Pediatrik qarındaxili travma riskinin çox aşağı olmasına dəlalət edən meyarlar

Pediatrik travma həkimlərdə çox zaman dilemma yaradır. Travma almış uşaqlarda diaqnostik müayinənin aparılıb aparılmaması və müayinə və müalicə tədbirlərinin nə dərəcədə aqressiv olub olmamasına dair dəqiq meyarlar mövcud deyil və əksər hallarda qərarlar həkimin təcrübəsi, xəstənin yaşı, travmanın mexanizmi və uşağın şikayətləri əsasında qəbul edilir.

Pediatrik qarın travmaları müasir cəmiyyətdə geniş yayılmışdır. Qaraciyər, dalaq, mədəaltı vəz və bağırsaq zədələnmələri tez-tez rast gəlinir. Bir sıra hallarda yalnız kompüter tomoqrafiyasının təyin edilməsi ilə zədələrin istisna edilməsi mümkün olur. Lakin çox zaman xəstələrin sadə müşahidəsi, ardıcıl abdominal fiziki müayinənin aparılması və ya qan analizi ilə qanda amilaza və lipazanın təyin edilməsi tələb oluna bilər. Kompüter tomoqrafiyası nəticəsində şüalanma riskinin yüksək olması səbəbindən, buna ehtiyacı olmayan uşaqların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Aparılmış tədqiqatlar göstərmişdir ki, aşağıdakı meyarlara cavab verən uşaqlarda qarındaxili orqanların zədələnməsi riski çox aşağı olur: 

  • Qlazqo Koma Şkalası üzrə >14 xal
  • Abdominal divarın travması və ya avtomobil oturacaq kəməri izinin olmaması
  • Qarının fiziki müayinəsində ağrının olmaması
  • Uşaq tərəfindən qarın ağrısı şikayətinin olmaması
  • Qusmanın olmaması
  • Döş qəfəsi travmasının olmaması
  • Tənəffüs səslərinin zəifləməməsi

Yuxarıdakı meyarlara cavab verən uşaqlarda qarın boşluğunun kompüter tomoqrafiyasının aparılması tələb olunmur, çünki həmin uşaqlarda qarındaxili travma riski çox aşağı olur.

QEYD: bütün hallarda nəzərə almaq lazımdır ki, diqqəti yayındıran digər travmalar olduqda (məs., aşağı ətraf sümüklərinin sınıqları, çıxıqlar və s.), aparılan fiziki müayinənin nəticələri etibarlı olmaya bilər.
 
------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- 
------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- 
 
 
BİBLİOQRAFİYA.
 
1. http://www.pecarn.org/documents/IAImainpredictionrulepaper_001.pdf
2. Acad Emerg Med. 2010 May; 
The risk of intra-abdominal injuries in pediatric patients with stable blunt abdominal trauma and negative abdominal computed tomography.