Hidradenit irinli və ya Acne İnversa: diaqnostika, klinika və cərrahi müalicə

KLİNİKA.

Hidradenit cinsi yetkinlik yaşından əvvəl heç zaman müşahidə edilmir. Qadınlarda hidradenit daha çox rast gəlinir. Xəstəliyin kliniki əlamətlərinə aşağıdakılar aiddir: apokrin vəzlər olan bədən hissələrində dərinin irinləşməsi və səthi fistulaların əmələ gəlməsi, xəstəliyi məruz qalmış dəri sahələrində ödem və indurasiyanın baş verməsi. Apokrik vəzlərin olduğu bədən hissələrindən birində - aralıqda (perineumda) hidradenit daha geniş yayılmış olur və bəzən onun perianal Kron xəstəliyi, anorektal fistula, vərəm və anogenital xərçəngdən ayırmaq xeyli çətinləşmiş olur. İrinli hidradenit zamanı aralıq, qoltuqaltı, vulva (kiçik və böyük dodaqlar, vaginanın dəliyi) və ya qasıq zonasının dərisində furunkullar, indurasiya, karbunkullar və irinli sinuslar müəyyən edilir. Həmin sinuslardan xaric edilən ifrazat adətən nazik, sulu və pis qoxlu olur. Hidradenit aknenin və ya sızanaqların bir formasıdır.

Şəkil. Aralığın (perineum) hidradeniti.

 

SƏBƏBLƏR.

Guman edilir ki, hidradenitin əmələ gəlməsi hormonal fonun dəyişməsi ilə əlaqədardır. Bunu təsdiq edən fakt ondan ibarətdir ki, hidradenit cinsi yetkinlik yaşından əvvəl müşahidə edilmir. Hidradenitin patoloji fizologiyasının əsasını isə apokrin vəzlərin axarlarının keratinlə oklyuziyası təşkil edir. Apokrik axarların oklyuziyası apokrin vəzlərin sekresiyalarının xaric edilə bilməməsi və ikincili infeksiyanın qoşulması nəticəsində fibrozlaşmanın, irin xaric edən sinusların formalaşması və indurasiyanın əmələ gəlməsinə səbəb olur.

 

DİAQNOSTİKA.

Hidradenit diaqnozu qasıq zonasında və qoltuqaltında olan patoloji dəri dəyişikliklərinin görüntüsü əsasında qoyulur. Şübhə olduqda isə zədələnmiş dərinin kəsilib götürülməsi və histo-patoloji müayinəyə göndərilməsi tövsiyə edilir.

Şəkil. Qoltuqaltının hidradeniti. Görüntüdə fibrozlaşma, indurasiya və həmçinin lokal irin yığınları görünür. 

 

MÜALİCƏ.

Müalicəyə dair qərar əsasən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq qəbul edilir. Xroniki indurasiya və bəzən irinli ifrazatı olan xəstələrin bir qismi cərrahi müdaxilədən imtina etmiş olur. Hidradenitin cərrahi müalicəsi isə çox vaxt böyük dəri hissələrinin rezeksiyasını tələb edir, heç də həmişə uğurlu olmur və bəzən xəstələrdə xəstələnmə (morbidlik) hallarının artmasına və hospitalizasiya müddətinin uzanmasına səbəb olur. Aşağı dozada olan antibiotiklərlə uzun müddət müalicənin aparılması ikincili infeksiyalaşmanın profilaktikasına yardım edir. Lakin, bunun əks effekti ondan ibarətdir ki, uzun müddətli antibakteriyal profilaktika nəticəsində bir çox antibiotiklərə rezistent orqanizmlər əmələ gəlir və həmin rezistent flora ilə superinfeksiya baş verə bilir. Alternativ olaraq, qısa müddətli antibiotik kursu ilə xəstəliyin kəskinləşməsi və ya ikincili infeksion ağırlaşma hallarının müalicəsi aparıla bilər. Abses kimi formalaşmış irin yığımları isə drenaj olunmalıdır.

Şəkil. Qoltuqaltının hidradeniti.

 

Vaxt keçdikcə, bəzi hallarda xəstəlik tədricən səngiyir və yoxa çıxır, lakin yerində fibrozlaşmış toxuma qalır.

Cərrahi müdaxilənin effektiv olması üçün bütöv apokrin vəz daşıyan sahənin rezeksiyası tələb olunur. Yəni fibrozlaşmış, irin xaric edən sinuslar və fistulalar olan dəri və dərialtı toxuma tam olaraq kəsilib götürülməlidir. Perianal hidradenit hallarında cərrahi rezeksiyadan sonra qalan yara açıq saxlanılır və qranulyasiya toxumasının yaranması vasitəsilə sağalır. Bir çox hallarda VAC və ya vakum yardımı ilə neqativ təzyiqin tətbiqi ilə yaraların sağalması tezləşdirilə bilər. Dərin və ya böyük həcmli yaraların sağalması üçün plastik cərrahların cəlb olunması ilə dəri transplantasiyasının aparılması tövsiyə oluna bilər. Alternativ olaraq əzələ-dəri (miocutaneous) fleplerinin (məs, qarının düz əzələsi və ya incə əzələdən (m.qracilis) götürülmüş flep) istifadəsi ilə dərin defektin bərpası təmin oluna bilər.

Şəkil. Perineal (aralığın) hidradenitin cərrahi müalicəsi: geniş lokal rezeksiya və yaranın açıq saxlanması. Bu qrup xəstələrdə əməliyyatdan öncə kolostomanın qoyulması faydalı ola bilər. 

 

Ağır dərəcəli perianal hidradenitdə geniş cərrahi rezeksiya tələb olunduqda, əvvəlcədən laproskopik və ya açıq yolla yayındırıcı kolostomanın qoyulması tövsiyə oluna bilər. Bunu etməklə yara sahəsinin təmiz saxlanması və sağalmasına imkan yaradılması, habelə sonradan dəri transplantasiyasının aparılması təmin oluna bilər.