H, et al. Effect of ranolazine, an antianginal agent with novel electrophysiological properties, on the incidence of arrhythmias in patients with non ST-segment elevation acute coronary syndrome: results from the Metabolic Efficiency With Ranolazine for Less Ischemia in Non ST-Elevation Acute Coronary Syndrome Thrombolysis in Myocardial Infarction 36 (MERLIN-TIMI 36) randomized controlled trial. Circulation 2007; 116:1647.
- Fihn SD, Gardin JM, Abrams J, et al. 2012 ACCF/AHA/ACP/AATS/PCNA/SCAI/STS guideline for the diagnosis and management of patients with stable ischemic heart disease: a report of the American College of Cardiology Foundation/American Heart Association task force on practice guidelines, and the American College of Physicians, American Association for Thoracic Surgery, Preventive Cardiovascular Nurses Association, Society for Cardiovascular Angiography and Interventions, and Society of Thoracic Surgeons. Circulation 2012; 126:e354.
- Fihn SD, Gardin JM, Abrams J, et al. 2012 ACCF/AHA/ACP/AATS/PCNA/SCAI/STS guideline for the diagnosis and management of patients with stable ischemic heart disease: executive summary: a report of the American College of Cardiology Foundation/American Heart Association task force on practice guidelines, and the American College of Physicians, American Association for Thoracic Surgery, Preventive Cardiovascular Nurses Association, Society for Cardiovascular Angiography and Interventions, and Society of Thoracic Surgeons. Circulation 2012; 126:3097.