GİRİŞ.
Qaraciyər ən çox zədələnən abdominal orqandır. Qaraciyərin əksər zədələnmələri yüngül olur və konservativ müalicə ilə spontan sağalır. Burada konservativ müalicə xəstənin müşahidəsi və bir sıra hallarda arterioqrafiya və embolizasiyanın istifadəsindən ibarət olur. Buna baxmayaraq, qaraciyər zədələnmələrin 14%-də cərrahi müdaxilənin aparılması tələb olunur.
QARACİYƏR ANATOMİYASI.
Qaraciyər iki paya (sağ və sol) və daha sonra damar və ya öd axarlarının gedişatına uyğun olaraq 8 seqmentə bölünür. Həmin seqmentlərə çıxışın əldə edilməsi üçün müxtəlif bağların (lig.coronarium hepatis dextrum et sinistrum, lig.triangulare dextrum et sinistrum) kəsilməsi ilə qaraciyərin tam mobilizasiyası sayəsində mümkündür.
Qaraciyərin xarici, arxa kənarından və üzərində olan şırımlardan başqa seroz qişa – lat. tunica seroza ilə örtülüdür. Bu qişa lat. tunica fibrosa (capsula fibrosa Glissoni) adlanan sərt birləşdirici toxuma qatı vasitəsilə qaraciyərə bitişmişdir. Seroz qişa olmayan nahiyyələrdə lifli qişa çox qalındır və qaraciyər qapısından qapı venasının şaxələri ilə bərabər qaraciyərə daxil olub onları müşayiət edir. Qaraciyərin seroz qişası diafraqmaya və qonşu üzvlərə keçdikdə bir neçə bağ əmələ gətirir:
- Qaraciyərin orağabənzər bağı – lat.ligamentum falciforme hepatis,
- Sağ və sol tac bağlar – lat. lig. coronarium hepatis dextrum et sinistrum,
- Sağ və sol üçbucaq bağlar – lat. lig. triangulare dextrum et sinistrum,
- Qaraciyər – böyrək bağı – lat. lig. hepatorenalis,
- Qaraciyər – mədə bağı – lat. lig. hepatogastricum,
- Qaraciyər – onkibarmaq bağırsaq bağı – lat. lig. hepatoduodenale,
- Qaraciyər – çənbər bağırsaq bağı – lat. lig. hepatocolicum.
Bunlardan üç əvvəlinciləri qaraciyəri diafraqmaya və yerdə qalanı mədəyə, onikibarmaq bağırsağa, sağ böyrəyə, çənbərbağırsağa təsbit edir. Tac bağlar ilə qaraciyər-böyrək bağı bir qatdan, başqaları isə iki qatdanəmələ gəlmişdir.
Qaraciyərin fiksasiya olunması: arxa kənarını diafraqmanın aşağı səthinə bitişdirən birləşdirici toxumadan, sıx surətdə öz şaxələri ilə qaraciyərin parenximasına birləşmiş aşağı boş venadan, qaraciyərin tac bağından, qarın basması təzyiqindən asılıdır.
Qaraciyərin qan təchizatı iki mənbədən - portal vena və qaraciyər arteriyaları - təmin edilir. Portal vena dalaq venası (v.lienalis) ilə yuxarı müsariqə venasının (v.mesenteric superior) birləşməsi ilə əmələ gəlir və qaraciyərin 80%-ni qanla təchiz edir. Qaraciyərin yerdə qalan hissəsinin qanla təchizatı isə qaraciyər arteriyaları vasitəsilə təmin edilir.
QARACİYƏRİN KT GÖRÜNTÜLƏMƏSİNİN OXUNMASINI ASANLAŞDIRAN SXEM.
Şəkil. KT görüntüləməsində qaraciyər seqmentlərinin müəyyən edilməsi.
Şəkil. KT görüntüləməsində qaraciyər seqmentlərinin müəyyən edilməsi.
Şəkil. Qaraciyərin seqmentar anatomiyası.










