Mexaniki ventilyasiya alan xəstələrdə 2 əsas fizioloji parametrin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir və tələb olunur: ventilyasiya və oskigenasiya.
VENTİLYASİYANIN TƏNZİMLƏNMƏSİ (PaCO2)
Ventilyasiya əsasən PaCO2-ə təsir edir. PaCO2 isə dəqiqədə tənəffüsün həcmi ilə müəyyən edilir.
Qeyd edək ki, Dəqiqədə Tənəffüs Həcmi (DTH) dedikdə 1 dəqiqə ərzində aparılan tənəffüs prosesi zamanı xəstənin ağciyərlərinə daxil olan havanın ümumi həcmi ilə ölçülür. Dəqiqədə tənəffüs həcmi dəyişdikdə PaCO2-nin səviyyəsi qanda əks istiqamətdə dəyişmiş olur. Belə ki, dəqiqədə tənəffüs həcmi artıqda, qanda PaCO2-nin səviyyəsi aşağı düşür, dəqiqədə tənəffüs həcmi azaldıqda isə qanda PaCO2-nin səviyyəsi artmış olur.
Dəqiqədə Tənəffüs Həcmi = Tənəffüs Tezliyi x Tənəffüs Həcmi
Mexaniki ventilyasiya alan xəstələrdə Tənəffüsün Tezliyini artırmaqla (TT) dəqiqədə tənəffüs həcmi artmış olur və PaCO2-nin səviyyəsi qanda azalmış olur. Əksinə isə tənəffüsün tezliyini azaltmaqla, dəqiqədə tənəffüsün həcmi azalır və nəticədə qanda PaCO2-nin səviyyəsi artmış olur.
Ventilyasiyanın metodundan asılı olaraq, Tənəffüs Həcmi (Vt - tidal volume) müxtəlif yollarla dəyişdirilə bilər. Mexaniki ventilyasiya zamanı xəstəyə verilən hava həcminin tənzimlənməsinə imkan verən Volume Control metodunda tənəffüsün həcmi əvvəlcədən müəyyən edilir. Belə ki, mexaniki ventilyasiya ərzində xəstəyə bir dəfəyə 100 ml-dən 700 ml-dək (və daha çox) tənəffüs həcminin verilməsi mümkündür. Təzyiqin tənzimlənməsi (Pressure Control) əsasında aparılan ventilyasiya metodunda isə xəstənin tənəffüs yollarında yaradılan təzyiqin dəyişdirilməsi ilə ventilyasiya zamanı ağciyərlərə daxil olan havanın həcmi tənzimlənə bilər. Daha çox təzyiq - daha çox tənəffüs həcmi deməkdir. Tənəffüs həcmi və ya Tənəffüsün Tezliyinin artırılması PaCO2-nin azalması ilə nəticələnir. Lakin, qeyd edilməlidir ki, bu parametrlərin heç biri Oksigenasiyaya təsir etmir.
OKSİGENASİYANIN TƏNZİMLƏNMƏSİ (PaO2).
Mexaniki ventilyasiya zamanı xəstənin oksigenasiyasını (PaO2) tənzimləmək üçün 3 əsas vasitədən istifadə edilə bilər. Bunların içərisində oksigenasiyanın artırılmasının ən asan yolu FiO2-nin yəni xəstəyə verilən havanın tərkibində Oksigenin fraksiyasının artırılmasıdır. Belə ki, mexaniki ventilyasia zamanı xəstəyə 30-100% arası FiO2 verilə bilər. FiO2-nun 100% olması xəstəyə verilən havanın, demək olar ki, təmiz oksigendən ibarət olduğunu göstərir. Əksər hallarda xəstələrə 50-80% FiO2 verilir və xəstənin PaO2-dən asılı olaraq FiO2 müvafiq olaraq tənzimlənir.
Oksigenasiyanın artırılmasının digər yolu PEEP-in yəni Nəfəs vermənin sonunda Pozitiv Təzyiqin təmin edilməsidir. PEEP-in təmin edilməsi ilə ağciyərin və ağciyər alveollarının kollapsının qarşısı alınmış olur. PEEP vasitəsilə daha çox alveolların tənəffüs prosesində iştirakı təmin edilir və nəticədə qazlar mübadiləsi artır və qana daha çox O2-nin keçməsi təmin olunur.
Bunlardan əlavə, oksigenasiyanın artırılması məqsədilə mexaniki ventilyasia zamanı nəfəs alma (İnspirator Faza) müddətini (İ - inspirasiya müddətini) artırmaq olar. Mexaniki ventilyasiya aparatlarında buna nail olmaq üçün İ:E (inspirasiya ilə ekspirasiya və ya nəfəs alma ilə nəfəs vermə müddəti arasında nisbət) nisbətinin dəyişdirilməsi kifayətdir. Mexaniki ventilyasiya zamanı əsasən istifadə edilən İ:E nisbəti 1:2.5 olur.
İ:E nisbəti o deməkdir ki, məsələn, nəfəs alma zamanı ağciyərlərə 3 saniyə ərzində daxil olan hava həcminin sonradan nəfəs vermə zamanı ağciyərlərdən çıxarılması 2.5 dəfə çox və ya 7.5 saniyə vaxt tələb edir.
Beləliklə, İ:E nisbətinin artırılması (məs., 1:1.5) PaO2-nin qanda artırılmasına yardım edə bilər.
Həmin nisbətin azaldılması isə həm oksigenasiya, həm də ventilyasiyanın azaldılmasına təsir edir.