Məqalənin son yenilənmə tarixi: 2013
Müəlliflər: Wendy Barr, MD, Caroline Homer, MSc Med, PhD, RM, Paul Lewis, MSc, BSc, RM, Helen Welch, CNM, MSN.
MƏQSƏDLƏR:
Bu fəslin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:
- Doğuşla bağlı travma (travmatik doğuş) hallarının klinik praktikada tez-tez rast gəlinən formalarını təyin edə biləcək,
- Travmatik doğuş hallarında müşahidə edilən müxtəlif emosional reaksiyaları təsvir edə biləcək,
- 4 “C” mnemonikdən istifadə etməklə travmatik doğuş hallarına yanaşmanı təsvir edə biləcək.
- Travmatik doğuş keçirmiş ailələrə kömək edəcək dəstək qrupları və təşkilatları müəyyən edə biləcək,
- Travmatik doğuşdan sonra tibb mütəxəssislərinin istifadəsi üçün resursları müəyyən edə biləcəklər.
GİRİŞ
Travmatik doğuş hallarına aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
- Birinci və ikinci trimestrdə hamiləliyin spontan pozulması;
- Ölüdoğulma;
- Neonatal ölüm (həyatın ilk 4 həftəsində yenidoğulmuşun ölümü);
- Həyatla bir araya sığan patologiyalarla doğulmuş körpə;
- Həyatla bir araya sığmayan patologiyalarla doğulmuş körpə;
- Ananın həyatına təhlükə törədən hallar və ya doğuşdan sonra baş vermiş ana ölümü.
Bu fəsldə “Travmatik doğuş” termini körpə ölümü, ananın həyatına təhlükə törədən xəstəliyi və ya ana ölümü ilə nəticələnmiş hamiləliyin arzu edilməyən fəsadlarını təsvir etmək üçün işlədilir. Qadınlar və onların həyat yoldaşları bu cür itkilərlə üzləşərkən, itkinin təsiri çox dərin olur və adətən, təkcə valideynlər deyil, ailənin digər üzvləri də uzun sürən emosional travma yaşayırlar. Bu halların idarə edilməsi böyük əhəmiyyət daşıyır, belə ki, aradan bir neçə il keçməsinə baxmayaraq, valideynlər hadisəni, həkim tərəfindən deyilən hər bir sözü və həkimin onlara təsirini xatırlaya bilirlər. “Travmatik doğuş”, həmçinin, bu qadınlara tibbi xidmət göstərən tibb işçilərinə də təsir edir. Tibb işçiləri də əhəmiyyətli dərəcədə emosional travma alırlar. İtkinin səviyyəsi və dərinliyi ailə üzvlərinə təsir etdiyi qədər böyük olmasa da, bu həkimin sağlamlığına, xüsusilə də onun təcrübəsində bir neçə itki yaşanıbsa, əhəmiyyətli dərəcədə təsir göstərir.
Tibb mütəxəssisləri “travmatik doğuşla” üzləşmiş qadınları və onların ailə üzvlərini diqqətli, şəfqətli və empatik qayğı ilə əhatə etməlidirlər. İttiham və günahlandırmalar heç zaman faydalı deyil və əksinə, itki və kədərin bölüşmə prosesini ləngidə və ya ona mane ola bilər. Travmatik doğuş hallarının şəfqətli, humanist yanaşma əsasında psixo- sosial idarə edilməsi mamalıq xidmətləri göstərən bütün mütəxəssislər üçün olduqca zəruridir.
Olduqca məşğul iş rejimi və iş yoldaşları tərəfindən dəstəyin olmaması səbəbindən bu cür xidmətin göstərilməsi həkim üçün çətin ola bilər. Məşğul həkim və ya mamanın ölüdoğulma ilə nəticələnən doğuşda iştirak edib, sonra sağlam yenidoğulmuşun doğuş prosesinə qaçması, sonra yenidən qızğın xəstəxana həyatına qayıtması və itkinin və kədərin bölüşməsində iştirak edə bilməməsi qeyri-adi bir şey deyil.
Bu fəsildə “travmatik doğuş” keçirmiş valideynlər və onların ailə üzvlərinin ehtiyacları nəzərdən keçiriləcək və effektiv xidmət edə bilmələri üçün həkimlərə yollar göstəriləcəkdir. Həmçinin, burada istifadə edilə bilən alətlər təqdim ediləcək və “travmatik doğuş” zamanı qarşılıqlı dəstək üsulları müzakirə ediləcəkdir.
“Travmatik doğuş” zamanı emosional dəstək.
Perinatal itki emosional və mürəkkəb bir dövr hesab olunur. Bu cür hallarda valideynlər və ailənin ehtiyacları və onlara dəstəyin göstərilməsi birinci dərəcəli məsələlərdir. Lakin həkimin ehtiyacları da nəzərdən qaçmamalıdır.
İtkinin qaçılmaz olmasına baxmayaraq, doğuşla bağlı faciəvi hallar baş verən zaman həkimlər necə davranmalı olduqları barədə az məlumatlı olur və çox zaman “yanlış bir şey deyə biləcəklərindən” narahatlıq keçirirlər. Bəzi həkimlər onlara kömək edə bilən yanaşma işləyib ona riayət etməyə müvəffəq olurlar. Lakin bəziləri valideynlərin kədərinin böyüklüyü qarşısında çaşqınlıq yaşayırlar.
Ümumiyyətlə, travmatik doğuş hallarında ümumi qəbul olunmuş standart yanaşma yoxdur. Həkimlər bunu qəbul etməli və valideynlərin kədərini birgə yaşamaq və vəziyyəti yumşaltmaq üçün mümkün olan hər şeyi etməyə çalışmalıdırlar. Təsadüfi seçim əsasında aparılmış tədqiqatlardan perinatal ölümdən sonra valideynlərə və ailə üzvlərinə spesifik psixoloji və konsultativ dəstəyin təyini üçün sübutlar əldə olunmamışdır. Dəstəyin həcmi və növü mövcud şəraitdən, kontekstdən və valideynlərin səsləndirdiyi ehtiyaclarından asılı olacaq. Lakin bir çox ailələr konsultasiyadan sonra həkimdən qeyri-kafi emosional dəstək aldıqlarına dair şikayət etmişlər. Mama-Ginekologiya üzrə Böyük Britaniyanın Kral Kollecinin ölüdoğulma və dölün bətndaxili ölümü ilə bağlı hazırladığı təlimatında qeyd edilir ki, ana və onun ailə üzvlərinə pis xəbərin çatdırılması ilə bağlı bir çox strategiyalar mövcuddur və onların əsasını ananın və onun ailə üzvlərinin emosional durumu və ehtiyaclarının müəyyən edilməsi təşkil edir. Empatik yanaşma qadının hisləri və düşüncələrini müəyyən etməyə əsaslanıb, lakin onların hansısa istiqamətdə yönəldilməsini nəzərdə tutmur.
Qadınlar və onların ailə üzvləri, adətən, həkimlərindən dəstək gözləyirlər. Neonatal ölümlə bağlı aparılan bir tədqiqatda qadınlar həkimlərdən çox az dəstək aldıqlarına görə üzgün olduqlarını bildirmişlər. Xüsusilə də, körpələri ilə keçirə biləcəkləri vaxtın həkimlər tərəfindən məhdudlaşdırılması onları daha çox məyus etmişdir. Bundan əlavə, qadınlar tibbi personal tərəfindən ana olub-olmadıqlarına dair heç bir məlumat almadıqlarına görə ciddi məyusluq keçirmişlər. Bu qadınlar, həmçinin, tibb mütəxəssislərindən rəğbət görmədiklərindən və onlara göstərilən laqeyd münasibətdən çox incimişlər. Həkimlər tərəfindən etinasızlıqla qarşılaşdıqda və ya çox soyuq münasibət hiss etdikdə, qadınların məyusluğu və kədəri qəzəblə əvəzlənmişdir.
Körpənin itkisi zamanı valideynlərin keçirdikləri hislərin başa düşülməsi həkimlər üçün çox faydalıdır. Baskeviç, Drotar və İrvin modeli anadangəlmə qüsurla doğulan körpənin valideynlərinin yeni vəziyyətə uyğunlaşmasını təsvir etməyə kömək edir. Bu modelə görə valideynlərin qarşılaşdıqları əsas hislər aşağıdakılardır: şok, təkzib, məyusluq, qəzəb, tarazlıq və yenidənqurma. Bir çox valideynlər bu hissləri travmatik doğuşdan sonra müxtəlif vaxtlarda keçirir. Matəmin müddəti isə hər bir konkret halda fərqli olur. Bu modeldə yer almış bir çox məsələlər perinatal ölüm hallarına da tətbiq edilə bilər.
Hər iki valideyn körpənin itirilməsi səbəbindən kədər keçirsə də, onun dərəcəsi valideynlər arasında fərqlənə bilər. Bu isə travmatik doğuşdan sonra münasibətlərdə gərginlik və pozuntular yarada bilər. Tədqiqatlardan məlumdur ki, doğuşdan sonrakı dövrdə ölü doğulmuş körpə haqqında ananın ata ilə danışa bilməsi analarda depresiyya riskini azaldır.
Çox zaman valideynlər digər uşaqlarına yenidoğulmuş körpənin ölümünü necə izah etmək lazım olduğunu bilmirlər. Valideynlər, adətən, çalışırlar ki, itki səbəbindən keçirdikləri matəmlə digər uşaqları ilə birgə gündəlik həyat arasında tarazlığı saxlasınlar. Valideynlərin kədəri bəzən digər uşaqlara qarşı diqqətsizliyə və ya etinasızlığa gətirib çıxara bilər. Valideynlərin keçirdiyi dərin kədər digər uşaqlara baş vermiş faciəni izah etməyə və valideynlərlə birgə qəm etməyə mane olur. Bu isə digər uşaqlarda günahkarlıq hissinin yaranmasına gətirib çıxara bilər. İtki ilə üzləşmiş ailədə olan digər uşaqlar ailədaxili münasibətlərdə (ailədaxili dinamika) baş vermiş dəyişikliyi hiss edir və bu onlarda çaşqınlıq və inamsızlıq hissi yarada bilər. İtki ilə üzləşmiş ailədə böyüyən digər uşaqlarda kədər valideynlərdəki kimi intensiv ola bilər. Lakin bir çox hallarda valideynlər öz uşaqlarına kömək etməyə hazır olmurlar. Qeyd edilməlidir ki, itkinin qəbul edilməməsi kədərin illərlə davam etməsinə səbəb ola bilər.
Yadda saxlamaq lazımdır ki, ailənin digər üzvləri, o cümlədən nənə və babalar da hamiləliyin pozulması və ya dölün itirilməsindən ciddi kədərlənə və qəm edə bilərlər.
Onlar həm nəvələrinin itkisinə kədərlənir və onun ölümünə görə qəm keçirir, həm də öz övladlarının kədərini bölüşürlər. Bəzən kədərin öhdəsindən gəlməyin yolları ilə bağlı nənələr və babaların şəxsi təcrübəsi fərqli ola bilər. Onlar, məsələn, baş vermiş itki ilə bağlı öz övladları ilə danışmaqdan çəkinə bilər və bunun zərərli olduğunu guman edə bilərlər. Valideynlər və onların yaxın qohumları baş vermiş itki zamanı bir- birilərinə necə dəstək olmağı bacarmaya bilərlər və bu da münasibətlərin pozulmasına gətirib çıxara bilər.
Rus və Blanford tərəfindən 2011-ci ildə aparılmış araşdırma göstərmişdir ki, “nəsillərarası perinatal kədər proqramı” ailənin bütün üzvlərinə, o cümlədən nənələr, babalar, ailənin digər uşaqlarına matəm prosesinin dərk edilməsində və onun öhdəsindən gəlməkdə yardımçı ola bilər. Peşəkar komanda tərəfindən təklif edilən dəstək proqramları nənə və babalar tərəfindən müsbət qarşılanmışdır.
Mamalıqda təxirəsalınmaz hallarda tibbi yardım üzrə təlim kursunun Mamalıqda Təhlükəsizlik fəslində şəfqət, kompetentlik, etiraf və xəstəlik tarixində qeydiyyatın aparılması təsvir edilmişdir. Bu 4 əsas fəaliyyət elementi ciddi ağırlaşma və ya tibbi qayğı zamanı səhv baş verdiyi hallarda rəhbər götürülür. Travmatik doğuşdan sonra valideynlərə və onların ailə üzvlərinə göstərilməli olan qayğını təsvir etmək üçün yeni 4 “C” mnemonikindən istifadə etmək olar.
C- (Coming together) Birgə: Doğru zaman, şərait və mühitin təmin olunması.
C- (Communication and consideration) Kommunikasiya və nəzərdən keçirmə: Bu görüşün əsas məqsədi nədir? Mən nəyi bilirəm və kömək üçün nə edə bilərəm? Nə deyəcəyəm və söyləmək istədiklərimi ən yaxşı necə deyə bilərəm? Diqqətli, təkidli və qayğıkeş davranış və yanaşmanı təmin etmək.
C- (Contact ) Təmas - Emosional və fiziki təmasdan qorxmamaq.
C- ( Consultation ) Məsləhət. Hansısa məsələləri müzakirə etmək və ya istiqamət almaq üçün kimdənsə əlavə məsləhət və dəstək əldə etmək tələb olunurmu? Valideynlər və ailə üzvlərinin yerli və kənar müəssisələrin (mütəxəssislər) dəstəyinə, məsləhətinə və ya məlumatına ehtiyacı varmı? Özümüz üçün (həkimlər) hər hansı dəstəyə ehtiyac varmı?
Travmatik doğuş hallarının ilkin aparılmasına dair təlimat Şəkil 1-də təsvir edilib və “Doğuşun arzuolunmaz nəticələrinin idarə edilməsi: valideynlərə və ailələrə itki ilə barışmaqda yardımın göstərilməsi” kitabından adaptasiya olunub.
Ümumiyyətlə, hər bir tibb müəssisəsində bu cür hallar üçün nəzərdə tutulmuş təlimat qaydaları olmalıdır. Burada yaddan çıxarılması yolverilməz olan məsələlər əks olunmalıdır: xatirə qutusu, körpənin fotoları, ölüm kağızı, dəfn mərasiminin təşkili məsələləri və perinatal itkinin baş verməsi səbəbinin müəyyən edilməsi üçün müvafiq laborator və s. testlərin aparılması.
ÖLÜ DOĞUŞ VƏ NEONATAL ÖLÜM
Anlayışlar:
Ölü doğuş
Ümumdünya Səhiyyə Təşkilatı ölü doğuşu “hamiləliyin sonuna yaxın dölün baş vermiş ölümü” kimi müəyyən edir və hər bir ölkəyə minimum hestasiya yaşını təyin etməyə imkan verir. Böyük Britaniyada qəbul olunmuş hestasiya yaşı 24 tamamlanmış həftədir. Avstraliyada çəkisi 400 qramdan çox olan və ya çəkisi məlum olmayan körpənin hestasiya yaşının 20 tamamlanmış həftəsindən sonra ölümü ölü doğuş kimi dəyərləndirilir. Bu körpələrin doğuşu qeydə alınmalıdır.
ABŞ-da ölü doğuşun tərifi ştatlara görə dəyişir. Xəstəliklərə Nəzarət Mərkəzinin aşağıdakı internet səhifəsində35 hazırkı anlayışların siyahısı vardır. 1992-ci ildə qəbul edilmiş Doğum və Ölüm üzrə Nümunəvi Dövlət Statistika Aktı və Tənzimləyici Qaydalarında aşağıdakı tövsiyə verilib:
“Çəkisi 350 qram və daha çox olan və ya çəkisi məlum olmayan, son menstruasiyanın ilk günündən doğuşa qədər hesablanmaqla hestasiya yaşının 20 tamamlanmış həftəsindən sonra dölün baş vermiş ölümü haqqında 5 gün ərzində Doğum və Ölüm üzrə Statistika İdarəsinə və ya digər müvafiq quruma məlumat verilməlidir.”
Neonatal ölüm
Neonatal ölüm diri doğuşdan sonra həyatın ilk 28 günündə (4 həftə ) baş vermiş körpə ölümüdür. Doğuşdan sonra baş vermiş neonatal ölümə ailənin və həkimin emosional reaksiyası, həmçinin, ölümün etiologiyası və araşdırılmasında bir çox oxşarlıqlar vardır. Erkən neonatal ölüm (doğuşdan sonrakı ilk 7 gün ərzində baş vermiş ölüm) doğuş prosesinin gözlənilməyən nəticəsi (məs., neonatal ensefalopatiya), postnatal pozuntular (məs., sepsis) və ya doğuşa qədər məlum olan və ya olmayan fatal (yəni ölümlə nəticələnən) anadangəlmə anomaliyalar səbəbindən baş verə bilər.
Qabaqlayıcı tədbirlər
Ölü doğuşun səbəblərini başa düşmək xüsusi əhəmiyyət kəsb edir. Şəkərli diabet, infeksiyalar, anadangəlmə anomaliyalar, piylənmə, ananın yaşının çox olması, tütünçəkmə, ciftin xəstəlikləri, pre-eklampsiya və ya dölün inkişafını əngəlləyən digər hallar hamiləliyin erkən pozulması, düşük və ölü doğuşlarla nəticələnir. Anamnezdə vaxtından əvvəl doğuş və ya bətndaxili inkişafın ləngiməsi olan qadınlarda növbəti hamiləliklər zamanı ölü doğuş riski daha yüksək olur. Müəyyən etnik qruplara mənsub olan və ya cəmiyyətin müəyyən təbəqələrinə aid olan qadınlar arasında ölü doğuş riski daha yüksəkdir. Bu risklər barəsində hələ hamiləlik planlaşdırıldıqda gələcək valideynlərlə müzakirə aparılmalı və prenatal dövrdə davam etdirilməlidir. Tibb müəssisələri və həkimlər hamiləlik və mamalıq ağırlaşmalarının təftişini aparmalı, hamiləliyin bu cür nəticələrini araşdırmalı və potensial alternativləri öyrənməlidirlər ki, gələcəkdə risklər asanlıqla müəyyən olunsun və qabaqlayıcı tədbirlər həyata keçirilsin.
Klinik halların sübutlu təbabət prinsiplərinə əsaslanan aparılması
Hamiləliyi aparan və doğuşa yardım göstərən əksər mütəxəssislər peşəkar fəaliyyətlərinin müxtəlif dövrlərində doğuşun arzuolunmaz nəticələri ilə qarşılaşırlar. Dölün bətndaxili ölümü diaqnozu, adətən, ana tərəfindən dölün bətndaxili hərəkətlərinin azalması və ya həkim tərəfindən aparılan müayinə zamanı dölün ürək döyüntülərinin eşidilməməsindən sonra qoyulur. İnkişaf etmiş ölkələrdə bu tapıntıların təsdiq edilməsi üçün USM istifadə edilir.
Əgər həkim dölün ölümündən şübhələnirsə, bu zaman valideynlər uzun müddət qeyri- müəyyənlikdə saxlanmamalı və diaqnozun təsdiqlənməsini çox gözləməməlidirlər. Fərdi təcrübədən asılı olaraq, US müayinəsi apararkən dölün ürək döyüntülərinin olmadığını müəyyən edən həkim həmin tapıntıların ikinci həkim tərəfindən təsdiq edilməsini xahiş edə bilər. Dölün ölümü təsdiq edildikdə bu haqda qadına onun həyat yoldaşı və ya digər münasib ailə üzvünün iştirakı ilə xüsusi ayrılmış otaqda məlumat verilməlidir. Qadın və onun ailəsi onlara çatdırılmış pis xəbəri dərk etməli və vəziyyətlə barışmaları üçün vaxt verilməlidir. Bəzən valideynlərin nə baş verdiyini anlamaları üçün bir neçə görüş keçirmək lazım gəlir. Valideynlərin vəziyyəti tam anladığına və onlara təqdim edilmiş məlumatı tam mənimsədiyinə əmin olmaq üçün informasiyanın onlara bir neçə dəfə təkrar verilməsi tələb oluna bilər. Həkim, həmçinin, çalışmalıdır ki, valideynlərlə görüşlər tələsik keçirilməsin, çünki əks təqdirdə bu həkimin tələsdiyini və valideynlərin qəmi və kədərini bölüşmədiyi fikrini yaradır.
Dölün bətndaxili ölümü təsdiqləndikdən sonrakı növbəti bir neçə gün ərzində doğuşun induksiyası təklif edilə bilər. Anada kəskin xəstəlik yoxdursa, tələsmək lazım deyil. Bu cür hallarda ya doğuşun induksiyası, ya da gözləmə taktikası seçilə bilər. Qeyd olunmalıdır ki, gözləmə taktikası psixoloji baxımdan daha əlverişli ola bilər. Təcrübəli mütəxəssis olduqda hamiləliyin ikinci trimestrində baş vermiş döl ölümü hallarında uşaqlıq boynunun genişləndirilməsi və aspirasiyası həyata keçirilə bilər. Doğuşun induksiyasının uzunmüddətli ləngiməsi (2 həftədən çox) anada koaqulopatiya riskini artırır. Yenicə diaqnostika olunmuş döl ölümü hallarında uşaqlıq boynunun açılmasına ethiyac yarana bilər. Prosedur üçün adekvat analgeziya/anesteziya təmin edilməli və doğuşla bağlı ananın istəyi nəzərə alınmalı və dəstəklənməlidir.
Bir çox qadınlar ölü körpənin doğulması ilə bağlı ciddi narahatlıq keçirirlər. Bəzi qadınlar bu mərhələdə qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını xahiş edə bilərlər. Daha əvvəl ikidən çox qeysəriyyə kəsiyi əməliyyatı və ya əvvəllər uşaqlığın vertikal (korporal) cərrahi kəsiyi ilə əməliyyat keçirmiş qadınlar istisna olmaqla, qeysəriyyə kəsiyi əməliyyatının ananın sağlamlığına potensial təhlükə yaratdığını nəzərə alaraq, doğuşun təbii yolla həyata keçirilməsi tövsiyə edilir. Əvvəllər bir və ya iki qeysəriyyə kəsiyi əməliyyatı keçirmiş qadınlarda uşaqlıq boynunun açılması və doğuşun induksiyasını təmin etmək məqsədilə prostoqlandinlərin təyini tələb oluna bilər. Əksər ailələr üçün tibbi qayğının davamiyyəti xüsusi önəm daşıyır.
Doğuş asfiksiyası və ya gözlənilməz neonatal xəstəlik səbəbindən neonatal ölümün baş verməsindən əvvəl əksər hallarda həmin yenidoğulmuşlara təxirəsalınmaz və təcili tibbi yardım göstərilir. Valideynlər aparılan reanimasiya tədbirlərinin şahidi ola bilər və ya körpənin intensiv terapiya şöbəsinə və ya müalicə otağına köçürüldüyü hallarda kənarda qala bilərlər. Prenatal dövrdə anomaliyanın olduğu təyin edilməmişdirsə, körpənin doğulduqdan sonra baş verən ölümü həkimlər və valideynlər üçün çox vaxt gözlənilməz olur. Ölü doğuş hallarında olduğu kimi neonatal ölüm hallarında da valideynlərə və digər ailə üzvlərinə qarşı şəfqətlə yanaşmaq, onların hislərini bölüşmək ilk məqamlarda tibbi qayğının əsasını təşkil etməlidir.
Mamalar, tibb bacıları, həkimlər (qayğıda iştirak etmiş rezident-həkimlər də daxil olmaqla), yenidoğulmuşların intensiv reanimasiya şöbəsinin həkimləri və sosial işçilərlə məlumatın paylaşılması çox önəmlidir. Bu, müxtəlif mütəxəssislər tərəfindən valideynlərə/ailəyə verilən məlumatın dürüstlüyünü və ardıcıllığını təmin etməyə imkan verir. Ölü doğuş hallarında analara qayğı göstərməkdə təcrübəsi olmayan və ya bu cür hallarla çox az rastlaşan şöbələr üçün standartlaşdırılmış protokolun tərtib edilməsi və ona riayət olunması faydalıdır. Körpəsini itirmiş ananın olduğu otağı xüsusi işarə ilə qeyd etməklə xəstəxana əməkdaşlarının, o cümlədən texniki işçilərin həmin otağa daxil olarkən baş vermiş hadisədən xəbərdar olmalarını və qadının istək və ehtiyaclarına çox həssaslıqla yanaşmalar təmin edə bilər.
37-ci həftədən sonra baş vermiş ölü doğuş hallarında körpənin qucağa alınması və onunla müəyən vaxt keçirmə ananın emosional baxımdan itki ilə daha tez barışması üçün faydalı ola bilər. 28 və 37-ci həftələr arasında baş vermiş ölü doğuş hallarında körpənin anaya qucaqda saxlamaq üçün verilməsinin faydası müəyyən olunmayıb. Bu məsələnin araşdırılması tələb olunur, lakin ehtiyatla və həssaslıqda həyata keçirildikdə bu valideynlər üçün emosional baxımdan faydalı ola bilər.
Aşağıda verilmiş şəkil 2-də ölü doğuşun etiologiyasının müəyyənləşdirilməsi ilə bağlı aparılması tövsiyə olunan müayinələr təqdim edilmişdir.
Hazırda ölü doğuşun etiologiyasının müəyənləşdirilməsi ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş və sübutlu təbabətə əsaslanan təlimat qaydaları yoxdur.
2012-ci ildə prospektiv çoxmərkəzli koqort tədqiqatdan məlum olub ki, autopsiya, ciftin müayinəsi, sitogenetik analizlər, ana-döl qanaxmasına görə analizlərin aparılması ilə ölü doğuşun baş verməsinin spesifik səbəbinin (etiologiyasının) müəyyənləşdirməsi ehtimalı daha yüksəkdir. Perinatal autopsiya bir çox ölkələrdə, o cümlədən ABŞ-da çox az istifadə edilir. Məsələn, perinatal autopsiya ABŞ-ın Yuta ştatının üçüncü səviyyə tibb mərkəzlərində yalnız 35% hallarda, birinci səviyyə şəhər-rayon xəstəxanalarında isə 13.3% hallarda aparılır.
Perinatal autopsiyanın qlobal miqyasda az istifadə olunmasının səbəblərinə maliyyə resurslarının çatışmazlığı, perinatal autopsiya sahəsində təcrübəli pataloqanatomların azlığı, autopsiyanın aparılmasına görə ödənişlərin olmaması və valideynlərin autopsiyanın faydasını anlamaması aiddir.
Amerika Mama və Ginekoloqlar Cəmiyyətinin 2009-cu ildə dərc etdiyi bülletendə ölü doğuşun etioloji səbəblərinin müəyyənləşdirilməsi təsvir edilib. Tövsiyə olunan tədqiqatlara amniosentez, fetal autopsiya, ciftin, göbək ciyəsinin, dölyanı qişaların müayinəsi daxil edilib.
Mama-ginekoloqların Kral Cəmiyyəti 2010-cu ildə Böyük Britaniyada Gec Bətndaxili Ölüm və Ölü Doğuşla bağlı təlimat qaydaları hazırlayıb və spesifik klinik hallardan asılı olaraq müayinəyə dair müvafiq tövsiyələr təqdim edib. Avstraliya və Yeni Zelandiyanın Perinatal Cəmiyyəti də ölü doğuşların etioloji səbəblərinin müəyyən edilməsinə dair 2009-cu ildə müvafiq klinik təlimat qaydaları dərc edib.
Həkimlər ölkələrində mövcud olan tövsiyələrə uyğun olaraq ölü doğuşların etioloji səbəblərinin araşdırılması imkanlarını valideynlərlə müzakirə etməlidirlər. Növbəti addımlar isə valideynlərin qərarı əsasında atılmalıdır.
Yuxarıda göstərilən müayinələrdən əlavə, körpənin fotoşəkillərinin çəkilməsi də vacibdir. Fotoşəkillərdə aşağıdakılar görünməlidir: körpənin bütöv bədəni, üz, ətraflar və ovucların ön və yan görünüşləri. Həmçinin, spesifik anomaliyaları əks etdirən foto şəkillər də çəkilməlidir. Bütün tapıntıların, xüsusilə də anomaliyaların sənədləşdirilməsi tələb olunur. Ailə üzvləri həkimin qeydləri ilə hansısa mərhələdə tanış olmağı istəyə bilərlər. Buna görə də, xəstəlik tarixində bütün yazılı qeydlər xüsusi həssaslıqla aparılmalıdır.
Növbəti hamiləliklərdə qadınlara qayğı göstərilməsi
Səbəbi məlum olmayan ölü doğuş hallarından sonra qadınlara göstərilən qayğının təşkilinə dair sübutlu təbabət prinsiplərinə əsaslanan rəhbər qaydalar azlıq təşkil edir. Səbəbi müəyyən olmayan ölü doğuş keçirmiş aşağı risk qrupuna aid qadınlar arasında növbəti hamiləliklərdə hamiləliyin 20-ci həftəsindən sonra ölü doğuşun baş verməsi riski hər 1000 doğuşa 7.5-dən 10.5-dək olur.
Əvvəlki hamiləliyin 39-cu həftəsinədək ölü doğuş keçirmiş qadınların növbəti ağırlaşmamış hamiləliyi dövründə erkən doğuşun induksiyasına dair qərar verərkən onun riski erkən və ya gec vaxtından əvvəl doğuş riski ilə müqayisə edilməlidir. Uşaq Sağlamlığı və İnsan İnkişafı üzrə Milli İnstitut və Ana-Döl Təbabəti Cəmiyyətinin 2011- ci ildə keçirdiyi seminardan sonra anamnezində hamiləliyin 39-cu həftəsinədək ölü doğuşu olmuş qadınların növbəti hamiləliklərində doğuşun induksiyası daha tövsiyə edilmir.
Uşaqlıq dibinin ölçülməsi zamanı ləngimə müşahidə olunursa və ya dölün inkişafı ilə bağlı narahatlıq varsa, hamiləliyin 28-ci həftəsindən başlayaraq dölün inkişafının davamlı müayinəsi USM ilə aparılmalıdır. Nəzərə alınmalıdır ki, dölün bətndaxili inkişafının ləngiməsi ölü doğuş riski ilə əlaqələndirilir (hər 1.0000 haldan 21.8-də ölü doğuş qeydə alınır). Amerika Mama-Ginekoloqlar Cəmiyyətinin tövsiyələrinə görə dölün davamlı monitorinqi hamiləliyin 32-ci həftəsindən və ya əvvəlki ölü doğuşun baş verdiyi hestasiya həftəsindən 1-2 həftə əvvəl başlanmalıdır. Antenatal müşahidə müddəti ərzində yalnış pozitiv nəticələrə əsasən aparılan müdaxilələr səbəbindən yatrogenik vaxtından əvvəl doğuş 1.5% hallarda baş verir.
Hamiləliyin 39-cu həftəsinədək planlaşdırılan doğuşun induksiyasından əvvəl dölün ağciyərlərinin yetişkənliyinin qiymətləndirilməsi üçün amniosentezin aparılması məqsədəuyğun deyildir. Belə ki, doğuşun induksiyasından əvvəl digər orqan sistemlərin tələb olunur. Lakin hamiləliyin 39-cu həftəsindən əvvəl doğuşun keçirilməsi həkim və xəstə tərəfindən planlaşdırılırsa, ağciyərlərin yetişkənliyinin yoxlanması nəzərdən keçirilə bilər.
Müəyyən edilmişdir ki, dölün bətndaxili hərəkətlərinin azalması hamiləliyin arzuedilməz nəticələri ilə bağlıdır. Buna görə də dölün hərəkətlərindən xəbərdar olmağın vacibliyini anaya anladılması, onu dölün bətndaxili hərəkətlərini monitorinq etməyə sövq edə bilər. Lakin təəssüf ki, dölün bətndaxili hərəkətlərinin monitorinqi ölü doğuşun profilaktikasında təsdiqini tapmayıb.
Emosional dəstək bütün tibbi xidmətlərin əsas komponenti olmalıdır. Antenatal müayinələrin tez-tez aparılması ölü doğuşun profilaktikasını təmin etməsə də, valideynlərdə əminlik hissi yarada bilər. Xüsusilə hamiləliyin sonlarına yaxın qadının narahatlıqlarına həssaslıqla yanaşmaq, həyəcan hissinin azaldılmasına yardımçı olmaq, qadını dinləmək çox vacibdir. Bir daha təkrar etmək lazımdır ki, tibbi qayğının davamlılığının təmin edilməsi xüsusilə faydalıdır.
İkinci trimestrdə ölü doğuşun aparılması
İkinci trimestrdə baş vermiş ölü doğuş zamanı valideynlər eyni emosional qayğı və dəstəyə ehtiyac duyurlar. Diaqnozun qoyulmasından sonra qadınlara ya doğuşun induksiyası, ya da dilyatasiya və evakuasiya (D&E) təklif edilə bilər. Bu üsullardan birinin seçimi ananın istəyi və bu sahədə təcrübəli mütəxəssisin əlçatan olmasından asılıdır. Ananın özü tərəfindən seçildikdə hamiləliyin dayandırılması üsulu ölü doğuş hallarında ananın itki ilə barışmasına təsir göstərmir. ABŞ-da ikinci trimestrdə baş verən ölü doğuşların əksəriyyəti dilyatasiya və evakuasiya ilə həyata keçirilir. Lakin ikinci trimestrin sonunda dölün anomaliyaları hallarında doğuşun induksiyası proseduru daha çox istifadə olunur. Doğuşun induksiyasının üstünlüyü və əlverişliyi ondadır ki, dölün anomaliyalarının yaxından müayinəsi mümkün olur və valideynlər körpəni görmək və qucaqlarında saxlamaq şansı əldə edirlər. Dilyatasiya və evakuasiya zamanı əldə olunmuş material xromosom müayinəsi üçün istifadə edilə bilər.
İkinci trimestrdə baş vermiş ölü doğuş hallarında doğuşun induksiyası məqsədilə vaginal və ya dilaltı misoprostolun təyin edilməsi effektiv hesab olunur. Anamnezdə aşağı köndələn kəsiklə aparılmış qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşu olan qadınlarda hamiləliyin 28-ci həftəsinədək misoprostolla doğuşun induksiyası təhlükəsizdir. Hamiləliyin 13-17-ci həftələrində hər 6-12 saatdan bir misoprostol 200 mkq dozada təyin olunur. Əgər ilkin dozadan sonra uşaqlığın adekvat yığılmaları müşahidə edilmirsə, misoprostolun dozası 400 mkq-a qaldırıla bilər. Hamiləliyin 18-26- cı həftələrində isə doğuşun induksiyası məqsədilə misoprostol hər 6-12 saatdan bir 100 mkq dozada verilir və əgər ilk dozadan sonra uşaqlıq əzələsinin yetərli yığılması baş vermirsə, doza 200 mkq-dək artırıla bilər. Əvvəl aparılmış cərrahi əməliyyatdan sonra uşaqlığında cərrahi çapıq olan qadınlarda doğuşun induksiyası üçün misoprostolun ən aşağı dozası istifadə edilir və ilk dozadan sonra uşaqlığın yığılmaları yetərli olmadıqda misoprostolun dozası artırılır.
Anomaliyaların (anadangəlmə qüsurların) prenatal diaqnostikası
Perinatal dövrdə dölün və ya körpənin itirilməsi hallarının valideynlərə və ailələrə təsiri çoxsaylı araşdırmalar vasitəsilə öyrənilir. Lakin perinatal dövrdə anadangəlmə qüsurların və ya dölün anomaliyalarının diaqnostikası və bu məlumat əsasında hamiləliyin dayandırılmasına dair qəbul edilən qərarların psixoloji təsirinin öyrənilməsinə dair çox az sayda araşdırmalar aparılır. Hərtərəfli məlumat verilmədikdə valideynlər anomaliyalara görə yoxlamanın aparılmasına dair məlumatlı qərar qəbul etməkdə çətinlik çəkirlər. Anomaliyalara görə skrininqin aparılmasından əvvəl valideynlərə həmin skrininq testləri və onların məhdudiyyətləri barədə ətraflı məlumat verilməlidir.
Hamiləliyin dayandırılmasına dair qərar qəbul etmiş valideynlərə təklif edilən məsləhət və emosional dəstəyin həcmi ölü doğuşla üzləşmiş valideynlərdə olduğu kimidir.
Anadangəlmə qüsur yaxud anomaliyası və ya əlilliyi olan körpə
Əlilliyi olan uşaqlara göstərilən qayğı valideynlər üçün ciddi stress faktoru ola bilər və bu stressin dərəcəsi uşaqda olan əlilliyin ağırlıq dərəcəsindən asılıdır. Əqli əlilliyi olan uşaqlara qayğı göstərən şəxslər (valideynlər), adətən, depressiyadan əziyyət çəkirlər. Depressiya isə ailənin üzləşdiyi maliyyə, sosial və fiziki stress faktorlarının nəticəsi ola bilər.
Anomaliya və ya əlilliklə doğulan körpələrin valideynləri bu fəsildə təsvir olunmuş eyni emosional dəstəyi almalıdırlar. Sübuta yetirilmişdir ki, ailə üzərində diqqətin cəmləşdirilməsi nəticəsində təmin edilən qayğı əlilliyi olan uşaqlı ailələri daha yaxşı dəstəkləməyə imkan verir. Ailə həkimi, adətən, uzun müddət ərzində həm ailəyə, həm də bir çox hallarda uşağa qayğı göstərən şəxsdir. Ailə həkimi ailənin ehtiyac duyduğu yardımı müəyyənləşdirmək və təmin etmək iqtidarında olur. Hər bir konkret haldan asılı olaraq valideynləri oxşar problemlərlə üzləşmiş digər ailələrdən ibarət dəstək qrupları və icma daxilində mövcud olan digər resurslar barədə məlumatlandırmaq tövsiyə edilir.
Ananın ağır xəstəliyi və ölümü
Bu fəsil daha çox döllə əlaqəli travmatik doğuş hallarının müzakirəsini əsas hədəf kimi seçsə də, ananın hamiləlik, doğuş və ya zahılıq dövründə inkişaf edən ağır xəstəlik və ya ölümü eyni dərəcədə əhəmiyyətlidir və hamıya çox ciddi təsir göstərir. Ananın ağır xəstəliyi bəlli olan yanaşı xəstəliklər, o cümlədən piylənmə və ya hipertoniya xəstəliyi ilə bağlı ola bilər. Bu, həmçinin, preeklampsiya və ya qanaxma kimi hamiləliyin müxtəlif ağırlaşmaları səbəbindən baş verə bilər. Yüksək riskli hamiləliklərin prenatal dövrdə aşkar edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki bu zaman həmin qadınların müvafiq səviyyəli tibb müəssisələrinə yönəldilməsi təmin edilə bilər.
Bütün mamalıq xidmətləri göstərən tibb müəssisələri ağır qanaxma, anada qıcolmalar və sepsis kimi təxirəsalınmaz və təcili halların müayinə və müalicəsinə hazırlıqlı olmalıdırlar. Reanimasiya və intensiv terapiya xidmətləri əlçatan olmayan tibb müəsissələrində tətbiq edilən sübutlu təbabətə əsaslanan protokollar həkimlərin fəaliyyətini yönəltməyə yardım edə bilər. Tədqiqatlar göstərir ki, mamalıqda təxirəsalınmaz və təcili halların idarə olunması (müayinə və müalicəsi) ilə bağlı müntəzəm praktik məşğələlərin keçirilməsi real hallarda daha yaxşı nəticələrin əldə edilməsinə xidmət edir.
İnkişaf etmiş ölkələrdə ana ölümü nadir hallarda baş verir və çox zaman gözlənilməz olur. Guman edilir ki, piylənmə hallarının artması və qeysəriyyə kəsiyi əməliyyatı ilə aparılan doğuşların artması səbəbindən ana ölümündə azalma daha müşahidə edilmir. Avstraliyada ana ölümü gözlənilməz hadisədir və ana ölümü hallarının sayı azdır.
Lakin bununla yanaşı, Avstraliyada hamiləliklə bağlı hər iki həftədə 1 qadın ölümü baş verir. ABŞ-da 2006-2007-ci illərdə hər 100.000 diri doğuşa hamiləliklə bağlı 15.1 ana ölümü düşürdü. Ana ölümü ailə, cəmiyyət və hamiləliyin aparılmasında iştirak etmiş tibb işçilərinə böyük təsirə malikdir. Hamilə qadınların qayğısında və doğuşda iştirak etmiş tibb işçilərinin ana ölümü ilə üzləşməsi onların şəxsi və peşəkar münasibətlərinə əhəmiyyətli təsir göstərir.
Bu fəsil daha çox körpənin ölümü ilə bağlı ailələrin ehtiyacları və bu ehtiyacların ödənilməsi məsələlərini hədəf götürsə də, ana ölümü ilə üzləşmiş ailələrin ehtiyaclarının müəyyən edilməsi və qarşılanması eyni prinsiplərə söykənir.
Səhiyyə işçiləri
Travmatik doğuş və ya hamiləliyin arzuolunmayan nəticələri ilə üzləşmiş həkimlər çox vaxt iki məqamdan həyəcan hissi keçirirlər: 1) həmin arzuolunmayan nəticələrin hamiləlik, doğuş və ya zahılıq dövründə onların göstərdikləri qayğı zamanı nəyisə unutduqları səbəbindən baş verməsi və ya 2) onların hərəkətlərinin bu cür nəticələrə gətirib çıxarmasıdır. Körpə və ya ana ölümü hallarında tibb işçilərinin hiss etdikləri kədər və qəmin dərəcəsi düzgün dəyərləndirilməlidir.
Bir çox keyfiyyətli tədqiqatlar perinatal itki ilə əlaqədar həkimlərin hisslərini araşdırmışdır. Bu tədqiqatların əsas nəticələrindən biri bu olmuşdur ki, həkimlərin çoxu özünü təqsirkar hiss edir. Onlar düşünürlər ki, həkimlərin əsas vəzifəsi həyatın xilas edilməsidir, ölümün müşahidə edilməsi deyil. Ölü doğuş keçirmiş qadınlara qayğı göstərən mamalarda təqsirkarlıq hissinə tez-tez rast gəlinir. Özünə inamın azalması, özünü günahlandırma və depressiya da həkimlər arasında tez-tez qeydə alınıb.
Digər geniş yayılmış reaksiyalardan biri də rasionallaşdırmadır. Bu zaman tibbi heyət baş vermiş halın çətin və kədərli aspektlərini və öz hislərini nəzərdən keçirmək əvəzinə onları müvəqqəti olaraq yaddaşın “dərin qatında” gizlədir. Buna daha çox iş yükü çox olan müəssisələrdə rast gəlinir. Bu cür şəraitdə hadisənin baş verdiyini etiraf etmək, kədərlənmək və onlara təsirini qiymətləndirmək üçün az vaxt qalır. Həllini tapmamış şəxsi problemlər də yuxarıda təsvir edilmiş hallarda həkimlərin davranışına təsir göstərmiş olur.
Tibb işçilərinin rifahının qorunması baxımından tətbiqi mümkün olan bir sıra faydalı strategiyalar mövcuddur. Bunlara hadisənin icmalı və refleksiya, emosional və praktik dəstək, məsləhət xidmətlərinə çıxışın əldə edilməsi, ilkin və davamlı təhsil və təlim, institusional siyasət və qaydalar daxildir.
ICMAL VƏ REFLEKSİYA
Baş vermiş faciə və onun təsiri ilə bölüşmək üçün müvafiq şəxslərin müəyyən edilməsi çox faydalı ola bilər. Qadına hamiləlik dövründə göstərilmiş qayğının müxtəlif aspektlərinin həmkarlarla birlikdə müzakirəsi çox vacibdir. Bir çox xəstəxanalarda və digər müvafiq səhiyyə müəssisələrində baş vermiş perinatal ölüm hallarının müzakirəsi üçün xüsusi iclaslar keçirilir. Bu iclaslarda ölü doğuş və neonatal ölüm keçirmiş qadınlara göstərilmiş tibbi qayğının aspektləri müzakirə edilir. Bu iclaslar göstərilən qayğının bütün aspektlərini qorxusuz və sərbəst şəkildə müzakirə etməyə həkimlərə imkan verir və baş vermiş hadisənin qarşısının alınması üçün hansı addımların atıla biləcəyini araşdırmağa şərait yaradır. Gələcəkdə oxşar halların baş verməsi riskinin azaldılması üçün siyasətlərdə və praktik fəaliyyətdə tələb olunan dəyişikliklər də müzakirə edilməlidir.
Hamilə qadınlara tibbi xidmət göstərən həkimlərin narahatlıq keçirdikləri digər bir məqam da var ki, bu da baş vermiş hallarda qanunla mühakimə olunma qorxusudur. Bu məsələ də müvafiq qaydada müzakirə edilməlidir ki, həkimlərin gələcək fəaliyyətinə mənfi təsir göstərməsin.
Emosional və praktik dəstək
Həmkarlarından emosional və praktik dəstək çox əhəmiyyətlidir. Dəstəkləyici mühitdə işləyən həkimlər daha yaxşı, daha effektiv xidmət göstərir və praktik fəaliyyətlərinin yaxşılaşdırılması üçün müvafiq dəyişikliklər etməyə hazır olurlar.
Vaxtın çatışmazlığı digərlərini dəstəkləmək və ya dəstək almaqda əsas maneələrdən biri kimi qeyd edilir. Tibb müəssisələrinin rəhbərlikləri perinatal itki yaşamış qadına və onun ailəsinə qayğı göstərən əməkdaşların müəyyən edilməsi və onların adekvat yardım və dəstək almasına əmin olmalıdırlar. Tibbi komandanın hər bir üzvünün qayğısına qalmaq da çox önəmlidir.
Perinatal itki yaşamış ailələrlə işləyən mamaların öz işlərindən məmnunluq dərəcəsi işlədikləri tibb müəssisəsində gördükləri dəstəyin səviyyəsindən asılıdır. Həmin xəstəxanalarda kədərçəkmənin və qəmetmənin vacibliyinin tanınması və perinatal itki ilə üzləşmiş ailələrə göstərilən qayğının davamlılığının təmin edilməsi xüsusi əhəmiyyətə malikdir.
Məsləhət xidmətlərinin əlçatanlığı
Bəzi tibb müəssisələri yaxınlarının itkisi ilə bağlı məsləhət və emosional dəstək göstərən məsləhətçilər ştatına malikdirlər və onların fəaliyyəti çox faydalıdır. Bu cür məsləhət xidmətləri qrup və fərdi şəkildə göstərilə bilər. Özünə dəstək qrupları, müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət komandanın iclasları və bu sahədə təlim keçmiş şəxslərlə məlumatın paylaşılması kimi strategiyalar həkimləri müvafiq dəstəklə təmin edə bilər. Perinatal itkinin şahidi olmuş tibb işçiləri keçirdikləri bütün güclü emosiyaları geridə qoymaq üçün ilk növbədə daxili rahatlıq əldə etməlidirlər.
İlkin və davamlı təhsil və təlim
Yenicə mamalıq xidmətində çalışmağa başlamış həkimlər və digər tibb işçiləri perinatal itki ilə üzləşmiş ailələrə qayğının göstərilməsi sahəsində müvafiq təcrübəli mütəxəssis dəstəyinə ehtiyac duya bilərlər. Perinatal itki yaşamış ailələr də tibbi heyət üçün nəzərdə tutulmuş təlim və təhsil proqramlarında iştiraka cəlb edilməlidirlər. Bura, həmçinin, ünsiyyətin qurulması ilə bağlı təlimlər, pis xəbərin çatdırılmasına dair rol oyunları və perinatal itki yaşamış ailələrə baş sağlığının verilməsi kimi bacarıqların tədrisi də daxil ola bilər. Nəyi söyləməyi bilmək və deyilməsi lazım olanları söyləməkdə cəsarətli olmaq kimi məsələlər də təlim proqramlarına daxil edilməlidir.
Perinatal itkinin və kədər prosesinin emosional və psixoloji aspektləri, habelə kədərə dair nəzəri biliklərin aşılanmasına xüsusi diqqət yetirilməlidir. Tələbələr çox zaman perinatal itki ilə üzləşmiş ailələrlə işin aparılmasından kənarlaşdırılmış olurlar və bu, həmin tələbələrin müdafiəsi məqsədilə edilir. Bəzən bu cür “müdafiəedici” tədbirlərin faydası olsa da, tələbələr perinatal itki keçirmiş ailələrlə iş təcrübəsi əldə etməmiş olurlar. Tələbələr təcrübəli həkimin nəzarəti altında perinatal itki ilə üzləşmiş ailələrə qayğı göstərməkdə klinik təcrübə qazanma imkanı əldə etməlidirlər.
Təhsil və təlim təkcə ilkin təhsil üçün vacib sayılmır və davamlı tibbi təhsilin və professional inkişafın tərkib hissəsi olmalıdır.
İnstitusional siyasət və qaydalar
Perinatal itki yaşamış ailələrə qayğı göstərən tibb heyəti (xüsusilə də, kadr çatışmazlığından əziyyət çəkən müəssisələrdə) bəzən artıq yüklənmiş olur. Buna görə də xəstəxanalar və digər səhiyyə müəssisələri tibbi heyətə kömək etmək üçün müvafiq siyasətlər və qaydalar işləyib hazırlamalıdırlar.
Birləşmiş Krallıqda qüvvədə olan qanunvericiliyə əsasən mamalıq xidmətlərinə rəhbərlik edən mütəxəssislər tərəfindən hamiləliyin və doğuşun arzuolunmaz fəsadları ilə üzləşmiş mamalara peşəkar dəstək göstərilməlidir. Həmin rəhbər mütəxəssislər həmkarlarını dinləməli, onlara müvafiq məsləhətlər verməli və dəstək olmalıdırlar. Bu cür yanaşma həkimlərə baş verənləri mənimsəmək və onlardan dərs almaq üçün imkan yaradır, habelə onları bürüyən emosiyaları anlamaq və baş verənlərlə barışmaq üçün şərait yaradır. Həmin emosiyalar tam dərk edilmədikdə uzun müddət qala bilir.
Travmatik doğuşdan sonra keçirilən hislərdən xəbərdar olmaq vacibdir. Tibb mütəxəssisləri sağlam ana və uşaq üçün çalışır və faciəvi nəticələrlə qarşılaşdıqda dərin məyusluq və kədər hissi keçirirlər. Özünü müdafiə etmək və ya hərəkətlərinə bəraət qazandırmaq və ya kədər hissini azaltmaq üçün baş verənlərdə şəxsi səhvləri axtarmaq və ya etiraf etmək heç də məqbul deyil. Bütün hallarda qadın və onun ailəsi ilə baş verənlər haqqında fikirlərlə bölüşmək həkimin öz qərarından asılıdır. Hər bir situasiya fərqli olsa da, bu valideynlərin çəkdiyi qəm və kədəri minimuma endirə və ya azalda bilər.
XÜLASƏ
Travmatik doğuş və ya doğuşla bağlı faciəvi nəticələr qadın, onun ailə üzvləri, tibb işçiləri və mamalıq xidmətinin əməkdaşlarına ciddi təsir edir. Bu hallarda alınmış emosional travma, şəxsi məsuliyyət hissi və mühakimə olunma qorxusu ailələrə göstərilən qayğı prosesini çətinləşdirir. Tibb işçiləri travmatik doğuş keçirmiş qadınlara və onların ailə üzvlərinə diqqətli, şəfqətli və empatik qayğı göstərməlidirlər. Qarşılıqlı ittiham və günahlandırmalar heç zaman faydalı deyil və əksinə, itki və kədərin bölüşmə və onunla barışma prosesini ləngidə və ya qarşısını ala bilər. Bu fəsilə dair klinik hallar həkimləri və digər tibb işçilərini travmatik doğuş hallarının düzgün idarə olunmasına hazırlaya bilər.
Qlobal və az resurslu ölkələrdə travmatik doğuş
İnkişaf etmiş ölkələrdən fərqli olaraq inkişaf etməkdə olan ölkələrdə qadınlar travmatik doğuş halları ilə daha tez-tez qarşılaşırlar. Travmatik doğuş hallarının daha tez-tez baş verməsinə baxmayaraq, hər bir itkinin ağır potensial nəticələri nəzərə alınmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etməkdə olan ölkələrdə də travmatik doğuşla üzləşmiş qadınlara göstərilən qayğıya dair sübutlu təbabətə əsaslanan təlimatlar azdır.
Yuxarıda qeyd olunduğu kimi travmatik doğuş keçirmiş qadınlara və onların ailələrinə göstərilən qayğının əsasını sosial dəstək təşkil edir. Əgər travmatik doğuş xəstəxana hüdudlarından kənarda baş verirsə, bu zaman əsas dəstək ailə və icma tərəfindən göstərilə bilər. Xəstəxanada baş verən perinatal itki hallarında həkimlər ailələrin mədəni və dini adətlərindən xəbərdar olmalı və qayğını müvafiq qaydada onlara uyğunlaşdırmalıdırlar. Mümkün olan bütün hallarda yanlış anlaşılmanın qarşısını almaq üçün tərcüməçilərin cəlb edilməsi məqsədəuyğundur.