XOAX-ın kəskinləşməsinin təxirəsalınmaz müalicəsi

Ümumi məqamlar

  • XOAX-ın (xronik obstruktiv ağciyər xəstəliyinin) kəskinləşməsi daha çox infeksiya (virus və ya bakteriya) səbəbindən baş verir. 
  • Differensial diaqnostika: pnevmoniya, ürək çatışmazlığının kəskin dekompensasiyası, ağ ciyər emboliyası, pnevmotoraks

 

Kliniki əlamətlər

Əsas simptomlar: təngənəfəsliyin artması, öskürək, bəlğəmin gətirilməsi

 

Diaqnostik testlər

  • Nəbz oksimetriyası ilə xəstənin saturasiyası monitorinq edilməlidir
  • Arterial qandan qazların təyin edilməsi mühüm addımdır
  • Döşün roentgen görüntüsü əldə edilməlidir və pnevmoniya, ürək çatışmazlığı və pnevmotoraks istisna edilməlidir. 
  • QÜA, elektrolitlər və böyrək funksiyasını müəyyən etmək üçün laborator analizlər əldə edilməlidir. 
  • EKQ əldə olunmalıdır.

 

Farmakoterapiya

  • Əlavə oksigenin verilməsi kəskin terapiyanın mühüm komponenti hesab edlir. Oksigenin verilməsi ilə aşağıdakı hədəflərə nail olmaq tələb olunur: arteriyal qanda oksigenin parsial təzyiqinin (PaO2) 60-70 mm c.s. və oksihemoqlobinin saturasiyasının 90-94% olması. Yüksək FiO2 adətən tələb olunmur və hiperkapniyaya səbəb ola bilər (əgər xəstənin yüksək FiO2-ya ehtiyacı müşahidə edilirisə, bu zaman XOAX-la yanaşı digər alternativ diaqnozlar istisna edilməlidir (məs., ağ ciyər arteriyasının emboliyası). 
  • İnqalyasiyalı beta aqonist (məs., albuterol 2.5 mq nebulayzer vasitəsilə)
  • İnqalyasiyalı antixolinerqik preparat (məs., ipratropium 500 mikroqram nebulayzerlə)
  • Sistem steroidlər (məs., metilprednizolon 60 mq IV)
  • Antibiotik terapiyası: Levofloksasin (750 mq IV) və ya ehtimal edilən patogendən asılı olaraq müvafiq alternativ antibiotik (burada psevdomonas infeksiyası, MRSA və həmçinin rezistentlik də nəzərə alınmalıdır)

 

QİPTV (qeyri-invaziv pozitiv təzyiqli ventilyasiya)

  • Orta və ağır dərəcəli kəskinləşmə hallarında məqsədə uyğundur
  • Əgər təcili və ya təxirəsalınmaz intubasiyaya ehtiyac yoxdursa
  • QİPTV-ya əks göstərişlər: mental statusun ağır dərəcədə pozulması, ağız suyunun təmizlənməsində çətinlik çəkən və aspirasiya riski yüksək olan xəstələr
  • İlkin olaraq QİPTV aşağıdakı kimi tətbiq edilir: inspiratory təzyiq 8 sm H2O (15 sm H2O-dək qaldırıla bilər) və ekspirator təzyiq 3 sm H2O.

 

Monitorinq və ilkin müdaxilələr

  • Oksigenin saturasiyası, ürək ritmi və həyat göstəricilərinin davamlı monitorinqi aparılmalıdır
  • İki periferik venoz kateter qoyulmalıdır

  

Endotraxeal intubasiya

  • Farmakoterapiya və qeyri-invaziv ventilyasiyanın tətbiqi ilə respirator çatışmazlığın aradan qaldırılmaması və ya qeyri-invaziv ventilyasiyaya əks-göstəriş olduqda, xəstənin intubasiyası təmin edilməlidir.

  

Xəstənin yerləşdirilməsi

Xəstənin hospitalizasiya olunmasına təsir edən meyarlar: 

  • Yüksək riskli yanaşı xəstəlikləri olan xəstələr (pnevmoniya, ürək aritmiyası, ürək çatışmazlığı, diabet, böyrək və qaraciyər çatışmazlığı) 
  • İlkin terapiya nəticəsində simptomların yaxşılaşmaması
  • Təngənəfəsliyin artması
  • Qida qəbul etmə və ya yuxuya getməkdə ciddi çətinliklərin olması 
  • Hipoksemiya və ya hiperkapniyanın pisləşməsi.