Podaqranın diaqnostikası və müalicəsinə dair Kliniki tövsiyələr

Annals of Rheaumatic Diseases, Fevral 2014.

 

Podaqranın müalicəsi ilə məşğul olan həkimlərə yardım etmək üçün 10 tövsiyə hazırlanmışdır: 

  1. Podaqranın dəqiq diaqnostikası üçün oynaq daxili sinovial mayedə monosodium urat kristallarının müəyyən edilməsi tövsiyə edilir. Bu mümkün olmadıqda, podaqra diaqnozu klassik kliniki əlamətlər əsasında (məs., tofilər, podaqra ağrısı, kolxisinlə müalicənin müsbət nəticəsi) qoyula bilər.
  2. Podaqra diaqnozu qoyulmuş xəstələrdə böyrək funksiyası yoxlanmalı və ürək-damar xəstəlikləri riski müəyyən edilməlidir.
  3. Kəskin podaqranın müalicəsi aşağı dozada kolxisin (maksimum 2 mq/gündə dozada) preparatı, QSİƏP-lar və/və ya oynaqdaxili, oral və ya əzələdaxili qlyukokortikoidlərlə aparılmalıdır.
  4. Podaqra diaqnozu qoyulmuş xəstələr öz artıq çəkilərini azaltmalı, idmanla məşğul olmalı, siqaret çəkməni dayandırmalı və artıq spirtli içkilər və şəkərli içkilərdən az istifadə etməlidirlər. 
  5. Allopurinol qanda sidik turşusunun səviyyəsinin azaldılması üçün istifadə edilən birinci sıra preparatdır. Əlavə olaraq urikozurik (sidiklə sidik turşusunun ifrazını artıran preparatlar) və ya febuksostat preparatı istifadə edilə bilər. Urikaza preparatı monoterapiya kimi yalnız ağır dərəcəli podaqrası olan xəstələrdə və yalnız digər terapevtik vasitələr nəticə vermədikdən sonra və ya digər müalicə metodlarına əksgöstəriş olduqda istifadə edilə bilər. Sidik turşusunun səviyyəsinin azaldılması üçün farmakoloji terapiya (urikaza istisna olmaqla) ən mümkün aşağı dozada başlanmalı və qanda sidik turşusunun arzu olunan səviyyəsi əldə olunanadək doza artırıla bilər. 
  6. Xəstənin podaqra və onun kəskinləşməsi halları barədə maarifləndirilməsi və kəskinləşmələrin baş verməməsi üçün müvafiq profilaktik tədbirlərin istifadəsi barədə məlumatlandırılması vacibdir. Profilaktika üçün maksimum 1.2 mq/gündə olmaqla kolxisin istifadə edilə bilər. Kolxisinin istifadəsi mümkün olmadıqda və ya ona əksgöstəriş olduqda, həmin xəstələrdə QSİƏP və ya aşağı dozada qlyukokortikoidlər istifadə edilə bilər. 
  7. Böyrək funksiyasının az və orta dərəcədə pozulması hallarında allopurinolun istifadəsi nəzərdən keçirilə bilər. Lakin həmin xəstələrin yaxından monitorinqi aparılmalı və bu preparatın yan təsirləri erkən müəyyən edilməlidir. Allopurinol ilkin olaraq gündə 50-100 mq dozada başlana və qanda sidik turşusunun arzu olunan hədəf səviyyəsinə nail olmaq üçün dozası tədricən qaldırıla bilər. Həmin xəstələrdə alternativ olaraq febuksostat və benzbromaron preparatları da istifadə edilə bilər. 
  8. Podaqrası olan xəstələrin müalicəsi qanda sidik turşusunun səviyyəsinin <0.36 mmol/L (6 mq/dL-dən) aşağı salınmasına ünvanlanmalıdır. Habelə müalicə nəticəsində xəstədə podaqranın kəskinləşməsi halları baş verməməli və oynaqətrafında və digər orqanlarda (məs.. qulaq seyvanı) urat kristallarının depozisiyası nəticəsində əmələ gəlmiş düyünlər (tofilər) aradan qalxmalıdır və ya ölçüləri azalmalıdır. 
  9. Xəstədə müəyyən edilən urat duzlarından ibarət düyünlər (tofilər) əsasən farmakoterapiya ilə müalicə olunmalıdır. Bu cür düyünlərin cərrahi müalicəsi yalnız sinirlərin kompressiyası, mexaniki sıxılma və ya infeksiya hallarında tövsiyə edilir. 
  10. Asimptomatik hiperurikemiyanın farmakoloji müalicəsi tövsiyə edilmir.