GİRİŞ.
Yod insan orqanizminin inkişafı üçün çox əhəmiyyətli elementdir. Ətraf mühitdə yodun az olması yod çatışmazlığı adlandırılan vəziyyətin inkişaf etməsinə səbəb olur. Yod çatışmazlığı hal–hazırda bütün dünyada, o cümlədən Azərbaycanda çox vacib tibbi–sosial problemlərdən biridir. Hamilə qadınlarda yodun həddindən çox çatışmazlığı perinatal ölüm, ölüdoğulma və anadangəlmə inkişaf qüsurlarının sayını artırır.
Dünya birliyi uşaq haqlarının qorunması üçün imzaladığı Beynəlxalq Konveksiyaya yod çatışmazlığı ilə bağlı xəstəliklərə qarşı mübarizə proqramını da daxil etmişdir.
Yod qalxanabənzər vəzinin (QV) ifraz etdiyi T3 (triyodtironin - tərkibində 3 atom yod mövcuddur) və T4 (tetrayodtironin və ya tiroksin - tərkibində 4 atom yod mövcuddur) hormonlarının əsas tərkib hissəsidir. QV təqribən 20 – 25 q ağırlığında boyunun alt hissəsində yerləşən bir orqandır (endokrin vəzdir) və qandakı yoddan istifadə edərək T3 və T4 hormonlarını əmələ gətirir. T3 və T4 hormonlarının normal səviyyəsi hamiləlik zamanı həm uşağın inkişafı, həm də ananın sağlamlığı üçün çox vacibdir. Belə ki, bu hormonlar metabolizm proseslərinə, böyümə və sinir sisteminin inkişafına böyük təsir göstərir.
Suda və torpaqda yod az olan ərazilər yod çatışmayan endemik zonalar adlandırılır (Azərbaycanda Şəki – Zaqatala rayonları). Həmin ərazilərdə yodla zəngin olan qidaların (dəniz məhsulları, yumurta, inək südü, qabıqlı kartof, qoz və s.) tərkibində də yetərli qədər yod olmur. Nəticədə həmin ərazilərdə yaşayan əhalidə endemik xəstəliklərin (məsələn endemik ur) inkişafı üçün şərait yaranır. Bunun qarşısının alınması üçün yod profilaktikasınin aparılmasına ehtiyac yaranır.
Risk qrupları.
Yod çatışmazlığı üçün əsas risk qrupu hamilə qadınlar, yenidoğulmuşlar və uşağını döşlə qidalandıran analardır. Hamiləlik ərzində ananın kifayət qədər yod qəbul etməməsi spontan abort, ölüdoğulmaya və bəzi anadangəlmə qüsurlara səbəb ola bilir. Hamiləliyin I trimestrində ananın və dölün ağır yod çatışmazlığı hestasion hipotiroksinemiyaya və uşağın mərkəzi sinir sisteminin (MSS) inkişaf qüsurlarının yaranmasına səbəb olur, nəticədə doğulacaq uşaqda zəka səviyyəsinin aşağı olması, kretinizm xəstəliyi müşahidə olunur. Gələcəkdə bu uşaqların məktəbdə təhsil göstəriciləri və cəmiyyətlə əlaqələrində ciddi problemlər yaranır. Hamiləliyin 12– ci həftəsinə qədər döl qalxanabənzər vəzi hormonlarını anadan alır, hamiləliyin 12– ci həftəsindən etibarən isə döl öz QV hormonlarını ifraz etməyə başlayır. Lakin bu dövrdə də ananın qəbul etdiyi yodun miqdarı kifayət qədər olmalıdır, çünki döl öz hormonlarını sintez etmək üçün yodu anadan alır. Anadangəlmə hipotireozun yaranması məhz hamiləliyin II yarısında dölün QV –nə yodun kifayət qədər daxil olmaması və QV hormonlarının aşağı olması ilə əlaqədardır. Bu dövrdə dölün beyininin inkişafı davam edir - sinir liflərinin mielinizasiyası, sinaptogenez, intellekti formalaşdıran vacib funksiyalar yaranır. Bunun üçün hamiləlikdən öncə, hamiləlik və laktasiya (ana südündə yodun miqdarı təqribən 150 – 180 mkq/l olmalıdır) dövründə yodun miqdarı həkim nəzarətində saxlanılmalı, tərkibində yod olan qidalar və yod tərkibli multivitaminlər istifadə olunmalıdır.
Yod çatışmazlığının yaratdığı təhlükələr.
- Yod çatışmazlığının hamilə qadın üçün yaratdığı təhlükələr: hipotiroksinemiya (qanda T4-ün aşağı olması), hipotireoz, QV – nin xroniki stimulyasiyası və düyünlü urun yaranması, hamilə qadının adaptasiya qabiliyyətinin aşağı düşməsi, anemiya, hamiləliyin və doğuşun ağırlaşması, spontan abort.
- Yod çatışmazlığının döl üçün yaratdığı təhlükələr: bətndaxili inkişaf qüsurları, antropometrik göstəricilərin azalması, ölüdoğulma.
- Yod çatışmazlığının yenidoğulmuşda yaratdığı nəticələr: MSS – də müxtəlif dəyişikliklər (kretinizm), tranzitor neonatal endemik hipotireoz, diffuz endemik zob, respirator distress sindromu, anadangəlmə karlıq, perinatal və erkən uşaq ölümü. Analarında endemik zob və yüksək yod çatışmazlığı olan uşaqlar zob (hətta tənəffüs çatışmazlığı yarada biləcək ölçülərdə), bətndaxili hipotrofiya, asfiksiya əlamətləri ilə doğulurlar və onlarda döşlə qidalandırmaya daha gec başlanılır.
Hər hansı səviyyədə yod çatışmazlığı olan ərazilərdə yuxarıda sadalanan problemlərdən başqa əhalinin intellektual potensialında da azalma müşahidə olunur (kiçik yaşlı uşaqların qavrama qabiliyyətinin zəif olması, məktəb yaşlı uşaqların qiymət göstəricilərinin aşağı olması və s.).
ÜST - ün məlumatına görə yoda gündəlik fizioloji tələbat:
- Minimal fizioloji qəbul miqdarı – 200 mkq
- Yol verilən təhlükəsiz miqdar – 1000 mkq
- Zərərli miqdar – 2000 mkq
- Hamilə qadınlar – 220 – 250 mkq
- Uşaq əmizdirən qadınlar - 290 – 300 mkq
- Yenidoğulmuşlar – 90 mkq
- Uşaqlar - 110 – 150 mkq
- Yeniyetmələr və böyüklər – 200 mkq
Yod çatışmazlığının profilaktikası
Profiaktika kütləvi, qrup və fərdi şəkildə aparılır. Kütləvi profilaktika qida məhsullarının (duz, çörək, şirniyyat məhsulları, hazır uşaq qidaları, süd məhsulları, yağ və s.) yodlaşdırılması yolu ilə aparıla bilər. Qrupşəkilli profilaktika hamilə qadınlar, uşaq əmizdirən qadınlar, yenidoğulmuşlar, kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında aparılır. Fərdi profilaktika yod çatışmazlığı olan şəxslərin yodla zəngin qidaları və yodun fizioloji miqdarını təmin edə bilən preparatları qəbul etməsi ilə aparılır.
Duzun yodlaşdırılması
ÜST, UNİCEF və Yod Çatışmazlığı Xəstəliklərinə Nəzarət üzrə Beynəlxalq Şuranın göstərişi ilə bütün dünyada qəbul olunmuş effektiv kütləvi profilaktika üsulu duzun yodlaşdırılmasıdır. Niyə məhz duz?
- Duz demək olar ki, bütün əhalinin gündəlik qida rasionuna daxildir.
- Kalium yodidin duza əlavə olunması ona əlavə dad və qoxu vermir.
- Duzun yodlaşdırılması texnologiyası istehsalçıya maddi cəhətdən baha başa gəlmir.
- Duzun yodlaşdırılması onun qiymətini 5 – 10 % - dən çox artırmır (istifadəçiyə maddi cəhətdən baha başa gəlmir).
- Duzun yodlaşdırılma səviyyəsinə istehsal, çatdırılma, satış və istifadə mərhələlərinin hamısında nəzarət etmək daha asandır.
Gündəlik qida rasionunda duzun tövsiyə olunan miqdarı təqribən 5 q təşkil edir, 1 q yodlaşdırılmış duzun tərkibində isə təqribən 30 - 50 mkq yod olmalıdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2002 – ci il, 200 nömrəli qərarı) .
27 dekabr 2001 – ci ildə qəbul olunan “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3 maddəsinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.
Hal – hazırda kütləvi profilaktika zəminində əhalinin yodla təminatı sidiklə ifraz olunan yodun miqdarına əsasən müəyyən edilir. Kütləvi müayinələr və skrininq analizlər daha çox əhalinin yüksək risk qrupuna daxil olan hissəsi arasında (hamilə qadınlar, yenidoğulmuşlar, süd əmizdirən qadınlar və endemik ərazilərdə yaşayan əhali) aparılır. ÜST – nın qəbul etdiyi meyarlara əsasən 1 litr sidikdə ifraz olunan yodun miqdarının (mediana ilə) 100 mkq – a bərabərliyi yod çatışmazlığının olmamasını göstərir. Bu göstərici 100 mkq/l – dən az olduqda yod çatışmazlığı hesab olunur.
Hamilə qadınlarda və süd əmizdirən analarda sidikdə yodun konsentrasiyasına əsasən yod çatışmazlığının ağırlıq dərəcələri:
- 100 – 200 mkq/l – yodun normal səviyyəsi (çatışmazlıq yoxdur)
- 50 – 99 mkq/l – yüngül yod çatışmazlığı
- 20 – 49 mkq/l – orta yod çatışmazlığı
- 20 mkq/l – dən az – ağır yod çatışmazlığı
Tövsiyə olunan profilaktik tədbirlər:
- Qida məhsullarının, xüsusilə çörək və un məmulatlarının hazırlanmasında yodlaşdırılmış duzdan istifadə edilməsi
- Əhalinin yüksək risk qrupuna daxil olan hissəsinin (hamilə qadınlar, süd əmizdirən analar, yenidoğulmuşlar, kiçik yaşlı uşaqlar, yeniyetmələr) yod tərkibli preparatlarla təmin olunması
- Yod çatışmazlığı olan endemik ərazilərdə əhalinin kütləvi müayinələrə və endemik ur xəstəliyi olan insanların aktiv müalicəyə cəlb olunması (məsələn, hamilə qadınlarda və süd əmizdirən analarda sidikdə yodun təyini, yenidoğulmuşlarda psixofiziki inkişafın müayinəsi).
Müayinə üsulları:
- Palpasiya ilə QV – nin böyüməsinin təyini
- USM (ultrasəs müayinəsi) ilə QV –nin ölçülərinin təyini
- Qanda tireotrop hormonun səviyyəsinin təyini
- Qanda tireoqlobulinin konsentrasiyasının təyini
- Sidikdə yodun təyini
Yüksək risk qrupuna daxil olan əhali arasında ( xüsusən hamilə qadınlar və yenidoğulmuşlar) QV –nin ölçülərində dəyişiklik müşahidə olunarsa (palpasiya və USM – də) qanda tireotrop hormonun və tireoqlobulinin, sidikdə yodun təyini vasitəsi ilə skrininq müayinələr aparmaqla yod çatışmazlığı ilə əlaqədar xəstəlikləri vaxtında aşkar edib gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq mümkündür.
Aparılan tədqiqatlar gösrərir ki, antenatal dövrdən başlanan profilaktika yod çatışmazlığının uşağın inkişafına göstərdiyi neqativ təsirləri aradan qaldırmağa kömək edir.
Buna görədə hamiləlik planlaşdıran və hamilə qadınlar, uşaq əmizdirən analar təbii tərkibi yodla zəngin olan məhsullardan, yodlaşdırılmış duzdan və qidalardan, zəruri hallarda yod həblərindən ( yod tərkibli multivitaminlər) istifadə etməklə antenatal, perinatal və postnatal dövrdə (anada və uşaqda) yarana biləcək çatışmazlıqların qarşısını ala bilərlər. Həmçinin hamilə qadınların dəniz kənarında gəzintisi də yod çatışmazlığının yaranmamasına müəyyən qədər kömək edir.
Uşaqda beyin inkişafının ən vacib vaxtı hamiləliyin ilk 3 ayı və son 3 ayı ilə doğumdan sonrakı 2 -3 yaşa qədərki dövrdür. Bunu nəzərə alaraq bu müddət ərzində yodun və QV hormonlarının uşağın beyninin inkişafına müsbət təsir edə biləcək miqdarının nəzarətdə saxlanılması (ginekoloq, pediatr və endokrinoloqlar tərəfindən) vacibdir.
- Bu məqalə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmışdır, 2015.