Hipertoniya önü və ya yüksək normal təzyiq: diaqnostika, klinika və müalicə

Ədəbiyyat siyahısının son yenilənmə tarixi: avqust 2016-cı il. | Məqalənin son yenilənmə tarixi: aprel 2016-cı il. Məqalənin növbəti yenilənmə tarixi: avqust 2018-ci il. 



GİRİŞ.

Gələcəkdə birincili hipertoniya xəstəliyi (əvvəl "essential hipertoniya" adlanırdı) diaqnozu qoyulacaq xəstələrin uzun müddətli müşahidəsi göstərib ki, arteriyal təzyiq vaxt keçdikcə artır. Həmin xəstələrdə arteriyal təzyiq ilk əvvəl normal olur, daha sonra hipertoniya önü və ya yüksək normal təzyiq vəziyyəti yaranır və nəhayət yüksək arteriyal təzyiq, yəni hipertoniya xəstəliyi inkişaf edir. Qeyd olunmalıdır ki, hipertoniya önü və ya yüksək normal təzyiq xəstəlik deyil və ayrıca nozoloji vahid hesab edilmir. Lakin hipertoniya önü vəziyyətinin əhəmiyyəti onunla bağlıdır ki, bu vəziyyəti olan xəstələr arasında aparılan profilaktik qabaqlayıcı və müalicəvi tədbirlər açıq hipertoniya və digər ürək-damar və beyin-damar xəstəliklərinin inkişafı riskini azaltmış olur. 

TƏRİF VƏ TERMİNOLOGİYA

Arteriyal təzyiqlə bağlı ABŞ-ın Birgə Milli Komitəsinin 7-ci hesabatı (JNC 7) tərəfindən 2003-cü ildə aşağıdakı təsnifat qəbul edilmişdir. Bu təsnifat sonradan Amerika və Beynəlxalq Hipertoniya Cəmiyyətləri tərəfindən də qəbul edilib.

  • normal arteriyal təzyiq: sistolik AT <120 mm c.s. və diastolik AT <80 mm c.s.
  • hipertoniya önü və yüksək normal təzyiq: sistolik AT 120-139 mm c.s. və ya diastolik AT 80-89 mm c.s. 

Hipertoniya önü və yüksək normal təzyiq vəziyyətinin Azərbaycanda yayılma dərəcəsi dəqiq məlum deyil. ABŞ-da aparılmış araşdırmalara görə ABŞ-ın böyük yaşlı əhalisinin 37%-i hipertoniya önü vəziyyətdən əziyyət çəkir. Hipertoniya önü rus dilində - предгипертония, ingilis dilndə isə - prehypertension adlanır. 

ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ RİSKİ

Çoxsaylı epidemioloji tədqiqatlar göstərib ki, hipertoniya önü xəstələrdə ürək-damar xəstəlikləri riskini artırır. Təxminən 1 mln-ə yaxın xəstənin iştirak etdiyi perspektiv koqort tipli tədqiqatların nəticələrinin meta-analizi göstərmişdir ki, hipertoniya önü vəziyyətdən əziyyət çəkən xəstələrdə ürəyin Korona damar xəstəliyi daha çox yayılıb. Hipertoniya önü olan xəstələrdə ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı digər risk faktorları da tez-tez müşahidə edilir. Lakin hipertoniya önü ilə ürək-damar xəstəliklərinin inkişafı riskini yalnız digər risk faktorlarının olması ilə əlaqələndirmək düzgün deyil. Strong Heart Study adlı tədqiqatdan məlum olmuşdur ki, hipertoniya önü və diabeti olan xəstələrdə 12 ildən sonra ürək-damar xəstəliklərinin inkişafı riski daha yüksəkdir. 

Hipertoniya önü ilə albuminuriya (əvvəll "mikroalbuminuriya" kimi qeyd edilib) arasında da əlaqə vardır. Ümumiyyətlə, albuminuriya ürək-damar xəstəliklərinin inkişafı və ürək-damar xəstəlikləri səbəbindən baş verən ölüm riskini artırır. Arteriyal qan təzyiqi normal olan şəxslərlə müqayisədə, hipertoniya önü xəstələrində orta dərəcəli albuminuriyanın olduğu müəyyən edilib. 

DAVAMLI HİPERTONİYA XƏSTƏLİYİNƏ KEÇİD.

Arteriyal qan təzyiqinda tədricən baş verən artım nəticəsində 30 yaşda hipertoniya xəstəliyinin yayılması 10%-dək artır, 65 yaşdan sonra isə hətta 90%-dək çatır. Hipertoniya xəstəliyinin inkişafı sürəti xəstədə arteriyal qan təzyiqinin əvvəlki göstəricilərindən asılıdır. Framinqam Ürək Tədqiqatından maraqlı nəticələr əldə edilib. Belə ki, əvvəllər arteriyal təzyiqi optimal (<120/80 mm c.s.), normal (120-129/80-84 mm c.s.) və ya normanın yüksək həddində olan (130-139/85-89 mm c.s.) xəstələr 4 il müddətində hipertoniya xəstəliyinin inkişafına dair müşahidə olunub. Müşahidə nəticəsində hər qrupda hipertoniya müvafiq olaraq aşağıdakı tezliklə inkişaf edib: yaşı 65-dən aşağı xəstələrdə 5%, 18% və 37%, yaşı 65-dən yuxarı olan xəstələrdə isə 16%, 26% və 50%.  

Framinqam Ürək Tədqiqatından o da məlum olub ki, hipertoniyası olmayan yaşı 55-65 olan xəstələrdə həyatları boyu hipertoniya xəstəliyinin inkişafı riski 90%-dır. Lakin həmin xəstələrdə hipertoniya əsasən yüngül dərəcəli olur. 

Framinqm tədqiqatında həmçinin təcrid olunmuş diastolik hipertoniya (D-HTN, arteriyal təzyiq <140/>90 mm c.s.) və təcrid olunmuş sistolik hipertoniya (S-HTN, arteriyal təzyiq >140/<90 mm c.s.) hallarının yayılması da öyrənilmişdir. 10 il ərzində təqib olunan həmin xəstələrdə aşağıdakı nəticələr əldə edilmişdir: əvvəllər arteriyal təzyiqi optimal (<120/80 mm c.s.), normal (120-129/80-84 mm c.s.) və ya normanın yüksək həddində olan (130-139/85-89 mm c.s.) xəstələr arasında təcrid olunmuş diastolik hipertoniya halları hər 1000 xəstə-ilə 3, 8 və 10 olmuşdur. Təcrid olunmuş sistolik hipertoniya halları isə müvafiq olaraq hər 1000 xəstə-ilə 6, 23 və 35 olmuşdur. Təcrid olunmuş D-HTN-nin inkişafı riski xəstənin cavan olması və artıq bədən çəkisi ilə bağlı olmuş və həmin xəstələrdə 6.7 il ərzində hipertoniyanın (həm sistolik, həm diastolik AT-nin yüksək olması) inkişafı ehtimalı 50% olmuşdur. Bu fakt onu göstərir ki, təcrid olunmuş D-HTN heç də xoşxassəli bir proses deyildir və onun hipertoniya xəstəliyinə çevrilməsi ehtimalı çox yüksəkdir. Təcrid olunmuş S-HTN-nin inkişafı riski xəstənin yaşlı və artıq bədən çəkisinə malik olması ilə bağlı olmuşdur. 

Profilaktik terapiya

Profilaktik Terapiya Sınağı (trial of preventing hypertension və ya TROPHY) adlı tədqiqatda hipertoniya önü xəstələrində klinik hipertoniyanın inkişafının profilaktikası məqsədilə təyin olunmuş anti-hipertenziv preparatların uzun müddətli nəticələri öyrənilmişdir. Sistolik AT 130-139 mm c.s. və/və ya diastolik AT 85-89 mm c.s. olan təxminən 806 xəstə 4 il ərzində aparılan bu tədqiqat zamanı 2 il ərzində ya plasebo, ya da kandesartan preparatı (16 mq/günə) ilə müalicə alıb. Növbəti 2 il ərzində isə bütün xəstələr yalnız plasebo qəbul edib. Tədqiqatın izlədiyi əsas klinik nəticə hipertoniyanın inkişafı olub. Tədqiqat məqsədləri üçün hipertoniya aşağıdakı kimi müəyyən edilmişdir: müxtəlif  dövrlərdə aparılan həkim müayinəsində AT >140/90 mm c.s. olması, istənilən həkim müayinəsində AT >160/100 mm c.s.-dan yüksək olması, antihipertenziv dərmanlardan istifadə və ya tədqiqatın 4-cü ilində aparılan həkim müayinəsində AT >140/90 mm c.s. olması. Tədqiqatın nəticələri aşağıdakı kimi olmuşdur:

  • Gözlənildiyi kimi, kandesartanla terapiya hipertoniyanın inkişafının qarşısını almağa müvəffəq olmuşdur (plasebo qəbul edən xəstələrdə 40%, kandesartan qəbul edənlərdə isə 14%). Bunyan əlavə, kandesartan qəbul edənlər arasında ikinci ilin sonuna sistolik və diastolik arteriyal təzyiqi olan xəstələrin sayı əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Lakin, kandesartanla terapiyanın dayandırılmasından 9 ay sonra həmin xəstələrdə arteriyal təzyiq plasebo qəbul edən xəstələrin səviyyəsinədək yüksəlmişdir. Maraqlıdır ki, oxşar effekt digər daha böyük tədqiqatda da nümayiş etdirilmişdir. Belə ki, Tibbi Tədqiqat Şurasının (Medical Research Council) yüngül hipertoniyanın tədqiqi üçün apardığı araşdırmada müəyyən edilmişdir ki, 5-6 il ərzində tiazid diuretica və ya beta blokatorla müalicə alan xəstələrdə, aktiv terapiyanın dayandırılmasından 6 ay sonra arteriyal təzyiq plasebo qrupunda (heç bir müalicə almayan xəstələr qrupu) qeyd olunan arteriyal təzyiq göstəricilərinədək yüksəlmişdir. 

Skrininq

Hipertoniya xəstəliyinə görə skrininqin müntəzəmliyi dəqiq müəyyən edilməyib. Lakin 2007-ci ildə ABŞ-ın Profilaktik Xidmətlər üzrə İşçi Qrupu tərəfindən dərc edilmiş təlimatlarda aşağıdakı tövsiyələr verilib: 

  • Sistolik AT<120 mm c.s.-dan aşağı və diastolik AT <80 mm c.s.-dan aşağı olan xəstələrin hər iki ildən bir hipertoniyaya yoxlanması tövsiyə olunur.
  • Sistolik AT 120-139 mm c.s.-dan aşağı və diastolik AT 80-89 mm c.s. olan xəstələrin isə hər il hipertoniyaya yoxlanması tövsiyə olunur.

 

MÜALİCƏ

Hipertoniya önü vəziyyədən əziyyət çəkən xəstələrin hədəf orqanların zədələnməsi əlamətlərinə yoxlanması və ya açıq hipertoniya xəstəliyinin inkişafına görə mütamadi müşahidəsi həmin xəstələrin təqibinin tərkib hissəsi olmalıdır. Arteriyal təzyiqin dəyişməsi növbəti həkim müayinəsində təkrar yoxlanmalıdır. 

Amerika və Beynəlxalq Hipertoniya Cəmiyyətlərinin 2014-cü ildə verdiyə tövsiyələrə görə diabet, xronik böyrək xəstəliyi, hədəf orqanların zədələnməsi və ya klinik ürək-damar xəstəliyi olmayanların müalicəsi bədən çəkisinin azaldılması, duz qəbulunun məhdudlaşdırılması, fiziki aktilvliyin artırılması və spitli içkilərin qəbulunun dayandırılması kimi qeyri-farmakoloji terapiya ilə aparılır. 

Ürək-damar xəstəliklərinin inkişafı riski orta dərəcəli olan hipertoniya önü xəstələrinin antihipertensiv preparatlarla terapiyası isə açıq hipertoniya (AT >140/>90 mm c.s.-dan yüksək) inkişaf etdikdə təyin edilir. Lakin digər yanaşı xəstəlikləri olan şəxslərdə antihipertenziv terapiya daha erkən da tətbiq oluna bilər.   



BİBLİOQRAFİYA.  

  1. Bakris GL, Black HR, et al. The Seventh Report of the Joint National Committee on Prevention, Detection, Evaluation, and Treatment of High Blood Pressure: the JNC 7 report. JAMA 2003; 289:2560.
  2. Weber MA, Schiffrin EL, White WB, et al. Clinical practice guidelines for the management of hypertension in the community a statement by the American Society of Hypertension and the International Society of Hypertension. J Hypertens 2014; 32:3.
  3. Roger VL, Go AS, Lloyd-Jones DM, et al. Heart disease and stroke statistics--2011 update: a report from the American Heart Association. Circulation 2011; 123:e18.
  4. Shen L, Ma H, Xiang MX, Wang JA. Meta-analysis of cohort studies of baseline prehypertension and risk of coronary heart disease. Am J Cardiol 2013; 112:266.
  5. Vasan RS, Larson MG, Leip EP, et al. Impact of high-normal blood pressure on the risk of cardiovascular disease. N Engl J Med 2001; 345:1291.
  6. Qureshi AI, Suri MF, Kirmani JF, et al. Is prehypertension a risk factor for cardiovascular diseases? Stroke 2005; 36:1859.
  7.  Hsia J, Margolis KL, Eaton CB, et al. Prehypertension and cardiovascular disease risk in the Women's Health Initiative. Circulation 2007; 115:855.
  8. Greenlund KJ, Croft JB, Mensah GA. Prevalence of heart disease and stroke risk factors in persons with prehypertension in the United States, 1999-2000. Arch Intern Med 2004; 164:2113.
  9. Pletcher MJ, Bibbins-Domingo K, Lewis CE, et al. Prehypertension during young adulthood and coronary calcium later in life. Ann Intern Med 2008; 149:91.
  10. Zhang Y, Lee ET, Devereux RB, et al. Prehypertension, diabetes, and cardiovascular disease risk in a population-based sample: the Strong Heart Study. Hypertension 2006; 47:410.
  11. Vasan RS, Larson MG, Leip EP, et al. Assessment of frequency of progression to hypertension in non-hypertensive participants in the Framingham Heart Study: a cohort study. Lancet 2001; 358:1682.
  12. Vasan RS, Beiser A, Seshadri S, et al. Residual lifetime risk for developing hypertension in middle-aged women and men: The Framingham Heart Study. JAMA 2002; 287:1003.
  13. Franklin SS, Pio JR, Wong ND, et al. Predictors of new-onset diastolic and systolic hypertension: the Framingham Heart Study. Circulation 2005; 111:1121.
  14. Parikh NI, Pencina MJ, Wang TJ, et al. A risk score for predicting near-term incidence of hypertension: the Framingham Heart Study. Ann Intern Med 2008; 148:102.
  15. Julius S, Nesbitt SD, Egan BM, et al. Feasibility of treating prehypertension with an angiotensin-receptor blocker. N Engl J Med 2006; 354:1685.
  16. Schunkert H. Pharmacotherapy for prehypertension--mission accomplished? N Engl J Med 2006; 354:1742.
  17. Heijnen BF, Peutz-Kootstra CJ, Mullins JJ, et al. Transient renin-angiotensin system stimulation in an early stage of life causes sustained hypertension in rats. J Hypertens 2011; 29:2369.
  18. U.S. Preventive Services Task Force. Screening for high blood pressure: U.S. Preventive Services Task Force reaffirmation recommendation statement. Ann Intern Med 2007; 147:783.