İri həcmli (massiv) hemoptizis və ya ağciyər və ya tənəffüs yollarından qanaxmalarda Müalicə Taktikası
Ümumi məlumat:
Ağciyərlərin qanla təchizatının 95% aşağı təzyiqli ağciyər arteriyaları, 5% isə yüksək təzyiqli bronxial arteriyalar vasitəsilə təmin edilir. Bronxial venalar isə venoz qanı aziqos və hemiaziqos venalarına qaytarır. Ağciyər venaları isə qanı sol qulaqcığa aparır.
Hemoptizisin tərifi.
Ağciyərlər və ya tənəffüs yollarından 24 saat ərzində >600 ml-dən çox miqdarda qanaxma massiv hemoptiz hesab edilir. Bu cür hallarda xəstələrin ölümü qanaxmadan deyil hipoksemiya və ya qanaxmaya səbəb olan əsas xəstəlik səbəbindən baş verir. Kontralateral ağciyərin qorunması üçün tənəffüs yollarının tənzimlənməsi üçün müvafiq tədbirlər görülməlidir. Yadda saxlamaq lazımdır ki, alveollarda hətta 400 ml həcmində qanın toplanması oksigenasiyanın kəskin dərəcədə pozulmasına səbəb ola bilər.
Diaqnostika.
Ağciyər qanaxması olan xəstələrdə tənəffüs yollarının və kontralateral ağciyərin aspirasiyadan qorunması üçün ilk addım olaraq xəstələrin dekubitus (yana uzandırmaq) pozisiyasına uzandırmaq və/və ya intubasiya edərək qanaxması olan ağciyərin təcrid edilməsini təmin etmək lazımdır. Qanaxmanın mənbəyi olan ağciyərin təyin edilməsi üçün çox zaman döş boşluğunun bəsit rentgen filminin əldə edilməsi kifayət edir. Təcili aparılan sərt bronxoskopiya da nəzərdən keçirilməlidir. Hemodinamikası normal olan xəstələrdə döş boşluğunun KT görüntüsünün əldə olunması münasib hesab edilə bilər. Bəsit rentgen fimləri qanaxmanın mənbəyi olan ağciyərin və digər parenximatoz pozuntuların müəyyən edilməsində yardımçı olsalar da, bir çox hallarda filmlər normanı göstərir.
İri həcmli hemoptizis hallarında tənəffüs yollarının kontrol edilməsi və ventilyasiyanın təmin olunması, habelə ağciyərlərdə toplanan qanın effektiv sovrulmasına imkan verdiyi üçün sərt bronxoskopiyanın aparılması ilk addımlardan biridir. Qatlanan bronxoskopiya iri həcmli qanaxmalarda kifayət qədər sovruma qabiliyyətinə malik olmur və traxeobronxial yolların ilkin müaynəsində tətbiq olunmamalıdır.
Müalicə taktikası.
Xəstələrin 90%-də massiv hemoptizis bronxial arteriyalardan qanaxma səbəbindən baş verir və yüksək qan təzyiqi ilə əlaqələndirilir. Daha az təzyiqi olan ağciyər arteriyalarından qanaxma yalnız 5% hallarda massiv hemoptizisə səbəb olur. Massiv hemoptizisin qeyri-cərrahi müalicəsində selektiv anqioqrafiya ilə bronxial arteriyanın embolizasiyası ən effektiv metod hesab edilir.
Bir sıra inkişaf etmiş ölkələrdə massiv hemoptizisin səbəblərinə ağciyərin xroniki iltihab xəstəliyi və bronxogen bədxassəli şişlər daxildir. İnkişafda olan ölkələrdə isə ağciyər vərəmi massiv hemoptizisin aparıcı səbəbi olur. Xroniki kavernoz vərəm səbəbindən ağciyər arteriyasının anevrizmasının cırılması (Rasmussen anevrizması) massiv hemoptizisə səbəb ola bilər.
Massiv hemoptisizin digər səbəblərinə infeksiya, nekrotikləşən pnevmoniya, ağciyər infarktı, mitral stenoz, AV malformasiyaları, Bexçet xəstəliyi, Veqener qranulomatozu, antikoaqulyasiya terapiyası və digər koaqulopatiyalar da daxildir.