Müəlliflər: Larry Leeman, MD, MPH, Lee Dresang, MD, Patricia Fontaine, MD. Amerika Ailə Həkimləri Akademiyasının tədris proqramı.
Son yenilənmə tarixi: Feral, 2015
Giriş.
Eklampsiya zamanı generalizə olunmuş qıcolmalar həyata təhlükə törədir və “başlıcası, heç bir zərər vermə” ("primum non nocere") konsepsiyasına hörmət etməklə, təxirəsalınmaz yardımın göstərilməsini tələb edir.
Patofiziologiya
Preeklampsiya serebral qan dövranının tənzimlənməsinin pozulması və plazmanın beyin daxilinə sızması ilə xarakterizə olunur. Qıcolmalara səbəb olan dəqiq mexanizm naməlum qalır, ancaq buna serebral ödem, qan damarlarının qəfil daralması, işemiya və ya mikroinfarktlar səbəb ola bilər.
Klinik gedişat .
Eklampsiyanın gedişatını 4 dövrə ayırmaq olar:
1-ci dövr: başlanğıc (30 san.)
- Sifət əzələlərinin, sonra yuxarı ətrafların xırda fibrillyar dartınmaları,
- Baxış bir tərəfə fiksasiya olub,
- Bəbəklər genişlənib və göz qapaqlarının altına gedir, göz ağı görünür,
- Boynu gərgindir,
- Vidaci venalar şişir,
- Trizm (dilini dişləyə bilər).
2-ci dövr: tonik qıcolmalar (30 san.)
Bütün skelet əzələlərinin başdan, boyundan və yuxarı ətraflardan gövdəyə və qarına yayılan yığılmaları.
- · Başı geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir,
- · Tənəffüs dayanır,
- · Sianoz sürətlə artır,
- · Xəstə huşunu itirir,
- · Nəbzi praktik olaraq əllənmir.
- · Qısamüddətli olmasına baxmayaraq, bu ən təhlükəli perioddur, beynə qansızmadan qəflətən ölüm baş verə bilər.
3-cü dövr: klonik qıcolmalar (30 san. – 2 dəq.)
Bədən əzələlərinin sistemsiz yığılması – yuxarıdan aşağıya inkişaf edir.
- · Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır,
- · Tənəffüs hərəkətləri qeyd olunmur,
- · Sifəti tünd qırmızı-göy rəngdədir.
4-cü dövr:
- Qıcolmalar azalır və sona yetir,
- Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır,
- Ağzından köpük gəlir (çox vaxt qanlı),
- Tənəffüs müntəzəm olmağa başlayır,
- Sianoz azalır, Nəbzi bərpa olur,
- Bəbəklər yavaş-yavaş daralır.
- Qıcolmadan sonra koma vəziyyəti gəlir. Hamilənin huşu aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən qıcolmanı xatırlamır.
Bəzən qadın komadan çıxmadan növbəti qıcolma başlayır. Bu hal “eklamptik status” adlanır.
Diferensial diaqnostika
Hamiləlik zamanı eklamptik qıcolmaları bu hallarla diferensiasiya etmək lazımdır:
- · Birincili generalizə olunmuş epilepsiya
- · Subaraxnoidal qansızma
- · Hipoqlikemiya
- · Trombotik trombositopenik purpura krizi
- · Dölyanı maye ilə emboliya
- · Mərkəzi venoz sinusun trombozu
- · Su intoksikasiyası
- · Feoxromositoma
- · Lokal anestetiklərin toksik təsiri (məsələn, epidural)
- · Dərman zəhərlənməsi
Eklampsiya zamanı nevroloji pozuntuların diaqnostikası məqsədilə Qlazqo şkalasından, daha dəqiq diaqnostika üçün isə onun Pittsburq modifikasiyasından istifadə olunur. Balların cəminə əsasən qiymətləndirmə aparılır.
Eklampsiyanın müalicəsi
Eklampsiya zamanı qıcolmalar kəskin və narahatedici olur. Müalicə həkimi təşvişə düşmədən, həyacansız davranmalı və lazımsız müdaxilələrə yol verməməlidir ki, yatrogen ağırlaşmalara səbəb olmasın.
1. Diazepam və ya fenitoin kimi dərmanlardan istifadə edərək ilkin qıcolmaların müddətini qısaltmağa və ya aradan qaldırmağa çalışmayın. Bu dərmanlar, xüsusilə də təkrar və ya maqnezium sulfatla birlikdə verildikdə aspirasiyaya, tənəffüsün pozulmasına və ya təngnəfəsliyə, hətta tənəffüsün dayanmasına səbəb ola bilər. Bundan əlavə, təkrarlanan eklampsiya qıcolmalarının qarşısının alınmasında feniton maqnezium sulfat qədər effektli dərman deyil.
2. Tənəffüs yollarının qorunması və aspirasiya riskinin azaldılması məqsədilə qadını sol tərəfi üzərində uzadın və ağız boşluğunun sorulmasını təmin edin (aspirasiya edin). Dərhal intubasiyanın aparılması üçün bacarığı olan birini köməyə çağırın. Böyüklərdə ürək canlandırılması məqsədilə xəstənin vəziyyətinin mümkün qədər böyrüüstə uzadılmasını tələb edir. Tənəffüsün izlənə bilməsinə diqqət edin və döş qəfəsinin sıxılmasına imkan verməyin. Bu vəziyyət yarımhuşsuz və ya huşunu tam itirmiş insanın nəfəs almasına kömək edir, aspirasiyanın qarşısını almaq üçün mayenin burundan və boğazdan axıb tökülməsinə imkan yaradır; bundan əlavə, bu vəziyyət venoz qanın ürəyə qayıtmasını sürətləndirir.
3. Ananın zədələnməsinin qarşısını alın. Çarpayıdan yıxılmaq əzik və sınıqlara, kəskin qıcolmalar isə başın zədələnməsinə səbəb ola bilər. Yaxından nəzarət, yumşaq yastıqlar və çarpayının kənarlarının “hasarlanması” bu növ ağırlaşmaların qarşısını almağa kömək edə bilər.
4. Qıcolmaların dayandırılması üçün maqnezium sulfat verin. Əgər preeklampsiyası olan pasiyentə artıq yükləyici (zərbə) dozada maqnezium sulfat verilibsə və dərmanın davamlı infuziyası zamanı qıcolmalar baş verirsə, bu zaman əlavə 2 qram maqnezium sulfat venadaxili yeridilməlidir. Əks təqdirdə, 15-20 dəqiqə ərzində 6 qram maqnezium sulfat yükləyici dozada venadaxili yeridilməli, ardınca isə hər saatda 2 qram olmaqla maqnezium sulfatın yeridilməsi təmin edilməlidir. Qısa müddət ərzində ümumilikdə səkkiz qramdan çox maqnezium sulfat verilməməlidir. Yükləyici dozası yeridildikdən 4-6 saat sonra maqneziumun qanda səviyyəsi təyin edilməli və dəstəkləyici dozanın infuziyası uyğun olaraq tənzimlənməlidir. Qıcolmalar dayandıqdan sonra əlavə oksigen verilməlidir. Pasiyentin vəziyyəti stabilləşdikdən sonra doğuşun keçirilməsini planlaşdırın. Yüngül və özü-özünə dayanan qıcolma hallarında dərhal qeysəriyyə kəsiyi əməliyyatının aparılmasından vaz keçin.
Eklampsiyanın anaya və dölə təsiri
Resursları (texniki, maliyyə və insan resursları) zəngin olan ölkələrdə eklampsiya qıcolmalarından perinatal dövrdə ölüm hallarının baş verməsi ehtimalı 1%-dən də azdır, ancaq 2008-ci ildə Mərakeşdə və 2011-ci ildə Nigeriyada keçirilmiş araşdırmalar resursları az olan ölkələrdə bu rəqəmin müvafiq olaraq 6.7% və 7.5% olduğunu göstərmişdir.
2006-2010-cu illər arasında ABŞ-dakı hamiləliklərlə bağlı baş verən 9.4% ölüm halı hamiləlikdə hipertenziya ilə əlaqəli olmuşdur. Əvvəllər aparılmış araşdırmalardan birinə görə ABŞ-da baş verən preeklampsiya/eklampsiya ilə bağlı ölüm hallarının 50%i eklampsiya olan qadınlarda müşahidə edilmişdir. Eklampsiyası olan qadınlarda xəstəlik və ölümə ciddi səbəb kimi çiftin qopması (7-10%), disseminə olunmuş damardaxili laxtalanma-(DDL) (7-10%), aspirasion pnevmoniya (2-3%) və ürək-ağciyər dayanması (2-5%) hallarını göstərmək olar.
Döldə eklampsiya ilə əlaqədar yaranan xəstəlik və ölüm hallarının əksəriyyəti vaxtından əvvəl doğuş, inkişafdan qalma və çiftin qopmasının nəticəsində baş verir. Eklampsiya qıcolmaları zamanı döldə tez-tez hipoksiyadan qaynaqlanan bradikardiya müşahidə edilir. Digər ciddi tibbi və mamalıq ağırlaşmaları olmadığı təqdirdə, adətən, dölün həyatı bərpa olunur.
Rayon və ya ucqar kənd yerlərində analara tibbi xidmət göstərən tibb mütəxəssisləri ananın başqa tibb müəssisəsinə köçürülməsi riski ilə üçüncü səviyyəli tibb müəssisəsində ana və uşağın müalicəsinin faydası arasında seçim etməli olurlar. Pasiyent maqnezium sulfatla lazımi qaydada müalicə edilib vəziyyəti stabilləşdirildikdən sonra onun bir yerdən başqa yerə müvəffəqiyyətlə köçürülməsini həyata keçirmək olar. Xəstənin köçürülməsi zamanı qəbul edən müəssisənin məsləhətçiləri ilə sıx əməkdaşlığın qurulması və məlumat mübadiləsinin aparılması vacib şərtlərdəndir.