Giriş
Dəri və yumşaq toxuma infeksiyaları epidermis, dermis və dərialtı toxumanın indurasiyası, eriteması, istiliyi və ağrı ilə xarakterizə olunan infeksiyasıdır. Bu infeksiya müxtəlif patogen mikroblar tərəfindən törədilə bilər. Ağır infeksiya hallarında xəstədə müxtəlif sistemli əlamətlər və simptomlar, o cümlədən, yüksək hərarət, üşütmə, halsızlıq, taxikardiya və hipotenziya müşahidə edilə bilər. İnfeksiyanın törədiciləri arasında aerob qram-pozitiv kokklar, xüsusilə də, streptokokklar və Qızılı Stafillokokk (S.aureus) və həmçinin MRSA (metisilin rezistent S.aureus), geniş yer alır. Diabetli xəstələrin ayaqlarında müşahidə edilən yaralar, insan və heyvan dişləmələri və yumşaq toxumaların nekrotikləşən infeksiyaları isə adətən polimikroblu olur və anaerob və aerob, o cümlədən, qram neqativ orqanizmlərin kombinasiyası tərəfindən törədilir.
Dəri və yumşaq toxuma infeksiyalarının diaqnostikası bəzən çox çətin ola bilər. Çətinliyin bir hissəsi də törədici mikrobların müəyyən edilməsinin mürəkkəbliyi ilə bağlıdır. Burada aşağıda dəri və yumşaq toxuma infeksiyalarının antibiotik müalicəsinə dair təlimat əks etdirilib.
Ümumi müalicə prinsiplərinə dair tövsiyələr
- Formalaşmış və fluktuasiya edən absesin cərrahi kəsiklə açılması və drenaj edilməsi müalicənin əsasını təşkil edir və bütün mümkün olan hallarda aparılmalıdır.
- Əgər absesin açılması zamanı və ya mövcud olan hər-hansı yaradan drenaj olduqda, əldə olunan maye nümunəsi qram yaxma və mikrobioloji əkmə və antibiotiklərə həssaslığın yoxlanması məqsədilə laboratoriyaya göndərilməlidir. Sellulit olduqda dəri nümunələrinin əkilməsi tələb olunmur. Sellulit hallarında və həmçinin dərinin səthi yaralarından əldə olunmuş nümunələrin əkilməsi əksər hallarda dərini kolonizasiya edən bakteriyaları müəyyən edir
- Xəstəxanadankənar MRSA (xk-MRSA metisilin rezistent S.Aureus) infeksiyası aşağıdakı risk faktorları olan xəstələrdə nəzərdən keçirilməlidir. Lakin, nəzərə almaq lazımdır ki, heç bir risk faktoru olmayan xəstələrdə də MRSA infeksiyası mümkündür.
- MRSA infeksiyasının anamnezdə olması və ya MRSA ilə kolonizasiya
- Təkrarlanan və ya tez-tez baş verən dəri infeksiyaları
- Yaxınlarda antibiotikdən istifadə
- Sıx yaşayış şəraiti (məs., cəzaçəkmə müəssisələri və ya küçədə yaşayanlar)
- İcmada MRSA infeksiyasının geniş yayılması
- Dəri və yumşaq toxuma infeksiyaları yüngül, orta dərəcəli və ya ağır dərəcli infeksiyalara bölünür.
- Yanaşı xəstəlikləri olmayan (məs., diabet, köklük, HİV) xəstələrdə yüngül dərəcəli infeksiya sadə cərrahi kəsik aparmaqla drenajın təmin olunması ilə müalicə edilə bilər. Oral antibiotiklərin verilməsi mütləq şərt olmasa da, infeksiya ocağının drenajı mümkün olmadıqda və ya infeksiyanın tutduğu sahə 5 sm-dən böyük olduqda, antibiotiklərin verilməsi nəzərdən keçirilməlidir.
- Orta dərəcəli infeksiyası olan (həmin xəstələrdə sistem əlamətlər müşahidə edilir və ya onlarda yanaşı xəstəliklər mövcud olur) xəstələrin müalicəsi üçün Streptokokk və stafillokokk, habelə MRSA-ya qarşı aktiv olan antibiotiklərin verilməsi tələb olunur.
- Ağır dərəcəli infeksiyası olan xəstələrdə əsasən hemodinamikanın qeyri-stabilliyi müşahidə edilir və onların hospitalizasiyası tələb olunur. Yumşaq toxumanın nekrotikləşən infeksiyası olan xəstələrin hamısı xəstəxanaya yatızdırılmalıdır. Ağır dərəcəli infeksiyası olan xəstələrdə qandan və yara sahəsindən əkmə üçün nümunə götürüldükdən sonra müalicə geniş spektrli antibiotiklərlə başlanmalıdır. Antibiotiklər həm də MRSA, anaerob və qram neqativ orqanizmləri də əhatə etməlidir. Bəzi hallarda cərrahın və infeksionistin cəlb edilməsi tələb oluna bilər. Bütün hallarda nəzərə almaq lazımdır ki, infeksiyanın müalicəsinin ən efektiv metodu - mənbə mövcud olduqda, onun açılıb təmizlənməsi və ya drenajıdır.
- Fiziki müayinə ilə uzlaşmayan həddən artıq kəskin ağrı xəstədə nekrotikləşən yumşaq toxuma infeksiyasının olmasına işarə edə bilər. Bu xəstələr dərhal cərrah tərəfindən müayinə edilməli və hospitalizasiya olunmalıdırlar.
- Aşağı və yuxarı ətrafların yumşaq toxuma infeksiyalarının müayinəsi cərrah və yaralara qayğı göstərən mütəxəssislər tərəfindən aparılmalıdır. Ətrafların xilasının mümkün olub olmamasının təyin edilməsi də həmin mütəxəssislər tərəfindən aparılmalıdır.
- Kliniki cəhətdən stabil olan, 24 saatdan çox hərarəti olmayan və oral qidalanması yaxşı olan xəstələrdə İV antibiotiklər per oral antibiotiklərə dəyişdirilə bilər.
- Dəri və yumşaq toxuma infeksiyası olan xəstələrin və onların ailə üzvlərinin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, MRSA olan xəstələrin evə yazılmasında, antibiotiklər və digər verilmiş dərmanların sonadək qəbul edilməsinin vacibliyi bir daha izah edilməli, xəstənin evdə müalicəsi davam etdirilənədək onunla kontaktda olanların əl gigiyenası (əllərin daim sabunla yuyulması və ya əlcəkdən istifadə) qaydalarına riayət etməsinin vacibliyi vurğulanmalıdır.
Antibiotik seçimi
- Antibiotiklərin xəstənin risk faktorlarından və yanaşı xəstəliklərindən (məs., neytropeniya, diabet, sirroz) və infeksiyanın yaranma mexanizmində (məs., insan və it dişləməsi, venadaxili inyeksion narkotiklərdən istifadə) asılı olaraq təyin edilməlidir. Ağır xəstələrin və xüsusilə də, həyata təhlükə törədən infeksiyalarda, habelə reanimasiya şöbəsində olunan xəstələrin müalicəsinin optimallaşdırılması üçün infeksionistin cəlb edilməsi nəzərdən keçirilə bilər.
- Dəri və Yumşaq Toxuma İnfeksiyalarının əksəriyyəti qram pozitiv mikroblara qarşı aktiv olan per oral (məs., cefalexin, dicloxicillin və clindamycin) və venadaxili (məs., cefazolin, ceftriaxon, vankomycin) antibiotiklərlə müalicə oluna bilər.
- MRSA infeksiyası nəzərdən keçirildikdə empirik olaraq per oral antibitiok kimi TMP-SMX (baktrim) və doxycycline və venadaxili alternativ kimi vancomycin və ya daptomycin (əgər vankomycinə əks göstəriş varsa) istifadə edilə bilər.
- Əldə edilmiş toxuma nümunəsinin əkilməsindən streptokokk və stafillokokklar çıxırsa və onların beta-laktam antibiotiklərə həssaslığı varsa (məs., cefalexin, dicloxicillin), xəstənin müalicəsinin beta-laktam antibiotiklərlə davam etdirilməsinə üstünlük verilməlidir.
- Qrup A streptokokk (QAS) sellulitin əsas törədicilərindəndir və infeksiyanın QAS tərəfindən törədilməsi nəzərdən keçirildikdə (və ya tsədiqləndikdə) müalicə ona qarşı aktiv olan clyndamycin və ya beta-laktam antibiotiki ilə aparılmalıdır.
- Linezolid MRSA da daxil olmaqla, bir sıra rezistent qram müsbət mikroblara qarşı effektivliyi malik olan per oral antibiotikdir. Lakin, bu antibiotik empirik olaraq və ya birincili terapiya kimi istifadə edilməməlidir. Linezolidin istifadəsi nəzərdən keçirildikdə, infeksionistin konsultasiya tövsiyə edilir.