Bruselyoz xəstəliyi: diaqnostika, klinika və müalicə

DİAQNOSTİKA.

 

HAZIRKİ TERAPİYA.
Brusellyozun müalicəsində antibiotiklərin istifadəsi zamanı üç məsələyə diqqət yetirilir:
  • İstifadə edilməsi planlaşdırılan antibiotiklərin makrofaqları penetrasiya etmə bacarığı olmalıdır. Belə ki, Brusella mikrobları hüceyrədaxili patogenlərdir və çox vaxt faqositlərin daxilində yer alır.
  • Müalicə üçün bir neçə antibiotik istifadə edilir ki, infeksiyanın residivi baş verməsin.
  • Ağırlaşmalar zamanı antibiotiklə aparılan müalicəyə əlavə olaraq infeksiyalaşmış toxumanın cərrahi yolla götürülməsi də tələb oluna bilər.

 


GİRİŞ.
Brusellyoz çox qədim bir xəstəlikdir və hələ Romalılar tərəfindən 2.000 il əvvəl qeydə alınıb. Bundan əlavə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi nəticəsində onların brusellyoza yoluxduğunu müəyyən etmiş və Brucella mikrobunun həmin xəstəliyin törədəcisi kimi təyin etmişdir.
Brusella zoonoz bakteriyal patogendir və dünya ölkələrində hər il 500.000 yeni yoluxma qeydə alınır. Brusellyoz infeksiyası çox az hallarda ölümlə nəticələnir (mortalite <5%-dan azdır), lakin onun səbəb olduğu yüksək hərarətin dalğavari dəyişməsi xəstələrin həyat keyfiyyətinə mühüm təsir göstərmiş olur. Bruselyozun inkubasiya müddəti 1-8 həftə arasında olur və çox zaman infeksiya asimptomatik olur. Lakin, brusellyoz səbəbindən baş verən ağırlaşmalar çox ağır dərəcəli əlilliyə və ya ölümə də səbəb ola bilir. Brusellyoza qarşı vaksin olmadığı üçün, bu xəstəliyin yeganə terapiyası antibiotiklərdir.
Bu günədək 10 mütxəli Brusella növü müəyyən edilmişdir. Onlardan məhz bu dördü - Brucella melitensis, Brucella abortus, Brucella suis və Brucella canis - insanlarda brusellyozun ən çox yayılmış səbəbkarlarıdır.
 
 
EPİDEMİOLOGİYA.
Vəhşi (çöl) və ev heyvanları  Brusella növləri üçün təbii rezervuar hesab edilir. İnsanların brusellyoza yoluxması vəhşi və ya ev heyvanlarının kontaminasiya olunmuş gida məhsulları və ya bir-başa kontakt nəticəsində baş verir. Çox vaxt kontaminasiya olunmuş süd, pendir, yağ və ya digər heyvan/heyvandarlıq məhsullarının qəbulu nəticəsində xəstəliyin oral yolla yoluxması baş verir. Brusella patogenləri həm də kontaminə olunmuş aerozollar və ya aerozollaşmış heyvandarlıq məhsulları ilə keçə bilir və ağciyər infeksiyasına səbəb ola bilər. Brusella ilə yoluxma həm də kəsilmiş, zədələnmiş və ya cızılmış dəri ilə bir başa kontakt vaistəsilə baş verə bilər. Dəridən insan orqanizminə keçdikdə Brusella patogenləri qan və ya limfa sistemi ilə yayılır və bakteremiyaya səbəb olur. Brusellaya yoluxmanın 3 mümkün yollarından ikisi - aerozol inhalyasiyası və yoluxmuş gida qəbulu - brusellyozla nəticələnir. Aerozollaşdırılmış brusella patogeni bioloji silah kimi istifadə edilə bilər. Hazırda brusellyoz Latın Amerikası, Afrika, Aralıq dənizi ətrafı regionda, Orta Şərq və Mərkəzi Asiyada endemik infeksiya hesab edilir. İnsanların yoluxmasının profilaktikası üçün bir çox ölkələrdə, o cümlədən də, ABŞ və keçmiş Sovet ittifaqında heyvanların immunizasiyası proqramları geniş tətbiq edilmişdir. Məhz bu cür profilaktik kampaniyaların nəticəsində heyvanlar arasında bruselloz infeksiyası halları və insan əhalisi arasında yoluxma kəskin azalmışdır. Həmin profilaktik proqramlar dayandırıldıqda brusellyoz hallarının sayı sürətlə artmağa başlamışdır. Buna görə də, heyvanların brusellyoza qarşı immunizasiyası insanların həmin infeksiyadan qorunmasında xüsusi əhəmiyyət kəsb edir. İnsandan insana yoluxma halları çox nadir hallarda baş versə də, brusella patogenlərinin cinsi yolla və orqan transplantasiyası nəticəsində insandan insana keçməsi halları qeydə alınmışdır.
 
 
Brusellyoz daha çox B.melitensis tərəfindən törədilir, ikinci, üçüncü və dördüncü yerləri isə müvafiq olaraq B.abortus, B.suis və B.canis tutur. Həmin patogenlərdən B. melitensis və B.abortus isə ağır dərəcəli simptomlarla müşahidə olunan kəskin brusellyoza və onun ağırlaşmalararına səbəb ola bilər. B.suis isə uzun müddət davam edən xəstəliyə səbəb olur və infeksiyaya yoluxmuş toxumalarda irinli ocaqların əmələ gəlməsi ilə nəticələnir. B.canis patogeni isə mülayim və orta ağırlıq dərəcəsi olan infeksiyaya səbəb olur, lakin nadir hallarda ağırlaşmalarla nəticələnir.

 

RİSK FAKTORLARI.
Endemik ərazilərdə yaşayan və ya orada səfərdə olanlar, o cümlədən, veterinarlar, mikrobioloqlar və malqara ilə işləyən şəxslərin brusellyoza yoluxması riski mövcuddur. Heyvanlarda istifadəyə nəzərdən tutulmuş vaksinlərin özü insanlarda infeksiyaya səbəb ola bilir. Buna görə də, heyvanlarda vaksinasiyanı həyata keçirən veterinarların brusellyoza yoluxması riski yüksək olur. Laboratoriya işçiləri və mikrobioloqların da brusellaya yoluxması riski yüksəkdir. 
 
Şəkil. Bruselyoz heyvanlardan insanlara hava yolu, bir başa kontakt və ya pasterizə olunmamış süd məhsullarının yeyilməsi vasitəsilə keçə bilər. 

 

PATOFİZİOLOGİYA.
Brusella patogenləri faqositlər və faqositoz bacarığı olan hüceyrələr tərəfindən faqositoz olunmuş olur və həmin hüceyrələrin daxilində replikasiya edir. Həmin hüceyrələrin tərkibində olduqda brusella erkən-formalaşmış faqosomlarda qalır və onların endosom və lizosomlarla birləşməsini əngəlləmiş olur. Bunun hesabına brusella patogeni faqositar hüceyrələrin tərkibində uzun müddət sağ qala bilir. Brusella patogenlərinin məhv edilməsi və ya böyüməsinin qarşısının alınması üçün istifadə edilən antibiotiklərin hüceyrə daxilinə penetrasiya etmə bacarığı olmalıdır.
İnsanın immun sisteminin nəzarətindən yayınmaq üçün Brusella mikrobları bir sıra mexanizmlərdən istifadə edir. Digər qram-neqativ bakteriyalardan fərqli olaraq, Brusellanın LPS (lipopolisaxaridi) iltihablı cavaba səbəb olmur, alternativ komplementin aktivasiyasına səbəb olmur və nəticədə brusellanın müəyyən edilməsinə imkan vermir. Brusellanın LPS-i onun kationik bakterisidal peptidlərə qarşı rezistentliyinə imkan verir. Eyni zamanda, hüceyrə daxilində olan brusella patogenləri həmin hüceyrələrin makrofaq daxilində ölümünə və ya respirator epitelial hüceyrələrin apoptozuna səbəb olmur. Beləliklə, LPS brusellanın immun sistemi tərəfindən müəyyən edilməsinin qarşısını alır və insanın immun sisteminin stimulyasiyasına imkan vermir.
Brusella həm də makrofaqların intereferon-g (təbii və qazanılmış immun sistemini stimullaşdıran mühüm sitokin) ilə stimullaşdırılmasını inhibisiya edir. Bundan əlavə, öz xarici membranında fosfatidilxolin yerləşdirməklə və siklik b-1,2-qlyukanlar sintez etməklə, brusella patogenləri faqosomla lizosomun birləşməsinə maneə yaradır.

 

DİAQNOSTİKA.
Brusellyozun diaqnozu həmişə problemli olur. Buna səbəb isə brusellyoz nəticəsində müşahidə edilən əlamət və simptomlar yüksək hərarətlə müşaiyət olunan digər xəstəliklərlə oxşar olur. Xəstələrin çoxunda brusellyozun simptomları mülayim və ya orta dərəcəli olduğundan, həmin hallarda brusellyoz infeksiyası heç nəzərdən keçirilməmiş qala bilər.
Brusella patogenin qan, sümük iliyi, sidik, onurğa beyin mayesi və ya oynaqdaxili aspiratda təyin edilməsi brusellyozun diaqnostikasının qızıl standartı hesab edilir. Lakin, bir çox hallarda brusella patogenin müəyyən edilməsi mümkün olmur. Buna görə də, brusellyozun diaqnostikasında həm də Brusella mikrobuna qarşı anticismlərin təyini testi geniş tətbiq olunur. Bruselyoza oxşaq əlamət və simptomlarla yanaşı Brusellanın aqqlyutinasiya titrinin 1:160 olması, bruselyoz diaqnozunu təsdiq etmiş olur. Tövsiyə olunan testlərə Qızıl Benqal testi, zərdabda aqqlyutinasiya testi (2-merkaptoetanol və ya ditiotreitolla bərabər), Kumbs antiqlobulin testi, Komplementin fiksasiyası testi və ELİZA testinin aparılması tövsiyə oluna  bilər. Qan analizində leykopeniya, eritropeniya və trombositopeniya, habelə qaraciyər fermentlərinin qalxması müəyyən edilə bilər. Brusellyozda qaraciyərin fibrozu və sirrozu, habelə sümük iliyinin hipoplaziyasının mümkünlüyünü nəzərə alaraq, həmin hallarda bu orqanların biopsiyasının aparılması diaqnostikaya yardım etmiş ola bilər.
Xəstənin simptomlarından və kliniki vəziyyətindən asılı olaraq, davamlı müayinənin aparılması nəzərdən keçirilə bilər. O cümlədən, KT və ya MRT vasitəsilə beyində abseslərin və ya iltihab əlamətlərinin olub olmadığı müəyyən oluna bilər. Ürəyin infeksiyası və ya zədələnməsini istisna etmək üçün EKQ, sümük və oynaq deformasiyalarının olub olmadığını təyin etmək üçün rentgen görüntüləmə aparıla bilər.

 

Şəkil. Brucella melitensis ilə xəstələnmiş pasiyentdə sağ topuq və sağ 5-ci metatarsal-falanqa (ayaqdarağı-falanqa) oynağının iltihabı.

A) müalicədən öncə, B) müalicədən sonra. 

 

DİFFERENSİAL DİAQNOSTİKA.
İnsanlarda brusellyozun simptomları bir çox digər xəstəliklərin simptomlarına oxşar olduğu üçün, xəstəliyin diaqnozu çox vaxt gecikmiş olur və bunun nəticəsində xəstəliyin ağırlaşmaları da xəstədən xəstəyə fərqlənir. Həmçinin yoluxmadan simptomların özünü biruzə verməsinədək olan vaxt müxtəlif olur və bu da diaqnostikanı çətinləşdirir. Buna görə də xəstəliyin diaqnostikasından öncə aşağıdakı 3 suala cavab əldə etmək differensial diaqnostikanın aparılmasına yardım etmiş olur:
  • Xəstənin xırda və iri buynuzlu malqara və ya onların saxlandığı yerlər və ya onlardan əldə olunmuş məhsullarla kontaktı olubmu?
  • Xəstə pasterizə olunmamış süd məhsullarından istifadə edirmi?
  • Xəstə insanlar arasında brusellanın endemik infeksiya olduğu və ya heyvanlar arasənda epidemik infeksiya olduğu ərazilərdə yaşayır və ya həmin ərazilərdə səfərdə olubmu?
Brusellyozun diaqnostikasının çətin olmasına baxmayaraq, xəstəliyin bəzi kliniki xüsusiyyətləri onu digər infeksion xəstəliklərdən ayırmağa yardım etmiş olur. Müalicə almayan xəstələrdə brusellyoz səbəbindən inkişaf edən yüksək hərarət dalğavari davam edir (enir-artır). Xəstələrin 50%-də brusellyoz səbəbindən baş verən yüksək hərarətlə yanaşı əzələ-skelet simptomları da müşahidə edilir. Lakin, oxşar simptomlar həm də tif (yatalaq) və malyariya xəstəliklərində də müəyyən edilə bilir.
Hepatosplenomeqaliya və ya limfadenopatiyası olan xəstələrdə differensial diaqnostikaya sitomeqalovirus infeksiyası, Epsteyin-Barr virusu, HİV infeksiyası, toksoplazmoz və vərəm infeksiyaları da daxil edilməlidir. Sitomeqalovirus (CMV) infeksiyasına yoluxmuş xəstələrdə həmin virusa qarşı anticismlər inkişaf edir. Həmçinin, CMV ilə aktiv infeksiya zamanı qanda, tüpürcəkdə, sidikdə və ya digər bədən toxumalarından CMV müəyyən edilə bilər. Bu da CMV ilə brusellyoz arasında differensiasiyanın aparılmasına imkan verir. Epstein-Barr virusuna (EBV) yoluxmuş xəstələrdə leykositoz, limfositlərin ümumi sayının artması və qanın analizində 10%-dən çox atipik limfositlərin olduğu müəyyən edilir. Brusellyozu olan xəstələrdə isə əksinə çox vaxt leykopeniya müəyyən edilir.
HİV infeksiyasına yoluxmuş xəstələrdə HİV-ə qarşı anticismlər və viroloji testlərlə HİV antigenləri və ya RNT müəyyən edilir. Ümumiyyətlə, HİV/AİDS-in kliniki və/və ya epidemioloji meyarları aşkar olunduqda, mütləq aşağıdakı istiqamətlərdə laborator müayinələr aparılır: HIV-ə yoluxmanın spesifik markerlərinin təyin edilməsi üçün HİV-antigenlərinin təyini, HİV antigenlərinə qarşı anticismlərin təyini və HİV RNT-nin (ribonukleik turşusu) təyini. Bununla yanaşı immunodefisitin inkişafının göstəricilərinin təyini üçün qanda CD4 hüceyrələrinin miqdarı da müəyyən edilə bilər. HİV infeksiyasının təyin edilməsi iki etapdan ibarət olur. Belə ki, immunoferment metodu ilə HİV antigenlərinə qarşı anticismlərin təyin edilməsi testi aparılır və bu testin nəticəsi müsbət olduqda, mütləq şəkildə təsdiq edici test kimi immunblot testi aparılır. İmmunblot testi isə HİV zülallarında qarşı əmələ gələn ayrı-ayrı anticismləri təyin edir. Onun fərqləndirici xüsusiyyəti isə yüksək spesifikliyidir. İmmunferment metodu ilə alınmış hər bir müsbət nəticə immunblot testi ilə təsdiq və ya inkar edilə bilər. Brusellyozu olan xəstələrin zərdabında isə bu testlər heç bir nəticə vermir.
Toksoplazmozu olan xəstələrdə isə qanda İgG və İgM titrlərinin təyin edilməsi ilə Toksoplazma infeksiyasının olub olmadığı müəyyən edilə bilər.
Vərəm (tuberkulyoz) infeksiyasına şübhə olduqda isə diaqnostika üçün Mantu/PPD testi və ya qanda interferon qamma testi istifadə edilə bilər. Həmçinin Mantu/PPD testi və ya interferon qamma testi müsbət olan xəstələrdə və ya ağciyər simptomları olan xəstələrdə döş qəfəsinin rentgen filmi də əldə oluna, bəlğəm mikrobioloji analizə göndərilə bilər.
Osteomiyelit və ya septik artriti olan xəstələrdə vərəm ən mühüm alternativ diaqnozlardan biri hesab edilir. Kəskin epididimoorxiti olan xəstələrdə differensial diaqnostika parotit və xayaların burulması ilə aparılır. Parotitə şübhə olan xəstələrdə yanaqdan toxuma nümunəsi götürülür (virusun əkilməsi üçün) və ya parotit virusunun RNT-nin müəyyən edilməsi üçün PZR testi tətbiq olunur. Kişilərdə xayaların burulmasına şübhə olduqda təcili diaqnostika məqsədilə spermatik xordun (toxum ciyəsi) USM aparılmalıdır.

MÜALİCƏ.
Bu günədək brusellyozun yeganə müalicə metodu antibiotik terapiyasıdır. Lakin, ağırlaşmalar baş verdiyi hallarda, məs., ürəyin brusellyozu və onurğanın brusellyozunda, antibiotiklə terapiyaya əlavə olaraq cərrahi müdaxilə də tələb oluna bilər. Ən geniş istifadə edilən antibiotiklər doksisiklin, rifampin, streptomitsin, cotrimaksozol (TMP-SMX) və gentamitsindir. Monoterapiya (bir antibiotiklə) nəticəsində brusellyozun residivi çox tez-tez müşahidə edilir. Residiv hallarının qarşısının alınması üçün brusellyozun müalicəsi 2 və ya 3 antibiotiklə birdən aparılmalıdır. Antibiotiklərin seçimi xəstənin yaşı, xəstəliyin ağırlıq dərəcəsi, hamiləlik, dərmanların qiyməti və dərmanların əlçatanlığından asılıdır.
Doksisiklinlə rifampinin 6 həftəlik kursu hazırda ən geniş tətbiq edilən kombinasiyadır və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də tövsiyə edilir. Bu kombinasiya çox effektiv hesab edilir. Eyni zamanda bu kombinasiyanın effektivliyinin daha da artırılması üçün aminoqlikozid antibotik də əlavə edilə bilər. Spondilit və ya sakroiliiti olan xəstələrdə doksisiklinlə streptomitsinin kombinasiyası effektiv hesab olunur. 8 yaşdan yuxarı pediatrik xəstələrdə isə doksisiklinlə gentamitsinin istifadəsi tövsiyə edilir. 8 yaşdan aşağı uşaqlarda isə TMP-SMX-nin (trimetoprim-sulfametoksazol, biseptol) 3 həftəlik kursu və daha sonra 5 gün ərzində gentamitsinin istifadəsi tövsiyə edilir. TMP-SMX (trimetoprim-sulfametoksazol, biseptol) həm də hamilə qadınlarda brusellyozun müalicəsi üçün istifadə edilə bilər. Hamilə qadınlarda TMP-SMX ya monoterapiya kimi, ya da rifampin və ya gentamitsinlə kombinasiyada tətbiq oluna bilər.
Brusellyoz diaqnozu qoyulduqda antibiotiklərlə müalicə dərhal başlanmalıdır ki, xəstəliyin simptomları aradan qaldırılsın və ağırlaşmaların qarşısı alınsın. Lakin, xəstələrin 5-10%-də müalicənin vaxtında və düzgün aparılmasına baxmayaraq xəstəliyin residivi müəyyən edilir. Müalicənin başlanması vaxtı, habelə xəstəliyin ağırlıq dərəcəsi və ağırlaşmaların olub olmamasından asılı olaraq, xəstələrin tam sağalması bir neçə həftədən bir neçə ayadək davam edə bilər.

MONİTORİNQ.
Antibiotik terapiyasına başladıqdan sonra xəstənin mütamadi dövrü monitorinqi təşkil edilməlidir ki, verilən antibiotiklərin effektivliyi qiymətləndirilsin və xəstəliyin residivinin olub olmadığı müəyyən edilsin. Brusellyozun residivi əsasən qandan əkmələrin pozitiv nəticəsi və/və ya xəstəliyin əlamət və simptomları əsasında müəyyən edilir. Buna görə də, müalicə tamamlandıqdan sonra xəstələrin müayinəsi qandan əkmələrin əldə edilməsi və xəstədə brusellyoz xəstəliyinin simptom və əlamətlərinin olub olmadığının müəyyən edilməsindən ibarət olmalıdır.
Brusellyozun simptom və əlamətlərinin monitorinqi ilə yanaşı həm həkim, həm də xəstənin özü qəbul etdiyi antibiotiklərin yan təsirlərini də monitorinq etməlidir. Məsələn, AİDS-i olan xəstələrin 50-100%-də TMP-SMX (biseptol, baktrim) ilə aparılan müalicədən sonra ciddi yan təsirlər müəyyən edilir. Halbuki, AİDS-i olmayan xəstələrdə yan təsirlər xəstələrin 14%-də müşahidə edilir. AİDS-i olan xəstələrin 57%-də TMP-SMX ilə aparılan müalicə səbəbindən yaranan yan təsirlərin preparatın digər antibiotiklə əvəzlənməsinə səbəb olur.
Ümumiyyətlə, Brusellyozu olan xəstələr ən azı 2 il müddətində monitorinq altında qalmalıdır ki, xəstəliyin residivinin olub olmadığı müəyyən edilsin. Müalicəsi effektiv olan xəstələrdə çəki artımı müşahidə edilir. Qanda komplementin fiksasiyası titri müalicədən 1 il sonra normal səviyyəyədək enməlidir. Xəstəliyin residivi baş verdikdə isə eyni antibiotiklərlə terapiyanın daha uzun müddət aparılması tələb olunur.

AĞIRLAŞMALAR.
Brusella patogeni limfa sistemi ilə insan orqanizminin müxtəlif toxumalarına yayılır və dalaqda, qaraciyərdə, böyrəklərdə, süd vəzi toxumasında və oynaqlara düşərək replikasiya edir və lokal və sistem infeksiyaya səbəb olur. Reproduktiv və ya cinsiyyət sisteminin infeksiyası dölün abortuna səbəb ola bilər. Brusella patogenin zəif virulentliyi, aşağı dərəcəli toksikliyi və insan orqanizminin immun sistemindən yayınmaq üçün malik olduğu çoxsaylı mexanizmlər onu immun sisteminin hücumundan qoruyur. Bunun nəticəsində Brusella bakteriyaları insan orqanizmində sağ qalır və müxtəlif toxumalarda replikasiyasını davam edir. Xəstəliyə yoluxduqdan 1 il sonra infeksiya xroniki fazaya keçə bilər və bir və daha çox orqanlarda müxtəlif ağırlaşmalara gətirə bilər.
Brusella infeksiyası səbəbindən əsas 7 növ ağırlaşma qeydə alınır:
  • Endokardit. Brusella bakteriyaları ürəyin daxili qatının (endokardı) infeksiyasına və ürək klapanlarının zədələnməsinə səbəb olur. Həmin infeksiyanın müalicəsi aparılmadıqda isə bu xəstənin ölümü ilə nəticələnə bilir.
  • Meningit və ensefalit. Brusella patogenləri mərkəzi sinir sisteminin infeksiyasına və baş veyin və onurğa beyini əhatə edən membranların (dura mater, pia mater, araxnoid mater) iltihabına səbəb ola bilər. Müalicə aparılmadıqda isə bu xəstənin ölümü ilə nəticələnir.
  • Artrit. Brusella infeksiyası nəticəsində inkişaf edən artrit adətən oynaqlarda ağrı, bərklik (sərtlik) və oynaqların şişkinliyi ilə müşahidə edilir. Xəstəlik daha çox aşağıdakı oynaqlara təsir etmiş olur - diz, bud-çanaq, aşıq-baldır (topuq), bilək, onurğa sütunu, çiyin, dirsək, döş-körpücük və bir çox xırda oynaqlar. Brusella infeksiyası səbəbindən onurğa fəqərələri arasında və ya onurğa ilə çanaq sümükləri arasındakə oynaqların iltihabı ilə xarakterizə olunan spondilit tez-tez müşahidə edilir.
  • Epididimit və epididimoorxit. Brusella xayaların artımlarının (epididimis) infeksiyasına və bunun nəticəsində xayaların şişkinliyi və ağrısına səbəb ola bilər.
  • Dəri ilə bağlı ağırlaşmalar. Brusella patogenləri dərinin infeksiyasına da səbəb ola bilər. Dəridə səpgi, düyünlər, eritema nodozum, papulalar, petexiyalar və purpura da müşahidə edilə bilər.
  • Respirator ağırlaşmalar. Brusella bakteriyalarının inhalasiyası ağciyər infeksiyasına, o cümlədən, pnevmoniya, bronxopnevmoniya, monositar və ya limfositar infiltratlı plevral eksudata və həmçinin paroksizmal öskürəyə səbəb ola bilər.
  • Hematoloji ağırlaşmalar. Brusella infeksiyası hallarında qanda ALT və AST-nin səviyyələri qalxmış ola bilər. Xəstələrdə həmçinin qarının sağ yuxarı nayihəsində ağrı və ya sarılıqda müşahidə edilə bilər.
Ümumiyyətlə, brusellyozu olan xəstələrdə ağırlaşmalar tez-tez müşahidə edilir. Gənc yaşlı xəstələrdə əsasən dəri, hematoloji və respirator ağırlaşmalar müşahidə edilirsə, daha yaşlı xəstələrdə əsasən osteoartikulyar (sümük-oynaq) və ürəklə bağlı ağırlaşmalar daha çox qeydə alınır.

PROFİLAKTİKA.
  • Brusella infeksiyasının profilaktikasının əsasını sanitar-gigiyenik normalara riayət edilmə təşkil edir. Bura yalnız pasterizə olunmuş süd və süd məhsullarından istifadə, yaxşı bişirilmiş ət və ət məhsullarının gidaya qəbul edilməsi aiddir.
  • Əhali arasında geniş maarifləndirmənin aparılması Brusellyoz xəstəliyinin yayılmasının profilaktikasına xüsusi əhəmiyyətə malikdir.
  • İlk tibbi yardım, ailə həkimləri, terapevtlərin Brusella patogeni və brusellyoz xəstəliyi barədə maarifləndirilməsi xəstəliyin erkən diaqnostikası və müalicəsində, habelə ağırlaşmaların qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
  • Heyvandarlıqla məşğul olan, habelə heyvandarlıq məhsulları ilə işləyən şəxslərin fərdi qoruyucu geyimlərdən (eynəklər, rezin əlcəklər, xüsusi paltar) istifadəsi tələb olunur.
  • Laboratoriyalarda Brusella orqanizmləri ilə işləyən işçilər xüsusi ehtiyyat tədbirləri görməlidir.
  • Brusella infeksiyasının heyvanlardan insanlara keçməsinin qarşısını almaq üçün heyvanların vaksinasiyası həyata keçirilməlidir.