GİRİŞ.
Astmanın klassik əlamətləri və simptomlarına aralıqlı təngənəfəslik, öskürək və tənəffüs zamanı fit səsinin eşidilməsi aiddir. Əksər həkimlərə tanış olmasına baxmayaraq, bu simptomlar o qədə qeyri-spesifikdir ki, bir çox hallarda astmanı digər respirator xəstəliklərdən fərqləndirmək çətin olur. Astma diaqnozunu qoymaq üçün xəstənin anamnezində və ya müayinə zamanı astmaya dəlalət edən respirator simptomların olması tələb olunur. Bununla yanaşı xəstələrdə nəfəs vermə zamanı hava axınına obstruksiyanın olduğu da nümayiş etdirilməlidir.
Astmanın diaqnostikasında istifadə edilən alətlərə anamnez, fiziki müayinə, ağciyər funksional testləri və digər laborator müayinələr aid edilir. Bu məqalədə yeniyetmə və böyüklərdə astma xəstəliyinin diaqnostikası müzakirə ediləcəkdir.
TƏRİF.
Astmanın diaqnostikasında yaranan çətinliklər simptomların spesifikliyinin olmamasıdır. Patoloji olaraq astma "tənəffüs yollarının xroniki iltihablı xəstəliyi" kimi təsvir edilə bilər. Lakin, astmaya xas olan tənəffüs yollarının periodik obstruksiyası yuxarıdakı təsvirdə qeyd edilməmiş olur. Astma ilə bağlı simptomların baş verməsində həm iltihab prosesləri, həm də bronxların hiperreaktivliyi və hiperhəssaslığı xüsusi mərkəzi rola malikdir. Bunu nəzərə alaraq astma xəstəliyi aşağıdakı kimi təsvir edilə bilər: "dəyişkən və təkrarlanan simptomlar, tənəffüs yollarının obstruksiyası, bronxların hiperreaktivliyi və iltihabla xarakterizə olunan geniş yayılmış mürəkkəb bir xroniki respirator xəstəlikdir". Həmin xüsusiyyətlərin təzahürü və qarşılıqlı təsiri astmanın ağırlıq dərəcəsini, kliniki simptomlarını və müalicə tədbirlərinin təsirini və effektivliyini müəyyən edir.
Yuxarıda verilmiş təsvirdə astmaya xas olan xüsusiyyətlərin ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə üst-üstə düşdüyü aydın görünür. Nəzərə alınmalıdır ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi əsasən yaşı 40-dan yuxarı olan və siqaret çəkən xəstələrdə müşahidə edilir. Astma xəstəliyini ağciyərlərin xroniki obstruktiv xəstəliyindən fərqləndirən mühüm xüsusiyyət ondan ibarətdir ki, astmada tənəffüsün obstruksiyası müalicə nəticəsində ya tam, ya da əsasən aradan qaldırıla bilir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyində tənəffüsün obstruksiyasını ya heç aradan qaldırmaq olmur, ya da qismən aradan qaldırmaq mümkün olur.
Reaktiv tənəffüs yolları xəstəliyi qeyrispesifik termindir və əvvəllər astmaya xas bəzi xüsusiyyətləri təsvir etmək üçün istifadə edilib. Hazırda isə astma ilə bağlı bu termin artıq istifadə edilmir.
KLİNİKİ XÜSUSİYYƏTLƏR.
Astma instənilən yaşda inkişaf edə bilər, lakin böyük yaşlı xəstələrdə yeni müəyyən edilmiş astma xəstəliyi az hallarda müşahidə edilir. Yeniyetmə və böyüklərin müalicəsi ilə məşğul olan həkimlərin rastlaşdığı astma hallarının diaqnozu ilk dəfə xeyli müddət əvvəl qoyulmuş olur. Astma hallarının 75%-də diaqnoz 7 yaşadək qoyulmuş olur. Əksər yeniyetmələrdə uşaqlıq astmasının remissiyası müşahidə edilir. Düzdür həmin xəstələrdə astmanın yenidən təkrarlanması potensialı mövcud olur.
Anamnez. Astması olan xəstələrdə respirator simptomlar adətən müxtəlif triqqerlərə məruz qaldıqda (məs., allergen, fiziki gərginlik, virus infeksiyası) təzahür edir və həmin triqqerlərdən uzaqlaşdıqda və ya astma əleyhinə preparatlardan istifadə etdikdə aradan qalxmış olur. Bəzi xəstələrdə astmanın üç klassik simptomu, digərlərindən bir və ya iki simptomu müşahidə edilə bilər:
- Tənəffüs zamanı fit səsi (nəfəs vermə zamanı fit səsi eşidilir)
- Öskürək (çox vaxt gecələr daha da pisləşir)
- Təngənəfəslik və ya tənəffüsün çətinləşməsi.
Öskürək quru və ya bəlğəmli ola bilər. Bəlğəm isə açıq rəngli, selikli və ya sarı rəngli (əsasən eozinofillərə görə) ola bilər. Bəzi hallarda başqa izahı olmayan xroniki öskürəyin səbəbi də məhz astma olur. Bəzi xəstələr nəfəsin daralmasını, yuxarı tənəffüs yollarının sanki sıxılmasını və ya sinədə ağırlıq hissindən şikayət edə bilər. Qeyd edilməlidir ki, astma səbəbindən yaranan respirator simptomları təsvir edərək xəstələr kəskin döş ağrısı təsvirindən çox nadir hallarda istifadə edir. Astmada olan simptomlar digər respirator xəstəliklərdə də müşahidə edildiyi üçün yalnız anamnezə əsaslanaraq astma diaqnozunu qoymaq çətindir. Lakin, anamnezdən xəstəliyin aşağıdakı bəzi xüsusiyyətlərinin müəyyən edilməsi astma ehtimalını artırmış olur:
- Epizodik simptomlar. Astma ilə bağlı simptomlar çox vaxt saatlar və günlər davam edə bilər və həmin epizodu triqqer edən stimulun götürülməsində spontan olaraq və ya astma əleyhinə preparatlara cavab olaraq aradan qalxır. Astması olan xəstələrə uzun müddət asimptomatik qala bilər. Gecələr simptomların pisləşməsi və ya simptomların gecələr təzahür etməsi astma xəstəliyinə xas olan xüsusiyyətdir.
- Triqqerlər (səbəbkar faktorlar). Fiziki gərginlik, soyuq hava və allergenlərin təsiri səbəbindən respirator simptomların baş verməsi astmaya dəlalət edir.
- Fiziki gərginlik və ya idman səbəbindən simptomlar adətən fiziki gərginlikdən 5-15 dəqiqə sonra inkişaf edir və ya uzun müddətli fiziki aktivliyin 15 dəqiqəliyində inkişaf edir və adətən 30-60 dəqiqə ərzində istirahət etməklə keçib gedir. Simptomların bu tərzdə baş verməsi astmanı gərginlik səbəbindən baş verən təngənəfəslikdən fərqləndirir. Belə ki, gərginlik səbəbindən təngənəfəslik adətən fiziki fəaliyyət başladıqdan dərhal sonra müşahidə edilir və fəaliyyəti dayandırqdan sonra 5 dəqiqə ərzində keçib gedir. Gərginlik səbəbindən baş verən astmada respirator simptomlar soyuq hava şəraitində daha da ağır olur.
- Astma simptomlarının baş verməsinə səbəb olan allergenlərə toz gənələri, tozcuq, xəzli heyvanlar və tarakanlar aid edilir. Pişik və ya itlə kontaktdan sonra kəskin aşağı tənəffüs yolları simptomlarının baş verməsi astma xəstəliyinə patoqnomonikdir. Digər qıcıqlandırıcıların təsiri (məs., siqaret tüstüsü, güclü buxarlı qazlar, iqlimin dəyişmsi, toz və ya buxarlanan kimyəvi maddələr) nəticəsində yaranan simptomlar astmaya spesifik deyil və digər respirator xəstəliklərini istisna etmir. Virus infeksiyaları astma simptomlarına səbəb ola bilər. Lakin, nəzərdə saxlanmalıdır ki, həmin infeksiyalar digər xroniki respirator xəstəliklərin də pisləşməsinə (ağırlaşmasına) səbəb ola bilər. Aspirin və ya istənilən COX-1 (siklooksigenaza) inhibitorunun qəbulundan 30-120 dəqiqə sonra yeni başlamış öskürək, auskultasiyada (bəzən isə kənardan belə eşidilir) fit səsi və/və ya sinədə sıxılma astmaya dəlalət edir və buna çox vaxt "aspirin-sensitiv astma" və ya "aspirin qəbulu nəticəsində ağırlaşmış respirator xəstəlik" də deyilir Lakin, aspirinə bu cür həssaslıq astması olan xəstələrin kiçik qrupunda (3-5%) müşahidə edilir.
- Xəstədə və ya ailə üzvlərində atopiyanın olması. Astmaya oxşaq simptomlarla daxil olan və özündə və ya ailə tarixçəsində astma və ya digər allergik xəstəlikləri olan pasiyentlərdə (məs., atopik dermatit, mövsümü allergik rinit və konyuktivit) astma diaqnozunun təsdiqlənməsi ehtimalı yüksək olur.
- Uşaqlıqda astmatik simptomlar. Uşaqlıqda respirator infeksiya olmamaqla xroniki öskürək və gecələr öskürək halları, habelə uşaqlıqda "təkrarlanan bronxit" halları tarixçəsi astmaya dəlalət edə bilər. Lakin, oxşar simptomlar bronxioektaziyada da müşahidə edilir.
Bir sıra müəyyən məqamlar və amillər astma ehtimalını azaltmış olur. Bunlara aşağıdakılar aiddir:
- Astma əleyhinə preparatların istifadəsinə baxmayaraq yaxşılaşmanın olmaması. İnhalasiya olunan bronxodilyatatorlardan istifadə edən və simptomların yaxşılaşmasını müşahidə etməyən xəstələrdə astma xəstəliyinin ehtimalı aşağıdır. Eyni ilə, per oral qlyukokortikoidlərin qısa müddətli qəbulundan sonra kliniki vəziyyətin və simptomların xeyli yaxşılaşması müşahidə edilməyən xəstələrdə astma xəstəliyi ehtimalı aşağıdır və digər xəstəliklər nəzərdən keçirilməlidir.
- Simptomları ilk dəfə 50 yaşdan sonra başlayan xəstələr. Orta və yuxarı yaşlı xəstələrdə yeni astma xəstəliyi halı mümkün olsa da, astmaya oxşar respirator simptomlarla müraciət etmiş həmin yaş qrupuna aid xəstələrdə ilk növbədə digər respirator və ürək-damar xəstəlikləri nəzərdən keçirilməlidir.
- Astmaya aid simptomlarla yanaşı xəstələrdə döş ağrısı, baş gicəllənmə, bayılma (sinkop) və ya ürək döyüntüləri kimi simptomların müşahidəsi alternativ diaqnozun olduğuna işarə edir. Həmin xəstələrdə damar xəstəliyi, kardiomiopatiya, erkən inkişaf edən ürək damarlarının xəstəliyi və ya perikardın xəstəliyi nəzərdən keçirilməlidir.
- Siqaretdən istifadə tarixçəsi. Ən azı 20 il ərzində 1 paçka siqaret çəkən xəstələrdə müşahidə edilən öskürək, auskultasiyada fit səsi və təngənəfəslik simptomları astmadan çox ağciyərlərin xroniki obstruktiv xəstəliyinə işarə edir. Lakin nəzərə alınmalıdır ki, astma ilə ağciyərlərin xroniki obstruktiv xəstəliyi yanaşı da our.
Fiziki müayinədə tapıntılar. Ağciyərlərin auskultasiyasında yüksək tonlu, geniş yayılmış, musiqili fit səsi astmaya xarakterdir, lakin spesifik deyildir. Fit səsi adətən tənəffüsün ekspirator və ya nəfəs vermə fazasında eşidilir, lakin nəfəs alma fazasında da müəyyən edilə bilər. Yuxarı tənəffüs yollarının xəstəliklərində, məs., yad cismin qalması hallarında da fit səsi eşidilə bilər. Lakin, bu hallarda fit səsi daha yaxşı boyun zonasında eşidilir. Astmada isə fit səsi daha yaxşı ağciyərlərin üzərində eşidilir. Bununla yanaşı bronxit və ya bronxiektaziyası olan xəstələrdə öskürəklə təmizlənən aşağı tonallığı olan fit səsi (xırıltılar adlanır) ilə astmada eşidilən yüksək tonallı ekspirator fit səsi həkim tərəfindən differensiasiya olunmalıdır.
Astması olan xəstələrdə tənəffüs yollarının ağır dərəcəli obstruksiyasına işarə edən əlamətlərə taxipnoye, taxikardiya, ekspirator fazanın uzanması (I:E nisbətinin azalması) və yuxarı döş qəfəsin genişlənməsinə dəstək vermək üçün xüsusi oturaq poza aid edilir. Nəfəs alma zamanı əlavə tənəffüs əzələlərinin (məs., sternokleydomastoid əzələsi) istifadəsi və paradoksal nəbz (nəfəs alma zamanı Sistolik AD >12 mm c.s.-dan çox düşməsi) ağır dərəcəli astma hallarında müşahidə edilir. Lakin bu simptomların da həssaslığı aşağıdır və onların olmaması ağır dərəcəli astma epizodunun aparılmasını istisna etmir.
Xüsusilə qeyd edilməlidir ki, fiziki müayinədə fit səsinin olması və ya olmaması astmanın ağırlıq dərəcəsinin təyin edilməsində zəif proqnostik əlamətdir.
Astmaya alternativ diaqnoz haqqında düşünməyə vadar edən ağciyərdən kənar fiziki tapıntılar:
- Otoskopla müayinədə burunun selikli gişalarının solğun, şişkin olması allergik rinitə işarə edir. Astması olan xəstələrdə allergik rinit tez-tez müşahidə edilir.
- Burun polipləri adətən mukoid, boz rəngdə kütlə kimi müşahidə edilir. Burun polipləri olan xəstələrdə aspirinə həssaslıq, anosmiya və xroniki sinusitin olub olmadığı da araşdırılmalıdır. Uşaqlarda aspirin qəbulu nəticəsində ağırlaşmış respirator xəstəlik (astma, burun polipləri və aspirinə həssaslıq) nadir hallarda müəyyən edilir. Buna görə də, yeniyetmələrdə burun polipləri ilə yanaşı aşağı respirator simptomların müşahidə edilməsi alternativ xəstəliklərin, xüsusilə də, sistik fibroz, nəzərdən keçirilməsini tələb edir.
- Əzələlərin fleksor səthlərində atopik dermatit (xüsusilə də, antekubital və popliteal fossa, biləklərdə, topuqlarda və boyunda) gələcəkdə astmanın inkişafı ilə bağlı risk faktor hesab olunur. Atopik dermatiti olan xəstələrin 1/3-də gələcəkdə astma xəstəliyi inkişaf edir.
- Barmaq dırnaqlarının saat şüşəsi formasında olması astma xəstəliyinə xas olan xüsusiyyət deyil. Bu fiziki tapıntı hallarında xəstədə alternativ diaqnozların, xüsusilə də, ağciyərin interstisial xəstəliyi, ağciyər xərçəngi və sistik fibroz da daxil olmaqla diffuz bronxioektaziya xəstəliklərinin axtarışı nəzərdən keçirilməlidir.
MÜAYİNƏ.
Astmanın olması düşünülən xəstələrin müayinəsi ilk növbədə ağciyərin funksional testlərinin aparılmasından ibarətdir. Digər laborator testlər, o cümlədən, döş qəfəsinin rentgenoqrafiyası, qan analizləri və allergiyaya testlər, yalnız seçilmiş qrup xəstələrdə təyin edilir.
Ağciyərlərin funksional testləri. Tənəffüs yollarının obstruksiyasını yoxlayan testlər astma xəstəliyinin diaqnostikasında xüsusi əhəmiyyət kəsb edir.
- Spirometriya. Spirometriya metodu maksimal nəfəsalmadan (inspirator faza) sonra spirometrə sürətli və güclü tam nəfəsvermədə FEV1 (1 saniyədə forsirə olunmuş nəfəsvermənin həcmi) və FVC (forsirə olunmuş həyat tutumu) təyin edilməsini özündə ehtiva edir. FEV1 və FVC-nin təyin edilməsi əsasında əldə olunmuş nəticələr astmanın diaqnostikasının əsasını təşkil edir. Ümumiyyətlə, astmaya şübhəsi olan bütün xəstələrdə spirometriyanın təyin edilməsi tövsiyə edilir. Spirometriyanın nəticələri aşağıdakıları təyin etməyə imkan verə bilər:
- Baza səviyyədə hava keçiriciliyinə obstruksiyanın olub olmadığının təyin etmək (və ya FEV1/FVC nisbətinin azalması).
- Spirometriyanı bronxodilyatatorun verilməsindən sonra təkrar etdikdə isə tənəffüs yollarında obstruksiyanın geriyə dönmə qabiliyyətini müəyyən etmək.
- Tənəffüs yolları üzrə hava keçiriciliyinə olan maneənin ağırlıq dərəcəsini xarakterizə etmək.
- Tənəffüs yolları üzrə normal hava keçiriciliyi (normal FEV1/FVC nisbəti) olan xəstələrdə təngənəfəsliyin səbəbini izah edən restriktiv ağciyər xəstəliyini müəyyəni etmək.
Spirometriyada obstruktiv xüsusiyyətlərin olması FEV1/FVC nisbətinin azalması əsasında müəyyən edilir. FEV1/FVC nisbətinin normadan aşağı olması (<0.70) hava keçiriciliynə obstruksiyanın olduğunu təsdiq edir. FEV1/FVC nisbəti normada və ya yuxarı olması isə ekspirator faza zamanı hava keçiriciliyinə obstruksiyanı istisna etmiş olur.
FEV1/FVC nisbətinin aşağı düşməsi ilə hava keçiriciliyinin obstruksiyası təyin olunduqda isə FEV1 göstəricisinin normadan aşağı düşməsi dərəcəsi obstruksiyanın ağırlıq dərəcəsini müəyyən etməyə yardım edir. Spirometriya ilə təyin olunmuş tənəffüs obstruksiyasının ağırlıq dərəcəsi az, mülayim, orta və ağır dərəcəli olur.
1. Sxem izahlı: Əgər FEV1/FVC nisbəti normadadırsa və FEV1 gözlənilən nəticədən >80% və daha çoxdursa, bu zaman spirometriyanın nəticəsi normal hesab edilir.
Əgər FEV1/FVC nisbəti azalıbsa və FEV1 gözlənilən nəticədən >80% və daha çoxdursa, bu zaman spirometriyanın nəticəsi normal hesab edilə bilər. Lakin, bu cür nəticə həm də nəfəs vermə fazasının uzadılması səbəbindən də baş verə və nəticədə FVC-nin səhvən yüksək olmasını göstərə bilər.
Əgər FEV1/FVC nisbəti normadadırsa, lakin FVC mülayim dərəcədə azalıbsa (FVC gözlənilən nəticədən 70-80%-dir), bu zaman abdominal köklük və ya spirometriyanın düzgün aparılmaması nəzərdən keçirilməlidir.
Əgər FEV1/FVC nisbəti normadadırsa, lakin FVC gözlənilən nəticədən <80%-dan azdırsa, həmin xəstələrdə ağciyərlərin restriktiv xəstəliklərini istisna etmək üçün (məs., ağciyərlərin interstisial xəstəliyi və ya respirator əzələlərin zəifliyi) ağciyər həcmlərinin və ağciyərlərin diffuzion tutumunun qiymətləndirilməsi məqsədilə pulmonoloji laboratoriyaya göndərilməsi tələb olunur.
FVC – ağciyərlərin forsirə olunmuş həyat tutumu. FEV1 – 1 saniyədə forsirə olunmuş nəfəs vermənin həcmi.
* FEV1 yaşlaşdıqca azalır, buna görə də tənəffüs yollarının obstruksiyasını təyin edərkən FEV1/FVC absolyut nisbəti deyil məhz FEV1-in normal hüdudlarının aşağı həddi istifadə edilməlidir.
Bronxodilyatotorun istifadəsinə reaksiya. Yeniyetmələr və böyüklərdə baza səviyyədə spirometriyada hava keçiriciliyinin məhdudlaşması müəyyən edildikdə, tənəffüs keçiriciliyinin geriyə dönməsinin təyin edilməsi üçün bronxodilyatatorun tətbiqi tövsiyə edilir.
Tənəffüs keçiriciliyinə olan obstruksiyanın geriyə dönməsini təyin etmək üçün xəstəyə sürətli təsirə malik olan bronxodilyatator preparatı (məs., albuterol) ilə 2-4 inhalyasiya verilir və 10-15 dəqiqə sonra spirometriya təkrar aparılır. Bronxodilyatatorun verilməsindən sonra FEV1-in 12% və daha çox artması və FEV1 həcminin ən azı 200 ml çoxalması xəstədə olan bronxokonstriksiyanın (obstruksiyanın) bronxodilyatatorla aradan qaldırıldığını əminlikə təsdiq etmək olar.
Lakin, bronxodilyatatorun təsiri nəticəsində obstruksiyanın aradan qaldırılması astma diaqnozunu təsdiq etmir. Bronxodilyatatorun bu cür təsiri digər respirator xəstəliklərdə də (məs., XOACX, bronxioektaziya, sistik fibroz və bronxiolit) müşahidə edilə bilər. Astmanın həmin xəstəliklərdən fərqi isə bronxodilyatatorun istifadəsi nəticəsində FEV1-in daha çox artmasıdır. Lakin, astmaya dəlalət edən FEV1-in artım dərəcəsi dəqiq müəyyən edilməyibdir. Bronxodilyatatorun verilməsi nəticəsində FEV1-in 15-20% artması bir çox mütəxəssis tərəfindən astma diaqnozunun təsdiqi kimi qəbul edir.
Astması olan bəzi xəstələrdə spirometriyada tənəffüsün obstruksiyasının olmasına baxmayraq, bronxodilyatatorun verilməsindən sonra FEV1-in 12% və daha çox artımı müşahidə edilmir ("səhv neqativ" cavab). Spirometriyada yalan neqativ nəticələr aşağıdakı səbəblərdən baş verə bilər:
- İnhalyatorun düzgün istifadə edilməməsi səbəbindən bronxodilyatatorun qeyri-adekvat inhalyasiyası.
- Spirometriyadan qısa müddət əvvəl sürətli təsirə malik bronxodilyatatorun və ya digər astma əleyhinə preparatların (məs., uzun müddətli təsir edən bronxodilyatatorlar) istifadəsi nəticəsində testdən əvvəl bronxların artıq maksimal genişlənməsi halında olması.
- Testin keçirilməsi zamanı tənəffüsün artıq minimal dərəcədə obstruksiyası olduqda (FEV1 təxminən 100%-ə yaxın).
- Astması olan xəstələrdə uzun müddət davam edən xəstəlik səbəbindən tənəffüs yollarının xroniki iltihabı və ya çapıqlanması (bu fenomen "tənəffüs yollarının remodelizasiyası" kimi tanınır).
Bronxial provokativ testlər. Baza səviyyədə normal tənəffüs keçiriciliyinə malik olan xəstələrdə astmanın diaqnostikası üçün bir sıra provokativ testlərdən istifadə etmək olar. Çox vaxt provokativ testlər astmaya tam uyğun olmayan simptomlarla (məs., yalnız öskürək) müraciət etmiş və ya baza səviyyədə spirometriyanın nəticələri normal olan xəstələrdə aparılır.
Provokativ testlərin mahiyyəti bronxokonstriksiyaya səbəb olacaq müxtəlif stimulların tətbiqidir. Bu stimullara, məs., inhalyasiya edilən metaxolin, mannitol, fiziki gərginlik və ya quru, soyuq hava ilə hiperventilyasiya aiddir. Astması olan xəstələr bu cür stimullara çox həssas olur. Həmin stimulların tətbiqi nəticəsində xəstələrdə müəyyən edilən hiperreaktivlik (hiperhəssaslığı) heç də astması olan xəstələrə spesifik deyildir. Belə ki, metaxolinin verilməsi nəticəsində bronxokonstriksiya həm astması olan xəstələrdə, həm də astması olmayan və ya riniti olan xəstələrdə də müşahidə edilə bilər. Lakin, mühüm məqam ondan ibarətdir ki, provokativ testin neqativ nəticəsi (yəni metaxolinin yüksək dozada verilməsi nəticəsində FEV1-in çox az dərəcədə aşağı düşməsi) astma diaqnozunu istisna etmiş olur.
Digər provokativ testlər də uğurla istifadə edilə bilər. Məsələn, ağciyər funksiyasının idmandan öncə və idmandan sonra ölçülməsi astmaya dəlalət edən fiziki gərginlik səbəbindən baş verən bronxokonstriksiyanın olub olmadığını müəyyən etməyə imkan verir. Eyni ilə, iş yerində baş verən astmanın istisna edilməsi üçün ağciyər funksiyasının (FEV1 və ya PEF - nəfəs vermənin maksimal sürəti) işdən əvvəl və işdən sonra ölçülməsi məqsədə uyğundur.
PEF və ya nəfəs vermənin maksimal sürəti. PEF qısa, forsirə olunmuş nəfəs vermə zamanı xüsusi cihazla ölçülür. Ümumiyyətlə, PEF astmanın ilkin diaqnostikasında istifadə edilmir. PEF əssən astması olan xəstələrin monitorinqində və ya astmatik epizoda səbəb olan stimulların müəyyən edilməsində istifadə edilir.
- PEF-in təyini texnikası. PEF oturaq vəziyyətdə və ya ayaq üstə təyin oluna bilər. PEF-in təyin edilməsi üçün xəstə maksimal dərəcədə dərindən nəfəs almalı və onun ağzına qoyulmuş xüsusi ölçən cihaza var gücü ilə sürətli nəfəs verməlidir. Bu manevr ən azı 3 dəfə aparılır və əldə edilmiş nəticələrin ən yüksəyi qeydə alınır.
- Normal göstəricilər. Böyük yaşlı kişi və qadınlarda PEF-in normal göstəriciləri xəstənin yaşı və boyu əsasında hesablanır. Yeniyetmələrdə isə normal göstəricilər yeniyetmənin boyu əsasında götürülür. Ümumiyyətlə, PEF-in normal göstəriciləri orta hesabla 80-100 L/dəqiqə arasında olur.
- PEF testinin nəticələrinin interpretasiyası. Tənəffüslə bağlı çətinlikləri (respirator simptomlar) olan xəstədə aparılan PEF testi həmin xəstə üçün hesablanmış normadan aşağı nəticə verərsə, həmin xəstədə astma nəzərdən keçirilməlidir. Lakin, qeyd edilməlidir ki, PEF-in nəticəsinin normadan aşağı olması astma xəstəliyi üçün diaqnostik hesab edilmir, çünki oxşar nəticələr digər ağciyər xəstəliklərində də əldə oluna bilər. Digər tərəfdən isə nəfəs vermənin maksimal sürəti normadan aşağı olan xəstələrə sürətli təsirə malik bronxodilyatatorun (məs., inhalyasiyalı albuterol) verilməsindən 10-20 dəqiqə sonra PEF-in ən azə 20% artması astma xəstəliyinin olduğunu təsdiq etmiş olur. Yadda saxlamaq lazımdır ki, astması olan xəstələrdə müxtəlif vaxtlarda aparılan PEF-in nəticələri fərqli ola bilər və bəzi hallarda hətta 15-20%-dək dəyişə bilər. Lakin, astması olmayan və simptomları olmayan xəstələrdə PEF-in nəticələri stabil qalır. Buna görə də, müxtəlif vaxtlarda ölçülmüş PEF-in nəticələri stabil eyni qalan xəstələrdə astma xəstəliyi ehtimalı çox aşağıdır.
- PEF-in məhdudiyyətləri. Bütün qeyd olunanlara baxmayaraq, astmanın diaqnostikası baxımından PEF-in ölçülməsinin bir sıra çatışmayan cəhətləri vardır:
- Nəfəs vermənin maksimal sürəti norma daxilində olan hallarda spirometriyada tənəffüs yollarının mülayim dərəcəli obstruksiyası müəyyən edilə bilər.
- Nəfəs vermənin maksimal sürəti həm obstruktiv, həm də restriktiv xəstəliklərdə müşahidə edilir. Bu iki qrup xəstəlikləri fərqləndirmək üçün spirometriyanın aparılması və ağciyərlərin həcminin təyin edilməsi tələb olunur.
- Nəfəs vermənin maksimal sürətinin təyin edilməsi ilə astmanı tənəffüs yollarının digər obstruktiv xəstəliklərindən (məs., səs tellərinin disfunksiyası) differensiasiya etmək mümkün deyil. Yuxarı tənəffüs yollarında obstruksiyanın istisna edilməsi üçün Spirometriyanın aparılması tələb olunur.
- Yadda saxlanmalıdır ki, PEF-in dürüstlüyü testin aparılması zamanı xəstənin səyi və tətbiq etdiyi texnikadan asılıdır. Testin keçirilməsi zamanı buraxılmış səhvlər PEF nəticələrinin düzgün qiymətləndirilməməsinə səbəb olur.
Qan analizləri. Astmanın olub olmadığını təyin edən qan analizi mövcud deyil. Lakin, bəzi hallarda xəstənin müayinəsi zamanı qanın ümumi analizində leykositlərin sayı, eozinofiliyanın olub olmaması və ya anemiyanın dərəcəsinin müəyyən edilməsi differensial diaqnostikada yardımçı ola bilər. Adətən, astmaya oxşar simptomları olan və ya astmanın kəskinləşməsi səbəbindən xəstəxanaya müraciət edən xəstələrdə qanın ümumi analizinin və leykoformulanın aparılması tövsiyə edilir. Həmçinin, burun polipozu, döş qəfəsi rentgenində müəyyən dəyişiklikləri (məs, eozinofilik pnevmoniya və ya Şurq-Strauss sindromu) və ya parazitar infeksiyasının olmasına şübhə olduqda da qanın ümumi analizinin əldə edilməsi tövsiyə olunur.
- Eozinofillərin qanda sayının həkim-laborant tərəfindən sayılması daha məqsədə uyğundur (avtomatlaşdırılmış hesablayıcılar bəzən neytrofilləri də eozinofil kimi klassifikasiya edə bilər). Qan analizində eozinofillərin miqdarının (>15%-dən çox) və ya sayının (>1500 eozinofil/mikroL) əhəmiyyətli dərəcədə artması allergik astmaya görə ola bilər. Lakin həmin xəstələrdə eozinofiliyanın digər alternativ səbəbləri, o cümlədən də, parazitar infeksiya (məs, Strongiloid), dərmanlara reaksiya və ağciyər infiltrasiyası ilə eozinofiliyanın birgə müşahidə edildiyi sindromlar nəzərdən keçirilməlidir.
- Ağır dərəcəli anemiya təngənəfəsliyə səbəb ola bilər ki, bu da astmanı xatırlatmış olsa da, astmaya qarşı preparatlara təsirsiz qalır. Həmin xəstələrdə anemiyanın səbəbləri araşdırılmalı və müvafiq müalicə aparılmalıdır.
Heç zaman siqaret çəkməmiş və geriyə dönməyən tənəffüs yollarının obstruksiyası olan xəstələrdə alfa-1 antitripsin çatışmazlığının istisna edilməsi üçün qanda alfa-1 antitripsinin təyin olunması zəruridir.
Allergiyaya dair testlər. Astmanın diaqnostikasında allergiyaya dair testlərin faydası yoxdur. Lakin, bu testlər vasitəsilə xəstədə müşahidə edilən respirator simptomların qıcıqlandırıcılarını müəyyən etmək və sonradan astmanın müalicəsini düzgün aparmaq mümkün ola bilər. Müxtəlif aeroallergenlərin təsiri nəticəsində respirator simptomları olan, habelə orta və ağır dərəcəli astması olan xəstələrdə allergiyaya dair testlərin aparılması tövsiyə edilir. Yuxarıda qeyd edilən qanda eozinofillərin təyini testindən əlavə olaraq, qanda qeyri-spesifik İgE səviyyəsinini, habelə inhalyasiya edilən allergenlərə qarşı İgE anticismlərin təyin edilməsi də aparıla bilər.
Orta və ağır dərəcəli daim astması olan xəstələrdə qanda ümumi İgE səviyyəsinin aşağıdakı hallarda təyin edilməsi zəruridir:
- anti-İgE monoklonal anticismləri ilə (omalizumab) müalicənin aparılması nəzərdən keçirilirsə,
- eozinofiliyası olan xəstədə allergik bronxopulmonar aspergilyoza şübhə olduqda.
- aspergillusa qarşı pozitiv dəri testi olduqda,
- rentgendə mərkəzi bronxioektaz və ya tənəffüs yollarının selikli probka ilə tıxanması müəyyən edildikdə.
Bütün hallarda nəzərdən saxlamaq lazımdır ki, allergik astması olan xəstələrdə qanda ümumi İgE səviyyəsi qalxmamış da ola bilər və əksinə, qanda İgE səviyyəsi yüksək olan xəstələrdə astma olmaya da bilər (məs., eczema və ya allergik rinitli xəstələrdə). Qanda İgE-nin ümumi səviyyəsinin çox yüksək olması (>1000 beynəlxalq vahid/mL) adətən allergik bronxopulmonar aspergilyoz, müəyyən parazitar infeksiyalar və bəzən eczema zamanı müşahidə edilir.
Xəstədə spesifik allergenlərə qarşı olan həssaslığı yoxlamaq üçün iki metoddan biri istifadə edilə bilər - dəridə qoyulan allergik testlər və qandaallergen-spesifik İgE-nin təyini testi.
- Dəridə qoyulan allergik testlər evdə və küçədə mövcud olan müxtəlif aeroallergenlərə qarşı qoyulur. Müxtəlif allergenlərin iynə batırması və intradermal inyeksiyası ilə dəriyə daxil edilməsi nəticəsində alınan nəticələrə əsasən xəstədə müvafiq allergenlərə qarşı allergiyasının olub olmadığını təyin etmək olar.
- Qanda allergen-spesifik İgE səviyyəsinin təyini testi ELİZA metodu ilə aparılır və müvafiq antigenlərə qarşı yönəlmiş spesifik İgE anticismlərin səviyyəsini təyin edir. Adətən pişik və it kəpəyi (epitelisi), evdə yayılmış toz gənəsi antigeni, tarakan antigeni, tozcuqlar, kifə və xəstənin yaşadığı ərazidə digər geniş yayılmış potensial allergenlərə qarşı olan İgE anticismlərin təyin edilməsi mümkündür.
Görüntüləmə. Astması olan xəstələrdə döş qəfəsinin rentgen filmi, demək olar ki, həmişə normada olur. Lakin, orta və ağır dərəcəli astma simptomları ilə daxil olan 40 yaşından yuxarı bütün xəstələrdə digər potensial ürək və ağciyər xəstəliklərini (məs., mediastinal kütlə ilə traxeyanın kompressiyası və ya ürək çatışmazlığı) istisna etmək üçün əksər həkimlər döş qəfəsinin rentgen filmini əldə edir. Həmçinin, kontrol edilməsi çətin olan astma hallarında, allergik bronxopulmonar aspergilyoz, eozinofilik pnevmoniya və ya selikli probka səbəbindən atelektazı və digər bu kimi yanaşı xəstəlikləri olan pasiyentlərdə döş qəfəsinin rentgen filminin əldə edilməsi zəruridir.
Həmçinin astmaya xas olmayan aşağıdakı əlamətlər və simptomlarla daxil olmuş xəstələrdə də döş qəfəsinin rentgen filmi əldə edilməlidir:
- yüksək hərarət
- xroniki irinli bəlğəm
- auskultasiyada lokallaşan davamlı fit səsi
- hemoptiz (ağciyər və ya yuxarı tənəffüs yollarından qanaxma və ya qanlı bəlğəm)
- çəki itkisi
- dırnaqların saat şüşəsi formasında olması
- Nəfəs alma zamanı xırıltılar
- Kəskin astma epizodu olmadıqda qan analizində və ya nəbz oksimetriyasında hipoksemiya (SaO2 <94%)
- Bronxodilyatatorların verilməsi ilə geriyə dönməyən orta və ya ağır dərəcəli tənəffüs yolları obstruksiyası
Döş qəfəsinin rentgen filmində müəyyən edilən patologiyanın daha yaxşı aydınlaşdırılması məqsədilə, habelə digər patoloji proseslər (məs., bronxioektaziya, bronxiolitis obliterans və mərkəzi tənəffüs yollarının kompressiyasına səbəb olan damar anomaliyaları, o cümlədən, sağ tərəfli aorta qövsü və aberrant sol körpücükaltı arteriya) nəzərdən keçirildikdə, döş qəfəsinin yüksək rezolyusiyalı kompüter tomoqrafiyası aparıla bilər.
DİAQNOSTİKA.
Astmaya dəlalət edən simptomlar, üstəgəl fiziki müayinə zamanı ağciyərlərin auskultasiyasında musiqili fit səsinin eşidilməsi (astmaya aid simptomlar olduqda fit səsi eşidilir, lakin simptomlar olmadıqda müəyyən olunmur) astma xəstəliyi ehtimalını artırmış olur. Astma xəstəliyinin diaqnozu isə aşağıdakı iki yardımçı əlamətlərə arxalanır:
- Spirometriya vasitəsilə nəfəs vermədə hava axınına dəyişkən məhdudiyyətin mövcudluğu,
- Digər alternativ diaqnozların istisna edilməsi.
Nəfəs vermədə hava axının dəyişkən məhdudiyyətini təyin etmək üçün spirometriyaya üstünlük verilir. Hava axınına olan məhdudiyyətin dəyişkənliyi hava axının bronxodilyatatorun verilməsindən öncə və sonra, habelə bir neçə ardıcıl həkim müayinəsi zamanı və bronxial provokativ manevrlər vasitəsilə yoxlanılır. Spirometriyanın nəticələri diaqnostik yanaşmanın istiqamətləndirilməsində istifadə edilir.
İlkin spirometriyada hava axınına məhdudiyyətin olduğu nümayiş etdirilir.
İlkin spirometriyada hava axınına olan məhdudiyyətin müəyyən edilməsi və xəstəyə bronxodilyatatorun verilməsi ilə həmin məhdudiyyətin tam aradan qaldırılması astma xəstəliyinin diaqnozunu təsdiq etmiş olur. Eyni ilə, astmaya aid tipik simptomları olan xəstələrdə aparılan spirometriyada müəyyən edilmiş hava axınına olan obstruksiyanın bronxodilyatatorun köməyi ilə əsasən geriyə dönməsi (FEV1-in >15%-dən çox artması) astma diaqnozunu təsdiq edir.
İki misal göstərək. Auskultasiyada fit səsi olmayan və ya sinəsində digər simptomları olmayan xroniki öskürəyi olan xəstələrdə aparılan spirometriyada tənəffüs yollarının tam geriyə dönən obstruksiyasının müəyyən edilməsi astma diaqnozunun təsdiq edilməsinə yardım edir. Digər tərəfdən, spirometriyada müəyyən edilmiş tənəffüs yollarının obstruksiyanın qismən aradan qaldırılması və ya aradan qaldırılmaması heç də astma diaqnozunu istisna etmir, belə ki, hava axınına olan obstruksiya tənəffüs yollarında baş vermiş yanaşı iltihabın səbəbi ola bilər. Tənəffüs yollarının yanaşı iltihabı nəticəsində baş verən tənəffüs yollarının obstruksiyası isə iltihab əleyhinə preparatlar (məs., inhalasiya olunan və ya oral qlyukokortikoidlər) vasitəsilə və ya aeroallergenin təsirini aradan qaldırmaqla təmin oluna bilər. Lakin, obstruksiyanın qismən aradan qaldırılması və ya aradan qaldırılmaması digər alternativ diaqnozların nəzərdən keçirilməsini tələb edir.
İlkin spirometriyanın nəticəsi normaldır.
Astması olan xəstələrin müayinəsi zamanı çox vaxt ağciyərlərin funksiyası normal olur. Buna görə də, kliniki diaqnozun təsdiq olunması üçün aşağıdakı strategiyalar istifadə edilir:
- Növbəti həkim müayinəsi zamanı (və ya xəstə simptomatik olduqda) spirometriyanı təkrar keçirmık.
- Portativ PEF cihazı ilə xəstənin özü tərəfindən evdə (səhər və axşam), simptomlar olduqda və bronxodilyatatorun istifadəsindən sonra PEF-in ardıcıl ölülməsi.
- Bronxial provokativ testlər (məs., metaxolin, mannitol və ya fiziki gərginlik).
Ağciyər funksiyasının ardıcıl qiymətləndirilməsi. İlkin spirometriyada normal ağciyər funksiyasına malik olan xəstələrdə astmanın diaqnostikası üçün aşağıdakı faydalı strategiyadan istifadə etmək olar. Bu strategiyaya əsasən xəstəyə portativ cihaz verməklə evdə iki həftə ərzində gündə 2 dəfə FEV1 (1 saniyədə forsirə olunmuş nəfəs vermənin həcmini) və ya PEF-i (nəfəs vermənin maksimal sürəti) ölçmək təklif edilməlidir. Həmin dövr ərzində FEV1 və ya PEF-in 20%-dən çox dəyişkənliyinin (xüsusilə də, astmaya dəlalət edən simptomlarla eyni vaxta təsadüf edən azalmalar) qeydə alınması astma diaqnozunu təsdiq etmiş olur. Astması olmayan xəstələrdə təyin edilmiş müddət ərzində PEF-in dəyişkənliyi (xüsusilə də, respirator simptomlar zamanı) 20%-dən az olur.
Ağciyər funksiyası normal olan xəstələrdə astmanın diaqnostikası üçün tətbiq edilən digər metod isə 1-2 həftə ərzində xəstənin həkim tərəfindən bir neçə dəfə ardıcıl müayinəsi zamanı aparılmış spirometriya və ya PEF testidir. Bu metodun üstünlüyü onun bir başa həkim tərəfindən aparılması və xəstədən asıllığın azalmasıdır. Çatışmayan xüsusiyyət isə xəstənin həkim yanına bir neçə dəfə gəlməsidir.
Bronxial provokativ testlər. Astmanın əsas xüsusiyyətlərindən biri də tənəffüs yollarının hiperreaktivliyidir (hiperhəssaslığı). Tənəffüs yollarının hiperreaktivliyi (hiperhəssaslığı) isə metaxolin və ya mannitolun inhalyasiyası ilə aparılan bronxoprovokativ testlər vasitəsilə təsdiq edilə bilər. Atipik simptomları olan və ya astma əleyhinə olan dərmanlara cavabsızlıq hallarında bronxoprovokativ testlərin aparılması nəzərdən keçirilə bilər. Xüsusilə də, digər alternativ xəstəliklərin olması ehtimalı yüksək olan xəstələrdə astmanın istisna edilməsi üçün bronxoprovokativ testlərdən istifadə etmək məqsədə uyğundur.
Metaxolinlə provokativ testin pozitiv olması (məs., 8 mq/mL və ya daha az dozada metaxolinin inhalasiyasından sonra FEV1-in 20% azalması) tənəffüs yollarının hiperreaktivliyinin (hiperhəssaslığı) olduğunu təsdiq edir. Baxmayaraq ki, tənəffüs yollarının hiperreaktivliyi məhz astmada daha çox müşahidə edilir, lakin digər xəstəliklərdə də (məs., XOACX, sistik fibroz, allergik rinit) metaxolin testi səhv pozitiv nəticə verə bilər.
DİFFERENSİAL DİAQNOSTİKA.
Öskürək, auskultasiyada fit səsi, təngənəfəslik və döş qəfəsində sıxıntı hissi astmaya xarakteristik olsa da, oxşar simptomlar yuxarı və aşağı tənəffüs yollarının digər respirator xəstəliklərində də müşahidə edilə bilər. Həmin xəstəliklərin bəzilərində aparılmış spirometriyada tənəffüs yollarının obstruksiyası da müşahidə oluna bilər. Bundan əlavə bəzi qeyri-respirator xəstəliklərin (məs, ürək çatışmazlığı, qastroezofaqal reflyuks) simptomları astmanı təqlid (imitasiya) edə bilər.
Astmaya oxşar simptomları olan xəstəliklər. Astma ilə yanaşı öskürək, auskultasiyada fit səsi və təngənəfəslik simptomları aşağıdakı xəstəliklərdə də müşahidə edilir:
- Fit səsi. Auskultasiyada fit səsinin eşidilməsi tənəffüs sisteminin istənilən səviyyəsində daralmanın baş verməsi ilə bağlıdır. Bu daralma həm burunda, udlaqda, traxeyada və bronxlarda baş verə bilər. Tənəffüs yollarında inspirator (nəfəs alma) faza zamanı müəyyən edilən səslər, o cümlədən, stridor, adətən astmadan fərqləndirilir. Yuxarı tənəffüs yollarında ekspirator (nəfəs vermə) fazada yaranan fit səsi (məs., səs tellərinin disfunksiyası) çox zaman stetoskopsuz aydın eşidilir, lakin döş qəfəsinin aşağı hissəsinin auskultasiyasında daha zəif eşidilir. Xatırlatmaq lazımdır ki, astmada fit səsi döş qəfəsinin bütün hissələrində eşidilir. Buna görə də, fokal monofonik fit səsi (məs., bronxogen karsinoma və ya yad cismin aspirasiyası) astmada olan yayılmış musiqili fit səsi ilə qarışdırılmamalıdır.
- Öskürək. Davamlı öskürəklə müraciət etmiş və döş qəfəsinin rentgen filmi və ağciyər funksiyası normal olan xəstələrdə differensial diaqnostikada rinit və ya rinosinusit, qastroezofqal reflyuks xəstəliyi, virus xəstəliyindən sonra öskürək sindromu, eozinofilik bronxit, angiotenzini çevirən fermentin inhibitorunun qəbulu səbəbindən yaranan öskürək və Bordetella pertussis infeksiyası ("göy öskürək") nəzərdən keçirilməlidir. Xroniki öskürəkdən şikayət edən və spirometriyanın nəticələri normal olan xəstələrdə xroniki bronxitdə nəzərdən keçirilə bilər. Siqaret çəkən xəstələrin kiçik qismində 2 il ərzində ildə 3 ay davam edən bəlğəmli öskürək olur, lakin ağciyər funksional panelində tənəffüs yollarının obstruksiyası müəyyən edilmir. Həmin xəstələrdə astmaya qarşı olan dərmanların istifadəsi öskürəyin aradan qaldırılmasına yardım edə bilər.
- Təngənəfəslik. Təngənəfəslik astma ilə yanaşı bir çox müxtəlif xəstəliklərdə müşahidə edilən simptomdur. Lakin, astmanın differensial diaqnostikasında təngənəfəsliyin potensial səbəbləri kimi çox zaman ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ürək çatışmazlığı, ağciyər emboliyası və sarkoidoz nəzərdən keçirilir. Bəzən artıq çəkisi olan insanlarda (köklük) astmanı xatırladan təngənəfəslik halları müşahidə edilə bilər. Qeyd edilməlidir ki, BKİ >30 kq/kv.m olan və astma diaqnozu qoyulmuş xəstələr arasında bronxların hiperreaktivliyinə dair aparılmış formal müayinə nəticəsində onların 36%-də nəticələr neqativ olmuşdur. Digər tərəfdən astma olan xəstələrdə artıq çəki təngənəfəslik simptomunun ağırlıq dərəcəsini artırmış olur.
Astmaya bənzər simptomlarla daxil olmuş xəstələrin yaşından asılı olaraq diaqnostikada aşağıdakı məqamlar nəzərdən keçirilməlidir:
- Yeniyetmələr, gənc və orta yaşlı böyüklərdə ilk növbədə bronxit, bronxiolit, bronxioektazlar, səs telinin paradoksal hərəkəti, ağciyər emboliyası, qastroezofaqal reflyuks, təkrar baş verən aspirasiya, panika (həyacan) və sarkoidoz nəzərdən keçirilməlidir.
- Yaşı daha böyük olan, xüsusilə də, siqaret çəkən xəstələrdə, ilk növbədə differensial diaqnostikada ağciyərin xroniki obstruktiv xəstəliyi və sol mədəciyin çatışmazlığı nəzərdən keçirilir.
Spirometriyada obstruktiv nəticələr aşağıdakı hallarla bağlı ola bilər:
- Siqaret çəkən və xroniki obstruktiv ağciyər xəstəliyi olan pasiyentlərdə astmada olduğu kimi, spirometriyada hava axının dəyişkənliyi və bronxidlyatatorun verilməsindən sonra hava axının yaxşılaşması müşahidə edilə bilər. Lakin, ağciyərlərin xroniki obstruktiv xəstəliyi olanlarda bronxodilyatatorların verilməsindən sonra ağciyər funksiyası daha az dərəcədə yaxşılaşır və normaya qayıtmır.
- Bronxoektaziya bronxların patoloji genişlənməsi vəziyyətidir və xroniki və ya təkrarlanan infeksiya səbəbindən tənəffüs yollarının zədələnməsi səbəbindən baş verir. Bronxoektaziyanın klinikası astmaya bənzəyə bilər. Belə ki, bronxoektaziyası olan xəstələrdə tənəffüs yollarının iltihabı, hava axınına obstruksiya və müxtəlif səbəblərə görə bəlğəmin gətirilməsinin artması və təngənəfəsliklə nəticələnən ağırlaşmalar da müşahidə edilə bilər. Bronxoektaziyası olan xəstələrdə öskürək və xroniki selikli-irinli bəlğəm ən aparıcı simptomlar olur. Bronxoektaziyanın diaqnozu adətən xəstəliyin kliniki əlamətləri (öskürək və irinli bəlğəm) və KT görüntüləməsində bronxial divarların qalınlaşması və mənfəzinin genişlənməsinin müəyyən edilməsi əsasında qoyulur.
- Konstriktiv bronxiolit və ya bronxiolitis obliterans bronxiolaların dairəvi daralmasına səbəb olan selikaltı və peribronxial fibrozla xarakterizə olunur. Konstriktiv bronxiolit əsasən viruslu respirator xəstəliklərdən sonra, inhalyasion zədələnmə, transplantasiya (məs., sümük iliyi, ağciyər), ağciyərlərin revmatoid xəstəliyi və ya bağırsaqların iltihab xəstəliyi hallarında müşahidə edilir. Bronxiolitin kliniki simptomlarına əsasən proqressiv inkişaf edən öskürək və istirahətdə və ya fiziki gərginlikdə müşahidə edilən hipoksemiya aid edilir. Ağciyərlərin funksional testlərində isə proqressiv və tənəffüs yollarının geriyə dönməyən obstruksiyası müəyyən edilir. KT-də isə bronxların divarlarının qalınlaşması, bronxiolar genişlənmə müəyyən edilə bilər.
- Mərkəzi tənəffüs yollarının obstruksiyası bir çox xoşxassəli və bədxassəli proseslər səbəbindən baş verə bilər və fiziki gərginlik zamanı yaranan təngənəfəsliklə müşahidə edilən astmanı xatırlada bilər. Bu cür hallarda tənəffüs simptomları bronxodilyatatorların inhalyasiyası ilə yaxşılaşmır və ya çox az dərəcədə yaxşılaşır. Diaqnostikanın qızıl standartı ilə bronxoskopiya ilə tənəffüs yollarının bir başa vizualizasiyasıdır.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
- Astmanın klassik əlamətləri və simptomlarına aralıqlı təngənəfəslik, öskürək və tənəffüs zamanı fit səsinin eşidilməsi aiddir. Əksər həkimlərə tanış olmasına baxmayaraq, bu simptomlar o qədə qeyri-spesifikdir ki, bir çox hallarda astmanı digər respirator xəstəliklərdən fərqləndirmək çətin olur. Astma diaqnozunu qoymaq üçün xəstənin anamnezində və ya müayinə zamanı astmaya dəlalət edən respirator simptomların olması tələb olunur. Bununla yanaşı xəstələrdə nəfəs vermə zamanı hava axınına obstruksiyanın olduğu da nümayiş etdirilməlidir.
- Ağciyərlərin auskultasiyasında yüksək tonlu, geniş yayılmış, musiqili fit səsi astmaya xarakterdir, lakin spesifik deyildir. Fit səsi adətən tənəffüsün ekspirator və ya nəfəs vermə fazasında eşidilir, lakin nəfəs alma fazasında da müəyyən edilə bilər. Yuxarı tənəffüs yollarının xəstəliklərində, məs., yad cismin qalması hallarında da fit səsi eşidilə bilər. Lakin, bu hallarda fit səsi daha yaxşı boyun zonasında eşidilir. Astmada isə fit səsi daha yaxşı ağciyərlərin üzərində eşidilir. Bununla yanaşı bronxit və ya bronxiektaziyası olan xəstələrdə öskürəklə təmizlənən aşağı tonallığı olan fit səsi (xırıltılar adlanır) ilə astmada eşidilən yüksək tonallı ekspirator fit səsi həkim tərəfindən differensiasiya olunmalıdır.
- Spirometriya metodu maksimal nəfəsalmadan (inspirator faza) sonra spirometrə sürətli və güclü tam nəfəsvermədə FEV1 (1 saniyədə forsirə olunmuş nəfəsvermənin həcmi) və FVC (forsirə olunmuş həyat tutumu) təyin edilməsini özündə ehtiva edir. FEV1 və FVC-nin təyin edilməsi əsasında əldə olunmuş nəticələr astmanın diaqnostikasının əsasını təşkil edir. Ümumiyyətlə, astmaya şübhəsi olan bütün xəstələrdə spirometriyanın təyin edilməsi tövsiyə edilir.
- Spirometriyada obstruktiv xüsusiyyətlərin olması FEV1/FVC nisbətinin azalması əsasında müəyyən edilir. FEV1/FVC nisbətinin normadan aşağı olması (<0.70) hava keçiriciliynə obstruksiyanın olduğunu təsdiq edir. FEV1/FVC nisbəti normada və ya yuxarı olması isə ekspirator faza zamanı hava keçiriciliyinə obstruksiyanı istisna etmiş olur. FEV1/FVC nisbətinin aşağı düşməsi ilə hava keçiriciliyinin obstruksiyası təyin olunduqda isə FEV1 göstəricisinin normadan aşağı düşməsi dərəcəsi obstruksiyanın ağırlıq dərəcəsini müəyyən etməyə yardım edir. Spirometriya ilə təyin olunmuş tənəffüs obstruksiyasının ağırlıq dərəcəsi az, mülayim, orta və ağır dərəcəli olur.
- Yeniyetmələr və böyüklərdə baza səviyyədə spirometriyada hava keçiriciliyinin məhdudlaşması müəyyən edildikdə, tənəffüs keçiriciliyinin geriyə dönməsinin təyin edilməsi üçün bronxodilyatatorun tətbiqi tövsiyə edilir. Tənəffüs keçiriciliyinə olan obstruksiyanın geriyə dönməsini təyin etmək üçün xəstəyə sürətli təsirə malik olan bronxodilyatator preparatı (məs., albuterol) ilə 2-4 inhalyasiya verilir və 10-15 dəqiqə sonra spirometriya təkrar aparılır. Bronxodilyatatorun verilməsindən sonra FEV1-in 12% və daha çox artması və FEV1 həcminin ən azı 200 ml çoxalması xəstədə olan bronxokonstriksiyanın (obstruksiyanın) bronxodilyatatorla aradan qaldırıldığını əminlikə təsdiq etmək olar.
- Provokativ testlərin mahiyyəti bronxokonstriksiyaya səbəb olacaq müxtəlif stimulların tətbiqidir. Bu stimullara, məs., inhalyasiya edilən metaxolin, mannitol, fiziki gərginlik və ya quru, soyuq hava ilə hiperventilyasiya aiddir. Astması olan xəstələr bu cür stimullara çox həssas olur. Həmin stimulların tətbiqi nəticəsində xəstələrdə müəyyən edilən hiperreaktivlik (hiperhəssaslığı) heç də astması olan xəstələrə spesifik deyildir. Belə ki, metaxolinin verilməsi nəticəsində bronxokonstriksiya həm astması olan xəstələrdə, həm də astması olmayan və ya riniti olan xəstələrdə də müşahidə edilə bilər. Lakin, mühüm məqam ondan ibarətdir ki, provokativ testin neqativ nəticəsi (yəni metaxolinin yüksək dozada verilməsi nəticəsində FEV1-in çox az dərəcədə aşağı düşməsi) astma diaqnozunu istisna etmiş olur.
- Astmanın diaqnostikasında allergiyaya dair testlərin faydası yoxdur. Lakin, bu testlər vasitəsilə xəstədə müşahidə edilən respirator simptomların qıcıqlandırıcılarını müəyyən etmək və sonradan astmanın müalicəsini düzgün aparmaq mümkün ola bilər. Müxtəlif aeroallergenlərin təsiri nəticəsində respirator simptomları olan, habelə orta və ağır dərəcəli astması olan xəstələrdə allergiyaya dair testlərin aparılması tövsiyə edilir. Yuxarıda qeyd edilən qanda eozinofillərin təyini testindən əlavə olaraq, qanda qeyri-spesifik İgE səviyyəsinini, habelə inhalyasiya edilən allergenlərə qarşı İgE anticismlərin təyin edilməsi də aparıla bilər.
- Öskürək, auskultasiyada fit səsi, təngənəfəslik və döş qəfəsində sıxıntı hissi astmaya xarakteristik olsa da, oxşar simptomlar yuxarı və aşağı tənəffüs yollarının digər respirator xəstəliklərində də müşahidə edilə bilər. Həmin xəstəliklərin bəzilərində aparılmış spirometriyada tənəffüs yollarının obstruksiyası da müşahidə oluna bilər. Bundan əlavə bəzi qeyri-respirator xəstəliklərin (məs, ürək çatışmazlığı, qastroezofaqal reflyuks) simptomları astmanı təqlid (imitasiya) edə bilər.
- Astmaya bənzər simptomlarla daxil olmuş xəstələrin yaşından asılı olaraq diaqnostikada aşağıdakı məqamlar nəzərdən keçirilməlidir:
- Yeniyetmələr, gənc və orta yaşlı böyüklərdə ilk növbədə bronxit, bronxiolit, bronxioektazlar, səs telinin paradoksal hərəkəti, ağciyər emboliyası, qastroezofaqal reflyuks, təkrar baş verən aspirasiya, panika (həyacan) və sarkoidoz nəzərdən keçirilməlidir.
- Yaşı daha böyük olan, xüsusilə də, siqaret çəkən xəstələrdə, ilk növbədə differensial diaqnostikada ağciyərin xroniki obstruktiv xəstəliyi və sol mədəciyin çatışmazlığı nəzərdən keçirilir.