GİRİŞ.
Nəcisin saxlaya bilməməsi çox ağır bir simptomdur və xəstələrin özünə inamına, şəxsi imicə xeyli təsir göstərir və bir çox hallarda xəstələrin sosial təcridinə səbəb olur.
Nəcisin saxlaya bilməməsinin tərifi: 3 yaşdan yuxarı olan şəxslərdə ən azı 1 ay ərzində nəcisin (>10 ml) davamlı və ya təkrar olaraq nəzarətsiz çıxmasıdır. Nəcisin saxlaya bilməməsi iki böyük qrupa bölünə bilər:
- Nəcisin kiçik dəcərəli saxlaya bilməməsi: nəzarətsiz bağırsaq qazının çıxması və ya alt paltarın sulu nəcislə qismən çirklənməsi.
- Nəcisin böyük dərəcəli saxlaya bilməməsi: bağırsaqların iradəsiz boşaldılması.
ANATOMİK MƏQAMLAR.
Nəcisin iradəsiz çıxmaması bir çox faktorlardan - əqli funksiya, nəcisin həcmi və xüsusiyyəti, yoğun bağırsaq üzrə tranzit, düz bağırsağın genişlənmə bacarığı, anal sfinkterin funksiyası, anorektal zonada hissiyat və anorektal reflekslərdən - asılıdır. Anorektumda nəcisin saxlaya bilmə bacarığına imkan verən anatomik maneələrə rektum, daxili və xarici anal sfinkter və puborektalis əzələsi daxildir.
Normal defekasiyanın təmin edilməsinə imkan verən proseslər çox mürəkkəbdir və nəcisin rektuma daxil olmasında başlayan bir sıra ardıcıl baş verən hadisələrdən ibarətdir. Nəcisin rektuma daxil olmasından sonra rektumun genişlənməsi daxili anal sfinkterin relaksasiyasına səbəb olur. Siqmoid bağırsaqdan rektuma nəcisin daxil olması davam etdikcə bağırsaqların boşaldılmasına olan çağırışlar artmış olur. Defekasiya arzu olunduqda isə anorektal bucaq iradə altında düzəlir (insan çömələrək oturduqda) və gücənməklə qarındaxili təzyiq artır. Bu proseslərin nəticəsində çanaq dibi aşağı enir, rektumun sıxılması və xarici anal sfinkterin inhibisiyası baş verir və rektumun mənfəzində olan nəcis bayıra evakuasiya edilir.
Rektosiqmoid birləşmə. Rektosiqmoid birləşməsinin refleks əsaslı yığılması siqmoid bağırsağa böyük həcmdə nəcis kütləsinin daxil olması zamanı baş verir. Bununla da nəcisin bir başa rektuma keçməsi əngəllənir. Bu refleks həm də bəzən "rektosiqmoid birləşməsinin qoruyucu refleksi" adlanır.
Rektum. Rektumda 3 fərqlənən aypara (semilunar) formalı selikli gişa qırışları vardır ki, bunlar da rektumun həcmini müəyyənləşdirir. Daxili təzyiqi əhəmiyyətli dərəcədə artırmadan rektum adətən 300 ml-dək nəcis kütləsini özündə yerləşdirmək qabiliyyətinə malikdir. Nəcisin həcmi 300 ml-dən çox olduqda isə rektumdaxili təzyiq artır və insanda bağırsaqların boşaldılmasına çağırış hissi əmələ gəlir.
Daxili anal sfinkter. Daxili anal sfinkter qalınlaşmış dairəvi saya əzələ qatıdır və enterik sinir sistemi tərəfindən innervasiya olunur. Daxili anal sfinkter normada daimi tonik yığılma halında olur. Rektumun genişlənməsinə cavab olaraq daxili anal sfinkter müvəqqəti olaraq boşalır. Bu refleksə anorektal inhibisiya refleksi deyilir. Anorektal inhibisiya refleksinin rolu dəqiq məlum olmasa da, düşünülür ki, bu refleks rektumda toplanmış nəcisin kiçik bir qisminin anal kanala keçməsinə imkan verir və nəcisin xüsusiyyətini (qaz, sulu və ya bərk nəcis) təyin etməyə yardım edir. İleoanal anastomozu olan xəstələrdə nəcisin saxlaya bilməsi funksiyası pozulmamış qalmasını nəzərə alsaq, qeyd edilə bilər ki, nəcisin saxlaya bilməsi bacarığında anorektal inhibisiya refleksinin rolu çox azdır.
Xarici anal sfinkter və puborektalis əzələsi. Xarici anal sfinkter və puborektalis əzələsi nəcisin saxlaya bilmə bacarığının iradəli komponentləridir. Belə ki, bu əzələlər skelet (eninəzolaqlı) əzələ növündən ibarətdir və somatik innervasiyaya (xarici anal sfinkter cinsiyyət siniri (n.pudendus) tərəfindən və puborektalis əzələsi isə S3-S4 sinirlərinin çanaq şaxələri ilə innervasiya olunur) malikdir. Fərqli innervasiyaya malik olmaqlarına baxmayaraq, xarici anal sfinkterlər puborektalis əzələsi vahid bir birlik kimi fəaliyyət göstərir.
Xarici anal sfinkterin yığılması anal kanalda daxili təzyiqi təxminən iki dəfə artırmış olur. Lakin bu təzyiq bir neçə dəqiqə ərzində həmin səviyyədə saxlana bilər. Onurğa beyin refleksi nəticəsində qarındaxili təzyiqin kəskin artması zamanı (məs., öskürək, ağırlıq qaldırma) xarici anal sfinkterin yığılması baş verir və beləliklə bağırsaqların iradəsiz boşalmasına imkan vermir.
Puborektalis əzələsi çanaq diafraqmasının tərkib hissəsidir. Çanaq diafraqması levator ani, pubococcygeus, ileococcygeus və puborektalis əzələlərindən ibarətdir. Puborektalis əzələsi qasıq (os pubis) sümüyünün qövsündən başlanır, rektumun arxasına keçir və rektumun o biri tərəfinə keçərək yenidən qasıq sümüyünün qövsünə qayıdır. Beləliklə, puborektalis əzələsi anorektum ətrafında bir ilgək yaradır. Qeyd etmək lazımdır ki, puborektalis əzələsi ilə yanaşı levator ani əzələsinin disfunksiyası nəcisin saxlaya bilmə qabiliyyətinə daha böyük təsir göstərir.
PATOFİZİOLOGİYA.
Nəcisin saxlaya bilməməsi bir çox faktorlar və bir sıra müxtəlif proseslərin pozulması səbəbindən baş verə bilər. Məsələn, anal sfinkterlərin disfunksiyası, rektumun komplayansı və ya nəcis kütləsini özündə yerləşdirmə bacarığının pozulması, rektal hissiyatın azalması və ya həmin sadalanmış pozuntuların kombinasiyası nəcisin saxlaya bilməməsinə səbəb ola bilər. Nəcisin saxlaya bilməməsi adətən çoxfaktorludur və eyni xəstədə bir sıra faktorlara rast gəlmək olur. Sadalanmış mexanizmlərdən hər hansınınsa mülayim dərəcədə pozulması adətən nəcisin saxlaya bilməməsi ilə nəticələnmir. Belə ki, digər mexanizmlər itirilmiş və ya pozulmuş funksiyanı kompensasiya etmə bacarığına malikdir.
Anal sfinkterlərin disfunksiyası. Uşaq doğuşu və ya anal kanalda aparılan cərrahi müdaxilə, diabet və ya onurğa beyin zədələnməsi səbəbindən yaranmış nevroloji pozuntular, və ya infiltrativ proseslər nəticəsində baş verən anal travma səbəbindən anal sfinkterlərin təzyiqi azalmış olur.
Vaginal doğuş. Vaginal doğuş nəticəsində nəcisin saxlaya bilməməsi ya dərhal doğuşdan sonra, ya da bir çox il sonra müşahidə edilə bilər. Çox zaman bu anal sfinkterin cırılması və ya cinsiyyət sinirinin (n.pudendus) travması nəticəsində baş verir. Bir sıra araşdırmaların nəticəsində məlum olmuşdur ki, ilk hamiləlikdən uşaq doğmuş qadınların 27-35%-də endoskopik US müayinəsi ilə anal sfinkterin müxtəlif dərəcəli defektləri müəyyən edilir. Lakin, bu qadınların yalnız 30%-i simptomatik olmuşdur. Çoxsaylı doğuş keçirmiş qadınların isə 40%-də anal sfinkterin zədələnmələri müəyyən edilir. Araşdırmalar onu da göstərmişdir ki, nəcisin saxlaya bilməməsi ilə yanaşı qadınlarda bağırsaqların (rektumun) boşaldılmasına çağırış da patoloji dərəcədə artmış olur.
Ümumiyyətlə, hər hansı bir vaginal doğuşdan sonra nəcisin saxlaya bilməməsindən əziyyət çəkən və ya doğuşdan sonra 4-cü dərəcə perineal cırılma və ya anal sfinkterin travmasını almış qadınlarda növbəti vaginal doğuşlardan sonra nəcisin saxlaya bilməməsinin daha da pisləşməsi müşahidə edilir. Buna görə də, nəcisin saxlaya bilməməsi baxımından yüksək risk altında olan (əvvəlki doğuşdan sonra tikilmə tələb edən anal sfinkter və ya perineal cırılma almış və ya əvvəlki doğuşdan sonra nəcisin saxlaya bilməməsindən əziyyət çəkən) qadınlarda növbəti hamiləliklərdə keysəriyyə kəsiyi ilə doğuşa üstünlük verilə bilər. Vaginal doğuş zamanı sıxacların istifadəsini tələb edən və ya doğuşun ikinci fazasının uzun çəkdiyi qadınlarda nəcisin saxlaya bilməməsi riski daha yüksək olur.
Doğuş zamanı baş verən sinir zədələnməsi doğuşdan sonra illər keçdikdə belə nəcisin saxlaya bilməməsinə səbəb ola bilər. Doğuş zamanı sinir zədələnməsi daha çox sıxaclardan istifadə edildikdə, yenidoğulmuşun çəkisi yüksək olduqda, doğuşun ikinci fazası uzun müddət davam etdikdə və dölün oksipito-posterior yerləşməsi hallarında baş verir. Çoxsaylı doğuşlar sinir zədələnməsinə risk faktor deyildir.
Cərrahi travma. Anal sfinkter və ya ətraf strukturlarda aparılan cərrahi müdaxilələr nəticəsində də nəcisin saxlaya bilməməsi inkişaf edə bilər. Məsələn, anal fistulalar, hemorroidlər və ya anal çatların müalicəsi üçün botulinum toksinin inyeksiyası nəticəsində də nəcisin saxlaya bilməməsi yarana bilər.
Diabet. Diabeti olan xəstələrdə daxili anal sfinkterin istirahətdə təzyiqi azalmış olur və bu nəcisin saxlaya bilməməsinə səbəb ola bilir. Diareya (ishal) da diabet nəticəsində inkişaf edən vegetativ neyropatiya səbəbindən yarana bilər və diabetli xəstələrdə nəcisin saxlaya bilməməsinə təsir göstər bilər.
Rektumun nəcis kütləsini yerləşdirmək (komplayans) və ya nəcisin daxil olması zamanı genişlənmək bacarığının pozulması. Rektumun nəcislə dolması nəticəsində rektumun dolu olmasından xəbər verən və bağırsaqların boşaldılmasına (defekasiya) dəlalət çağırış hissi yaranır. Rektumun komplayansının azalması bağırsaqların boşaldılmasına olan çağırışların əmələ gəlməsinə və onların tezliyinin artmasına səbəb olur. Buna səbəb isə rektumun nəcis kütləsinin yerləşdirilməsi qabiliyyətinin pozulmasıdır. Anal sfinkter normal olduqda belə, həmin xəstələrdə nəcisin saxlaya bilməməsi inkişaf edə bilər. Rektumun komplayansının azalmasına səbəb olan faktorlara xoralı proktit və şüalanma nəticəsində inkişaf edən proktit daxildir.
Rektumda hissiyatın pozulması. Rektumdaxili hissiyatın pozulması müxtəlif səbəblərdən yarana bilər. Məs., diabet, yayılmış skleroz, demensiya, meninqomiyelosele və onurğa beyin zədələnmələri rektumdaxili hissiyatın pozulmasına səbəb ola bilər. Bir daha xatırlatmaq lazımdır ki, ileo-anal anastomoz qoyulmuş xəstələrdə (yəni proktektomiya və ya rektumun çıxarılmasından sonra) nəcisin saxlaya bilməsi funksiyası pozulmamış qalır. Bu isə onu göstərir ki, rektumdaxili hissiyata cavabdeh reseptorlar guman ki, rektumda deyil, çanaq dibində yerləşir.
Nəcisin tıxanması. Nəcisin tıxanması daha çox ahıl yaşlı, demensiyası olan, hərəkətsiz və ya immobilizasiya olunmuş, rektumdaxili hissiyatı azalmış, maye və pəhriz liflərindən az istifadə edən xəstələrdə müşahidə edilir. Nəcisin tıxanması daxili anal sfinkterin daimi inhibisiyasına səbəb olur və sulu nəcis tıxanmış nəcisin ətrafından sızaraq nəcisin saxlaya bilməməsinə səbəb olur.
İdiopatik. İdiopatik səbəblərdən nəcisin saxlaya bilməməsi daha çox orta yaşlı və ya ahıl yaşlı qadınlarda müşahidə edilir. Bir çox hallarda dəqiq səbəb müəyyən edilməsə də, mülahizə etmək olar ki, səbəb oma (n.sacrales) sinirləri və cinsiyyət sinirinin (n.pudendus) dartınması nəticəsində çanaq dibi əzələlərinin denervasiyasından irəli gəlir. Həmin sinirlərin dartınması isə uzanmış vaginal doğuş, defekasiya zamanı gücənmə və ya anizmus (sfinkterlərin dissinergiyası və ya çanaq dibi sindromu) səbəbindən yaranır.
MÜAYİNƏ.
Nəcisin saxlaya bilməməsindən əziyyət çəkən və ya şikayətlənən xəstələrin müayinəsi ilkin olaraq detallı anamnezin toplanmasından və daha sonra fiziki müayinə və spesifik testlərin aparılmasından ibarətdir.
Anamnez. Xəstə ilə aparılan müsahibənin əsas məqsədi nəcisin saxlaya bilməməsinin doğrudan mövcud olduğunu və onun ağırlıq dərəcəsinin müəyyən edilməsindən ibarətdir. Doğru nəcisin saxlaya bilməməsi nəcisin iradəsiz itirilməsi olmadan müşahidə edilən bağırsaqların boşaldılmasına olan çağırışların artmasından fərqləndirilməlidir. Bağırsaqların boşaldılmasına olan çağırışların artması əsasən iltihablı xəstəliklərdə, qıcıqlanmış bağırsaq sindromu və çanağın şüalanması nəticəsində baş verə bilər. Bu cür hallarda xəstələrdə nəcisin iradəsiz itirilməsi müşahidə edilmir.
Bundan sonra nəcisin saxlaya bilməməsinin nə zaman başladığı, davam etmə müddəti, gündə və ya həftədə neçə dəfə baş verməsi, ağırlıq dərəcəsi, nəcisin saxlaya bilməməsinə təsir edən amillər və ya gida növü, vaginal doğuş tarixçəsi, anorektal cərrahiyyə, çanağın şüalandırılması, diabet, nevroloji xəstəliklər barədə suallara cavab əldə edilməlidir. Həmçinin, simptomların ishalla əlaqəli olub olmaması da təyin edilməlidir.
Fiziki müayinə. Fiziki müayinədə perianal (anal dəliyi ətrafı) sahənin müayinəsi və barmaqla rektal müayinədən ibarət olmalıdır. Perianal dərinin xarici müayinəsində xroniki davam edən nəcisin saxlaya bilməməsinə işarə edən kimyəvi dermatit, fistula, prolaps olmuş hemorroid düyünlər və ya rektal prolapsın olub olmaması müəyyən edilməlidir. Perianal sahədə hissiyatın qiymətləndirilməsi anal-dəri refleksinin yoxlanması ilə aparılmalıdır. Anal-dəri refleksi üçün anal dəliyi ətrafı sahənin azacıq iti obyektlə qıcıqlandırılması və xarici anal sfinkterinin yığılmasının müşahidə edilməsi tələb olunur. Anal-dəri rekfleksi anal dəliyin hər iki tərəfində yoxlanmalıdır. Bu refleksin müəyyən edilməməsi sinirlərin zədələnməsi və onurğa beyindən keçən refleks qövsünün pozulmasından xəbər verir.
Barmaqla rektal müayinədə anal kanalda hər hansı bir patologiyanın olub olmaması (məs., nəcisin tıxanması və ya kütlə) və anal sfinkterin istirahətdə tonusu (normada daxili anal sfinkterin davamlı tonik yığılması müşahidə edilir) yoxlanmalıdır. Rektum daxilinə barmaq yeritdikdə xəstədə sanki bağırsaqların boşaldılmasına cəhd etmək xahiş edilməlidir. Rektumda olan barmağa qarşı müqavimətin dərəcəsini hiss etməklə puborektalis əzələsinin hərəkəti və hərəkət bucağı, çanaq dibinin enməsi və yığılma təzyiqini təxminən də olsa qiymətləndirmək olur. Lakin, nəzərə almaq lazımdır ki, fizki müayinənin bu hissəsi həkimin təcrübəsindən asılıdır və heç də həmişə obyektiv diaqnostik müayinələrin (anal manometriya) nəticələri ilə üst-üstə düşmür.
Diaqnostik prosedurlar. Anamnez və fiziki müayinə nəticəsində nəcisin saxlaya bilməməsi probleminin etiologiyasına dair təxmini fikirin formalaşdırılması mümkün olur və bunun nəticəsində müvafiq diaqnostik müayinələrin seçilməsinə imkan verir. Lakin, bütün hallarda əksər xəstələrdə distal yoğun bağırsağın və anusun qatlanan siqmoidoskopiya və anoskopiya və ya kolonoskopiya ilə müayinəsinin aparılması tövsiyə edilir. Bunu etməklə selikli gişanın iltihabını, anorektumda və kolonda kütlənin olub olmadığını, və ya digər oxşar patologiyanın istisna edilməsi mümkün olur. Həmçinin, diareya və ya ishalı olan xəstələrdə digər testlərin, məs, nəcisin analizi və kolonoskopiyanın, aparılması zəruri ola bilər. İshala səbəb olan dərman preparatlarının nəzərdən keçirilməsi də tələb olunur.
Anorektal funksiyanın spesifik komponentlərini qiymətləndirilməsi üçün müxtəlif digər testlər də mövcuddur. Bunlara aşağıdakılar aiddir.
Anorektal manometriya. Anorektal müayinə ilə aşağıdakı parametrləri - istirahət zamanı maksimal anal təzyiq, anal sfinkterin yığılmasının davam etdiyi müddət və amplitudası, rektoanal inhibisiya refleksi, rektumun dolması nəticəsində hissiyatın yaranması və gücənmə zamanı rektal və anal təzyiqləri - müəyyən etmək olur. Yüksək rezolyusiyalı anorektal manometriya daha dəqiq nəticələr verir.
Anorektal manometriyada anal sfinkter təzyiqinin aşağı olmasının müəyyən edilməsi anal sfinkterin defektindən xəbər verir. İstirahət zamanı anal kanal daxili təzyiqin aşağı olması isə daxili anal sfinkterin disfunksiyasına işarə edir. Lakin, anal sfinkterin yığılması təzyiqinin aşağı olması isə xarici anal sfinkterin disfunksiyasından xəbər verir. Xarici anal sfinkterin yüksək dərəcəli zəifliyi olan xəstələrdə rektal prolapsın olma ehtimalı yüksək olur.
Rektumdaxili hissiyatın qiymətləndirilməsi üçün anorektuma yerləşdirilmiş balonun ardıcıl doldurulması ilə hissiyatın hansı həcmdə (minimum həcm və ya hədd) ilk dəfə baş verməsi, rektumun boşaldılmasına çağırışın hansı həcmdə baş verməsi və ağrı hissinin (dözülə bilən maksimal həcm) hansı həcmdə baş verməsi müəyyən edilə bilər.
Anorektal inhibisiya refleksinin təyini üçün isə daxili anal sfinkterin (adətən 20 ml) relaksasiyasına səbəb olan həcmin müəyyən edilməsi tələb olnur. Lakin, eyd edilməlidir ki, anorektal inhibisiya refleksininnəcisin saxlaya bilməməsində rolu əsas deyildir.
Cinsiyyət sinirinin terminal latentliyi. Cinsiyyət sinirinin terminal latentliyinin yoxlanması üçün oturaq sümüyün tininə yaxın keçən cinsiyyət sinirinin elektrodla qıcıqlandırılmasından sonra xarici anal sfinkterin hansı müddətdən sonra yığılmasını təyin etmək tələb olunur. Normada ləngimə 2.0 millisaniyəyə bərabərdir. Cinsiyyət sinirinin terminal latentliyinin uzanması sinirin zədələnməsinə işarə edir. Lakin, yenə də, cinsiyyət sinirinin latentliyinin yoxlanması testinin nəticəsi testi keçirən həkimin təcrübəsindən asılıdır.
Endorektal US müayinəsi və MRT görüntüləməsi. Anal sfinkterlərin, rektumun divarının və puborektalis əzələsinin struktur pozuntuları endorektal US müayinəsi və ya MRT ilə daha detallı müəyyən edilə bilər. Xarici anal sfinkterin defektinin müəyyən edilməsində MRT ilə EUS eyni effektivliyə malik olsa da, endorektal EUS daha ucuz başa gəlir. Xatırladaq ki, daxili anal sfinkterin defekti istirahət zamanı təzyiqin aşağı olması ilə müşaiyət edilirsə, xarici anal sfinkterin defekti hallarında anal sfinkterin yığılması təzyiqi aşağı olur. Həmçinin, EUS və ya MRT-də xarici anal sfinkterin təyin olunan defektinin ölçüsü ilə sfinkterin maksimal yığılması ilə yaranan təzyiq tərs mütanasibdir.
Şəkil. Endorektal US müayinəsi - norma. İS - daxili sfinkter (internal), ES - xarici sfinkter (external).
Şəkil. Endorektal US müayinəsi. Kiçik qara oxlarla İS - daxili sfinkterin defektləri göstərilib; böyük ağ oxlarla ES - xarici sfinkterin defekti göstərilib.
Anamnez və ya manometriyanın nəticəsində xəstədə sfinkterin zədələnməsinə şübhə olduqda, endorektal EUS-in aparılması diaqnozun dəqiqləşdirilməsinə imkan verir. Həmçinin EUS müayinəsi daxili və xarici anal sfinkterlərin anatomik defektlərinin təyin edilməsidə ən az invaziv prosedur hesab edilir.
Defekoqrafiya. Defekoqrafiyanın aparılması üçün rektum daxilinə pasta formasında barium yeridilir. Bu zaman xəstə oturaq şəkildə olarkən anorektal zonanın anatomik xüsusiyyətləri istirahət və gücənmə zamanı radioqrafik görüntülərə alınır. Defekoqrafiya anorektal bucağın ölçülməsində, çanağın enmə dərəcəsinin qiymətləndirilməsində və gizli və ya daha böyük rektal prolapsın olub olmadığını təyin etməkdə yardımçı ola bilər. Lakin, nəcisin saxlaya bilməməsindən əziyyət çəkən xəstələrdə defekoqrafiyanın faydası azdır.
Şəkil. Anal kanalın sadə defekoqrafiyası (rentgen).
Ənənəvi defekoqrafiyaya alternativ olaraq MRT-defekoqrafiya aparıla bilər. MRT-defekoqrafiya ilə çanaq dibi anatomiyasına dair daha detallı məlumatın əldə olunması mümkündür.
Şəkil. Anal kanalın MRT-defekoqrafiyası.
Anal sfinkterlərin zədələnməsi sadə MRT ilə də görüntülənə bilər.
Şəkil. Anal kanalın MRT görüntüsü. İS - daxili sfinkter (internal), ES - xarici sfinkter (external), V - vagina.
Elektromioqrafiya. Anal sfinkterin elektromioqrafik aktivliyinin təyin edilməsi üçün səthi elektrod və ya batırılan iynədən istifadə edilə bilər. Elektromioqrafiya əsasən neyrogen və ya miopatik zədələnməsi olan xəstələrdə nəcisin saxlaya bilməməsinin müayinəsində faydalı ola bilər. Lakin, endorektal US müayinəsinin daha geniş tətbiqi EMQ-ya olan ehtiyacı xeyli azaltmışdır.
MÜALİCƏ TƏDBİRLƏRİ.
Nəcisin saxlaya bilməməsinin müalicəsində 3 növ terapiya geniş istifadə edilir: tibbi, bioloji əks əlaqə (biofeedback) və cərrahi.
Tibbi terapiya. Tibbi terapiyanın əsas hədəfi bağırsaqların boşaldılması sayının azaldılması və nəcisin formasının yaxşılaşdırılmasıdır. İshal əleyhinə dərmanlardan başqa, heç bir digər spesifik preparatların faydası tam təsdiq olunmayıbdır.
- İshalı olan xəstələrdə ishala səbəb olan xəstəlik və ya amillərin korreksiyası və ya müalicəsi tələb olunur.
- Formalaşdırılmış nəcisin kontrol edilməsi daha asandır. Nəcisin ümumi kütlə həcmini artıran preparatların (məs., metilselluloza gündə 1-2 masa qaşığı) qəbulu ilə nəcisin formasını yaxşılaşdırmaq olar. Xüsusilə də, nəcisin həcmi az olan, sulu nəcisi olan xəstələrdə nəcisin kütlə həcmini artıran preparatların faydası daha çox olur. Lakin, nəzərə almaq lazımdır ki, rektumun komplayansı (şüalanma nəticəsində proktit və ya rektal daralması olan xəstələrdə) aşağı düşmüş xəstələrdə bu tədbirlər nəcisin saxlaya bilməməsi problemini daha da pisləşdirə bilər.
- Bağırsaqların gün ərzində boşaldılması sayının azaldılması məqsədilə ishal əleyhinə preparatların istifadəsi faydalı ola bilər. Nəcisin saxlaya bilməməsi ilə əlaqədar rektumun boşaldılmasına olan çağırışların azaldılmasında loperamid difenoksilatdan daha effektiv hesab edilir və mərkəzi sinir sistemi ilə bağlı yan təsiri daha az olur. Loperamidin digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, o daxili anal sfinkterin tonunu artırır və rektumun komplayansını yaxşılaşdırır.
- Antixolinergik preparatlar (məs., hiossiamin) yemək qəbulundan əvvəl qəbul edilə bilər və yemək qəbulu zamanı nəcisin iradəsiz sızmasından əziyyət çəkən xəstələrdə faydalı ola bilər.
- Nəcisin tıxanmasından əziyyət çəkən xəstələrdə bağırsaqlaırn boşaldılması/tıxanmanın korreksiyası aparılmalı və bir daha baş verməməsi üçün nəcis yumşaldıcıları və ya bağırsağı işlədən preparatlarla profilaktik müalicə aparılmalıdır.
- Əqli funksiyanın pozulması və ya fiziki əlillik səbəbindən nəcisin saxlaya bilməməsindən əziyyət çəkən xəstələrə bağırsaqların gün ərzində mütamadi olaraq boşaldılması proqramının tətbiqi ilə yardım etmək olar.
- Məhdud kliniki təcrübəyə əsaslanaraq, idiopatik nəcisin saxlaya bilməməsindən əziyyət çəkən xəstələrdə trisiklik antidepressant amitriptilinin aşağı dozasından istifadə tövsiyə edilə bilər. Amitriptilinin təsiri guman ki, rektal motor komplekslərinin amplitudası və yaranması tezliyinin azaldılması və nəcisin yoğun bağırsaqla keçmə müddətinin uzadılması ilə bağlıdır.
- Fenilferin - selektiv alfa-1 adrenergik aqonistdir və nəcisin saxlaya bilməməsi probleminin müalicəsində istifadə edilib. Anal sfinkteri bir başa gel formasında qoyulduqda, fenilefrin anal sfinkterin tonunu artırır. Beləliklə, daxili anal sfinkteri normal olan lakin istirahətdə anal təzyiqi aşağı olan xəstələrdə fenilefrin faydalı ola bilər.
- çanaq dibinin eninəzolaqlı və ya skelet əzələlərinin yığılmasının yaxşılaşması
- rektumun genişlənməsinin daha yaxşı hiss etmə bacarığının güclənməsi
- nəcisin saxlaya bilməsi bacarığını təşkil edən hissiyat və əzələ gücü komponentlərinin koordinasiyasının yaxşılaşdırılması.
- sfinkterin bir başa bərpası
- sfinkterin arxa hissəsinin plikasiyası
- süni sfinkterin implantasiyası
- elektrik stimulyasiya və ya stimulyasiyasız əzələ transferi proseduru.
Dekstranomer-hiyaluronik turşu. Dekstranomer-hiyaluronik turşu (Solesta) əsasən sidiyin saxlaya bilməməsi hallarında istifadə edilir. Lakin artıq bir neçə ildir ki, bu preparat həm də nəcisin saxlaya bilməməsi və ya anal saxlamamanın müalicəsində istifadə edilir. Preparat 4 dəfə 1 ml həcmdə dişcikli xətdən 5 mm yuxarıda anal kanalın selikaltı gişasına inyeksiya olunur. Əgər 4 həftədən sonra yaxşılaşma qeyd olunmasa, bu zaman ikinci dəfə eyni həcmdə inyeksiya aparıla bilər.