Giriş.
Barett ezofaqusu dedikdə yuxarı mədə-bağırsaq endoskopiyasında ezofaqusun normal epitelium qatının metaplastik dəyişməsi başa düşülür. Bu dəyişikliyin mövcudluğu əldə olunmuş biopsiya materialının histo-patoloji müayinəsində bağırsaq metaplaziyasının müəyyən edilməsilə təsdiq edilir. Baret ezofaqusunu əhəmiyyəti onun qida borusu adenokarsinomasına çevrilməsi riskidir. Qida borusunun adenokarsinoması son illərdə sayı artan və yüksək mortaliteyə malik olan bir xərçəngdir. Barett ezofaqusunun endoskopiya vasitəsilə müəyyən edilməsi, həmin xəstələrin sonradan müvafiq monitorinqini aparmağa və displaziyanın erkən müəyyən edilməsinə imkan verir.


Epidemiologiya.
Barett ezofaqusu qastro-ezofaqal reflyuksu olan xəstələrin 10-20%-də müşahidə edilir. Eyni zamanda, reflyuks simptomlarından şikayətlənməyən xəstələrin bir qismində digər səbəblərdən aparılan endoskopiyada Barett ezofaqusu müəyyən edilə bilər.

Histopatoloji dəyişikliklər.
Xroniki zədələnməyə məruz qalan normal epiteli tədricən Ezofaqitə səbəb olur. Ezofaqit öz növbəsində Metaplaziya və ya Barrett ezofaqusuna səbəb olur. Xəstələrdə bəzən proses inkişaf edərək - aşağı dərəcəli displaziya, yüksək dərəcəli displaziya və sonda adenokarsinomaya transformasiya olunur.
Normal epiteli --> Ezofaqit --> Metaplaziya/Barrett Ezofaqus --> Aşağı dərəcəli displaziya --> Yüksək dərəcəli displaziya --> Adenokarsinoma
Tövsiyə.
Hazırda əldə olan məlumata görə proton nasosun inhibitorları BE-nun yaranmasının qarşısını ala bilmir. Lakin, bəzi araşdırmalar göstərmişdir ki, BE-i olan xəstələrin PNİ (proton nasosun inhibitorları) ilə müalicəsi metaplastik ezofaqusun seqmentini azaldılmasına təsir göstərir.
Tövsiyə.
Kiçik araşdırmalara görə qeyri-steroid iltihab əleyhinə preparatlar BE-un yaranması və displaziya və ya kanserə transformasiyasının qarşısını ala bilər. Lakin, bu preparatların potensial faydası ilə yanaşı əhəmiyyətli dərəcədə yan fəsadları da vardır ki, ezofaqusun zədələnməsi bunlardan biridir.
Tövsiyə.
Barett ezofaqusu, displaziya və erkən ezofaqal adenokarsinomanın istisna edilməsi üçün uzun müddət (1 ildən çox) QERX-dən (qastro-ezofaqal reflyuks xəstəliyi) əziyyət çəkən xəstələrin müayinədən keçirilməsi tövsiyə edilir. Əlavə olaraq, eroziv ezofaqitin olduğu müəyyən edilmiş xəstələrin müalicədən sonra yuxarı endoskopiya ilə təkrar müayinəsi tələb olunur ki, ezofaqitin aradan qalxması təsdiq edilsin və Barett ezofaqusun olması istisna olunsun.
Tövsiyə.
Çox az sayda kliniki araşdırmalardan məlumdur ki, PNİ (proton nasosun inhibitorları) preparatları ezofaqusun metaplastik toxumasının displaziyaya və/və ya kanserə doğru inkişaf etməsinin qarşısını ala bilər. H2-blokatorlarının istifadəsi PNİ preparatları ilə müqayisədə reflyuks simptomlarının və ezofaqusun pH-nın kontrol edilməsi baxımından daha az efektivdir. Hazırda H2-blokatorlar reflyuksun müalicəsi üçün tövsiyə edilmir.
Tövsiyə.
Baret ezofaqusu olan xəstələrdə ezofaqal adenokarsinoma riskinin azaldılması məqsədilə reflyuksun profilaktikası üçün cərrahi müdaxilənin tətbiq tövsiyə edilmir.
Tövsiyə.
Aşağıda Barett ezofaqusu olan xəstələrin dispanserizasiyası ilə bağlı ümumi tövsiyələr göstərilmişdir:
- Biopsiya ilə aparılan iki ardıcıl EQD (ezofaqoqastroduodenoskopiyada) displaziya müəyyən edilmədikdə: təkrar EQD 3 ildən sonra aparılır.
- Endoskopiyada aşağı dərəcəli displaziya müəyyən edildikdə: displaziya tam aradan qalxanadək endoskopiya hər il təkrar edilməlidir.
- Kansersiz yüksək dərəcəli displaziya (biopsiyadan əldə olunmuş toxuma nümunəsinin histopatoloji müainəsi ilə təsdiq edilmiş) olduqda: təkrar müayinə 3 aydan sonra aparılmalı və ya cərrahi/endoskopik müdaxilə aparılmalıdır.
Barett ezofaqusunun istisna edilməsi üçün endoskopik müayinənin QERX-in proton nasosunun inhibitorları ilə müalicəsindən sonra aparılması tövsiyə edilir. Bu cür yanaşma imkan verə bilər ki, QERX-lə əlaqədar selikli gişanın iltihabı endoskopik müayinənin nəticələrinin interpretasiyasına təsir etməsin.
Tövsiyə.
Yüksək dərəcəli displaziyası olan xəstələr ya hər üç aydan sonra təkrar biopsiya (hər 1 sm-dən bir toxuma nümunələri götürülür) olunmalı, ya da daha aqressiv cərrahi/endoskopik müdaxilə aparılmalıdır. Yüksək dərəcəli displaziyası və ya erkən adenokarsinoması olan xəstələr tam müalicəyə nail olmaq üçün ezofaqektomiyanı nəzərdən keçirməlidir. Cərrahi müdaxilə baxımından pis namizəd hesab edilən və ya cərrahi müdaxilədən imtina edən xəstələrdə endoskopik ablasiya proseduru tətbiq edilə bilər.
Tövsiyə.
Selikli gişanın displaziyası olmadıqda, ablasiya prosedurunun geniş tətbiqi tövsiyə edilmir.