Yaraların ilkin müayinə və müalicəsi

Epidemiologiya.

Hər il ərzində on minlərlə şəxs təcili tibbi yardım stansiyaları və ya ppoliklinikalar və digər tibb müəssisələrinə müxtəlif travma nəticəsində aldıqları yaralarla bağlı müraciət edir. İri şəhərlərdə və rayon mərkəzlərində, habelə iri zavod və istehsalat müəssisələrinin olduğu ərazilərdə müxtəlif xəsarət nəticəsində aldıqları yaralarla bağlı müraciətlər daha çox olur. Ümumiyyətlə, üz, baş, barmaqlar və əllər daha çox travma nəticəsində zədələnən sahələrdi.

 

Yara ilə müraciət etmiş şəxsin müayinəsi:

  • Anamnez və xronik və yanaşı xəstəliklər barədə məlumatın əldə edilməsi
  • Yaranın müayinəsi
  • Yardımedici və diaqnostik testlərin aparılması.

Travma nəticəsində əldə edilmiş yara ilə müraciət emiş şəxsin müayinəsi xəstənin ümumi müayinəsindən başlayır. İlk baxışdan ciddi görünməyən və ya bilinməyən, lakin həyata daha çox təhlükə törədən zədələrə diqqət birinci yönəlməlidir. Xəstənin anamnezi, xroniki xəstəlikləri, yaxınlarda aldığı müalicə, qəbul etdiyi dərmanlar barədə məlumat toplanmalı. Xüsusi diqqət zədənin və ya xəsarətin necə baş verdiyi məqamların aydınlaşdırılmasına yönəlməlidir. Üzüklər və digər bərbəzəklər zədə almış sahələrdən çıxarılmalı, paltarın təhlükəsiz çıxarılması mümkün olmadıqda, qayçı ilə kəsilərək götürülməsi həyata keçirilməlidir. Bu həm zədələnmiş sahəyə baxışın tam keçirilməsinə, həm də paltarlarda qalmış müxtəlif törədicilərin (məsələn, kimyəvi maddələrin) xəstənin bədənində kənarlaşdırılmasına yardım edir.   

Xarici qanaxma adətən birbaşa təzyiq göstərməklə dayandırıla bilər. Mümkün olduqda, təzyiq göstərməkdən əvvəl yarımçıq qopmuş dəri hissələri yerinə qaytarılmalıdır ki, zədələnmiş toxumalara qan dövranı daha da pisləşməsin. Turniketin (jqut) istifadəsi nadir hallarda tələb olunur. Arteriyal turniket iki halda geniş istifadə edilir: həyata təhlükə törədən qanaxmanın dayandırılması və yaranın müayinəsi üçün “qansız” sahənin yaradılması üçün. Amputasiya edilmiş barmaqlar və ya ətraflar (yuxarı və ya aşağı ətraflar) nəm, steril, qoruyucu sarğı ilə örtülməli və su keçirməyən selofan  çantaya qoyularaq, sonradan buzlu su olan qaba yerləşdirilməlidir. Bu, həmin bədən hissələrinin daha uzun müddət saxlanması və sonradan yerinə birləşdirilməsi mümkün olduğu hallarda istifadə edilməsi üçün edilir. Yaraların müayinəsi, təmizlənməsi və bərpası üçün bir çox xəstələrdə anesteziyanın hər hansı növü tələb oluna bilər. Sistemik analqeziya və ya prosedur sedasiya metodu da tələb oluna bilər.

 

Anamnez və yanaşı xəstəliklər

Yaraların müayinə və müalicəsi prosesi mütləq şəkildə xəstədən (mümkün olmadıqda xəstənin qohumları və ya xəsarətin baş verməsinə şahid olmuş şəxslərdən) alınan anamnezlə başlayır. Bir sıra faktorlar yaranın sağalması na mənfi təsir göstərir və yaradaxili infeksiya hallarının sayını artırır. Bu faktorlara, məsələn, xəstənin yaşı, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, köklük, zəif qidalanma, immun sistemini zəiflədən preparatların (immunsupresantlar) istifadəsi, birləşdirici toxuma xəstəliklərinin (o cümlədən, Ehlers-Danlos sindromu, Marfan sindromu, osteoqenezis imperfekta və zülal və vitamin C çatışmazlığı) aiddir. Yaradaxili infeksiyanın yarana biləcəyinə işarə edən faktorlara yaranın aşağıdakı xüsusiyyətləri aiddir, o cümlədən, yaranın yeri, müddəti, dərinliyi, konfiqurasiyası və çirkənmə dərəcəsi.

Bəzi xəstələr tərəfindən yaranın sağalması prosesində hipertrofik çapığın və ya kelloidin formalaşdırılması mümkün olduğuna görə, xəstədən əvvəlki yaraların sağalması barəsində məlumat əldə edilməlidir. Qara dərili və Asiyalı xəstələrdə kelloid çapıqları daha çox rast gəlinir. Hipertrofik çapıqların əmələ gəlmə səbəbi yaranın sağalması prosesi boyu yaraətrafı toxumaların dartılma (gərginlik) vəziyyətində saxlanmasıdır. Əmələ gəlmiş çapıqlar adətən yaranın sərhədləri ilə məhdudlaşır və 1-2 il ərzində qismən reqressiyaya uğrayır. Kelloidlərin əmələ gəlməsi qenetik cəhətdən müəyyən edilir və yaranın sərhədlərindən kənara keçən kollaqenin artıq istehsalı ilə əlaqələndirilir. Əmələ gəldikdən sonra kelloid çapıqlarının həcmi nadir hallarda azalır.

Xəstədən anamnez götürdükdə, allerqiyalar və anestetiklərə və antibiotiklərə əvvəl baş vermiş hər hansı reaksiyalar barədə məlumat da əldə edilməlidir. Lateksə allerji reaksiyanın olub olmadığını da müəyyən etmək faydalıdır. Tetanus əleyhinə əvvəl edilmiş immunizasiya barədə də məlumat əldə edilməli və xəstənin tetanus əleyhinə vaksinasiya olunmasının vacibliyi müəyyənləşdirilməlidir.

Yaradaxili xarici cismlərin və ya yaranın çirkli olub olmadığını təyin etmək üçün zədənin (xəsarətin) mexanizmini müəyyənləşdirmək vacibdir. Dişləmə nəticəsində yaranmış yaralar infeksiyanın əmələ gəlməsi baxımından yüksək riski yaralar hesab edilir və digər kəsilmiş yaralardan fərqli müalicə edilir. Avtobil qəzaları, sınmış şüşə və batma yaralar zamanı yaradaxili xarici cismlərin qalma ehtimalı çoxdur. Yarada xarici cismin olması hissiyatına dair xəstədən məlumat əldə etmək vacibdir. Xarici cismin olması və yaranın çirklənməsi infeksiya riskini artırmış olur. Torpağın üzvü və qeyri-üzvü komponentləri hətta çox az miqdarda bakteriya olduqda belə infeksiya törədə bilir. Torpağın qeyri-üzvü komponenti kimi palçıq (gil) yara infeksiyasının ən mühüm törədiciləri sırasındadır. Qum dənələri və avtomobil yolları kənarlarında rast gəlinən qara çirk isə adətən inertlidir və az hallarda infeksiya törədir. 

Yaradaxili infeksiyanın əmələ gəlmə ehtimalı zədənin baş verməsi zamanı tətbiq edilmiş gücdən asılı olaraq fərqlənir. Küt travma, ümumiyyətlə, travmatik yaraların əmələ gəlməsinə əsas səbəblərdəndir. Bu zaman dəri aşağıda yerləşən sümüyə sıxılaraq və dartılma nəticəsində cırılır və ya çatlayır. İti əşyalar xüsusi kəsmə gücü nəticəsində dərini düz kəsir. Əzilmə nəticəsində əmələ gələn xəsarətlər daha çox toxuma zədələnməsi yaradır və infeksiyanın yaranma riskini artırır. Zəif enerjili təsirdən əmələ gələn zədələr açıq yara törətməsə də, toxuma daxilində damarları zədələyə, ekximoz (qan sızması) və ya hematoma törədə bilər. Bəzi hematomalar sponta olaraq sovrulur olunur. İnkapsulyasiya olunmuş hematomalar isə aspirasiya və ya kəsilərək drenaj olunma tələb edir.

Xəsarətin baş verməsi vaxtını müəyyən etmək vacibdir. Düzdür, yaranın yaranması ilə bərpası (məsələn, cərrahi tikişlər və ya cərrahi steplerlə bağlanması) arasında olan vaxt müddəti ilə bakterial infeksiyanın yarada inkişaf etməsi düz mütanasibdir. Lakin yaranın bərpası ilə kliniki cəhətdən müəyyən edilən infeksiyanın yaranması arasında vaxt baxımından əlaqəni dəqiq müəyyən etmək çətindir. Bütün hallarda yaranın ilkin bərpası (bağlanması) ilə bağlı qərar qəbul edərkən, zədənin əmələ gəlməsi müddətindən xəstənin həkim tərəfindən müayinəsinədək keçən vaxt digər faktorlarla, o cümlədən, xəstənin risk faktorları, yaranın bağlanması nəticəsində kosmetik görünüş, zədənin etiologiyası, yerləşməsi, çirklilik səviyyəsi ilə yanaşı nəzərdən keçirilməlidir. İnfeksiyanın əmələ gəlmə riskinin yüksək olduğu səbəbindən ilkin bağlanması mümkün olmayan yaralar 4 gündən sonra gecikdirilmiş bağlanmaya məruz qalmalıdır. 4 gün açıq saxlanılan yaranın gecikdirilmiş bağlanması infeksiya riskini xeyli azaltmış olur.

Yaranın müayinəsi zamanı onun qəsdən, qəflətən və ya iş yerində baş verməsini müəyyən etmək lazımdır. Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq hallarda baş vermiş zədə və xəsarətlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Özünə xəsarət yetirmiş şəxslərin isə psixiatrik müayinəsinə ehtiyac yarana bilər. İş yerində baş vermiş xəsarətlərlə bağlı isə digər prosedur qaydalara əsasən sənədləşdirilmə həyata keçirilməlidir.

Təcili tibbi yardım müəssisələri və ya xəstəxanalara müraciət etmiş xəstələrin bir çoxu travma nəticəsində əmələ gəlmiş yaranın təmizlənməsi və ya ona qayğı göstərilməsilə bağlı tədbirlər görmüş olur. Yaranın təmizlənməsi üçün xəstə tərəfindən hansı tədbirlərin görüldüyünü və hansı dərman preparatlarının istifadə edildiyi barədə soruşmaq vacibdir.

Yaranın yerləşdiyi sahənin anatomiyası infeksiya və kosmetik cəhətdən kliniki nəticənin bəribaşdan təxmin edilməsinə yardım edə bilər. İnfeksiya riski yarada əzəldən bakteriyal kolonizasiyanın həcmi və həmin sahənin qan təchizatı ilə əlaqələndirilə bilər. Belə ki, bakteriyal kolonizasiya baxımından qeyd etmək olar ki, yuxarı və aşağı ətraflarda, habelə gövdədə bakteriyaların miqdara az olur. Əksinə, bədənin nəm olan sahələri, məsələn, qoltuqaltı, perineum, barmaqların arası, bir-birilə sürtünən dəri sahələrində bakteriyaların, o cümlədən, anaerobların, sayı 1 kv sm-ə milyonlarla ölçülə bilər. Məlumdur ki, insan və ya heyvan nəcisi ilə çirklənmiş hər hansı bir yarada infeksiya riski terapevtik müalicədən asılı olmayaraq xeyli yüksəkdir.

Yerli bakteriyal flora ilə yanaşı, yaranın yerləşdiyi anatomik sahənin reqional qan təchizatı infeksiyasının yaranması ehtimal edir. Baş və ya sifətdə yerləşən yaraların qan təchizatı yüksək olduğundan, həmin yaraların infeksiyalaşması ehtimalı xeyli az olur.

 

Yaranın müayinəsi

Yaranın detallı müayinəsi xəstənin sakit və əməkdaşlıq etdiyi , habelə yaranın daha yaxşı vizualizasiyasına imkan yaradan vəziyyət aldığı zaman kifayət işıqlanma altında aparılmalıdır. Pis işıqlanma altında və ya qanaxmanıb davam etməsi səbəbindən yaranın dərin qatlarının örtülməsi zamanı ötəri müayinəsi bir çox hallarda yarada qalmış yad cisimlərin, vətər, sinir və damar zədələnmələrinin təyin edilməməsi ilə nəticələnir. Əgər qanaxma yaranın müayinəsinə imkan vermirsa, bu zaman əgər əks göstəriş yoxdursa, adrenalin olan anestetik məhlullar yardımçı ola bilər. Turniketlər də qansız yara sahəsinin əldə olunmasına yardım etmiş olur, lakin onlar 30 dəqiqədən artıq müddətə qoyulmamalıdır.

Oynaqlar yaxınlığında və ya üzərində olan yaralar (zədələr)  bəzi hallarda oynağın kapsulasını da deşmiş (penetrasiya etmiş) ola bilər. Buna görə də, həmin hallarda oynaq daxilinə steril məhlulla inyeksiya edilməli və oynaqla yara arasında əlaqənin olub olmadığı dəqiqləşdirilməlidir. Yara həm neytral vəziyyətdə, həm də xəsarətin baş verdiyi zaman olduğu vəziyyətdə müayinə edilməlidir. Məsələn, avtomatik mişarla işləyərkən zədə adətən diz oynağının əyilmiş vəziyyətində baş verir. Diz oynağının həmin vəziyyətdə müayinəsi zədənin mexanizmi və xəsarət almış strukturların düzgün müəyyən edilməsinə yardım göstərə bilər.  Metakarpofalanqeal oynaqlar üzərində baş vermiş yaralar daha çox döyüş və ya dalaşma zamanı baş vermiş olur (əl yumruq halında olduqda) və buna görə də insan dişləməsi nəticəsində baş verən yaralar kimi nəzərdən keçirilməli və müalicə edilməlidir.

 

Yardımçı testlər

Düzdür, əksər yaralar müayinə baxımından heç bir əlavə diaqnostik testlər tələb etmir. Lakin, yara daxilində yad cisimlərin təyin edilməsi üçün diaqnostik görüntüləmə həyata keçirilə bilər. Yara daxilində əksər hallarda tapılan yad cisimlərin çoxu ətraf toxumulardan daha sıxlıqlı olur və adi rentqen şəkillərində aydın görünür. Metal, sümük, diş, karandaş qrafiti, bəzi plastik əşyalar, şüşə, çinqıl, qum, bəzi balıq sümükləri, bəzi rənglənmiş ağac məmulatları və aluminium adi rentqen görüntüləmələrində aydın görünür.

2 mm-dən böyük olan bütün şüşə qırıntıları rentqen şəkillərində aydın vizualizasiya edilir. Əgər yara metal əşya və ya şüşə ilə törədilibsə və rentqen filmlərində heç bir yad cisim görünmürsə, onda həmin yarada yad cismin olma ehtimalı çox aşağıdır. Yarada yad cismin olmasını müəyyən edərkən, rentqen filmin çəkilməsindən öncə yaranın seçilmiş hissələri radioloji cəhətdən qeyri-şəffav (yəni rentqen filmlərdə görünən) dəri markerləri ilə qeyd edilə bilər və ya yaranın müvafiq sərhədlərinə kağız üçün skrepka qoyula bilər. Bu cür yanaşma yad cism olduqda onun yaranın həmin markerlərə nisbətən hansı hissəsində yerləşdiyini daha dəqiq müəyyən etməyə kömək etmiş olacaq.

Lakin, bəzi əşyalar (yad cismlər) adi rentqen filmlə müəyyən edilməyə bilər. Bu hallarda KT və MRT çox faydalı ola bilər. Həmçinin, taxtadan olan yad cismlər USM ilə də müəyyən edilə bilər. Düzdür, USM-nin həssaslığı aşağı olduğundan, 2.5 mm-dən balaca olan taxta cismlərin müəyyən edilməsi mümkün olmaya bilər.

 

Xəstələrin maarifləndirilməsi.

Yaraların müayinəsi və müalicəsi zamanı mütləq şəkildə xəstələrin maarifləndirilməsi vacibdir. Xəstələrə yaranın müalicə metodu, yaranın sağalma müddəti, çapığın əmələ gəlməsi, o cümlədən, hipertrofik və kelloid çapığın yaranması, yaranın bağlanmasından sonra onun təmizlənməsi, infeksiyalaşması ehtimalı və kosmetik nəticə barədə ətraflı məlumat verilməli və həmin məsələlər ətrafında müzakirələr aparılmalıdır.

 

Yaranın işlənməsi

Yaranın işlənməsi travmatik yaranın müalicəsində ən mühüm addımlardan biridir. Həkim tərəfindən yaranın düzgün müayinə və müalicəsi bütövlüyü və funksiyası pozulmuş zədələnmiş toxumanın bərpasını, infeksiyanın profilaktikasını, habelə kosmetik cəhətdən daha yaxşı nəticənin əldə edilməsini təmin edə bilər. Araşdırmalar göstərir ki, təcili tibbi yardım müəssisələrində müalicə edilən yaraların 80-90% yaxşı nəticələrlə sağalır. Lakin, xəstənin ümumi vəziyyəti və xroniki xəstəlikləri yaranın sağalmasına təsir etdiyi hallarda, yaranın müalicə üçün düzgün işlənməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Steril texnika

Düzdür, aseptik texnikanın tətbiqi tibb sahəsində ən böyük irəliləyişlərdəndir. Lakin aseptik texnikanın təcili tibbi yardım vəziyyətində tətbiqinin miqyası sual altındadır. Araşdırmalar göstərib ki, tam steril texnikanın, yəni steril əlcəklərlə yanaşı steril papaq və sifət üzərinə maskadan istifadə bərpadan sonrakı dövrdə yara infeksiyalarının sayını azaltmır. Təcili tibbi yardım müəssisələrində əllərin antiseptik cəhətdən təmizlənməsinin faydası da sübuta yetirilməyib. Təmiz, qeyri-steril əlcəklər steril əlcəklərdən istifadə ilə müqayisədə yaraların bərpasından sonrakı dövrdə infeksiyanın yaranması baxımından eyni nəticələr verir.

 

Anesteziya

Ümumiyyətlə, yaranın müdaxilə üçün işlənməsindən əvvəl ağrının aradan qaldırılması və ya heç olmasa xeyli azaldılması üçün tədbirlər görülməlidir. Ağrının kontrol edilməsi həm insani, humanist baxımdan vacibdir, həm anesteziya və analqeziya olunmuş xəstələrdə yaranın müdaxilə üçün daha yaxşı işlənməsi (təmizlənməsi) və müalicəsi mümkün olur, həm də ağrı və həyacanın aradan qaldırılması nəticəsində xəstələr daha anlaşıqlı olur. Yerli və ya reqional anesteziyanın aparılmasından əvvəl yarada, yaraya distal olan bədən hissələrində hissiyat və motor funksiyaların və damarların müayinəsi aparılmalıdır.

Hissiyatın yoxlanması şəkildə ağrı, temperatur, toxunma, təzyiq və/və ya vəziyyətin hiss edilməsi səviyyəsinin müəyyənləşdirilməsini əhatə etməlidir. Motor funksiyanın yoxlanması yara ətrafında lan vətərlər və əzələlərin hərəkət və güc səviyyələrinin, habelə yaradan kənarda belə olan lakin yara olan yerdən keçən sinirlər tərəfindən innervasiya edilən əzələlərin yoxlanmasını daxil etməlidir. Damarların müayinəsi distal (yəni yaradan uzaq) yerləşən toxumaların perfuziyasının yoxlanılmasını əhatə edir. Burada diqqət yaraya distal sahələrdə dərinin rəngi, temperaturu, kapilyarların dolma vaxtı, və nəbzin keyfiyyəti araşdırılmalıdır. Yerli və ya reqional anesteziyadan əvvəl iki əlavə araşdırmanın aparılması tələb oluna bilər:

  • iki-nöqtəli diskriminasiya hissinin bütün barmaqların ovuc hissəsində yoxlanması;
  • zədə almış ətrafda ölçülmüş sistolik AQT-nin sağlam ətrafın sistolik AQT ilə müqayisəsi.

İki-nöqtəli diskriminasiya hissiyatının (<6 mm) yoxlanması barmaq (diqital) sinirinin zədələnməsini müəyyən etməyə yardım edir. Doppler stetoskop və manometrdən istifadə etməklə AQT-nin ölçülməsi isə hemodinamik cəhətdən əhəmiyyətli olan arterial qan axının obstruksiyanı müəyyən etməyə yardım edir.

 

Hemostazın əldə edilməsi

Yaranın yaxşı müayinəsi üçün qanaxma nəzarətə götürülməlidir. Diffuz qanaxma daha çox subdermal kələflər və səthi venalardan baş verir. Bu növ qanaxma izotonik NaCL məhlulu ilə isladılmış tamponla birbaşa təzyiq göstərməklə dayandırıla bilər. Ətraflarda az görünən zədələnmiş damardan qanaxma əlcəkli barmağın ucu ilə  damar üzərinə birbaşa təzyiq göstərməklə dayandırıla bilər. Ətrafın kiçik damarından qanaxma müvəqqəti dayandırıldıqdan sonra həmin damardan qanaxmanın daimi kəsilməsi məqsədilə ya damarın kiçik bir hissəsinin ayırd edilməsindən sonra onun sıxılması (damar sıxıcısı ilə), ya da sintetik sovrulan (adətən 5.0) tikişlə bağlanması metodundan istifadə etmək olar. Ətrafların iri arteriyaları tikişlə bağlanmamalıdır və qanaxmanın kontrolu üçün cərrahi konsultasiya istənilməlidir.

Üzdə olan qanaxmanın dayandırılması üçün damarların sıxılması zamanı ehtiyyatlı olmaq lazımdır ki, üz sinirləri  zədələnməsin. Başın dərisinin yaralarında yaranın kənarlarından daha geniş qanaxma ola bilər. Buna səbəb dərialtı qatın yüksək vaskulyarizasiyasıdır. Bəzi hallarda başın dərisinin yaralarından qanaxma yaranın kənarlarına qoyulan xüsusi hazırlanmış sıxıcılarla dayandırıla bilər.

Qanaxmaya səbəb olan damarın görünməsi mümkün olmayan yaralarda qanaxmanın dayandırılması isə adətən qanaxmaya yaxın olan yaranın kənarlarına səkkizə bənzər və ya horizontal matras tikişi qoyulmaqla mümkün olur. Lakin, bu metodika toxumalara qan təchizatını məhdudlaşdıra bilər və yara daxilində ölü toxumanın qalmasına səbəb ola bilər.

Hemostaz məqsədilə kimyəvi metodlara isə adətən adrenalinlə 1:100.000 və ya 1:200.000-ə nisbətdə qarışdırılmış yerli anestetik istifadə edilir və bu məhlul yara sahəsində vurulur. Bu yerli vazokonstriksiyaya səbəb olur ki, nəticədə anesteziyanın müddəti uzadılır.

Kiçik damar xəstəliyi olmayan xəstələrdə adrenalinlə qarışdırılmış yerli anestetikin istifadə təhlükəsizdir və hətta diqital (barmaq) sinir blokaları və qulaqlar və burunda aparılan prosedurlarda da istifadə edilir.

Qanaxmanın dayandırılması məqsədilə həmçinin jelatin, selyuloza və kollaqenli süngərlər də istifadə edilə bilər. Bu halda həmin süngərlər bir başa yaranın daxilinə qoyulur. Jelatinin daxili hemostatik xüsusiyyətləri yoxdur və jelatinli süngər yaraya qoyulduqda və maye ona hopduqca qanayan yaraya fiziki təzyiqi artır və qanaxma dayanır. Sellülozalı və ya kollaqenli süngərlər isə qanla reaksiyaya girərək qan laxtası yaradır və qanaxmanın dayandırılmasına yardım edir. Lakin, bütün hallarda yuxarıdakı fiziki hemostatik materiallar aktiv qanayan yaralarda qanaxmanı efektiv dayandıra bilmir, çünki axan qan həmin materialları yuyub aparır.

Bipolyar (iki qütblü) elektrokauterizasiya diametri 2 mm-dən az olan qan damarlarından qanaxmanı dayandırmağa nail ola bilər. Lakin, düzgün və ya lazım olduğundan artıq dərəcədə tətbiq edildikdə, elektrokauterizasiya toxumaların nekrozu ilə nəticələnir.

Bir başa təzyiq, liqaturaya alınma və ya kauterizasiya ilə aşağı və ya yuxarı ətraf yaralarından qanaxmanın dayandırılması mümkün olmadığı hallarda arteriyal turniketin tətbiqi tələb olunur. Öz növbəsində turniketlər qan damaları və sinirləri kompressiya edərək zədələyə bilər və toxumaların sağ qalma potensialını azalda bilər. Təcili tibbi yardım müəssisələrində istifadə edilən ən sadə turniket - arteriyal qan təzyiqin ölçülməsi üçün istifadə edilən manjetdir. Tələb olunduqda həmin manjet yaradan və ya qanaxma yerindən proksimal qoyulur və xəstənin sistolik AQT-dən yuxarı həddə doldurulur. Manjetin doldurulmasından öncə ətrafın yuxarı qaldırılması ilə venoz qan həcminin azaldılması da faydalıdır. Əgər qanaxmanın dayandırılması üçün turniketə ehtiyac yaranıbsa, demək həmin yara əməliyyat otağında təftiş edilməli və bərpa olunmalıdır.

 

Yad cismlərin çıxarılması

Yaradan görünən yad cismlər ehtiyyatla pinsetlə çıxarıla bilər. Bu zaman ehtiyyatlı olmaq lazımdır ki, yad cismin iti kənarları və ya hissələri həkimi zədələməsin. Əlcəkli barmaqla yaranın daxilini təftiş etməklə yad cismləri müəyyən etmək tövsiyyə edilmir. Yad cismin olması hissiyatı, yarada xüsusən ağrılı nayihə və ya nöqtə və ya hərəkətlilikdə ağrının kəskinləşməsi kliniki cəhətdən yad cismin olmasına işarə edə bilər. Yaranın tam şəkildə və dərinliyinə qədər diqqətlə vizual təftişi yad cismlərin aşkarlanması məqsədilə ən səmərəli metoddur. Bəzi xəstələrdə yad cismlərin deteksiyası üçün görüntüləmə metodikaları tətbiq edilə bilər. Adi rentqen filmləri radioloji cəhətdən görünən yad cismlərin (məsələn, metal, çınqıl) və USM isə radioloji şüalanmada görünməyən cismləri (məsələn, rezin, taxta) aşkar etməyə imkan verir. Bəzi hallarda KT və MRT-də istifadə edilə bilər.